ELÇİn qarayev iRƏvan xanliğI (1747-1828) baki 2010



Yüklə 4,58 Mb.
səhifə16/31
tarix03.02.2017
ölçüsü4,58 Mb.
#7388
1   ...   12   13   14   15   16   17   18   19   ...   31

Azərbaycan xalqı müxtəlif tarixi dövrlərdə ağıllı, igid, vətənpərvər dövlət xadimləri yetirmişdi. XVIII əsr xanlıqlar dövrü bu baxımdan xüsusilə fərqlənir. Azərbaycan xanlarından Şəki xanı Hacı Çələbi, Quba xanı Fətəli xan, Urmiya xanı Fətəli xan Əfşar, Qarabağ xanları Pənahəli xan və İbrahimxəlil xan, Xoy xanı Əhməd xan Dünbülü, Gəncə xanı Cavad xan haqqında məlumatlar tarixi ədəbiyyatda öz əksini tapmış və onların şəxsiyyətinə müəyyən qədər qiymət verilmişdir. Bu dövrün görkəmli şəxsiyyətlərindən biri də məşhur İrəvan xanı Hüseynqulu xan Qacardır. Fəaliyyət və bacarığına görə yuxarıda adı çəkilən xanlardan heç də geri qalmayan, hətta onların bəzisindən yüksəkdə duran Hüseynqulu xan uzun illər diqqətdən kənarda qalmış və onun şəxsiyyətinə qiymət verilməmişdir. İlk dəfə olaraq bu monoqrafiyada onun şəxsiyyətinə qiymət verməyə çalışacağıq.

Hüseünqulu xan Qacar (1806-1827) 21 il İrəvan xanlığını idarə etmişdi. Bu dövr ərzində o, yorulmadan və inadla İrəvanı zəif xanlıqdan siyasi və iqtisadi cəhətdən güclü bir xanlığa çevirmişdi. Hüseynqulu xan kimdir və onun İrəvan xanlığı tarixində nə yeri vardı? Bu suala cavab vermək üçün mənbələrə müraciət edək. İlk növbədə qeyd etmək lazımdır ki, bu şəxsiyyətin hansı ildə anadan olması haqqında məlumata rast gəlmədik. O, Qəzvində anadan olmuş və burada onun ata-baba mülkləri vardı (129,50). Hüseynqulu xan gənc yaşlarından özünü bacarıqlı hərbiçi kimi göstərmiş və bu keyfiyyəti onun həyatında böyük rol oynamışdı. Mənbənin verdiyi məlumata görə, Hüseynqulu xan İəvana gəlməmişdən əvvəl Xorasanda 10 il sərhəd qoşunlarının başçısı kimi xidmət etmiş, yalnız Əhməd xan öldükdən sonra 1806-cı ilin sonlarında İrəvana xan təyin olunmuşdu (293,548; 415,167).

Onun hakimiyyətə gəlməsi ilə İrəvan xanlığı tarixində yeni bir dövr başlamışdı. Rusiya-Qacar İranı arasında müharibənin qızışdığı bir dövrdə hakimiyyətə gəlməsinə baxmayaraq, Hüseynqulu xan tez bir zamanda görkəmli dövlət xadimi kimi özünü göstərə bilmişdi. Onun yeritdiyi daxili və xarici siyasət xanlığın möhkəmlənməsinə yönəlmişdi.

Azərbaycanlı Qacarlar tayfasından olan Hüseynqulu xan Fətəli şah Qacarla qohum idi. Heç bir savada malik olmayan Hüseyinqulu xan igid və qorxmaz, düşmən qarşısında əyilməz bir şəxs kimi özünü göstərmişdi. Onun bu şəxsi keyfiyyətinə toxunan A.Y.Sokolov yazırdı ki, «O, özünün təkəbbürlüyü ilə şahdan aşağı heç kimin qarşısında ayağa durmurdu, ancaq salam verməklə yaxud baş əyməklə kifayətlənirdi» (403,37; 129,42). Lakin rus mənbələri xanı savadsız adlandırsalar da, onun dövlət xadimi kimi bacarığını etiraf etmişdilər. Hüseynqulu xan savadsız olmasına baxmayaraq, ağıllı, idarəçilik bacarığı olan, hiyləgər, işgüzar bir şəxs olmuşdu (415,450; 177,448). Bu keyfiyyətlərinə görə, tez bir zamanda şahın rəğbətini qazana bilmişdi. İ.Şopen yazır ki, «nəhayət şah sarayı İrəvana sərhəd qoşun başçılarından biri Hüseynqulu xan Qacarı ildə 600 tümən, eyni zamanda xərcləri üçün xanlığın vergisindən 6000 tümən məvacib verərək onu sərdar təyin etdi. Hüseynqulu xan özünün bacarığı və cəsurluğu ilə aşağı rütbədən bu vəzifəyə yüksəlmişdi. Oxuya və yaza bilməyən bu şəxs şahın ona olan inamını qazana bilmiş və az bir vaxtda ona həvalə edilmiş əyaləti (xanlığı-E.Q.) çiçəkləndirmişdi (415,167).

Hüseynqulu xan şah tərəfindən bu vəzifəyə təyin olunmasına baxmayaraq, özünün bacarıqlı siyasəti ilə xanlığın müstəqilliyinə nail ola bilmişdi. «Sərdar Hüseynqulu xan (indi şahlıq edən Qacarlar nəslindəndir) bu xanlıqda (İrəvan-E.Q.) birinci, (İranda-E.Q.) isə üçüncü adamdır. Onun hakimiyyəti türk paşasının hakimiyyətindən daha möhkəmdir. O, çoxdan hakimiyyətdədir. Hər il bir neçə min çervon təşkil edən dövlət gəlirindən deyil, müxtəlif miqdarda hədiyyə formasında (şah xəzinəsinə-E.Q.) bayramlıq verirdi. Torpağın yetişdirdiyi hər şeyin 1/3-ni, zarafat etsə hər uçünü almaq ixtiyarına malik idi… Nəinki daxili, eyni zamanda xarici ticarət də onun əlində idi… Məhkəmə işlərində əgər iddiaçı və cavabdehin şikayəti peyğənbərin hədisləri ilə əlaqələndirilmirdisə onun şifahi əmrləri qanun idi» (129,42).

Şah tərəfindən İrəvan xanlığına hakim təyin olunmasına baxmayaraq, tezliklə, Hüseynqulu xan müstəqil daxili və xarici siyasət yeritməyə başladı. Digər tərəfdən, şah hökuməti İrəvan xanlığının geo-siyasi əhəmiyyətini gözəl anladığından onun daxili işinə qarışmırdı. Bunu təsdiq edən İ.Şopen yazır ki, «Şah hökuməti İrəvana İranı Rusiyadan ayıran həmsərhəd əyalət kimi baxdığına və müharibə olacağı təqdirdə ilk hücumun qarşısını almağı özünə borclu bildiyinə görə, bu əyana (Hüseynqulu xan-E.Q.) tamamilə inanırdı və onun heç bir işinə qarışmırdı» (415,449). Hüseynqulu xan dövlət idarəçiliyində mütləq hakim idi. Bütün feodal dövlətlərində olduğu kimi, müstəqil qanun- qrarlar verirdi və bütün hakimiyyət onun iradəsindən asılı idi. İstər dünyəvi, istərsə də dini hakimiyyətə nəzarət edir və bütün hakimləri özü təyin edirdi. O, siyasətində imtiyazlı təbəqənin mənafeyini qorusa da, xanlığın vəziyyətini nəzərə alaraq, onlarla aşağı təbəqnin arasında tarazlıq yarada bilmişdi. O, hesabat vermədən vergi toplayır, pul kəsir, öz qərarı ilə cinayətkarları gözündən, digər bədən üzvündən məhrum etməklə və öldürməklə cəzalandırır, bir sözlə mütləq hakim kimi hərəkət edirdi (415,449).

Hakimiyyətdə olduğu illərdə İrəvan xanlığı tez-tez müdaxiləyə məruz qaldığından Hüseynqulu xan xanlığın müdafiə sistemini gücləndirmək üçün güclü qoşun saxlayırdı. Bunun üçün çoxlu xərc tələb olunurdu. Bu xərcin bir hissəsi daxili imkanlar hesabına olsa da, hərbi əməliyyatlar zamanı xərcin bir hissəsini şah sarayından alırdı. Bu məqama toxunan A.S.Qriboyedov yazırdı ki, «O, öz hesabına qoşun saxlayır, lakin müharibə dövründə şah sarayından pul tələb edirdi» (129,403). Eyni fikiri İ.Şopen də təsdiq edərək yazırdı: «şah sarayı nəinki sərdardan vergi tələb etmirdi, sərhəd qoşunlarını, artilleriyanı, qalanı, azuqə və hərbi sursat saxlamaq üçün ona tez-tez pul buraxırdı» (415,449).

Müharibə dövründə Hüseynqulu xan sərkərdəlik qabliyyətinə görə xüsusilə seçilmişdi. Onun uzaqgörənliyi və tədbirliyi uzun müddət İrəvan xanlığını rus qoşunlarının işğalından qoruya bilmişdi. Onun hərbi əməliyyatlar zamanı «yandırılmış torpaq» taktikasından istifadə etməsi, ayrı-ayrı çevik dəstələr təşkil etməsi, bu dəstələrin müxtəlif istiqamətlərdən qəflətən döyüşə atılması və meydanı tərk etməsi rus qoşununda həmişə qarışıqlığa səbəb olmuşdu. Xan dinclik dövründə isə İrəvan sərhədlərinin təhlükəsizliyindən arxayın olmaq üçün müdafiə tədbirləri görmüşdü. O, bu məqsədlə ayrı-ayrı tayfaları səhədə yaxın ərazilərə köçürərək burada hərbi məskənlər yaratmışdı. Məsələn, Hüseynqulu xan Qars paşalığı tərəfdən Şuragöl sərhəddində Qafar xanın başçılığı ilə ayrumları və taşanlıları yerləşdirmiş, Abaran sərhədini isə İsmayıl xanın başçılığı ilə seyidli və ağsaqqallılara tapşırmışdı. Pəmbək əyaləti və Qazax distansiyası ilə sərhəd xəttini İsmayıl xan və Mərdan xanın başçılığı ilə qarapapaq tayfası, Şəmşəddil distansiyası, Gəncə xanlığı və Qarabağ xanlıqları tərəfdən Göyçə mahalını Nağı xanın başçılığı ilə digər qarapapaqlılar qoruyurdu (415,449-450). Hətta Hüseynqulu xan xüsusi təliqə verməklə mübahisəli ərazilər olan Gildən Satanağaca qədər ərazini Nağı xana, Eşşəkmeydandan Balıqçay çayına qədər ərazini İsmayıl ağaya bağışlamışdı (174,52). Bu tədbirləri ilə Hüseynqulu xan sərhəd xəttində hərbi məskənlər yaratmış və bu məskənlərin rus qoşununa qarşı mübarizədə böyük köməyi olmuşdu.


Yüklə 4,58 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin