Əli Şamil Türkçülüyün qurbanları (Qazaxıstan) Bakı 2014 Redaktor: Səfalı Nəzərli


TÜRKÇÜ BAXIŞLARINA GÖRƏ HƏBS EDİLƏN VƏ HƏBSXANADA ÖLƏN



Yüklə 9,67 Mb.
səhifə24/35
tarix02.01.2022
ölçüsü9,67 Mb.
#2389
1   ...   20   21   22   23   24   25   26   27   ...   35
TÜRKÇÜ BAXIŞLARINA GÖRƏ HƏBS EDİLƏN VƏ HƏBSXANADA ÖLƏN

MAQJAN JUMABAYOV (CUMABAYOV)

Qazax-qırğız türkcəsində [j] səsinin [c] səsinə çevril­mə­sinin geniş yayıldığı haq­qın­da söbət açacağımız Maq­janın adı Maq­can, soya­dı Jumabayov, hətta Cu­ma­ba­yov kimi də yazılır. Maqjan Be­ken bəy (Ceken bəy) oğlu Ju­ma­bayov 1893-cü il iyu­nun 25-də Qazaxıstanın qüze­yində – Akmolla vilayə­tinin Qı­zıljar bölgəsindəki Sarıay­qır ra­yonunun Sasık­kul aulunda do­ğulmuşdur. Beken bəy və Gül­süm xanımın niga­hından Əbü­müslüm, Qəhrəman, Maqjan, Muhamedjan, Sal­tay, Qalijan, Sabirjan adlı oğlanlar və Güləndam, Gülbahar adlı qızlar doğulmuşlar.

Atası Beken bəy oğlu Maqjanı din xadimi görmək ümidilə xalq arasında mollaxana adlandırılan ibtidai məktəbə oxu­ma­ğa göndərir. O, ibtidai məktəbi dərs əlaçısı kimi başa vur­duq­dan sonra Qızıljar şəhərindəki Çala Qazax Mədrəsəsində oxu­mağa gedir. Dörd il, 1906-1910-cu illərdə Petropav­lovski­dəki mədrəsədə oxuyur. Oradan da Ufaya gedərək 1910-1911-ci illərdə məşhur Qaliya mədrəsəsində təhsilini davam etdirir. Burada dərs deyən müxtəlif dünyağörüşlü müəllimlərlə tanış olur. Mədrəsəni bitirib, orada müəllimlik edən Qalimcan İbrahimovla dostlaşır. Gələcəyin ünlü tatar ziyalısı, yeni tatar ədəbiyyatının klassiki adlandırılan Qalimcan İbrahimov aralarında yaş fərqinin az olmasına baxmayaraq, Maqjanın dünyagörüşünün formalaşmasına, ədəbiyyata marağının artmasına güclü təsir edir. Qalimcan İbrahimovla söhbətlərindən cəsarətlənərək ilk şeirlərini gənc müəlliminə oxuyur. Muəllimi də onu yaradıcılığa ruhlandırır və dəyərli məsləhətlər verir.

Lakin Qalimcan İbrahimov keçmiş müəllimləri ilə arasın­dakı fikir ayrılığına görə mədrəsəni tərk edir. Avropanın bəzi sosioloq və siyasətşünaslarının, xüsusən onların təsiri altında olan Rusiya sosialistlərinin təbliğatına uyaraq, islahatlarla də­yişiklikləri qəbul etmir, dünyanın düzənə salınmasının, ədələ­tin hakim olmasının yeganə yolunu inqilabda, qan axıtmaqda görür.

Dini və dünyəvi elmlərlə yanaşı, ərəb, fars, rus və cağatay türkcəsini öyrənən Maqjan müəllimindən uzaqlqşmalı olsa da, onun təsirindən çıxa bilmir. Omsk şəhərindəki Rusiya höku­mətinin açdığı seminariyada oxuyanda inqilabi təbliğat aparır. Valideynləri ilə məsləhətləşmədən atdığı bu addımlar oğlunu İslam dinini təbliğ edən bir molla görmək istəyən Beken bəylə Maqjanın münasibətlərinin pozulmasına səbəb olur.

Ailənin maddi yardımından məhrum olan Maqjan Jumabayov xeyriyyəçi insanların köməyi sayəsində nəinki seminariyanı qızıl medalla başa vurur, həm də 1912-ci ildə Uralsk şəhərindəki “Qazaxıstan” qəzetinin mətbəəsində çap olunan “Uzuk” toplusunda “Qazaxların keçmiş vəziyyəti” şeirini və Kazanda Kərimov qardaşlarının nəşriyyatında “Şolpan” (Dan ulduzu) şeir toplusunu nəşr etdirir.

Qazax dilində və ərəb əlifbası ilə çap olunan “Şolpan” kitabındakı şeirlərin milli ruhu Maqjana nəinki qazaxlar arasında, qırğız, tatar, başqırd, özbək gəncləri arasında marağı artırır. O dövrdə türk, müsəlman xalqlarının əksəriyyəti ərəb əlifbasından istifadə etdiklərindən Maqjanın millətsevər şeirlərini asanlıqla oxuyub başa düşürdülər.

Maqjan Jumabayovun “Şolpan” kitabına daxil edimiş şeirləri sadəcə duyğusal bir şair düşüncəsinin məhsulu deyildi. Burada Şokan Velixanovdan, İbray Altınsarından, Abaydan (İbrahim Kunanbayev) gəlmə bir maarifçilik xətti vardı. Maarifçilərin təsiri altında da çox gənc yaşlarından bir ictimai-siyasi xadim kimi formalaşırdı.

1913-1916-cı illərdə Omsk Müəllimlər Seminariyasında oxuyanda burada gələcəkdə ünlü Sovet şairi Saken Seyfullin kimi tanınacaq Səid Vakkasla tanış olur. Onlara gələcəkdə akademik kimi tanınacaq, məşhur etnoqraf, folklorçu Qriqori Nikolayeviç Potanin, isdedadlı şair və pedaqoq Mirjakıp Dulatov dərs deyirlər. Seminariyanın direktoru Aleksandr Nikitiç Sidelnikov da yeniyetmə Maqjana xüsusi diqqət yetirir. Q.N.Potanin elə ilk görüşdəcə Maqjan haqqında “bu gənc gələcəyin Şokan Valixanovu olacaq”-deyir. Semina­riyada oxuduğu illərdə əlyazma şəklində “Birlik” adlı ədəbi-bədii jurnal da hazırlayır.

Çılğın şairlərin əksəriyyəti kimi Maqjan Jumabayov da gəncliyində tanınmış tatar yazıçısı Kamalovun bacısı gözəl Gülüsümə vurulur. Gülüsüm 1914-cü ildə Sankt Peterburqdakı Nəcib Qızlar İnstitutunu bitirmişdi. Birinci Dünya Savaşı baylayanda onu da bir çox tatar-başqırd qızları kimi səfərbərliyə alaraq tibb bacısı kimi Osmanlı cəbhəsinə göndərmişdilər. Gülüsüm Maqjana deyil Akçurunə ərə getsə də şairin bu sevdasından lirik məhəbbət şeirləri qalmışdır.

Sonralar Maqjan gimnaziya şagirdi Jamile Kuanışbayevə vurulsa da onunla da evlənə bilmir.

Maqjan yalnız şeirləri ilə deyil, geyimi, davranışı ilə də qadınların ürəyini ovladığı haqqında çoxlu xatirələr var.



Birinci Dünya Savaşı illə­rində çar II Nikolay Qafqazda, Türkistanda, Sibirdə müsəlman kişilərin məcburi surətdə cəb­həyə yaxın bölgələrdə işlətmək üçün səfərbərliyə alınması haq­qında fərman imzalayır. Tür­küstanlılar isə çarın fərmanına əməl etmirlər.



1916-cı ildə Turqay vila­yətində Amangəldi İmanovun baçılıq etdiyi üsyan, xüsusilə, fərqləndi. Üsyanın yatırılması üçün cəbhə xəttindən də əsgəri birliklər gətirməyə məcbur olurlar. Düşmənlə savaş üçün hazırlanmış əsgəri birliklər çar hökuməti silahsız təbəələrinin üzərinə yeridir. Mərkəzi quberniyalardan Qazaxıstana köçürülmüş ruslar da əsgəri birliklərə kömək etdiyindən Türküstanda onminlərlə dinc sakin öldürülür. Kəndləri yandırıldığından, mal-mülkləri əllərindən alındığından, aclıqdan, soyuqdan və xəstəlikdən ölənlərin sayı da az olmur.

Rus ordusu xalqa divan tutsa da, qiyam ocaqlarını tam söndürə bilmədi. 1917-ci ilin fevralında II Nikolayın taxtdan əl çəkməyə məcbur edilməsi qırğız-qazaxların milli təşkilatlarını formalaşdırmasını sürətləndirir.

Omskdakı Pedaqoji Seminariyasnda oxuduğu illərdə “Kazax” qəzeti, “Aybək” jurnalı ilə əməkdaşlıq edən, əlyzama şəklində “Balapan” jurnalı hazırlayan Maqjan Jumabayov Miryakıp Dulatovla, Ahmet Baytursunovla, Əli xan Bökeyxanovla, Saken Seyfullinlə, Muhammedjan Seydalin və b. tanış olur, şeirlərilə, publisistik məqalələrilə Alaş hərəkatına siyasi dəstək verir.

Alaş Partiyasının Qurultayına Akmolla vilayətindən nü­ma­yəndə seçilən Maqjan Jumabayov qurultayın işində fəal iştirak etməklə kifayətlənmir, 1917-ci il dekabrında yaradılan Alaş Orda Hökuməti qurucularından birinə çevrilir. Orenburqda keçirilən II Ümumqırğız qurultayında Maqjanı Ahmet Baytursunovla birlikdə səfərbərlik komissiyasına seçirlər. Milli qüvvələrin qələbəsindən ruhlanan gənc şair “Nə görsəm də, Alaş üçün görərəm, Mənə ərmağandır, ulu xalqım üçün ölərəm” – deyə hayqırdı.

1917-ci ildə seminariyanı bitirən Maqjan öz təşəbbüsü ilə Omsk və Petropavlovskidə qazax müəllimləri üçün kurslar açır və bu kurslara rəhbərlik etdi. Lakin o arzu və istəklərini həyata keçirə bilmir. Bölşeviklərin, ağqvadriyaçıların, eləcə də ayrı-ayrı silahlı dəstələrin əsgəri birlikləri Türküstana ağır zərbələr vurur.

1916-cı ildə, yəni seminariyanı qurtaran kimi Çokan Valixanovun qohumlarından olan gözəl və yaraşıqlı Zeynəblə evlənir. Yeni ailə qurmasına baxmayaraq ictimai siyasi mübarizədən əl çəkmir. Belə qarışıq günlərdə, yəni 1918-ci ildə bolşeviklər Maqjan Jumabayovu Uş juz (üç cuz) milli qazax prtiyasının nümayəndəsi və ideoloqu kimi həbs edirlər. Yeddi aya yaxın Omsk həbsxanasında saxlanılan gənc şair zamanədən şikayət dolu bir sıra şeirlər yazır. Həbsxanada xanımına yazdığı “Yan-jarımdı bir suyein tusimde” həsrət şeiri dillər əzbərinə şevrilir.

Bolşeviklərin əsgəri birlikləri Alaş Orda Hökumətinin pərakəndə halda olan əsgəri birliklərini dağıdır, qazax, qırğız, özbək milliyətçilərinin bir qismini öldürür, həbsxa­na­la­ra göndərir və ya mühacirətə getməyə məcbur edir. Bu­nun­la da Rusiya yenidən qazaxlar və b. türk, müsəlman xalqlar yaşa­yan Orenburq, Türküstan quberniyalarını işğal etmiş olur.

Maqjan Jumabayov bir müddət Almatıda yaşamalı olur. Həmin günləri yazıçısı Yuri Osipoviç Dombrovski belə xatırlayır: “Mən Almatıda ateizmi muzeyində işləyərkən Maqjan Jumabayovla bir müddət eyni mənzildə yaşadıq. O, ağacdan at, xoruz, dovşan və b. heyvan fiqurları düzəldir, mən də onları Nikolsk bazarında satıb çörək və süd alırdım. O, xahiş edirdi ki, pula qənaət edib rənglər alım. Bu rənglərlə düzəltdiyi fiqurları rəngləsin. Çox kasıb yaşa-yırdıq. Yaşadığımız mənzil də yararsız idi.”

Ruh etibarı ilə millətçi olmasına baxmayaraq, bolşe­vik­lə­rin xalqlara azadlıq, sosial ədalət, bərabərlik şüarları Maq­janı da aldadır. Hətta doğulub boya-başa çatdığı bölgədə – Qızıl­jar­da qazax dilində çap olunan ilk Sovet qəzeti “Bostandıq tuı”nin redaktoru olur.

1922-ci ildə onu Türküstan Muxtar Respublikası Xalq Komissarlar Sovetinin sədri Turar Rıskulov Daşkənddəki Qazax-Qırğız İnstitutuna müəllim işləməyə göndərir. Daşkənddə müəllim işləyərkən vətənsevər, millətçi şeirlərini, publisistik məqalələrini “Ak jol”, “Sana”, “Şolpan” və b. mətbuat orqanlarında dərc etdirir. Daşkənd dövrü Maqjan Jumabayovun yaradıcılığının ən məhsuldar dövrü hesab edilir. O, burada “Şərq”, “Peyğəmbər”, “Azadlıq”, “Alov”, “Yoldaş” və b. şeirlərini, “Erteqi”, “Batır Bayan” və “Qorqud” poemalarını yazır.

“Kokşe tay”, “Ural dağları”, “Meşə”, “Ağcaqayın”, “Qış yolları” və b. şeirlərində vətənin gözəlliklərini tərənnüm edirdisə, “Külək”, “Alov”, “Əhval-ruhiyyəm”, “Dalğa”, “Ölüm, mənə layla çal” şeirlərində yaşam fəlsəfəsini ortaya qoyur. Onun qadınlara həsr etdiyi “Gülsaram”, “Sən hamıdan gözəlsən”, “Cəmilə” şeirləri ictimai məzmunlu da olsa, “Arzum”, “Sevirəm”, “Ey, Sarsembay”, “Qaranlıq burulğanlı gecə” və b. şeirləri dərin intim məzmunu ilə seçilirdi. Hansı mövzuda yazmasından asılı olmayaraq onun şeirlərində həmişə milli ruh hakim olur.


Necə deyərlər, ilham pə-risinin qanad çaldığı, po-eziyada böyük uğurlar qa­zan­dığı bir dövrdə onun dünyagörüşündə dəyişik-lik­­lər baş verir. Bolşevik-lərin verdiyi vədlərə əməl etmədiklərini görür. Odur ki, keçmiş əqidə yolaşları ilə görü­şüb məsləhət-lə­şə­rək xalqa divan tutan sovet məmurlarını durdur­maq üçün gizli təşkilat-ların işini fəallaşdırmağa çalışır­lar.

1922-ci ildə Orenburq­da pedaqoji məqalələr toplusu olan “Pedaqoqika” kitabını nəşr etdirir. Bu kitab ona yalnız elmi, pedaqoji sahədə deyil, siyasi dairələrdə də böyük nüfuz qazandırır. İkinci bədii kitabı, şeir və poemalarını daxil etdiyi “Maqjan Jumabayevin şeirləri” kitabı 1923-cü ildə Daşkənd­də işıq üzü görür.

Savaşlar, bolşeviklərin əsilzadələrə və ziyalılara tutduğu divan hər yerdə bir kadr qıtlığı yaratmışdı. Sovetlər kadra olan tələbatlarını ödəmək üçün yeni təhsil ocaqlarının açılmasına, oraya gənc kadrların cəlb edilməsinə xüsusi diqqət yetirirdi. Turar Rıskulov Maqjan Jumabayovun bacarığını, istedadını, işgüzarlığını yüksək qiymətləndirən, yaradıcılığını diqqətlə izləyən rəhbər işçilərdən olmuşdu.

Seminariyanı bitirsə də, ali məktəbdə dərs deyən şairi Türküstan Muxtar Respublikası Xalq Komissarlar Soveti 1923-cü ildə Moskvada yeni təşkil edilmiş V.Bryusov adına Ali Ədəbiyyat İnstitutunda oxumağa göndərir. Orada oxuyarkən Lermontovdan, Koltsovdan, Balmontadan, Merejkovskdən, İvanovdan, Mamina-Sibiryakdan, M.Qorki­dən, Blokdan, eləcə də Hötedən və başqalarından bədii tərcümələr etməklə kifayətlənmir, K.Marksın, F.Eng­elsin, V.İ.Leninin siyasi əsərlərindən də tərcümələr etmə­klə sanki qazax dilinin zənginliyini ortaya qoyur. Onu qazax ədəbiyyatının gah Puşkini, gah Bayronu, gah da Şekspiri adlandırırlar. Xarici görnüşünə, şeir oxuyarkən göstərdiyi jestlərə görə onu Sergey Yeseninə bənzədənlər də olur.

Moskvada Ali Ədəbiyyat İnstitutunda oxuyarkən dünyagörüşünü genişləndirməklə yanaşı, qırğız-qazax yazıçılarını birləşdirəcək “Alka” (Dairə) adlı ədəbiyyat təşkilatının proqramını hazırlayaraq poçtla Türküstanda tanıdığı ədiblərə göndərir. Bu proqramdan Sovet xüsusi xidmət orqanları xəbər tutur. Proqramı diqqətlə incələyərək, onu Alaş Orda ideyalarının davamı, millətçiliyin təbliğinə xidmət edən bir sənəd kimi qiymətləndirirlər.

Ali Ədəbiyyat İnstitutunda oxuyan və Kommunist İnternasionalı Universitetində Şərq dillərindən dərs deyən Maqjan Jumabayev qırğız-qazax ibtidai məktəblərində ana dilinin tədrisi metodikası kitabını yazaraq 1925-ci ildə Moskvada çap etdirir.

Lakin Maqjan Jumabayevə qarşı hücumlar da ara vermirdi. Onu millətçilikdə, antisovet təbliğatı aparmaqda suçlayırdılar. Şairin bolşeviklərin hakimiyyətə gəlməsindən əvvəl yazdığı, Rusiyanın müstəmləkəçilik siyasətini tənqid edən şeir və poemalarındakı baxışlarını antisovet təbliğat, Rus xalqına qarşı nifrət oyadan əsərlər kimi təhlil edirlər.

1924-cü ilin sonlarında Moskvada təhsil alan qırğız- qazax tələbələr Maqjan Jumabayevin şeirlər kitabını müzakirə edərək belə qərar qəbul edirlər: Birincisi, Juma­bayın bütün əsərləri əksinqilabi, antipartiya və əməkçilər üçün yararsız hesab edilsin, ikincisi, nəşr edilmiş toplu böyük yanlışlıq kimi müəyyənləşdirilsin, yaxın əlli illikdə kitabın haqqında söz açılması qadağan edilsin,

... Biz Moskvada oxuyan qazax gəncləri Maqjan Jumabayevə ideya mövqeyinin yanlış olduğunu xatırladır və bütün gəncləri səsimizə səs verməyə çağırmağı özümüzə borc bilirik”.

Maqjan Jumabayevə xalqının ata-baba yurduna sahib çıxıb azadlığına qovuşmaq çağırışları, nəsihətləri, Turançılıq eşqi, Türkiyəyə məhəbbəti hakimiyyəti çox rahatsız edirdi. Bu cür düşüncəsinə görə Sovet hökumətinin qara siyahısına düşdü. Başqa əsərləri o yana Türkiyədəki istiqlal savaşına həsr etdiyi "Alıstaki bavrım" (Uzaqdakı qardaşıma) şeiri kifayət etdi ki, Sovet xüsusi xidmət orqanları Maqjanı təqib etsinlər. Türkiyəyə müraciətlə “Uzaqdakı qardaşıma” şerində yazırdı:

Uzaqda ağır əzab çəkən qardaşım!


Qurumuş lalə kimi çökən qardaşım!
Ətrafını sarmış düşman ortasında
Göl qılıp göz yaşını tökən qardaşım!

Önünü ağır qayğı örtmüş qardaşım!


Ömrüncə yaddan cəfa görmüş qardaşım!

1927-ci ildə milli kadrlara böyuk ehtiyac olması adı ilə Maqjan Jumabayovu Qazaxıstana gətirdirlər. Lakin ona burada nəinki münasib bir iş verirlər, əksinə təqib etməyə, təzyiqlər göstərməyə başlayırlar. Vətənə dönən gənc şair Kızıljarda müəllimlik etməyə başlayır. Turançılıq ruhu aşılayan “Türküstan” şeiri, milləti azadlıq eşqilə alovlandıran “Jusıb xan”, “Taksan Tobu” poemalarını yazır.

Qazaxıstan Diyar Partiya Komitəsinin birinci katibi Qoloşekin 1927-ci ildəki çıxışında yaşlı nəsl yazıçı və alimlərindən söz açarkən deyir ki, siz Maqjan Jumabayın məşhur “90”-a şeirini oxumusunuz və bir çoxunuz onun səmimi olduğunu düşünürsünüzsə yanılırsınız. “100”-ə, bütün qazax xalqına istinad etsələr də onlar məğlub oldular. Bu məğlubiyyəti qəbul edə bilmədikləri üçün bu dəfə “90”-a şeirini yazıb, öz ideyalarını yaya bilmək üçün bizimlə belə bir oyun oynayırlar. Belələrinə aldanmaq və onların bizimlə olduğuna inanmaq olmaz.

Ədəbi tənqidçi Q.Toqjanov da məqalələrində partiya işçilərinin dediklərini təkrarlayaraq yazır ki, Maqjan özünün təsirli “90” şeirini yazmaqla əsas məsələni dəyişməyə çalışır. O, bu şeirində oxucunu “90” uğrunda “10”dan vaz keçdiyinə inandırmağa çalışır. Məhz elə burda onun heç bir ciddi problemi olmayıb.

Əslində Partiya Komitəsinin birinci katibi Qoloşekin də, tənqidçi Q.Toqjanov da doğru bilmişdi. Maqjan Jumabayın şeirində qazaxların yüzdə 90 faizinin Sovetlərin tərəfində olduğunu, yüzdə 10 faizinin isə Sovetlərin əleyhinə olduğunu pafoslu və poetik bir dillə qələmə almışdı. Şeirdə güclü suarçılıq vardı. Bu şeiri oxuyanlar Maqjan Jumabayı tanımasaydılar elə bilərdilə şair yüzdə 90-ın hesabına, yüzdə 10 qurban verməyə də hazırdır. Maqjan Jumabay yaxşı tanıyanlar isə açıq-aşkar görürdülər ki, şair yüzdə 10-un dilindən dedikləri qazax xalqının çoxunun arzu və istəyirir.

Şair-alimin 1929-cu ildə Moskvada böyüklərə əlifba öyrədən “Savadlı ol” kitabı nəşr olunur. Lakin bu nəşrlər, rus şairlərinin onun haqqında yazdıqları xoş sözlər Maqjan Jumabayovu 1929-cu ilin kütləvi həbslərindən xilas edə bilmir. İyul ayinda onu da Petropavlovskdə 42 nəfər keçmiş alaşordaçılarla birlikdə tuturlar. O, pantürkizmdə və Yapo­niyaya casusluqda ittiham edilərək 10 il azadlıqdan məhrum edilir. Öncə Moskvadakı siyasi dustaqların saxlandığı Butırka həbsxanasında saxlanılır, sonra da Kareliya və Arxangelski vilayətlərindəki həbs düşərgələrinə göndərilir.

Maqjan Jumabayov müxtəlif hökumət orqanlarına haqsız həbs edildiyi haqqında ərizələr yazsa da, heç bir cavab çıxmır. 1934-cü ildə Maksim Qorkiyə məktub yazaraq onun hekayələrini qazax dilinə tərcümə etdiyindən, yaradıcılıq yolundan, rus və Avropa yazıçılarının əsərlərini qazaxcaya çevirdiyindən söz açır, vəziyyətini anladır. Xanımı Züleyxa bu məktubun ünvanına çatdırılmasına nail olur. M.Qorki və xanımı Yekaterina Peşkovanın Dünya Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətlərinə, eləcə də RK(b)P Mərkəzi Komitə­sinə yazdığı məktublardan sonra Maqjan Jumabayo­vun adı da əfv olunanlar sırasına salınır. Svirski həbs düşərgəsindən azad edildikdən sonra 1936-cı ildə Petropavlovska dönərək texnikumda dərs deməyə başlayır. Dar günlərində ona maddi kömək edən S.Seyfullin də çox vaxt kömək edib onu təqib və təzyiqlərdən qoruya bilmir.


1937-ci il dekabrın 30-da Almatıda yenidən həbs edilən Maqjan Jumabayovu 1938-ci il martın 19-da güllələyirlər.

Züleyxa Maqjan Jumabayovun əsərlərinin bir qismini qoruyub saxlaya bilir. 1956-cı ildə Sov.İKP-nin XX qurultayından sonra Maqjan Jumabayov və onun kimi on minlərlə insana bəraət verildiyi elan edilsə də, əsərlərinin çapına icazə verilmir.

1937-ci il repressiyası yalnız Maqjanı “udmaq”la kifayətlənmir. Hazırda Maqjan Jumabayov fonduna rəhbərlik edən, Maqjanın qardaşı Qalıjanın qızı Rayxan Jumabayeva yazır ki, əmilərim Əbümüslüm, Qəhrəman da 1937-ci ildə “yoxa çıxdlıar”. Onlardan hələ də bir iz tapa bilmirəm. Əmim Muhamedjana da xalq düşmanı kimi 10 il həbs cəzası kəsmişdilər. Onu 1980-ci ildə gördüm. Yaşı 80 keçsə də yaraşıqlı, qəddi-qamətli bir el ağsaqqalıydı. Ensklopedik məlumatlı bu insan bizim şəcərəni gözəl bilirdi.

1



Yüklə 9,67 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin