2012-ci il.
MƏNƏVİYYAT TARİXİMİZİN ÖRNƏYİ
Görkəmli oftalmoloq alim Zərifə xanım Əliyeva haqqında düşüncələr
Yaranışdan bütün bəşər övladına məxsus ali bir duyğu doğulub köksümüzün altında göyərib boy göstərir. Zaman keçdikcə daha da əlvanlaşan, daha da müqəddəsləşən, hiss və düşüncələrimizə hakim kəsilən o duyğu ən dar məqamlarda ən yaxın köməkçimizə çevrilir. Həyatdan əlimizi üzəndə o duyğu əlimizdən tutur, inamımızı, istinadgahımızı itirəndə o duyğu bizim üçün inama, istinadgaha çevrilir. Nə vaxtsa o duyğunu Sevgi adlandırırıq. Mental yaddaşımız Leyli və Məcnun, Əsli və Kərəm, Yusif və Züleyxa, Tahir və Zöhrə, İlham və Fərizə misalında ilahi sevginin mükəmməl nümunələrini xatırlayır. Heydər Əliyev öz ömür-gün yoldaşı, mərhum akademik Zərifə xanıma olan sonsuz sevgisi və bu sevginin etirafi ilə mənəviyyat tariximizdə bütöv nəsillərə örnək ola biləcək bir sevgi rəvayəti də yaratdı.
Təməlində həqiqətin bərqərar olduğu bu rəvayətin bir qütbündə xalqın böyük oğlu Heydər Əliyev dayanırsa, digər qütbündə Azərbaycan qadınlığının mücəssəməsi Zərifə Əliyeva dururdu. Onun parlaq həyatı hadisələrlə və mənalı anlarla zəngindir. Məni isə ən çox düşündürən onun analıq fenomenidir. Balaca, zərif bir ana necə böyük bir qüdrət daşıya bilir. Dünyaya necə böyük insanlar bəxş edə, xalqın taleyində necə misilsiz iz qoya bilir. Analıq, doğrudan da təbiətin ən böyük möcüzəsidir! Analar həyatda ən çətin olan iki şeyə qadirdirlər: həm böyük tale, həm də böyük xoşbəxtlik bəxş edə bilmək qüdrətinə. Bu cəhətdən də Zərifə xanım nadir, unikal bir qadın idi.
Mən həyatda hər şeyin anadan miras olduğuna inanıram. Bu, bəlkə müasir görünməyə bilər. Amma mən analıq möcüzəsinə hər şeydən çox inanıram. Zərifə xanımın anası Leyla xanım da xoşbəxt taleli bir qadın idi. O, dörd övladın ilki idi. Bu dörd övladın hamısı həyatda istedadlı və xoşbəxt taleli insanlar oldu. Bir qızı Gülarə gözəl ifaçı və bəstəkar, iki oğlu - Tamerlan və Cəmil görkəmli tibb alimləri oldular. Lakin Zərifə xanımın taleyi onların hamısından nurlu və uğurlu oldu. Yəqin ona görə ki, ailənin ilki idi və valideynlərinin məhəbbət payının çoxu ona qismət olmuşdu.
Deyirlər ki, uşaqlıqdan qismət olan ana məhəbbəti insanı xoşbəxt edir. Zərifə xanımı anası da, görkəmli dövlət adamı və həkim olan atası da çox istəyirdi. Xalqın tarixində iz qoymuş bu ailə sovet dövrü Azərbaycan elitasının seçmə və tipik nümunəsi idi. Yüzlərlə bolşevik xadimləri kimi onların da yolu kənddən - Naxçıvanın Şaxtaxtlı kəndindən başlamışdı. Zərifənin atası da öz həkimlik fəaliyyətinə burada başlamış, ilk övladı da burada doğulmuşdu. Əziz Əliyevin İrəvan yaxınlığındakı kənddən başlayan həyatı demək olar ki, təkərlər üzərində keçmişdi. 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı bu ailədən də yan ötməmişdi: onlar didərgin düşüb Naxçıvana, oradan isə Bakıya gəlmişdilər. 1923-cü ilin yayında Bakıya gələn Əziz Əliyev rus dilində çox yaxşı bilən savadlı bir gənc kimi, tanışların köməyi sayəsində dövlət işinə qəbul olunur və onun fasiləsiz yüksəlişi başlanır.
Bu yüksəlişin təməlində qızıl medalla bitirilmiş İrəvan gimnaziyasının təhsili dururdu. Təhsilə, elmə, müasirliyə maraq onun övladlarının da həyat yolunu təyin etdi. Kökləri bəy nəslindən olan Leyla xanım uşaqlarının təhsil və tərbiyəsi ilə özü məşğul olurdu. Əri isə Mədəni İnqilabın yorulmaz əsgərlərindən biri idi. Ali təhsil almaq üçün ona böyük maarifçi və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev maddi yardım etmişdi və bunun sayəsində o, Peterburq Hərbi Tibb Akademiyasına daxil ola bilmişdi. 1920-1930-cu illərdə isə Əziz Əliyev Azərbaycan maarifinə öz övladlıq borcunu qaytardı, maarif və səhiyyənin təşkilində var qüvvəsi ilə çalışdı. Ömrünün sonunda yenə səhiyyəyə qayıdan Əziz Əliyev bütün təcrübəsini gənc kadrların yetişdirilməsinə həsr etdi.
Stalin rejimi şəraitində partiya işçisi ilə peşəkar zabitin iş rejimi arasında elə bir fərq yox idi. Partiya Aparatında intizam hərbidən də yüksək idi. Evdə uşaqları Əziz Əliyevin üzünü ancaq gecələr görürdülər. Qalan vaxtlarda bu böyük insan bütün enerjisini işə verirdi. Bu zəhmətkeşliyinin sayəsində o, Azərbaycan Tibb İnstitutunun ilk rektorlarından biri, sonra isə Xalq Səhiyyə Komissarı oldu.
1920-1930-cu illərdə Azərbaycanda həkimlər çatmırdı, ona görə xalq arasında həkimlərin böyük nüfuzu var idi. Yeni Avropa tipli səhiyyə Azərbaycanda kütləvi epidemiyalara qarşı mübarizə edir, klinik müalicənin əsası qoyulur, uşaq ölümünün qarşısını almaq üçün böyük işlər görülürdü. Əziz Əliyev sonra bir sıra siyasi postlarda işləsə də, onun ailəsində tibb elminin nüfuzu yüksək olaraq qaldı. Balaca Zərifə də 30-cu illərdə orta məktəbdə oxuduğu vaxtlarda həkim olmaq, xalqına xidmət etmək haqqında düşünürdü. Bütün rəhbər partiya işçilərinin uşaqları kimi Zərifə də rus dilində oxumalı oldu.
Lakin ailədə ana dilində danışmaq və düşünmək ənənəsi möhkəm idi. Zərifənin anası Leyla xanım ana dilinin canlı daşıyıcısı idi. O biri tərəfdən ailə qaçqınlıq aqibətini yaşamışdı. Kənd kökləri, İrəvan dövrü ilə bağlı qohumlar və tanışlar daim bir-birini axtarıb arayır, görüşür, imkan olduqca kənddəki əqrəbaları ilə əlaqə saxlamağa çalışırdılar. Uşaqlıqda Zərifənin böyüdüyü ocaq nadir hallarda qonaqsız olurdu. Hamısının problemlərinin, xahişlərinin, umduqları yardımların sayı-hesabı yox idi. O zaman insanlar bununla fəxr edir, qohum və tanışlara yardımlarını əsirgəmirdilər. Bu xeyirxahlıq dərsini Zərifə də anasından alır, onun sadə, lakin xeyirxah əməllərindən nümunə götürürdü.
O zamanlar təhsilin, məktəbin, müəllimin nüfuzu müqayisəyə gəlməz dərəcədə yüksək idi. Ona görə yaxşı oxumaq, savada can atmaq gənc yaşlarından insanların sosial statusunu, şəxsi nüfuzunu müəyyən edirdi. O zaman bahalı geyim və ya maşınla fərqlənmək imkanı yox idi. Qürurlu və çalışqan bir qız olan Zərifə də atasının nüfuzundan istifadə etmək istəmirdi, səylə oxuyur, kitabı əlindən qoymurdu. O, paralel olaraq fortepiano üzrə musiqi dərslərinə də gedirdi. Onun bu zəhmətləri hədər getmədi. Zərifə uğurla Tibb İnstitutuna daxil oldu və müharibənin ağır illərində təhsilini başa vura bildi.
Bu illər Zərifənin ailəsi üçün çətin dövr idi. Atası 1941-1942-ci illərdə Azərbaycan KP MK-nın Katibi, sonra isə 6 il Dağıstan Respublikası MK-sının birinci katibi işləmişdi. Bu, müharibənin ən ağır illəri idi. Onu ən çətin sahələrə yollayırdılar. O, hətta bir müddət İranda da səlahiyyətli partiya işçisi kimi çalışmışdı. Bütün bunlar ailədə də gərginlik və nigaranlıq yaradır, Zərifə də atasına görə anası ilə birgə həyəcan keçirirdi. Belə gərgin vaxtlarda onun dayağı anası Leyla xanımın səbri, iradəsi, dözümü, dərslərlə başını qatmaq, gələcəklə yaşamaq nikbinliyi idi.
Pis günün ömrü az olar, deyiblər. Müharibə qurtaranda Zərifəgilin ailəsində də bayram oldu, atası da bu arada əsgər şinelini, zabit geyimini əynindən çıxardı. İstirahət günləri evdə görünməyə başladı. 1947-ci ildə Zərifə xanım, nəhayət ki, Tibb İnstitutunu bitirmək barədə diplomunu aldı. Hələ tələbəlik illərində görkəmli həkim, institutun müəllimi Umnisə Musabəyova onun çalışqanlığını görüb göz xəstəlikləri üzrə ixtisaslaşmağı məsləhət bilmişdi. Həyat göstərdi ki, müdrik müəllimə yanılmamışdı. Zərifə xanım ömrü boyu öz elmi seçiminə sadiq oldu və nadir əsərləri ilə oftalmologiya elmini zənginləşdirdi.
1947-ci ilin payızından Zərifə Əliyeva gənc mütəxəssis kimi iki il Moskvada çalışdı və biliklərini artırdı. Onun ezam olunduğu Qolmqolts adına Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutu bu sahədə SSRİ-nin aparıcı elmi müəssisəsi idi, orada ölkənin ən nüfuzlu göz həkimləri çalışırdılar. Gələcək elmi fəaliyyət üçün buradakı elmi mühit ən münasib yer idi. Zərifə Əliyeva burada elmi diskussiya və seminarlarda, şuralarda, müdafiə məclislərində iştirak etdi. Moskva mühiti qəribə idi. Burada hər alimin öz fikri və öz yolu vardı, heç bir elmi avtoritet bütləşdirilmirdi. Hamı tənqid üçün acıq idi. Burada Zərifə xanımın gəldiyi əsas nəticə belə oldu: elmdə öz yolunu tapmaq, öz axtarış cığırına düşmək əsas məsələdir. Bunsuz orta həkim ola bilərsən, amma həqiqi alim olmaq mümkün deyildir.
Moskva mühiti mənəvi cəhətdən də gənc həkim qızın inkişafına təkan verdi. İyirmi dörd yaşlı azərbaycanlı qızı, daim anasına sığınıb yaşayan Zərifə institutun yataqxanasında müstəqil yaşamağa başladı. Bu, romantik bir dövr olan tələbəlik həyatının davamı idi. Ətrafda müharibədən qalma qəhətlik və kasıblıq hökm sürsə də, o zamankı tələbə-gənclik əksərən müharibə səngərlərindən universitetlərə gəlmiş nəsil idi. Böyük qanlar və qurbanlar hesabına faşizmi əzmiş bu nəsil gələcəyə, çətinliklərin aradan gedəcəyinə, insanların müharibəsiz dünyada xoşbəxt olacağına necə inanırdılarsa, Zərifə də bu gələcəyə elə inanırdı.
1949-cu ildə göz xəstəlikləri üzrə dərin elmi biliklərlə Bakıya qayıdan Zərifə Əliyeva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi çalışmağa başladı və həmin ildə də aspiranturaya daxil oldu. Onun elmi marağını da həyat özü diktə etmişdi. Müharibədən sonra Azərbaycanda traxoma adlı göz xəstəliyi geniş yayılmışdı. Müalicəsiz qalanda bu xəstəlik insanları dünya işığına həsrət də qoya bilirdi. Zərifə xanımın çalışdığı bu instituta dövlət səviyyəsində traxoma epidemiyası əleyhinə preparat və antibiotiklər hazırlamaq tapşırılmışdı. Gənc alim çalışdığı institutun bu yöndəki araşdırmalarında yaxından iştirak edirdi.
Lakin Zərifə xanım bununla kifayətlənmirdi. Nüfuzlu alim və həkim həmkarlarının xatirələrindən öyrənirik ki, Zərifə Əliyeva Azərbaycanın rayonlarında traxoma epidemiyalarının mərkəzi olan kənd və qəsəbələrə yollanan elmi ekspedisiyaların könüllü iştirakçısı olmuşdur. Bir neçə cavan qadın həmkarı ilə birgə o, ağır xəstələri müalicə edir, elmi mühazirələr oxuyur, insanlarla ünsiyyətə girib ev-ev izahat işləri aparırdı. Məhz Zərifə xanımın daxil olduğu ekspedisiyanın üzvlərinin fədakarlığı, zəhməti sayəsində qısa bir vaxtda traxoma epidemiyası lokallaşdırıldı, problemin kəskinliyi aradan götürüldü.
Gənc həkimin fədakarlığına tərəddüdlə baxanlara o, məhəl qoymurdu. Çünki o, traxoma kimi bəlaya qarşı mübarizəni öz həkim borcu sayırdı. Sözügedən ekspedisiyalarda qazanılan elmi müşahidələr, müalicə üsulları Zərifə xanımın karına gəldi. O, bütün bu materialları diqqətlə ümumiləşdirdi və onların əsasında namizədlik dissertasiyasını tamamladı. Gənc alim 1959-cu ildə bu dissertasiyanı uğurla müdafiə edib tibb elmləri namizədi elmi dərəcəsi aldı.
Zərifə xanım bir azərbaycanlı qızı kimi elmdə nə qədər realist idisə, həyatda da bir o qədər romantik idi. İllər sürətlə gedir, o isə öz romantik qəhrəmanını gözləyirdi. O, gözəl piano çalır, tələbə məclislərində Azərbaycan və rus dillərində məlahətli səslə oxuyurdu. Çünki o, görkəmli sənət və söz adamlarının əhatəsində böyümüşdü. Əziz Əliyevin Zevin küçəsindəki evi Azərbaycan ziyalılarının toplaşdığı bir yer idi. Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Səməd Vurğun, Qara Qarayev, Bülbül, Niyazi və başqaları burada tez-tez olurdular. Zərifə xanım hələ qız vaxtından şəhərin üzdə olan gözəllərindən biri idi. Heydər Əliyevin böyük qardaşı Həsən Əliyevin də Zərifənin atası ilə yaxşı ailə münasibətləri vardı.
Beləcə, günlərin bir günü tale Zərifənin üzünə güldü. Arabir müxtəlif münasibətlərlə onlara gələn Heydər evin böyük qızına meyl saldı. Zərifə bunu hiss etməyə bilməzdi. 1951-ci ildə Heydər Əliyev Dövlət Təhlükəsizliyi orqanlarında çalışan göygöz, ucaboylu, həmişə hərbi formada olan zabit idi. Bu zabit həm Azərbaycan, həm də rus dilində gözəl danışır, məhrəm-məhrəm Zərifəyə gülümsəyirdi. Tezliklə bu zabit qızın qəlbinə hakim oldu. Görüşməyə başladılar. Allah bu insanı Zərifə xanıma bütün ideallarını gerçəkləşdirmək üçün, öz lütfü kimi yollamışdı. Bu, bəxt ulduzu idi.
Lakin hələ Stalin sağ, Mir Cəfər Bağırov isə öz taxtında idi. Gənclərin romantik münasibətləri sınaqlardan keçməli oldu. Təhlükəsizlik xidməti zabitinin şəxsi həyatı da dövlət nəzarətində idi. Ona görə operativ işçinin respublikada hamının tanıdığı Əziz Əliyevin qızı ilə münasibətləri artıq yuxarılara məlum idi. Elə bu vaxtlarda da Əziz Əliyevin başı üzərində qara buludlar dolaşırdı....
Hər şey 1949-cu ilin əvvəllərində Əziz Əliyevin Moskvaya MK-ya rəhbər işə aparılmağından başladı. Bu, yüksəliş idi. Bu təyinat o zaman hakimi-mütləq olan Mir Cəfərdə qorxu və dərin qısqanclıq yaratdı. O, Moskvaya dalbadal məktublar yazıb Əziz Əliyevi baş nazirin müavini vəzifəsinə gətirməyə nail oldu. Lakin Əziz Əliyev vəzifəyə təyin olunan kimi Bağırov DTK-da ona qarşı iş açdırdı. Onu “millətçi”likdə və sosial mənşəyini gizlətməkdə ittiham etdilər və tezliklə partiya töhməti verib ən kiçik bir vəzifəyə keçirdilər. Onun ailəsini Qazaxıstana köçürmək planları ortaya gəldi...
Mərkəzi Aparatda çalışan Heydər Əliyevin, şübhəsiz bunlardan xəbəri vardı. Bu çətin günlər barədə Əziz Əliyevin 1997-ci ildə qeyd olunan 100 illik yubileyində Heydər Əliyev şəxsən özü danışdı. 1952-ci ildə o zaman Dövlət Təhlükəsizliyi naziri olan Yemelyanov onu iki dəfə kabinetinə çağırdı. Onun tələbi qısa idi: yuxarıların gözündən düşmüş Əziz Əliyevin evinə gedib-gəlmək, onun qızı ilə görüşmək məsul işdə çalışan zabit üçün arzuolunmazdır. Ona açıq deyildi ki, vəzifəsini və işini itirə bilər. Gənc zabit çətin vəziyyətdə qalmışdı. Amma o, asan təslim olan adamlardan deyildi. O biri tərəfdən o, Zərifəni sevirdi və ondan ayrılmağı təsəvvürünə də gətirmirdi. Bu mülahizələri o, açıq şəkildə nazir Yemelyanova demişdi. O, eyham vurmuşdu ki, Mir Cəfərin tapşırığını icra edir, qəti qərar qəbul etmək isə cavan zabitin öz işidir.
Gənc Heydərin Zərifə ilə münasibətləri də, məsul işdə xidməti də davam etdi. Amma tarix də cavanların məhəbbətinə “əl tutdu”. Nazirlə Heydərin söhbətindən yarım il sonra İosif Stalin öldü. Bu, Mir Cəfər Bağırovun hakimiyyətinə də öldürücü zərbə idi. Bütün ölkə, o cümlədən Heydər Əliyev və gələcək qayınatası da rahat nəfəs aldılar. Bir qədər sonra Əziz Əliyev layiq olduğu vəzifəyə qaytarıldı. Heydərə isə nazirlik xətti ilə keçmiş Yerevanski pereulokda ikiotaqlı ev verdilər. Gənclərin ailə qurması üçün sonuncu mənzil maneəsi də aradan qalxdı və 1954-cü ilin noyabrında Heydərlə Zərifənin toyu oldu. Bu, yığcam, rəsmi tələblərə uyğun musiqisiz bir məclis idi. Gənclər zaqsdan evə gəlib stol arxasında oturdular. Məclisdə Əziz Əliyev, Həsən Əliyev, akademik Murtuza Nağıyev, bəylə gəlinin anaları və yaxın qohumları iştirak edirdilər. Toyun tamadalığı Heydərin uşaqlıq dostu İbrahim İsmayılova həvalə edilmişdi.
Qarşılıqlı məhəbbət üzərində qurulan ailə xoşbəxt idi. Gənc zabit olan Heydər Əliyev həyat yoldaşının simasında özünə həqiqi bir dayaq tapdı. Təhlükəsizlik orqanlarında iş mürəkkəb idi və çoxlu vaxt tələb edirdi. Heydər də öz işini sevir və çalışmaqdan yorulmurdu. O, bilirdi ki, ürəyindəki böyük planları icra etmək üçün zəhmətdən yaxşı heç nə yoxdur. Zərifə öz elmi işini davam etdirsə də, həqiqi bir azərbaycanlı qadını kimi ailəni və onun qayğılarını birinci sayırdı. Başa düşürdü ki, Heydərin onun köməyinə ehtiyacı yoxdur, əsas məsələ ona mane olmamaq, dövlət işləri ilə layiqincə məşğul olmaq üçün şərait yaratmaqdır. Ümumiyyətlə, məişət xırdalıqlarından yüksək olmaq, uzaqgörənlik və səbr onun xasiyyətinin əsas cəhətləri idi. Zərifə fitri, sağlam düşüncəsi olan bir qadın kimi ərinə nədəsə məsləhətlər də verə bilərdi. Lakin o, belə təşəbbüslərdən uzaq idi, bütün diqqətini ailədə ilıq və rahat şəraitin yaradılmasına yönəltmişdi.
Atasının taleyindən bilirdi ki, dövlət adamlarının əsas dayağı ailədəki sabitlikdir. Dövlət işində tez-tez fırtınalar və kampaniyalar olurdu. Bunlara tab gətirmək üçün məhəbbət və qarşılıqlı anlaşma əsasında qurulmuş ailə onun əsas dayağı idi. 1955-ci ildə onların ilk övladları - Sevil dünyaya gələndə gənc ailənin fərəhinin həddi-hüdudu yox idi. Evdə səslənən uşaq səsi onların da yuvasını yeni ümidlər və xoşbəxt planlarla doldurdu. 1961-ci ilin 24 dekabrında onların ikinci övladları İlham dünyaya gəldi. Zərifə xanım elmi fəaliyyətini davam etdisə də, övladlarının qayğıları və tərbiyəsi ilə özü məşğul olurdu. O, fitri bir ana idi, övladlarına qayğı göstərməkdən ən böyük zövq alır, onların həyatdakı kiçik addımlarından belə, fərəhlənirdi.
Zərifə xanım oğlu İlhama xüsusilə bağlı idi. Onun sağlamlığı, gözəl və nikbin siması ilə nəfəs alırdı. Bu, həm də azərbaycanlı mentalitetində kök salmış bir ənənə ilə bağlı idi: oğlan uşaqları ocağın dayağı və varisi sayılır. Zərifə xanım bu ümidlərində, bu məhəbbətində necə də haqlı idi. O, elmi və ictimai işlərlə ciddi məşğul olsa da, İlhamın böyüməsi və təhsili ilə bağlı hər bir xırdalıqda, hər bir hadisədə şəxsən iştirak edir, övladına məhəbbət və qayğı payını lazımi qədər verməyə çalışırdı. İlhamın 7 yaşı olanda Heydər Əliyev respublikanın birinci şəxsi seçildi. Bu, Zərifə üçün, ailə üçün sevinc və təntənə idi. Amma uşaqların tərbiyəsi baxımından problemlər yaradırdı. Zərifə xanım ana kimi başa düşürdü ki, övladlarını heç bir güzəşt və üzgörənlik olmadan tərbiyə etmək və onlara ən müasir təhsil vermək lazımdır. Ətrafda bunu anlamayanlar da vardı. Birinci növbədə zəhməti, məktəbi, təhsili sevməyi öyrətmək, sadəliyi və xeyirxahlığı tərbiyə etmək lazım idi. Bu, analıq borcu idi və böyük səbr, zəhmət, qətiyyət və məhəbbət tələb edirdi. Bunların hamısı onda var idi...
Respublikanın birinci şəxsinin xanımı olmaq da məsuliyyətli idi və Zərifə xanımın üzərinə ictimai vəzifələr qoyurdu. Lakin bu problemdə də Zərifə xanım davamlı bir mövqe tutdu. O, əslində Heydər Əliyevin birinci katib seçilməzdən əvvəlki həyat prinsiplərini dəyişməz olaraq saxladı: ailənin sabitliyini qorumaq, uşaqların problemlərinin atanı narahat etməməsinə çalışmaq. O, buna ustalıqla nail olurdu, cəmiyyətdə, dövlət tədbirlərində diqqəti cəlb etməməyə, sadə həyat tərzini davam etdirməyə çalışırdı. Zərifə xanım yenə öz doğma Göz Xəstəlikləri İnstitutunda işləyirdi. İş yoldaşları ərinin statusunun dəyişilməsi ilə bağlı onun davranışında heç bir dəyişiklik hiss etmirdilər. Əksinə, Zərifə xanım kollektivdə daha qayğıkeş olmuşdu, iş yoldaşlarının məişət problemlərinin həlli üçün müxtəlif orqanlara müraciətlər göndərir və insanlara kömək etməkdən zövq alırdı.
Göz Xəstəlikləri İnstitutu onun üçün doğma bir yer olmuşdu. O, 1976-cı ildə oftalmologiyada hadisəyə çevrilən doktorluq dissertasiyasını müdafiə etdi və bir müddət sonra kafedra müdiri oldu. Ailədə və cəmiyyətdə apardığı işlərin ağırlığına baxmayaraq o, göz xəstəliklərinə dair 140 elmi məqalə, bir neçə monoqrafiya və kitab dərc etdirdi. Çoxillik elmi təcrübədən o, belə bir qənaətə gəlmişdi ki, insanların xəstə gözlərinin müalicəsi çətin və ağrılı bir prosesdir. Ona görə də Zərifə Əliyeva göz xəstəlikləri sahəsində profilaktika metodikalarına daha artıq əhəmiyyət verməyə başladı. Bu, uzaqgörən, müasir bir elmi nəticə idi və oftalmologiyanın gələcək inkişafını qabaqlayırdı. Onun 1970-ci illərdən sonrakı bütün elmi axtarışları bu nəticə ilə bağlı oldu. Zərifə xanım göz xəstəliklərinin profilaktikası üçün öz metodikasını hazırladı və bu metodika ona oftalmologiyada şöhrət gətirdi.
O, gənc vaxtlarından axtardığı öz yolunu, elmin böyük yolunu tapmışdı. Bu, həm də Azərbaycan tibb elminin nailiyyəti idi. Bütün bunlar 1983-cü ildə Zərifə Əliyevanın Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilməsi ilə elmi etirafını tapdı. Onun alim şöhrəti artıq Azərbaycanın sərhədlərini çoxdan aşmışdı.
1982-ci ildə Heydər Əliyev Siyasi Büronun üzvü seçildi və Moskvada SSRİ hökuməti sədrinin birinci müavini təyin olundu. Zərifə xanım uşaqlarla birgə Moskvaya köçdü. Bura onun gəncliyinin şəhəri idi. Moskva elitasının mərkəzində yaşamaq, Heydər Əliyevin və ailənin tanışı olan elm və sənət adamları ilə ünsiyyət necə də xoş idi. Ərinin, övladlarının taleyində və təhsilində hər şey əla idi, insanlar bu xoşbəxt qadını barmaqla göstərir, ona qibtə edirdilər.
Lakin təbiətin də amansız hökmləri var. Zərifə xanımda müalicə olunmayan xəstəlik tapdılar və 1985-ci ildə Zərifə Əliyeva dünyasını dəyişdi.
Bu, ağır bir itki idi. Onun sevimli İlhamının hələ iyirmi dörd yaşı vardı. Həyatda o, ən çox övladları ilə fəxr etmək istəyirdi... Gözünün nuru olan əziz İlhamının uzun illər təhsilinə, tərbiyəsinə, insan və şəxsiyyət kimi yetişməsinə ana kimi özünü həsr edən Zərifə xanıma onun Prezident kimi andiçmə mərasimini görmək qismət olmadı. Bu gün isə bu fərəhi bütün Azərbaycan yaşayır. Bu, Zərifə xanımın tərbiyəsinin təntənəsidir.
Ana məhəbbəti itmir, xariqələr yaradır. Bu gün Zərifə Əliyevanın övladları ilə bütün Vətən fəxr edir. Onların fərəhində və qürurunda ömrünü övladlarına həsr etmiş bir anaya böyük bir millətin məhəbbəti də var. Bu gün bu məhəbbət çiçəklənir, pöhrələr verir və mənəviyyat tariximizin örnəyinə çevrilir.
“Yeni Azərbaycan” qəzeti, 27 aprel 2009-cu il.
Dostları ilə paylaş: |