“İki sahil” qəzeti, 7 iyun 2003-cü il.
ANA SƏLAHİYYƏTİ...
Lap qədimlərdən belədir: elin ağsaqqalı və ağbirçəyi olub. Ağsaqqallar ruzi gətirən, ağbirçəklər ruzi qoruyan, ocaq yandıran olub. El dilində daşlaşmış bu adi sözlərin nə qədər dərin mənası var. Bu dərinliyin əsas cəhəti isə ağsaqqal-ağbirçək sözlərinin ayrılmazlığıdır. Onlar tərəzinin iki gözü kimi düzlük və halallıq göstəricisi olublar. Elin müşküllərini, dərd-sərini birgə həll ediblər. Toyda və hüzrdə başbilənliyi birgə ediblər. Toy-düyünə xeyir-duanı birgə veriblər.
Bugünkü ölkəmizi də mən bir el misalında görürəm: amma indi həm ağsaqqallıq, həm də ağbirçəklik özünəməxsus forma alıb. Böyük ağsaqqal - ölkə rəhbəridir. Ata-babaların böyüklük səlahiyyətini ərənlər, ağsaqqallar el adət və qaydaları ilə icra ediblər. İndiki ağsaqqallıq isə qanunlarımız, Konstitusiyamız üstündə həyata keçirilir. Əslində qanunlar da təzəlik deyil, elin iradəsi və insafıdır. Bu iradə yaddaşlarda yaşamaqdan başqa kağızda da rəsmiləşib. Bu da zəmanə ağsaqqallığının özəlliyidir.
Bəs ağbirçəklik haradadır? Ağbirçəklik indi ölkə qadınlığının ümumi iradəsidir. Bu iradə ölkədəki qadın hərəkatında və qadın qurumlarındadır. Amma bundan da irəlidə bizim ailələrimizdir. Hər bir ailə - anaların yandırdığı ocaqdır. İndiki evdə əsas sima qadındır. Ona görə də indi ağsaqqal-ağbirçək sözləri bir qədər az işlənir. Onların el məişətindəki vəhdəti bu gün bəlkə də yoxdur. İlk növbədə ona görə ki, kişilər işdə-gücdədir, kabinetdədir, sexdədir. Amma analar harada olursa-olsun, onlar həmişə evdədirlər, ailəni yaşadan və qoruyandırlar. Mən feminist deyiləm. Bunları da bir ana kimi yazıram, ətrafdakı, bizimlə birgə çalışan saysız-hesabsız qadınları müşahidə etdiyimə görə yazıram. Qadınlar nə qədər çətin işlərdə işləsələr də, bunlara nə qədər vaxt sərf eləsələr də, əsas qayğıları ailədir, övladdır, ocaqdır. Qadının ailəyə bağlılığını vaxtla da ölçmək olmaz: əsas onun mayasıdır, təbiətidir. Qadının bu təbiəti isə ailə ilə, övlad yetişdirməsi ilə bağlıdır.
Əslində cəmiyyətdə övlad dünyaya gətirib böyütməkdən daha qlobal məsələ yoxdur. Geniş baxanda bütün ölkə və onun qalan qurum və sahələri də bu işdə köməkçidir. Bağça da, məktəb də, ali təhsil də, elm və mədəniyyət də, fabrik və zavodlar da bu hədəfə xidmət edir. Digərləri də elə. Ona görə bütün dünyada qadınların rolunun artımı hiss olunur. Feminist hərəkatlar bunun üzdə olan hissəsidir. Ən mühümü başqa cəhətdir. Cəmiyyətləri idarə edən səlahiyyətli adamlar arasında qadınların sayı artır: siyasətdə, iqtisadiyyatda, elmdə, mətbuatda bunu hər addımda görüb duymaq olar. Bizim ölkəmiz də istisna deyil: hökumətdə, nazirliklərdə, Milli Məclisdə qadınlarımız fəaldırlar. Qadın hərəkatımız da mühüm işlərlə məşğuldur.
İrəlidə isə bizim qadınlığı daha məsul bir hadisə gözləyir: prezident seçkiləri. Bəli, seçkilərdən danışmaq istəyirəm. Adətən ailə problemləri və seçkilər uzaq şeylər kimi görünür. Amma məncə, belə deyil. Axı prezident seçkilərinə də ağsaqqal seçkisi, ən böyük ağsaqqala səlahiyyət səsverməsi kimi baxmaq olar. Ölkəni də böyük bir ailə ocağı kimi görmək olar. Bizim Azərbaycanımız isə həm ölçü, həm də əhali sayına görə elə də böyük deyil. Əgər belədirsə, ölkə ocağının sahibi olan qadınlar seçki prosesinə necə laqeyd qala bilər? Məncə, qala bilməz və qalmamalıdır.
Anaların əsas qayğısı nədir? Ölkədə sülh, əmin-amanlıq olsun. Balaların sabahı üçün işıq və ümid yeri olsun. Evlərimizdə ruzi və bolluq olsun. Balalarımız sağlam olsunlar, yaxşı məktəblərdə təhsil alsınlar. Ölkədə və məişətdə yaşayış rahat, gözəl olsun. Ali təhsil almaq, iş yeri tapmaq imkanı olsun. Bunlar bizim həyatımızın mənası olan balalarımıza lazımdır, bizim onların ərsəyə gəlməyindən fərəhlənə bilməyimiz üçün lazımdır. Ölkədə bütün bunların uğurlu həllinin əsası da məhz seçkilərdə qoyulur. Bu mənada qadınlığın seçki prosesində fəal iştirakı elə övladlarımızı himayə etməyin ən etibarlı yoludur. Amma bunun üçün biz fəal mövqe tutmalı, seçki prosesini diqqətlə izləməli, ana arzularımıza uyğun olan namizədi himayə edib dəstəkləməliyik, doğru, uzaqgörən seçim etməliyik.
Seçki prosesinə start verilən kimi sağdan və soldan müxtəlif avazlar, sözlər və mülahizələr eşidilir. Bunların içində doğru mövqe tutmaq üçün biz analara nə lazımdır? Həmişəki kimi qadın təcrübəsinə, sağlam düşüncəyə üstünlük vermək. Qadının sağlam düşüncəsi isə gurultulu, emosional, şirnikləndirici sözləri xoşlamır, ancaq real əməllərə, işlərə, öz həyatında gördüyü nəticələrə inanır. Belə etimadı doğruldan namizəd kimdir? Əlbəttə, Ulu öndərimizin layiqli varisi İlham Əliyev! Məncə, onun son beş illik prezidentliyi dövründə öz dolanışığının yaxşılaşdığını hiss etməyən bir adam tapılmaz, ona görə ki, gənc Prezidentimiz sözlərin və bəyanatların yerinə konkret fərman və sərəncamlar verib, konkret işlər görüb. İnanmıram ki, son beş ildə maaşı, pensiyası, dolanışıq səviyyəsi artmayan bir adam tapılsın. İnanmıram ki, doğma ölkəmizin hər yerində gedən təzələnmə, abadlıq, quruculuq işlərini şəxsən hiss etməyən, fərəhlənməyən bir adam tapılsın. Məncə, ana və qadın meyarı ilə yanaşsaq, ən yaxşı, ən islahatçı siyasət elə budur. Bu, İlham Əliyevin real dəyişikliklər siyasətidir.
Ağbirçəklərimiz üçün bu, pensiyaların artmasıdır, Şəhid anaları, veteranlarımız, Qarabağ əlilləri üçün dövlət tərəfindən verilən yeni güzəştlərdir. Ağbirçək və ağsaqqallarımız, ahıllarımız son bir-iki ildə Bakımızda yaradılan yeni parklarda və istirahət yerlərində dincələ bilirlər. Bütün bunlar da əməli işlərin, Prezidentimizin ölkənin simasını təzələmək planlarının real nəticəsidir. Bunları hamı və hər gün görə bilər: evdə də, işdə də. Şəhəri gəzəndə də, qonaq gedəndə də müşahidə edə bilər. Bir müddət əvvəl televiziyada əlil veteranlarımıza verilən şəxsi avtomobilləri gördük. Bu, böyük qayğı və böyük qiymətdir. Bir neçə il əvvəl biz özümüzü lap kasıb bir ölkədə hiss edirdik. Amma sərvətlərin, torpağın, insanların qədrini biləndə, daş da çiçək açırmış.
Azərbaycanın rayonlarında tez-tez oluram. Oradakı qəsəbələrimizin 1960-cı illərə xas bir görkəmi vardı, illərlə biz bu görkəmə öyrəşmişdik. Amma indi Bakıdan çıxan kimi nəinki qəsəbələri, hətta magistral yolların kənarlarını da tanımaq olmur. Hər şey sökülüb-tikilir, təzələnir, yeni bir görkəm alır. Xüsusilə rayon mərkəzlərimizin son əlli illik sabit memarlıq görkəmi tamam dəyişir. Bunlar ölkəmizin öz tarixində yeni bir keyfiyyət mərhələsinə qalxdığından xəbər verir. Bütün bunların memarı, müəllifi Prezidentimizin özüdür, onun Vətənin çiçəklənməsini tələskənliklə gözləyən ürəyidir.
İlham Əliyev bölgələrə tez-tez səfər edir. Bu səfərlərin proqramları telekanallarda kifayət qədər işıqlandırılır. Ölkə rəhbəri vəziyyətlə tanış olduqdan sonra yeni təmir-tikinti obyektlərinin, parkların, xəstəxanaların, məktəblərin, olimpiya saraylarının açılışında olur. Sonra isə o, gələcək tikintilərin layihələri ilə maraqlanır, maket və layihələrə baxır. Mən nəyi demək istəyirəm: Prezidentimiz işinin çoxluğuna baxmayaraq, tikinti ilə bağlı bütün obyektlərin layihə-smeta sənədlərinə, inşaat yerinə belə, şəxsən özü baxır. Qeydlərini, təkliflərini deyir və onların reallaşmasına nəzarət edir. Bu, bir təsadüf, ənənə deyildir. Bu, İlham Əliyevin real quruculuğa, ölkənin simasının təzələnməsinə və modernləşməsinə yönələn siyasətinin əməli bir məqamıdır. Bu məqam əsas şeyi bizə əyani göstərir: Prezidentimiz zəhmətkeşdir, qurucudur, siyasəti də konkret işləri başlamaq, davam etdirmək və sona çatdırmaq kimi başa düşür. Bu, bizim ölkəyə, xalqa, başlıcası isə övladlarının və deməli ölkənin gələcəyi ilə nəfəs alan analarımıza lazım olan ən doğru və ən səmərəli siyasətdir.
Ölkə qadınlarını ən çox maraqlandıran məsələ, ilk növbədə dolanışıq, ailə büdcəsi ilə bağlı məsələlərdir. Bu sahədəki vəziyyəti hər gün dükan-bazarda, hər gün mətbəxdə olan analardan yaxşı heç kəs bilməz. Mən öz müşahidələrimdən deyə bilərəm ki, son illərdə bu sahədə vəziyyət yaxşılaşıb. Bu yaxşılaşma bir neçə istiqamətdədir. Bunlardan biri Prezidentimizin əvvəlki seçkilər öncəsi verdiyi vədlərini tam həcmdə yerinə yetirməsidir. Ölkədə yarım milyondan artıq iş yeri açılıb. Bu, bir o qədər ailənin büdcəsinə əlavə maddi gəlirlərin daxil olması deməkdir. Hər ailəni dörd-beş nəfərlik saysaq, bu, üç milyona yaxın vətəndaşın büdcəsində artım deməkdir. Mən quru rəqəmlərdən istifadə etmək istəmirəm. Ailələrin dolanışığındakı yaxşılaşmanı hər bir ailə şənliyində, xeyir-şər süfrələrində də görmək olar. Yaşlı nəsillərin nümayəndələri, hətta israfçılıq hallarından gileylənirlər, çünki onlar çörək-bərəkət imtahanını və sınağını görüblər.
Tanrı bizim ocaqlarımızı, evlərimizi belə sınaqlardan uzaq eləsin. Süfrəmizdəki bolluq xalqımızın öz zəhmətinin, iqtisadiyyatımızın tərəqqisinin nəticəsidir. Amma biz, qiymətlərin artması barədə mətbuatdakı və məişətdəki söhbətləri də eşidirik. Bunun bir ucu dünyadakı iqtisadi gedişatla, qiymətlərdəki artımla bağlıdır. Yanacağın, buğdanın bahalaşması hər şeyə təsir göstərir. Lakin Prezidentimizin rəhbərliyi ilə hökumət qiymətlərlə bağlı tədbirlər görür. Xüsusilə pensiyaların və əmək haqlarının artırılması sahəsindəki tədbirlər davam edir, ölkə rəhbərinin hər rübdə bu barədə konkret sərəncamları çıxır, insanların qiymət artımı ilə itirdiklərini digər yolla kompensasiya etməyə çalışırlar. Çox təəssüf ki, aramızda hər şeydən istifadə etmək, qazanc götürmək istəyən adamlar da var...
Əsas odur ki, son beş ildə cəmiyyətimiz irəliyə doğru böyük bir addım atıb. Bu addımda Ulu öndərimiz Heydər Əliyevin uzaqgörən neft strategiyasının xüsusi yeri var. Dünyadakı iqtisadi proseslər, xüsusilə yanacağın qiymətlərinin artımı bizim maliyyə sistemini sabitləşdirir və ölkənin artan ehtiyaclarını ödəməyə kömək edir. O biri tərəfdən, yerli sənaye, tikinti sahəsində də böyük irəliləyiş var. Bu sahələr büdcəyə yardım etməklə yanaşı, ailələri də yeni iş yerləri və gəlirlərlə təmin edir. Xidmət sektorunda da iş yerlərinin sayı artır və bu, iqtisadi çiçəklənmənin əlamətlərindən biridir.
İndi 1990-cı illərin ağır sosial böhranı, işsizliyi və inflyasiyası şükür ki, keçmişdə qalıb. O illər məktəb, təhsil və səhiyyə sahələrindəki böhranlı hallar ümumi iqtisadi vəziyyətlə bağlı idi. Şagirdlər məktəbdən kütləvi şəkildə yayınır, ali məktəblərə sənəd verənlərin sayı isə azalırdı. Səhiyyədə ağır vəziyyət yaranmışdı. İndi belə hallar keçmişdə qalıb. Ailələrdə təhsilə maraq əvvəlki dövrlərdən də artıqdır. Elm sahəsinə gənclərin axını müşahidə olunur. Bütün bunlar sosial böhran illərinin sosial çiçəklənmə və kütləvi optimizmlə əvəz olunduğunu nümayiş etdirir. Təhsilə və elmə maraq gələcəyə inam və ümidlərin ən yaxşı ifadəsidir. Bu ümidlər bizim cəmiyyətdə, ev-ocaqlarımızda mövcuddur.
Bəli, sosial böhran aradan qalxıb. Amma sosial problemlərin hamısı yox. Mətbuat və telekanallar da bunlar haqqında danışırlar. Qaz, su və istilik təchizatı ilk baxışda xırda məsələlər kimi görünür. Amma onların həlli real həyatda böyük mürəkkəbliklərlə qarşılaşır. Qadınlar bu problemlərlə daha çox üzləşirlər. Sovetlərdən qalma sosial, kommunal təsərrüfat bütün postsovet məkanında böyük problemdir. Müstəqillik illərində Bakının əhalisinin surətli artımı paytaxtda bu problemləri daha da aktuallaşdırıb. Paytaxtdakı tikinti planları köhnə, vaxtı keçmiş mənzil fondunun sürətlə yeniləndirilməsinə imkan yaradır. Bakının qədim problemi olan içməli su məsələsinin həlli üçün Oğuz-Qəbələ-Bakı su kəmərinin tikilməsi layihəsini Prezidentimiz şəxsən təsdiq etmiş və kifayət qədər maliyyə vəsaiti ayırmışdır. Bu gün Bakının uzun illər susuz qalan qəsəbələrinə su xətləri çəkilir. Bu xətlər evdar qadınlarımızın küllü miqdarda məişət qayğılarının ixtisarına, onların əməyinin yüngülləşməsinə kömək edəcəkdir. Su - həyatdır, deyiblər. Suyun bol olduğu ocaqda sağlamlıq və gümrahlıq olar, təmizlik və xoş ovqat hökm sürər.
Ana övladı dünyaya gətirən və böya-başa çatdıran təbii möcüzədir. Qədimlərdən bəri anaların əsas qüvvəsi doğulan övladlarının səhhətinə, onları müxtəlif təbii və sosial təhlükələrdən qorumağa yönəlib. Təsadüfi deyil ki, bu gün tibb elminin ön xəttində ana və uşaq həkimləridir. Yeni nəsli qorumaq, sağlam böyütmək indi bütün cəmiyyətin qayğısıdır. Mən deyərdim ki, bu gün analara qayğı Prezident və dövlət qayğısının əsas istiqamətidir.
Son illər yeni xəstəxanaların tikilməsi sahəsində böyük proqramlar həyata keçirilib. Tibbin müxtəlif sahələrinə dair böyük elmi mərkəzlər açılıbdır. Son illər səhiyyənin dövlət hesablı və özəl qolları paralel inkişaf edir. Çünki pullu səhiyyə azad cəmiyyətin ayrılmaz hissəsidir. Bu gün bölgələrdə də müxtəlif yeni tibb müəssisələri, müalicə-diaqnostika mərkəzləri tikilərək əhalinin istifadəsinə verilir.
Lakin heç kəsə sirr deyil ki, dağ və dağətəyi rayonlarda işsizlik problemi hələ də mövcuddur. Ona görə bu yerlərdə pullu tibbi xidmətin ayaq açması problemlər yaradır, hətta neqativ hallar doğurur. Bu yerlərdə hələ də uşaqların evdə doğulması hallarına rast gəlinir, hamiləlik uçotu kimi zəruri tədbirlərdən qadınlar şüurlu olaraq boyun qaçırırlar. Bu da şübhəsiz ki, maddi imkanlarla bağlıdır.
Ölkəmizdə qadın problemlərinə həssas olan böyük bir qüvvə də var. Bu, ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevadır. O, Heydər Əliyev Fondunun prezidenti kimi rəsmi, bir çox mədəni layihələrdə isə qeyri-rəsmi olaraq çoxmilyonlu Azərbaycan qadınlarının problemlərinin həllində yaxından iştirak edir. Ulu öndərin adını daşıyan fondun xətti ilə görülən işlər sırasında mən, məktəb tikintisi layihəsini onların ən mühümü hesab edirəm. Bu layihənin də miqyası onun təhsilə bağlılığındadır. Çünki evlərimizdə böyüyən uşaqlara məktəb qədər heç nə vacib sayıla bilməz. Həyata atılan körpənin ömrünün sonraki on ili məktəbdə keçir. Lakin bu, sadəcə illərin sayıdır. Birinci sinfə gedən uşağın bütün gələcək taleyi onun məktəbinə, buradakı təhsil şəraitinə və təhsilə bağlıdır. Ona görə məktəb özü müstəqil bir sahə olsa da, məktəb tikintisi sosial proqramlar içərisində öz əhəmiyyəti və nəticələrinə görə ən ciddi sosial proqramdır.
Heydər Əliyev Fondunun xətti ilə yeni məktəblərin tikilməsi, ilk növbədə sosial infrastrukturu zəif inkişaf etmiş ərazilərdə həyata keçirilir. Belə bölgələrdə isə az təminatlı və cavan ailələr üstünlük təşkil edir. Hər bir gənc ana açılan yeni məktəblərə, onların müasir görkəminə balalarının gələcəyi ilə bağlı böyük ümidlərlə baxır. Axı paytaxt və bölgə həyatı arasındakı əsas fərq, ilk növbədə ümumtəhsil məktəblərinin səviyyəsində, onların gənclərə verdiyi biliklərdədir. Yaxşı səviyyəli orta məktəbi bitirən gənc, ali təhsil almadan da yüksək ixtisaslı fəhlə də, usta da ola bilir və çox zaman ali təhsilli mühəndislərdən pis yaşamır. Ona görə də bölgə məktəblərinə qayğı, onların yeni texnologiyalarla təchiz edilməsi ilə bağlı proqramların icrası, bir tərəfdən bölgələrin iqtisadi inkişafına, o biri tərəfdən isə ölkəmizin ümumi tərəqqisinə yönəlmişdir.
Bu gün ölkəmizdə sürətli bir modernləşdirmə xətti yeridilir. Həyatımızın, məişətimizin bütün sahələrində biz bunu hiss edirik. Nəqliyyat, rabitə şəbəkələri inkişaf etdirilir, avtomobil yolları, yeni-yeni körpülər tikilir və ən qısa müddətlərdə istifadəyə verilir. Mən hesab edirəm ki, Azərbaycanın modernləşmə siyasətinin əsas aparıcı yolu bizim orta ümumtəhsil məktəblərindən keçir. Orta təhsilin keyfiyyətini artırmaq, məktəblərin vəsaitlərlə təchizatını yaxşılaşdırmaq və müasirləşdirmək sahəsindəki işlər ölkəmizin modernləşdirmə tədbirlərinin bünövrəsi sayıla bilər. Bu sahədə islahatları şəhər məktəblərində də davam etdirmək lazımdır. Təhsilin maddi vəsaitlərlə təminatı işində bizim qayğılarımız çoxdur. Acığı, burada biz qabaqcıl ölkələrdən geri qalırıq.
Amma qabaqcıl qərb ölkələrində bu sahəyə həmişə böyük vəsaitlər ayrılır və onlarda gördüyümüz sosial-iqtisadi tərəqqi həm də bunun nəticəsidir. Məktəb təkcə bilik vermir. O, insanı formalaşdırır, onun mədəni səviyyəsini, vətəndaşlıq şüurunu müəyyən edir. Məktəb tərbiyəsinin əsas vəzifələrindən biri həyatda öz yerini tapmaq üçün mübarizəyə və zəhmətə hazır olan müstəqil şəxsiyyət tərbiyə etməkdir. Şagird artıq ilk siniflərdən bilməlidir ki, insanlar arasında onun yeri və hörməti təhsilə sərf etdiyi zəhmətdən, dərsləri mənimsəmə səviyyəsindən asılıdır. Belə formalaşan şəxsiyyət heç zaman xarici ölkə bazarlarına ümid bəsləməz, xaricə getdiyi təqdirdə belə, cəmiyyətin bərabər üzvü statusuna can atar. Məktəblərdə görülən işlərin vəziyyəti ölkənin on, iyirmi illik perspektivinin güzgüsü sayıla bilər. Boz, simasız, işlərini təkmilləşdirməyən, balalarımız qarşısında missiyasını anlamayan məktəb, sosial ətalət və reqres ocağı adlandırılmağa daha çox layiqdir. Məktəbin vəziyyəti, ilk növbədə orada çalışan müəllimlər ordusunun mövqeyindən, öz işinə münasibətindən asılıdır. Buna görə də müəllimlərimizə qarşı tələbkar olmalı, eyni zamanda müəllimlərə qayğı göstərməli, onların maddi vəziyyətini yaxşılaşdırmalıyıq. Bədbin, problemlər içərisində boğulan, öz ölkəsi barədə düşünməyə macalı olmayan müəllimlər bizim istədiyimiz nəticələrə nail ola bilməzlər.
Evi, ocağı yaşadan qadınlarımız bu gün hər şeyi görür, bilir, düzgün qiymət verməyi də bacarır. Ölkəmizdə hər şey ideal deyil. İmkanlarımız artdıqca, iddialarımız da artır. Bu gün Prezidentimiz ölkəmizdə neft sənayesi ilə yanaşı, qeyri-neft sektorunun da inkişaf etdirilməsinə xüsusi diqqət yetirir. Analarımız da istəyir ki, biz neftdən asılı olmayaq, xüsusilə bölgələrdə ənənəvi sənaye inkişaf etsin. Böyütdüyümüz övladlar gedib yad ölkələrin tərəqqisi üçün yox, öz ölkəmiz üçün işləsinlər.
Yaxın beş-on ildə ölkəmizin vəziyyəti, onun necə yaşaması irəlidəki Prezident seçkilərindən asılıdır. Bu günlərdə Ulu öndərimiz Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının qurultayı oldu və qurultay yekdilliklə İlham Əliyevi növbəti beş il üçün prezidentliyə namizəd irəli sürdü. Ölkədəki digər ictimai təşkilatlar da İlham Əliyevin namizədliyini dəstəkləyirlər. Onun namizədliyinə münasibətdəki yekdillik İlham Əliyevin siyasi kursuna xalqımızın inam və rəğbətini əks etdirir. El gözü tərəzidir, deyirlər. Hesab edirəm ki, İlham Əliyevin xeyrinə ən yaxşı təbliğat onun real işləridir. Bu işlər göz qabağındadır. Bu quruculuq və yenilikçilik siyasətinin nəticələri uzaq dağ rayonlarında da, paytaxtda da eyni dərəcədə aydınlıqla görünür.
Heç kimə sirr deyil ki, son illərdə Azərbaycanın bütün dünyada nüfuz və hörməti qat-qat artıb. Ölkədəki iqtisadi tərəqqi, büdcəmizin durmadan artması xarici ölkələrdə qibtə doğurur. İndi biz Cənubi Qafqazda böyük, strateji layihələri maliyyələşdirən region lideriyik və bizimlə hesablaşırlar. Prezidentimiz Qarabağ torpaqlarının sülh yolu ilə qaytarılması üçün öz xarici siyasətini davam etdirir.
Bu günlərdə Gürcüstanda baş verən hadisələr bir daha sübut etdi ki, Prezident İlham Əliyev bu istiqamətdə də çox müdrik bir siyasət aparır. Bu siyasəti hər kəsdən əvvəl analar bəyənir və dəstəkləyirlər.
Dostları ilə paylaş: |