ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ (5.33) “Həqiqətən, o kəslər ki, Allaha və Onun Elçisinə qarşı vuruşurlar və yer üzündə fitnə-fəsad törətməyə cəhd göstərirlər, əvəzində ya öldürülməli, ya çarmıxa çəkilməli və ya da əlləri və ayaqları çarpaz kəsilməli və yaxud da onlar ölkədən sürgün edilməlidirlər. Bu, onlar üçün bu dünyada biabırçılıqdır və Axirət həyatında onlar üçün böyük əzab hazırlanmışdır”. Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) qarşı vuruşmaq adı altında Ona və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) bəslənən düşmənçilik münasibəti və həmçinin kafirlik, qətllər, özgəsinin malını mənimsəmə və ya yollarda quldurluq etmə vasitəsilə yer üzündə fitnə-fəsad yaymaq nəzərdə tutulur.
Yaxşı məlumdur ki, bu şərəfli ayə şəhərlərdə və ya kimsəsiz yerlərdə insanlara basqın edən, onların malını zəbt edən, onları öldürən, insanların ürəklərinə qorxu salan, onları yollarla səfərə çıxmaqdan əl çəkməyə məcbur edən yolkəsən quldurlar haqqında nazil olmuşdur. Onlar sanki yolların arasını kəsirdilər və Fövqəluca Allah da bildirir ki, bunun əvəzi sadalanan cəzalardan biridir.
Şərhçilər bu cəza tədbirləri arasında hansını seçmək barədə rəylərində müxtəlif fikirlər söyləmişlər. Bəziləri hesab edirdilər ki, hökmdar və ya onun canişini hər hansı qulduru göstərilən cəza növlərindən məqsədəuyğun saydığı biri ilə məhkum etmək haqqına malikdir. Bu rəy təfsir olunan ayənin aydın mənasına uyğun gəlir.
Digər bir təfsirə görə isə, quldurlar törətdikləri cinayətlərə müvafiq olaraq cəzaya məhkum edilməlidirlər. Ayədən aydın olur ki, hər bir cinayət növü üçün Fövqəluca Allahın müdrikliyi ilə təyin olunmuş müvafiq cəza müəyyənləşdirilmişdir. Əgər quldurlar qətl və soyğunçuluq törətmişlərsə, onda onları edam etmək və çarmıxa çəkmək lazımdır ki, onlar insanların gözü qarşısında biabır edilib rüsvay olsunlar və başqaları da belə əməllərdən çəkinsinlər. Əgər onlar soyğunçuluq etmədən qətl törətmişlərsə, onda onlar ancaq edam edilməlidirlər. Əgər onlar yolçuları ancaq qarət etmiş və öldürməmişlərsə, onda onların ancaq əlləri və ayaqları çarpaz kəsilməli, yəni, sağ əlləri və sol ayaqları kəsilməlidir. Əgər quldurlar insanları ancaq qorxutmuşlarsa, kimsəni öldürməmiş və soymamışlarsa, onları təkcə ölkədən qovmaqla və insanlar onların tövbə etdiklərinə əmin oluncayadək şəhərlərdə yaşamağa imkan verməməklə qane olmaq. İbn Abbas və bir çox görkəmli İslam alimləri bu rəyə tərəfdar idilərsə də, onların arasında da bəzi fərqli münasibətlər vardı.
Bu cəza quldurlar üçün bu dünyada rüsvayçılıq və biabırçılıqdır. Axirət həyatında isə onları böyük bir cəza gözləyir. Buradan aydın olur ki, yollarda quldurluq etmək, insanları yer üzündə yaşadıqca rüsvayçılığa və öldükdən sonra isə cəzaya məhkum edən ağır günahlara aiddir və həm də belə rəftar etdikdə insan Allahla və Onun Elçisi (ona Allahın salavatı və salamı olsun!) ilə müharibəyə başlayır. Əgər bu cinayət bu qədər ağırdırsa, onda yer üzünü azğınlıq törədən şərəfsizlərdən təmizləmək, yollarda təhlükəsizliyi təmin etmək və insanları öz həyatı və əmlakı üçün qorxu hissi keçirməkdən xilas etmək ən böyük xeyirxah əməllərdən və Allahın bəyəndiyi ən gözəl işlərdəndir. Belə yaxşı əməllər yer üzündə əmin-amanlığı və doğruçuluğu təmin edir və yer üzündə fitnə-fəsadın yayılmasının əks göstəricisidir.