10. ENERJİTƏCHİZATI MÜƏSSİSƏSİNİN MƏSULİYYƏTİ
10.1. Enerjisistemdə və ya enerjitəchizatı müəssisəsinin şəbəkəsində baş vermiş qəza nəticəsində istehlakçıya ziyan dəymişdirsə (elektrikqəbuledicilərin zədələnərək yararsız hala düşməsi, məhsulun zay olması və s.), enerjitəchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq istehlakçı qarşısında maddi məsuliyyət daşıyır.
10.2. Enerjitəchizatı müəssisəsi aşağıda göstərilən səbəblərlə əlaqədar dəymiş ziyana görə istehlakçı qarşısında maddi məsuliyyət daşımır:
10.2.1. fors-major hadisə ilə əlaqədar;
10.2.2. kənar şəxslərin düzgün olmayan hərəkətləri (səhvən birləşdirmə, açma və keçirmə, hava elektrik veriliş xətlərinin naqillərinin üzərinə kənar əşyaların atılması, hava və ya kabel elektrik veriliş xətlərinin mexaniki zədələnməsi və s.) nəticəsində baş vermiş qəzalarla əlaqədar;
10.2.3. bu Qaydaların 9.12, 9.13, 9.15 və 9.16-cı bəndlərində nəzərdə tutulmuş, istehlakçıya elektrik enerjisi verilişinin dayandırılması və məhdudlaşdırılması şərtləri ilə əlaqədar;
10.2.4. bu Qaydaların 9.14-cü bəndinə uyğun olaraq, işlərin yerinə yetirilməsilə əlaqədar.
10.3. İstehlakçı elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən olunmuş müddətdə sərf etdiyi elektrik enerjisinin haqqını ödəmədikdə, enerjitəchizatı müəssisəsi şəbəkəsində və ya enerjisistemdə baş vermiş qəza nəticəsində istehlakçıya dəymiş ziyana görə onun qarşısında maddi məsuliyyət daşımır.
10.4. Enerjitəchizatı müəssisəsi dəymiş ziyan haqqında istehlakçıdan daxil olmuş müraciətə on gündən gec olmayaraq baxır və bu Qaydalara uyğun olaraq istehlakçıya ödəniş ödəyir.
10.5. İstehlakçıya elektrik enerjisinin kəsirlə verilməsi müddəti və onun səbəbləri enerjitəchizatı müəssisəsinin və istehlakçının əməliyyat sənədləri üzrə müəyyənləşdirilir.
10.6. İstehlakçının təqsirindən baş vermiş qəza nəticəsində enerjitəchizatı müəssisəsinin başqa istehlakçılarına ziyan dəymişdirsə, təqsirkar istehlakçı dəymiş ziyana görə enerjitəchizatı müəssisəsi qarşısında sonuncunun başqa istehlakçılara ödədiyi ödəniş dəyərində maddi məsuliyyət daşıyır.
10.7. Enerjitəchizatı müəssisəsi balans mənsubiyyəti sərhədində və şəbəkəsində elektrik enerjisinin keyfiyyət göstəricilərini qüvvədə olan standartların tələblərinə uyğun saxlamağa borcludur.
10.8. Enerjitəchizatı müəssisəsi ilə istehlakçı arasındakı balans mənsubiyyəti sərhədində elektrik enerjisinin tələb olunan keyfiyyət göstəriciləri standartlara və “Ümumi təyinatlı elektrik şəbəkələrində elektrik enerjisinin keyfiyyətinə nəzarət və təhlili üzrə metodik göstərişlər”ə uyğun müəyyən edilir.
10.9. Enerjitəchizatı müəssisəsi və istehlakçı bu Qaydaların 10.8-ci bəndində qeyd edilən metodik göstərişlərə əsasən, elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində elektrik enerjisinin keyfiyyətinə daimi, vaxtaşırı (ildə 2-4 dəfə) və ya epizodik nəzarət etməyə borcludurlar.
10.10. Aşağı tezliklə işləmə müddəti dövlət elektroenergetika müəssisəsinin və enerjitəchizatı müəssisəsinin dispetçer məntəqələrinin qeydiyyat aparan (yaddaşlı) tezlik ölçənləri ilə müəyyənləşdirilir.
Aşağı tezliklə buraxılmış elektrik enerjisinin miqdarı, hesablaşma dövründə orta sutkalıq sərfiyyat üzrə müəyyən edilir.
10.11. Enerjitəchizatı müəssisəsinin təqsirindən istehlakçıya aşağı keyfiyyətli (bir və ya eyni zamanda bir neçə göstərici üzrə) elektrik enerjisi buraxıldıqda, enerjitəchizatı müəssisəsi, buraxılmış aşağı keyfiyyətli elektrik enerjisinin dəyərinin 25 faizi məbləğində istehlakçıya ödəniş ödəyir. Əgər aşağı keyfiyyətli elektrik enerjisinin təsirindən istehlakçıya ziyan dəymişdirsə (elektrikqəbuledicilərin zədələnərək yararsız hala düşməsi, məhsulun zay olması və s.), enerjitəchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq istehlakçı qarşısında maddi məsuliyyət daşıyır.
10.12. Elektrik enerjisinin keyfiyyətinin aşağı düşməsinə təqsirkar tərəf və aşağı keyfiyyətli elektrik enerjisi ilə (faizlə ölçmənin müddətinə) işləmə müddəti “Ümumi təyinatlı elektrik şəbəkələrində elektrik enerjisinin keyfiyyətinə nəzarət və təhlili üzrə metodik göstərişlər”ə uyğun olaraq, statistik və ya qeydedici cihazların ölçülərinin nəticələri ilə müəyyənləşdirilir. Ölçülərin nəticələri enerjitəchizatı müəssisəsinin, Enerji Məsələlərini Tənzimləmə Agentliyinin, istehlakçının, yaxud dövlət elektroenergetika müəssisəsinin səlahiyyətli nümayəndələrinin tərtib etdiyi aktla rəsmiləşdirilir.
10.13. İstehlakçı, elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş müddətdə sərf etdiyi elektrik enerjisinin haqqını ödəmədiyi, elektrik enerjisi rejimlərinə, həmçinin reaktiv gücün optimal göstəricilərinə, o cümlədən reaktiv gücün kompensasiya qurğularının iş rejimlərinə əməl etmədiyi, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricisini aşdığı, enerjisistemdə güc, elektrik enerjisi çatışmazlığı və ya qəza vəziyyəti ilə əlaqədar tətbiq edilən məhdudiyyət və birbaşa açılma qrafiklərinə əməl etmədiyi hallarda enerjitəchizatı müəssisəsi istehlakçı qarşısında buraxılmış aşağı keyfiyyətli elektrik enerjisinə və ya bununla əlaqədər dəymiş ziyana görə maddi məsuliyyət daşımır.
10.14. İstehlakçının təqsirindən enerjitəchizatı müəssisəsinin başqa istehlakçılanna aşağı keyfiyyətli (bir və ya eyni zamanda bir neçə göstərici üzrə) elektrik enerjisi buraxıldıqda, təqsirkar istehlakçı buraxılmış aşağı keyfiyyətli elektrik enerjisinə və ya bununla əlaqədar dəymiş ziyana görə enerjitəchizatı müəssisəsi qarşısında sonuncunun başqa istehlakçılara ödədiyi ödəniş dəyərində maddi məsuliyyət daşıyır.
10.15. Enerjitəchizatı müəssisəsinin təqsirindən baş vermiş qəza nəticə-sində dövlət elektroenergetika müəssisəsinə ziyan dəymişdirsə (elektrik qurğularının, avadanlıqların zədələnərək yararsız hala düşməsi və s.), enerjitəchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq dövlət elektroenergetika müəssisəsi qarşısında maddi məsuliyyət daşıyır.
Bu Qaydaların 10.2.1-ci və 10.2.2-ci bəndlərində göstərilən səbəblərlə əlaqədar baş vermiş qəza nəticəsində dəymiş ziyana görə enerjitəchizatı müəssisəsi dövlət elektroenergetika müəssisəsi qarşısında maddi məsuliyyət daşımır.
10.16. Enerjitəchizatı müəssisəsinin təqsirindən dövlət elektroenergetika müəssisəsi ilə elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədində elektrik enerjisinin keyfiyyətinin (bir və ya eyni zamanda bir neçə göstərici üzrə) aşağı düşməsi nəticəsində dövlət elektroenergetika müəssisəsinə ziyan dəymişdirsə (elektrik qurğularının, avadanlıqların zədələnərək yararsız hala düşməsi və s.), enerjitəchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq dövlət elektroenergetika müəssisəsi qarşısında maddi məsuliyyət daşıyır.
10.17. Enerjitəchizatı müəssisəsi sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş göstəricilərin və rejimlərin yerinə yetirilməsinə, satın alınmış elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin səlahiyyətli nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə cavabdehlik daşıyır.
10.18. Elektrik qurğularının etibarlı və təhlükəsiz istismarını və elektrik enerjisindən qənaətlə istifadə olunmasını təmin etmək üçün enerjitəchizatı müəssisəsi aşağıdakıları yerinə yetirməyə borcludur:
10.18.1. öz idarəetmə ərazisində elektrik şəbəkəsinin təhlükəsiz, etibarlı və səmərəli işləməsini təmin edən yerli dispetçer xidmətini təşkil etməyə;
10.18.2. ona məxsus olan elektrik qurğularının və mühafizə vasitələrinin texniki vəziyyətini yoxlamağa, profilaktik sınaqlar keçirməyə və təmir etməyə, həmçinin mövcud qaydalarla və normalarla müəyyən edilmiş həcmlərdə və müddətlərdə paylayıcı qurğuları, transformatorları və onların yerləşdiyi tikililəri təmir etməyə;
10.18.3. qəza zamanı enerjisistemdə yük çıxarıldıqda, məsul yükləri ayıraraq ehtiyatlandırılmış xarici təchizat elektrik xətlərinə qoşmaqla texnoloji və qəza bronlarının tələbatını təmin etmək üçün elektrik təchizatı sxemini təkmilləşdirməyə;
10.18.4. enerjitəchizatı müəssisəsinin balansında olan, ancaq hesabat hədləri (ustavka) dövlət elektroenergetika müəssisəsi tərəfindən verilən rele mühafizələrinin, bütün növ avtomatikaların, o cümlədən enerjisistem əhəmiyyətli avtomatikaların iş rejimlərinə nəzarət etməyə, onlarda müəyyən olunmuş müddətlərdə sazlama və profilaktik sınaq işlərini aparmağa;
10.18.5. dövlət elektroenergetika müəssisəsinin və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin tələbinə əsasən enerjitəchizatı müəssisəsinin elektrik qurğularının işi ilə müəyyənləşdirilən elektrik enerjisinin keyfiyyətinə fasiləsiz, vaxtaşırı və epizodik nəzarət etməyə, şəbəkələrində elektrik enerjisinin keyfiyyətinin yaxşılaşdırılması üzrə tədbirləri həyata keçirməyə;
10.18.6. “Elektrik qurğularının quraşdırılması qaydaları”nın tələblərinə uyğun olaraq elektrik enerjisinə görə hesablaşma uçotunu təşkil etməyə;
10.18.7. elektrik qurğularına xidmət üçün tələb olunan ixtisaslı elektrotexniki heyətlə təmin etməyə, elektrik qurğularına xidmət edən heyəti öyrətməyə, təlimatlandırmağa və onları avadanlıqlaşdırılmış iş yeri ilə, mühafizə vasitələrilə, alətlərlə, lazımi materiallarla və təlimatlarla təmin etməyə;
10.18.8. qəzaya və yanğına qarşı təhlükəsizlik texnikası üzrə tədbirləri həyata keçirməyə;
10.18.9. elektrik enerjisi rejimlərinə, elektrik enerjisinin səmərəli və qənaətlə istifadəsinə, elektrik qurğularının texniki istismar qaydalarının, təhlükəsizlik texnikası qaydalarının, təlimatların və digər normativ sənədlərin tələblərinə əməl olunmasına və səlahiyyəti daxilində digər məsələlərə nəzarət etmək üçün Enerji Məsələlərini Tənzimləmə Agentliyinin səlahiyyətli nümayəndələrinin (onların xidməti vəsiqələri, nəzarətin həyata keçirilməsi haqqında qərarın surəti və nəzarətin Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı əsasında) günün istənilən vaxtı maneəsiz elektrik qurğularına buraxılmasını təmin etməyə;
10.18.10. elektrik enerjisinin paylanmasında, satılmasında, elektrik enerjisindən səmərəli istifadə olunmasında, elektrik qurğularının layihələndirilməsində, tikintisində, yenidən qurulmasında, təmirində, həmçinin onların istismarında texniki istismar qaydalarının, təhlükəsizlik texnikası qaydalarının, elektrik qurğularının quraşdırılması qaydalarının və digər normativ sənədlərin tələblərinə əməl olunmasında aşkar edilmiş pozuntu və çatışmazlıqların aradan qaldırılması haqqında Enerji Məsələlərini Tənzimləmə Agentliyinin səlahiyyətli nümayəndələrinin tələbnamələrini müəyyən olunmuş müddətlərdə yerinə yetirməyə.
10.19. Enerjitəchizatı müəssisəsi dövlət elektroenergetika müəssisəsinə onlar arasındakı hesablaşma uçot cihazlarındakı və uçot sxemindəki pozuntular, həmçinin tikililərində və ya ərazisində yerləşən dövlət elektroenergetika müəssisəsinə məxsus elektrik qurğularındakı nasazlıqlar haqqında məlumat verməyə borcludur.
10.20. Enerjitəchizatı müəssisəsi qidalandırıcı xətlərin açılması, elektrik qurğularının və avadanlığın zədələnməsi ilə əlaqədar baş vermiş qəzalar, yanğınlar, həmçinin elektrik cərəyanının təsirindən insanların xəsarət alması haqqında Enerji Məsələlərini Tənzimləmə Agentliyinə məlumat verməyə borcludur.
10.21. Enerjitəchizatı müəssisəsi “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”na və “Gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”na əsasən ona məxsus elektrik qurğularının qorunmasını, onlara sərbəst keçməyi və yanaşmağı təmin etməli, kabel və hava elektrik verilişi xətlərinin mühafizə zonalarında hər hansı bir obyektin tikintisinə, materialların yığılmasına, kabel və hava xətləri mənsub olan təşkilatın icazəsi olmadan torpaq və tikinti işlərinin aparılmasına yol verməməlidir.
10.22. Enerjitəchizatı müəssisəsi ərazisindəki yarımstansiyaların tranzit hissəsində dövlət elektroenergetika müəssisəsinə aid şəbəkədə operativ əməliyyatlar, tikinti və təmir işləri aparmaq üçün dövlət elektroenergetika müəssisəsinin elektrotexniki heyətinin bu qurğulara buraxılmasını təmin etməyə borcludur. İşlər başa çatdıqda dövlət elektroenergetika müəssisəsi öz hesabına işlər aparılmış əraziləri və tikililəri lazımi vəziyyətə gətirməyə borcludur.
10.23. Enerjitəchizatı müəssisəsinin yerli dispetçer xidməti operativ idarəçilik iyerarxiyasına görə özündən yuxarı pillədə yerləşən dövlət elektroenergetika müəssisəsinin dispetçer xidmətinə tabedir və onların fəaliyyəti xüsusi təlimatla nizamlanır.
10.24. Enerjitəchizatı müəssisəsi aşağıdakı məlumat və hesabatları təqdim etməyə borcludur:
10.24.1. hesabat vermə qaydalarına uyğun olaraq, təsdiq olunmuş formalarla müəyyən edilmiş müddətlərdə elektrik enerjisinin sərfi, texniki itki (texnoloji sərfiyyat) tapşırıqlarının yerinə yetirilməsi və başqa göstəricilər haqqında dövlət elektroenergetika müəssisəsinə və Enerji Məsələlərini Tənzimləmə Agentliyinə hesabat verməyə;
10.24.2. ildə iki dəfədən az olmayaraq, xarakterik yay və qış iş günlərində, aktiv və reaktiv elektrik enerjisinin yük qrafiklərini dövlət elektroenergetika müəssisəsinə və Enerji Məsələlərini Tənzimləmə Agentliyinə təqdim etməyə;
10.24.3. dövlət elektroenergetika müəssisəsinə və müstəqil enerji istehsalçısına gələn il üçün satın alınacaq elektrik enerjisi üzrə sifarişlər verməyə.
10.25. Enerjitəchizatı müəssisəsi enerjisistemdə güc, elektrik enerjisi çatışmazlığı və ya qəza vəziyyətilə əlaqədar tətbiq edilən məhdudiyyət və birbaşa açılma qrafiklərinə uyğun olaraq dövlət elektroenergetika müəssisəsinin yükün azaldılması və elektrik enerjisinin məhdudlaşdırılması haqqında tələblərini yerinə yetirməyə borcludur.
10.26. Enerjitəchizatı müəssisəsi dövlət elektroenergetika müəssisəsindən və müstəqil enerji istehsalçısından satın aldığı elektrik enerjisinin haqqının elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyənləşdirilmiş müddətdə və həcmdə müəyyən olunmuş tarif qiymətinə uyğun ödənilməsini təmin etməlidir.
Dostları ilə paylaş: |