Elmi, təhsili heç vaxt unutmayan bir



Yüklə 6,34 Mb.
səhifə21/68
tarix02.01.2022
ölçüsü6,34 Mb.
#2186
1   ...   17   18   19   20   21   22   23   24   ...   68

MƏNƏVİ GÜCÜN QÜDRƏTİ

Ötən əsrin iki mühüm tarixi hadisəsi daim yaddaşlardadır. Hər ikisi eyni arzunun gerçəkləşməsinə aid idi. Biri 28 may 1918-ci ildə, digəri isə 18 oktyabr 1991-ci ildə baş verdi. Birinin sonu faciəli və uğursuz oldu. İkincini də belə aqibət gözləyirdi. Amma... Bu barədə bir qədər geniş danışaq. 1991-ci ildə Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul etdi. Xalqın azadlıq ruhu real, müstəqil dövlət halında faktlaşdı, beynəlxalq normalara uyğun hüquqi formasını aldı. Amma Müstəqillik Aktının qəbulu hələ hüquqi müstəqillik demək deyildi. Vəziyyət getdikcə ağırlaşırdı. Böyük öndər Naxçıvanda əyləşmişdi. Həm partokratlar, həm də cəbhəçilər fasiləsiz olaraq Naxçıvana uçub qayıdırdılar. Qorxu və tərəddüd hamını təhdid edirdi. Hamı tarixdən az-çox xəbərdar idi. Azadlığımıza qənim kəsilmiş qanlı bolşevik maşınının içüzünü isə, bəlkə də Heydər Əliyev qədər görən yox idi. Ulu öndər hamıya bir həqiqəti açıq deyirdi ki, xalqın əsrlərlə gözlədiyi imkan yaranıb. Müstəqilliyi qazanmaq, döv­lətimizi qurmaq üçün qətiyyət göstərmək lazımdır. Moskvadan prosesi diqqətlə müşahidə edir və nəticə çıxarırdılar. Oyanmış mil­ləti əzməkdən ötrü onlar üçün ən böyük maneə Ulu öndərin birləş­dirici fiquru idi. Köhnə müstəmləkə diplomatları bilir­dilər: müsəlmanları birləşdirən fiqur yox olan kimi, onların gü­cü də heçə çəkilir. Çünki onların gücü mütəşəkkilliyində yox, mənəviyyatındadır.

Bu məqsədlə 1987-ci ildən Heydər Əliyev dühasına qarşı böhtan kampaniyası başlanmışdı. Bu, Azərbaycanda vətəndaş müharibəsi yaratmaq planının tərkib hissəsi idi. Heydər Əliyev neytrallaşsaydı, cəbhəçilərlə partokratların toqquşması labüd olacaqdı. Azərbaycan partokratiyası iradəsiz və müti adamlardan ibarət idi. Və Kreml onları öz məqsədləri üçün yetişdirmişdi. Bu insanlar arasında müstəqil siyasətçi yox idi. Azərbaycan sovetlərdən ayrılsaydı, onlar hər şeyi itirəcəkdilər. Amma Kremlin planları baş tutmadı. Çünki Azərbaycanda Ulu öndərə olan inam çox güclü idi. Ona görə də aparılan təbliğat kampaniyaları əks nəticələr verir, Heydər Əliyev tərəfdarlarının daha da mütəşəkkilliyinə gətirirdi. Mətbuatda Ulu öndəri müdafiə edən materiallar işıq üzü görməyə başlamışdı. Onlardan biri belə adlanırdı: “Heydər Əliyevi sevən Azərbaycanı sevər”. O dövrdə rəhbərə öz partiyasını yaratmaq xahişi ilə ardıcıl müraciətlər olurdu. Lakin Ulu öndər tələsmir, zamanın yetişəcəyi məqamı gözləyirdi. O, bütün qüvvəsi ilə çılğın, sadəlövh cəbhəçilərin ziyalılarla və partokratlarla toqquşmasının qarşısını almağa çalışırdı. Nəticədə, müstəqilliyə çatmaq üçün əsas şərtlərdən biri əldə olundu. Vətəndaş müharibəsi təhlükəsi aradan qalxdı. Bütün bunlar xalqın mənəvi gücünün təntənəsinə çevrildi. Bu mənəvi güc müstəqilliyimiz üçün hər bir hərbi qüvvədən daha vacib idi. Çünki hər bir xalqın azadlığının əsas hərəkətverici qüvvəsi onun öz daxilindən gəlir. Müstəqilliyin xilasının ən ağır durumunda Azərbaycan xalqı Heydər Əliyevi siyasi meydana çağırdı.

