Elmi, təhsili heç vaxt unutmayan bir



Yüklə 6,34 Mb.
səhifə32/68
tarix02.01.2022
ölçüsü6,34 Mb.
#2186
1   ...   28   29   30   31   32   33   34   35   ...   68
2010-cu il.


TƏRƏQQİYƏ APARAN YOL

Tariximizə nəzər salarkən aydın olur ki, Azərbaycanın tarixi keçmişi çox zaman keşməkeşli və məşəqqətli hadisələrlə müşayiət olunmuşdur. Bu yolda isə əsas məqsəd xalqı qorumağa, onun rifahını təmin etməyə yönəlmişdir. Əslində, bütün xalqlar həmişə buna can atsalar da, bizim tarixi mübarizələrimiz daha ağır, daha gərgin keçibdir. Vətənimiz gözəl, torpaqlarımız bərəkətlidir. Ona görə də həm şimaldan, həm cənubdan, həm də qərbdən daim qonşuların bizim xeyir-bərəkətimizdə gözləri qalıbdır. Allahın verdiyi bərəkətli Vətən torpağı bəzən bizə dostdan çox düşmən qazandırıb. Bu səbəbdən qılınc həmişə xalqımızın əlində, şəhidlik isə taleyində olub.

Nə qədər çətin olsa da, biz torpağımızı, onun üzərində yaşamaq haqqımızı, milli varlığımızı yaşada bilmişik. Bunu çox zaman vahid və qüdrətli dövlət olmadan, ağır mübarizələr nəticəsində əldə edə bilmişik. O zamanlar güclü və amansız qonşular bizə qarşı çıxır, milli özünütəsdiqin əsas aləti olan müstəqil dövlət yaratmağa bizə imkan vermirdilər. Çünki bilirdilər ki, dövlətin yaradılması siyasi, iq­ti­sadi, mədəni tərəqqi üçün imkanlar açır, hər cür xarici mü­da­xilənin qarşısına sədd çəkə bilir.

Azərbaycan təbii sərvətlərlə zəngindir və bu amil milli taleyimizdə çox zaman ikili rol oynayıb: bir tərəfdən xalqın müqavimət gücünü artırıb, digər tərəfdən, xarici qəsbkarları ölkəyə cəlb edib. Lakin birinci amil daha əhəmiyyətli olub. XIX əsrdə bunun bariz təzahürü Bakıda neft sənayesinin inkişafı oldu. Bu inkişaf xalqımızın yolunu müasir burjua maarifinə açdı və Bakını dünyanın ən mühüm sənaye mərkəzlərindən birinə çevirdi. Beləcə, Azərbaycan türkləri İslam maarifinə yiyələnməkdə türk xalqları arasında birinci olduqları kimi, burjua maarifinə keçiddə də birinci oldular. Təkcə türk xalqları arasında deyil, bütün müsəlman dünyasında birinci oldular.

Millətin böyük maarifçiləri - A.Bakıxanov, M.F.Axundov, H.Zər­dabi ərsəyə gələn kimi, onlar milli tərəqqi arzuları ilə yaşamağa başladılar. Rus - Avropa mühiti təmsilçiləri arasında yaşayan bu şəxslər öz xalqlarının rifah halı ilə burjua tərəqqisinə çatmış xalqların həyatını müqayisə etmək imkanı əldə etmişdilər. Bu müqayisə müsəlman türklərinin maarif, elm, sənaye baxımından çox böyük geriliyini ortaya qoyurdu. Xalqımızın dövləti yox idi. Ən dəhşətlisi isə, milli məktəbin yoxluğu idi. Bu, xalqımız üçün müasir tərəqqiyə aparan yolun yoxluğuna bərabər idi və bu fakt maarifçi babalarımızı dəhşətə gətirir, onların insan və millətin balası kimi bütün rahatlığını əlindən alırdı. Onlar üçün iki yol qalırdı: qara camaata qarışıb cəhalət bataqlığında itmək, ya da fəaliyyət və hərəkət edib, maddi cəhətdən varlı, mənəvi cəhətdən kasıb xalq üçün məktəb açmaq.

Məktəb tərəqqi etmiş müasir dünya haqqında biliklər və təsəvvürlər almaq üçün müqəddəs, sehrkar bir yer - məbəd kimi təsəvvür olunurdu. Tarix də bu işdə millətin maarifçilərinə yardımçı oldu: Bakıda neft sənayesinin sürətli inkişafı texnik və mühəndis kadrlarına ehtiyacı artırır və Çar hökumətini də Bakıda təhsili inkişaf etdirməyə, məktəblər və peşə öyrədən qurumlar yaratmağa sövq edirdi. Mürtəce ruhaniliyin qəddar müqavimətinə baxmayaraq, dövrün gözüaçıq adamları müsəlman balalarını da əsasən rusdilli məktəblərə qoyurdu.

XIX əsrin yetmişinci illərindən başlayaraq Azərbaycanda burjua maarifi sürətlə tərəqqi etdi. Maarifçi ziyalıların sayı minlərlə idi və onların hamısının əqidəsi bir idi: milli tərəqqiyə xidmət etmək. Tərəqqi ideyasının özü bütün maarifçi ziyalılar üçün müqəddəs oldu, həyatın mənasına çevrildi.

XIX əsrin əvvəllərində milli tərəqqi ideyası o qədər geniş yayılmışdı ki, hətta ən mürtəce ruhanilər belə, xalq adamı kimi görünmək üçün tərəqqidən danışırdılar. Lakin maarif və tərəqqi hərəkatının başında duranlar onlar yox, rus təhsilli milli burjua ziyalıları idi. Rus təhsilinə baxmayaraq, onların ən qabaqcılları fars-ərəb dillərini bilir, Azərbaycan dilində yazıçılıq, şairlik və mühərrirlik edirdilər. C.Məmmədquluzadə, M.Ə.Sabir, N.Nərima­nov və başqaları həm də ana dili müəllimi idilər. Milli tərəqqi ideyası onlar üçün müqəddəs bir məslək idi. Onların hər biri millətin qabaqcıl xalqlar sırasına çatması üçün görülən böyüklü-kiçikli işlərlə fəxr edirdilər.

Rusca təhsil almış belə ziyalılar sonralar Azərbaycan De­mok­ratik Cümhuriyyətinin qurucuları və rəhbərləri oldular. Lakin tarix yenə bizim əleyhimizə işlədi: Birinci Dünya Müharibəsinin xarabalıqları içərisindən çıxan imperiyalar özlərini bərpa etdilər və dünyanı təzədən bölüşdürdülər. Böyük dövlətlər Azərbaycanı Rusiyanın tərkib hissəsi kimi tanıdılar və Demokratik Cümhuriyyət məğlub oldu. Bolşeviklər millət ideyasının düşməni kimi Azərbaycana soxuldular. Onlar Azərbaycanı sinfi prinsiplə təzədən “qurmağa” başladılar. Tarixi eksperiment çox qanlı oldu: maarifçi, milli tərəqqi ideyasına bağlı olan ziyalıların əksəriyyəti məhv edildi.

Bolşeviklər Azərbaycanda da milli kökü olmayan proletar ziyalısı sinfi yaratmağa başladılar. Bu ziyalılar artıq öz xalqlarının tərəqqisi üçün deyil, mücərrəd proletar təbəqələrin gələcək xoşbəxtliyi, mifik sosializm və kommunizm uğrunda mübarizə edirdilər. Azərbaycanda da proletar ziyalısı adı ilə milli siması olmayan bir “ziyalı” sinfi yarandı. Bu dırnaqarası sinif bəşər tarixində tayı-bərabəri olmayan 1937-ci il repressiyalarının təşkilatçısı və icraçısı oldu. Qanlı qorxu içində milli tərəqqi ideyaları sanki yaddan çıxdı. Amalı çörək pulu olan bir təbəqə yarandı və “ziyalı” adlanmağa başladı. Bu, maarifçilərə nisbətən dəhşətli geriləmə və deqradasiya idi.

Amma əslində, milli tərəqqi ideyaları aradan çıxmadı. Böyük Vətən Müharibəsi dövründə vətənpərvərlik təbliğatı genişləndi. Bolşevik təbliğatı adamlara öz müqəddəs torpağında yaşadığını təbliğ etməyə məcbur oldu. Azərbaycan tarixinə, xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizələrinə həsr olunmuş şeirlər, hekayələr, dram əsərləri, romanlar meydana çıxdı. İnsanlar öz tarixi keçmişlərini, milli talelərini düşünməyə başladılar. Bu illər həm də gələcək milli liderimiz Heydər Əliyevin vətənpərvər bir şəxsiyyət kimi formalaşdığı dövr idi. Öz xalqının tarixini diqqət və məhəbbətlə öyrənən Heydər Əliyev tarixdə xalqımızın yeri, onun gələcək və xoşbəxt taleyi haqqında fikirləşməyə başladı. Belə fikirlər üçün hər cür əsas var idi: vətənimiz təbii sərvətlərinə, yumşaq iqliminə görə dünyanın ən gözəl guşələrindən biri idi. Burada yaşayan xalq mütləq xoşbəxt olmalı idi.

Tale də gənc Heydər Əliyevi sanki öz niyyətinə tərəf yönəltdi. O, ilk addımlarından dövlətçiliklə bağlı oldu, bu idealına xidmət etdi. Tale də onu yüksəltdi. Elə Azərbaycanın gələcək yüksəlişi üçün yüksəltdi.

Ulu yaradan ona qüdrətli və yenilməz iradə vermişdi. Bu iradə hər yerdə qalib gəlir və özünə yol açırdı. Bu yol həm də xalqımızın gələcəyə doğru, rifaha doğru yolu idi.

1969-cu ilin yayında Heydər Əliyev respublikanın rəhbəri se­çilən­də xalqın tarixi tərəqqisində növbəti səhifə açıldı. Böyük rəh­bər yorulmaz bir enerji ilə ölkənin iqtisadiyyatının, mədəniyyətinin yük­səlişi uğrunda mübarizəyə başladı. İndi o, əsas və uzaqgörən ar­zu­suna çatmışdı: Azərbaycan xalqının azad və xöşbəxt millətlər sı­ra­sına çıxması üçün mübarizə. Bu çalışmalar elə ulu maarif­çi­lə­ri­mi­zin doğma xalqın müasirləşməsi uğrunda mübarizəsinin davamı idi. Heydər Əliyev Moskvada qazandığı böyük nüfuzdan istifadə edir, plan orqanlarından ölkənin iqtisadi tərəqqisi üçün, ölkənin simasını dəyişdirən tikinti işləri üçün maliyyə dəstəyi alırdı.

Sovetlərin dağılması ərəfəsində Heydər Əliyev xalq hərəka­tındakı cavan və sağlam milli qüvvələrə rəhbərlik etdi, sonra isə müstəqil dövlətin başçısı və yaradıcısı oldu. O, xalqımızı gələcəyə aparacaq siyasi təşkilatı - Yeni Azərbaycan Partiyasını yaratdı. Bu, həm rəhbərin qızğın siyasi tərəfdarlarının, həm də böyük ziyalı qüvvələrinin partiyası oldu. Böyük rəhbər partiyanın quruculuğuna şəxsən nəzarət edir, onun aparatının sağlam, uzaqgörən, konstruktiv və perspektivli kadrlarla möhkəmlənməsini təmin edirdi. İndi bu partiya ölkənin ən böyük siyasi təşkilatı olmaqla, xalqın siyasi, iqtisa­di və sosial mənafeləri uğrunda Azərbaycanın bütün bölgələrində mübarizə aparır. Yeni Azərbaycan Partiyası öz monolitliyi, böyük rəhbərin ideyalarına və vəsiyyətlərinə sədaqəti ilə ölkəmizdə gedən işlərə istiqamət verir, parlament və prezident seçkilərində əhalinin tam əksəriyyətinin səsini və etimadını qazanır.

Böyük öndər həmişə olduğu kimi, müstəqillik dövründə də xal­qın tərəqqisinin əsasını onun güclü dövlətində və iqtisadiy­ya­tın­da görürdü. Qısa bir tarixi vaxtda o, nəinki müstəqil dövləti müx­təlif qəsdlərdən qorudu, üstəlik onu sabitləşdirib möhkəmləndirdi, Azərbaycanın müstəqilliyini dönməz və əbədi etdi. Heydər Əliyev dünyəvi, demokratik və hüquqi dövlət qurdu: 1995-ci ildə müstəqilliyimizi təsbit edən Konstitusiyamızı yaratdı, ölkədə liberal bazar iqtisadiyyatına keçid üçün hüquqi bazanı təmin etdi.

O zaman ölkədə keçirilən hüquqi islahatların misilsiz əhəmiyyəti var idi. Qısa bir vaxtda qəbul olunan onlarla qanun, xüsusilə yeni mülki və cinayət qanunvericiliyi yeni rejimin sovet sistemindən əsaslı fərqlərini təyin etdi. Sürətli və prinsipial hüquqi islahatlar yeni, müstəqil və demokratik dövlətin yaradılması prosesini tamamladı. Artıq 1995-1996-cı illərdə ölkə yeni bir siyasi yolda idi. Bu yolun bütün məzmunu onun, sözün həqiqi mənasında, milli tərəqqi yolu olmasından ibarət idi. Məhz bu illərdən etibarən Xalq Cəbhəsinin səhv siyasəti ilə dağıdılmış iqtisadiyyatımızın və cəmiyyətimizin tərəqqisi başlandı.

2003-cü ildə İlham Əliyevin Prezident seçilməsi Ulu öndərin milli tərəqqi kursunun davamı idi. Bu kursun taleyi məhz varis problemindən asılı idi. Azərbaycanın Ermənistanla müharibə vəziyyətində olması, cənub və şimal qonşuları ilə mürəkkəb münasibətləri Heydər Əliyevin siyasi xəttinin diqqətlə və yaradıcı şəkildə davamını tələb edirdi. Böyük rəhbər xarici qonşularla daimi intriqalar və ziddiyyətlər şəraitində diqqətlə ölçülüb-biçilmiş səbrli və təmkinli siyasət aparırdı. Balaca dövlət üçün bu həyati bir zərurət idi. Belə siyasəti xalqın maraqları tələb edirdi və tələsik siyasətbazlığın qarşısını alırdı.

Zamanın təsdiqlədiyi siyasi kursa sadiq olan İlham Əliyev, ilk mərhələdə kadr sabitliyini də mühüm sayır, Heydər Əliyevin təyin etdiyi kadrlara qayğı ilə yanaşırdı. Bu da müdrik və uzaqgörən bir xətt idi. Lakin müxalifətin mətbuat orqanları bu xətti təhrif edir, hər cür tələsik yozumlar çıxarır, Prezidenti yetişməmiş qərarlara sövq etmək istəyirdilər. Lakin bunlar baş tutmadı, Prezidentin siyasi təmkini davam etdi və qalib gəldi. Nəzərə alındı ki, təcrübəli kadr potensialı qorunmalıdır. O biri tərəfdən, hamıya səmərəli işləmək, ölkənin tərəqqisinə kömək etmək üçün şans verildi. Aydın oldu ki, rəhbərin liberal praqmatizmi bütün sahələrdə, o cümlədən idarəçilikdə və kadr siyasətində də davam edəcəkdir.

İlham Əliyevin şəxsində ölkə rəhbərliyinə qərb tipli yeni idarə­çilik texnologiyalarına, siyasi və diplomatik təfəkkürə dərin­dən bələd olan bir rəhbər gəldi. Onun fəaliyyəti ilə qısa bir vaxtda ölkədə siyasi və təsərrüfat qərarlarının qəbulu proseduru yenidən quruldu və intensivləşdi. Bu, iqtisadiyyatın idarə olunması effektivliyində özünü aşkar hiss etdirdi. Son üç ildə vətənimiz Ümumi Daxili Məhsulun artım tempi cəhətdən bü­tün MDB dövlətlərini arxada qoydu. Bu, siyasi praqma­tiz­min real bəhrəsi, iqtisadi idarəçiliyin səviyyəsinin yüksəlməsi de­mək idi. Real iqtisadi tərəqqi, sosial problemlərin sürətli həlli üçün bu, əsas şərt idi. Ölkənin büdcəsinin qonşu ölkələrlə müqa­yisəyə gəlməz bir sürətlə artması da real iqtisadi çiçəklənmənin nəticəsidir.

İqtisadi yüksəliş və büdcənin artması ölkədə fəal iqtisadi quruculuq və sosial siyasətin yeridilməsi üçün imkanlar açmışdır. Qeyri-neft sektorunda istehsalın artırılması üçün xüsusi dövlət proqramı qəbul edilib və bu proqram uğurla həyata keçirilir. Regionların İqtisadi İnkişaf Proqramı adlandırılmış bu mühüm dövlət sənədi kənd rayonlarında yeni istehsal müəssisələrinin açılmasını və on minlərlə iş yerlərinin yaradılmasını təmin etmişdir. Bundan başqa, kənd təsərrüfatını maliyyələşdirmək üçün xüsusi sərəncam imzalanmışdır. Kənd təsərrüfatını kreditləşdirən məqsədli dövlət bankına ehtiyac çoxdan hiss olunurdu və onun yoxluğu ərzaq istehsalına mənfi təsir göstərirdi. Ümid etmək olar ki, bu qurumun işə düşməsi ərzaq emalı sahəsində kənd rayonlarında canlanmaya səbəb olacaq və ölkəmizi keyfiyyətli ərzaq ixrac edən dövlətlər sırasına çıxaracaqdır. Bunun üçün hər cür imkanlar var. Yeni texnologiyalara əsaslanan emal müəssisələri xammal alıcısı kimi kənddə istehsalı daha da intensiv edəcək, yerlərdə əmtəə-pul münasibətlərini dərinləşdirəcəkdir.

Yeri gəlmişkən, qeyd edək ki, ölkəmizin Konstitusiyası liberal bir Konstitusiyadır: onun əsasını şəxsiyyət hüquqlarının prioriteti prinsipi təşkil edir. Bütün qabaqcıl dövlətlərin təcrübəsi hərtərəfli inkişaf üçün bu prinsipin daha səmərəli olduğunu təsdiqləyir. İndi dünyanın ən konservativ ölkələri belə, bu sistemə keçir, dövlətin mülkiyyətçilik funksiyasının mini­muma endirilməsi siyasətini yeridirlər. Müasir iqtisadiy­ya­tın praktikası xüsusi mülkiyyətin dövlət mülkiyyətindən d­a­ha effektiv idarə olunduğunu və cəmiyyətin maraqları üçün da­ha əhəmiyyətli olduğunu təsdiq edir. Ölkəmizdə məhsul istehsalında və büdcəyə ödəmələrdə xüsusi mülkiyyətin payı ildən- ilə artır.

Azərbaycan nisbətən balaca dövlətdir. Ona görə də onun ağır sənayedə xüsusi istehsal sahələri yaratmaq imkanı yoxdur. Bunun əvəzinə, bizim böyük yüngül sənaye potensialımız, qonşu ölkələrlə istehsal və əmək bölgüsündə fəal iştirak etmək imkanlarımız vardır. Nəqliyyat, rabitə, informasiya texnologiyaları sahəsində bu imkanlar daha çoxdur. Qeyri-neft sektorunun inkişafı, ölkədə məhsul istehsalının artımı da ən çox bu sahələrin hesabına gedəcəkdir. Bunun üçün lazım olan liberal cəmiyyət, sabit və möhkəm dövlət idarəçiliyi artıq bizdə mövcuddur. Təsadüfi deyil ki, Prezident bu sahələri himayə edir, vəsaitlər ayırır, tikinti işlərini diqqət mərkəzində saxlayır.

İlham Əliyev təkcə iqtisadiyyatda yox, siyasətdə də müdrik bir varis, liberal və praqmatik olduğunu sübut etdi. O, ha­kimiyyətlərin bölünməsi prinsipinə ciddi əməl edir, ölkədə özəlləş­dirmə siyasətini ardıcıl bir qətiyyətlə aparır. Onun xət­tinə qarşı olan müxalifətə diqqətlə qulaq asır, arqumentlərini sü­but edib öz xəttini davam etdirir. Onun prinsipial qərarlarından siyasi müxalifətdə narazılar da olur. Lakin Prezident qərar qəbul etdikdən sonra heç vaxt tərəddüd etmir, eyni zamanda, müxalifət mətbua­tında müxtəlif rəylərin söylənməsinə də mane olmaq siyasəti yeritmir.

İlham Əliyevin praqmatizmi sonuncu parlament seçki­lərinin nəticələrində də özünü göstərdi. Müxalifətin liberal qanadından keçmişdə cəbhəçi kimi tanınan ziyalı və siyasətçilər Milli Məclisə üzv seçildilər. İlk vaxtlar bunu pərdəarxası sazişlərin nəticəsi kimi qələmə verənlər də oldu. Lakin seçkilərdən sonrakı mərhələdə iqtidar-müxalifət münasibətlərində prinsipial dəyişikliklər özünü göstərir. Ən radikal partiyalarda belə, iqtidarla dialoq siyasətinə üstünlük verilməyə başlanır. Şübhəsiz ki, bu, hər şeydən artıq Prezidentin müxalifətə qarşı praqmatik siyasətinin nəticəsidir. Bu uzaqgörən siyasət iqtidarla müxalifət arasında münasibətlərin keyfiyyətcə yeni bir mərhələsini açır, xalqın siyasi birliyi üçün daha geniş imkanlar yaradır.

İndi ölkənin siyasi mühitində müxalifətçiliyin belə bir anlayışı daha çox tərəfdar qazanır. Müxalifətçilik, əslində siyasətlə məşğul olan milli tərəqqiyə xidmətin bir formasıdır. Bunu nifrət, düş­mənçilik, inkarçılıq, siyasi zorakılıqla qarışdırmaq olmaz. Döv­ləti sarsıtmaq, nüfuzdan salmaq, hər şeyi qara rəngdə qələmə verməklə cəmiyyətə xidmət etmək mümkün deyil.

Prezident müxalifət və onun mətbuatı ilə yaranan konfliktlər­də dövlətin mümkün qədər neytral və hövsələli mövqe tutmasına çalışır, müxalifət mətbuatını məhkəmə və digər yollarla sıxışdırmaq istə­yən­ləri dayandırır. Son dövrdə telekanallardan birinin bağlan­ması ilə bağlı hadisələrdə Prezidentin mətbuata qarşı xeyirxah mü­nasibəti bir daha üzə çıxdı.

Eyni zamanda, Azərbaycandakı rejimin demokratizmi məsə­ləsi ətrafında polemikalar hələ də davam edir. Müxalifətin bəzi zorakı dairələri mətbuatın da zorakılıq və qanunun fövqündə durma prin­sipinə keçməsinə çalışırlar. Lakin bu, demokratiya üçün ən təhlü­kəli bir istiqamətdir. Ona görə ki, mətbuatın qanun çərçivə­sin­dən çıxması ictimai rəyə mənfi təsir göstərir, destruktiv ovqatların, qa­nundan yüksəkdə olmaq təşəbbüslərinin ortaya çıxmasına səbəb olur. Bu halda, mətbuatın təbiəti dəyişir, o, mafioz və anarxist bir qüvvəyə çevrilir. Ona görə də dövlət müvafiq qurumlara, mətbuat sferasında qanunlara əməl olunmasına nəzarət etməklə, ölkənin demokratik tərəqqi yolunu qorumuş olur. Bu, hər şeydən əvvəl Azərbaycanda demokratik rejimin tərəqqipərvər xarakterini və niyyətlərini bir daha təsdiqləyir. Beynəlxalq qurumların İlham Əliyev hakimiyyəti ilə yaxın və konstruktiv əməkdaşlığı da bunu təsdiqləyir.

Bizdə hökumətlə müxalifət arasında gərginlik yaradan amillərdən biri də səviyyəsiz və qəzəbli siyasi qəzetlərdir. Çox vaxt bir-iki əməkdaşdan ibarət olan bu qəzetlər çıxan kimi şantaj xarakterli yazılarla, iqtidarın mövqeyində duranları ləkələməklə məşğul olmağa başlayırlar. Belə təsəvvür yaranıb ki, qəzet əgər hökumətə, səlahiyyətli məmurlara meydan oxumasa, onun oxucusu olmaz. Onların şantaj etdiyi şəxslərin eyni adamlar olması qəzetlərin də bir-birinə oxşamasına səbəb olur. Belə hal təəssüf doğurur. Bu cür qəzetləri çox zaman vəzifədən azad edilmiş keçmiş məmurlar maliyyələşdirirlər.

Belə istisnaları nəzərə almasaq, hazırkı Azərbaycan mətbuatı və telekanalları şəxsiyyət azadlığının və plüralizmin qərb standartlarına tam uyğundur. Xaricdən gələn qonaqlar ölkəmizdə özlərini bir qərb ölkəsində olduğu kimi hiss edirlər. Azərbaycanın digər müsəlman ölkələrinə nisbətən qərb yönümlü tərəqqidə ön cərgədə olması davam edir və biz bununla fəxr etməkdə haqlıyıq.

Artıq respublikamız tez-tez böyük beynəlxalq tədbirlərə, görüş, yarış və yığıncaqlara ev sahibliyi edir. İstər müxtəlif nazirliklərin xətti ilə gedən tədbirlər, istərsə də Olimpiya Komitəsi xətti ilə təşkil olunan beynəlxalq yarış və turnirlər ölkəmizin həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynayır. Bədxah ermənilərin bizim haqqımızda yaydıqları şayiələr, iftiralar qonaqların şahidliyi ilə təkzib və rədd olunur, vətənimiz haqqında xoş rəylər və təsəvvürlər bütün dünyaya yayılır. Bu tədbirlərdə çoxlu ziyalı və siyasətçilər, jurnalistlər iştirak edir və özləri ilə xoş təəssüratlar aparır, yurdumuzun dostlarına və təbliğatçılarına çevrilirlər. Mədəni mübadilə hər cür tərəqqiyə birbaşa təsir göstərən, dünyanı öyrənib mənimsəməyə və ölkəmizi dünyada tanıtmağa xidmət edən bir vasitəyə çevrilir.

Bakıda və respublikada gedən sürətli inşaat işləri ölkənin və paytaxtın simasını dəyişir. İdman və mədəniyyət obyektlərinin tikintisi və bərpası aktiv mədəni siyasət aparmaq üçün əlverişli şərait yaradır. Bir vaxtlar boş olan mədəniyyət obyektləri, idman sarayları, teatrlar indi tam gücü ilə işləyir. Yeni yaradılmış “Üns teatrı” mədəni mübadilənin, xüsusilə klassik səhnə ənənələrinin inkişafına, bu sahədə ölkədəki mədəni prosesin və yaradıcı axtarışların fəallaşmasına kömək edir.

Milli lovğalıq, milli spesifikanın şişirdilməsi müasir Azərbay­ca­na yaddır. Ölkəmiz dünyada yaranan bütün yeni mədəni və intel­lek­tual dəyərlər üçün açıqdır. Belə siyasət ölkəmizin strateji coğrafi mövqeyinə də uyğundur: biz ancaq açıq və müasir cəmiyyət olaraq daha sürətlə tərəqqi edər, müstəqilliyimizin olmadığı dövrlərdən qalmış geriliyimizi və problemlərimizi daha sürətlə həll edə bilərik.

Çox əhəmiyyətlidir ki, Azərbaycanın xarici siyasətinin mədəni qanadı çox aktivdir və bu xəttin başında ölkənin birinci xanımı Mehriban Əliyeva durur. Xatırlayıram ki, on il əvvəl bizdə hələ informasiya blokadasının yarılmasından söhbət gedirdi. İndi isə biz xarici siyasətin mədəni qanadından danışırıq. Burada, ilk növbədə ölkənin BMT-nin mədəni-humanitar qurumları ilə əməkdaşlığı xatırlanmalıdır. Mehriban xanım Əliyevanın bu qurumun Xoşməramlı Səfiri adını daşıması bu istiqamətdəki siyasətimizin səmərəli olduğunu və ölkənin imicini aktiv şəkildə yaxşılaşdırdığını göstərməkdədir. İndi fəal şəkildə aparılan mədəni xarici siyasətin əhəmiyyəti təsəvvürə gəlməzdir.

Bizdə bu gün daxili siyasətin də mədəni qanadı vardır: bu, ölkədə yeridilən mədəni siyasətdir. Hesab edirik ki, bu siyasətin ən qüvvətli və mühüm tərəfi Heydər Əliyev Fondunun xətti ilə aparılan görünməmiş miqyaslı məktəb tikintisi və yenidənqurma işləridir. Bu elə millətimizin ziyalılarının milli məktəblə bağlı milli tərəqqi arzularının gerçəkləşməsidir.

Son yüz əlli ildə biz də, dünya da dəyişib. Lakin milli təhsil və milli mədəniyyət bu gün də xalqı yüksəlişə aparan yol göstə­ri­ci­si­dir. Bu yolun başlanğıcında Heydər Əliyev dühası durursa, onun in­ti­baha aparan yollarında ölkə Prezidentinin uzaqgörən siyasəti, bu siya­səti dəstəkləyən Azərbaycan xalqı daim irəliyə doğru addım­la­yacaqdır.



Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin