(6.45) “Artıq o zalım tayfanın kökü kəsildi. Həmd olsun aləmlərin Rəbbi Allaha!” Zalımlar amansız cəzaya məruz qoyuldular və bu onların həyat yolunu bağladı. Həmd olsun Allah, aləmlərin Rəbbinə! O, Özünün qədəri ilə kafirləri məhv edir və bununla da Öz ayələrini izah edir. O, Öz dostlarına mərhəmət göstərir, düşmənlərini alçaldır, elçilərinin təbliğ etdiklərinin hamısının gerçəkliyini təsdiq edir.
(6.46) “(Ey Elçim!)De: “Bir deyin görüm, əgər Allah sizin qulaqlarınızı və gözlərinizi əlinizdən alsa, ürəklərinizə möhür vursa, onları sizə Allahdan qeyri hansı tanrı qaytara bilər?” Gör Biz ayələrimizi onlara necə izah edirik, sonra onlar ondan gör necə üz döndərirlər”.
Fövqəluca Allah bildirir ki, O – nəinki Vahid Yaradan və Kainatın Hökmdarıdır, həm də müqəddəsləşdirilməyə və ibadətə layiq olan Tək Allahdır. O, insanları eşitməkdən və görməkdən məhrum etməyə, onların qəlbinə möhür vurmağa qadirdir və onlar eşitməkdən, görməkdən və ağıldan məhrum ediləcəklər. Bəs onda məhrum edildiklərini insanlara kim qaytara bilər? Allahdan başqa, heç kim! Bəs onda onlar niyə Onunla bərabər, Allah istəmədikcə heç bir şeyə qabiliyyətləri çatmayan məxluqlara ibadət edirlər?
Bu dəlil tövhidin gerçəkliyini sübuta yetirir və müşrikliyin əsassızlığını ifşa edir və buna görə də, sonra Allah haqqa işıq saçan və cinayətkarların yollarını aşkara çıxaran müxtəlif ayələr üzərində düşünməyi əmr edir. Lakin yenə də belə mükəmməl izahlara baxmayaraq, insanlar Onun ayələrindən üz döndərməkdə davam edirlər.
(6.47) “De: “Bir deyin görüm, əgər Allahın əzabı sizə qəflətən və ya aşkar gəlsə, zalım tayfadan başqası həlak edilərmi?” Allahın cəzası insanları qəflətən, onlar onu gözləmədikləri vaxtda yaxalaya bilər. Lakin ola da bilər ki, onlar bundan əvvəl onun əlamətlərini görüb, o cəzanın yaxınlaşdığını anlasınlar. İstənilən halda o cəza təkcə zalımları məhv edəcək, çünki onların zülmkarlığı və inadkarlığı amansız cəzalandırılmaya layiqdir. Qoy insanlar zalımlıq etməkdən çəkinsinlər ki, onlara əbədi fəlakət və sonsuz bədbəxtliklər düçar olmasın.
(6.48) “Biz peyğəmbərləri ancaq müjdə verənlər və (əzabla) qorxudanlar sifətilə göndərdik. İman gətirib yaxşı işlər görənlərin heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər!”