Elmi, təhsili heç vaxt unutmayan bir


Qadın gülərsə, şu ıssız mühitimiz güləcək



Yüklə 6,34 Mb.
səhifə27/68
tarix02.01.2022
ölçüsü6,34 Mb.
#2186
1   ...   23   24   25   26   27   28   29   30   ...   68
2008-ci il.

İNAMA SÖYKƏNƏN SİYASƏT
Yeni Azərbaycan Partiyasının yeritdiyi uğurlu siyasət Azərbaycan qadınının cəmiyyətdəki layiqli yerini təmin etmişdir.
Antik yunan filosofu və mütəfəkkiri Aristotel “Politika” əsərində yazırdı ki, inam uğuru təmin edən mühüm vasitə kimi siyasətin ayrılmaz hissəsidir. Həqiqətən də fərqli ictimai-iqtisadi formasiyalarda cəmiyyətin dəstəyinə iddia edən hər bir siyasi qüvvənin ciddi cəhdlə can atdığı yeganə meyar məhz ictimai inam olmuşdur. Nə zamansa dünyanın ən böyük dövlətlərini güclü ordusu ilə diz çökdürmüş böyük fatehlər də, inqilab və çevriliş dalğaları üzərində hakimiyyəti ələ keçirmiş anarxist qüvvələr də, nəhayət, hansısa mütərəqqi ideya və proqramlarla cəlbedici görünməyə çalışan realist siyasətçilər də müəyyən mənada xalqın, toplumun inamına ehtiyac duymuşlar. Yeni dünya nizamının diktə etdiyi alternativsiz inkişaf magistralına çevrilmiş demokratiya da məhz çoxluğun etimadı, inamı üzərində formalaşır. Məhz həlledici çoxluğun inamını qazanmış siyasi partiya və ya lider demokratik seçkilərdə öz layiqli qələbəsini təmin edir.

Yaşadığı zaman və məkanın xarakterindən asılı olmayaraq, qərinələr boyu əxz etdiyi milli-mənəvi dəyərlərini, mental xüsusiyyətlərini qoruyub saxlayan Azərbaycan xalqı gələcək taleyini daim inandığı, etimad bəslədiyi siyasi qüvvəyə etibar etmək istəmişdir. Milli dövlətçilik idealı, xalqımızın taleyin sərt hökmü ilə neçə əsrlər gerçəkləşməyən müstəqil dövlət qurmaq arzusu dərin nisgilə, qubara çevrilsə də, məhz daxili inama söykənən azərbaycanlılar qərinələr boyu milli kimliklərini qoruya, millət kimi mövcudluqlarını təsdiq edə bilmişlər. Məhz bu inamın, milli özünüdərk və özünütəsdiq istəyinin təcəssümü olaraq XX əsrin sonlarına doğru milli dövlətçiliyini bərpa edən xalqımız müstəqilliyinin ilk illərində yenidən mənəvi sarsıntılara məruz qalmış, üzləşdiyi böhran və faciələr fonunda gələcək barədə nikbin düşünə bilməmişdir.

Bu gün 1991-1993-cü illlərin o böhranlı, ağrılı-acılı, faciəli günlərini qəlbində vətən, millət sevgisi olan hər bir azərbaycanlı böyük təəssüf, dərin kədər hissi ilə xatırlayır. Hakimiyyəti ələ keçirərək inanılmaz bir hərisliklə ölkənin sərvətlərini çapıb-talayan, iqtisadi-siyasi və mənəvi böhranın qarşısını almaqda aciz olan məlum qüvvələr xalqın inamından sui-istifadə etməklə, əslində, özlərini uçuruma yuvarladılar. Bir daha təsdiqləndi ki, xalqın inam və etimadına söykənməyən, onun iradəsini, istəyini nəzərə almayan hər hansı siyasi qüvvə Azərbaycan cəmiyyətində uzun müddət duruş gətirə bilməz. Belə acınacaqlı şəraitdə xalqın üzdə olan ziyalıları, sadə və zəhmətkeş insanları öz daxili inamlarına söykənərək respublikanı xaos və anarxiya mühitindən, parçalanma təhlükəsindən, sosial-iqtisadi tənəzzüldən, bir sözlə, böyük fəlakətlərdən qurtaracaq, onu möhkəm sabitlik, davamlı sosial-iqtisadi tərəqqi və yüksəliş yoluna çıxaracaq yeganə düzgün ünvanı göstərdilər. Əksəriyyət yaxşı başa düşürdü ki, məhz ulu öndərimiz Heydər Əliyev kimi müdrik strateq və siyasət ustadının rəhbərliyi altında formalaşan siyasi partiya xalqın inamını doğrultmaq, respublikanı üzləşdiyi böyük faciələrdən hifz etmək iqtidarında ola bilər.

Dövlət və cəmiyyət həyatında müəyyən rol oynayan, demokratik, hüquqi, sivil, dünyəvi dövlətçiliyin təməl prinsiplərindən, əsas atributlarından sayılan siyasi partiyalar, adətən, zərurətdən və milli tələbatdan yaranırlar. Bu mənada, müstəqilliyə yenicə qovuşmuş Azərbaycanda milli mənafe və dövlətçilik maraqlarının təmsilçisi olmaq kimi müqəddəs amalı özünün siyasi idealı, əsas strateji xətti seçən Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurətdən, o illərdə mövcud olmuş ideoloji-siyasi durumun doğurduğu milli tələbatdan irəli gəlmişdir. Azərbaycanın taleyini düşünən insanlar həmin dövrdə ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış edərək xalqın sınanmış lideri Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. 1992-ci il noyabrın 21-də cəmiyyətin sosial sifarişi, istəyi kimi siyasi həyata vəsiqə almış Yeni Azərbaycan Partiyası cəmi 7 ay sonra - 1993-cü ilin iyununda xalqın tələbi ilə iqtidara gələrkən, əslində, tarixi məsuliyyəti öz üzərinə götürmüşdür.

Xalqın Heydər Əliyev fenomeninə olan sarsılmaz inamı və bu inama olan yüksək ehtiramı sarsılmaz vəhdət yaradaraq qısa zamanda YAP-ın siyasi gücünün əsaslarından birinə çevrilmiş, onun gələcək uğurlarını təmin etmişdir. Ulu öndərimizin qətiyyətli addımları nəticəsində respublikamız üzləşdiyi bir çox faciələri geridə qoyaraq yeni inkişaf mərhələsinə adlamış, cəmiyyət həyatının ən müxtəlif sferalarında davamlı tərəqqi və intibahın əsası qoyulmuşdur. YAP yarandığı gündən Azərbaycan Respublikasının Konstitu­siya­sı və qanunvericiliyi çərçivəsində, özünün nizamnaməsi və proq­ramı əsasında fəaliyyət göstərən, sıralarında respub­lika­mız­da hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətən­daş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən sağ mərkəzyönümlü siyasi partiya kimi fəaliyyət göstərmişdir.

Qısa zamanda zəngin həyat yolu keçmiş YAP, ideyalarının xalqa daha cəlbedici və yaxın olması ilə ölkənin siyasi taleyində mühüm rol oynamaq qüdrətini tam təsdiqləmişdir. YAP-ın ideya məfkurəsini təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri partiyanın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olmaqla bərabər, Azərbaycanın siyasi gələcəyini, inkişaf prioritetlərini də şərtləndirmişdir. Ulu öndərimizin yeritdiyi siyasət hər bir fərdin maraq və mənafeyini özündə ehtiva etdiyindən, qısa zamanda cəmiyyətin ən müxtəlif zümrələrinin, xüsusən də həssas təbəqə olan qadınların YAP-a sürətli axını başlamış, onların ictimai-siyasi həyatda fəallığı əhəmiyyətli dərəcədə artmışdır.

Ulu öndərimizin rəhbərliyi altında mülki cəmiyyət quruculuğu istiqamətində həyata keçirilən məqsədyönlü addımlar nəticəsində respublikamızda gender problemlərinin həllinə geniş imkanlar açılmış, qadınların üzləşdikləri iqtisadi, sosial və mənəvi sarsıntılar geridə qalmışdır. Mürəkkəb və keşməkeşli həyat yolu keçmiş, tarixin sınaqlarından alnıaçıq, üzüağ çıxmış Azərbaycan qadını son 15 ildə müstəqil respublikamızda bərqərar olmuş demokratik cəmiyyətin fəal üzvü kimi çıxış etmək imkanı əldə etmişdir. Azərbaycanı çiçəklənən, inkişaf edən, firavan və qüdrətli bir dövlətə çevirmək yolunda qadınlarımız hər zaman əllərindən gələni əsirgəmirlər. Dövlət quruculuğunun bütün mərhələlərində xidmətləri olan Azərbaycan qadınları ölkəmizdə ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, milli dövlətçiliyin daha da möhkəmləndirilməsi, inkişaf etdirilməsi naminə bu gün də var qüvvələrini sərf edirlər.

Ulu öndərimiz Heydər Əliyev Azərbaycan qadınına böyük hörmətlə yanaşmış, onun cəmiyyətdə layiqli yerini tutmasına çalışmış, bu zərif zümrənin YAP həyatında da fəal iştirakını təmin etmişdir. Qadınların hər zaman aparıcı qüvvə olduğunu bildirən ümummilli liderimiz onların ailə həyatındakı rolunu da olduqca yüksək dəyərləndirmişdir: “Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, isməti, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi ilə, millətinə, torpağına olan hədsiz məhəbbəti və gözəlliyi, Azərbaycan xalqının milli xüsusiyyətlərinə sadiqliyi ilə tanınmışdır. Qadın ailə saxlayan bir insandır. Ona görə də bütün qadınlar bizim cəmiyyətdə çox əhəmiyyətli rol oynayırlar. Mən bunları deyərək qadınların bizim üçün nə qədər əziz olduğunu bir daha bəyan etmək istəyirəm”.

Ümummilli liderimiz Heydər Əliyevin dövlət rəhbərliyinə qayıdışından sonra qadınlarımızın ictimai-siyasi həyata transformasiyası, onların dövlət idarəçiliyində təmsilçiliyi, xanımlarımızın bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət idarəçiliyi kursunun prioritet istiqamətlərindən birinə çevrilmişdir. Xüsusi vurğulamaq lazımdır ki, müstəqil Azərbaycan Respublikasının ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci ilin 12 noyabrında qəbul edilmiş ilk Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu təsdiqləməklə, demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının hüquqi bazasını yaratmışdır. 1995-ci ildən başlayaraq Azərbaycanda qadın problemləri institusional səciyyə daşımağa başlamış, elə həmin il müstəqil Azərbaycan dövləti BMT-nin “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması” haqqında Konvensiyasına qoşulmuşdur. 1998-ci ilin 14 yanvarında isə ulu öndərimiz Heydər Əliyev Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması barədə fərman imzalamış, bu qurum geniş səlahiyyətlərlə təmin edilmiş, həmin il eyni zamanda müstəqil Azərbaycan Respublikasında qadınların ilk qurultayı keçirilmişdir. “Qadınların adları və xidmətləri bizim tariximizin səhifələrində qızıl hərflərlə yazılmışdır. Ancaq XX əsrdə Azərbaycan qadınının keçdiyi yol, əldə etdiyi nailiyyətlər həqiqətən dünya miqyasında bizim üçün iftixar mənbəyinə çevrilmişdir. İndi biz hədsiz iftixar hissi ilə deyə bilərik ki, cəmiyyətimizin hər bir sahəsində qadınlar böyük rol oynayır” - ümummilli liderimiz Heydər Əliyevin həmin qurultayda söylədiyi bu fikirlər qadınlarımıza verilən ən yüksək qiymətdir.

Azərbaycan qadınları həmin qurultayla cəmiyyətin ictimai-siyasi həyatında fəal iştirak etmək, fəallıqlarını artırmaq istəklərini bir daha nümayiş etdirdilər. Qurultayın qərarlarında diqqəti çəkən məqamlardan biri də qadın siyasətinin artıq yetkinləşməsi və gerçəkləşməsi tələbatı olmuşdur. Məhz bu istək və zərurətin nəticəsi kimi Ulu öndərimiz Heydər Əliyev 2000-ci il martın 3-də “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərman imzalamışdır. Fərmanda qadınların bugünkü inkişaf, tərəqqi dövrünə qədər keçdiyi gərgin, keşməkeşli mübarizə yoluna diqqətlə nəzər yetirilmiş, respublikamızın mötəbər və möhtəşəm qadın hərəkatının fəaliyyətinə yüksək qiymət verilmişdir. Fərmanda xüsusi vurğulanmışdır ki, Azərbaycan Respublikasının bütün dövlət qurumlarında fəaliyyət növü nəzərə alınmaqla, rəhbərlik səviyyəsində qadınların da kişilərlə bərabər səviyyədə təmsilçiliyi təmin edilməlidir. Eyni zamanda, Nazirlər Kabinetinə respublikada gedən iqtisadi islahatlar çərçivəsində həyata keçirilən işlərdə Gender siyasəti tələblərini rəhbər tutmaqla, qadınlar üçün kişilərlə bərabər imkanların yaradılmasını təmin etmək tapşırığı verilmişdir. Məlum fərman dövlət həyatının bütün sahələrində qadınlarımızın öz müqəddəratını təyin etməsinə əlverişli şərait yaratmış, həmçinin gender tarazlığına nail olmaq istiqamətində operativ tədbirlərin görülməsini təmin etmişdir. Son 15 ildə qadınların dövlət qurumlarında və ümumiyyətlə ictimai-siyasi həyatda təmsil olunmaq imkanlarının əhəmiyyətli dərəcədə genişlənməsi də məhz Ulu öndərimizin əsasını qoyduğu liberal gender siyasəti nəticəsində mümkün olmuşdur.

Həmişə sülhün, əmin-amanlığın carçısı olmuş Azərbaycan qadınları respublikada baş verən mürəkkəb ictimai-siyasi proseslərin gedişində onların üzərinə düşən vəzifələrin öhdəsindən ləyaqətlə gəlmiş, daim milli dövlətçilik mövqeyindən çıxış etmişlər. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində doğma torpaqların bir qisminin işğal altına düşdüyü indiki dövrdə gəncləri Vətənə sədaqət, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi uğrunda əzmkarlıq və qətiyyət göstərmək ruhunda tərbiyə etmək, onları xalqa, cəmiyyətə layiqli bir övlad kimi yetişdirmək işində Azərbaycan qadını öz üzərinə düşən ağır yükü şərəflə çəkir.

Cəmiyyətdə gedən demokratikləşmə proseslərindən irəli gələrək ölkəmizdə çoxsaylı qadın təşkilatlarının yaradılması, ümummilli miqyasda fəaliyyət göstərən bu qurumların əsas məqsəd kimi Azərbaycanda qadının sosial statusunun yaxşılaşdırılmasını, onun sosial-iqtisadi problemlərinin həllini və sair bu kimi vacib məsələləri önə çəkməsi də bu ictimai-siyasi fəallığın bariz təcəssümüdür. Bu baxımdan, YAP Qadın­lar Şurasının əzmkar fəaliyyəti də xüsusi vurğulanmalıdır. Partiya­nın Qadınlar Şurası fəaliyyət göstərdiyi müddətdə qadınla­rın partiya daxilində monolit qüvvə kimi təmər­küz­ləş­mə­sini, ictimai-siyasi proseslərdə fəal və səmərəli iştirakını uğurla təmin etmişdir. Bu gün sayı 400 mini ötən YAP üzvlərinin əhəmiyyətli kəsimini də məhz qadınlar təşkil edir.

Azərbaycan qadını bu gün cəmiyyətin bərabərhüquqlu üzvü kimi öz hüquqlarını qorumağa qadirdir. Onların problemlərini həll etməyə və ya onları bölüşməyə müraciət etmək üçün müxtəlif qadın təşkilatları mövcuddur.

Müasir ictimai-siyasi həyatımızı qadınsız təsəvvür etmək çə­tindir. Dünyanın hər yerində qadınların bərabərlik və sülh uğ­run­da hərəkatı geniş vüsət almışdır. Daim inkişafda olan tə­rəq­qipərvər Azərbaycan qadınları da bu hərəkatlara qoşulur, mil­lə­ti­mizin haqq səsini beynəlxalq tribunalardan səslən­dirir­lər.

Bütün bunlarla yanaşı, Azərbaycan qadını bu gün demokratik inkişaf, hüquqi dövlət quruculuğu yolunda sürətlə irəliləyərək sivil dəyərləri əxz edən Azərbaycan cəmiyyətinin həyatına birinci xanım ənənələrini də gətirmişdir. Əslində nə vaxtsa çağdaş dünyanın bizim dövlətçilik irsimizdən mənimsədiyi, tarixin hansı əyyamında isə unutduğumuz bu ənənələrin müstəqil Azərbaycan dövlətində yenidən bərpası faktı isə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. Azərbaycanın milli dövlətçilik tarixində bu ənənəni elə bir şəxs formalaşdırır ki, o, dünyaya göz açıb tərbiyə aldığı ailə, bütün ömrü boyu əhatə olunduğu mühit, üz tutduğu dəyərlər etibarilə əsl Azərbaycan qadınının simvolu sayıla bilər. Mehriban xanım Əliyeva akademik Arif Paşayevin və tanınmış şərqşünas alim mərhum Aida xanım İmanquliyevanın ailəsində dünyaya göz açmışdır. Mehriban xanım XX əsr Azərbaycan ədəbiyyatının ən görkəmli simalarından olan, uşaqlıq, gənclik illərindən sevə-sevə oxuduğumuz, əsərləri ilə həyat yollarında bizlərə müəllimlik etmiş Mir Cəlal Paşayevin və milli mətbuatımızın patriarxı, minlərlə Azərbaycan jurnalistinin müəllimi, ustadı olan qüdrətli qələm sahibi Nəsir İmanquliyevin ocağından nur almışdır. Onun həyat müəllimləri isə özünün də qeyd etdiyi kimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Azərbaycan qadınının şərəf mücəssəməsi olan Zərifə xanım Əliyeva olmuşdur.

Azərbaycanda “birinci xanım” institutunun geniş mənada məhz 2003-cü ilin oktyabrından sonra formalaşması və bunun Mehriban xanım Əliyevanın adı ilə bağlı olması faktını xüsusi vurğulamalıyıq. Mehriban xanım Əliyeva bu ənənəni Azərbaycan siyasətinə gətirməklə, özünü ölkənin birinci xanımı kimi təsdiqləmiş, onun dəyərli fəaliyyəti ictimaiyyətin diqqətinə gəlmişdir. Bu proses Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2003-cü ilin 15 oktyabr prezident seçkilərindəki qələbəsindən əvvəl başlamışdı. Mehriban xanım Əliyevanın hələ 1995-ci ildən etibarən təsis edilən Azərbaycan Mədəniy­yətinin Dostları Fondunun prezidenti kimi Azərbay­can mədəniyyətinin inkişafı, xalqımızın tarixi və nadir mədəniyyət nümunələrinin xaricdə təbliği, bir neçə il sonra isə həm də Azərbaycan Bədii Gimnastika Federasiyasının rəhbəri kimi ölkəmizdə bu idman növünün yüksəlişi istiqamətində gördüyü işlər tədricən onun cəmiyyətdə birinci xanım kimi qəbul olunmasına əsaslar yaradırdı.

Bəzən obyektiv və subyektiv səbəblərdən, bəzən isə hansısa məmurun səhlənkarlığı, ünvanlanmış şikayətlərə biganə münasibəti ucbatından vətəndaşın dövlət qurumlarından ümidi üzü­lür. Amma belə vəziyyətlə üzləşən vətəndaşlar üçün so­nun­cu bir ümid ünvanı da vardır. Hər kəs əmin ola bilər ki, bu­rada onun dövlətə olan inamını qırmayacaq, mövcud imkanlar da­xilində ona kömək etməyə çalışacaqlar. Azərbaycan vətəndaşı bu ünvanı yaxşı tanıyır - Heydər Əliyev Fondu. Təşkilatın əsas məqsədləri hər şeydən öncə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin irsinin öyrənilməsinə xidmət edən irimiqyaslı proqramların həyata keçirilməsinə dəstək vermək, Azərbaycan xalqının rifahının yüksəldilməsinə yönəldilmiş layihələrin həyata keçirilməsinə yardımçı olmaq, ölkədə elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafını təmin edən layihələri gerçəkləşdirmək, ölkənin iqtisadi potensialını möhkəmləndirmək, milli-mənəvi dəyərlərə sadiq gənclər yetişdirmək, Azərbaycanın beynəlxalq nüfuzunu artırmaq və digər həyati məsələlərdən ibarətdir.

Bu gün YAP Siyasi Şurasının üzvü Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti həm də Azərbaycan qadınının üzləşdiyi problemlərin, çətinliklərin aradan qaldırılmasına, onların cəmiyyətdə öz layiqli yerlərini tutmasına yönəlmişdir. Bu fəaliyyət qadınlarımız tərəfindən böyük rəğbətlə, ehtiramla qarşılanır, onların YAP-a, ölkə iqtidarına, Prezident İlham Əliyevə inamını daha da artırır. Eyni zamanda, ölkədəki dinamik inkişafı, yüksəliş və tərəqqini öz həyatında daha qabarıq duyan Azərbaycan qadınlarının qarşıdan gələn Prezident seçkilərindəki seçimi də dəyişməz olacaqdır.



Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin