ﭲ ﭳ ﭴ ﭵﭶ ﭷ ﭸﭹ ﭺ ﭻ ﭼﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ (5.26) “O dedi: “Elə isə ora onlara qırx il müddətinə qadağan olacaq. Onlar yer üzündə sərgərdan gəzəcəklər. Fasiq kimsələrə görə kədərlənmə”. Allah Musanın (ə) duasına qulaq asaraq, İsrail oğullarını cəzalandırdı və onları müqəddəs şəhərə girməkdən məhrum edərək, onun müddətini qırx il müəyyənləşdirdi. Bütün bu illər ərzində onlar doğru yol tapmadan və rahatlıq bilmədən yer üzündə dolaşmalıydılar. Yəqin ki, bu cəza bu dünyada israillilərin günahlarını yumalı və onları daha dəhşətli əzab-əziyyətdən xilas etməli idi. Buradan belə çıxır ki, günaha görə cəza, mövcud nemətlərdən və ya insanın artıq layiq olduğu lütfkarlıqdan məhrum edilməsi və yaxud da onun daha sonrakı dövrə saxlanması kimi də ola bilər.
Ola bilsin ki, İsrail oğullarının sərgərdan gəzib dolaşması ona görə belə çox uzadılmışdı ki, səbir və dözümlülükdən məhrum ürəklərində doğmuş o dəhşətli sözləri işlədənlərin əksəriyyəti öləydi. Onlar artıq qul olmağa alışmış və əzəmətlilik iddiasında olmayan insanlara çevrilmişdilər. Allah istəyirdi ki, İsrail oğulları arasında düşmənlərini darmadağın etmək arzusu ilə tərbiyə almış insanların yeni nəsli yaransın və insanları xoşbəxt olmağa imkan verməyən quldarlıqdan və alçaldılmalardan xilas olsunlar.
Musa (ə) insanlara, o cümlədən, öz həmqəbilələrinə qarşı olduqca mərhəmətliydi və Fövqəluca Allaha məlum idi ki, o, öz xalqına ürəyiyananlıq edə bilər, onların məruz qaldığı cəzadan qüssələnə bilər, hətta onları artıq qəti müəyyən olunmuş cəzadan qurtarmağı Ondan xahiş edə bilər. Buna görə Allah ona günahkar xalqa görə kədərlənməyi və itaətdən boyun qaçıranlara acımağı qadağan etmişdi. Onların belə cəzaya məruz qalmalarının səbəbi öz əxlaqsızlıqları idi, Allah onlarla zalımcasına davranmırdı.