“Azərbaycan” qəzeti, 10 oktyabr 2010-cu il.
TƏHSİL GƏLƏCƏYİN UĞUR FAKTORUDUR
Sivilizasiyaların tarixi təcrübəsi göstərir ki, elmə, təhsilə yüksək qiymət verən dövlət başçıları bununla nəinki öz ölkələrinin iqtisadi və mədəni yüksəlişini təmin edir, həm də dünya elminə və təhsilinə böyük töhfələr vermiş olurlar.
Ümummilli liderimiz Heydər Əliyev üçün xalqın sabahı həmişə milli təhsil sistemi ilə bağlı olmuşdur. Bu əsas prinsip onun hələ Azərbaycana rəhbərlik etməyə başladığı yetmişinci illərdən özünü büruzə vermişdir. O zaman ideoloji işin bir sahəsi kimi baxılan təhsilə ölkə rəhbəri xüsusi önəm verir, təhsil işçilərinin bütün tədbirlərində iştirak edir, proqram xarakterli nitqlər söyləyirdi. Bu nitqlərin leytmotivi Azərbaycan təhsilinin keyfiyyətini artırmaq, onun maddi bazasını möhkəmləndirmək, təhsil işçisinin – müəllimin cəmiyyətdəki nüfuzunu yüksəltməkdən ibarət idi.
Hələ 1998-ci ildə ölkə rəhbəri Azərbaycan müəllimlərinin XI qurultayındakı nitqində xüsusi vurğulamışdır ki, bütöv şəxsiyyət probleminin həlli, ilk növbədə təhsil sistemindən asılıdır. Bu sistemin aparıcı qüvvəsi olan müəllimdən asılıdır. Pedaqoji uğurlar, ilk növbədə müəllim əməyinin nəticəsidir. Dünyanın müxtəlif ölkələrində mövcud olan təhsil ocaqlarının şöhrətini yaradan, bu şöhrəti zaman-zaman qoruyanlar müəllimlərdir. Ona görə də müəllimin gördüyü işin mahiyyətini dərindən dərk etməsi olduqca zəruri məsələdir. Bir nəfər eyni işi görən 3 bənnaya bir sual verir: Siz nə edirsiniz? Birinci bənna - divar hörürəm, ikinci - bina tikirəm, üçüncü - şəhər salıram, – deyə cavab verir. Mənəvi-əxlaqi dünyamızın “bənnaları” arasında da bu üç kateqoriyanı təmsil edən pedaqoqlar var. Onlardan kimisi öz vəzifəsini dərs deməkdə, digəri mütəxəssis yetişdirməkdə, başqası isə milli xarakteri formalaşdırmaqda görür. Bu gün yaxşı müəllim şagirdə hazır mühakimə əzbərlətməkdənsə, ona mühakimə etməyi öyrətməlidir. Yaxşı məktəb yüksək ixtisaslı mütəxəssis yetişdirməklə yanaşı, millətini, xalqını, torpağını sevən, sədaqətli şəxsiyyət və vətəndaş yetişdirməlidir. Və bu gün ustad müəllim heç də fizikadan, kimyadan, tarixdən, ədəbiyyatdan və sair fənlərdən dərin bilik verən müəllim deyildir, o, ilk növbədə həmin biliyin, bacarığın və vərdişin insanlığa xidmət edəcəyinə təminat verməyi bacarmalıdır. Ustad müəllim cəmiyyəti sabah idarə edəcək insanların mənəvi bütövlüyü, əqli yetkinliyi, əxlaqi kamilliyi naminə cavabdehlik daşımalıdır. Bu gün bizimlə ünsiyyətdə olan bütöv, sədaqətli, həyatı varlıqları və nurlu əməlləri ilə gözəlləşdirib dəyərləndirən insanlar da, rəzil, paxıl, bədxah, hər şeydə ləkə və nöqsan axtaran, milli təəssübkeşlikdən, ali duyğulardan məhrum adamlar da vaxtilə uşaq olublar, şəxsi nümunə əsasında formalaşıb təhsil alıblar. Bu mənada, məktəbin, müəllimin rolunu danmaq olmaz. Burada Zərdüştün müdrik bir kəlamını xatırlamaq yerinə düşərdi: “Pis müəllim şüuru korlar, sözün mənasını çatdırmaz, ağlın inkişafını dayandırar, təlim-tərbiyəni fəsada çevirər, nəticədə həyatın təbii axınına və gözəlliyinə ziyan yetirər. Mən bu kimi müəllimlərdən şikayət edirəm”. Buna görə də ağlı, zəkası, mənəviyyatı və dünyagörüşü ilə cəmiyyətimizin tərəqqisinə xidmət edən müəllimlərimiz, həm də millətin mənəvi sərvətidir. Bu sərvətin qədrini bilmək, onu qorumaq hər bir vətəndaşın borcudur. Çünki inkişafın hansı mütərəqqi formasını təhsilimizə tətbiq etsək də, müəllimi əsl vətəndaş olmayan təhsilin tərəqqisindən danışmağa dəyməz.
Bəzən müxtəlif təbəqələrdə “təhsilimiz ləng inkişaf edir” kimi fikirlər söyləyən insanlardan fərqli olaraq mən milli təhsilimizi bugünkü qədər heç bir zaman öz fəaliyyətinin zirvəsində görməmişəm.
Ölkə Prezidentinin ikinci dəfə rəhbərliyə gəldiyi ilk gündən indiyədək təhsilimizin inkişafına rəvac verən onlarla fərman, sərəncam və bəyanatları cavabsız qala bilərdimi? Bu tarixi sənədlərin hər birindən dərhal sonra Respublika Təhsil Nazirliyində yaranmış neçə-neçə işçi qrupları tərəfindən yeni dərsliklərin, tədris planlarının, proqram və tövsiyələrin, tədris standartlarının, əsasnamələrin tərtibi, çoxpilləli təhsil sisteminin inkişafı, universitetlərimizin maddi-texniki bazasının zənginləşməsi, orta ixtisas təhsilində yeni şəbəkələrin təkmilləşdirilməsi, orta ümumtəhsil məktəblərinin tikilib istismara verilməsi, bir çoxlarının əsaslı təmir edilməsi, təhsildə informasiya və kommunikasiya texnologiyalarından geniş istifadə, yeni proqramların ayaq açması və sadalamadığım onlarca yeniliklər məhz bu tarixi sənədlərə və dövlət qayğısına cavabın təzahürüdür. Bu tədbirlər təhsil sisteminin əsaslı şəkildə təkmilləşdirilməsinə, idarəetmənin müasir prinsiplər üzrə təşkilinə, beynəlxalq standartlara uyğunlaşdırılmasına və dünya təhsil sisteminə inteqrasiyasına tez bir zamanda zəmin yaratdı.
Milli təhsilimizin inkişafını sürətləndirən, ona əməli istiqamət verən onlarla yenicə hazırlanmış təhsil sənədlərinin içərisində öz mahiyyəti, məzmunu, aktuallığı və səriştəli tərtibi ilə seçilən 2001-2004-cü illər üçün Azərbaycan Respublikasında orta ixtisas təhsilinin İnkişaf Proqramı keçid dövründə təhsil quruculuğunun ən ağır problemlərinin həllinə, o cümlədən onun milli məzmununun təmin edilməsinə xidmət edən bir sənəd kimi meydana çıxdı. İlk baxışdan sadə görünən milli məzmunun təmin edilməsi problemi həddən artıq çətin və çoxtərəflidir. Çünki təhsilin milliliyi anlayışı, əslində məktəblilərin zahiri görkəmindən tutmuş, təhsilin, tərbiyənin, maddi-texniki bazanın milli dəyərlərimizə bağlılığı ilə yanaşı, bügünkü tələblər səviyyəsində mövcudluğu kimi çətin, fəqət çox vacib, zəruri problemlərlə əlaqəlidir. Görkəmli şəxsiyyət Heydər Əliyev öz çıxışlarının birində deyir: “Təhsil sahəsi həyatımızın ən mühüm sahəsidir. O, milli məqsədlər, milli mənafelər əsasında qurulmalıdır”. Cənab Heydər Əliyevin Ana dilinin tətbiqi haqqında Fərmanından sonra mart ayında Təhsil Nazirliyində həmin mövzunun müzakirəsinə həsr olunmuş müşavirədə dilçi-ədəbiyyatşünas alimlərimiz məzmunlu çıxışlarında gənclərin nitq qabiliyyətinin inkişaf etdirilməsinin vacibliyi problemini diqqətə çatdırdılar. Bu müşavirədən sonra Azərbaycan Dövlət Pedaqoji Kollecində “Gənc müəllim” klubunun təşkilatçılığı ilə “Məktəbdənkənar, sinifdənxaric tədbirlər prosesində tələbələrin bədii təfəkkürünün və nitq qabiliyyətinin inkişaf etdirilməsi yolları” adlı elmi-praktik konfrans keçirildi. Söhbət tələbənin bədii təfəkküründən gedirsə, bu təfəkkürün sabah xalqın övladlarına mərifət dərsi deyən, elm öyrədən, sözlə tərbiyələndirən bir müəllimin nitqinə, məntiqinə, təfəkkürünə çevriləcəyini unutmamalıyıq. Fikirlərimi isbat etmək üçün lakonik bir misal gətirmək istərdim. Həm də təfəkkürün az müdaxilə etdiyi bir sahədən – riyaziyyatdan:
“O danışır və yazır: sekans, kosekans... elə bil bayatı melodiyası eşidilir. O danışır və yazır! Dekart sistemi, Pifaqor teoremi... Bu sözlər onun dilindən bizə Füzulinin, Sabirin, Vurğunun sözləri kimi doğmalaşıb... Və ya o, yazı taxtasını üç hissəyə böldü – üç qitəyə, üç materikə. Üç variantda həll etmək olar, - dedi. Beş dəqiqə çəkmədi ki, birinci qitə fəth olundu. İkinci materikə qədəm qoydu. Bir azdan üçüncü... Adamın zehni onun əli ilə ayaqlaşmır... Çətin məsələlərin qənimidir, cəlladıdır. Bu mülayimliklə diz çökdürür istənilən məsələni. Biliyidir onun silahı, qılıncı, gülləsi, gilyotini, atomu... Bilmirəm, niyə bu riyaziyyatı incəsənət saymayıblar? Riyaziyyat niyə incəsənət deyil ki? Onun nəyi və harası cəbrdir? O ki yatmış melodiya qammasıdır?! O, mahir riyaziyyatçı əlində musiqidir, yalnız istedadsız əllərdə cəbrdir!” Yaxud:
“Yazı taxtası münbit torpağa dönmüşdü: şumlanırdı, əkilirdi, biçilirdi. Bir dərs müddətində bir torpaqdan neçə dəfə məhsul almaq olar? O, təbaşiri yazı taxtasına necə vurursa, oradan do-re-mi-fa-sol-lya-si səslər silsiləsi düzəlib qalxır. Misalları sətir-sətir düzdükcə, adamın qulağında “Heyratı” gurlayır, “Cəngi”, “Yallı” səslənir... (Bu sətirlər həyatı çox erkən tərk etmiş istedadlı bir gəncin İsmayıl Hacıyevin “Yadda qalan günlərim” adlı kitabından götürülüb)
Bu misallar gəncin şüurunun, bədii təfəkkürünün, nitq qabiliyyətinin, bütünlükdə dünyagörüşünün inkişafında bu tipli tədbirlərin inkaredilməz rolunu bir daha təsdiq edir.
Yeri gəlmişkən, son 3 ildə ADPK-da keçirilən elmi-praktik konfransların adlarını çəkəcəyəm.
-
Dövrümüz, təhsilimiz, problemlərimiz.
-
Mənəviyyatımız əsrlərin ayrıcında.
-
Təhsil islahatı: yeni texnologiyaların, qeyri-ənənəvi dərslərin tətbiqi problemləri.
-
Təhsil islahatı və 2001-2004-cü illər üçün Azərbaycan Respublikasında orta ixtisas təhsilinin İnkişaf Proqramının həyata keçirilməsi problemləri və yolları.
Bir çox üstünlükləri ilə bərabər, bu tədbirlərin məqsədi keçid dövründə təhsil quruculuğunun ən ağır problemi olan təhsilin milli məzmununun təmin edilməsi idi. Söhbət milli məzmundan düşübsə, deməliyəm ki, burada çox ciddi və zərif bir cəhətə də diqqət yetirilməlidir.
Millilik milli dəyərlərə və ənənələrə bağlılığa, onları qorumağa və möhkəmləndirməyə xidmət edir. Belə milliliklə millətçilik arasında qabarıq bir sərhəd də vardır. İfrat millətçilik, milli lovğalıq və istisnalıq ideyaları gənc nəsildə bəşəri dəyərlərə, başqa xalqların mədəniyyətinə, elmi və texnoloji biliklərinə və nailiyyətlərinə mənfi münasibət yarada bilər. Belə bir münasibət isə həm gəncliyin özünə, həm də gələcəkdə xalqın milli tərəqqisinin sürətinə mənfi təsir göstərər. Yuxarıda adını çəkdiyimiz İnkişaf Proqramı məhz bu istiqamətlərdə əməli yardım olan çox mühüm bir sənəddir. Bu sənədlə tanış olan hər bir təhsil işçisi dərhal başa düşür ki, dövr həmin dövr olmadığı kimi, məktəb də, müəllim də həmin deyil, deməli, tərbiyə də, dərslər də həmin olmamalıdır. Hazırda qloballaşma həyatın bütün sahələrinə daxil olur və təhsil sistemi də bununla hesablaşmaya bilməz. Bu nə deməkdir? Bu o deməkdir ki, təhsilin milliliyi qədər, onun qloballaşmasının ehtiyaclarını və tələblərini bugünkü gəncliyə mənimsətmək ən vacib məsələlərdən biridir. Ən azı ona görə ki, bizim təhsil konsepsiyamızda təhsilin milliliyi və ümumbəşəri dəyərlərə bağlılığı həmişə vəhdətdədir.
Hazırda ölkə başçısı Qərb yönümlü xarici siyasət yeridir, Qərb sivilizasiyasının demokratik və humanitar prinsiplərinin bizim milli dövlət quruculuğunda ardıcıl bərqərar edilməsinə çalışır. Bu, yeganə düzgün siyasətdir, çünki bəşəri tərəqqinin bircə magistral istiqaməti vardır. Milli istisnalıq iddiaları ilə bu yola müqavimət göstərən siyasətçilər çox olubdur, lakin bu müqavimətin yekunu həmişə xalqların tərəqqi tempinin aşağı düşməsi ilə nəticələnib.
Bu gün Qarabağ torpaqlarında müharibənin getdiyi bir şəraitdə xalqımız üçün vətənpərvərlik tərbiyəsi mühüm bir problemdir. Amma biz bu problemi bəsit emosional tərbiyə səviyyəsində həll edə bilmərik və etməməliyik. Emosional vətənpərvərlik Vətənin müdafiəsində çox vaxt acizliyə səbəb olur. Müasir elmi-texniki biliklərə yiyələnməmiş, xüsusilə təbiət elmləri sahəsində normal savadı olmayan fərdlər mətin Vətən müdafiəçisi də ola bilməzlər. Bu gün texniki biliklərə yaxşı bələdlilik orduda olduğu qədər məişətdə də zəruridir. Ona görə də dərsliklərdə, proqramlarda millilik prinsipi ilə yanaşı, qloballaşmanın problemlərini də nəzərə almaq, həm də təhsil ocaqlarımızın maddi bazasını möhkəmləndirmək lazımdır. Bu, Prezidentimizin vətənpərvərlik tərbiyəsi konsepsiyasının ümdə tələbi və prinsipidir.
Bu tələbin yerinə yetirilməsində azərbaycançılıq təliminin də xüsusi yeri vardır. Bu təlim bizim milli vətənsevərlik ideyalarının məcmusudur. Dövlət başçısının son illərdəki çıxış və məruzələrində bu təlim hərtərəfli əsaslandırılmış və tərbiyə işçilərinin sərəncamına verilmişdir. Azərbaycançılıq bizə xalqın böyük mənafelərini, tarixi maraqlarını düzgün dərk etməyi öyrədir, hər kəsi vahid vətənə xidmət etməyə çağırır. Gəncləri vətənçilik, milli dövlətinə sədaqət və məhəbbət ruhunda böyütmək, ixtisasından asılı olmayaraq təhsil işçilərinin müqəddəs borcudur.
Bu gün biz fəxrlə deyə bilərik ki, Azərbaycanın milli təhsil quruculuğu möhtərəm Heydər Əliyevin müəyyənləşdirdiyi prinsiplər əsasında – təhsil sistemində hər bir yeniləşmənin təkamül yolu ilə həyata keçirilməsi, dünya təcrübəsinin öyrənilməsinin vacibliyi, təhsildə XX əsrdə qazanılmış ənənələrdən istifadə olunması, milli və ümumbəşəri dəyərlərə əsaslanan, beynəlxalq standartlara uyğun, xalqın sabahkı tərəqqisinin bütün şərtləri nəzərə alınaraq təmin edilmişdir.
Heydər Əliyevin ömrü boyu hazırladığı və praktik şəkildə həyata keçirdiyi müstəqil Azərbaycan dövlətinin təhsil siyasəti həm də pedaqoji bir nəzəriyyədir, milli təhsilimizin ideya əsasıdır. Bu nəzəriyyəni dərindən öyrənmək və öyrətmək həm də dövləti bir işdir. Bu, rəhbərimizin pedaqoji təliminin prinsipidir.
Təhsil və dövlətçilik qoşa qanaddır, ayrılmazdır. Onların vəhdəti xalqın mənəvi, iqtisadi və siyasi qüdrətini, uğur faktorunu daim artırır, onu tərəqqiyə aparır.
Dostları ilə paylaş: |