Milli-mənəvi dəyərlərə yüksək sadiqlik nümunəsi
Böyük strateq Heydər Əliyev müstəqil dövlət quruculuğu prosesinin zəruri tərkib hissələrindən biri kimi hələ 70-80-ci illərdə respublikada formalaşdırdığı zəngin elmi-intellektual potensiala istinad edərək özünün mükəmməl elm və təhsil konsepsiyasını irəli sürdü, milli tərəqqi baxımından strateji əhəmiyyət daşıyan bu sahələrin problemlərini diqqət mərkəzində saxladı. Heydər Əliyevin mənəvi və intellektual yüksəlişə xidmət edən siyasəti əslində Yeni Azərbaycan Partiyasının da proqramında dolğun əksini tapmışdır: "Yeni Azərbaycan Partiyası özünün mənəvi inkişaf sahəsindəki başlıca vəzifəsini milli dövlətçilik təfəkkürünə, zəngin, mənəvi, elmi-intellektual potensiala malik olan, zəhmətsevər, humanist, vətənpərvər və ictimai cəhətdən fəal Azərbaycan vətəndaşı tərbiyə etməkdə görür. Partiya bu vəzifələri həyata keçirmək üçün sosial mədəni həyatın əsas sahələrini elmin, təhsilin və mədəniyyətin inkişafını, gənc nəslin tərbiyəsini ümumxalq və ümumdövlət işi səviyyəsinə qaldırmağı və bu istiqamətdə səmərəli dövlət siyasətinin həyata keçirilməsini zəruri hesab edir".
Ümummilli liderin milli mədəniyyətə, incəsənətə, ədəbiyyata, ana dili məsələlərinə xüsusi qayğı ilə yanaşması həm də mənəvi irsə qayğı siyasətinin mahiyyətindən irəli gəlirdi. Sovet Azərbaycanına rəhbərliyi dövründə formalaşdırdığı mütərəqqi ənənəni davam etdirən Heydər Əliyev görkəmli şair və yazıçıların, elm, təhsil, incəsənət xadimlərinin yubileylərinin keçirilməsinə, ev-muzeylərinin yaradılmasına xüsusi diqqətlə yanaşırdı. Bu, eyni zamanda, YAP-ın hazırda da qüvvədə olan proqramından irəli gələn qayğıkeş addımlar idi. Həmin proqrama görə, partiya insanları yaşamağa, işləməyə ruhlandıran, onların mühüm ilham mənbəyi olan ədəbiyyat və incəsənətin rolunun yüksəldilməsini, bu sahəyə dövlət qayğısının artırılmasını zəruri hesab edir. Partiya hesab edir ki, ədəbiyyat və incəsənət insanların bəşəri duyğularını və fikirlərini ifadə edir, onların zənginləşməsində, mənəvi tərbiyəsində mühüm rol oynayır. Partiya ədəbiyyat və incəsənətin inkişafına daim elə bir diqqət və qayğı ilə yanaşmağı tələb edir ki, o, xalqın həyatı ilə əlaqəni kəsməsin, gerçəkliyi düzgün və yüksək bədiiliklə əks etdirə bilsin. Yeni, qabaqcıl təcrübələr və tərəqqi ilhamla qələmə alınsın, cəmiyyətin irəliləyişinə mane olan nə varsa, hamısı hiddətlə ifşa olunsun. Yeni Azərbaycan Partiyası cəmiyyətin sağlamlaşmasına, insanların mənəvi təmizliyinə, islam dininin əsrlərin sınağından çıxmış mütərəqqi dəyərlərinin qorunmasına və yaşamasına da böyük önəm verir. Partiya ictimai davranışa, milli əxlaqa, adət-ənənələrə, mentalitetə zidd olan hallara qarşı ciddi barışmaz mübarizə aparır.
Xüsusi xatırlatmaq istərdim ki, ümummilli lider Heydər Əliyev cəmiyyətdə mənəviyyatın təntənəsi naminə gəncləri təhsilli, elmli və zəkalı görmək istəyir, bu məqsədlə bütün imkanları yaradırdı. Ulu öndərin Azərbaycan müəllimlərinin XI qurultayında məktəb tikintisi, təmiri və təchizatına yardım göstərilməsi ilə bağlı çağırışı cəmiyyətdə böyük əks-səda, canlanma yaratmışdı. Məhz həmin müraciətdən sonra ölkədəki xarici təşkilatlar və səfirliklər məktəb tikintisinə yardım etməyə başladılar. Ümummilli liderin qayğısı nəticəsində təhsil sistemində yenilik və novatorluq dövrü başlandı, bu sahəyə ayrılan büdcə vəsaitləri ildən-ilə artırıldı.
YAP-ın sosialyönümlü siyasətinə yüksək sadiqlik nümayiş etdirən Heydər Əliyev Azərbaycan müəlliminin qayğılarını da diqqət mərkəzində saxlayırdı. Ulu öndər müəllimlərin uca və müqəddəs peşə sahibləri olduqlarını söyləyir, cəmiyyəti onlara qarşı sayğılı olmağa çağırırdı. Eyni zamanda Azərbaycan müəllimini müqəddəs peşəsinə sadiq olmağa, bu peşənin ucalığını qorumağa səsləyirdi. Ümummilli liderin təhsilə böyük diqqət və qayğısının nəticəsidir ki, bu gün ölkəmizdə vətənpərvər dünyagörüşlü və yüksək təhsilli gənclərimizin sayı xeyli artıb. Şübhəsiz, həmin gənclər Heydər Əliyevin şah əsəri olan müstəqil, sabit, qüdrətli Azərbaycanın gələcəyidirlər.
Ulu öndər Heydər Əliyev mənəvi tərbiyə məsələsini də Azərbaycan gəncliyi qarşısında dayanan mühüm prioritetlərdən hesab edirdi: "Gənclərimizin qarşısında duran ən əsas məsələlərdən biri mənəvi tərbiyə məsələsidir. Bilirsiniz, indi maddi çətinlik, maddi ehtiyaclar, şübhəsiz ki, cəmiyyətdə cürbəcür mənfi halların meydana gəlməsinə gətirib çıxarır. Ancaq gənclərimiz də bilməlidir, vətəndaşlarımız da bilməlidir ki, bu dövrün müvəqqəti çətinliklərinə dözmək lazımdır, mənəvi tərbiyəni daim aparmaq lazımdır və gənclərimizi yüksək mənəviyyat ruhunda tərbiyələndirmək lazımdır. Ümumbəşəri dəyərlər, Azərbaycan xalqının milli-mənəvi dəyərləri hər bir gənc tərəfindən mənimsənilməlidir. Mənəviyyat olmayan yerdə heç bir şey ola bilməz. Nə qədər var-dövlət olsa da, nə qədər pul olsa da, nə qədər zənginlik olsa da, mənəviyyat olmayan yerdə heç bir şey ola bilməz. Xalqımızın tarixinin əsasını təşkil edən bütün mərhələlərdə, keçmiş əsrlərdə yüksək mənəviyyat olmuşdur".
Dostları ilə paylaş: |