1.4. XVIII yüzilliyin axırlarında İrəvan xanlığının siyasi vəziyyəti
Ağa Məhəmməd şah öldürüldükdən sonra onun yerinə qardaşı oğlu Fətəli (1797-1834) taxt-taca sahib oldu. O, hakimiyyətə gələn kimi, əmisi tərəfindən incidilmiş adamların könlünü ələ almaq üçün bir neçə dəyərli göstəriş vermişdi. Tehranda həbsdə olan xanları, o cümlədən İrəvan xanı Məhəmməd xanı azadlığa buraxdı. Həbsdən azad olan Məhəmməd xan yenidən İrəvanda hakimiyyətə gəldi.
Məhəmməd xan İrəvana gəlməmişdən əvvəl burada Əliqulu xana qarşı üsyan baş vermişdi. Buna səbəb şahın ölüm xəbərini eşidən Əliqulu xanın İrəvan qalasının qapılarını bağlayaraq xalqla pis rəftar etməsi olmuşdu. Belə rəftar irəvanlıların səbrini tükəndirmiş və onlar silahlanaraq şahın qardaşını İrəvandan qovmuşdular. Şahın öldürülməsi və yerli xalqın müqaviməti nəticəsində Əliqulu xan İrəvan xanlığını tərk etmişdi (84, c.2,431; 130,185). O, 1796-cı ilin axırlarından-1797-ci ilin iyununa qədər İrəvanda hakimiyyətdə olmuşdu.
Lakin bu təhlükədən qurtaran İrəvan əhalisi çox keçmədi ki, yeni təhlükə ilə üzləşdi. Əliqulu xan İrəvanı tərk etdikdən bir neçə gün sonra Maku sultanının oğlu Həsən vəziyyətdən istifadə edərək buraya hücum etdi. Qeyd etmək lazımdır ki, o, XVIII yüzilliyin 80-ci illərində İrəvanda hakimiyyət uğrunda mübarizə aparan Əhməd Soltanın oğlu idi. Qəflətən İrəvan qalasına hücum edən Həsən xan əvvəlcə dinc yolla qalanı ələ keçirmək üçün irəvanlılarla danışığa başladı. Lakin qala sakinləri onun tələbini rədd edərək Həsən xana ciddi müqavimət göstərdi. Hətta qala müdafiəçiləri Qazaxda mövqe tutan II İraklinin oğlu Aleksandara məktub göndərərək kömək istəmişdilər. Gürcü şahzadəsi Aleksandr bir neçə yüz dəstə ilə irəvanlılara kömək etmək istədi. Lakin Həsən xan onu qabaqlayaraq qalanı ələ keçirməyə nail oldu. Bu yürüşdə Həsən xana naxçıvanlılar, yerli muğanlılar və ayrumlar da kömək etmişdi. Muğanlıların qala müdafiəçilərini döyüş meydanında tək qoyub qaçmaları qalanın təslim olmasına səbəb olmuşdu. İrəvana daxil olan Həsən xan taxt-tacına yiyələnir. Cəmi üç ay hakimiyyətdə olmuş yeni xan xalqla çox pis rəftar etmiş, oların üzərinə yeni-yeni vergilər təyin etmişdi. Lakin tezliklə Məhəmməd xanın əsirlikdən azad olub İrəvana qayıtması haqqında məktub gəldi. Bu xəbəri eşidən Həsən xan 1797-ci il sentyabrın 15-də İrəvanı tərk edərək Makuya qayıdır (130,186).
Beləliklə, Məhəmməd xan yenidən İrəvanda hakimiyyətini bərpa etdi. Lakin Fətəli şah Məhəmməd xanı azadlığa buraxsa da, ona bir o qədər də inanmırdı. Ona görə də, özünün iki nəfər inanılmış adamını İrəvana göndərdi. Onlar Məhəmməd xanın işlərinə nəzarət etməli idi. Eyni zamanda İrəvan xanlığı hər il şah xəzinəsinə 80.000 (8.000 tümən-E.Q.) rubl vergi ödəməli idi (410,12-13).
İrəvanda yenidən hakimiyyətini bərpa edən Məhəmməd xan vəziyyətini nizama salan kimi, Fətəli şah Qacara tabe olmaqdan imtina etdi. O, yenidən müstəqil siyasət yeridərək özünə müttəfiqlər axtarmağa başlayır. İrəvan xanı ilk növbədə kömək üçün II İrakliyə müraciət edir. Lakin bu dövrdə Kartli-Kaxetiya çarının özünün vəziyyəti acınacaqlı idi. Ona görə də, Məhəmməd xanın müraciəti nəticəsiz qalmışdı (156,119). Buna baxmayaraq, İrəvan xanı şaha qarşı mübarizədə özünə müttəfiq tapa bildi. Bu müttəfiqlərdən biri Fətəli şahın qəzəbinə gəlmiş Xoy xanı Cəfərqulu xan, digəri isə Naxçıvan xanı Kəlbəli xan idi. Ağa Məhəmməd şahın əmri ilə kor edilmiş Kəlbəli xan həbsdən azad olunduqdan sonra şahın əmrinə əsasən, İrəvan xanlığında yaşamalı idi. Kəlbəli xan İrəvanda məskunlaşdıqdan sonra yaxın tərəfdarlarının xeyli hissəsi Naxçıvandan İrəvana köçmüşdü (410,49-50; 84, c.2, səh.514; 29,67). İrəvana Kəlbəli xanın mənsub olduğu kəngərlilərdən 200 ailə gəlmişdi (163,162). İrəvanda nüfuzunu məhkəmləndirən Kəlbəli xan qohumu Məhəmməd xanla birlikdə Fətəli şah Qacara tabe olmaqdan imtina etdi (410,13-14; 149,292; 29,67).
Xoylu Cəfərqulu xan da Fətəli şaha tabe olmaqdan boyun qaçırmışdı. Qeyd etmək lazımdır ki, Fətəli şahın azad etdiyi xanlar arasında Xoy xanı Cəfərqulu xan da vardı. O, əsirlikdə olarkən Təbriz xanının qardaşı Sadıq xan Xoya hücum edərək onu talan etmişdi. Yenidən Xoyda hakimiyyəti ələ keçirən Cəfərqulu xan qisas almaq qərarına gəldi. O, özünə müttəfiqlər axtarır və bu işdə İrəvan xanı ilə razılığa gəldi. Belə ki, əsirlikdən qayıdarkən Məhəmməd xan Xoya gəlmiş və burada xanlar arasında razılıq əldə olunmuşdu. Cəfərqulu xan qisas almaq üçün Məhəmməd xandan 500 nəfərlik hərbi qüvvə istəmişdi. İrəvan xanı onun xahişini yerinə yetirərək, bu hərbi qüvvəni Xoya göndərmişdi. Birləşmiş Xoy və İrəvan qoşunu Sadıq xanın üzərinə hücum edərək onu məğlub etdi (130,187).
Xoyda öz mövqeyini möhkəmləndirən Cəfərqulu xan Sadıq xan Şəqaqi və Urmiya xanı Məhəmmədqulu xanla birləşərək Fətəli şahın əleyhinə üsyan qaldırdı. Hətta Xoy xanı müttəfiqi İrəvan xanlığına da yürüş etdi. Bu vaxt İrəvan xanı şaha itaət edirdi. Hücuma məruz qalmış Məhəmməd xan Cəfərqulu xana müqavimət göstərməyi qərara aldı. Bu müharibədə qazaxlılar İrəvan xanına hərbi kömək etdilər. Lakin Naxçıvan yaxınlığında baş verən döyüşdə irəvanlılar Cəfərqulu xanın tərəfinə keçmiş naxçıvanlılar tərəfindən məğlub edildi. Məğlub olmuş Məhəmməd xan İrəvan qalasına çəkilərək orada möhkəmlənir. Lakin Cəfərqulu xan yürüşü davam etdirə bilmədi. Çünki Xoy xanının üsyanını eşidən şah Süleyman xanı Təbrizə göndərmişdi. Cəfərqulu xanın tərəfinə keçmiş xanlar bu xəbəri eşidərək onu tərk etdilər. Tək qalan xan ailəsini götürərək Bəyazidə qaçır. Onun tərəfdarları da bu cür hərəkət edərək Osmanlı ərazisinə köçürlər (130,189-190).
1798-ci ilin iyunun əvvəllərində Fətəli şah şəxsən özü Süleyman xan və Hüseynqulu xanla birlikdə Xoya gəldi. O, Kartli-Kaxetiya çarlığına hücum etmək niyyətində idi. Fətəli şah iyunun 7-də XII Georgiyə məktub göndərərək tabe olmasını və girovlar verməsini tələb etdi. Əks təqdirdə Kartli-Kaxetiyanı dağıtmaqla hədələyirdi. Şahın məktubu general leytenant Markova və Peterburqdakı Kartli-Kaxetiya səfiri Q.Çavçavadzeyə göndərildi. Lakin şahın şimal istiqamətində yürüşü baş tutmadı. Çünki şah qardaşının Şiraz və İsfahandan qoşun toplayaraq ona qarşı üsyan qaldırması xəbərini alaraq Xoyu tərk edir. Tezliklə Süleyman xan da şahın yanına getdi. Fətəli şah Xoyu tərk etməmişdən əvvəl Cəfərqulu xanın qardaşı Hüseyni xan təyin etdi (130,192).
Fətəli şahın geri çəkildiyini eşidən Cəfərqulu xan hakimiyyətini yenidən bərpa etmək üçün türklərdən və kürdlərdən qoşun toplayaraq Xoya hücum etdi. Məhəmməd xan Hüseyn xana kömək etmək qərarına gəldi. İrəvan xanı Xoya bir dəstə qoşun göndərdi. Lakin uzun sürən mühasirədən sonra Xoya daxil olan Cəfərqulu xan qardaşı Hüseyn xanı öldürməklə xanlıq taxtını yenidən ələ keçirməyə müvəffəq oldu (2,127-130).
Tezliklə, İrəvan xanı da Fətəli şaha tabe olmaqdan imtina etdi. Bu dövrdə İrəvanda vəziyyət çox acınacaqlı idi. Bir tərəfdən müharibələr, digər tərəfdən taun xəstəliyi nəticəsində xeyli insan qırılmışdı (130,200). Belə bir vaxtda Fətəli şah İrəvana elçi göndərərək 100.000 rubl (10.000 tümən-E.Q.) məbləğində vergi verməsini tələb etdi. İrəvanın bu məbləği verməyə imkanı yox idi. Məhəmməd xan ilk əvvəl şahın bu tələbini yerinə yetirməyə razı olsa da, sonradan rus komandanlığından və Kartli-Kaxetiya çarından kömək almaq ümidi ilə bundan boyun qaçırdı. Eyni zamanda belə müraciət Xoy xanı Cəfərqulu xana da olmuşdu. Şahın hədə qorxusu Məhəmməd xanı Cəfərqulu xanla barışmağa məcbur etdi. Barışmış rəqiblər bir daha şaha tabe olmayacaqlarını bildirdilər (156,118; 71,531)..
Xanların qiyamını eşidən Fətəli şah onları cəzalandırmaq qərarına gəldi. Şah 1800-cu il iyulun əvvəllərində oğlu Abbas Mirzənin və Süleyman xanın başçılığı ilə 7000-10.000 qoşunu İrəvana göndərdi (145,129; 148,306). Başqa bir məlumata görə, Qacar qoşunun ümumi sayı 12.000-ə çatırdı. Bu qoşun silahla pis təchiz olunmuşdu və dəvə üstündə gəzdirilən cəmi dörd yüngül topu vardı (203,135-136; 145,134-135; 237,131-132).
Təbrizdən hərəkət edən şah qoşunu İrəvan xanlığına doğru hərəkət edir. Yürüşün əsas məqsədi xanları cəzalandırdıqdan sonra Kartli-Kaxetiya üzərinə hücumu davam etdirmək idi. İlk hücuma Xoy xanlığı məruz qaldı. Xoy qalası Qacar qoşunu tərəfindən mühasirəyə alındı. Mühasirə 5-10 gün davam edir. Xoy xanı Cəfərqulu xanın başçılığı ilə xoyluların müqavimətinə baxmayaraq, şah qoşunu onların müqavimətini qıra bildi. Məğlub olan Cəfərqulu xan Maku qalasına qaçdı. Şahzadə Maku hakimi ilə danışıqlara girərək ondan Cəfərqulu xanı tələb edir. Lakin Maku hakimi bu tələbi rədd etdi (175,50). Rədd cavabı alan Abbas Mirzə Süleyman xanın başçılığı ilə bir dəstə qoşunu Maku qalasına göndərdi. Qala hər tərəfindən mühasirəyə alındı. Qohumu Bəyazid paşasından yardım alan Cəfərqulu xan makuluların köməyi ilə şah qoşununa güclü müqavimət göstərdi. Şah qoşunlarının güclü həmləsinə baxmayaraq, müdafiəçilər möhkəm dayanmışdı. Müdafiəçilərin güclü müqaviməti, ərzağın çatışmaması və isti hava şəraitindən qoşunda xəstəliyin çoxalması Süleyman xanı mühasirəni götürüb geri çəkilməyə məcbur etdi. Xan geri çəkilməmişdən əvvəl, Cəfərqulu xanla danışıqlara girdi. Danışıqlara əsasən, şah tərəfi Cəfərqulu xanı öz vəzifəsində saxlamağa söz verirdi. Xan isə əvəzində qızını Abbas Mirzəyə verməli idi. Vəziyyətinin çıxılmaz olduğunu görən Cəfərqulu xan bu şərtlərlə razılaşmağa məcbur oldu. Bundan sonra şah qoşunu mühasirəni götürərək İrəvana doğru hərəkət etdi (91,107). Qızını Abbas Mirzəyə verdikdən sonra Cəfərqulu xanın Xoy xanı vəzifəsində saxlanmasını osmanlı mənbəyi də təsdiq edir (56,172-173, 363-364). Şahzadə ilə qohum olmasına baxmayaraq, Xoy xanı sonralar Qacar İran dövləti ilə düşmənçiliyini davam etdirmişdi. Xanlıqdan sıxışdırılan Cəfərqulu xan rus komandanlığı ilə əlaqə saxlayırdı. Sonralar Cəfərqulu xan tamamilə Rusiya himayəsinə keçmiş və onlara İranın vəziyyəti barədə geniş məlumatlar verməklə böyük köməklik göstərmişdi (2,102).
Xoyu aldıqdan sonra şah qoşunu iyulun ortalarında Arazın sol sahilinə-İrəvan xanlığının ərazisinə yürüşə başladı. İrəvan xanlığı ərazisində mövqe tutan Abbas Mirzə 4000 nəfərdən ibarət ön dəstəni İrəvan qalasını almaqa göndərdi. Şahzadənin məqsədi İrəvanı özünə tabe etdtkdən sonra Kartli-Kaxetiya istiqamətində yürüşü davam etdirmək idi. Abbas Mirzənin planını şahın yanına qaçmış II İraklinin oğlu Aleksandr Mirzənin 1800-cü il iyulun 30-da anasına yazdığı məktubda belə şərh edilmişdi: «İran qoşununun yarısı İrəvan qalası ətrafında dayanıb, digər hissəsi isə xanın karvansarasında yerləşib. Allah qoysa, o, (Abbas Mirzə-E.Q.) yeddi gündən sonra Göyçə gölünə doğru hərəkət edərək tezliklə, Tblisə çatacaq» (149,295). Məktubda gürcü şahzadəsi İrəvanı mühasirəyə alan şah qoşununun sayı, onların pis silahlanması haqqında ətraflı məlumat vermişdi. Gizli yazılmış bu məktub ruslar tərəfindən ələ keçirilmişdi (237,131-132).
Bundan əlavə, Cənubi Qafqaza yürüşdən qabaq Qacar tərəfi Kartli-Kaxetiya sarayı ilə də əlaqə yaratmışdı. Şahın fərmanını, Abbas Mirzənin və Süleyman xanın məktublarını Kartli-Kaxetiya çarı XII Georgiyə çatdırmaq məqsədilə Tiflisə nümayəndə heyəti göndərilmişdi. Çarın qəbulunda olan elçi ona hədə-qorxu gələrək şaha tabe olmasını və itaətini bildirmək üçün şahzadə Davidi girov verməsini tələb etmişdi. Lakin XII Georgi Abbas Mirzənin fərmanını soyuq qarşılayaraq elçiyə bildirmişdi ki, Rusiya dövlətinin nümayəndəsi olmadan şahla danışıqlar aparmaq istəmir. Beləliklə, iyunun 14-də aparılan danışıqlarda Rusiyanın nümayəndəsi Kovalenski də iştirak etmişdi. Onun iştirak etdiyi qəbulda XII Georgi elsiyə bildirmişdi ki, o, rəhmətlik atasının əhd-peymanına sadiq qalaraq, 1783-cü il müqaviləsinə əməl edəcək və Rusiya dövlətinin razılığı olmadan hər hansı dövlətin tələblərinə tabe olmayacaqdır. Bu mənfi cavabla elçi geri qayımışdı (90,105-106; 145,121-123). Sonradan Abbas Mirzəyə tabe olan Məhəmməd xan da XII Georgiyə məktub yazaraq onu şaha tabe olmağa çağırmışdı. Xan yazırdı ki, «indi İranla Kartli-Kaxetiya arasında heç bir ayrılıq və ziddiyyət yoxdur. Məsləhət görürəm ki, qardaşın və oğlun vasitəsilə Baba xana (Fətəli xana-E.Q.) hədiyyə göndərəsən. Əks halda qorxuram ki, çarlıqda elə talan olsun ki, özünüz peşman olasınız» (145,125). Lakin xanın bu məktubu da cavabsız qalmışdı.
Abbas Mirzə çardan mənfi cavab alsa da, İrəvana hücumu davam etdirmişdi. Qeyd etmək lazımdır ki, Məhəmməd xan şah qoşununun hücumunu eşidərək müqavimət göstərmək üçün bir çox tədbirlər görmüşdü. O, İrəvan qalasını əlavə qoşunla gücləndirmiş və qalaya uzunmüddətli ərzaq ehtiyatı toplamışdı. Şah qoşununun yaxınlaşdığını eşidən ətraf kəndlərin əhalisi evlərini başlı-başına buraxaraq qonşu dövlətlərə qaçmışdılar. Biçilmək ərəfəsində olan taxıl zəmiləri nəzarətsiz qalmışdı (145,125-135).
İrəvanlılar qırx gün şah qoşununun hücumunu mərdliklə müdafiə etdi. Mühasirənin uzanması, ərzaq çatışmazlığı şah qoşununu ağır vəziyyətə salmışdı. İş o yerə gəlib çatmışdı ki, ərzaq ehtiyatını təmin etmək üçün şah qoşunu başsız qalmış taxıl zəmilərini özləri biçir və emal edirdilər (203,136; 145,135).
Uzunmüddətli mühasirə qala müdafiəçilərini də acınacaqlı vəziyyətə salmışdı. Ətraf kəndlərin dağılması və digər tərəfdən heç bir yerdən kömək ala bilməməsi Məhəmməd xanı şahzadə ilə danışıqlara girməyə məcbur etdi. Danışıqlar nəticəsində İrəvan xanı şaha tabe olduğunu bildirərək tələb olunan təzminat və girovları vermişdi (30,86). Bu yürüşdə Abbas Mirzə Eçmiədzin kilsəsini də cəzalandırmışdı. Şahzadə sursat və vergidən əlavə, buradan 30.000 rubl (3.000 tümən-E.Q.) məbləğində nəqd pul əldə etmişdi. Eyni zamanda şaha qarşı çıxdıqlarına görə bəzi din xadimləri cəzaya məruz qalmışdı (84, c.2, səh.455). Lakin bu dəfə də, şah qoşunu yürüşü davam etdirə bilmədi. Fətəli şah Xorasanda baş vermiş üsyanı yatırmaq üçün 1800-cü ilin sentyabrında qoşunu İrəvandan geri çağırmışdı. O, yalnız İrəvan xanından girov almaqla kifayətləndi.
Beləliklə, Fətəli şah qoşunlarını geri çağırmasi ilə İrəvan xanlığı bu təhlükədən qurtara bildi. Şah qoşunlarının bu yürüşü çoxlu insanın ölümünə və xanlıqdan didərgin düşməsinə səbəb oldu. Təsərrüfata gülli miqdarda ziyan dəydi. Lakin irəvanlıların mübarizə əzmini qıra bilmədi. Belə ki, əlacsız qalan İrəvan xanı sonda girov və təzminat versə də, tezliklə şaha tabe olmaqdan boyun qaçırdı.
II FƏSİL
İRƏVAN XANLIĞI XIX YÜZİLLİYİN BİRİNCİ OTUZİLLİYİNDƏ
Dostları ilə paylaş: |