Elmi, təhsili heç vaxt unutmayan bir



Yüklə 6,34 Mb.
səhifə25/68
tarix02.01.2022
ölçüsü6,34 Mb.
#2186
1   ...   21   22   23   24   25   26   27   28   ...   68
2012-ci il.

GƏLƏCƏYƏ APARAN YOLUMUZ
Keçən əsrin sonunda dünyada baş verən mürəkkəb proseslər dünya xəritəsində böyük dəyişikliklərə səbəb olmuş, kommunizm ideologiyası iflasa uğramış, totalitar sovet rejimi aradan qaldırılmışdır. Sovet İttifaqı dağıldıqdan sonra qazandığımız müstəqillik bütün dünya tərəfindən tanınmış, XIX əsrdən bəri zaman-zaman dünyaya səpələnmiş azərbaycanlıların qəlbində də ümid çırağı oyanmış, onların nəzərləri tarixi Vətənə tərəf çevrilmişdir.

Azərbaycan diasporu, onun tarixi, əslində xalqımızın azadlıq və müstəqillik uğrunda çoxminli itkilərlə müşayiət olun­muş ağır mübarizələrlə bağlıdır. Azərbaycan müha­cirətinin ilk qaranquşları Çar Rusiyasının Qafqazı işğal etdiyi vaxtlardan başlanmışdır və bu, çarizmin yaratdığı rej­imə etirazın və müqavimətin nəticəsi olmuşdur. Həmin in­san­ların indi çoxunun izi də qalmamışdır: onlar Türkiyəyə, ərəb-müsəlman dünyasına üz tutmuş, qərb ellərində yaşa­malı olmuşlar.

Tarix elə gətirmişdir ki, Azərbaycan mühacirlərinin əsas dəstəsini ziyalılar təşkil etmişdir. XIX əsrin sonlarında formalaşmağa başlayan Azərbaycanın milli şüurlu ziyalıları ağır təzyiqlərlə üzləşmişdilər. Birinci rus inqilabının məğlubiyyətindən sonra millətin ən qabaqcıl ziyalıları olan C.Hacıbəyli, M.Məmmədzadə, Ə.Hüseynzadə kimi işıqlı, milli ruhlu insanlar Sibir sürgünlərindən xilas olmaq üçün doğma yurdlarını tərk etmişdilər. Azərbaycan mühacirətinin ən böyük dəstəsi isə xalqın yaratdığı Azərbaycan Demokratik Respublikasının 1920-ci ilin 27 aprelində süquta uğraması ilə bağlı idi. İki-üç ay ərzində bu hökumətin əsas simaları terrorun qurbanı olduqdan sonra mühacirətlərin sayı artdı. Qırmızı terror ən çox ziyalıları, vətənpərvər partiyaların fəallarını, milli ordunun zabitlərini qəddarlıqla təqib edirdi. Bu dövrdə Azərbaycan burjuaziyasının bir çox nümayəndələri də mühacirətə üz tutmalı oldular. Hələ 20-ci illərdən xalqımızın açıqgözlü övladları mühacirət edən kimi Türkiyədə mətbuat orqanları yaratmağa, xalqın milli və mənəvi şüurunu qorumağa, onu milli ideallar uğrunda mübarizəyə səsləməyə başla­dılar. Azərbaycanın qabaqcıl nümayəndələrinin Türkiyədə yaratdıqları qurumlar bağlandıqda, onlar bu yönümdəki fəaliyyətlərini 30-cu illərdə Avropada göstərməyə başladılar. Müharibədən sonra isə onların fəaliyyətində elmi-publisistik istiqamət qüvvətləndi.

30-40-cı illərdə Azərbaycan diasporunun milli, siyasi, elmi və ədəbi publisistik fəaliyyəti istiqamətində Əlibəy Hüseyn­zadə, Əhməd Ağaoğlu, Ceyhun Hacıbəyli, Əhməd Cəfəroğlu kimi böyük ziyalılarımız da mətbuat orqanları yaradır, xalqın milli düşüncə tarixi, keçdiyi yol, mədəniyyəti, iqtisadiyyatı, təhsili, səhiyyəsi barədə elmi tədqiqatlar aparır və belə tədqiqatların nəşrinə və yayılmasına çalışırdılar. Sovet dövründə milli məfkurə prinsipləri praktiki olaraq yasaq edildiyindən bu sahədə xalqın milli düşüncəsinin fəal daşıyıcılarından biri kimi, məhz mühacir ziyalılarımız çıxış edirdilər. Təəssüflər olsun ki, son illər mühacirət ədəbiyyatının və mətbuat tarixinin öyrənilməsində böyük işlər görülsə də, onların irsinin xalqımıza çatdırılması istiqamətindəki araşdırmalar qənaətbəxş deyildir.

1990-cı illərin əvvəllərində müstəqil dövlətimiz qurulsa da, onun beynəlxalq aləmdə tanınması, nüfuz qazanması üçün böyük fəaliyyətə ehtiyac var idi. Erməni terrorçuları torpaqlarımızı zəbt etmək üçün işğalçı müharibə aparmaqla kifayətlənmir, üstəlik bütün dünya informasiya məkanında xalqımıza qarşı alovlu müharibədən daha təhlükəli və məkrli təbliğat müharibəsi aparırdılar. Müstəqilliyimizin sabitləşməsi və möhkəmlənməsi baxımından bu müharibədə kimin üstün gələcəyi mühüm əhəmiyyət daşıyırdı. Dünyanın bədii və elmi-fəlsəfi fikir xəzinəsinə böyük töhfələr vermiş bir xalq XX əsrdə Şərqdə ilk demokratik və parlament idarəçiliyinə əsaslanan dövlət yaratmışdı. Tarix bu dövləti dağıtsa da, əsrin sonunda ərsəyə gələn müstəqil Azərbaycan Respublikası nəyin bahasına olursa-olsun qorunmalı və möhkəmləndirilməli idi. Amma məkrli antiazərbaycan təbliğatı tərəfindən yeni ərsəyə gəlmiş dövlətin aqressiv bir qüvvə kimi qələmə verilməsi, onun dünyada gözdən salınması xalqımıza və onun dövlətinə baha başa gələ bilərdi.

Azərbaycanın müstəqilliyinin ikinci dəfə bərpası dövründə, XX əsrin sonlarında tale xalqımızın üzünə güldü. Tarix millətin böyük vətənpərvəri, böyük azərbaycanlı möhtərəm Heydər Əliyevi dünya siyasi səhnəsinə çıxartdı və müstəqil dövlətin sabitləşməsi və möhkəmləndirilməsi işini ona tapşırdı. Bu, müstəqilliyimizin dönməzliyinə ən böyük və qüdrətli təminat idi.

Xarici siyasətdə diasporun fəal mövqeyi çox mühüm amildir, amma dövlətin taleyi həmişə öz əlində olur və onun başında qüdrətli siyasətçilər dayananda, yurdun sabitliyinə və xalqın rifahına tam təminat verilir.

1988-1993-cü illərdə xalqımız böyük və ağır sınaqlardan keçdi. Yorulmaz dövlət rəhbəri cənab Heydər Əliyev hakimiyyətə gələn kimi onun gördüyü tədbirlər nəticəsində qısa bir vaxtda Azərbaycanın daxilindəki vətəndaş müharibəsi təhlükəsi aradan qalxdı, xalqın milli birliyi təmin olundu, dövlətçiliyin möhkəmlənməsi üçün aparılan işlər siyasi sabitliyə gətirib çıxardı.

Lakin ölkə Prezidenti başa düşürdü ki, təkcə daxili sabitlik Azərbaycanın tərəqqisi və müstəqilliyinin dönməzliyi üçün kifayət deyildir. Müstəqil respublikamızın tarixi mənafeləri fəal xarici siyasət yeritməyi və onun yaşaması, inkişafı üçün normal beynəlxalq şəraitlə təmin olunmağı tələb edirdi. Bunun üçün bir tərəfdən fəal qərbyönümlü siyasət yeridilir, qabaqcıl dövlətlər sırasına inteqrasiya siyasəti aparılır, digər tərəfdən isə ölkənin neft sektoruna böyük investorların və şirkətlərin cəlb edilməsi üçün tədbirlər həyata keçirilirdi.

Azərbaycan dövlətinin fəal yardımı və marağı ilə yaradılan diaspor isə, ilk növbədə qərb ölkələrində, Almaniya, ABŞ və Kanadada Azərbaycan xalqının Qarabağ konflikti ilə bağlı həqiqətlərini dünyaya çatdırmalı, bu istiqamətdəki saxta mifləri dağıtmağa kömək etməli idi. Xaricdə olan bir sıra imkanlı iş adamları da öz tarixi vətənləri ilə əlaqə yaratmalı, həm özləri, həm də respublika üçün faydalı olan layihələr işləyib həyata keçirməli idilər. Bütün bunlar qısa bir vaxtda reallaşdırıldı, müstəqil dövlətimiz on il ərzində misilsiz tarixi quruculuq yolu keçdi. İndi Azərbaycan adambaşına xarici investisiya payının həcminə görə MDB məkanında birinci yerdə gedir.

2001-ci ilin 9-10 noyabrında Bakıda keçirilən Dünya azərbaycanlılarının I qurultayı tarixi hadisə oldu. Minlərlə azərbaycanlı tarixi Vətənə həyəcan və pərəstiş hissi ilə qədəm qoydu. Onların arasında Azərbaycan mühacirətinin müxtəlif dəstələrinin nümayəndələri var idi. Qurultayda toplanmaq faktının özü Azərbaycan mühacirlərinin bir-biri ilə tanışlığına və vahid koordinasiya mərkəzi ətrafında birləşməsinə səbəb oldu. Xalqımızın ən tanınmış və nüfuzlu adamlarından ibarət Dünya azərbaycanlılarının Əlaqələndirmə Şurası yaradıldı. Bu, Azərbaycan diasporunun mütəşəkkilliyi tarixində böyük və əlamətdar hadisə oldu, Azərbaycanın bütün dünyada güclü lobbisinin yaradılmasına münbit imkanlar yaratdı.

Azərbaycan diasporunun bayrağı azərbaycançılıq təlimidir: bu, milli dövlətə, ana dilinə, xalqın mənəvi dəyərlərinə sədaqət təlimidir. Bu təlim get-gedə bütün dünya azərbaycanlıları içərisində daha böyük rəğbət yaradır, onları birləşdirən ali bir dəyərə çevrilir. Azərbaycançılıq, vətənçilik, sağlam milli təəssübkeşlik həm də xalq üçün əməlpərvər olmaq təlimidir. Azərbaycançılıq xalqı dövlətin, onun müstəqilliyi və təhlükəsizliyi, rifahı, ideyaları ətrafında birləşdirən bir nəzəriyyədir.

Dünya azərbaycanlılarının birinci qurultayında ölkə Prezidenti tarixi bir məruzə etdi. Ölkə başçısı bu məruzədə bir sıra yeni, prinsipial, Azərbaycanın dövlət və milli ideologiyasını inkişaf etdirən müddəalar irəli sürdü. Möhtərəm Heydər Əliyevin azərbaycançılıq təliminin birinci və aparıcı tərkib prinsipi “öz milli mənsubiyyətini qoruyub saxlamaq” kimi müəyyənləşdirilmişdir. Bu, son dərəcə çoxtərəfli və azərbaycançılığın mahiyyətini ifadə edən prinsipdir. Hər bir milli və dövlət ideologiyasının məqsədi dövlət anlayışı ilə bağlıdır. Milli ideologiya dövlətçiliyin ümumxalq dəyərlərini və mənsubiyyətini ifadə edir. Milli dövlətin əhəmiyyətini isə Qarabağ müharibəsində itirdiyimiz torpaqların taleyi yaxşı açıqlayır. Torpaqlar nə üçün getdi? Çünki dövlətçiliyimiz dağıdılıb zəifləmişdi və bunun nəticəsində dövlət xalqı qorumaq, onun siyasi və iqtisadi sərhədlərini müdafiə etmək kimi əsas funksiyasını icra edə bilmirdi. Heç bir xalq öz milli dövlətini yaratmadan, möhkəmlətmədən tarix səhnəsində əhəmiyyətli rol oynaya bilməz. Milli ideologiya isə xalqı dövlət, onun maraqları və dəyərləri ətrafında birləşdirən bir hadisədir. Ona görə də azərbaycançılıq bizə dövlətimizin, millətimizin maraqlarını qorumaq üçün ümumxalq təlimi kimi lazımdır.

İndi Azərbaycan diasporunun bütün dünyada maraq göstərdiyi və mənimsədiyi əsas dəyər, ilk növbədə ana dilinin öyrənilməsi, bu dildəki mənəvi gücün yeni nəsillərə ötürülməsidir. Müstəqil Azərbaycan Respublikası, onun Prezidenti ana dilinə, onun inkişafına, ana dilinin dövlət statusunun möhkəmlənməsinə istiqamətlənən siyasətilə xalqımızın strateji maraqlarını ifadə edir. Lakin bu sahədə də bizim görülməli işlərimiz çoxdur. Biz dərsliklərin çapı, uşaq ədəbiyyatının nəşri, məlumat ədəbiyyatının latın əlifbası ilə çap olunması sahəsində çox böyük işlər görməliyik. Həm də bu iş təkcə daxili tələbata görə deyil, bütün dünyadakı Azərbaycan diasporunun ehtiyaclarını ödəmək məqsədilə görülməlidir.

Azad, demokratik dövlətçilik ideyası Azərbaycançılıq təliminin əsas tərkib hissələrindən biridir. Dövlətimizi artıq on ildir ki, dahi rəhbərimiz möhtərəm Heydər Əliyev qurur, möhkəmləndirir və irəli aparır. Dünya azərbaycanlılarının I qurultayının qətnaməsində ölkə Prezidentinin bu istiqamətdəki fəaliyyəti qızğın müdafiə edildi. Qətnamədə həmçinin Azərbaycanın ərazi bütövlüyünün qorunması işində dünya azərbaycanlılarının əlbir və mütəşəkkil olmasının zəruriliyi qeyd olunmuşdur.

Azərbaycan Avropa Şurasının üzvü kimi dünya ictimaiy­yəti qarşısında öz üzərinə mühüm öhdəliklər götürmüşdür. Bu öhdəliklər Qarabağ probleminin dinc yolla həlli sahəsində daim fəal siyasət yeritməyi, sivil mübarizə üsulları tapmağı və onları həyata keçirməyi tələb edir. Göstərilən istiqamətdə Azərbaycan diasporunun üzərinə düşən böyük vəzifələrin layiqincə icra olunacağına şübhə yoxdur.

Ölkəmizdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli bayram elan edilmişdir. Xalqımızın tarixi və gələcək taleyi baxımından bu bayramın çox böyük dəyəri vardır. Bu, həm dünyada, həm də ölkə daxilində milli birlik günüdür, milli birlik idealına çağırış və qovuşma günüdür. Bu birliyə xalqımızın çox böyük ehtiyacı vardır: dövlətimizi, iqtisadiyyatımızı möhkəmləndirmək, itirilmiş torpaqlarımızı qaytarmaq üçün bizə ən çox milli həmrəylik, ideallarımız uğrunda mübarizədə mütəşəkkillik və əlbirlik lazımdır.


Azərbaycan” qəzeti, 31 dekabr 2002-ci il.


Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin