ELÇİn qarayev iRƏvan xanliğI (1747-1828) baki 2010


İrəvan xanlığı Hüseynəli xanın (1759-1783) dövründə



Yüklə 4,58 Mb.
səhifə3/31
tarix03.02.2017
ölçüsü4,58 Mb.
#7388
1   2   3   4   5   6   7   8   9   ...   31

İrəvan xanlığı Hüseynəli xanın (1759-1783) dövründə


Dörd ilə qədər hakimiyyətdə olan Həsənəli xan 1759-cu ilin əvvəllərində vəfat etdi. Onun vəfatından sonra qardaşı Hüseynəli xan (1759-1783) İrəvanda hakimiyyətə gəlir (153,306). Tarixi ədəbiyyatda onun hakimiyyətə gəldiyi il müxtəlif illərdə göstərilmişdi. Bəzi məlumata görə bu hadisə 1762-cü ildə, digər məlumatda isə 1764-cü ildə olunmuşdu (395,5; 130,32; 40,16; 45,141). Lakin erməni mənbələrinə əsasən, Hüseynəli xanın daha əvvəl hakimiyyətə gəldiyinin şahidi oluruq. Məsələn, S. İrəvanlı «Cambr» əsərində yazır ki, «Həsənəli xandan sonra bizim dövrümüzə qədər müstəqil hakim olan qardaşı Hüseynəli xan İrəvanda hakimiyyətə gəldi. Onun dövründə- 1759-cu ildə katolikos taxtını Akop Şamaxılı tutmuşdu» (153,306). Daha sonra yazır ki, 1759-cu ildə katolikos Akop Şamaxılı Hüseynəli xan İrəvanlıya 14 maddədən ibarət ərizə yazmışdı (153,208) Hüseynəli xandan bəhs edən başqa bir erməni mənbəyində belə qeyd olunur: «1759-cu ilin iyununda Hüseynəli xan Pənahəli xanın (Qarabağ xanı-E.Q.) yanına getməyə hazırlaşarkən «Müqəddəs Taxt»dan (Eçmiədzindən-E.Q.) 100 tümən tələb etmişdi. Lakin biz yalvaranda ki, buna gücümüz çatmaz, güzəşt edərək 50 tümən aldı» (73,12). Bu məlumatlardan belə nəticəyə gəlmək olar ki, Hüseynəli xan 1759-cu ilin yayında hakmiyyətə gəlmişdi.

Əgər İrəvan xanlığının yaranması Mir Mehdi xan Əfşarın adı ilə bağlıdırsa, xanlığın güclənməsində Hüseynəli xanın əvəzsiz xidmətləri olmuşdu. Görkəmli dövlət xadimi olan Hüseynəli xan daxili siyasətdə xanlığın iqtisadi cəhətdən möhkəmlənməsinə diqqət yetirirdisə, xarici siyasətdə İrəvanın tam müstəqilliyinə nail olmaq və qonşu dövlətlərlə sülh şəraitində yaşamaq siyasəti yeridirdi.

Hüseynəli xanın hakimiyyətinin ilk dövrlərində İrəvan xanlığı xarici təhlükə ilə üzləşmişdi. Belə ki, XVIII əsrin 50-ci illərin axırları-60-cı illərin əvvəllərində Urmiyalı Fətəli xan Əfşarla, Şiraz hakimi Krim xan Zənd arasında taxt-tac uğrunda mübarizə daha da gücləndı (41,46). İlk əvvəl qələbə qazanan Fətəli xan Azərbaycanın cənub xanlarını özünə tabe edərək şimala üz tutur (41,44; 37,117; 76,158). 1760-cı ilin mayında onun İrəvana yürüş edəcəyi barədə xəbər yayılır. Bu xəbər əhalini bərk təşvişə salmışdı. Hüseynəli xan təhlükənin qarşısını almaq üçün müdafiə tədbirlərinə əl atmağa məcbur oldu. Onun göstərişilə ətraf kəndlərin əhalisi İrəvan qalasına köçürülür. Bir neçə ay irəvanlılar qorxu içərisində yaşayır. Lakin Fətəli xanın İrəvana hücumu baş tutmadı (164,57). Fətəli xanın yürüşünə mane olan səbəb Kərim xan Zəndin Azərbaycanın cənubuna hücum etmək xəbəri olmuşdu (37,119; 76,159; 45,130-131). Bu hücum baş tutmasa da irvanlılara baha başa gəlmişdi. Onlar bir neçə ay evlərindən və təsərrüfatdan didərgin düşməyə məcbur olmuşdu.

Bu təhlükə yenicə sovuşmuşdu ki, dağıstanlıların İrəvan xanlığı ərazisinə hücum etməsi xəbəri yayılır. 1760-cı ilin avqustunda dağıstan qoşunları İrəvan yaxınlığında yerləşən Kanakir kəndində peyda oldu. Hüseynəli xan onlara qarşı qoşun göndərir və baş vermiş döyüşdə dağıstan qoşunu məğlub olaraq geri çəkildi. Lakin əlavə kömək alan dağıstanlılar geri qayıdaraq Eçmiədzinə qədər irəliləyirlər. Onlar burada çox qalmayaraq qəflətən Göyçə gölü istiqamətində geri çəkilir və qısa müddətdən sonra yenidən yürüşlərini davam etdirərək Araz çayına qədər gəlib çatırlar. Dağıstan qoşunu çoxlu əsir və qənimət ələ keçirərək geri qayıdır. Onlar geri qayıdarkən Kartli-Kaxetiya qoşunları qəflətən onlara hücum edir. Döyüş nəticəsində dağıstanlılar məğlub olur və nəticədə əsirlər İrəvana qaytarılır (164,57-58).

Bu hadisə Kartli-Kaxetiya çarlığının İrəvan xanlığı üzərində təsirini daha da möhkəmləndirmişdi. Digər tərəfdən, Kərim xan Zəndlə II İraklinin münasibətlərinin normallaşması bu təsiri daha da qüvvətləndirdi. Belə ki, taxt-tac uğrunda Kərim xan Zənd (1759-1779) Fətəli xan Əfşara qalib gəldikdən sonra Azad xanı təqib etməyə başladı. Təqibdən yayınan Azad xan Qazax sultanlığına qaçdı. Burada mövqe tutan Azad xan II İraklidən kömək almaq niyyətində idi. Lakin o, 1760-cı ildə II İrakli tərəfindən ələ keçirilərək Kərim xan Zəndə təhvil verildi. Bu xidmət müqabilində Kərim xan Zənd bir müddət Kartli-Kaxetiyanın İrəvan xanlığından vergi almasına göz yumdu (415,347; 61,90; 179,40; 192,132).

İrəvan xanlığının Kartli-Kaxetiyaya tabe olasında erməni əhalisinin xəyanətkarlığı da az rol oynamamışdı. Xanlığın ərazisində yerləşən Eçmiədzin kilsəsinın katolikosları daima II İrakli ilə əlaqə saxlyaraq müxtəlif vasitələrlə onu İrəvana dəvət edirdilər. Onlar çarın əli ilə İrəvanda hakimiyyətə gəlmək istəyirdi. Bundan əlavə, erməni katolikosları kömək almaq məqsədi ilə gizli surətdə II Yekaterinanın başçılığ etdiyi Rusiya hökumətinə müraciət etmişdilər (192,129, 165,15). Beynəlxalq və daxili vəziyyətin gərgin olduğu bu illərdə İrəvan xanlığı Kartli-Kaxetiyaya 1000-4000 tümən məbləğində vergi verməyə məcbur olmuşdu (62,54).

Lakin bu asıllıq çox davam etməmişdi. Hüseynəli xan hakimiyyətini möhkəmləndirən kimi, qarşısına İrəvan xanlığını Kartli-Kaxetiya çarlığının nominal asıllığından qurtarmaq məqsədi qoymuşdu. Ümumiyyətlə, Hüseynəli xanın hakimiyyət illəri Kartli-Kaxetiya çarlığına qarşı mübarizə ilə zəngin olmuşdu. Yuxarıda qeyd edildiyi kimi, İrəvan xanlığı hər il Kartli-Kaxetiya çarlığına vergi verirdi. Lakin II İrakli hər dəfə bu verginin miqdarını çoxaltmağa çalışırdı. Hüseynəli xan isə Kartli-Kaxetiya çarının bu istəyinə qarşı açıq etiraz edərək, vergi verməkdən imtina edirdi. Bu da tərəflər arasında düşmənçiliyi daha da gücləndirmişdi (153,387).

Hüseynəli xanın bu hərəkəti İrəvanda nüfuzunu itirmək istəməyən II İraklinin bərk təşvişə salmışdı. Kartli-Kaxetiya çarı 1765-ci ildə çoxsaylı qoşunla İrəvana hücum etdi. Hüseynəli xan çarın çoxsaylı qoşunla yaxınlaşdığını eşidərək müdafiə tədbirləri görməyə başladı. İlk növbədə, o, İrəvan qalasının hərbi gücünü artırmaq üçün ətraf kəndlərin əhalisini buraya toplamış, qalanın ətrafındakı xəndəyi dərinləşdirərək su ilə doldutdurmuşdu. Qalaya sığınmağa imkanı olmayan əhalinin digər hissəsi isə əlçatmaz yerlərdə gizlənmişdi. Lakin öz gücünə inanmayan Hüseynəli xan II İrakli ilə sülh danışıqlarına başlamağa məcbur oldu. Bu məqsədlə xan yaxın adamları ilə birlikdə katolikos Simonu sülh xahişi ilə II İraklinin yanına göndərmişdi (153,111). Həmin dövrdə sülh bağlamaq çara da çox vacib idi. Çünki II İrakliyə verilən məlumata görə, şahzadə Paatın başçılığı ilə bir qrup Kartli feodalları ona qarşı qiyam qaldırmışdı (225,722; 192,132). Nəticədə, tərəflər arasında sülh bağlanmış və II İrakli yenidən İrəvana vergi təyin edərək geri qayıtmışdı (153,111,387).

Bu təhlükədən yenicə qurtarmış İrəvan xanlığı car-balakənlilərin hücumuna məruz qaldı. Buna səbəb Gəncə xanlığı ətrafında baş verən hadisələr olmuşdu. Belə ki, Gəncə xanı Məhəmmədhəsən xanın (1760-1780) apardığı xarici siyasət, XVIII əsrin 60-cı illərin ortalarında ona qarşı Qarabağ, Şamaxı xanlıqlarının, Kartli-Kaxetiya çarlığının ittifaqı yaranmışdı. Belə vaxtda şəmşəddinlilər də üsyan qaldırmışdı. Hətta II İrakli Məhəmmədhəsən xana qarşı tərkibində qazaxlı azərbaycanlıların olduğu qoşun da göndərmişdi. Məhəmmədhəsən xan belə böhranlı vaxtda kömək üçün carlılara müraciət etdi. Vəd edilmiş yüksək hədiyyə nəticəsində carlılar onun müraciətinə mübət cavab verdilər. Lakin 1766-cı ilin yayında 2 minlik car qoşunu Gəncəyə gələndə Məhəmmədhəsən xan artıq rəqibləri ilə barışmışdı (164,170). Təhlükəli qonaqlardan qurtulmaq üçün Gəncə xanı car qoşun başçılarına cənub istiqamətində yürüş etməyi məsləhət gördü. Carlılar bununla razılaşaraq İrəvan xanlığı istiqamətində yürüşə başlayır. Məhəmmədhəsən xan bu haqda Hüseynəli xana xəbər də göndərmişdi. Bu xəbər İrəvan əhalisini bərk təşfişə salmışdı. Hüseynəli xan yenidən müdafiə tədbirlərinə əl atır. Onun əmri ilə ətraf kəndlərin əhalisi qalaya köçürülür, qalanın müdafiəsi gücləndirilir (164,171).

Lakin xoşbəxt bir təsadüf İrəvan xanlığını dağıntılardan xilas edmişdi. Belə ki, xanlıqda yaşayan kolanılar Hüseynəli xanın siyasətindən narazı olduqlarından Qarabağ xanlığına sığınmağı qərara almışdı. Bütün əmlakları ilə Qarabağa hərəkət edən kolanılar Göyçə sahillərinə gəlib çatırlar. 1766-cı il iyulun axırlarında gölün cənub sahilində carlılarla üzləşən kolanılar döyüşə atılırlar. Onlar mərdliklə döyüşməsinə baxmayaraq, döyüş carlıların qələbəsi ilə başa çatmışdı. Bu döyüşdə carlılar 800-ə qədər əsir almış, onların əlinə 8 min xırdabuynuzlu, 2 min iribuynuzlu mal-qara, 6 yüz madyan, 12 min tümənlik qızıl və gümüş, çoxlu ev əşyaları qənimət ələ keçmişdi (164,172). Lakin car qoşunu qələbəni sona qədər bayram edə bilmədi. Belə ki, qələbəni bayram edən carlıların arxayınlaşmasından istifadə edən kolanılardan iki nəfər əsirlikdən qaçaraq şəmşəddinlilərdən kömək istəmişdi. Bu xəbəri eşidən şəmşəddinlilərin ağsaqqalı Allahverdi Sultan qoşun toplayaraq səhər tezdən carlılara hücum edir. Qəflətən yaxalanmış car döyüşçüləri əsir və qənimətləri buraxaraq döyüş meydanından qaçdılar (164,173). Beləliklə, İrəvan xanlığı bu yürüşdən də qurtula bilmişdi.

Hüseynəli xan İrəvanı Kartli-Kaxetiya çarlığının asıllığından qurtarmağa çalışırdı. Bağlanmış sülh müqaviləsi cəmi üç il çəkdi. Hüseynəli xan yenidən II İrakliyə vergi verməkdən imtina etdi. İrəvan xanını buna sövq edən beynəlxalq vəziyyətin onun üçün əlverişli olması idi. Belə ki, 1768-1774-cü illərdə Qara dəniz sahilləri uğrunda Rusiya-Osmanlı müharibəsi başladı. Müharibə Balkanlarda və Qafqazda gedirdi (225,349-363). Bu müharibənin gedişində Cənubi Qafqaz uğrunda Rusiya-Osmanlı rəqabətinin yeni dalğası başladı. Rusiya regionun xristian əhalisi, o cümlədən Kartli-Kaxetiya çarlığı vasitəsilə Azərbaycan xanlarına təsir göstərmək istəyirdi. Hətta 1769-cu il avqustun 26-da Totlebenin başçılığı ilə bir dəstə rus qoşunu Kartli-Kaxetiyaya daxil olmuşdu (192,139). Bu da Azərbaycan xanlarının narazılığına səbəb oldu.

Osmanlı dövləti də öz növbəsində nümayəndələrini müxtəlif hədiyyə və vədlərlə Cənubi Qafqaza göndərərək Azərbaycan xanlarını, o cümlədən İrəvan xanlığını rus-gürcü birliyinə qarşı mübarizəyə çağırırdı. Qeyd etmək lazımdır ki, XVIII əsrin ikinci yarısında Azərbaycan xanlarının Osmanlı dövləti ilə münasibətləri haqqında T.Mustafazadənin və G.Nəcəflinin əsərlərində ətraflı təsvir edilmişdi (46; 48). Lakin biz yalnız İrəvan xanlığı ilə bağlı hadisələrə toxunacağıq.

İrəvan xanlığı hərbi əməliyyatların baş verdiyi meydana yaxın olduğundan burada möhkəmlənmək hər iki dövlətə vacib idi. Onların rəqabətindən Hüseynəli xan istifadə etmək qərarına gəlmişdi. Belə ki, müharibənin gedişində Osmanlı dövlətinin regionda fəallığı daha da artmışdı. Sultan regionun müsəlman dövlətlərini- İsfahan hakimi Kərim xan Zənd, Qubalı Fətəli xan başda olmaqla Azərbaycan və Dağıstan feodallarını Rusiya və Kartli-Kaxetiya çarına qarşı birləşərək mübarizə aparmağa çağırırdı. Bu çağrışa İrəvan xanı da müsbət cavab vermişdi. Çar II İrakli 1770-ci ilin oktyabrın 5-də qraf N.İ.Paninə yazdığı məktubda Osmanlı dövlətinin və İrəvan xanlığının siyasətini belə dəyərləndirirdi: «Ləzgilərdən (dağıstanlılardan-E.Q.) və bizi əhatə edən digər xalqlardan başqa İrəvan xanını da bizə düşmən etmişdilər. O, (Hüseynəli xan-E.Q.) bizə verdiyi anda məhəl qoymayaraq, bizim himayəmizdən çıxaraq türklərə qoşulmuşdu. Qarsa gələn sərəsgər sultandan həm ərzaq və digər maddi yardımla birlikdə bizə qarşı çoxlu qoşun tələb edirdi. Eyni zamanda Kərim xanı, Qubalı Fətəli xanın qüvvələrini bizə qarşı çıxmağa cəhd edirdi. Türklər İrəvan xanının səyindən istifadə edərək, onun vasitəsilə digər xanları böyük hədiyyələrlə öz tərəfinə çəkmək istəyirdi» (128,244). Beləliklə, İrəvanda möhkəmlənmək üçün Osmanlı emissarları tez-tez buraya gəlir, sultandan xana məktub və hədiyyələr gətirirdilər. Sultan Hüseynəli xana kürk üçün samur dərisi, cavahir, qızılla bəzədilmiş qılınc kimi hədiyyələr və iki min qızıl əşrəfi göndərmişdi (39,41-43). Eyni zamanda Hüseynəli xan da Kartli-Kaxetiyaya qarşı sultandan hərbi kömək gözləyirdi. O, Osmanlı paşaları ilə və xüsusən də Qars paşası ilə də əlaqə saxlayırdı (39,43-44).

Sultandan hərbi kömək alacağına ümid edən Hüseynəli xan Kartli-Kaxetiyaya vergi verməyi dayandırdı. Xanın bu hərəkəti II İraklinin 1769-cu ildə yenidən İrəvana hücumuna səbəb oldu (153,111). Qalaya sığınan Hüseynəli xan bu dəfə II İrakliyə güclü müqavimət göstərmişdi. Bu yürüşdən Kartli-Kaxetiya çarı əliboş qayıtdı.

Lakin Hüseynəli xan gözlədiyi hərbi köməyi ala bilmədi. Çünki bu dövrdə rus qoşunu ilə müharibə aparan osmanlıların vəziyyəti ağır idi. Məhz ona görə də, o, II İraklinin yenidən İrəvana hücum edəcəyindən ehtiyat edərək Kartli-Kaxetiya çarı ilə sülh bağlamağa məcbur oldu. 1771- ci ilin mayın 23-də rus zabiti kapitan Yazıkov qraf N.İ.Paninə yazılmış olduğu məktubda İrəvan xanının atdığı addımı belə şərh edirdi: «İrəvan xanı öz adamını çarın yanına göndərərək ondan sülh xahiş edir. Elə ki, bizim qoşunlar (rus qoşunu-E.Q.) Gürcüstana daxil olduqda, İrəvan xanı çar İraklidən ayrılaraq sultana məktub göndərmişdi. Məktubda o, sultandan Gürcüstana hücum etmək üçün qoşun və pul xahiş edirdi. Lakin sultan bu köməyi etmədikdə, o, qorxudan yenidən çar İraklinin təbəəliyinə keçir. Ona söz verir ki, keçən ilki vergini ödəyəcəkdir» (128,301-302). Beləliklə, 1771-ci ilin yayında İrəvan xanlığı ilə Kartli-Kaxetiya çarlığı arasında sülh bağlanır. İrəvan xanlığının Kartli-Kaxetiya çarlığına verəcəyi verginin miqdarı 30.000 rubl həcmində müəyyən edilir (228,187 ).

Hüseynəli xan bu dəfə də II İrakliyə vergi verməyə məcbur olsa da, tezliklə, vergi ödəməyi dayandırdı. S.İrəvanlının yazdığına görə, 1776-cı ildə İrəvan xanı vergi verməyi dayandırdı. Onlar arasında yenidən düşmənçilik yarandı (153,387). Bunun bir neçə səbəbəi vardı. O.Markova əsərində bunun səbəbini Kərim xan Zəndlə II İrakli arasında baş verən düşmənçilikdə görürdü. Çarın ruspərəst siyasəti, rus qoşunlarının Tiflisə daxil olması, İsfahan hakimi Kərim xan Zəndi də bərk narahat etmişdi. Rusiya dövlətinə arxalanan II İraklinin regionda nüfuzunun artması Kərim xan Zəndin siyasətinə uyğun gəlmirdi (192,143). Hətta İran hökmdarı 1772-ci ildə II İrakli ilə müharibə aparmaq üçün qoşunla Təbrizə gəlmişdi. Lakin Kartli-Kaxetiya çarı Kərim xanın yanına nümayəndə heyəti göndərərək çox çətinliklə onu bu niyyətindən daşındırmışdı (61,116-117). Lakin çox keçmədi ki, onlar arasında münasibətlər yenidən gərginləşdi. XVIII əsrin 70-ci illərin ortalarında İran- Osmanlı dövlətləri arasında baş verən ziddiyyətlərdə II İraklinin sultanı dəstəkləməsi, bu məqsədlə 1776-cı ilin yayında İstanbula çoxsaylı nümayəndə heyəti göndərməsi Kartli-Kaxetiya çarlığı ilə Kərim xan Zənd arasında düşmənçiliyə səbəb oldu (192,154-156). Kərim xan Zənd öz növbəsində əks tədbirlər görərək İrəvan xanlığını Kartli-Kaxetiyaya qarşı çıxmağa sövq etdi. «II İraklinin qüvvətlənməsini arzulamayan Kərim xan Zənd Hüseynəli xandan tələb etdi ki, o, II İrakliyə nəinki bac verməsin, hətta lazım gəldikdə ona müqavimət göstərsin. Müasirlərin dediklərinə görə, İrəvan uğrunda Kərim xan Zəndlə II İrakli arasında müharibə gözlənilirdi» (192,141; 30,60). Hətta 1778-ci ildə Kərim xan Zənd II İrakliyə Kartli-Kaxetiya torpaqlarının ona məxsus olduğunu bildirərək vergi verməsini tələb etmişdi. O, dağıstan feodalları ilə birlikdə Gürcüstana yürüşə hazırlaşırdı. Lakin qəfl ölüm bu planın həyata keçməsinə mane oldu (192,156).

