Elmi, təhsili heç vaxt unutmayan bir


AZƏRBAYCANIN DÖVLƏT MÜSTƏQİLLİYİNİN ƏBƏDİLƏŞDİRİLMƏSİ HEYDƏR ƏLİYEVİN TARİXİ XİDMƏTLƏRİNDƏN BİRİDİR



Yüklə 6,34 Mb.
səhifə45/68
tarix02.01.2022
ölçüsü6,34 Mb.
#2186
1   ...   41   42   43   44   45   46   47   48   ...   68
AZƏRBAYCANIN DÖVLƏT MÜSTƏQİLLİYİNİN ƏBƏDİLƏŞDİRİLMƏSİ HEYDƏR ƏLİYEVİN TARİXİ XİDMƏTLƏRİNDƏN BİRİDİR
Tarix səbirli, təmkinli və eyni zamanda, çox qətiyyətli gedişlərilə insanlara möhtəşəm bir dərs verir. Bu dərs hər bir fərdin həyatında olduğu kimi, bütöv xalqların və dövlətlərin həyatında da mühüm rol oynayır. Təbii ki, Azərbaycan xalqı da bu bəşəri prosesin çox böyük mərhələlərindən keçmişdir. Həmin mərhələlərdən biri də bizim eyni əsrdə ikinci dəfə dövlət müstəqilliyinə nail olmağımızdır.

Hərdən insana elə gəlir ki, soydaşlarımızın milli azadlıq hərəkatına qalxdığı günlər lap bu yaxınlarda baş vermişdir. Gözümüz önündə on minlərlə, yüz minlərlə insanın “Azadlıq!”, “Azadlıq!” – deyə hayqırdığı meydan, azadlıq mücahidlərinin qandallanaraq zindanlara atılması, “Lefertovo”ya salınandan sonra belə, şərin üzünə tüpürməkdən qorxmayan soydaşlarımızın əzəmətli surəti, Kremlin ən çirkin əməllərindən olan milli ayrı-seçkilik siyasəti, xalqın azadlıq arzularını məhv etmək üçün Bakıda törədilmiş 20 Yanvar faciəsi, qaniçən Qorbaçovun antitürk siyasətinə etiraz edən Ulu öndər Heydər Əliyevin bilavasitə Moskvada – Kremlin gözü qarşısında Azərbaycan xalqının milli azadlıq hərəkatını dəstəkləməsi və bir çox başqa məqamlar canlanır. Bir anlıq elə bilirik ki, bu hadisələr ötən ay və ya ötən il baş verib. Əslində isə, söylənilməsi xoş olan və sevindirici faktdır ki, Azərbaycanın öz dövlət müstəqilliyinə ikinci dəfə qovuşmasının 20 ili tamam olur. Müstəqilliyin məşəqqətlər, məhrumiyyətlər, çətinliklər, siyasi, iqtisadi və hərbi böhranlarla dolu olan ilk illəri bizə bir şəkildə dərs vermişdisə, 1993-cü ilin payızından etibarən biz başqa dərslər aldıq. Müstəqilliyin ilk illərində biz “vur”, “tut”, “çap”, “tala”, “çətinlik olan kimi gizlən”, “xalqın etirazını eşidəndə, aradan çıx” – kimi prinsiplərin (daha doğrusu, prinsipsizliklərin) verdiyi dərslərin də şahidi olduq.

Bəzən belə düşünürlər ki, 1988-1993-cü illərdə ölkəni “idarə edənlərin” əməllərindən dərs almaq, xalqımıza utanc gətirən həmin hadisələri dərs adlandırmaq mümkün deyil. Bu tezislə qətiyyən razılaşmaq olmaz. Əvvəla, Sokrat deyirdi ki, insan özünün və xalqının həyatında baş verən istənilən hadisədən dərs ala bilmirsə, o, heç zaman kamilləşməyəcək. İkinci, Azərbaycan xalqı həmin hadisələrdən yetərincə dərs almasaydı və mükəmməl nəticə çıxarmasaydı, biz bugünkü qüdrətli Azərbaycanı qətiyyən qura bilməzdik. Yeni Azərbaycan Partiyasının yaradılması, Ulu öndər Heydər Əliyevin Naxçıvandan Bakıya dəvət edilməsi xalqın ölkədə baş verən ictimai-siyasi proseslərdən aldığı dərsin nəticəsi deyildimi? Əlbəttə, həmin dərslərin nəticəsi idi, özü də ən uğurlu nəticəsi.

Biz 1988-ci ildən sonra ölkə rəhbərliyində olan adamların çoxsaylı anti-milli, anti-Azərbaycan əməllərinin şahidi olduq. Dünya mətbuatı yazırdı ki, Azərbaycanda bir-birinin ardınca üç dövlət başçısı (Əbdürrəhman Vəzirov, Ayaz Mütəllibov və Əbülfəz Elçibəy) vəzifə kürsüsünü boş qoyaraq gizlicə qaçıblar. Bu diletant adamların gülünc əməlləri özlərinin tərcümeyi-halları ilə yanaşı, Azərbaycan tarixinə də yazılıb. Hətta onların sonuncusu iki dəfə qaçmağa “müvəffəq olmuşdu”. Xalq üz qaramız olan bu əməllərdən kifayət qədər dərs alaraq öz qətiyyəti, dəyanəti, iradəsi, mətanəti, siyasi uzaqgörənliyi, müdrikliyi, idarəçilik təcrübəsi ilə nəinki Qafqazda və keçmiş SSRİ məkanında, eləcə də bütün dünyada böyük nüfuza malik olan Heydər Əliyevi siyasi hakimiyyətə dəvət etməklə öz dövlətinə və dövlətçiliyinə nicat yolu tapmış oldu. Özündən əvvəlki üç dövlət başçısı ilə müqayisə edilə bilməyəcək şəxsiyyət olan Heydər Əliyevin həyat amalı belə idi: “İnsan öz evini, övladlarını, ata-anasını, öz əmlakını qoruduğu kimi hər bir gənc, hər bir azərbaycanlı, Azərbaycanın hər bir vətəndaşı da eyni zamanda öz doğma Azərbaycan torpağını, Azərbaycan Respublikasını qorumalı, göz bəbəyi kimi saxlamalıdır”. Fərq göz qabağındadır. Əvvəlkilər imkan düşən kimi qaçmağa, Heydər Əliyev isə Vətəni göz bəbəyi kimi qorumağa çağırırdı.

Məhz Ulu öndərin həmin qətiyyətinin və xalqa, dövlətə, dövlətçiliyə sədaqətinin nəticəsidir ki, biz bərpa etdiyimiz dövlət müstəqilliyinin ikinci dəfə əldən getməsi təhlükəsindən xilas olduq. Məhz Heydər Əliyevin siyasi müdrikliyinin nəticəsidir ki, gənc müstəqil Azərbaycan qısa müddət ərzində regionda və bütün dünyada özünün dostlarını və tərəfdaşlarını çoxaltdı, cəbhədə atəşkəsə, ölkə daxilində siyasi sabitliyə, iqtisadiyyatın tənəzzüldən çıxarılmasına nail oldu.

Ümummilli lider çox yaxşı bilirdi ki, müstəqilliyi qorumaq, iqtisadiyyatı dirçəltmək, xalqın rifahının yaxşılaşdırılmasına nail olmaq üçün, ilk növbədə ölkənin təbii sərvətlərindən, eləcə də respublikamızın geosiyasi mövqeyindən bəhrələnmək lazımdır. Ancaq bu zaman biz milli maraqlarımızı və dövlətimizin mənafelərini hər şeydən üstün tutmalı idik. Çünki həmin illərdə Azərbaycan çox böyük sınaqlar qarşısında idi. Siyasət dahisi olan Heydər Əliyevin fenomenal uzaqgörənliyi Azərbaycanı həmin sınaqların hamısından üzüağ çıxartdı. Xəzərin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatlarının müştərək işlənməsi üçün dünyanın aparıcı neft şirkətlərinin yaratdığı konsorsiumla Azərbaycan Dövlət Neft Şirkəti arasında imzalanan “Hasilatın pay bölgüsü” adlı saziş – sonradan avropalılar o sənədi “Əsrin müqaviləsi” adlandırdılar – sözün həqiqi mənasında Azərbaycanın dövlət müstəqilliyinin qorunmasının qarantına çevrildi. Doğrudur, tarixçilər bu fikirdədirlər ki, Azərbaycanın dövlət müstəqilliyinin qorunması üçün atılan ən böyük addım Heydər Əliyevin Naxçıvandan Bakıya dəvət edilməsi idi. Ancaq Ulu öndərin özü dönə-dönə qeyd etmişdi ki, biz “Əsrin müqaviləsi”nə nail olmaqla təkcə böyük məbləğdə iqtisadi imkan əldə etmədik, həm də gənc, müstəqil dövlətimiz üçün çox böyük siyasi dayaq qazandıq ki, bu da bizim suverenliyimizin, müstəqilliyimizin əbədiləşdiril­mə­sinin təməli oldu. Yeri gəlmişkən, Ulu öndər “Əsrin müqaviləsi” haqqında danışarkən qeyd etməyi vacib sayırdı ki, bu sazişin hazırlanmasında, ümumiyyətlə - ölkənin yeni neft strategiyasının işlənib ərsəyə gətirilməsində onun ən yaxın silahdaşı həmin illərdə Dövlət Neft Şirkətinin xarici əlaqələr üzrə vitse-prezidenti işləyən İlham Əliyev olmuşdur.

“Heç bir ölkə, ən böyük ölkə də öz çərçivəsində iqtisadiy­yatını lazımi səviyyədə inkişaf etdirə bilməz” – deyən Heydər Əliyev ölkə daxilində başladığı hərtərəfli islahatlarla yanaşı, dövlətimizin beynəlxalq aləmə inteqrasiyasını da sürətləndirirdi. Elə bir beynəlxalq təşkilat ola bilməzdi ki, Azərbaycan onun işində iştirak etməsin. Elə bir beynəlxalq əhəmiyyətli konvensiya yoxdur ki, Azərbaycan bilavasitə Heydər Əliyevin təşəbbüsü ilə ona qoşulmasın. Bütün bunlar, ilk növbədə ölkəmizin dövlət müstəqilliyinin əbədiləşdirilməsi üçün zəruri idisə, ikinci növbədə məhz Kremlin milli ayrı-seçkilik siyasətindən bizə miras qalmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişə­sinin ölkəmizin ərazi bütövlüyünün bərpası çərçivəsin­də həllinə nail olmaq üçün vacib idi. Bütün bunları ən incə məqamlarına qədər dərindən təhlil edən Ulu öndər ölkə daxilində apardığı çoxsaylı islahatlar nəticəsində Azərbaycanın Avropa Şurasının tamhüquqlu üzvlüyünə qəbul edilməsinə nail oldu.

Heydər Əliyevin ölkə daxilində apardığı islahatların mahiyyəti nədən ibarət idi? O, böyük ustalıqla siyasi, hüquqi və iqtisadi islahatların paralel şəkildə aparılmasını təmin etdi: ölkədə əsas insan hüquq və azadlıqlarının qorunması Konstitusiya ilə təsbit edildi. Əsas qanunumuzun 50-dən çox maddəsi bilavasitə bu məsələyə aiddir. Seçki Məcəlləsi Avropa strukturlarını təmsil edən ekspertlər tərəfindən işlənib hazırlandı, mətbuat üzərindən senzura götürüldü, insanların sərbəst toplaşması təmin edildi, söz, fikir azadlığı, plüralizm hətta bir çox Avropa ölkələrində mövcud olan səviyyədən də yüksək şəkildə bərqərar edildi, ölüm hökmünün icrası dayandırıldı və sonra bu qəbildən olan məhkəmə hökmünün çıxarılması tamamilə ləğv edildi. Ən başlıcası, Azərbaycan beynəlxalq aləm üçün açıq ölkə elan edildi. Bütün bu siyasi məzmunlu islahatlarla yanaşı, ölkədə geniş miqyaslı iqtisadi islahatlara da start verildi. Torpaq öz sahibinə - kəndliyə qaytarıldı, insanlara istədikləri şəkildə sahibkarlıqla məşğul olmaq imkanı verildi, dövlət əmlakı böyük ədalət prinsipləri və qanunvericilik əsasında özəlləşdirildi, özəl bölmənin inkişafını təmin etmək üçün məxsusi qanunlar qəbul edildi və müvafiq qurumlar yaradıldı.

Təbii ki, bütün bunların inkişaf etmiş ölkələrin təcrübəsi əsasında, ölkə əhalisinin maraqlarına uyğun, milli-mənəvi dəyərlərimizə zidd olmayan şəkildə reallaşdırılması üçün müvafiq qanunvericilik bazası, hüquqi əsaslar olmalı idi. Ona görə də Ulu öndər ölkədə siyasi və iqtisadi istiqamətli islahatlarla yanaşı, hüquq islahatlarının aparılmasına da start verdi və həmin islahatlar ildən-ilə dərinləşdirildi. Məhz bu proseslərin nəticəsi olaraq yeni əsrin ilk ilinin ilk ayında – 2001-ci ilin yanvarında Azərbaycan Avropa Şurasının tamhüquqlu üzvlüyünə qəbul edildi. Bu, bizim üçün böyük fəxr və iftixar idi ki, Avropanın paytaxtı kimi qəbul edilən Strasburqda - Avropa Şurasının mənzil-qərargahının önündə Azərbaycan bayrağını məhz 50 milyonluq Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev qaldırdı. Həmin məqam yada düşərkən istənilən azərbaycanlı Ulu öndər Heydər Əliyevin oradakı qətiyyətli və mərdanə çıxışını xatırlayır: “Biz Avropa ailəsinə öz töhfəmizi verməyə hazırıq... Avropa Şurası Azərbaycana nə qədər lazımdırsa, Azərbaycan da Avropa Şurasına bir o qədər lazımdır”.

Biz aşağıda Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin müstəqil Azərbaycana beynəlxalq aləmdə yeni nüfuz qazandırması barədə söz açacağıq. Ancaq indi söhbətin bilavasitə Avropa Şurası ilə bağlı getdiyini nəzərə alaraq, qeyd etmək istəyirik ki, Azərbaycan Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasındakı ilk daimi nümayəndə heyətinin rəhbəri, deputat İlham Əliyevin prinsipiallığı, təşəbbüskarlığı, Avropa dəyərlərinə dərindən bələd olması və bir neçə Avropa dilində sərbəst olaraq debatlara çıxmaq məharəti nəticəsində AŞPA Ermənistanı işğalçı dövlət kimi tanıyan ilk rəsmi sənəd qəbul etmişdi. Eyni zamanda, Heydər Əliyevin bütün xarici səfərlərdə xüsusi önəm verdiyi Azərbaycan diasporunun təşkilatlanması məsələsinin davamı olaraq deputat İlham Əliyev AŞPA-dakı fəaliyyəti dövründə Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyət göstərməsinin təməlini qoymuşdu.

Beləliklə, Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanıl­ması missiyasının icrasını, suverenliyin əbədiləş­diril­məsi üçün ilk və uğurlu addımların atılmasını Ulu öndər Heydər Əliyev təmin etdi. Ölkəmizə beynəlxalq aləmdə yeni nüfuz qazandırmaq, müstəqil Azərbaycanı inkişaf etmiş ölkələr sırasına çıxarmaq, rəsmi Bakının bütün beynəlxalq təşkilatlarda söz sahibinə çevrilməsini təmin etmək, Azərbaycana “Qafqazın lider ölkəsi” imicini qazandırmaq kimi bir çox missiyaları məhz Ulu öndərin siyasi kursunun davamçısı İlham Əliyev yerinə yetirdi. Son yeddi ildə Azərbaycan adambaşına düşən Ümumi Daxili Məhsul istehsalının artımına, iqtisadi artım tempinə, əlverişli biznes mühiti yaradılmasına, xarici sərmayələrin qorunması üçün mövcud olan hüquqi bazanın təminatına və bir çox başqa məsələlərə görə bütün dünyada qabaqcıl ölkələrdən birinə çevrilib. Məhz İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə Azərbaycanda 900 mindən artıq yeni iş yeri yaradılıb, əhalinin yoxsulluq səviyyəsi 49 faizdən 9 faizə qədər azaldılıb (bəzi Avropa ölkələrində bu göstərici hələ də 30 faizdən çoxdur), iki mindən çox yeni məktəb binası, onlarla səhiyyə, mədəniyyət ocağı, Olimpiya İdman Kompleksi, paytaxt başda olmaqla ölkənin bütün regionlarında çoxsaylı körpü və yol qovşağı tikilib, kosmosa ilk Azərbaycan rabitə peykinin çıxarılması üçün hazırlıq işləri başa çatdırılıb.

Bütün bunlar Azərbaycan həqiqətləridir. Ancaq ən böyük həqiqət odur ki, bu gün Azərbaycanı Heydər Əliyev siyasəti, Heydər Əliyev siyasi kursunun davamçısı olan Prezidentimiz və Ulu öndərin Naxçıvanda – bütöv Azərbaycanın və Muxtar Respublikanın ağır günlərində ərsəyə gətirdiyi Yeni Azərbaycan Partiyası inkişaf etdirir, irəli aparır. Platon yazırdı ki, kiminsə üstünü örtə, insanlardan gizlədə bilməyəcəyi iki məfhum vardır – Günəş və Həqiqət. Heç kəsin dana bilməyəcəyi, heç kəsin inkar edə bilməyəcəyi digər həqiqət isə ondan ibarətdir ki, Ulu öndərin nəinki siyasi irsini, siyasi kursunu davam etdirən Prezident, hətta onun adını daşıyan Heydər Əliyev Fondu da Azərbaycanın inkişafına və tərəqqisinə möhtəşəm töhfələr verir. Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən istənilən layihə ölkəmizdə və beynəlxalq aləmdə möhtəşəm dəstək qazanır. Xüsusən, “Yeniləşən Azərbaycana yeni məktəb binası” layihəsi Azərbaycanın daha aydın sabahının təmin edilməsi üçün çox mükəmməl bir addımdır.

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyi qarşısında qələmə aldığımız bu yazıda son olaraq iki məsələni də qısa şəkildə yada salmaq istəyirəm. Birincisi, fəaliyyət göstərdiyim sahə - təhsil sistemi barədədir. Belə ki, son 17 ildə Azərbaycan təhsili özündən əvvəlki 50-60 ildəkindən çox inkişaf edib. Son 7 ildə isə milli təhsilimizin inkişafına xidmət edəcək 17 Dövlət Proqramı təsdiq olunub və icra edilir. Bu gün Azərbaycanda dövlət büdcəsindən ən çox vəsait ayrılan birinci sahə ordu quruculuğu­dursa, ikinci sahə təhsil sistemidir.

Haqqında yığcam söz açmaq istədiyim digər məsələ isə, ölkəmizdə istənilən inkişaf etmiş ölkədə olduğundan da yüksək səviyyədə təmin edilmiş gender siyasətidir. Bu gün Azərbaycanda cəmiyyət həyatının elə bir sahəsi yoxdur ki, orada çalışan qadınların sayı ildən-ilə deyil, aydan-aya artmasın. Bizim çalışdığımız təhsil sistemində də belədir, regionun ən böyük siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasında da. Biz məmnunuq ki, Azərbaycan öz dövlət müstəqilliyinin bərpasının 20 illiyinə çox böyük siyasi, iqtisadi, elmi və mədəni uğurları ilə gedir. Onu da fəxrlə qeyd edirik ki, ölkəmizin əldə etdiyi çoxsaylı uğurlarda Şərqin ən mübariz qadınları olan Azərbaycan xanımlarının xidməti də böyükdür, danılmazdır. Biz ölkəmizin bu günündən əmin, sabahından isə arxayınıq. Çünki böyük maarifçi, mütəfəkkir Abbasqulu Ağa Bakıxanovun dediyi kimi, doğruluğa adət etmiş adamlar həmişə təşviş və qorxudan uzaq, əmin və arxayın olurlar.

Xalq” qəzeti, 20 mart 2011-ci il.



Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin