Elmi, təhsili heç vaxt unutmayan bir


-cu il. BÖYÜK İNSAN HAQQINDA



Yüklə 6,34 Mb.
səhifə51/68
tarix02.01.2022
ölçüsü6,34 Mb.
#2186
1   ...   47   48   49   50   51   52   53   54   ...   68
2010-cu il.

BÖYÜK İNSAN HAQQINDA
Yazıçı Hüseynbala Mirələmov geniş oxucu kütləsinə istedadlı nasir, dövrün aktual problemlərindən bəhs edən silsilə publisistik məqalə və oçerklərin müəllifi kimi yaxşı tanışdır. Son dövrlər qibtəediləsi məhsuldarlıq nümayiş etdirən ədib bir sıra kitablarla, eləcə də dövri mətbuatda dərc olunmuş ədəbi əsərlərlə tez-tez oxucularının görüşünə gəlir. Onun bədii yaradıcılığında müasirlərimizin problemləri, sosial-ictimai və ailə-məişət qayğıları, çağdaş insanın psixologiyası və xarakteri tam dolğunluğu ilə və realistcəsinə öz bədii əksini tapmışdır.

Bu günlərdə yazıçının yeni bədii-fəlsəfi essesi işıq üzü görmüşdür. Zəmanəmizin böyük oğlu, görkəmli dövlət xadimi Heydər Əliyevin keçdiyi şərəfli həyat yolundan bəhs edən bu əsər (Hüseynbala Mirələmov, “Zəfər yolu”, “Gənclik” nəşriyyatı, 2003.) həcmcə kiçik olsa da, məzmununa, orijinal üslubuna görə qalın-qalın kitablarla yanaşı durmağa, böyük və əvəzsiz şəxsiyyət olan Heydər Əliyevin adına layiq olan bir əsərdir. Prezident, üstəlik bir xalqın, bir millətin ümummilli lideri mövzusuna müraciət etmək hər şeydən öncə tarixi ger­çək­liyə obyektiv yanaşmağı, hadisələri real qiymətləndirməyi, ta­rixi irəli aparan, geri çəkən qüvvələri görməyi, ictimai-siyasi mü­barizənin mahiyyətini dərk etməyi tələb edir.

Tarixi şəxsiyyət, Ümummilli lider və Prezident kimi üç fenomen obrazın miqyaslı şəkildə təqdimatı üçün, ilk növbədə bütöv həqiqət amili əsas götürülməli, mənəvi-əxlaqi, insani müqəddəsliyə pərəstişə üstünlük verilməlidir. Çünki reallıq və həqiqət ədalətin ən mühüm göstəriciləridir. Bu baxımdan tariximizin yaradıcısı, fenomen şəxsiyyət və türk dünyasının Ümummilli lideri zati-aliləri möhtərəm Heydər Əliyev haqqında əsərə uğur qazandıran başlıca amil onun tam, bütöv həqiqət konsepsiyasına uyğunluğu ilə bağlıdır. Zaman ötdükcə, bir çox prinsiplər, meyarlar dəyişir. Ancaq obyektiv tarixi meyllərin və həqiqətin meyarları dəyişməz qalır.

Açığı, bu əsəri həyəcansız oxumaq qeyri-mümkündür. Oradakı hər bir məqam, ayrı-ayrı ovqatlar insanı düşündürür, dünya, kainat, keçmişimiz, müasir günümüz, fərdlər, nəsillər və əsrlər, ölməmiş mənəviyyat, adiləşməmiş gözəllik axtarışları haqqında fikirlərə yeni münasibət, aydınlıq və şəffaflıq gətirir. Düşündükcə də dərk edirsən ki, TARİX, ŞƏXSİYYƏT VƏ XALQ heç zaman sənət üçün bu qədər bütöv və üzvi həyati qovşaq, qırılmaz qaynaq təşkil etmə­miş­dir. Yaradıcı, məhsuldar fəaliyyət isə belə möhtəşəm əsərlərin mey­dana çıxmasında ilkin və zəruri amildir.

Əsər böyük hərflə yazılan Böyük İnsanın qərar tutduğu zirvə­dəki düşüncələri ilə başlayır: “Böyük İnsan zirvədən boyla­nırdı. Əllərinin hərarəti, işıqlı və müdrik zəkası, tükən­məz enerjisi ilə uzun illər ərzində kərpic-kərpic, pillə-pillə ucalt­dığı saraya – artıq dünyanın hər yerindən görünməkdə olan Azərbaycan adlı Dövlət sarayına qürurla baxırdı.”

Bu zirvə insanı göylərə ünsiyyətə, kosmik ucalığa aparan yüksəklikdir. Bu zirvə əxlaqın və zəkanın, kamillik və tamlığın ən uca nöqtəsi, ən ali məqamıdır. Burada artıq zamanın hökmü işləmir. Bu elə bir yüksəklikdir ki, oradan həm keçmiş, həm də gələcək apaydın görünür. Ətrafı isə yalnız özünüdərkin və ali şüurun ziyası işıqlandırır. Çünki “beyindən güclü enerji mən­bə­yi yoxdur” (akademik Vavilov). Böyük İnsanın zəkasından süzülən gur işıq seli zirvədən başlayıb gözəl bir gələcəyə uzanan yola nur saçır. Böyük İnsanın özü isə zirvədə mayakı xatırladır. İstiqlalın və istiqbalın daşlı-kəsəkli, enişli-yoxuşlu, dolanbac yoluna düşən nəsil-nəsil yolçulardan ötrü o mayakın nuru nicat, qurtuluş ünvanı olacaq...

Zirvəni həm ədəbi qəhrəman, həm də özünə istinad, çıxış nöqtəsi seçən müəllif Böyük İnsanın keçmiş və gələcək barəsindəki düşüncələrinə, fikir və mülahizələrinə, özünün isə təhkiyəsinə buradan başlayır. Əsərdə qəhrəmanın daxili hissləri, onu əhatə edən aləmə qarşı münasibəti verilir. Bu mü­na­sibət özü də yeni və müasirdir. Orijinallığı və bənzərsizliyi ilə fərqlənən belə bir qeyri-ənənəvi ədəbi üsul müəllifə istər özünün, istərsə də qəhrəmanın Əxlaq və Vicdan, Xeyir və Şər, Vətən məhəbbəti və Bəşəri məhəbbət, İnsan sevgisi və Tanrı sev­gisi barədəki bədii-fəlsəfi düşüncələrini, duyğularını bəyan etməyə gözəl imkan açır. Yazıçı bütün bu fəlsəfi-estetik kateqoriyalara münasibət bildirərkən qəhrəmanın xislətindəki xarakterik cizgilərlə onlar arasında paralellər aparır, bir növ har­moniya və sintez yaratmağa çalışır. Bu zaman müəllif yeri gəl­dikcə hiperbolik bənzətmələrdən, təşbehlərdən, meta­fo­ralardan istifadə edir və Böyük İnsanın estetik və etik kamilliyini, nəciblik və müqəddəsliyini daha çox qabarıq şəkildə əks etdirir: “Zəngin və geniş mənəvi dünyanın sahibi olan Böyük İnsan köksündə daim çırpınan narahat bir ürək daşıyırdı. Bu ürək onun Vətəni idi. Yaxşı bilirdi ki, bu ürək bir gün əbədi ritmi ilə ümumdünya ahənginə qovuşacaq. O, öz ölkəsini öz varlığına köçürmüşdü”.

Heydər Əliyev şəxsiyyətini səciyyələndirən, onu Tarix və Zamanın fövqünə yüksəldən ayrı-ayrı xarakterik cizgilər - iradə yenilməzliyi, qətiyyət, prinsipiallıq, tərəfsizlik, düzgünlük, ədalətlilik və digər xüsusiyyətlər əsərdə əsl sənətkara xas olan məharət və ustalıqla bir-bir şərh edilib diqqətə çatdırılır. Burada “İnsan nəyə qadirdir?” sualının nikbin cavabları da açıqlanır, tərəqqi, sağlam millətçilik ideyalarının yayılması, xalqda milli mənlik və milli qürur hisslərinin tərbiyə olunması və sair keyfiyyətlər üzə çıxır. Böyük İnsan heç nədən və heç kimdən çəkinmədən doğma Vətənini istər iqtisadi, istərsə də mədəni-intellektual cəhətdən dirçəltmək, qədim xalqını öz torpaqlarının tarixi irsinin və taleyinin əsl sahibinə çevirmək üçün mübarizə aparır. Onun üçün tarix ancaq sosial-siyasi tarixlə məhdudlaşmır. Bununla da əsərdə şəxsiyyət, həqiqət və buna münasibət strukturu əsas yerdə dayanır və “həqiqətə bərabər sərvət yoxdur” – tezisindən çıxış edərək həyat və sənət, sənətkar və vətəndaş mövqeyi arasında tamlığa, vəhdətə nail olunur.

Müəllif əsər boyu bircə dəfə də olsun ayrı-ayrı fakt və hadisələri əks etdirən rəqəmə müraciət etmir. Heç kəsdən, heç bir mənbədən iqtibas və sitat gətirmir. Bununla belə, tarixi faktların və yaşanmış olayların fonunda öz qəhrəmanının keçdiyi çətin, əzablı, həm də şərəfli yolu elə ustalıqla işıqlandırır ki, oxucu söhbətin məhz tarixin hansı dönəmindən getdiyini dərhal anlayır.

Yazıçı əzablı yolun yolçusunu öz oxucusuna əzabkeş kimi təqdim etmir. Onun qəhrəmanı əsl mücahid və böyük mübarizdir. Onun qəhrəmanı lazım gələndə “xalqın ürək ağrılarını da öz ürəyinə köçürməyi” bacarır. Çünki millətin qəlbindən keçən ağrı onun öz qəlbinin ağrısıdır. Bu ağrı ona doğmadır, məhrəmdir. “Bəlkə həmin göynərti bu ulusu birləşdirdi, bu əzab hamımızı yaxınlaşdırdı” – deyə fikirləşir. Təki əsrlər boyu qiymə-qiymə doğranmış, xıncım-xıncım olmuş, parçalanmış bu məmləkət bir daha bölünməsin. Azərbaycanın təzədən çat verib parçalanmağa daha taqəti yoxdur.

Zirvədəki düşüncələr Böyük İnsanın mənəviyyat və vicdan hesabatıdır. Ziyalının vətəndaşlıq rolu, mənsub olduğu millətin qarşısında cavabdehlik statusu bu missiyanı necə və nə cür yerinə yetirməsi ilə ölçülür. XX yüzillik Böyük İnsan üçün qazanılmış, reallığa çevrilmiş tarixi mərhələdir. O, idrakın, təfəkkürün gücünə arxalanaraq bu əsərdə gözəl bir “Dövlət Sarayı” ucaltmışdır: “Bu Saray bahar günəşinin səhər çağı təbiətdə yaratdığı min bir çalarlı rəngə boyanmışdır. Böyük İnsanın illər boyu inam və inadla keçdiyi yolda sonsuz əzəməti və gücü ilə başa gətirdiyi Dövlət Sarayının əzəməti onun hər cür sıxıntılara tablamış, müqəddəs arzu və istəklər beşiyi olan ürəyini riqqətə gətirmişdir”.

Əsərin böyük bir parçasını şərti olaraq “Əzab və Vicdan” adlandırmaq olar. Bu parçada müəllif Böyük İnsanı öz iztirabları ilə baş-başa qoyaraq onun özü ilə söhbətini, daxili monoloqunu verir. Həmin iztirablar, sıxıntı və üzüntülər bir fərdin, bir şəxsin yox, bütöv bir millətin, ölkənin yaşamış olduğu acı günlərin inikasıdır. Yazıçı ümumxalq kədərini, dər­dini, bütöv bir ulusun üzləşdiyi problemləri fərqləndirməklə, onu bir nəfərin timsalında təcəssüm etdirməklə təsvir etdiyi qəh­rəmanın daxili aləmini açmağa, onun böyüklüyünü, milli soy­kökə, türk etnik düçüncəsinə, İslami dəyərlərə bağlılığını daha qabarıq cizgilərlə nəzərə çatdırmağa səy göstərir.

Nədir bu kədər? Böyük İnsanı rahatsız edən, dincliyini əlindən alan bu əzab haradan qaynaqlanır? Səbəb çoxdur: Azərbaycanın 70 il ərzində zərrə-zərrə, qram-qram topladığı potensialın hərc-mərclik illərində dağıdılaraq talan edilməsi (bu potensialın yaradılmasında Böyük İnsanın sanballı əməyi olub), Dağlıq Qarabağ faciəsi, ayağa qalxmış xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaldıb təhqir etmək məqsədilə həyata keçirilmiş 20 Yanvar qırğını, ağılsız, fərsiz və səriştəsiz rəhbərlərin ucbatından ölkənin getdikcə daha dərin uçuruma yuvarlanması... Bütün bunları hamı görür, hamı duyur, ancaq konkret iş görən, Vətəni düçar olduğu bu bəlalardan xilas etməyin yollarını göstərən yoxdur. Çünki vətənpərvər olmaq vətənpərvərlikdən yazmaqdan qat-qat çətindir. Yaranmış vakuumda, əxlaq dəyərlərinin aşınıb məhv olduğu boşluqda Heydər Əliyev fenomeni zühur edir. Ona görə ki, Böyük İnsanın vicdanı çoxlarınınkı kimi mürgü vurmur.

Böyük İnsanın böyüklüyü ondadır ki, o, bütöv bir totalitar rejimə qarşı çıxaraq nəhəng partiya aparatının əksinə gedir, mövcud rejimi lənətləyir, ona öz nifrətini bildirir. Əsərdə böyük şəxsiyyətin o dövrün təfəkkür ətalətinə, yeniliyə qarşı həssaslığın zəifliyinə, saxtalığa, türk-müsəlman xalqlarına qarşı imperiyanın antipatik mənfi pafosuna münasibəti qabarıq şəkildə özünü büruzə verir: “... Böyük İnsanın imperiyanın mərkəzində, fitnə-fəsadların hazırlandığı nüvədə qorxmadan, çəkinmədən cəlladları ifşa edən çıxışı dünyanı heyrətə gətirir. Cəlladlar vahiməyə düşür. Böyük İnsanın bütün gücü yenidən boy göstərir. Dünya bu səsi eşidir. Dünya onun simasında Azərbaycanı görür”.

Bu, əslində ev dustağı olan, güdükçülərin nəzarəti altında yaşayan Böyük İnsanın vicdanının vulkan kimi püskürməsi, vətəndaş qayəsinin təzahürü, ruhun, mənəviyyatın intibahıdır.

Böyük İnsanın ziyalı kamilliyi və insansevərliyi Günəş kimi bulud altından parlayıb zülmətə meydan oxuyur. İntellekt, zəka qılınc kimi sıyrılaraq nadanlıq və cahilliyə cəng elan edir. Əks halda, Şekspir demişkən, ürəkdə və ruhda pozulan ahəng, mənəvi dəyərlərdə baş verən böhran Yerin oxunda da böhrana gətirib çıxara bilər. Böyük İnsanın isə bəsirət gözü açıqdır. O, hətta bir neçə onilliyi öncədən görə bilmək, onu fəhmi, ağlı ilə sezib duymaq qabiliyyətinə malikdir. “... Böyük İnsan gözlərini bir az da uzaqlara zillədi. Vətənin qızaran, səmasına qan çilənən günlərinə boylandı. Axı, xalq bu qəzaya düşməyə bilərdi?! İmperiyanın dağılmasını vaxtında görməmək siyasi korluğun son həddi idi. Keçidləri ehtiyatla ötmək, emosiyaları coşmuş kütləni düzgün məcraya yönəltmək üçün xalqa oğul, sərkərdə lazım idi. Bu oğulun gəlişini isə hər vəchlə ləngidirdilər. Özlərinin isə bacarıqsız, küt, korafəhm olduqlarını dərk edə bilmirdilər. Ümumdünya siyasi zəlzələsi imperiyanın hökmünü vermişdi. Ölkələrini lider adlandıranların, ölkəyə rəhbərlik edənlərin bunu dərk edə bilməməsi ikiqat faciə idi.”

Əsərdə Böyük İnsanı addımbaaddım izləyən, onu müşayiət edən daha bir yardımçı obraz vardır. Bu, ZAMANDIR. Yazıçı Hüseynbala Mirələmov böyük ustalıqla onu obraz səviyyəsinə qaldıraraq bütün süjet boyu öz qəhrəmanı ilə bərabər çiyin-çiyinə təsvir edir, inkişaf etdirir.

Zaman Böyük İnsanın xeyrinə işləyir. Onun əlindən tutaraq addım-addım, pillə-pillə yenidən siyasi olimpin zirvəsinə çəkib aparır. O, böhran və depressiyalar girdabında çabalayan gənc dövlətin idarəetmə sükanını təzədən Böyük İnsanın qüdrətli əllərinə tapşırır və bununla da öz missiyasını yerinə yetirir. Bu nəhəng şəxsiyyətin xarakterini səciyyələndirən uzaqgörənlik, müdriklik, milli mənafeyi yüksəkdə tutmaq, qətiyyət və nüfuz, fədakarlıq, diqqət və qayğı, diplomatik istedad, bütövlüklə yanaşı, vətəndaş sadəliyi və ucalıq kimi dəyərli keyfiyyətlərdir.

Deyirlər ki, kor Homer “İlliada”nın və “Odissey”in vəznini, onun musiqi, ritm və ahəng ölçüsünü Egey dənizinin dalğalarına qulaq asa-asa yaratmışdır. Onu da deyirlər ki, müştərək biçim Egeylə Xəzərin, Kürün və Arazın musiqi ritmində vardır. Müasirimiz Hüseynbala Mirələmov da doğma Xəzərin həzin, kövrək laylasını, kükrəyən Kürün cəngavərlik, qəhrəmanlıq harayını, xan Arazın şaqraq nəğmələrini yəqin ki, az dinləməyib. Düzdür, onun ilhamla qələmə aldığı bu essedə vəzn və qafiyə yoxdur, amma şeiriyyət vardır. Ritm, ahəng yoxdur, amma poetika mövcuddur. Özü də bu ritm, bu ahəng Xəzərin, Arazın, Kürün gecə-gündüz söylədikləri nəğmələrin ahənginə çox oxşayır. Birnəfəsə oxunan kitabda nə artıq söz və ifadə, nə də yersiz işlənmiş lüzumsuz təkrarlar gözə dəyir. Əsərdə pafosdan, patetikadan da əsər-əlamət yoxdur. Sadə və canlı danışaq dilində yazılmış bu kitabın bəlkə də ən böyük məziyyəti elə budur. Çünki Heydər Əliyev kimi dahi şəxsiyyətin xarakterini açmaq, onun zəngin və örnək olan həyat yolunu işıqlandırmaq məqsədi ilə gəlişi gözəl deyimlərə qətiyyən ehtiyac yoxdur. İbarəli sözlər söyləmək məddahların işidir. Hüseynbala Mirələmov qarşısına mif yaratmaq, real həyata söykənməyən əfsanə icad etmək vəzifəsini qoymayıb. Onun qəhrəmanı bütün ağrı-acıları, insana, həyata məhəbbəti ilə adi insandır, müasirimizdir. Bu esse həm də Böyük İnsanın tim­salında xalqın əxlaq və mənəviyyatını, davranış mədə­niy­yətini, estetik zövqünü, gözəllik anlayışını, humanizmini, və­tən­pərvərlik, qəhrəmanlıq keyfiyyətlərini, övlad məhəbbətini bədii vasitələrlə əks etdirən zəngin topludur.

Bir şəxsiyyətin fonunda xalqın tarixi və taleyi ilə bağlı böyük problemləri qaldırmaq və fəal, ehtiraslı düçüncə hədəfinə çevirmək çətin və ağır prosesdir. Heydər Əliyev açıq və müsbət şəxsiyyətdir. Bu Böyük İnsanın həyat yolu xalqımızın milli tarixi yaddaşının böyük bir mərhələsidir. O, həyatı boyu iradəsini və əxlaqi meyarlarını siyasi müstəvidə yaratmışdır. Bu xüsusiyyət əsərdə Heydər Əliyev şəxsiyyətini göstərməkdə açar rolunu oynamışdır. Tariximizin gedişinə misilsiz təsir göstərən Böyük İnsanın iradəsi bütün məqamlarda səmimidir və xalqa xidmət əxlaqı ilə aşılanmışdır. Onun həyatı və fəaliyyəti qüdrətli və bənzərsiz bir məktəbdir.

Əsərin sonunda ağsaçlı müdrik Böyük İnsan xalq üçün mənəvi əbədiyyəti təmin etmiş olur. Hər gələn yeni nəsil bu əsəri oxuduqca, Heydər Əliyevin şəxsiyyətinin qüdrətinə yaxından bələd olduqca, Vətənimizə, qanımıza yazılan bu mənəvi ölməzliyə doğru hər dəfə təzə bir addım atmış olacaqdır: “Böyük İnsan zirvədədir. Tarix və Zaman bu zirvədən keçib gedir. Zirvədən dünya bütün əlvanlığı ilə görünür. 80 illik bir ömrün yolu Böyük İnsanı bu zirvəyə qaldırıb.

Zamanlar ötəcək, fəsillərin istisi-soyuğu bir-birini əvəz edə­cək. Yazlar, payızlar dəyişəcək. Böyük İnsanın qalxdığı zirvə­nin çölü, çəməni solmayacaq. Bu zirvə insan sevgi­lə­rin­dən, Vətən məhəbbətindən su içib əbədi bahar rəngini, əbədi bahar təravətini qoruyacaqdır”.

“Zəfər yolu” kitabının daha bir məziyyəti onun janrı ilə bağlı­dır. Hüseynbala Mirələmov dahi şəxsiyyət olan Heydər Əliy­evlə bağlı təəssüratlarını, rəy və mülahizələrini oxucuyla bölüş­mək üçün təsadüfi olaraq esse janrına müraciət etməmişdir. Yığcamlığı, lakin bu yığcamlıqda böyük bir mətləbin ehtiva olunması, obrazlılığı, hikmətamizliyi, canlı danışıq dilinə yaxınlığı ilə səciyyələnən esse janrı ona gözəl manevr imkanları verməklə fikir və düçüncələrini tam və dolğun şəkildə söyləməyə şərait yaradır. O, bununla ilk nümunələri fransız filosofu və yazıçısı M.Monten tərəfindən yaradılmış bu ədəbi janrın ədəbiyyatımızda fəlsəfi və tarixi- bioqrafik növünün təməlini qoymuşdur. Həqiqət üstündə qurulmuş bədiilik qanunları siyasi şərtilikləri üstələmişdir. Bu isə çoxdan intizarla, həsrətlə yolunu gözlədiyimiz əsl ədəbi hadisədir. Bəli, çox-çox təəssüflər olsun ki, zəmanəmizdə bu cür ədəbi hadisələr olduqca nadir hallarda baş verir. Gəlin unutmayaq ki, böyük sənət əsərləri həmişə dövrün ruhu ilə yaşayan əsərlər olmuşlar. Belə yazıları qələmə almaq isə böyük ciddiyyət və ağır zəhmət tələb edir.

Nəfis tərtibatda, yüksək poliqrafik səviyyədə oxuculara təqdim edilən “Zəfər yolu” kitabı üç dildə - Azərbaycan, rus və ingilis dillərində çap olunmuşdur. Kitabın bədii redaktoru Abdulla Ələkbərov, naşiri isə Əlican Əliyevdir. Suvenir toplu təsiri bağışlayan nəşrdə Böyük İnsanın – möhtərəm Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən gözəl fotoşəkillər də vardır.

Yazıçı-publisist Hüseynbala Mirələmovun yaradıcılığını izləyən, onun hər bir uğuruna sevinən insan kimi inanmaq istərdik ki, istedadlı nasir və həqiqi vətənpərvər kimi tanıdığımız bu şəxs oxucularını özünün gözəl, maraqlı və məzmunlu əsərləri ilə hələ çox-çox sevindirəcəkdir.


Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin