İSTİQLALA QOVUŞAN XALQ XOŞBƏXTDİR
Milli azadlığa nail olmaq üçün milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır.
Heydər Əliyev (1923-2003)
Azərbaycan xalqının Ümummilli lideri
Hürriyyət və azadlıq mənim xarakterimdir.
Atatürk (1881-1938)
Türkiyə Cümhuriyyətinin qurucusu
Ən bahalı nemət azadlıqdır. Başqa nemətlər onunla müqayisədə su qiymətinədir.
Epiktet (50-138) Qədim yunan filosofu
Müstəqilliyinə çatan, istiqlalına qovuşan hər bir xalq xoşbəxtdir. Bu cəhətdən mən öz xalqımı da xoşbəxtlər sırasında görürəm.
80 ilə yaxın bir zaman kəsiyində Azərbaycan iki dəfə öz müstəqilliyinə qovuşmaq imkanı əldə etmişdir. Cəmi iyirmi üç ay yaşayan, qısa vaxt ərzində böyük işlər görən Azərbaycan Demokratik Cümhuriyyəti azman şəxsiyyətlərin, xalqını, millətini düşünən ləyaqətli oğulların fəhmi, təpəri ilə ərsəyə gəlmişdi. Çirkin əllər, bədxah qüvvələr bu müstəqil dövləti elə beşiyindəcə boğaraq Azərbaycanımızı rus imperiyası əsarətinə tabe etdirdilər. Demokratik Cümhuriyyət müstəqilliyin əvəzedilməzliyini millətimizə anlatdı. İstiqlalın şirinliyini dadan xalq öz müstəqilliyinə yenidən qovuşmalıydı. Amma istiqlal mücadiləsinə aparan yollar heç də hamar deyildi, enişli-yoxuşlu bu çətin yollar azadlıq uğrunda mübarizələrdən, əzablardan keçirdi. Qanlı 20 Yanvarda azadlıq təşnəli oğullarımız sinələrini imperiya tanklarının güllələrinə sipər edəndə də Azərbaycanın istiqlalını, torpaqlarımızın bütövlüyünü düşünürdülər.
Aradan uzun illər ötəndən sonra xalqımızın yenidən öz müstəqilliyini bərpa etməsi, doğrudan da, böyük hadisədir.
Bu günlər Azərbaycan xalqı - onun azadlıq arzulu, müstəqillik amallı insanları, uğrunda əsrlərlə mübarizə apardığımız, qanlar tökdüyümüz, ötən əsrin bizə ən dəyərli töhfəsi olan anamız Azərbaycanın müstəqilliyinin 15-ci ildönümünü hədsiz fəxarət duyğusu ilə qeyd edəcəkdir.
Azərbaycan tarixinin səhifələrinə əbədilik həkk olunmuş bu 15 il gözlərimizin önündə baş verən ziddiyyətlərin, təbəddülatların caynağından min bir məhrumiyyət və işgəncələr bahasına xilas olaraq bu günümüzə gəlib qovuşmuşdur.
Heç kimə sirr deyildir ki, istər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə müstəqilliyimizin ilk illərində dövlətimiz ona rəhbərlik edənlərin səriştəsiz siyasəti nəticəsində süquta uğramaq təhlükəsi qarşısında aciz qalanda, Azərbaycan dövlətçiliyi böhran və məhv olma təhlükəsi ilə üzləşəndə, ölkə vətəndaş müharibəsi həddinə çatanda, onu bu bəlalardan məhz xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan unudulmaz Ümummilli liderimiz Heydər Əliyev xilas etdi. Məhz onun ibrətamiz və heyrətamiz siyasəti, müdrik addımları nəticəsində Azərbaycanda hakimiyyət böhranı aradan götürüldü, baş qaldırmış separatçı qüvvələr, Azərbaycan dövlətçiliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə qəsdlər törədən cinayətkar ünsürlər zərərsizləşdirildi, dövlətlə xalqın yekdilliyi təmin edildi.
Prezidentimizin imzaladığı “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin 10-cu ildönümü haqqında” Fərmanda çox haqlı olaraq deyilir: “Tarix dəfələrlə sübut etmişdir ki, xalqın əvəzsiz milli sərvəti olan müstəqilliyimizin qorunması onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir”.
Məhz Heydər Əliyevin zəkası və iradəsi, çevik rəhbərliyi altında nəinki müstəqilliyimizi qoruyub saxlaya, dövlətçiliyimizi inkişaf etdirə bilmişik, həm də müstəqil Azərbaycanımız dünya birliyinə inteqrasiya olunmuşdur. Ölkəmiz ən nüfuzlu beynəlxalq təşkilatların üzvlüyünə qəbul edilmiş, dövlətimizi inkişafa, tərəqqiyə aparan islahatların həyata keçirilməsi prosesinə başlanılmış, cəmiyyətimizdə sabitlik yaranmış, demokratik dəyərlər təşəkkül tapmış, qanunlara hörmət hər kəs üçün həyat normasına çevrilmiş, milli-mənəvi dəyərlərimiz qorunub saxlanmışdır. Milli təhsilimiz, mədəniyyətimiz inkişaf edərək dünya standartları səviyyəsinə çatmaqdadır.
Bu gün tam qətiyyətlə demək olar ki, əgər Azərbaycanda 1970-ci illər intibahı olmasaydı, 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində milli-azadlıq mücadiləsinin ölkəni bürümüş vüsəti də mümkün olmazdı. Əgər bu gün Heydər Əliyevin sərkərdəlik etdiyi YAP olmasaydı, nə dövlət müstəqilliyi, nə də ölkədəki quruculuq fəaliyyəti belə vüsət ala bilməzdi.
Yadımdadır, 1980-ci illərin sonlarında qocalı-cavanlı hamımız ülvi azadlıq amalı ilə mitinq və meydanlara axışardıq. Artıq 15 ildir ki, müstəqillik arzumuz reallaşıb, 18 oktyabr 1991-ci ildə Azərbaycan Respublikası siyasi müstəqillik əldə edib. İndi biz suveren dövlətin vətəndaşlarıyıq.
Ötən dövrdə həyat xeyli dəyişib. Demokratiyaya sahib olandan sonra çoxları başqalaşıb. Düzdür, aramızda ağa qara deyənlər, inkişafa göz yumanlar, dəyişiklikləri görməyənlər, hər şeyə ağız büzənlər də var. Məncə, bunlar dövrün tələblərinə görə dəyişmək lazım gəldiyini dərk etməyən laqeydlər və bir də bunu dərk edib dəyişilə bilməyən mühafizəkar insanlardır. Heç şübhəsiz, zaman tədricən onları öz axarına alıb gec-tez yetişdirəcəkdir. Lakin ümumi inkişaf və irəliləyişi görüb bunları inkar edən nihilistlər, cəmiyyətə həmişə qara eynəklə baxan bədxahlar ötən 15 illik müstəqillik dövründə həyatın hər bir sahəsində əldə etdiyimiz nailiyyətləri görmür, ya da bunları qəsdən görmək istəmirlərsə, deməli onlar həyatın ziddiyyətlərlə irəlilədiyini anlamır və ya başa düşmürlər. Halbuki, bu gün bütün sahələrdə təkmilləşmə və təkamül göz qabağındadır. Beynəlxalq standartlara uyğun islahatlar aparılır, humanist və demokratik meyllər artır.
Bu gün müstəqil dövlətin vətəndaşlarında müstəqillik və azadlıq duyğusunu formalaşdırmaq, “mənim dövlətim” anlayışının ülviyyətini onlara həyatda göstərmək üçün “Konstitusiyanı öyrənmək, Konstitusiyanı dərk etmək lazımdır” (Heydər Əliyev). Bu gün hər birimizin əsas vəzifəsi Azərbaycanın müstəqilliyini qoruyub saxlamaqdır. Təəssüf ki, bunu hamı dərk etmir, müstəqilliyin nə demək olduğunu anlamır, hətta bəziləri bugünkü bəzi problem və çətinliklərin səbəbini müstəqillikdə görür.
Müstəqillik duyğusunu formalaşdırmaq və azadlıq enerjisini hərəkətə gətirmək işində təhsilin həqiqi yeri ön cərgələrdədir. Vətəndaşların, xüsusən gənclərin müstəqillik zövqünün və müstəqillik ovqatının qərarlaşdırılması işinə başlarkən çoxminli təhsil kadrları ilk öncə öz-özlərindən başlamalıdırlar. Təhsil özünün bütün pillələrində - ali, orta ixtisas və aşağı pillələrində, yəni müstəqilliyin müqəddəratının həll edildiyi yerlərdə müstəqillik enerjisini hərəkətə gətirməlidir. Məncə təhsil kadrları, ümumən, təhsilin keyfiyyət və səviyyəsinin qiymətləndirilməsində bizim üçün bir meyar olmalıdırlar - müstəqilliyə real kömək etməyi, müstəqilliyi daim diqqət mərkəzində saxlamağı, müstəqillik yolunda hər bir gəncin, hər bir vətəndaşın vəzifəsini onlara göstərməyi öyrənmək lazımdır. Unutmaq olmaz ki, gələcəyimizi və tariximizi hədəfə alan muzdlu böhtançılar üçün gənclərimiz bir vasitədir.
Müstəqilliyimizin bizim hər birimizdən asılı olan cəhətlərini görmək və başa düşmək kütləvi şüur üçün, xüsusən yeniyetmə və gənclər üçün xeyli çətindir. Düzdür, keçən 15 ildə müstəqilliyin ilk nəticələri cəmiyyətin siyasi iqlimində daha çox hiss olunur. İndi artıq rəylərin mübarizəsində, bəzən qızğın çarpışmalarda və mübahisələrdə addım-addım yeni təfəkkür tərzi yaranır, insanların ictimai-siyasi əhval-ruhiyyəsi inamla yenilənir. O cümlədən, mənəvi-əxlaqi əhval-ruhiyyəmiz də dəyişir, lakin bu sahədə əyintilər və sapmalar, milli kökdən uzaqlaşma halları təəssüf ki, yenə də hiss olunur.
Biz keçid əxlaqı deyilən bir dövr yaşayırıq. Hazırda Azərbaycan açıq tipli cəmiyyətdir. Hər gün ölkəmizə müxtəlif “yönümlü” minlərlə əcnəbi gəlir. Təbii ki, onların hamısı dost və ya düşmən deyil. Amma hər biri özü ilə Vətənimizə öz ab-havasını, öz zövq və xarakterini, düşüncə və davranışını gətirir. Əlbəttə, zəif iradəli, səbatsız insanlar, xüsusilə gənclər “yeniliklərin” cazibəsinə tez düşür, hər bir parıltı onları özünə cəlb edir. Lakin hər parıldayan qızıl deyil. Müstəqillik duyğusu və milli təəssübkeşlik hissləri hələ lazımınca formalaşmamış gənclər bütün bu “yeniliklərdən” bizim üçün nəyin faydalı, nəyin zərərli olduğunu dərk etmirlər. Bəzən gənclər, xüsusən milli mənlik şüuru formalaşmamış qızlar və oğlanlar mənfi təsirlərə daha tez uyur və meşşanlaşırlar. Daha doğrusu, şəxsiyyət və xarakteri hələ kamilləşməmiş fərd öz təsəvvüründə guya “avropalaşır”, “dünyəviləşir”, lakin milli kökə möhkəm bağlılıq olmadan beynəlxalq standartlara yiyələnmək çox çətindir. Bu meyl çoxlarını yarımçıq adama çevirir. Müstəqillik arzusu isə elə uca möhtəşəm zirvədir ki, onu yarımçıq insanlarla heç vaxt fəth etmək olmaz. Fikrən, ruhən və qəlbən bütövləşmək, formalaşmaq və kamilləşmək lazımdır.
Bir də unutmaq olmaz ki, artıq XXI əsrdir. Köhnə xudbin vərdişlər daha yaramır. Hər şey, o cümlədən insan da dünyəviləşir və qlobal mahiyyət kəsb edir. Zamanın sürət qatarı daim irəli şütüyür. Geri baxmağa lüzum yoxdur. Hər şey qabaqdadır. Yalnız irəli və inkişafa can atanlar müstəqilliyimizin dönməzliyini təmin edə bilərlər.
Dostları ilə paylaş: |