Ulu öndər millətin mənəvi gücünün, yaşamaq iqtidarının timsalı kimi qəbul olunurdu. Heydər Əliyev xalqı arxasınca aparan, həmişə xalqla olan, onu müşayiət edən yeganə qüvvə idi. Xalqlar ancaq bu güclə qüvvətli olur və qələbə qazanırlar. Bu gücün təmsilçisi olmaq çətindir. Belə missiyanı yalnız seçilmişlər həyata keçirirlər. Çünki bu qabiliyyət elm və kitabla öyrədilmir. O, ancaq tale və qismətdir. Xalqın mənəvi gücünün təmsilçisi olmaq isə, ömür yolu hesabına başa gəlir. Allah və tale sanki onu Azərbaycan xalqı üçün ucaltmışdı. Bu sınaqdan çıxmaq üçün iki şey lazım idi. Düz yol göstərmək və adamların inamı. Ona görə ki, xilas inamda idi, inamdan keçirdi. İnam isə kifayət qədər güclüdür. Hətta Heydər Əliyevin düşmənləri də Ulu öndərin siyasi gücünü etiraf edirdilər. Onlardan biri demişdir: “Heydər Əliyev özü-özünü yaratmış adam idi”. Mən bura Allahın lütfünü də əlavə edərdim. Arzu ilə, maraqla xalqa rəhbər olmaq mümkün deyil. 50 il partiya funksioneri olmaqla da lider yetişmir. Bunun üçün əvvəldən sonadək sınaq yolunu keçməli, saysız-hesabsız haqsız zərbələrə dözməli və düz yolu tapmalısan. Ulu öndərin ömrünün ixtiyar çağlarında tapdığı düz yol isə Azərbaycanın müstəqilliyi idi. Yəqin ki, onun çətin ömür yolunda keçdiyi bütün sınaqlar əsas sınaq üçün hazırlıq idi.

Fəlakətli böhranın kökləri öz daxilimizdə idi. Xalq hərə­katında minlərlə vətənpərvər, namuslu insan təmsil olunurdu. Lakin onların rəhbərliyindəki bir dəstə adam xaricilərin təsiri ilə köhnə təbliğatı davam etdirirdi. Bu, Heydər Əliyevə qarşı aparılan təbliğat, başqa sözlə, Azərbaycan cəmiyyətinin mənəvi qüvvələrinin səfərbər edilməsinə yol verməmək xətti idi. AXC-Müsavat cütlüyü hələ Şuşa və Laçının alınmasına göz yummağa razılıq verəndə, buna hazır olduqlarını gös­tər­miş­dilər. Onların televiziyası, qəzetləri vardı. Hamısı xari­cilərin puluna başa gəlmişdi.

Ümummilli lider Ali Sovetin sədri seçiləndən sonra da xal­qa və orduya xəyanət etmiş hökumətin qalıqları hakimiyyətdən getmək istəmir, dövlət aparatının sabitləşməsinə müqavimət göstərməklə fəlakətli vəziyyətin dərinləşməsinə cəhd edirdilər. Heydər Əliyev isə bu vəziyyətdə böyük dözüm və səbr nümayiş etdirirdi. O, xalqın mənəvi gücünü səfərbər etmək naminə deputat statusu olmayan ağsaqqalları Milli Məclisin iclaslarına dəvət edirdi. Vücudu heç nəyə dəyməyən adamların minbir şıltaqlığına, xəyanətkar təbliğatına səbrlə dözürdü. Böyük rəhbər bütün bunları Azərbaycanın mənəvi gücünü birləşdirmək üçün edirdi. Mentalitetimizdə bu, ən çətin məqamdır. Qarşıda təxminən müstəqillik bəyannaməsinin qəbulu ərəfəsindəki vəziyyət yaranmışdı. Formal müstəqillik var, lakin ona sahib çıxacaq dövlət yoxdur! Müstəqilliyin iflası labüd idi. Siyasi qüvvələr arasında böyük fikir ayrılıqları yaranmışdı. Bunları dəf etməyə dözüm tələb olunurdu. Söhbət mənəvi qüvvədən gedirdi. Dövlət dağıldığından onun güc orqanları iflic hala düşmüş, siyasi oyunlara cəlb edilmişdi. Ölkənin xoşbəxtliyi onda idi ki, dövlət dağılsa da, cəmiyyətdə sağlam qüvvələr üstünlük təşkil edirdi. Lakin bu qüvvələr siyasətdən uzaq idilər. İxtilafçı və destruktiv qüvvələr isə siyasi mühitdə və Milli Məclisin tərkibində kifayət qədər böyük sayla təmsil olunurdular. Heydər Əliyev isə siyasi mühitdəki oyunlara qınaqla baxan sağlam insanlara, ilk növbədə, ziyalılara, sadə əmək adamlarına güvənirdi. Çünki siyasətdən və diplomatiyadan uzaq olsalar da, bu adamlar sağlam düşüncə ilə vəziyyəti düzgün qiymətləndirirdilər. Bu qiymətin formulu sadə idi: xalqı bu vəziyyətdən ancaq Heydər Əliyev çıxara bilər! Belə bir zamanda vəziyyəti dəyişməyin ən asan yolu zorakı qərarların qəbulundan ibarət ola bilərdi. Ulu öndərin böyüklüyü isə onda idi ki, bu yoldan imtina etdi. Bütün cəmiyyətin və siyasi qüvvələrin konsensusu ilə, tam legitim prosedurlarla qərarlar qəbul etmək yolunu tutdu. Bu yol uzun müzakirələr tələb edir və çox vaxt aparırdı. Lakin dağılmış dövləti necə qurmaq barədə qərarlar cəmiyyətin rəyi nəzərə alınmaqla və Milli Məclisdə legitim səsvermə formasında qəbul olunurdu. "Bəy"lər ölkədə yaranmış real vəziyyəti qiymətləndirə bilmir, öz şəxsi maraqları arxasında milli fəlakəti görmür və dövlətin yenidən yaradılmasına müqavimət göstərirdilər. Onlar ölkəyə verdikləri fəlakəti anlamadan və siyasətdən uzaq bir tərsliklə öz iflaslarını yaxınlaşdırırdılar. Bu iflasa “siyasi” sözünü əlavə etmək mümkün deyil. Bu, hər hansı siyasi qərar vermək iqtidarının yoxluğunu ifadə edən iflas idi.

Məncə, böyük öndərin dövlətçilik irsinin ən mühüm tərəfi xalqın mənəvi gücünü səfərbər etmək təlimidir. Əsl müstəqil dövlət də bunun nəticəsi və yekunu kimi ortaya çıxır. Yalnız öz xalqının mənəvi potensialını realizə edə bilən, dövləti, dövlətin daxili və xarici siyasətini bu potensialın üzərində qura bilən millətlər həqiqi azadlıq əldə edir və müstəqil dövləti olan xalqlar siyahısına düşür. Heydər Əliyev bunu dünyadan təcrid kimi yox, dünyaya milli maraqlarla bağlanaraq başa düşür, azərbaycançılıq və siyasi liberalizm xəttini paralel həyata keçirirdi. Azərbaycanın, sözün tam mənasında, müstəqil olmasını Ulu öndər formula çevirmişdi. 1993-1995-ci illərdə dahi rəhbər bu siyasəti böyük çətinliklə, eyni zamanda qətiyyətlə reallaşdırdı. Bu, müstəqil dövlətin sabitləşməsi demək idi.

Cəbhənin iflası daha bir sınanmış həqiqəti təsdiqlədi: İstənilən milləti ağ günə çıxaracaq qüvvələr onun daxilində tapılmalıdır. Kənardan gələn yardımla milli dövlət qurmaq olmaz. Azadlıq, demokratiya, qardaşlıq, dindaşlıq, müsəlman həmrəyliyi, iqtisadi tərəqqi, Avropa mədəniyyəti və sair bu kimi suallar cəlbedici görünə bilər. Lakin bunun arxasında həmişə yad məmləkətlərin eqoist siyasəti dayanır. Çünki böyük dövlətlərin xarici siyasəti elə milli eqoizmin bir təzahürüdür. Xaricilərdən yardım alan siyasətçi bu eqoizmin siyasətçisinə çevrilir. Siyasətin miqyası böyüdükcə, xaricilərə xidmətdən doğan xəyanətin miqyası da böyüyür. Vaxtilə ölməz C.Cabbarlı “Od gəlini” pyesində bu məqamı parlaq şəkildə ifadə etmişdir. Öz qardaşını, Vətənini “təzə dinə” satan Aqşin obrazı 27 aprel istilasından sonra qurulmuş oyuncaq hökumətə işarə idi. Hərbi İnqilab Komitəsi adlanan bu hökumətin bütün üzvləri azərbaycanlılardan təşkil olunmuşdu. N.Nərimanov da başda olmaqla onlar butoforiya vəziyyətində qaldılar. 1937-ci ildə həmin şəxslərin hamısı 15 dəqiqəlik məhkəmələr nəticəsində güllələndi. Onların taleyini 10 il əvvəl xəbər verdiyinə görə C.Cabbarlını pantürkist və panislamist adlandırdılar. Bolşevik lüğətində onlar ən pis sözlər idi...

Cəmiyyətin mənəvi gücü və birliyi ilə bağlı məsələlərin hamısı maarif və informasiya mədəniyyəti, savad məsələləri ilə bağlıdır. Jurnalist, ziyalı cəmiyyətin qabaqcıl adamı olanda, onun tərəqqisinə xidmət etmək istəyəndə, milli gücün təmsilçisinə çevrilir. Bu isə artıq təhsil və tərbiyə məsələsidir.

Qərbdə millətin şüurunu öndə gedən mətbuatda axtarır və ictimai şüur səviyyəsini mətbuatın durumu ilə ölçürlər. Bu, çox doğru üsuldur. Lakin onu özümüzə tətbiq edəndə, adamı ağlamaq tutur. “Siyasətbaz” qəzetlərin fikir və təhlil səviyyəsi aşağıdır, demək azdır. Onlar məhdud bir dərnək mühitini əks etdirirlər. Bu insanların öz intriqaları, öz liderləri, hətta öz məntiqləri var. Dərnək dostları xəstələnəndə onu iztirab əhəmiyyətli hadisə kimi təqdim edirlər. Amma ölkə iqtisadiyyatının, maliyyə bazarının, sosial problemlərin bu qəzetlərdə izi belə, yoxdur. Digər tərəfdən mətbuatın qisasçılıq alətinə çevrilməsi, yaxşı ilə pis, həqiqətlə yalan arasındakı fərqi aradan götürür. Paradoksal vəziyyət alınır: azad mətbuatda həqiqətlə yalanın fərqi yox olur. Bu, dəhşətli haldır. Çünki mətbuatın işi məhz həqiqəti aydınlaşdırmaqdır. Lakin onlarla qəzet muzdla yalanı reklam edir. Bu, artıq mətbuatın yox, cəmiyyətimizin ciddi bir xəstəliyindən xəbər verir. Cəmiyyətdə həqiqətlə yalan arasındakı fərqin itməsi sosial reqres əlamətidir. Həqiqət, onu tanıyan və qoruyan ictimai rəy yoxdursa, deməli, cəmiyyətdə heç bir dəyər də yoxdur. Belə hal dövlətin əsasları üçün də təhlükə yaradır. İstinad dəyərləri olmayan cəmiyyət gücsüz cəmiyyətdir. Xalqımızın son 5 ildə keçdiyi yol göstərir ki, onun mənəvi potensialı böyükdür. Məhz bu potensial sayəsində müstəqil dövlətimizi qura bilmişik. Ən ağır sınaqlardan üzüağ çıxaraq dövlətçiliyimizin əsaslarını möhkəmləndirmişik.

Heydər Əliyev irsi milli hərəkatın müasir mərhələsidir. Böyük rəhbərin elmi, siyasi irsi, onun quruculuq üslubu bizim üçün kompasdır. Ölkəmiz üç ildir ümummilli lider Heydər Əliyevsiz yaşasa da, Ulu öndərin qoyduğu xətt davam edir. Elə Azərbaycanın da xoşbəxtliyi onda oldu ki, Heydər Əliyevin layiqli davamçısı İlham Əliyev dövlətçilik sükanı arxasına keçdi. Ulu öndərin siyasi xətti, quruculuq planları davam etdi. Bu tərəqqinin əsas göstəricisi ölkədəki iqtisadi artım tempidir. MDB ölkələrini qabaqlayan iqtisadi tərəqqimiz göz qa­ba­ğın­dadır. Ən əsası odur ki, bu gün ölkəmiz düzgün yoldadır və uğur­larımızın hamısı bunu təsdiqləyir, Heydər Əliyevin ar­zularının çin olacağından xəbər verir.


Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin