2008-ci il prezident seçkiləri ərəfəsi.
MÜTLƏQ HƏQİQƏTİN TARİXİ TƏSDİQİ
Azərbaycan öz müstəqilliyini elan etdiyi gündən bizi çox qısa zaman fasiləsi ayırır – cəmi 12 il. Tarix baxımından çox az olan bu müddət ərzində görülmüş işlərin, həyata keçirilmiş layihələrin miqyası isə belə bir qənaətə əsas verir ki, Azərbaycan bu 10 ildə dünyanın ən qüdrətli dövlətlərinin onilliklərlə, ən mütərəqqi xalqlarının əsrlərlə keçdiyi yola bərabər yol keçmişdir. Bu 10 ildə müdrik dövlət xadimi Heydər Əliyevin zəkasının qüdrəti ilə Azərbaycanın dünyanın fövqəldövlətlərinin maraq dairəsində olan adi coğrafi məkan imicindən yaxa qurtararaq ərazi və karbohidrogen ehtiyatları baxımından dünyanın aparıcı neft ixracatçıları olan dövlətlərindən dəfələrlə kiçik olmasına baxmayaraq, yeni neft strategiyasının aparıcılarından birinə çevrilməsi artıq təkzibi mümkün olmayan tarixi həqiqətdir. Heydər Əliyev cənablarının ən böyük tarixi xidməti isə bu 10 ildə təkcə bu günümüzün qayğıları ilə yaşamayaraq, gələcəyimizin qayğısını çəkməyə qadir olan mükəmməl siyasətçilər, diplomatlar, dövlət idarəçiləri və müdafiəçiləri ordusunun formalaşmasını təmin etməsidir. Bu gün tam əminliklə demək olar ki, artıq Azərbaycanın taleyüklü məsuliyyətini öz üzərinə götürməyə hazır olan Heydər Əliyevçi intellektlər ordusu var və bu monolit qüvvənin yenilməz öndəri İlham Əliyev cənablarıdır. Bu da danılmaz, təkzibedilməz faktdır. Bəli, İlham Əliyev cənabları bu gün Azərbaycan siyasətinin həlledici şəxsidir və onun həm siyasi dayanıqlıq, həm elektoral nüfuz, həm siyasi savad, həm diplomatik çeviklik baxımından digər bütün siyasi iddiaları üstələməsi real gerçəklikdir.
Bir çox hallarda populist meydan qəhrəmanları və hakimiyyət iddiasında olan müxalifətçilər İlham Əliyev cənablarının uğurlarını onun dövlət başçısının oğlu olması ilə əlaqələndirirlər. Bu, kökündən səhv olan bir fikirdir və bunun yanlış fikir olduğunu Avropa Şurası Parlament Assambleyasının son sessiyasında qazanılmış uğur bir daha təsdiqlədi. İlham Əliyevin dövlət rəhbərimizin oğlu olması onun uğurlu siyasi karyerasının səbəbi deyil, səbəblərindən biridir. Təbii ki, dünya siyasətinin korifeylərindən olan Heydər Əliyevin ailəsində dünyaya göz açan İlham Əliyev həmişə elitar siyasətin içində olmuş, eyni zamanda Heydər Əliyev kimi siyasət nəhənginin yanında istər-istəməz zəngin bir məktəb keçmişdir ki, bu da onun gələcək siyasi fəaliyyətində ən əhəmiyyətli amillərdən biri olmuşdur. İlham Əliyevin siyasi uğurlarını şərtləndirən əsas amillər isə zəngin bilik, dərin intellekt, geniş dünyagörüşü, rasional zəka, dəmir məntiq, cəsarət, iradə və sair kimi siyasət xadimi üçün zəruri olan keyfiyyətlərdir.
İlham Əliyevin yetkin bir siyasətçi və dövlət xadimi olduğunu anlamaq üçün onun ancaq son bir neçə ildəki siyasi fəaliyyətini, uğurlarını nəzərdən keçirmək kifayətdir.
O, uzun illər Dövlət Neft Şirkətinin vitse-prezidenti işləmiş, işlədiyi dövrdə aparılan neft siyasətinin, Azərbaycan iqtisadiyyatının uçurumdan çıxarılaraq inkişaf yoluna çatdırılmasının birbaşa iştirakçısı olmuşdur. Sonra o, Milli Olimpiya Komitəsinin sədri seçilmiş və onun sədrliyi zamanı Azərbaycan dünya idmanında görkəmli yer tutmuş, olimpiya yarışlarından qızıl medallarla qayıtmışdır.
Yeni Azərbaycan Partiyasının qurultayında partiya sədrinin birinci müavini seçilmiş İlham Əliyevin partiyanın möhkəmlənməsi, onun siyasi nüfuzunun artması yönündə əvəzsiz xidmətləri göz qarşısındadır. Partiya güclənir, partiya gəncləşir və öz gələcəyini yaradır.
Nəhayət, 2001-ci ilin yanvarında Azərbaycanın Avropa Şurasına tam hüquqlu üzv qəbul olunması və İlham Əliyevin Avropa Şurasındakı Azərbaycan nümayəndə heyətinin başçısı seçilməsi onun bir siyasətçi kimi daha böyük olduğunu göstərir. Artıq bu nümayəndə heyəti iki il ərzində Avropa Şurasında Azərbaycanın maraqlarının qorunması üçün kifayət qədər iş görmüşdür. Cənab İlham Əliyevin bu nüfuzlu beynəlxalq təşkilatın son sessiyasında Avropa Şurası Parlament Assambleyasının vitse-prezidenti və büro üzvü seçilməsi bu əhəmiyyətli fəaliyyətin məntiqi yekunudur. Yenə də müxalifət bu uğurdan qısqanclıq keçirərək, bu tarixi hadisəni öz prizmasından şərh etməyə cəhd göstərir. Amma həqiqətdə bu, Azərbaycan tarixi üçün müstəsna əhəmiyyətli hadisədir və İlham Əliyevin bu uğurunun arxasında kifayət qədər gərgin zəhmət, eləcə də rasional siyasətçi gedişləri durur. Bunu hiss etmək üçün İlham Əliyev cənablarının Avropa Şurasındakı fəaliyyətinin bəzi məqamlarına diqqət yetirmək kifayətdir.
Bildiyiniz kimi, 2002-ci il yanvar ayının 24-də Avropa Şurasının Parlament Assambleyası Azərbaycan üzrə həmməruzəçi Corc Kleyfartın təqdim etdiyi “Azərbaycanda siyasi məhbuslar” adlanan qətnamə layihəsini bəzi düzəlişlərlə qəbul etdi. Qətnamənin əsas məzmununu guya Azərbaycanda “siyasi məhbusların” olması və onların azadlığa buraxılmasının Azərbaycan hökumətinə tövsiyə edilməsi təşkil edirdi.
Bir sıra qüvvələr bu hadisəni Azərbaycanın siyasi məğlubiyyəti və iqtidar siyasətinin iflası kimi qələmə verməyə cəhd göstərdilər. Əslində isə bu tarixi hadisə məğlubiyyət yox, İlham Əliyevin timsalında Azərbaycan nümayəndə heyətinin gərgin əməyi və diplomatik səyi nəticəsində erməni təbliğat kampaniyasının iflasıdır.
Azərbaycan Avropa Şurasına üzv qəbul olunarkən üzərinə bir sıra öhdəliklər götürmüş və keçən iki il ərzində bunların əksəriyyətini yerinə yetirmişdir. Dövlətimiz digər öhdəliklərinin də yerinə yetirilməsi üçün səy göstərir. Belə olan halda, Avropa Şurasının Azərbaycanın məsələsini müzakirəyə çıxarması və guya ki, Azərbaycanda “siyasi məhbusların” olması barədə qərar qəbul etməsi tamamilə lüzumsuz bir addım idi və bunun yalnız bir səbəbi var ki, bu da Azərbaycanı ləkələməyə, onun artmaqda olan beynəlxalq nüfuzuna xələl gətirməyə çalışmaq idi. Məhz İlham Əliyevin başçılığı ilə Azərbaycan nümayəndə heyətinin gərgin əməyi və çevik diplomatik səylərinin nəticəsi idi ki, bu cəhd qismən də olsa, neytrallaşdırıldı və əslində, Avropa Şurasının öz nüfuzu kölgə altına alınmış oldu. Belə ki, İlham Əliyevin öz çıxışında da söylədiyi kimi, “Məsələnin Azərbaycanda siyasi məhbus problemi kimi müzakirəyə çıxarılması düzgün deyildir. Sənəddə “siyasi məhbus” ifadəsinin dəqiq mənası açılmamış, siyasi məhbus ifadəsinin dəqiq kriteriyaları müəyyən olunmamışdır”. İlham Əliyev öz çıxışında göstərir ki, “Əgər söhbət sənəddə adları çəkilən şəxslərdən gedirsə, həmin məhbusların bəziləri güc strukturlarında, hüquq mühafizə orqanlarında çalışıblar, bizim qanunlara görə isə bu vəzifələrdə çalışan şəxslərin siyasi partiya üzvü olmağa ixtiyarları yoxdur. Terror aktları həyata keçirən, separatçılıqla məşğul olan insanların, təyyarə qaçıranların “siyasi məhbus” adlandırılması anlaşılmazdır. Əgər Azərbaycandakı bu cür cinayətkarlarla bağlı “siyasi məhbus” termini işlədəcəksinizsə, sabah digər ölkələrdəki analoji cinayət törətmiş şəxslər haqqında da eyni fikir söyləməli olacaqsınız. “Siyasi məhbus” anlayışı dəqiq müəyyənləşdirmə tələb edir. Heç kim, hətta məruzəçi də kimin siyasi məhbus olduğunu müəyyənləşdirmək kimi böyük məsuliyyəti öz üzərinə götürə bilməz. Bu elə bir təhlükəli presedent yarada bilər ki, terrorçular istədiyi cinayəti törədib, sonradan bunu siyasi səbəblərlə əsaslandırmağa çalışarlar. Avropa Şurasının məsələyə bu cür yanaşması Azərbaycan ictimaiyyətində narazılıq yaradar”.
Məruzədən göründüyü kimi, gənc siyasətçinin dəmir məntiqi, yüksək erudisiyası dünya səviyyəli siyasətçiləri belə, fakt qarşısında qoymuşdur.
Avropa Şurasında ikili standartların mövcudluğu məsələsini də sübut edən İlham Əliyev Azərbaycanda “siyasi məhbus” problemi ilə əlaqədar çıxış edən Ermənistan deputatı A.Rüstəmyanın çıxışına toxunaraq bildirdi ki, “Mən öz həmkarlarımı ermənistanlı deputatın çıxışına məhəl qoymamağa çağırıram. Çünki Ermənistan Azərbaycanla müharibə şəraitindədir, bizim torpaqlarımızı işğal edib. Ona görə də erməni deputatlarının mövqeyi obyektiv sayıla bilməz. Bir də ki, Ermənistanda siyasi rəqibləri güllələyirlər. Bir ölkədə ki, siyasi opponentləri parlamentdə gülləbaran edirlər, o ölkənin nümayəndəsinin bu mövzu barəsində danışmağa və yaxud kimisə ittiham etməyə haqqı yoxdur”.
Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, İlham Əliyevin də sonradan müsahibəsində göstərdiyi kimi, maraqlı bir haldır ki, yenə də erməni tərəfi ilə Azərbaycan müxalifətinin mövqeyi üst-üstə düşdü. Yəni ki, bunların hər ikisinin iddiasına görə, Azərbaycanda “siyasi məhbuslar” olduğu üçün hal-hazırda Dağlıq Qarabağ məsələsinin gündəmə gətirilməsi Azərbaycanda guya ki, demokratik azadlıqların bərqərar olmaması ucbatından yolverilməzdir. Belə bir mövqe isə hamıya aydın olduğu kimi, yalnız düşmən mövqeyi ola bilər.
Azərbaycan televiziyasına müsahibə verən İlham Əliyev öz müsahibəsində bu məsələyə də toxunaraq qeyd etdi ki, “Yenə də deyirəm, təəssüf edirəm ki, bizim müxalifətin mövqeyi Ermənistan nümayəndələrinin mövqeyi ilə üst-üstə düşür. Yəni ermənilər burada bu fürsətdən istifadə edərək Azərbaycanı ləkələmək istəyirlər. Müxalifət isə Azərbaycanda oturub Azərbaycan dövlətinin əleyhinə işlər aparır, çalışırlar ki, burada Azərbaycanı gözdən salsınlar”.
Azərbaycanlı siyasətçinin dəmir məntiqi və iradəsi, habelə sessiyadan qabaq deputatlarla aparılan düzgün qurulmuş diplomatik işin nəticəsi idi ki, məruzənin təqdimatından sonrakı çıxışlarda 14-15 deputatdan yalnız 3-ü məruzə ilə razı olduğunu bildirmiş, Avropa Şurasında ən nüfuzlu qruplardan biri olan Avropa Demokratlar Qrupu bütünlüklə bu qərarın əleyhinə çıxmışdır. Məhz İlham Əliyev başda olmaqla Azərbaycan nümayəndə heyətinin apardığı düzgün təbliğatın nəticəsi idi ki, əvvəlcədən hazırlanmış plana uyğun olaraq qətnamənin qəbul edilməsi məsələsinin sual altına düşdüyünü görən Avropa Şurasının baş katibi Valter Şvimmer kimi yetişmiş bir siyasətçinin əsəbləri dözməmiş, Avropa Şurasında uzun illər boyu möhkəmlənmiş qaydaları pozaraq müzakirələrə kobud surətdə müdaxilə etmiş, deputatlara təzyiq göstərmişdir:
“Mən çox nadir hallarda çıxış edirəm. Lakin bu gün Avropa Şurasının nüfuzu təhlükə altındadır. Bəzi çıxışlarda mənim təyin etdiyim ekspertlərin məruzəsi şübhə altına alınır. Bəzi natiqlər deyirlər ki, “siyasi məhbus” anlayışı yoxdur və bizim bu məsələni müzakirə etməyə haqqımız çatmır. Amma nəzərinizə çatdırıram ki, siyasi məhbusların məsələsini müzakirə etmək barədə artıq razılıq əldə olunub. Bu təşkilatın baş katibi mənəm və səlahiyyətlərimdən istifadə edərək Azərbaycan hökumətini müstəqil ekspertlərin tövsiyələrinə əməl etməyə çağırıram”.
Katibin çıxışından da, məruzəsindən də göründüyü kimi, İlham Əliyevin dəmir məntiqi, siyasi bacarığı onu pis vəziyyətdə qoymuş və o, özü də istəmədən öz çıxışında məsələnin və qəbul ediləcək qərarın əvvəlcədən hazırlandığını etiraf etmişdir. Onun “məsələ artıq razılaşdırılıb” sözləri bu müzakirələrin əsl mahiyyətini açıqlayır, bunun əslində Azərbaycanın beynəlxalq imicini ləkələmək üçün hazırlanmış çirkin bir oyun olmasını üzə çıxarır. Çıxışın axırını isə müzakirələrin gedişinə birbaşa təzyiq kimi qiymətləndirmək lazımdır.
Müsahibəsində bu məsələ ilə bağlı İlham Əliyev göstərir ki, “Baş katib adətən çox nadir hallarda çıxış edir və çıxış etdikdə də səsvermədən əvvəl çıxış etmir və etməməlidir. O isə səsvermədən qabaq söz istəmiş və öz çıxışında faktiki olaraq, çox kobud bir şəkildə deputatlara təzyiq göstərmişdir. Söyləmişdir ki, o, Kleyfartın məruzəsi ilə razıdır və beləlilklə, dolayısı ilə deputatlara işarə etmişdir ki, onlar bu məruzəni dəstəkləsinlər. Mən hesab edirəm ki, bu, çox qəbuledilməz bir haldır və bu, Avropa Şurasının rəhbərliyindən, baş katibdən deputatlara göstərilən birbaşa təzyiqdir. Məhz bu təzyiqin nəticəsidir ki, biz istəyimizə tam şəkildə nail ola bilmədik”.
Bütün bu yuxarıda göstərilənlərdən aydın olur ki, bu məsələdə Azərbaycanın beynəlxalq imicinə xələl gətirilməsi üçün hansı səviyyədə hazırlıq getmişdir. Lakin yenə də böyük siyasətdə özünü təsdiq etmiş İlham Əliyevin səyi, bacarığı və qətiyyəti sayəsində bu təsirlərin xeyli azaldılaraq neytrallaşdırılmasına nail olunmuş, Azərbaycana qarşı heç bir sanksiyanın tətbiqi nəzərdə tutulmamış, əslində isə məsələ demək olar ki, açıq saxlanmışdır.
Bu isə heç şübhəsiz ki, Azərbaycan nümayəndə heyətinin başçısı cənab İlham Əliyevin səyi, özünəməxsus diplomatik keyfiyyətləri, fövqəladə vəziyyətlərdə düzgün orientasiya seçmə qabiliyyəti və zəngin siyasi təcrübəsinin sayəsində mümkün olmuşdur.
Təşkilatın 2003-cü il sessiyasında isə AŞ PA-da onları təmsil edən parlamentarların timsalında Avropanın siyasi dairələri məhz reallığı etiraf etdilər, İlham Əliyevin artıq beynəlxalq missiyalı siyasətçi olduğunu təsdiq etdilər. Bu, mütləq həqiqətin tarixi təsdiqi idi.
Dostları ilə paylaş: |