Elmi, təhsili heç vaxt unutmayan bir


AZƏRBAYCAN MƏDƏNİ İRSİNİN HAMİSİ



Yüklə 6,34 Mb.
səhifə48/68
tarix02.01.2022
ölçüsü6,34 Mb.
#2186
1   ...   44   45   46   47   48   49   50   51   ...   68
AZƏRBAYCAN MƏDƏNİ İRSİNİN HAMİSİ
Dövlətçilik sistemində xaqan-xatun modelini, əslində bütün dünya türk ruhundan əxz edib. Xanım Mehriban Əliyevanın timsalında bu qədim ənənənin müstəqil Azərbaycanın dövlətçilik sistemində yenidən bərpası onun ölməz türk ruhuna sədaqət hissi ilə bağlıdır.

Qədim əsatirlərimizin birində belə bir tarixi epizod təsvir olunur: düşmən sərkərdəsi mühasirəyə aldığı şəhər-qaladakı qadınlara döyüş zamanı xətər toxunmasın deyə, onların qısa müddət ərzində şəhərdən çıxmalarını əmr edir. Xanımlara gedərkən yalnız onlar üçün ən qiymətli olan nəyisə aparmaq imkanı verilir. Azərbaycan qadınının müdrikliyi düşmən sərkərdəsini az sonra çətin vəziyyət qarşısında qoyur. Çünki belə bir əmr ardınca şəhər qadınları bütün maddi sərvətləri yağılara buraxmış, özlərilə yalnız həyat yoldaşlarını, ata və qardaşlarını aparmışdılar. Tarix Azərbaycan qadınını min illər sonra da, bax beləcə xatırlayacaq...

Bizim milli təfəkkürümüzdə Vətən və Ana məfhumları bir-birindən ayrı deyil. Bu assosiativ əlaqə indiyə qədər Vətən haqqında köksümüzdən qopan ən adi məcazda da ifadə olunur: məhz Ana Vətən. Deməli, Azərbaycan şüurunda Vətən də, dövlət də, dövlətçilik də, onların müqəddəratının qorunması üçün həyata keçirilən siyasət də ilk növbədə ana, qadın adının ucalığından, müqəddəsliyindən başlayır. “Kitabi-Dədə Qorqud” dastanlarında igidinə “başım baxtı, evim taxtı” deyib öyünən Azərbaycan qadını isə özünü heç vaxt Vətən, Yurd uğrunda aparılan mübarizələrdən kənarda hiss etməyib. Zərurət anında siyasi proseslərə, savaşlara qatılıb. Tarixin daş yaddaşına Tomris ana, Türkan xatun, Nüşabə, Sara xatun, Tuti Bikə, Xurşidbanu Natəvan, Ağabəyim Ağa (Ağabacı), Qarabağ savaşında şəhid cismi ilə bir ovuc Vətən torpağını bağrına basıb işğalçılardan qoruyan Qaratel, Gültəkin və başqa bu kimi hünərvərlərin adları həkk edilib.

Bu mənada, Azərbaycan xanımlarının siyasətdə, diplomatiyada iştirak tarixini siyasət, diplomatiya faktlarının yarandığı gündən hesablamaq gərəkdir.

Azərbaycan qadını dünyanın əksər ölkələrində “ağır bir sənət” kimi qəbul edilən siyasətdə iştirakı ilə siyasi ab-havaya bir saflıq, təmizlik, zəriflik gətirib. Azərbaycan qadını həmişə təmsil olunduğu əhatədə qardaş qırğınlarına, fitnə-fəsadlara, parçalanma və təfriqələrə, söyüş və təhqirlərə, bir sözlə, bütün pis meyllərə qarşı qoruyucu sipər kimi çıxış edib. Kişilərin bir çoxu hər hansı hadisə və prosesdə qadının iştirakını nəzərə alaraq bir çox mənfi meyllərdən məhz buna görə çəkiniblər. Azərbaycan mentalitetinə görə ortaya atılan bir parça ipək o səbəbdən hətta irimiqyaslı müharibələri belə dayandırmaq imkanına malikdir ki, vaxtilə həmin ipək parçası hansısa qadının baş örpəyi olub. Azərbaycan qadınının örpəyinə münasibət Ümummilli liderimiz Heydər Əliyevin həyata keçirdiyi siyasətdə də xüsusi aktuallığa malikdir. Bu münasibət onun aşağıdakı fikirlərində çox dəqiq ifadə olunmuşdur: “Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, isməti, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi ilə, millətinə, torpağına olan hədsiz məhəbbəti və gözəlliyi, Azərbaycan xalqının milli xüsusiyyətlərinə sadiqliyi ilə tanınmışdır. Əsrlər boyu Azərbaycan qadınının üzərinə böyük zəhmətlər düşmüşdür. O zəhməti də qadın həmişə mərdliklə, cəsarətlə çəkmiş və bu zəhmətdən heç vaxt inciməmişdir... Sona çatan XX əsr Azərbaycan qadını üçün böyük nailiyyətlər, hadisələr, böyük dəyişikliklər əsri olmuşdur. Ən böyük nailiyyət ondan ibarətdir ki, Azərbaycan qadını azadlığa çıxmışdır. Bu böyük bir hadisə, tarixi bir uğurdur”.

Bu mövqeyi Ümummilli liderimizin Yeni Azərbaycan Partiyasının II Qurultayı zamanı qadınlar haqqında səsləndirdiyi fikirlərlə belə davam etdirmək olar: “Qadınlar cəmiyyətdə çox həlledici təbəqədir. Qadın ailə saxlayan bir insandır. Ona görə də bütün qadınlar bizim cəmiyyətdə çox əhəmiyyətli rol oynayırlar. Təkcə dövlət içərisində yox. ... Mən bunları deyərək qadınların bizim üçün nə qədər əziz olduğunu bir daha bəyan etmək istəyirəm. ... Qadınlara xüsusi qayğı göstərmək lazımdır. Onların problemləri ola bilər, bunları mütləq aradan qaldırmaq, qadınlara kömək etmək lazımdır”.

Dövlət idarəçiliyində Azərbaycan qadınlarının peşə­karlığın­dan, intellektual qabiliyyətindən istifadə meyli Heydər Əliyev siyasətində daim mühüm yer tutmuş, Ümummilli liderin rəhbərliyi ilə ölkəmizdə səmərəli şəkildə həyata keçirilən dövlət qadın siyasəti xanımlarımızın bütün sahələrdə yüksək səviyyədə təmsilçiliyi üçün geniş imkanlar yaratmışdır. Bu gün də layiqincə davam etdirilən bəlli siyasi kurs hesabına Azərbaycan qadını istər ölkə daxilində, istərsə də ölkə xaricində cəmiyyətin ayrı-ayrı sahələrinə dair müxtəlif problemlər barədə öz sözünü deyə bilir, bu problemlərin həllini təmin edən yeni-yeni uğurlara imza atır. Ölkənin birinci xanımı, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun və Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın YUNESKO-nun Xoşməramlı səfiri təyin edilməsi də bunun bariz təzahürüdür. Qeyd edək ki, indiyə qədər bu ada dünyanın yalnız məşhur adamları layiq görülmüşlər. Xoşməramlı səfirlər arasında dünya şöhrətli musiqiçi Mstislav Rastropoviç, aktrisa Klaudia Kardinale, Mərakeş şahzadəsi Lalla Məryəm, Litva prezidenti Valdis Adamkus, Lüksemburqun böyük hersoqunun xanımı Mariya Tereza və başqalarının adları çəkilir. Bu sırada Azərbaycan nümayəndəsinin də təmsilçiliyi son dərəcə fərəhləndirici bir hadisədir.

Geostrateji mövqeyinə görə Azərbaycan iki dünyagörü­şü­nün, iki həyat tərzinin, iki mədəniyyətin qovuşduğu məkanda yerləşir. Bizlər Qərblə Şərqin dialoqunu öz gündəlik həyatı­mız­da hiss edirik. Maraqlıdır ki, kifayət qədər sərt ziddiy­yətlərlə davam edən belə bir dialoq Azərbaycan mədə­niy­yətin­də hər hansı çatışmazlıqlara gətirməyib, əksinə bu məm­ləkətdə bənzərsiz bir mədəni mühit formalaşdırıb. Çünki əsrlərdən üzü bəri yol gələn, zaman-zaman saf çeşmə kimi daha da durulan, cilalanan zəngin Azərbaycan mədəniyyəti bütün kənar müdaxilələrə sinə gərmək gücündədir. Azərbaycan da malik olduğu mədəni potensialla bu dialoqda öz sözünü deyir və mövqeyini sübuta yetirir. Azərbaycan mədəniyyəti dünya mədəniyyəti nümunələrinə qarşı deyil. Mehriban xanım Əliyevanın söylədiyi kimi, bizlər öz mədəniyyətimizi, adət-ənənələrimizin, tarixi irsimizin təkrarolunmaz incilərini qoruyub saxlayaraq dünya mədəniyyəti nümunələrini qəbul edə bilmişik: “Bu gün biz müxtəlif xalqların mədəniyyət elementləri ilə milli mədəniyyətimizin tərkib hissəsi arasında oxşarlığın şahidi oluruq. Bu isə heç də təsadüfi deyildir. Bu proseslərin arxasında öz tolerantlığı, xeyirxahlığı, öyrənib-öyrətmək bacarığı ilə seçilən mədəniyyətlər arasında da körpülər yaradan azərbaycanlıların neçə-neçə nəsli dayanır. Azərbaycan Üzeyir Hacıbəyov, Qara Qarayev, Səttar Bəhlu­l­za­də, Mstislav Rastropoviç kimi dünya şöhrətli mədəniyyət xa­dimlərinin vətənidir. Bu cür şəxsiyyətlərin yetiş­məsi üçün şərait yarada bilən xalqımız həqiqətən də böyük xalqdır”.

Bu fikirlərin müəllifinə, Mehriban xanım Əliyevaya YUNESKO-nun verdiyi Xoşməramlı səfir təyinatı isə, ümu­mi­lik­də dünyanın Mehriban xanımın timsalında bütün Azər­baycan xalqına, milli mədəniyyətimizə, folklorumuza, tari­xi­mizə, dilimizə, incəsənətimizə göstərdiyi diqqət kimi qəbul olunmalıdır. Bu təyinat həm də Mehriban Əliyevanın timsalında Azərbaycan qadınının öz fədakarlığını və bacarığını beynəlxalq miqyasda təsdiq etməsinə əyani bir sübutdur. Və ən nəhayət, bu ad Mehriban xanım Əliyevanın şifahi irsin və musiqi yaradıcılığı irsinin qorunub saxlanması, inkişafı sahəsində ortaya qoyduğu zəhmətin xoş bəhrəsidir. Sentyabrın 9-da YUNESKO-nun Parisdəki iqamətgahında Xoşməramlı səfir adının təqdimat mərasimində də qurumun Baş direktoru Koişiro Matsuura onun bu sahədəki xidmətlərini yüksək dəyərləndirdi. Mehriban Əliyevanın rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondunun 1995-ci ildə Mehriban xanımın təşəbbüsü ilə yarandığını diqqətə çatdıran Baş direktor bu günə qədər də uğurla fəaliyyət göstərdiyini bildirdi: “Musiqi təhsili və gələcək nəslin maarifləndirilməsi xanım Əliyevanın rəhbərlik etdiyi fondun daim diqqət mərkəzindədir. Təqdirə və hörmətə layiq bir haldır ki, fondun təşkil etdiyi xeyriyyə konsertləri dinləyicilərə sevinc bəxş etməklə yanaşı, milli mədəniyyətin zəngin ənənələrinin yaşadılmasına da xidmət etmişdir. Fondun səyləri nəticəsində Azərbaycanda musiqi gimnaziyası və musiqi məktəbi tam təmir olunmuş, minlərlə yeniyetmə və gəncin musiqi aləminə qovuşa bilməsi üçün gözəl şərait yaradılmışdır. İmkansız ailələrdən olan uşaqların bu prosesə cəlb edilməsi, xüsusilə diqqətəlayiq haldır”.

Koişiro Matsuura Mehriban Əliyevanın baş redaktoru olduğu “Azərbaycan İRS” jurnalının da fəaliyyətinə xüsusi diqqət yönəltdi: “Böyük məmnuniyyətlə üç dildə nəşr olunan “Azərbaycan İRS” jurnalını da xatırlamaq istəyirəm” dedi. Baş direktor bildirdi ki, “Jurnal Azərbaycanın və eləcə də bütün Qafqaz regionunun tarixi və mədəniyyəti barədə məlumatlar yaymaqla kifayətlənmir. Eyni zamanda, bütün dünya xalqlarının adət-ənənələrindən ətraflı bəhs edir”.

YUNESKO-nun Baş direktorunun həmin mərasimdə Azərbaycan musiqisi və folkloru barədə səsləndirdiyi fikirlər də öz Vətənini, xalqını sevən kəsdə qürur doğurmaya bilməz. Koişiro Matsuura Azərbaycanın zəngin musiqi və şifahi xalq yaradıcılığı ənənələrinə malik olduğunu vurğuladı: “Son illər bu sahəyə maraq hədsiz dərəcədə artmışdır. Musiqi və musiqi alətlərinin funksiyası yalnız səslərlə bitmir. Bunlar xalqların və millətlərin tarixi yolunu, onların keçirdikləri hissləri, habelə estetik dəyərləri özündə əks etdirir. Təsadüfi deyil ki, bəşəriyyətin mədəni incilərinin qorunması ilə bağlı 2003-cü ildə təşəbbüs irəli sürülərkən cəmi 30 saniyəlik proqrama məhz musiqi fraqmenti daxil edilmişdir.

Şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunması sahəsindəki yorulmaz səyləri ilə YUNESKO-nun Xoşməramlı səfiri adını qazanan xanım Mehriban Əliyeva təşkilatımızın ideya və məramlarını həyata keçirən digər Xoşməramlı səfirlər siyahısına daxil olur. Çox şadam ki, YUNESKO-nu və bizim hamımızı narahat edən məsələlərlə bağlı o, səfirlik missiyasını yerinə yetirməyə razılıq vermişdir”.

Dünyanın ən nüfuzlu mədəniyyət qurumunun Mehriban Əliyevaya göstərdiyi bu yüksək etimad ümumilikdə Azərbaycanın böyük uğurudur. Müstəqilliyimiz bərpa olunduqdan sonra dünya düzənində öz yerini yenicə möhkəmlədən Azərbaycan bu kimi töhfələrlə beynəlxalq birliyə inteqrasiya istiqamətində böyük imkanlar qazanır. Müstəqil dövlətimiz bu gün bütün dünyada aparılan mədəniyyətlərarası dialoqdan kənarda qala bilməz. Azərbaycan malik olduğumuz zəngin mədəniyyətlə bu dialoq prosesinin əsas iştirakçılarından birinə çevrilmək imkanına malikdir. Lakin bunun üçün hələ çox işlər görülməlidir. Bu zərurət Azərbaycan Prezidenti cənab İlham Əliyevin həmin mərasimdəki çıxışında da ifadə olunur: “Biz bu istiqamətdə fəal iş aparırıq. Avropa ölkələri ilə, ümumən beynəlxalq qurumlarla həm siyasi, həm iqtisadi, həm də sosial səviyyədə geniş əlaqələrimiz vardır. Şübhəsiz ki, biz mədəni əməkdaşlıq sahəsində daha çox uğur əldə etməyi arzulayırıq”.

Azərbaycan Prezidenti əmin olduğunu bildirdi ki, Mehriban Əliyevanın YUNESKO-nun Xoşməramlı səfiri təyin olunması bu sahədə Azərbaycan dövlətinə yardım göstərəcək: “Mehriban xanımın on ilə yaxın bir müddətdə rəhbərlik etdiyi fond mədəniyyətin inkişafında, mədəni irsin qorunmasında, xalqımızın ənənələrinin yaşadılmasında mühüm rol oynamışdır. Onun təsis etdiyi jurnal, fondun həyata keçirdiyi müxtəlif layihə və proqramlar ölkəmizdə mədəniyyət və incəsənətin ümumi inkişafına müsbət təsirini göstərir. Əminəm ki, bu təyinatdan sonra həm Mehriban xanımın, həm də fondun fəaliyyəti beynəlxalq miqyasda daha çox nəzərə çarpacaq”.

Mehriban Əliyevanın YUNESKO-nun Xoşməramlı səfiri adına layiq görülməsi həm Azərbaycan Prezidenti, həm də Mehriban xanımın həyat yoldaşı kimi İlham Əliyev üçün təbii ki, ikiqat sevinc hissi yaradır: “O, həmişə insanlara xoş münasibəti, xoş niyyəti ilə seçilib. Bu onun xasiyyətinin fərqləndirici cəhətidir. Əminəm ki, bu yeni işdə də fəal çalışacaq və fəaliyyəti ilə ümumi məqsədlərimizə töhfəsini əsirgəməyəcək”.

Elmi ədəbiyyatlarda mədəniyyət anlayışlarına verilən bütün təriflər forma fərqindən asılı olmayaraq yekunda bir məzmun üzərində qərar tutur: insanların əldə etmiş olduqları bütün maddi və mənəvi nailiyyətlərin məcmusu. Bu nailiyyətlər yalnız dünən əldə edilməyib və yalnız bu gün də qazanılmır. Böyük insan toplumlarının taleyindən yalnız xırdaca elementlər götürən bu nailiyyətlərin arxasında min illərin zəhmət və iztirabları dayanır. Bu nailiyyətləri qazanmaq dünən insanlar üçün nə qədər çətin idisə, bu gün onun ən gözəl nümunələrini seçib ayırd etmək, göz bəbəyi kimi qorumaq və bəşər mədəniyyətinin ardıcıllığının təminatı naminə gələcək nəsillərə yetirmək də bir o qədər məsuliyyətli və şərəfli işdir. Mədəniyyətlər və sivilizasiyalar, keçmişlə bu gün arasında əlaqə yaratmaq işinin məsuliyyəti hamıdan daha çox YUNESKO-nun Xoşməramlı səfiri Mehriban Əliyevanın özünə məlumdur.

Qloballaşan dünyamız bu gün əlahəzrət informasiyanın və fantastik sürətlə inkişaf edən informasiya texnologiyalarının diqqəti ilə qarşı-qarşıya qalıb. Bu, özlüyündə nə qədər mütərəqqi bir inkişaf faktı olsa da, bu inkişaf mədəni irsə qarşı təcavüz təhlükəsini get-gedə artırmaqdadır. Belə bir zamanda Mehriban Əliyeva ulularımızdan bizə miras qalan mədəniyyət incilərimizin qorunub daha da zənginləşdirilərək gələcək nəsillərə əmanət edilməsini özü üçün ən ali məqsədlərdən biri kimi müəyyənləşdirib. Bu məqsədin icrası üçün o, dəqiq fəaliyyət konsepsiyasına malikdir. Mehriban Əliyeva YUNESKO-nun rəhbərliyi ilə görüşü zamanı Bakıda “Qafqaz xalq ənənələri evi”nin yaradılması təşəbbüsü ilə çıxış edib. Belə bir qurumun təşkili Qafqaz xalqlarına məxsus mədəni irsin qorunması və təbliğatı sahəsində son dərəcə mühüm addım ola bilər. Mehriban Əliyevanın “Qafqaz xalq ənənələri evi”nin yaradılması təşəbbüsünü irəli sürməsi, həmçinin dünyada maddi və qeyri-maddi mənəvi irsin qorunub saxlanması vəzifəsini yerinə yetirən YUNESKO-nu bu layihədə əməkdaşlığa dəvət etməsi bir neçə cəhəti ilə mühüm önəm daşıyır. Mehriban xanım bununla ilk növbədə təkcə Azərbaycanın deyil, bütün Qafqaz xalqlarının mədəniyyət hamisi olmaq missiyasını öz üzərinə götürüb. Digər tərəfdən, “Qafqaz xalq ənənələri evi”nin yaradılması zaman-zaman Azərbaycanın və eləcə də digər Qafqaz xalqlarının mədəniyyət nümunələrinə şərik çıxan, mədəni incilərimizi həyasızcasına mənimsəyib bütün dünyada öz adı ilə təqdim etməyə çalışan ermənilərin və onların erməni xislətli havadarlarının bu cür imkanlarını sıfıra endirə bilər ki, bu da ümumilikdə Qafqaz xalqlarını erməni xislətindən xilas etmiş olar. Bu təşəbbüs həmçinin siyasi yükə malikdir. “Qafqaz xalq ənənələri evi”nin yaradılması Avropa Birliyinin təşəbbüsü ilə Qafqaz regionunda həyata keçirilən “Yeni Qonşuluq Siyasəti”nin effektivliyi baxımından son dərəcə mühüm əhəmiyyət kəsb edir.

Mehriban Əliyevanın Azərbaycan dövləti, xalqı naminə gördüyü işlər bütün bunlarla məhdudlaşmır. O, ölkənin birinci xanımı statusu ilə Azərbaycan cəmiyyətində novatordur. Dünyanın əksər ölkələrində dövlət rəhbərlərinin xanımlarının mədəni-sosial sahədə həyata keçirdikləri tədbirlər əsasında yaranan bu ənənənin Azərbaycanda formalaşdırılması məhz Mehriban Əliyevanın qismətinə yazılıb. Bunu yeni ənənənin formalaşdırılmasından daha çox dünyaya nə vaxtsa türk dünyasından yayılan və hansısa dönəmdə unutduğumuz qədim ənənələrin yenidən bərpası, qayıdışı hesab etmək bəlkə də daha doğru olardı. Dövlətçilik sistemində xaqan-xatun modelini əslində bütün dünya məhz türk ruhundan əxz edib. Mehriban Əliyevanın timsalında bu qədim ənənənin müstəqil Azərbaycanın dövlətçilik sistemində yenidən bərpası onun ölməz türk ruhuna sədaqət hissi ilə bağlıdır. Ötən yüzillikdə lider xaqan missiyasını həyata keçirən Heydər Əliyevin ən yaxın köməyi bir xatun olaraq mərhum akademik Zərifə xanım Əliyeva idi. Yeni yüzillikdə onların ruhunun, ideyalarının varisi olan Prezident İlham Əliyevə də bu köməyi şübhəsiz ki, Mehriban xanım edəcək. Bu vəhdət, bu mənəvi birlik işğal olunmuş torpaqlarımızın azadlığa çıxmasında, Azərbaycanın bir dövlət kimi dünyada tanınmasında öz müsbət sözünü deməlidir. Bizlər Mehriban Əliyevanın bu səmtə yönəlmiş uğurlu fəaliyyətinə şahidik. İstər Azərbaycan Mədəniyyətinin Dostları Fondunun, istər Heydər Əliyev Fondunun, istərsə də Bədii Gimnastika Federasiyasının prezidenti kimi Mehriban xanımın gördüyü işlər göz önündədir. Onun atdığı addımlar, həyata keçirdiyi mədəni-icti­mai tədbirlər xalqımızın, dövlə­ti­mizin inkişafına, dövlət­çiliyi­mizin möhkəmləndirilməsinə, Azərbaycanın dünya birliyində öz layiqli yerini tutmasına doğru istiqamətlənib. Hər hansı problemin həllinə çarə arayan, haradasa kim tərəfindənsə haqqı tapdanan Azərbaycan vətəndaşı üçün Mehriban Əliyevanın timsalında artıq bir pənah yeri, bir ümid ünvanı da var.

Mehriban Əliyeva bu gün həyata keçirdiyi bəlli missiyanın əslində yaradıcısı deyil. Bu missiya Azərbaycandakı bütöv bir jurnalist nəslinin ustadı olan Nəsir İmanquliyevin, ədəbiyyat tariximizdəki ən uca zirvələrdən birini fəth etmiş böyük yazıçı və pedaqoq Mir Cəlal Paşayevin adı ilə başlayıb. Bu missiya dəyərli alim­lərimiz Arif Paşayevlə mərhum Aida xanım İmanquliye­vanın ocağında verilən tərbiyə, Ümummilli lider Heydər Əliyevdən, mərhum Zərifə xanımdan əxz edilən həyat dərsi ilə təfəkkürə, ruha qovuşub. Vaxtilə bu müqəddəs missiyanın icraçıları onlar idilər. Bu gün isə Azərbaycan Prezidenti İlham Əliyevlə birgə Mehriban xanım Əliyevadır və o, bu ali missiyaya sadiq qalmaya bilməzdi.

YUNESKO-nun Xoşməramlı səfiri adı hələ yolun başlan­ğıcıdır - bu yolu Mehriban xanımın layiq olduğu çox mükafatlar, titullar, fəxri adlar bəzəyəcək. Lakin Mehriban Əliyeva üçün ən bö­yük mükafat yəqin ki, onun arzularında yaşayan Azərbaycan dövlətinin və xalqının layiq olduğu haqqa sahib çıxmasıdır. Mehriban xanımın istər Heydər Əliyev Fondunun, istər Azərbaycan Mədəniyyətinin Dostları Fondunun, istərsə də Azərbaycan Bədii Gimnastika Federasiyasının rəhbəri kimi atdığı bütün addımlar da elə məhz buna yönəlib.
YUNESKO-nun Xoşməramlı səfiri” adlı


Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin