2003-cü il.
MİLLİ MÜSTƏQİLLİYİ DAİMİ
VƏ SARSILMAZ EDƏN
MÜKƏMMƏL SİYASI STRATEGİYA
Müstəqilliyin bərpasının 20-ci ildönümünü qeyd edən Azərbaycan Respublikası XXI yüzillikdə modern dövlətə çevrilmək istiqamətində ardıcıl, sistemli və məqsədyönlü siyasət yürüdür. Azərbaycanın sivil demokratik dəyərlərə istinad edərək mütərəqqi inkişaf yolu seçməsi həm də onun özünəməxsus milli inkişaf modelinin formalaşmasını təmin edib. Düşünürəm ki, biz ötən illərdə bu möhtəşəm sosial-mədəni təkamül və inkişaf prosesinin, sadəcə şahidlərinə deyil, həm də bilavasitə iştirakçılarına çevrilmişik. Bütün sahələrdə dinamik inkişaf edən, hər addımda insan amilinin rifahını əsas tutaraq, bu prioritet məqsədə doğru inamla irəliləyən bir dövlətin vətəndaşı olmağımızdan böyük qürur duyuruq.
Bəli, xalqımız əsrlər boyu həsrətində olduğu müstəqilliyi 20 il əvvəl bərpa edib, qoruyub saxlayıb, möhkəmləndirib. Dövlət müstəqilliyinin 20-ci ildönümü vətənini, xalqını sevən hər bir azərbaycanlı üçün möhtəşəm tarixdir. Möhtərəm Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Xalqımız üçün bu qürur hissini yaradan, bu iftixar hissini verən odur ki, o, artıq azad yaşayır, öz taleyinin sahibidir və Azərbaycan xalqının dünya xalqları içərisində imzası var”.
Xüsusi vurğulamaq istərdim ki, cənab İlham Əliyevin 21 yanvar 2011-ci il tarixli “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında” Sərəncamı da keçilən yolun qiymətləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Azərbaycanın istiqlal tarixinə böyük ehtiramın təzahürü olan həmin Sərəncamda xüsusi vurğulandığı kimi, demokratik, hüquqi və dünyəvi dövlətin qurulması xalqımızın tarixi nailiyyətidir.
Şübhəsiz, xalqımız öz müstəqilliyini çox ağır sınaqlardan, çətinliklərdən çıxaraq qoruyub. Dövlət müstəqilliyinin qorunub saxlanılması və möhkəmləndirilməsi isə istisnasız olaraq Ümummilli lider, dünya şöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin tarixi xidmətləri ilə bağlıdır. Hamımıza yaxşı məlumdur ki, müstəqilliyin ilk illərində hakimiyyətdə xalqın etimad göstərdiyi legitim komandanın, yüksək idarəetmə keyfiyyətlərinə malik rəhbərin olmaması yeni müstəqil dövlətin gələcəyi ilə bağlı ciddi tərəddüdlər doğurmuşdu. 1991-ci ildən 1993-cü ilin iyununadək ölkədə sosial-iqtisadi böhran dərinləşmiş, ölkənin zəngin təbii sərvətlərindən milli inkişaf naminə məqsədyönlü istifadə edilməsi sahəsində ciddi problemlər yaranmışdı. Yenicə müstəqillik qazanmış dövlətin taleyi ciddi sual altında idi. Əgər Azərbaycan Xalq Cümhuriyyəti əsrin əvvəllərində cəmi 23 ay yaşamışdısa, əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycan cəmi 17-18 aya nəinki müstəqilliyini, bütövlükdə dövlətçiliyini itirmək, parçalanmaq, dövlət kimi siyasi səhnədən silinmək təhlükəsi ilə üzləşmişdi. Hesab edirəm ki, xalqın təkidi ilə Heydər Əliyev yenidən hakimiyyətə gəlməsəydi, bugünkü müstəqil Azərbaycanın varlığından danışmaq mümkün olmayacaqdı.
Həmin dövrdə müstəqilliyə yenicə qovuşmuş Azərbaycanda milli mənafe və dövlətçilik maraqlarının təmsilçisi olmaq kimi müqəddəs amalı özünün siyasi idealı, əsas strateji xətti seçən Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurətdən, o illərdə mövcud olmuş ideoloji-siyasi durumun doğurduğu milli tələbatdan irəli gəlirdi. Azərbaycanın taleyini düşünən insanlar həmin dövrdə ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış edərək xalqın sınanmış lideri, Ulu öndər Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər.
Tarixi inkişafın gedişinə təsir göstərərək hadisələrin fövqündə dayanan böyük siyasi liderlər ictimai inkişafın ən böhranlı, dönüş anında məsuliyyəti çiyinlərinə götürərək, bütöv xalqın, millətin xilaskarına çevrilirlər. Bu gerçəklik fonunda deyə bilərəm ki, Azərbaycan xalqının Ümummilli lideri, müstəqilliyimizin memarı, Ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 9-da xalqın təkidli istəyinə səs verərək Bakıya qayıtması onun nə qədər qətiyyətli, prinsipial, heç bir riskdən çəkinməyən, dövlətinin taleyinə biganə qalmayan fenomen şəxsiyyət olduğunu bir daha təsdiqləyir.
Respublikada hərc-mərcliyin, dərəbəyliyin hökm sürdüyü, qanunsuz silahlı dəstələrin at oynatdığı, düşmənlə mübarizə apara biləcək nizami ordunun olmadığı, ərazilərinin işğalının gündən-günə genişləndiyi, bir çox xarici dövlətlərin Azərbaycana qənim kəsildiyi, beynəlxalq aləmdə ölkəmizin təkləndiyi bir vaxtda hakimiyyətə gəlib hadisələrin gedişini qısa zamanda dəyişmək, normal məcrasına salmaq böyük siyasət və müdriklik tələb edirdi.
Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycan cəmiyyətində müstəqil dövlətçilik ideyalarının praktik şəkildə bərqərar olmasına fundamental əsaslar yaratdı. Ölkə xaosdan, vətəndaş müharibəsindən, hərc-mərclikdən, hüquqi nihilizmdən, bir sözlə, dövlətçiliyini itirmək təhlükəsindən qurtuldu. 1994-cü ilin oktyabr, 1995-ci ilin mart hadisələrində Heydər Əliyev özünün qətiyyəti və xarizması ilə Azərbaycan dövlətçiliyini ağır faciələrdən xilas etdi. Ümummilli lider siyasi sabitliyi təmin etməklə yanaşı, demokratik dövlət modeli konsepsiyasını da uğurla həyata keçirməyə başladı.
Ulu öndərin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində mühüm addımlarından biri də cəmiyyətin vahidliyinin, bütövlüyünün təmin olunması, milli ideologiyanın sistem halında təqdim edilməsi oldu. Bu bir reallıqdır ki, Ulu öndər cəmiyyətin vahidliyini təmin edərək, onun müxtəlif istiqamətlər - sosial bərabərsizlik, regional, dini və milli mənsubiyyət amilləri baxımından parçalanmasına imkan vermədi. Bu, Azərbaycan dövlətçiliyinin yaşaması, inkişaf etməsi baxımından son dərəcə vacib amil idi və ötən illərin reallıqları da bunu təsdiqlədi. 2001-ci ilin noyabrında Dünya Azərbaycanlılarının I Qurultayında “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” deyən Ulu öndər azərbaycanlıları azərbaycançılıq ideologiyası ətrafında səfərbər etdi.
1994-cü ilin 20 sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması ilə dünyanın aparıcı dövlətlərinin neft şirkətlərinin Xəzər hövzəsinə külli miqdarda investisiya yatırması Azərbaycana həm də ən müasir innovasiya və informasiya texnologiyalarını gətirdi. Yeni neft strategiyasının əsas hədəflərindən biri də hərtərəfli iqtisadi inkişaf üçün zəruri maliyyə mənbəyi formalaşdırmaq, iqtisadi dividendləri qeyri-neft sektoruna, elm tutumlu istehsal sahələrinin yaradılmasına, bir sözlə, insan kapitalının formalaşdırılmasına yönəltmək idi. Əminliklə demək olar ki, ötən 17 ildə bu məqsədə tam nail olunub, Azərbaycanın neft strategiyası ölkənin bütün həyati əhəmiyyətli sahələrində yüksəliş və tərəqqini təmin edib.
Ulu öndər Heydər Əliyev müstəqilliyi möhkəmləndirmək üçün sərt addımlara əl atmaqla yanaşı, siyasi və hüquqi liberallaşmanı da vacib sayır, demokratikləşmə istiqamətində davamlı tədbirlər həyata keçirirdi. 1995-ci ildə Azərbaycanın ilk Konstitusiyasının qəbulu ilə Azərbaycanda hakimiyyətlərin bölgüsü prinsipi tətbiq olundu. Bu, ölkənin demokratik yolla inkişaf edəcəyinə etibarlı hüquqi zəmin idi.
Sonrakı mərhələdə məhkəmə, polis, prokurorluq, ədliyyə orqanlarında yeni dövrün tələbi ilə səsləşən islahatlar həyata keçirildi. 2002-ci ildə Konstitusiyaya referendum yolu ilə edilmiş dəyişikliklər də Azərbaycanda insan hüquq və azadlıqlarına etibarlı zəmin hazırlamaq məqsədi daşıyırdı.
Müstəqillik illərində Ulu öndərin rəhbərliyi altında mülki cəmiyyət quruculuğu istiqamətində həyata keçirilən məqsədyönlü addımlar nəticəsində respublikada gender problemlərinin həllinə geniş imkanlar açıldı, qadınların üzləşdikləri iqtisadi, sosial və mənəvi sarsıntılar geridə qaldı. Mürəkkəb və keşməkeşli həyat yolu keçmiş, tarixin sınaqlarından alnıaçıq, üzüağ çıxmış Azərbaycan qadını son 18 ildə müstəqil respublikamızda bərqərar olmuş demokratik cəmiyyətin fəal üzvü kimi çıxış etmək imkanı qazandı. Heydər Əliyev dühası Azərbaycan qadınına böyük hörmətlə yanaşdı. Onun cəmiyyətdə layiqli yerini tutmasına çalışdı, qadınların YAP həyatında da fəal iştirakını təmin etdi. 1995-ci ildə YAP Qadınlar Şurası yaradıldı, 1998-ci ilin 14 yanvarında isə Ulu öndər Heydər Əliyev Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması barədə Fərman imzaladı, bu qurum yeni səlahiyyətlərlə təmin edildi. Həmin il eyni zamanda, müstəqil Azərbaycan Respublikasında qadınların ilk qurultayı keçirildi. Bunun nəticəsi kimi son 18 ildə qadınların dövlət qurumlarında və ümumiyyətlə ictimai-siyasi həyatda təmsil olunmaq imkanlarının əhəmiyyətli dərəcədə genişlənməsi də məhz Ulu öndərin əsasını qoyduğu liberal gender siyasəti sayəsində mümkün oldu.
Böyük strateq Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri, eyni zamanda, onun ciddi təmələ əsaslanmaqla həyata keçirdiyi fəal maarifçilik siyasətində parlaq təcəssümünü tapır. Ötən illərdə Azərbaycan təhsilinin milli əsaslar üzərində çağdaş dünyanın təhsil sisteminə inteqrasiyası başlıca vəzifə kimi gündəlikdə dayandı, elm və təhsil sahəsində mütərəqqi islahatlar ardıcıllıqla həyata keçirildi. Fikrimcə, Ümummilli lider Heydər Əliyevin müstəqillik illərində gənclərin xaricdə təhsilinə xüsusi diqqətlə yanaşması da obyektiv reallıqlarla bağlı idi. Əvvəla, 1990-cı illərin əvvəlində respublikada mövcud olan sosial-iqtisadi, mənəvi böhranla əlaqədar olaraq orta və ali təhsilin səviyyəsi aşağı düşmüş, istedadlı müəllimlərin bir qismi ölkəni tərk etmişdi. Digər tərəfdən, respublika yeni iqtisadi sistemi - bazar iqtisadiyyatı yolunu prioritet seçdiyi üçün gənclərin bir sıra yeni ixtisaslara yiyələnməsi (menecment, biznesin təşkili, informasiya texnologiyaları və s.) zərurəti meydana çıxmışdı. Bütün bunları nəzərə alan Ulu öndər hələ ötən əsrin 70-80-ci illərində əsasını qoyduğu mütərəqqi ənənəni yenidən bərpa etməklə, gənclərə dövlət hesabına xaricdə təhsil imkanı yaratmağı vacib sayırdı. 1994-cü ildən Azərbaycanın bilik səviyyəsi ilə seçilən gənclərin Türkiyənin nüfuzlu ali təhsil müəssisələrinə göndərilməsinə başlanıldı. 1997-ci ildən azərbaycanlı gənclər həm də Rusiya Federasiyasının nüfuzlu ali məktəblərində təhsil almaq imkanı əldə etdilər.
Bir məqamı da xüsusi vurğulamaq istərdim ki, Ulu öndər gənclərin təhsili ilə yanaşı, təlim-tərbiyəsinin düzgün təşkilini də vacib sayır, onlarda milli özünüdərk hissini gücləndirməyə çalışırdı. Xalqımızın görkəmli şəxsiyyətlərini gənc nəslə tanıtmaq böyük vətənpərvərlik hissinin, milli dəyərləri yaşatmağın parlaq təzahürü idi. Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı illərdə Cəlil Məmmədquluzadənin, Üzeyir Hacıbəylinin, Müslüm Maqomayevin, Səməd Vurğunun, Əliağa Vahidin, Sara Aşurbəylinin, Yusif Məmmədəliyevin, Vəli Axundovun, Bəxtiyar Vahabzadənin, Əziz Əliyevin, Həsən Əliyevin, Mstislav Rastrapoviçin, Mikayıl Müşfiqin, Aşıq Ələsgərin, Mir Cəlalın, Mövsüm Sənaninin, Leyla Bədirbəylinin, Tofiq Kazımovun, Vaqif Mustafazadənin yubileylərinin yüksək səviyyədə keçirilməsi Azərbaycanın milli-mənəvi sərvətinin zənginliyini gənc nəslə göstərmək məqsədi daşıyırdı.
Böyük Azərbaycan şairi Hüseyn Cavidin ev muzeyinin yaradılması da Ulu öndərin milli-mənəvi irsə qayğısının bariz təcəssümü idi. 1981-ci ildə böyük səylər hesabına görkəmli dramaturqun nəşini uzaq Sibir çöllərindən doğulduğu Naxçıvana gətirən Ulu öndər müstəqillik illərində onun üçün əzəmətli məqbərənin tikilməsinə nail oldu. Bundan başqa, böyük strateq gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə alması üçün xalqın milli-mənəvi dəyərlərini, düşüncə sistemini yaşadan, günümüzə gətirib çıxaran folklor nümunələrinə, qəhrəmanlıq eposlarına da daim xüsusi maraqla, diqqətlə yanaşırdı. Heydər Əliyevin fəal səyləri ilə türkdilli dövlətlər “Manas” dastanının 100 illiyini, Əmir Teymurun 660 illiyini qeyd etmişdilər. Ulu öndərin 1997-ci il aprelin 20-də imzaladığı “Kitabi Dədə Qorqud” dastanının 1300 illik yubileyi haqqında Fərmanı isə milli-mənəvi irsin qorunması, yaşadılması, öyrənilməsi və gələcək nəsillərə çatdırılması sahəsində əhəmiyyətli hadisə oldu.
Ümumiyyətlə, Heydər Əliyevin böyük müdrikliklə irəli sürdüyü inkişaf modeli spesifikliyi ilə fərqlənməklə, demokratik dəyərləri özündə maksimum ehtiva edən milli inkişaf prioritetlərini müəyyənləşdirdi. Məhz bunun nəticəsidir ki, Azərbaycan cəmi 17 il müddətində inanılmaz inkişaf yolu qət edərək bir sıra Qərb dövlətlərinin onilliklər ərzində zərrə-zərrə əldə etdiyi iqtisadi tərəqqiyə nail oldu, demokratikləşmə, vətəndaş cəmiyyəti quruculuğu, insan hüquq və azadlıqlarının təminatı sahəsində uğurlar əldə etdi. Bu gün davamlı milli inkişaf baxımından demokratiyanın qaçılmazlığı və müstəsna əhəmiyyət daşıması fikri ictimaiyyət tərəfindən də birmənalı qəbul olunur.
Bu gün 70 il inzibati-amirlik sistemində yaşamış, milli ideallardan uzaqlaşdırılmış, iqtisadiyyatı səmərəsiz, köhnə texnologiya və infrastruktur üzərində qurulmuş respublikanın qısa müddətdə qazandığı nailiyyətlərin miqyası Azərbaycanla genişmiqyaslı əməkdaşlığa maraq göstərən beynəlxalq təşkilatlarda, habelə aparıcı Qərb dövlətlərində də heyrət doğurur. Qürur hissi ilə deyə bilərik ki, möhtərəm Prezident İlham Əliyevin ötən 8 il müddətində uğurla davam etdirdiyi siyasət Azərbaycanda möhkəm təməllərə söykənən və dinamik sosial-iqtisadi tərəqqini təmin edən siyasi sabitliyin, vətəndaş sülhünün, həmrəyliyinin qorunub saxlanmasına yönəlmişdir.
Qürur doğuran haldır ki, Azərbaycan bu gün bütün regional məsələlərdə əsas tərəflərdən biridir, strateji əhəmiyyətli heç bir layihə Azərbaycansız gerçəkləşə bilməz. Dünya siyasətinə əsaslı təsir imkanları olan dövlətlər ölkəmizlə hesablaşır, onun mövqeyini nəzərə alırlar. Azərbaycanın yaxın-uzaq ölkələrlə münasibətləri qarşılıqlı maraqlar, sivil birgə yaşayış prinsipləri əsasında inkişaf edir. Neftlə, qazla zəngin bir çox dövlətlərdən fərqli olaraq, respublikamız daha çox demokratikləşmə yolunda qazandığı uğurlarla Avroatlantik məkana inteqrasiya edir. Ölkəmiz demokratik ideallara, liberal dəyərlərə, insan və vətəndaş hüquq və azadlıqlarına sadiqliyi ilə tanınmaq əzmini sübuta yetirir. Xarici siyasətin bərabərhüquqlu tərəfdaşlıq və tarazlıq prinsiplərinə sadiq olan rəsmi Bakı hansısa dövlətin Azərbaycanın daxili işlərinə qarışmasına da qətiyyətlə yol vermir.
Bu il iyul ayının 26-da Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev silahlı qüvvələrin hərbi paradını qəbul etdi. Bütün dünyaya bir daha sübut olundu ki, Ulu öndər Heydər Əliyevin banisi olduğu müstəqil Azərbaycanın Ordusu bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Qafqazın ən yüksək maddi-texniki təchizata və hərbi sursata malik olan modern, müasir ordusuna çevrilib. Hər kəs anladı ki, Azərbaycan Ordusu qarşıya qoyulan bütün vəzifələri həll etməyə - torpaqlarımızın işğaldan azad olunmasını təmin etməyə qadirdir.
Ümumilikdə, ötən dövrün reallıqları göstərdi ki, cənab İlham Əliyev Heydər Əliyev kimi siyasət nəhənginin ailəsində zəngin məktəb keçən, yüksək idarəçilik keyfiyyətləri əxz edən lider olaraq üzərinə düşən məsuliyyətin ağırlığını yaxşı başa düşür. Eyni zamanda, prezident səlahiyyətlərini Heydər Əliyev kimi dahi siyasətçidən sonra uğurla davam etdirmək, xalqın sevimli rəhbərinə çevrilmək üçün dövlət başçısında lazımi səriştə, bacarıq, qabiliyyət, intellektual səviyyə, idarəçilik keyfiyyətləri yüksək səviyyədədir. Cənab İlham Əliyev Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu çoxşaxəli siyasəti ən müxtəlif sahələrdə uğurla davam etdirməyə qadir siyasi lider olduğunu ötən 8 illik fəaliyyəti dövründə tam sübuta yetirdi. O, vəzifəli şəxslərə etimad prinsipini onların xalqa xidmətinə nəzərən müəyyənləşdirdi, hökumətin xalq qarşısında hesabat verməsini idarəçilikdə xoş ənənə kimi formalaşdırdı. Prezidentimiz xalqla birbaşa təmasa üstünlük verərək yerlərdə sıravi vətəndaşlarla görüşdü, onlarla səmimi söhbət edərək problemlərinin həlli istiqamətində çevik qərarlar qəbul etdi. Möhtərəm Prezidentimizin xarakter etibarilə sadə və səmimi, praktik siyasətçi olması onun sıravi vətəndaşlarla təmaslarında daha qabarıq şəkildə üzə çıxdı. Dövlət başçısı bütün müdrik dövlət adamlarına xas olan qabiliyyətlə hər kəslə dil tapmağı, Prezident - Vətəndaş arasındakı psixoloji səddi aradan götürməyi bacardı. Bu isə ötən 8 ildə dövlət rəhbərinə xalqın böyük rəğbətini, inamını qazandırdı, ona böyük layihələri qısa zamanda gerçəkləşdirmək imkanı verdi. Prezident İlham Əliyev ötən dövrdə Ulu öndərin həyata keçməmiş arzularını praktik şəkildə reallaşdırmaqla xalqa rəhbərlik missiyasının öhdəsindən layiqincə gəldi.
Dövlət rəhbəri ötən müddətdə komandasında təmsil olunan şəxslərlə də sadə, səmimi, qarşılıqlı hörmətə əsaslanan rəftarın tərəfdarı olduğunu sübuta yetirdi. Fəqət, bütün bunlar yeri gəldikcə Azərbaycan Prezidentinin yetərincə sərt qərarlarını, qəti addımlarını da inkar etmədi. Realist və ədalətli rəhbər kimi hər bir məmura, onun fəaliyyətinə, bacarığına, xalqa, dövlətə bağlılığına görə dəyər verdi.
Düşünürəm ki, İlham Əliyevin böyük uğurlarının əsas səbəblərindən biri də onun qətiyyətli və prinsipial rəhbər olmasıdır. Prezident qısa müddətdə Azərbaycan dövlətçiliyini hər cür cinayətkar qəsddən qorumağa qadir siyasətçi olduğunu, milli maraqlar naminə cəsarətli qərarlar qəbul etmək bacarığını nümayiş etdirdi. Respublikada ictimai-siyasi sabitlik əleyhinə yönəlmiş bütün cəhdlərin qarşısı xalqın dəstəyi ilə qətiyyətlə alındı, cəmiyyətdə barış, həmrəylik ovqatı gücləndirildi.
Azərbaycan Prezidenti müasir dünyada iqtisadi inkişaf potensialının hər bir dövlətin gücünü müəyyən edən başlıca amil kimi çıxış etdiyini haqlı olaraq ilk gündən önə çəkdi. Xüsusi vurğuladı ki, ölkənin və xalqın bütün problemlərinin, sosial çətinliklərin aradan qaldırılmasından tutmuş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinədək hər bir maneənin dəf edilməsinin ən başlıca yolu məhz iqtisadi tərəqqidən keçir. Ölkədə dinamik inkişafda edən iqtisadiyyatın sabit olması, əmin-amanlıq, demokratiya və vətəndaş cəmiyyəti, milli təhlükəsizlik, səmərəli xarici siyasət deməkdir. Təsadüfi deyildir ki, dövlət başçısı İlham Əliyevin ötən fəaliyyəti dövründə əsas ağırlıq mərkəzi bu sahənin üzərinə salındı.
Dövlət başçısı sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində qarşıda duran əsas vəzifələri düzgün müəyyənləşdirdi. İlk növbədə, milli iqtisadiyyatda infrastruktur dəyişikliklərinə nail olmağın, kəmiyyət dəyişikliklərini keyfiyyət müstəvisinə keçirməyin zəruriliyini önə çəkdi. Ölkə başçısı Azərbaycanda davamlı inkişafın təmin edilməsi baxımından strateji əhəmiyyətli dövlət proqramlarının qəbulunu və icrasını vacib saydı. Ölkənin bütün potensialı strateji əhəmiyyətli bu proqramların, fərman və sərəncamların icrasına yönəldildi, böyük nəticələrin əldə olunmasına imkan yaratdı. İllərdən bəri həllini gözləyən sosial problemlər həllini tapdı, xalqın firavan, rahat yaşayışına xidmət edən tədbirlər qətiyyətli liderin iradəsi və təşkilatçılıq qabiliyyəti nəticəsində reallığa çevrildi. Hələ Sovetlər Birliyi dövründə belə, mavi yanacaq görməyən bir sıra kəndlərə, ucqar yaşayış məntəqələrinə qaz çəkildi, yollar salındı.
Cənab İlham Əliyevin qazandığı uğurların bir mühüm səbəbi də var: dövlət başçısı insan və şəxsiyyət amilini ucaltmaqla, hər bir vətəndaşın maraqlarının dövlət üçün üstün olduğunu nümayiş etdirdi. Fikrimcə, İlham Əliyevin birinci prezidentlik dövrünün ən böyük uğurlarından biri də Azərbaycan kəndinə şəhər simasının gətirilməsi oldu. Cənubdan Şimala, Şərqdən Qərbə çoxsaylı yaşayış məntəqələrində yeni sosial-mədəni obyektlərin, ən müasir tələblərə cavab verən yeni məktəblərin, səhiyyə ocaqlarının, körpülərin, yolların və digər obyektlərin tikintisi buna əyani sübutdur. Bütün bunlar regionlarda mənəvi ab-havanın yaxşılaşmasına, Azərbaycan insanının dövlətə, onun rəhbərinə etimadının, sevgi və rəğbətinin daha da artmasına səbəb oldu.
Azərbaycan xalqının düşüncəsində su çəkmək daim savab, halal iş sayılıb. Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev məhz Bakıya Şollar suyu çəkməklə xalqının qəlbində daim yaşayacaq, xatırlanacaq. XXI əsrin əvvəllərində isə bu xeyirxah, nəcib, insanpərvər missiyanı xalqını və dövlətini qəlbən, ruhən sevən cənab İlham Əliyev üzərinə götürdü! Oğuz-Qəbələ bölgəsindən Bakıya su kəmərinin çəkilməsi ilə bağlı prinsipial qərarın qəbulu cənab İlham Əliyevin daim xalqı üçün çalışan rəhbər olduğunu bir daha göstərdi.
Düşünürəm ki, İlham Əliyevin rəhbərliyi altında son illərdə qazandığımız minlərlə, on minlərlə uğurlu faktı sadalamağa lüzum yoxdur. Bu siyasətin ən böyük uğuru isə, bütövlükdə Azərbaycan insanının təfəkkür və düşüncə baxımından müasirləşməsi, modern baxışlar sisteminə liberal yanaşması, mental və bəşəri dəyərləri uzlaşdıra bilməsidir. Bəli, 20 il bundan əvvəl dünyaya göz açan körpələr indi müstəqil Azərbaycanın 20 yaşlı, yetkin, müasir düşüncəli gəncləridir. Onlar tam olaraq müstəqillik dövründə yaşayıb, formalaşıb, bu nemətin şirinliyini dadıblar. Şəxsi qənaətim belədir ki, onlar yeni ictimai-iqtisadi formasiyada, azərbaycançılıq və müstəqillik ideologiyası ruhunda formalaşdıqları üçün müstəqilliyin qədrini, qiymətini orta və yaşlı nəsildən daha yaxşı bilirlər. Hər cür nostalgiyadan uzaq olan müasir düşüncəli, kreativ, yenilikçi ruhlu bu gənclik müstəqilliyimizin, Ulu öndərin təbirincə desək, əbədi, dönməz olmasının etibarlı təminatçısıdır.
Bir faktı da xüsusi vurğulamaq istərdim ki, Prezident İlham Əliyevin 8 illik fəaliyyəti yalnız yüksək quruculuq, abadlıq, inkişaf, tərəqqi kimi anlayışlarla səciyyələnmir. Dövlət başçısı az müddətdə insan hüquq və azadlıqlarının təmini, ölkədə demokratik proseslərin dərinləşdirilməsi istiqamətində də qətiyyətli addımlar atmışdır. Bununla da cənab İlham Əliyev demokratiyanın Azərbaycan xalqı üçün qətiyyən yabançı idarəetmə forması olmadığını bütün dünyaya sübut etmişdir. Prezidentimiz demokratiya hayqırtıları ilə bizə təsir göstərmək istəyən dövlətlərə öz yerlərini göstərərək nümayiş etdirdi ki, əsl demokratiya təkamül yolu ilə, tədricən bərqərar olunur. Azərbaycan iqtisadi cəhətdən inkişaf etdikcə, ölkədə demokratik proseslər də dərinləşir, qanunçuluq möhkəmlənir. Yaşayış səviyyəsi, maddi rifah halı yüksələn insanlar demokratiyanın həqiqi mahiyyətini dərk etməyə başlayırlar.
Bir sözlə, ölkədə həyata keçirilən siyasətin nəticəsi kimi, Azərbaycanın dövlət müstəqilliyi ötən 20 ildə hər bir vətəndaş üçün əvəzsiz nemətə, onun qürur, fəxarət ünvanına çevrilib. Bəli, 1990-cı illərin əvvəllərindən fərqli olaraq, bu gün heç kim respublikamızın müstəqilliyi ilə bağlı hansısa bədgüman fikirlərə düşmür, sovet dövrünün “nostalgiyası” ilə yaşamır. Çünki bu gün müstəqil Azərbaycan dövlətinin yürütdüyü siyasət tam mahiyyəti ilə vətəndaş amilinin mənafeyinin təmin olunmasına, insanların rifah halının yüksəlməsinə xidmət edir. Zaman keçdikcə, Azərbaycan vətəndaşı müstəqilliyin bəhrələrini öz taleyində, həyatında daha qabarıq hiss edir. Və həm də ürəkdən inanır ki, Prezident İlham Əliyev yürütdüyü praqmatik siyasətlə qarşıda müəyyənləşdirdiyi milli ideyanı - müstəqil Azərbaycanın müasir və qüdrətli dövlətə çevrilməsini inamla təmin edəcəkdir.
Dostları ilə paylaş: |