2.4. Gülüstan sülh müqaviləsindən sonra sərhəd xəttinin təyin olunmasında Rusiya ilə Qacar İranı arasında baş verən mübahisədə İrəvan xanlığının rolu və yeri
Belə düşünmək olardı ki, Gülüstan sülh müqaviləsi hər iki dövlət arasında olan düşmən münasibətlərə son qoydu. Lakin tezliklə, tərəflər arasında bəzi mübahisəli məsələlərə görə gərginlik daha da artdı. V.Potto haqlı olaraq yazırdı ki, «…1813-cü il oktyabrın 12-də bağlanan Gülüstan sülh müqaviləsi Rusiya və İran arasında on il davam edən müharibəyə son qoydu. Lakin on üç il davam edən sülh müvvəqqəti barışığın ancaq davamı idi. Sakitlik, hər iki ölkə arasında bərpa olunmuş zahiri dostluq əlamətləri aldadıcı və ancaq yeni hərbi əməliyata başlamaq üçün fürsət idi» (304,1). Narazılığın əsas səbəblərindən biri sərhəd xəttinin təyin edilməsi məsələsi üzərində idi. Bura İrəvan xanlığına məxsus torpaq sahələri də daxil olduğundan, bu məsələyə aydınlıq gətirmək istərdik.
Gülüstan sülh müqaviləsindən sonra məlum oldu ki, sərhəd xəttinin təyin edilməsində və bəzi ərazi məsələlərində hər iki dövlət fərqli mövqe nümayiş etdirir. Qeyd etmək lazımdır ki, tarixi ədəbiyyatda ərazi məsələsində yalnız Qacar İran dövləti ilə Rusiya arasında mübahisə olduğu qeyd edilir. Lakin mənbələrin təhlili göstərir ki, bu məsələdə üçüncü bir tərəf- İrəvan xanlığı da vardı. İrəvan xanının barışmaz mövqeyi, onun rus komandanlığı və rus sərhəd məntəqələrinin başçıları ilə məktublaşması, onlara təzyiq göstərmək üçün tez-tez ruslara məxsus gözətçi məntəqələrinə hücumu, şah hökumətinin bəzi hallarda Rusiyaya güzəştə getməsi ilə razılaşmaması belə deməyə əsas verir ki, Hüseynqulu xan xanlığın müstəqilliyini qorumağa çalışmış və hər hansı dövlətin ona məxsus torpaqları bölüşdürməsinə razı olmamışdı.
Qeyd etmək lazımdır ki, Gülüstan sülh müqaviləsinin ikinci maddəsi Rusiya ilə İran arasında təyin edilmiş sərhəd məsələsinə həsr edilmişdi. Həmin maddədə müxtəlif ərazilər təsvir edildiyindən, biz burada yalnız İrəvan xanlığı tərəfində göstərilən sərhəd məsələlərinə toxunacağıq. Burada sərhəd xətti belə müəyyən olunmuşdu: «… Ümumrusiya imperiyası ilə İran dövləti arasında sərhəd aşağıdakı xətt üzrə olacaqdır: Adambazardan başlayaraq düz xəttlə Muğan düzündən keçərək Araz çayında Yeddibulaq bərəsinə qədər, oradan Araz boyu üzü yuxarı, Kəpənəkçayın ona töküldüyü yerə qədər, daha sonra Kəpənəkçayın sağ tərəfilə Mehri sıra dağlarına və oradan Qarabağ və Naxçıvan xanlıqları arasında xətti davam etdirərək, Alagöz sıra dağlarından Qarabağ, Naxçıvan, İrəvan xanlıqlarını və Gəncə xanlığının bir hissəsini birləşdirən Dərələyəzə qədər, sonra oradan İrəvan xanlığını Gəncə xanlığının torpaqlarından, həmçinin Şəmşəddildən və Qazaxdan ayıran yerdən Eşşəkmeydana qədər və oradan sıra dağlarla Qəmzəçəmən çayının axını və yolu istiqamətində Pəmbək sıra dağları ilə Şuragölün tininə qədər; həmin tindən Alagöz dağının qarlı yüksəkliyinə, buradan sıra dağlarla Şuragöl sərhəddindən Məstərə və Artik arasından Arpaçay çayına qədər davam edir…» (419,209). Sülh müqaviləsinin bu ikinci maddəsi məhz sonuncu Rusiya-İran müharibəsinə qədər həll olunmamış qalmışdı.
Müharibədə məğlub olmasına baxmayaraq, şah hökuməti çox keçmədən Gülüstan sülh müqaviləsinin bəzi maddələrinə yenidən baxılmasını tələb etdi. Buna səbəb İngiltərənin şərq siyasətinin güclənməsi idi. Belə ki, sülh müqaviləsindən bir il keçmiş Qacar İran dövləti İngiltərə hökuməti ilə yaxınlaşdı və 1814-cü il noyabrın 25-də onlar arasında saziş bağlandı. Sazişdən sonra şah hökuməti bu ölkədən maddi və hərbi kömək aldı. Hər iki dövlət arasında bağlanan müqaviləyə əsasən, ingilis hərbi mütəxəssislərinin köməyi ilə Qacar ordusu Avropa hərbi qaydadası ilə yenidən təşkil edildi (304,2; 163,136). Maddi və hərbi kömək alan Qacar İran dövləti Rusiya dövlətindən sülh müqaviləsinin şərtlərinə yenidən baxılmasını tələb etdi. Beləliklə, hər iki dövlət mübahisəli ərazi məsələlərini həll etmək üçün nümayəndələrini tez-tez mərkəzə göndərməyə başladı.
İrəvan xanlığına məxsus Göyçə gölünün şimal və şərq sahilləri, Şuragöl və Pəmbək əraziləri də əsas mübahisə obyekti idi. Xüsusilə, Göyçənin ətraf yerləri İrəvan əhalisinin mal-qarasının örüş yeri idi. Müharibənin gedişində rus qoşunları bu əraziləri işğal edərək, burada qeyri-qanuni gözətçi məntəqələri yaratmışdılar. I Pyotrun dənizlərə çıxmaq siyasətini davam etdirən Rusiya, Göyçə gölünə çıxış olan bu yerləri əldə saxlamaq üçün Qarabağa məxsus Qapan və Mehri mahallarını güzəştə getməyə də hazır idi (174,41-42; 304,12). Lakin istər Qacar İran dövləti, istərsə də İrəvan xanı Hüseynqulu xan bu ərazilərin rus qoşununun işğalı altında olmasilə barışmaq istəmirdi.
Napaleon Fransası ilə müharibəni yenicə başa vurmuş Rusiya ilk dövrlərdə bu məsələni sakit tərzdə həll etmək istəyirdi. Bu məsələni həll etmək üçün 1816-cı il mayın 24-də A.P.Yermolov çar tərəfindən Qafqaz diyarının baş komandanı və eyni zamanda xüsusi təlimatla şah sarayına göndərilən nümayəndə heyətinin fövqaladə və səlahiyyətli səfiri təyin edildi (403,6; 160,1). İrəvan xanlığının ərazisi hər iki ölkə arasında mübahisə obyekti olduğundan A.P.Yermolovun diplomatik missiyası üzərində ətraflı dayanmaq istərdik.
A.P.Yermolov 1816-cı il oktyabrın 10-da Tiflisə gəldi (403,6). Tiflisə gələn A.P.Yermolov ilk növbədə hər iki ölkə arasında sərhəd xəttindəki vəziyyəti öyrənmək üçün baxış keçirmək qərarına gəldi. O, 1816-cı ilin noyabr ayında ober kvartirmeyster (qoşunu ərzaqla təchiz edən hərbi xidmətçi-E.Q.) polkovnik İvanovu Lənkəran xanlığına, baş ştabın ştabs-kapitanı Muravyovu Borçalı, Pəmbək, Şuragöl, Şəmşəddil və Qazağa göndərdi. Özü isə noyabrın 19-da əsas sərhəd məntəqələri olan Gəncə və Qarabağa yollandı. A.P.Yermolov 1816-ci il dekabrın 12-də, İvanov dekabrın 20-də, Muravyov isə 1817-ci il yanvarın 7-də Tiflisə qayıtdı (403,7). Yeni baş komandanın və səlahiyyətli səfirin ilk niyyəti bu səfərdən sonra məlum oldu. A.P.Yermolov bu baxışdan sonra çara göndərdiyi məlumatda Qacar İranının tələb etdiyi əraziləri heç cür güzəştə getməyin mümkün olmadığını bildirirdi. Bu məlumat feldeqerol (hərbi və ya hökumət kuryeri-E.Q.) Lanqom tərəfindən Peterburqa göndərildi (403,7).
Vəziyyəti aydınlaşdırdıqdan sonra nümayəndə heyəti 1817-cı il aprel ayında Tiflisdən Tehrana yola düşdü. Səfir cənub istiqamətində-İrəvan, Naxçıvan istiqamətində getməyi qərara almışdı. Əsas məqsəd bu yerlər haqqında kəşfiyyat məlumatları toplamaq idi. «Beləliklə, Tiflisdən hərəkət edən nümayəndə heyəti aprelin 22-də Qarakilsəyə gəlib çatdı. İki gün burada dincəldikdən sonra səfarətlik Gümrüyə doğru hərəkət edərək aprelin 26-da oraya daxil oldu. Burada dincələn A.P.Yermolov Arpa çayı boyunca keçən sərhəddi müşahidə etmiş və burada yerləşən hərbi hissənin vəziyyəti ilə tanış olmuşdu. Bir neçə gün burada qaldıqdan sonra nümayəndə heyəti İrəvana doğru hərəkət edərək aprelin 30-da sərhəddi keçir. İrəvan ərazisində səfiri Təbriz sarayının pişxidməti Qulaməli bəy, Nəzərəli bəy, onun dayısı Urmiya hakimi Əsgər xan qarşıladı. Səfarətliyi mərkəzə qədər müşayət etmək üçün onlar şah tərəfindən göndərilmişdi. Tezliklə, onlara kiçik süvari dəstəsilə İrəvan xanının kürəkəni Sübhanqulu xan da qoşuldu. O, Hüseynqulu xanın məktubunu Talında A.P.Yermolova təqdim etdi. Buradan Eçmiədzinə hərəkət edən səfir mayın 3-də İrəvan qalasına döğru hərəkət edir. Yolun yarısında İrəvan xanının qardaşı Həsən xan 6 minlik qoşunla onların qarşısına çıxdı və irəvanlılar tərəfindən təm-taraqla, müsiqi ilə qarşılandı. Beləliklə, İrəvan qoşunlarının müşayəti ilə ruslar İrəvana doğru hərəkət edirlər. Hüseynqulu xan bir neçə yaxın adamı və mühafizəçilərin müşayətilə A.P.Yermolovu qaladan 1,5 verst aralıda qarşıladı. Mayın 5-də xan şəxsən A.P.Yermolovun şərəfinə nahar da təşkil etdi (403,12-13). Bir neçə gün İrəvanda qaldıqdan sonra mayın 7-si səhər saat 9-da nümayəndə heyəti buradan cənuba doğru hərəkət edir. Müxtəlif şəhər və kəndlərdən keçən nümayəndə heyəti iyulun 26-da şahın dincəldiyi Sültaniyə şəhərinə gəlib çatır. 1817-ci il iyulun 31-də və avqustun 3-də şahın qəbulunda olan səfir, avqustun 29-da geri qayıdır. O, geri qayıdarkən Təbrizdə Abbas Mirzənin qonağı olmuşdu. Burada İrəvan xanı Hüseynqulu xan da iştirak etmişdi. Sentyabrın 29-da Təbrizi tərk edən səfir yenidən gəldiyi istiqamətlə hərəkət edərək Tiflisə qayıdır (403,32-35).
A.P.Yermolovun başçılığı ilə Tehrana göndərilən nümayəndə heyəti mübahisəli məsələlərin həllində şahla razılığa gələ bilmədi. Rus qoşunları Göysə gölünün şimal və şimal-şərq hissəsindəki əraziləri işğal altında saxlamaqda davam edirdi. Onlar inad göstərərək bu əraziləri boşaltmaq istəmirdi. Rus komandanlığının İrəvana məxsus torpaqların geri qaytarmaması Hüseynqulu xanın onlarla münasibətlərini pisləşdirmişdi. O, İrəvan qoşunları ilə tez-tez rus gözətçi məntəqələrinə hücumlar təşkil etməklə onlara təzyiq göstərmək istəyirdi. Ümumiyyətlə, Hüseynqulu xanın rus komandanlığı ilə münasibətləri həmişə gərgin olmuşdu. Bu gərginliyin saxlanılmasında ermənilərin də böyük rolu vardı. Onlar rus komandanlığının diqqətini İrəvan xanlığına cəlb etmək üçün müxtəlif hiylələrlə aranı qızışdırırdı. Belə ki, 1822-ci ilin yanvarında Eçmiədzin katolikosu Yefrem Hüseyinqulu xanın ağır vergi siyasətini bəhanə gətirərək Qarabağda yerləşən Gülüstana gəldi. O, burada dincələn A.P.Yermolovun qəbuluna düşməklə xandan şikayət etmək qərarına gəlmişdi. Bu ermənilərin növbəti kələyi idi. Ermənilər katolikosun vasitəsilə baş komandanın diqqətini İrəvan xanlığına yönəltmək istəyirdi. Lakin baş komandan şah hökumət ilə münasibətləri gərginləşdirməkdən ehtiyat edərək katolikosu qəbul etmədi, kilsənin pis vəziyyətə düşməsində onun özünü günahlandıraraq geri qayıtmasını məsləhət gördü. Lakin Yefrem xanın qorxusundan Eçmiədzinə qayıtmadı və 1822-ci il iyunun 20-də katolikosluqdan əl çəkdi. Bu xəbər Hüseynqulu xanı bərk qəzəbləndirdi və katolikosun geri qayıtmasını tələb etdi. Onun geri qayıtmadığını görən Hüseynqulu xan həm Eçmiədzinə, həm də sərhəddə yerləşən rus qoşunlarının gözətçi məntəqələrinə hücumlar təşkil etməyə başladı. Rus komandanlığı Abbas Mirzədən bu cür halların dayandırılmasını tələb etdi. Şahzadə isə cavabında bildirir ki, əksinə bizim təbəələr rus qoşunu tərəfindən talana məruz qalır. O, bunun səbəbini dəqiq sərhəddin təyin olunmamasında görürdü (151,555-557).
Hüseynqulu xanın geri çəkilməməsi və sərhəddə yerləşən rus gözətçi məntəqələrinə təzyiqlərin güclənməsi rus komandanlığını güzəştə getməyə məcbur etdi. Nəticədə, 1821-ci ildə İrəvan əhalisinə Göyçənin onlara məxsus örüş yerində mal-qara otarmağa icazə verildi (300,65). Bundan əlavə, A.P.Yermolov İrəvan xanlığı tərəfindən sərhəd xəttinin təyin edilməsinə razılıq verdi. Bu məqsədlə danışıqlar aparmaq üçün Təbriz hakimi Fətəli xan şah tərəfindən Tiflisə göndərildi. Danışıqlar zamanı Rusiya tərəfi bəzi ərazilərə iddiasından əl çəkməli olmuşdu. Belə ki, rus komandanlığı nəinki Göyçə ətrafını, həmçinin Arpa çayı tərəfdən Abarana məxsus Karvansara kəndindən Şuragölə uzanan əraziləri də tələb edirdi. Fətəli xanın birinci misiyyası zamanı ruslar ikinci tələbdən əl çəkməyə məcbur olmuşdu (297,41-42).
1823-cü ildə hər iki dövlətin nümayəndələridən ibarət komissiya təşkil edildi. Rusiya tərəfindən bu komissiyaya general-mayor Yermolov və polkovnik Ağabəy Sadıqov, İran tərəfindən isə Mirzə Məhəmmədəli Mustafa, Hüseynqulu xan daxil idi. (176,1). Sərhəd xəttinin təyin edilməsində Hüseynqulu xan, onun qardaşı oğlu və kürəkəni Sübhanqulu xan xüsusilə fəallıq göstərmişdi. Bu məsələni həll etmək üçün nümayəndələr Qarakilsə kəndində və Göyçə ətrafında görüşmüşdülər. Lakin beş ay davam edən bu əməliyyat müvəffəqiyyətsizliklə başa çatdı. Rusiyanın Göyçə gölünün şimal və şimal-şərq hissələrini güzəştə getməməsi üzündən sərhəd xəttinin təyin olunması yarımçıq qaldı. ( 176,7-46; 304,14-16; 151,557).
Lakin 1825-ci ilin martında danışıqlar yenidən bərpa olunndu. Fətəli xan martın əvvəllərində ikinci dəfə şahzadə tərəfindən Tiflisə göndərildi. Danışıqlar zamanı A.P.Yermolov bir daha Qarabağ xanlığına məxsus Mehri və Qapan ərazilərini güzəştə getməklə Göyçə gölü ətrafındakı əraziləri Rusiyaya verilməsini tələb edir. Beləliklə, tərəflər razılığa gələ bilir və 1825-ci il martın 28-də Fətəli xanla general-leytenant Velyaminov arasında akt tərtib edildi. Akta görə, tərəflər arasında sərhədd xətti belə müəyyən olunmuşdu: «Rusiya imperiyasını İran dövlətindən ayıran sərhədd xətti, Qars çayının mənsəbinin əks tərəfində yerləşən Arpaçay çayının sol sahilindən başlayaraq, dağıdılmış Daşqala qalasından və oradan düz dağıdılmış Söyütlü kəndi istiqamətində Balıqçay çayını düz xəttlə kəsərək, bu nöqtədən Balıqçay çayının sağ sahili boyunca Alagöz dağının zirvəsinədək uzanır;
Balıqçay çayı özünün kifayət qədər böyük məsafəli axını və oradan çəkilən Adyaman arxı ilə İranla sərhəd olacaqdır. Lakin Şuragöl dairəsinin tarlaları Balıqçay çayı ilə suvarılanda, onun qarşısı alınmamalı, əvvəlki vəziyyətində qalmalıdır. Cünki İrəvan xanlığı ərazisində yerləşən kənd üçün Adyaman arxı kifayətdir;
Sonra sərhəd xətti Alagöz dağının zirvəsindən sıra dağlarla Calagöl gölünə, sonra gölün yaxınlığından keçərək dağıdılmış Mirək kəndinə, oradan Qaraboğaz dağının Dəvəboynu yüksəkliyinə doğru, Qaraboğaz dağından Pəmbək sıra dağlarında Dəvədaş, Maymak, Altındaz, Arxaşan və Qumurlu yüksəkliklərini keçməklə, oradan həmçinin Sülumbulak və Ağrıdağ yüksəkliyi ilə Atmeydan və Eşşəkmeydanın yanından keçərək Baratgədik yüksəkliyinə doğru uzanır;
Sonra Baratgədik yüksəkliyinin Göyçə gölünə bitişik yerindən, gölün şimal, şimal-şərq sahillərindən Böyük Şeytanağac çayının mənsəbinə və üzüyuxarı Şişqaya, Göyçə, Ağcaqum və Urumbasar kimi yüksəklikləri olan sıra dağlardan keçərək çayın sağ sahili ilə onun mənbəyinə qədər;
Bu yüksəklikdən düz xəttlə dağıdılmış Zod kəndinə, oradan Gil, Surfa saylarını düz kəsən və Başkənd çayının sağ sahili ilə dağıdılmış Başkənd kəndinə və yaxud Çınqılkənd kəndinə doğru, Allahverər dağından keçərək düz Bağlamış gölünə gedən yolla, bu kənddən dağılmış Daşkənd kəndinə, oradan gölə tökülən çayın sağ sahili ilə Qaraqaş çayının zirvəsinə qədər, oradan Sarıyar, Sərçəli sıra dağlarına və Dəvəgöz dağına qədər: daha sonra Bazarçay çayının sol sahili boyunca Kisir dağının ətəklərinə və onun zirvəsinə, həmin zirvədən Keçbek, Araxlı, Alkarvansaray, Salvortyurt, Kabargədik, Gədik, Ağrı, Sarımsaxlı sıra dağları ilə, Sarımsaxlıdan Badji dağından keçməklə Qapıcıq dağına, Oxçu çayının axdığı sıra dağlardan, başlanğıcını götürdüyü Qaraundərə və Ağlıdərə dərələrinə qədər.
Daha sonra Qapıcıq dağının zirvəsindən Ağlıdərə dərəsindən axan çayın sol sahili ilə Oxçu kəndinə qədər və sonra Qapançay və yaxud Çuğundur çayının sağ sahili ilə onun Tir yaşayış yeri yaxınlığında Araz çayına töküldüyü yerə və oradan Şabadin, Gecalan, Oxçu kəndlərinə qədər. Ümumiyyətlə, Qapançay və yaxud Çuğundur çayının sol sahilində yaşayan əhali Rusiyaya, sağ sahilində yerləşənlər isə İrana məxsusdur» (63,53-56). Aktdan görünür ki, bu dəfə şah hökuməti birinci sərhəd xəttinin çəkilməsində mübahisəyə səbəb olan əraziləri Rusiyaya güzəştə getmişdi. Bu sənəd Hüseynqulu xanı bərk qəzəbləndirdi. O, bu ərazilərin İrəvan xanlığına məxsus olması haqqında baş komandana xüsusi məktub yazaraq narazılığını bildirmişdi. İrəvan xanı narazılığını məktubda belə ifadə edirdi: «Hər şeydən əvvəl, Rusiya hökumətinin mühəndisləri göstərirlər ki, guya Göyçə gölünün şərq sahilləri Gəncə və Qarabağ xanlıqlarının sərhədindədir. Bilməlisiniz ki, Dərələyəzdən Eşşəkmeydana qədər ərazi, həmçinin İrəvan sərhədi sülh müqaviləsində Gəncə və Qarabağ xanlıqları ilə qarışdırılıb. Lakin əldə olunan sənədlərdə (qəbalə), həmçinin əvvəlki şahların fərman və əmrlərinə görə, Göyçənin ətrafında yerləşən torpaqlar İrəvan ağaları tərəfindən alınıb-satılırdı. Vəziyyət belədir və siz göstərirsiniz ki, guya Göyçə və Abaran sərhədinə heç bir iddianız yoxdur, Mehri və Qapanı əldə etmək istəyirsiniz. Bu məqsədlə siz bəylərbəyi Fətəli xana elan etmisiniz ki, «əgər Abbas Mirzə Göyçənin şərq tərəfini bizə güzəştə gedərsə, biz də Mehri və Qapandan imtina edəcəyik». Bu məsələ həll edilməmiş qaldı. Fətəli xan ikinci dəfə sizin yanınızda olanda, danışıqlarda Şeytanağacdan Gədikbarata qədər ərazini tələb etməklə, Gil ərazisinin bir hissəsini güzəşt edərək burada siz məntəqə yaratmaq istəyirsiniz (294,891). Hüseynqulu xan nəinki, rus komandanlığına etiraz etmiş, eyni zamanda bu ərazilərin İrəvana məxsusluğu barədə şah hökumətini inandıra bilmişdi. Rus sərhəd qoşunlarının başçısı knyaz Sevarsamidze 1825-ci il avqustun 26-da general leytenant Velyaminova göndərdiyi raportda yazırdı ki, «Sərdar İrəvana gedib, şahın razılığı ilə Abbas Mirzədən Göyçənin şimal şərq sahillərinin Gildən Meydana qədər onlara qalması haqqında raqam alıb və yazır ki, sərdar burada əhalini məskunlaşdırmağa tələssin. Sərdar oraya köçkünlər göndərməyi əmr etmişdi. Gildən Şeytanağaca qədər olan ərazini Nağı xana, Meydandan Balıqçaya qədər ərazini isə İsmayıl ağaya vermişdi» (383,51-52). Hətta knyaz Sevarsamidze xana məktub göndərərək öz narazılığını bildirmişdi.
Əslində xanı bu işə məcbur edən rusların öz hərəkəti idi. Çünki ruslar onlara məxsus olmayan ərazilərdə qeyri-qanuni tikintilər aparırdılar. Bu Hüseynqulu xanın knyaz Sevarsamidzeyə göndərdiyi məktubun məzmunundan aydın olur. O, yazırdı: «Sizin məktubunuzu aldım və məzmunu ilə tanış oldum. Yazırsınız ki, mənim əmrimlə bizim gözətçi dəstəmiz sizin gözətçi dəstənizi Gildən qovub. Sizin kimi yüksək alinin belə yazması məni təəccübləndirdi. Çünki Rusiya dövlətinin səlahiyyətli nümayəndələri tərəfindən təsdiqlənib ki, Göyçənin şərq hissəsi İrəvana məxsusdur və siz ali məqam bir neçə dəfə mənə yazmısınız ki, sizin gözətçilər Poluxludan balıq tutduqlarına görə, bizim məmurlar onlardan vergi almasınlar. Sizə hörmətimə görə, güzəştə getdim. İndi hansı səbəbə görə, siz Gilə və Poluxluya adam göndərərək tikinti işləri aparırsıniz?. Əgər həmin yerlərdə sizin gözətçi dəstəniz yerləşərsə bizim tərəfimizdən heç bir təzyiq ola bilməz. Lakin sərhəddən hər hansı bir səbəbə keçməyə icazə verə bilmərəm (298,52). İrəvan xanının bu hərəkətləri rus komandanlığını bir qədər güzəştə getməyə məcbur etmişdi. Çünki xanın məktubundan sonra rus komandanlığı irəvanlılara Göyçə ətrafında mal-qara otarmaq üçün icazə verilmişdi. Fürsətdən istifadə edən Hüseynqulu xan bu ərazilərdə möhkəmlənməyə qərara aldı. Burada yaşayış üçün yeni-yeni məskənlər saldırdı, Qarapapaq tayfasını bura köçürərək, onlara əkin əkmələri barədə göstəriş verdi. Nəticədə, rus gözətçi məntəqələri buradan sıxışdırılmağa başlandı (151,558).
Hüseynqulu xan nəinki sərhəd məntəqələrində əhalini məskunlaşdırmış, eyni zamanda rus qoşunları tərəfindən ola biləcək hücumun qarşısını almaq üçün hərbi dəstələr də yaratmışdı. Verilən məlumata görə, Göyçə ətrafına gələn İrəvan xanı qoşunun təşkili ilə məşğul olmuşdu. O, darbaxt, sultan, yüzbaşılar təyin edir və onlara hədiyyələr verməklə silah və miniklərinin qayğısına qalmasını tapşırırdı. Nəticədə, sərhəd xəttində 200 nizami piyadadan və 800-dən çox süvari dəstədən ibarət qoşun təşkil edildi. Hər gün bu qoşun yeni-yeni adamlar hesabına daha da artırılırdı (382,45-46).
Onun bu hərəkəti şah hökuməti tərəfindən razılıqla qarşılandı. Həqiqətən də, Hüseynqulu xan rus gözətçi dəstələrini Gildən, Göyçə gölünün ətrafından və Seytanağacdan sıxışdıraraq, bu ərazilərdə yaşayış məskənləri yaratmışdı. General Velyaminovun 1825-ci il sentyabrın 25-də Abbas Mirzəyə yazdığı məktubda xanın bu hərəkətlərini qeyd edərək öz narazılığını bildirməklə yanaşı, guya bu torpaqların Gülüstan müqaviləsinə əsasən ruslara məxsusluğunu bir daha iddia etmişdi (299,60-61). Abbas Mirzə isə general Velyaminova yazdığı məktubda onun iradının əsassız olduğunu, əksinə bu torpaqların müqaviləyə əsasən şah hökumətinə məxsusluğunu bildirmişdi. O, yazırdı: «Rusiya dövlətinin sərhəd rəisləri İran hökuməti sarayında saxlanılan general Yermolovun məktubuna və rus komisarlarının tərtib etdiyi xəritələrə əsasən bəzi əraziləri istəyirlər. Əgər ali İran dövləti tərəfindən sizin dövlətə ərazi güzəşt edilsə onda gözətçi məntəqəsi yaratmalısınız. Lakin o dövlət tərəfindən sizə bu icazə verilməyib, öz-özünə gözətçi məntəqəsi yaratmaq sülh müqaviləsinə ziddir. Mən təəccüb edirəm ki, Rusiya hökumətinin məmurları sülh müqaviləsinin əksinə olaraq belə hərəkətə cəsarət edirlər…» (174,62-63). Sənədlərdən göründüyü kimi, hər iki tərəf yazdıqları məktublarda bir-birini günahlandıraraq mübahisəli ərazilərin onlara məxsus olduğunu sübut etməyə çalışırdılar.
Lakin rus komandanlığının, sərhəd qoşunları rəislərinin məktublarında bu ərazilərin rus qoşunu tərəfindən qeyri-qanuni zəbt edilməsi, hadisələri bilə-bilə qızışdırmaları açıq bildirilmişdi. 1823-cü ilin dekabrında birinci sərhəd xəttinin təyin edilməsilə bağlı keçirilən əməliyyatda general-mayor Yermolov və polkovnik Ağabəy Sadığovun baş komandan A.P.Yermolova yazdıqları hesabatda etiraf edirdilər ki, «o ki, qaldı iranlıların (Hüseynqulu xan-E.Q.) Göyçə gölünün şimal və şimal-şərq sahilləri ilə birlikdə Gil düzənliyini inadla tələb etmələri, ədalətlə yada salmaq lazımdır ki, şah hökuməti bu tələbdə haqlıdır. Kifayət qədər əhalisi olan Gil düzənliyi 70 il bundan əvvəl İrəvan xanlığına məxsus olmuşdu» (176,15). Baş komandan A.P.Yermolovun 1825-ci il sentyabrın 13-də general leytenant Velyaminova göndərdiyi məktubda da bu məsələ ətraflı təsvir edilmişdi. O, yazırdı ki, «…bizə məxsus olmayan torpaqlarda əhalinin məskunlaşmasını qadağan etməyə hüququmuz yoxdur. Bizə məlum deyil ki, bu əmri Abbas Mirzə verib. Siz zat-aliləri sərdarın hərəkətinə onun özbaşnalığı kimi yanaşsanız da, sözlərinizdə Abbas Mirzəyə hörmətlə yanaşın. Sərhəd məsələsinin qurtarmasına qədər və Göyçə gölünün ətrafında yerləşən torpaqların, bizə məxsus digər torpaqların danışıqlarının getdiyi və dostluq münasibətlərinin yarandığı vaxt Böyük Seytanağac çayının mənsəbinə qədər yaşayış məskənləri salmaq lazım deyil. … Bizim izah etməyimizə baxmayaraq, gözləmək olar ki, iranlılar (irəvanlılar-E.Q.) yaşayış məskənləri salmaqda inad edəcəklər. Onda Qazax pristavına yazmaq olar ki, Dilican dərəsində gözətçilərin sayını artırsın, yaxınlıqda kənd salsın. O vaxta qədər polkovnik Sevarsamidze qar yağanda Balıqçay çayının ətrafında bir topa malik 200 piyada əsgərdən ibarət gözətçi məntəqəsi yaratsın. Belə vəziyyətdə İrəvan kəndlilərinin hərəkəti azalacaq, kəndlilərin özü burada qalmaq istəməyəcəkdir. Əgər sərdar bizə ehtiraz etsə ona cavab vermək olar ki, onlar gölün sahilini və Balıqçay çayının mənsəbini tutduğundan, sonrakı torpaqları tutmağa hüquqları yoxdur. Sərdar səfehliyindən, özünün qaba və həyasız hərəkətindən əl çəkməyəcək. Hətta gözləmək olar ki, bizim gözətçi məntəqələrinə silahlı hücum əmrini versin. Hər halda biz narazılığın başlanmasının səbəbkarı olmayacağıq. Belə halda ehtiyatla gözətçi məntəqəsini Tiflis piyada alayı hesabına gücləndirmək lazımdır» (174,54-56). Sənəddən görünür ki, ruslar özləri hiyləgərcəsinə vəziyyəti gərginləşdirir, İrəvan xanı isə özü də bilmədən bu hiylənin qurbanı olmuşdu.
Rus komandanlığının Göyçə ətrafı torpaqları əldən vermək istəmədiyini görən Hüseynqulu xan ruslara məxsus gözətçi məntəqələrini zor gücünə dağıtmaq fikirinə düşdü. 1825-ci il noyabrın əvvəlində irəvanlıların kiçik süvari dəstəsi Göyçə ətrafında yerləşən rusların gözətçi məntəqəsinə qəflətən hücum edərək, burada yerləşən rus dəstəsini geri çəkilməyə məcbur etdi. Gözətçi məntəqəsi İrəvan qoşunu tərəfindən yandırıldı. Lakin A.P.Yermolovun əmrinə əsasən, oraya topla təhciz edilmiş piyada alayı göndərildi. Bundan sonra rus qoşunu Göyçə sahilindəki gözətçi məntəqəsini yenidən geri qaytarmağa nail oldu. Belə olduqda Hüseynqulu xan hiyləyə əl ataraq polkovnik knyaz Sevarsamidze ilə danışığa girdi və ondan ancaq Göyçə ətrafında süvarilərdən ibarət gözətçilərin saxlanmasını xahiş etdi. Polkovnik onunla razılaşaraq piyada alayını oradan çəkib apardı. Bundan istifadə edən dörd topa malik iki batalyon nizami İrəvan qoşunu yenidən hücuma keçdi. Lakin bu xəbəri eşidən polkovnik qoşunla geri qayıdır. Nəticədə İrəvan qoşunu ruslarla döyüşmək istəməyərək geri çəkilməyə məcbur oldu (304,18-19).
Rus komandanlığı qeyd edilən əraziləri nəinki boşaltmadı, əksinə A.P.Yermolovun əmrinə əsasən, Qazax pristavı polkovnik Saqinov Dilican dərəsində yerləşən keşikçi məntəqəsini gücləndirərək, bu məntəqəni irəvanlıların yaşayış məntəqəsinə yaxınlaşdırdı. Balıqçay çayı ətrafında isə artilleriyası olan bir alay yerləşdirildi (151,576).
Lakin İrəvan xanı sərhəd məntəqələrini möhkəmləndirmək üçün müəyyən tədbir görə bilmişdi. İrəvana məxsus torpaqların heç cür əldən çıxmasını istəməyən Hüseynqulu xan ayrı-ayrı tayfaları sərhəddə yerləşdirməklə rus qoşununa qarşı mübarizədə onlardan istifadə etməyə çalışırdı. Hüseynqulu xan Qars paşalığı tərəfdən Şuragöllə sərhəddə Qafar xanın başçılığı ilə ayrumları və talınları, Abaran sərhəddində İsmayıl xanın başçılığı ilə seyidli və axsaqqallı tayfalarını, Pəmbək sultanlığı və Qazax distansiyaları ilə sərhəd xətti boyunca İsmayıl xanın və Mərdan xanın başçılığı ilə qarapapaq tayfasını, Göyçə mahalı tərəfdən, Şəmşəddil distansiyası, Yelizavetepol dairəsi (keçmiş Gəncə xanlığı-E.Q.), və Qarabağla sərhəd boyunca Nağı xanın başçılığı ilə digər qarapapaq tayfalarını yerləşdirmişdi (415,450; 174,51-52).
İrəvan xanının bu hərəkəti əslində xanlığın müdafiə sistemini gücləndirməyə yönəldilmişdi. Rus komandanlığı isə Hüseyinqulu xanının bu tədbirini özləri üçün təhlükəli olduğunu bəhanə gətirərək əks tədbirlər görməyə başladı. 1826-cı ilin yazında iki alay piyada rus qoşunu Mirək kəndinə hücum edərək onu işğal etdi və burada hərbi istehkam xətti qurmağa başladı (304,23). Bu hadisə tərəflər arasında münasibətləri daha da gərginləşdirdi. Rus komandanlığının qanunsuz hərəkəti haqqında Hüseyinqulu xan Abbas Mirzəyə xəbər verdi. Həmin vaxt hər iki dövlət arasında mübahisəli torpaq məsələsini həll etmək üçün Rusiya şah sarayına knyaz Menşikovun başçılığı ilə xüsusi heyət göndərmişdi. Ona verilən təlimata görə, knyaz bu məsələnin müsbət həlli üçün şahı razı salmalı idi (3,84-85).
Heyət hələ yolda olarkən polkovnik Bortolomey müəyyən məsələ ilə əlaqədar olaraq Təbrizə gəlmişdi. Şahzadə onu yanına çağıraraq Mirək hadisəsi haqqında öz narazılığını bildirmiş və demişdi ki, «ruslar bir tərəfdən səfir göndərir, digər tərəfdən isə qoşun». Polkovnik onun bu sorğusuna cavab verə bilməmiş və geri qayıtmışdı. O, geri qayıdarkən Araz çayı sahilində knyaz Menşikovla rastlaşaraq vəziyyət haqqında məlumat vermişdi. Səfir isə Mirək hadisəsinin danışıqlara mənfi təsir göstərəcəyini yəqin edərək Velyaminovdan istehkamın tikintisini dayandırmağı xahiş etdi. Lakin tikinti dayandırılsa da, rus qoşunu Göyçə ətrafından çıxarılmadı (11,141-142; 304,23).
Knyaz Menşikov Tehrana göndərilməsinə baxmayaraq, müharibə labüd idi. Mirəkın rus qoşunu tərəfindən işğalı vəziyyəti daha da gərginləşdirmişdi. Rus qoşunlarının Göyçə ətrafı ərazilərdə möhkəmlənməsi Hüseynqulu xanı bərk qəzəbləndirmişdi. İrəvan xanı qoşunlarını sərhəddə cəmləşdirməyə başladı. Hətta xan səfirin xahişi ilə şahzadənin İrəvan qoşununu gölün ətrafından geri çəkmək göstərişinə də məhəl qoymamışdı. Hüseynqulu xanın Menşikov missiyasının tərkibinə daxil olan və əslən erməni Yefrem Kovalevə verdiyi cavab onun bu məsələdə qəti mövqeyinin bariz nümunəsidir. Hüseyinqulu xan demişdi: «Mən təəccüb edirəm ki, rus səfiri bir tərəfdən Nikolay Pavloviçi imperator kimi tanımasını xahiş edərək özü ilə çoxlu hədiyyə aparır, digər tərəfdən isə rus qoşunu bizim sərhəddi işğal edib. Mən şahzadənin göstərişini eşitmək istəmirəm. Əgər ruslar qoşunu geri çəkməsələr, burada duran qulluqçularımdan birini Tiflis qubernatoru, ikincisini komendant, üçüncüsünü isə polismeyester təyin edərəm» (304,23).
Beləliklə, Menşikovun missiyası da heç bir nəticə vermədi. Hər iki tərəfin güzətə getməməsi müharibənin qaçılmaz olduğunu bir daha göstərdi. Digər tərəfdən belə gərgin vəziyyətdə rus qoşununun Mirək kəndini işğal etməsi hər iki tərəf arasında olan münasibəti daha da ağırlaşdırmışdı. Rusların hiyləgər hərəkətindən bezmiş şah sarayı ilk olaraq hərbi əməliyyatlara başladı. 1826-cı il iyulun 19-da Abbas Mirzənin komandanlığı ilə 60 minlik şah ordusu Rusiya işğalı altında olan Azərbaycanın şimal hissəsinə hücum etdi (161,165-166; 21,40). Beləliklə, ikinci Rusiya-İran müharibəsi başladı.
Dostları ilə paylaş: |