Hüseynəli xanın Kartli-Kaxetiya çarlığına vergi verməkdən imtina etməsi və II İraklinin İrəvan xanlığının daxili işlərinə müdaxilədən çəkindirən ikinci əsas səbəb Osmanlı siyasəti idi. Belə ki, Kiçik Qaynarca sülhündən sonra Cənubi Qafqazda Rusiya dövlətinin fəallaşması nəticəsində II İrakli çoxdan arzusunda olduğu Azərbaycan ərazilərini, xüsusən də İrəvan xanlığını işğal etməyi qərara almışdı. Rus-gürcü birliyinin təcavüzkar siyasətindən ehtiyat edən Azərbaycan xanları Osmanlı dövlətinə daha tez-tez müraciət etməyə başladılar. Sultan öz adamlarını regiona göndərərək onları bu birliyə qarşı birləşməyə çağırırdı (48,37-38; 46,167-168). Ümumiyyətlə, Osmanlı dövləti İrəvan xanlığına xüsusi əhəmiyyət verirdi. Osmanlı sarayı anlayırdı ki, həmsərhəd olan İrəvanda Kartli-Kaxetiya çarının möhkəmlənməsi, osmanlılara qarşı mübarizə aparmaq üçün rus-gürcü bloku əlverişli meydan əldə edə bilərdi. Məhz buna görə də, sultan İrəvana xüsusi diqqət yetirirdi. Azərbaycanın bəzi xanları ilə Osmanlı sarayı arasında olan yazışmaların mətnindən görmək olar ki, sultanı narahat edən məsələlərdən biri II İraklinin İrəvana hücum təhlükəsi idi. Şəkili Məhəmmədhəsən xanın, ərdəbilli Nəzərəli xanın, xoylu Əhməd xanın sultana yazdıqları məktublarda Kartli-Kaxetiya çarı İrəvana təcavüz edəcəyi halda Azərbaycan xanları ona qarşı ittifaqa girəcəklərini qeyd edirdilər. Onlar sultandan hərbi kömək və maddi dəstək istəyirdilər (46,168).

İrəvanla Kartli-Kaxetiya arasında münasibətlərin pozulmasında II İraklinin apardığı daxili siyasətin də böyük rolu olmuşdu. Belə ki, II İrakli ölkəsinin bərbad halda olan iqtisadi vəziyyətini düzəltmək, xəzinəni doldurmaq üçün hər dəfə İrəvan xanına təzyiq göstərərək vergini artırmağa çalışırdı (194,419). P.Butkov yazır ki, Hüseynəli xan II İrakliyə ildə 30.000 rubl (3.000 tümən-E.Q.) məbləğində vergi verməyi öhtəsinə götürsə də, sonralar bu verginin miqdarı 40-50 min rubla (4.000-5.000 tümən-E.Q.) çatdırıldı (84, c.2, səh.75). Bu cür vəziyyətlə razılaşmayan İrəvan xanı isə vergi verməyi dayandırdı. Beləliklə, bir tərəfdən Kərim xan Zəndlə, digər tərəfdən Osmanlı dövləti ilə açıq münaqişədən çəkinən II İrakli İrəvana hücumu əlverişli məqama qədər təxirə salmağa məcbur olmuşdu.

Lakin II İrakli çox gözləməli olmadı. 1779-cu ildə Kərim xan Zənd vəfat etdi. Onun ölümündən sonra Mərkəzi İranda qarışıqlıq yarandı. Cənubi Qafqazda isə qubalı Fətəli xan daha da gücləndi. O, II İraklinin rəqibi olmaqla bərabər Azərbaycan xanlarını bir mərkəz ətrafında birləşdirmək və onları Kartli-Kaxetiya çarlığına qarşı qaldırmaq üçün qəti addımlar atmağa başladı. Fətəli xan ilk növbədə İrəvan və Gəncə xanlıqlarını öz tərəfinə çəkə bildi. II İrakli isə Qarabağ xanı İbrahimxəlil xanla birləşdi. 1779-cu ildə onların birləşmiş qüvvələri iki dəfə Fətəli xanın qoşununu məğlub edərək qalib gəldi. Gəncə xanlığı müttəfiqlər tərəfindən ələ keçirildi (168,432).

Qubalı Fətəli xanı müəyyən müddətə zərərsizləşdirməyə bacaran II İrakli onun müttəfiqi İrəvan xanlığını yenidən vergi verməyə məcbur etmək qərarına gəldi. O, həmin il İrəvan xanından vergi tələb etdi. Lakin Hüseynəli xan rədd cavabı verdi (67,22). Xanın vergi verməkdən imtina etdiyini görən II İrakli oğlu Levonla birlikdə 1779-cu ilin sentyabrında 12 minlik qoşunla İrəvan xanlığına yürüşə başladı (71,156). Onun qoşununun tərkibində dağıstanlılardan ibarət 5 min nəfərdən ibarət muzdlu döyüşçü də var idi (84, c.2, səh.73). Bəzi məlumata görə, II İraklinin qoşununun sayı 40 minə çatırdı və bu çoxsaylı qoşun müxtəlif xalqlardan ibarət olmuşdu (62,54). Digər məlumatda bu qoşunun sayı 20 minə çatdığı göstərilirdi (30,60).

Kartli-Kaxetiya qoşunlarının İrəvan xanlığına hücumunu eşidən yerli əhalinin bir hissəsi Bəyazid paşalığına qaçır (67,22). Hüseynəli xan II İraklinin tabe olmaq tələbini rədd edərək ona güclü müqavimət göstərmək qərarına gəlmişdi. Xan ilk əvvəl öz qüvvəsi ilə çarın qoşununu sərhəddə qarşılamağı qərara aldı. Lakin coxsaylı qoşunun qarşısında tab gətirə bilməyən İrəvan qoşunu qalaya çəkilərək mübarizəni davam etdirir. Kartli-Kaxetiya qoşunları sentyabrın 7-də qalanı mühasirəyə alır. Xanın başçılığı ilə qala sakinləri II İraklinin qoşununa güclü müqavimət göstərdilər. İrəvanlıların güclü müqaviməti mühasirənin uzanmasına səbəb olmuşdu (153,387; 67,22; 410,3.

Hüseynəli xan qalanın müdafiəsinə şəxsən özü başçılıq edirdi. Ermənilərin II İrakliyə rəğbətini bilən Hüseynəli xan onların xəyanətinin qarşısını almaqda xüsusi sayıqlıq göstərirdi. Məhz onun fəallığı nəticəsində qala uzunmüddətli mühasirəyə davam gətirə bildi. Məqsədinə nail olmayan II İrakli geri qayıtmağa məcbur olmuşdu. Bunun bir neçə səbəbi vardı. Əvvələ, mühasirənin uzanması, qala müdafiəçilərinin güclü müqaviməti, qışın yaxınlaşması II İraklinin planını pozmuşdu. İkinci səbəb Kartli feodallarının çara qarşı qiyamı olmuşdu. Onlar II İraklinin İrəvanda olmasından istifadə edərək katalikosla birlikdə Şirazda olan Aleksandr Bakarova məktub yazaraq onu Tiflisə dəvət etmişdilər. Bu xəbəri eşidən II İrakli oğlu Levonun başçılığı ilə İrəvanda bir dəstə qoşun saxlayaraq noyabr ayında geri qayıtmağa məcbur olmuşdu. Lakin heç bir şeyə nail olmayan Levon da sonradan İrəvanı tərk etmişdi (71,156; 67,22; 168,393).

II İraklinin geri qayıtmasında Çıldır hakiminin təzyiqləri də böyük rol oynamışdı. Belə ki, Kartli-Kaxeiya qoşunları İrəvan qalasını mühasirəyə alan zaman Hüseynəli xan Çıldır valisi Süleyman paşadan hərbi yardım istəmişdi. Süleyman paşa II İraklini Tiflisə hücum etməklə hədələyərək İrəvanın mühasirəsindən əl çəkməyə məcbur etmişdi (56,74-75; 46,189-190).

Bu yürüşdə II İrakli Hüseynəli xanı özünə tabe edə bilməsə də, onun qoşunu xanlığı güclü dağıntıya məruz qoymuşdu. Gürcü qoşunu çoxlu kənd dağıdaraq minlərlə əhali və mal-qara ələ keçirərək Kartli-Kaxetiyaya aparmışdı (67,22-23; 410,3; 415,163; 179,56; 62,56). Bu yürüş zamanı aparılan əsirlərin sayı haqqında dəqiq məlumat yoxdur. Lakin arxiv sənədində bu əsirlərin sayı haqqında şişirdilmiş rəqəmə rast gəlmək olar. Sənəddə göstərilir ki, «İrəvan xanının vergi vermədiyinə görə çar İrakli 12.000 qoşunla İrəvana gələrək şəhərətrafını tutmuş, 15.000 evdən hər iki cinsdən olan yerli əhalini əsir edərək Tiflisə göndərmişdi» (71,156). Əgər nəzərə alınsa ki, II İrakli İrəvana hücum edərkən yerli əhalinin bir hissəsi qalaya sığınmış, digər hissəsi isə qonşu ölkələrə pənah aparmış, başqa bir hissəsi isə əlçatmaz yerlərdə məskən salmışdı göstərilən rəqəmin şişirdilmiş olduğunu başa düşmək olar.

Əsir aparılanların aqibəti xüsusilə acınacaqlı olmuşdu. Onların çoxu aclıqdan yollarda ölmüşdü. A.Araratlı əsərində əsirlərin vəziyyətini belə təsvir edirdi: «İrakli tərəfindən alınmış əsirlərin əksəriyyəti dəhşətli vəziyyətdə idi. Onların paltar və ayaqqabısı yox idi. Bütün bunlar onlardan alınmış, yaxud qarət olunmuşdu. Çoxları yollarda aclıqdan ölmüşdü. Tiflisə gətirilmiş bir çoxları isə quldurlardan qorunmaq üçün əlçatmaz yerlərə səpələnmişdilər. Bir hissəsi isə, gürcü knyaz və zadəganları arasında paylanmışdı» (67,23). Əsir aparılanların hamısı xanlığın müsəlman əhalisi idi (39,90-91).

Ermənilərin canfəşanlığına baxmayaraq, bu hadisədə Eçmiədzin kilsəsi də qarətə məruz qalmışdı. P.Butkov yazır ki, «II İraklinin qoşununun tərkibində olan dağıstanlılar Eçmiədzin kilsəsinə hücum edərək onun 250 min rubl məbləğində əmlakını ələ keçirmişdilər (84, c.2, səh.74). II İraklinin bu yürüşü İrəvan xanlığına çox baha başa gəldi. Kəndlərin dağıdılması, əkin sahələrinin başsız qalması əhali arasında aclığa səbəb olmuşdu. İki il ərzində bir lider çörək 15 piastra (ölçü, çəki və pul vahidlərinin izahı 328-ci səhifədə verilmişdir-E.Q.) satılmışdı. Bahalığa baxmayaraq çox vaxt çörəyi də tapmaq olmurdu. Çoxları aclıqdan ölürdü (67,23).

Kartli-Kaxetiya qoşunu xanlığın ərazisini tərk etdikdən sonra xan bu hadisədə xəyanətkar mövqe tutduqlarına görə, Eçmiədzin kilsəsini və bəzi erməni əsilzadələrini cəzalandırmaq qərarına gəldi. Hadisənin şahidi olan Yeqor Xubov xatirələrində xanın ermənilərə qəzəbini belə təsvir etmişdi: «İrəvan qalasında qalanların (ermənilərin-E.T.) aqibəti acınacaqlı olmuşdu. Onlardan otuz nəfərini Hüseynəli xan ciddi cəzalandırdı. Onların mal-dövləti qarət olundu və bir nəfər erməni satqınlıqda günahlandırılıb qətlə yetirildi. Patrisi Simon qohumunun ölümünü görüb xeyli qəhərləndi. O, bu bədbəxtlərin günahından keçməyi xahiş etdi. Xan onun xahişinə əməl edib, cəzanı cərimə ilə əvəz etdi. Cərimənin böyük hissəsini patriarx özü ödəmişdi. Hətta patriarxın özü də xəyanətkarlıqda şübhəli bilinmişdi (410,4). Lakin arxiv materialına görə, Hüseynəli xanın əmri ilə Eçmiədzin kilsə rahiblərindən altı nəfər öldürülmüşdü (71,156). Bu mənbənin verdiyi məlumatı P.Butkov da təsdiq edir. O yazırdı: «Eyni zamanda xanlığın ərazisi II İrakli tərəfindən güclü dağıntıya məruz qaldığından İrəvan xanı Eçmiədzin kilsəsini cəzalandırmaq fikrinə düşür. Lakin bütün əmlaklar gizlədildiyinə görə, xan oraya hücum edərək altı rahibi öldürür (84, c.2,səh.74).

Kartli-Kaxetiya qoşunlarının hücumu zamanı xanlığın ərazisinin güclü dağıntıya məruz qalmasından istifadə edən qiyamçı qüvvələr fəallaşdı, quldurluq və özbaşnalıq daha da çoxaldı. Qiyamçı qüvvələri dəf etmək və xanlıqda qayda-qanun yaratmaq üçün Hüseynəli xan ilk növbədə II İrakli ilə sülh bağlamağı qərara aldı. Xan ilk növbədə çar qoşunları tərəfindən əsir aparılmış irəvanlıların geri qaytarılması üçün tədbirlər görməyə başladı. 1780-ci ilin mayında Hüseynəli xan əsirləri geri qaytarmaq üçün Tiflisə qiymətli hədiyyələrlə nümayəndə heyəti göndərdi (5,451). Xan məktublarında II İrakliyə göndərdiyi müxtəlif hədiyyələr haqqında ətraflı məlumat vermişdi. Bu hədiyyələr arasında cürbəcür parçaları, zireh geyimləri, mal-qaranı, dəvəni və s. qeyd etmək olar (39,91-96). Lakin Kartli-Kaxetiya çarı elçiləri yaxşı qarşılasa da, xanın tələblərini yerinə yetirməyə tələsmədi. Elçilərin əliboş geri qayıtdığını görən xan ruhdan düşməyərək gürcü qızı olan xanımının başçılığı ilə Tiflisə yeni nümayəndə heyəti göndərdi. II İrakli ilə görüşən xanım Hüseynəli xana məktub göndərərək məqsədə çatmaq üçün çar yanında nüfuzu olan erməni katolikosunu bu işə cəlb etməyi xahiş etmişdi. Lakin katolikosun vasitəçiliyi də çarı yola gətirə bilməmişdi (130,71).

Lakin Hüseynəli xan məqsədinə nail olmaq üçün Tiflisə yeni-yeni nümayəndə heyəti göndərirdi. O, II İraklinin yanına oğlu Məhəmmədin də daxil olduğu üçüncü nümayəndə heyəti yolladı. Bu heyətin göndərilməsinə səbəb II İraklinin oğlu Levonun faciəli ölümü idi. Vəziyyətdən istifadə etməyə çalışan bu nümayəndə heyəti də sülh müqaviləsi bağlamağa nail ola bilmədi (130,70). Lakin II İrakli Hüseynəli xanın oğlunu mehribanlıqla qarşılamış və ona İrəvan qoşunlarına sərkərdəlik vəzifəsi tapşırmışdı (39,88-89). Buna baxmayaraq, bu heyət də məqsədə nail ola bilmədi.

Ruhdan düşməyən xan əsirlərin geri qaytarılması üçün II İrakliyə məktub göndərməyi davam edirdi. Hüseynəli xan başa düşürdü ki, dağıntıları aradan qaldırmaqda və təsərrüfatın dirçəldilməsində aparılan əsirlərin böyük rolu ola bilər. O, Tiflis sarayına göndərilən məktubların birində bu haqda açıq yazmışdı. O, yazırdı: «O, hökmdarım, sahibimdən xahiş edirəm ki, mərhəmət edib, ehsan göstərərək bizə ciddi kömək göstərib, yardım etmək məqsədilə sizin ölkənizdə sakin edilən İrəvanlı xanəvarları (ailələri) öz başınıza sədəqə edərək hədiyyə və peşkəş kimi bizə bağışlayasınız. Onlar öz vətənlərinə qayıdaraq əkinçilik, kasıbkarlıqla məşğul olub sizin ömrünüzə və dövlətinizə dua etsinlər. Onların qaytarılması…vilayətin abadlaşmasına…səbəb olacaqdır» (39,89).

Hüseynəli xanla heç cür razılığa gəlmək istəməyən II İrakli gözlənilmədən oğlu Levonun vəziri Georgi bəyin başçılığı ilə İrəvana nümayəndə heyəti göndərdi. Georgi bəy iki dəfə İrəvanda oldu və nəticədə hər iki ölkə arasında sülh müqaviləsi bağlandı. V. Qriqoryan Kartli-Kaxetiya çarının gözlənilmədən yola gələrək sülh bağlanmasını belə izah edir: «O zaman Qarabağ xanı olan İbrahimxəlil xanın Xoylu Əhməd xanla müharibəyə başlaması və onun üzərinə yürüş etməsi məlum olur. İbrahimxəlil xanın müttəfiqi olduğu üçün İrakli ona yardım etməli idi, bundan başqa onun özü də Xoyu öz təsir dairəsinə salmaq istədiyindən oraya qoşun yeritməyə hazırlaşırdı. Xoya getmək üçün gürcü qoşunu İrəvandan keçməli idi. Bu səbəbdən o, gürcü qoşununun heç bir zərər çəkməməsi, lazım olduqda Hüseynəli xandan yardım alması üçün onunla barışmağa ehtiyac duyurdu. Bütün ehtimallara görə, Georgi bəyin danışıqları bu məsələ ətrafında getmiş və razılıq əldə edilmişdi» (130,71-72). Ola bilsin ki, Kartli-Kaxetiya çarının belə bir niyyəti olmuşdu. Lakin II İraklinin sülh danışıqlarına razılıq verməsinin əsas səbəbi Osmanlı dövlətinin bu məsələyə müdaxilə etməsi idi. Sultan şərq paşalarına İrəvan xanına hər cür kömək etməyi tapşırmışdı. Kartli-Kaxetiya çarı ilə sülh müqaviləsinin bağlanmasında Axalsıq və Çıldır hakimləri böyük rol oynamışdı. Hüseynəli xan Axalsıq hakimi Süleyman paşanı sülh danışıqlarında vasitəçi kimi bu işə qoşmuşdu. Belə ki, o, bir neçə dəfə II İrakliyə məktub göndərərək İrəvandan əsir aparılmış müsəlman əhalisinin geri qaytarılmasını xahiş etmişdi. Lakin bu niyyəti baş tutmadıqda Süleyman paşaya məktub göndərərək əsirlərin acınacaqlı vəziyyətdə olduğunu bildirmiş və onların geri qaytarılmasında vasitəçi olmağa xahiş etmişdi (39,91). Buna razılıq verən Axalsıx paşanın adamları tezliklə İrəvana gəldi (130,69). Çıldır hakimi Süleyman paşa da sülh işində xüsusilə, fəal rol oynamışdı. Hüseynəli xandan sonra hakimiyyətə gəlmiş oğlu Qulaməli xan sultana göndərdiyi məktubda bunu xüsusi qeyd etmişdi. O, yazırdı: «Keçmiş illərdə…əzəmətli vəziriniz, Çıldır vilayətinin hakimi Süleyman paşanın səyi və təşəbbüsü ilə Gürcüstanla sərhədlər barəsində xüsusi müqavilə bağlanmışdı» (39,73).

Beləliklə, 1781-ci ilin noyabrında Hüseynəli xan oğlu Qulaməlinin başçılığı ilə Tiflisə dördüncü nümayəndə heyəti göndərdi. Nəhayət, bu dəfə sülh bağlandı. Kartli-Kaxetiya çarının nümayəndəsi İvane Muxran bəy də İrəvana gəldi (130,71). Bağlanmış müqavilənin şərtlərinə görə, Hüseynəli xan II İrakliyə ildə 30.000 rubl (3.000 tümən-E.Q.) məbləğində vergi verməyi öhdəsinə götürmüşdü (84, c.2, səh.75; 226,97). Bundan başqa, İrəvan xanı lazım olduqda qoşunu ilə II İrakliyə kömək etməli idi. Xanlar varislərini təyin etmək üçün hökmən gürcü çarı tərəfindən təsdiq edilməli idi. Əvəzində II İrakli İrəvan xanlığını xarici və daxili düşmənlərdən qorumağı öhdəsinə götürdü (130,72). Müqavilə nəticəsində sağ qalan əsirlərin bir hissəsi geri qaytarıldı (39,75).

Kartli-Kaxetiya qoşunlarına qarşı mübarizə, sülh danışıqlarının uzanması İrəvan xanlığının daxili vəziyyətini daha da ağırlaşdırmışdı. İrəvan xanının ağır şərtlərlə müqavilə bağlamasının əsas səbəbi də bu idi. Belə ki, vəziyyətdən istifadə edən bir çox elatlar qiyam qaldıraraq ölkədə qarışıqlıq yaratmağa çalışırdılar. Hüseynəli xan II İrakliyə yazdığı məktubların birində ölkədəki vəziyyəti belə qeyd edirdi: «Ölkədə baş verən hadisələr, üsyanlar, vaxtaşırı hücumlar İrəvan ölkəsi əhalisini var-yoxdan çıxarmışdı. Bizim xanlıq sülaləsinə qarşı keçmişdən ürəklərində kin bəsləyən, düşmən olan müxtəlif üsyançılar sakitlik, səssizlik ətəyindən əl çəkərək əyalətdəki kəndlərə od vururdular» (39,97-98). Bu üsyanın əsas iştirakçıları kolanılar və vedililər idi. Kolanıların bu işdə fəallığı xüsusilə seçilirdi. Yuxarıda göstərildiyi kimi, Hüseynəli xanın hakimiyyətinin ilk dövrlərində kolanılar ona qarşı qiyam qaldıraraq Qrabağ xanlığının himayəsinə keçmək istəmişdilər. Xan hakimiyyətinə qarşı düşmən hərəkət sonralar da davam etmişdi. Onların başçılarından biri Novruzəli bəy Hüseynəli xanın II İrakliyə qarşı mübarizəsindən istifadə edərək tez-tez hakimyyətə qarşı çıxırdı. Lakin Hüseynəli xan onu daima təqib edirdi. Təqibdən yayınan Novruzəli bəy kömək üçün Tiflis sarayına pənah aparmışdı. İrəvan xanlığını öz təsirində saxlamaq üçün belə qüvvələri daima dəstəkləyən II İrakli Novruzəli bəyi öz himayəsinə götürərək onu nümayəndə heyəti ilə birlikdə İrəvana göndərmişdi. Kartli-Kaxetiya çarı ilə yenicə sülh bağlamış Hüseynəli xan əlacsız qalaraq onun günahından keçmiş və öz elinə getməyə icazə vermişdi. Bir neçə gün İrəvanda qaldıqdan sonra öz elinə qayıdan Novruzəli bəy xanlığın ağır vəziyyətindən istifadə edərək yenidən qiyam qaldırdı. O, niyyətini həyata keçirmək üçün özünə müttəfiq də tapa bildi. Belə ki, Novruzəli bəy xan hakimiyyətinə düşmən olan vedili Əlisultan Şadlını öz tərəfinə çəkərək onunla ittifaq bağladı. Tezliklə xan hakimiyyətindən narazı olan qüvvələr qiyamçılara qoşuldu. Qiyamın gedişində Kolanı tayfası xüsusilə fəal idi. Qiyamçılar müvəffəqiyyət qazanmaq üçün Qarabağ xanı İbrahimxəlil xanla əlaqəyə girdilər. Onlar Qarabağ xanının yanına nümayəndə göndərərək yardım istəmiş və ona tabe olduqlarını bildirmişdilər. Qiyamçı qüvvələr kəndlərə hücumlar edərək qarətlə məşğul olurdular. Hüseynəli xan qiyamı yatırmaq üçün öz sərkərdələrindən birini qoşunla onlara qarşı göndərdi. Bu xəbəri eşidən qiyamçılar xan qoşununa müqavimət göstərmək üçün əlçatmaz dağlara çəkildi. Hətta öz ailələrini də əlçatmaz yerlərə köçürdülər. Lakin xan qoşununun yaxınlaşdığını eşidən Novruzəli bəy və Əlisultan Şadlı müqavimət göstərməyə cəsarət etməyərək, öz elini buraxaraq şəmşəddinli Əlisultanın yanına qaçdılar (39,86).

Qiyamçıların qaçdığını görən xanın adamları onların mənsub olduqları el və tayfaları dağlardan endirmək, evlərinə qayıtmaları üçün danıqlar aparmağa başladı. Əhaliyə qorxmadan öz evlərinə qayıtmağa icazə verildi. Çoxlu danışıq, söz-söhbətdən sonra əhali dağlardan enməyə və itaət etməyə razılıq verdilər. Onlarla razılığa gəldiklərinə əmin olan xanın adamları əhalini öz yerlərinə qayıtmağa nəzarət etmək məqsədilə orada 40 nəfərlik dəstə saxlayaraq, qalan qoşunla geri qayıtdılar. Lakin əsas qoşun hissələri getdikdən sonra qiyamçılar Qarabağdan aldıqları köməklə birlikdə orada saxlanılan dəstəyə hücum edərək hamısını qılıncdan keçirdi və əmlaklarını qarət etdilər. Bu xəyanətkar hərəkəti eşidən Hüseynəli xan dərhal oraya yenidən qoşun göndərdi. Nizami qoşun qəti hücuma keçərək qiyamçıları məğlub etdi. Qalib gəlmiş xanın qoşunu qiyamçıların əmlakını və mal-qarasını qarət etdi» (39,87). Qeyd etmək lazımdır ki, bu üsyanın yatırılmasında II İraklinin də köməyi olmuşdu. O, üsyanın qarşısını almaq üçün sərkərdələrindən birini İrəvana göndərmişdi (39,97-98). Bu qiyam 1782-ci ilin baharında və yayında olmuşdu.

Müdaxilə nəticəsində dağıntıya məruz qalmış xanlıq təsərrüfatını bərpa etməklə məşğul olan Hüseynəli xan tezliklə, qonşu Naxcıvan xanlığında baş verən siyasi hadisələrə qoşuldu. Qeyd etmək lazımdır ki, XVIII əsrin 80-ci illərin əvvəllərində bir tərəfdən Xoylu Əhməd xan Dünbülü, digər tərəfdən isə Qarabağlı İbrahimxəlil xan, Kartli-Kaxetiya çarı II İrakli və İrəvan xanı Hüseynəli xan arasında Naxçıvan xanlığında möhkəmlənmək uğrunda mübarizə başlanmışdı. Müttəfiqlərin səyi nəticəsində kəngərli tayfasından olan Abbasqulu xan hakimiyyətə gəldi (29,49). Lakin bununla razılaşmayan Xoylu Əhməd xan Naxcıvan xanlığının daxili işlərinə qarışmaq üçün fürsət axtarırdı. Bu məqsədlə Əhməd xan Naxçıvanlı Abbasqulu xandan torpaq iddiası edərək həmin xanlığın tərkibinə daxil olan Nazik və Şükürlü kəndlərini ona güzəştə getməyi tələb etdi. Onun bu tələbi Abbasqulu xan tərəfindən rədd edildi. Rədd cavabı alan Əhməd xan qoşunlarını Naxçıvan xanlığının sərhədlərinə yeritdi. Güclü Xoy qoşunlarına müqavimət göstərmək iqtidarında olmayan Abbasqulu xan Naxçıvanı tərk edərək Zəngəzura gəldi. Lakin Əhməd xan Naxçıvanda çox qala bilmədi. İrəvanlı Hüseynəli xan ona məktub yazaraq Naxçıvandan çıxmağı tələb etmiş, əks-təqdirdə Əhməd xana qarşı hərbi əməliyyata başlayacağı ilə hədələmişdi (3,220). Bunun ardınca İrəvan xanı Naxçıvana qoşun yeritdi. İrəvan xanının bu addımını İbrahimxəlil xanın və II İraklinin müdafiə etdiyini başa düşən Əhməd xan Naxçıvanı tərk etdi. Lakin İrəvan qoşunu da burada çox qala bilmədi. Buna səbəb Abbasqulu xanın yenidən Naxçıvana qayıtması olmuşdu. (3,220).

Lakin Əhməd xan öz məqsədindən geri çəkilmək niyyətində deyildi. O, Naxçıvanda baş verən hadisələri diqqətlə izləyirdi. Hakimiyyətə yenidən qayıdan Abbasqulu xanın siyasəti yerli əhalinin narazılığına səbəb olmuşdu. Hətta xanın qohumları ilə münasibətləri çox kəskin idi. Hüseynəli xan Naxçıvan dövlət başçılarına, əyanlarına göndərdiyi məktubunda «…Abbasqulu xanın qohum-əqrəbələrinin ona olan pis münasibətləri ilə əlaqədar olaraq öz ana vətəni Naxçıvanı tərk etməyə məcbur olduğunu» yazmışdı (39,11). Naxçıvanda olan qarışıqlıqdan istifadə edən Əhməd xan planını həyata keçirmək məqsədi ilə əlverişli fürsətin yarandığını görərək kömək üçün İsfahan hakimi Əlimurad xan Zəndə müraciət etdi. İsfahan hakimi bu fürsəti əldən vermək istəməyərək sərkərdəsi Gülşirəli xanın başçılığı altında Naxçıvana qoşun göndərdi. Bu qoşunların köməyi ilə Abbasqulu xanın əmisi oğlu Cəfərqulu xan Naxçıvanda hakimiyyətə gətirildi (3,220). Hakimiyyətdən uzaqlaşdırılan Abbasqulu xan İrəvana gəlir və dost-tanışları ilə məsləhətləşdikdən sonra Tiflis sarayına pənah aparmışdı. O, hakmiyyəti geri qaytarmaq üçün II İraklidən hərbi yardım istəyir. Kartli-Kaxetiya çarı isə onun vəziyyətini həll etmək üçün öz nümayəndələrini xüsusi məktubla Hüseynəli xanın yanına göndərdi. O, göndərdiyi məktubda Hüseynəli xana nümayəndələrlə məsləhətləşib Abbasqulu xanın məsələsini həll etməyi tapşırmışdı (39,11-13). Lakin bölgədə qüvvələr nisbətinin dəyişməsi, Hüseynəli xanın ölümü İrəvanı bu mübarizədən kənarda qoydu.

İrəvan xanı Hüseynəli xan xarici siyasətində Azərbaycan xanlıqları ilə dostluq münasibətləri saxlamağa çalışırdı. Onun yazdığı məktublardan görünür ki, xan ömrünün sonlarına yaxın xoylu Əhməd xanla, qarabağlı İbrahimxəlil xanla münasibətləri nizama sala bilmişdi. Naxçıvanda baş vermiş hadisələrdə mənafelərinin toqquşmasına, II İrakli ilə Əhməd xan Dünbülünün düşmənçiliyinə baxmayaraq, Hüseynəli xanla Xoy xanı arasında səmimi münasibətlər yaranmışdı. Xanlar yazdıqları məktublarında dostluqdan bəhs edir və bir-birinə hədiyyələr göndərirdilər. Hətta Hüseynəli xan böyük oğlu Qulaməlini Əhməd xanın qızı ilə evləndirməklə onunla qohum olmaq niyyətində idi (39,13-21). Görünür, bu nikahla Hüseynəli xan güclü Xoy xanının hərbi qüvvəsindən yararlanmaq istəyirdı. Lakin Hüseynəli xanın qəfl ölümü bu niyyətin həyata keçməsinə mane oldu.

İrəvan xanlığının Qarabağ xanlığı ilə münasibətləri çox zaman dəyişkən olmuşdu. Yuxarıda Hüseynəli xandan əvvəlki dövrləri izlədikdə görürük ki, Qarabağ xanları daim İrəvanda möhkəmlənməyə çalışmışlar. Qarabağ xanlığının banisi Pənahəli xan İrəvanın çətin vəziyyətindən istifadə edərək Göyçə gölündən şərqdə yerləşən, Tərtər çayına qədər torpaqları ələ keçirib öz xanlığına qatmışdı. Bu haqda aşağıda bəhs ediləcəkdir. Hətta «Qarabağnamə» müəlliflərinin əksəriyyəti iddia edir ki, İbrahimxəlil xan başqa ərazilərlə birlikdə İrəvanı da öz təsirinə almışdı. Guya burada kimi istəsə işdən götürmək, yenisini təyin etmək onun əmri ilə icra edilirdi (41,48, 37,120-121; 38,24; 32,126). «Qarabağnamə» müəlliflərindən fərqli olaraq qeyd etmək lazımdır ki, Qarabağ xanları xanlıq daxilində baş verən hadisələrdən yararlanaraq İrəvanda möhkəmlənməyə çalışsalar da, heç zaman buna nail ola bilməmişlər. Bunun əsas səbəblərindən biri bölgə uğrunda güclü Qarabağ xanlığı ilə mübarizə aparan, Rusiya dövlətinə arxalanan Kartli-Kaxetiya çarının İrəvanda təsirinin böyük olması idi. İkincisi, Rusiya və Osmanlı dövlətləri arasındakı münasibətlər də bu cür vəziyyətin yaranmasında böyük rol oynamışdı. Bu münasibətlərdə xüsusilə İrəvan xanlığı uğrunda mübarizə əsas yeri tuturdu. Digər tərəfdən isə bacarıqlı dövlət xadimi Hüseynəli xan bölgədə baş verən hadisələri düzgün qiymətləndirir, İbrahimxəlil xanla dostluq münasibətləri saxlamağa çalışırdı. Xan onun hakimiyyətinə qarşı çıxan qiyamçıların kömək üçün Qarabağ xanına müraciət etməsinə baxmayaraq, həmsərhəd olduğu bu xanlıqla normal qonşuluq münasibətlərini qorumağa çalışırdı. Onun İbrahimxəlil xana göndərdiyi məktubda dostluqdan və səmimiyyətdən söhbət getdiyinin şahidi oluruq (39,78-79). Hüseynəli xan ömrünün sonlarına yaxın İbrahimxəlil xanla münasibətləri yaxşılaşdıra bilmişdi.



Yüklə 4,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin