Davamlı inkişafa təminat yaradan ideologiya
Antik yunan filosofu Demokrit zamanında yazırdı ki, siyasət insanları inandırmaq, müəyyən məqsədlər naminə səfərbər etmək, onların şüuruna təsir göstərmək vasitəsidir. Siyasi liderin və onun rəhbərlik etdiyi partiyanın etimad qazanmaq üçün seçdiyi vasitə nə qədər dürüst və saf olarsa, xalqın onlara ictimai inamı da bir o qədər güclü olar. Bu mənada YAP-ın siyasi partiyalar tarixində nadir hadisə sayılan qısa zaman kəsiyində - 7 ay sonra Azərbaycanda hakimiyyətə gəlişi Heydər Əliyev şəxsiyyətinə olan yüksək ictimai inamın, etimadın təzahürü idi. 1993-cü ilin iyununda, kifayət qədər mürəkkəb bir mərhələdə xalqın səsinə səs verən, məsuliyyəti üzərinə götürməkdən çəkinməyən lider yenə də Heydər Əliyev oldu. Ulu öndər Azərbaycan rəhbərliyinə sanki yeni ruh, nəfəs kimi qayıtdı, dövləti parçalanmaqdan, xalqı vətəndaş müharibəsindən qurtardı, ictimai-siyasi sabitliyi, qanunçuluğu bərpa etdi.
Ötən 20 ildə böyük uğurlara imza atmış YAP ideyalarının xalqa daha cəlbedici və yaxın olması ilə ölkənin siyasi taleyində mühüm rol oynamaq qüdrətini tam təsdiqlədi. Ulu öndərin yeritdiyi siyasət hər bir fərdin maraq və mənafeyini özündə ehtiva etdiyindən, qısa zamanda cəmiyyətin ən müxtəlif zümrələrinin, xüsusən də həssas təbəqə olan gənclərin və qadınların YAP-a sürətli axını başladı, onların ictimai-siyasi həyatda fəallığı əhəmiyyətli dərəcədə artdı. 1995-ci ildə YAP Qadınlar Şurasının yaradılması bizim milli mentalitetimizə uyğun bir hadisə - qədim ənənəvi dəyərlərdən cəmiyyətimizi saflaşdırmaq və möhkəmləndirmək üçün istifadə etmək təşəbbüsü oldu.
YAP-ın iqtisadi plaftormasına uyğun olaraq 90-cı illərin ortalarından başlayaraq yeni dövrün tələbinə uyğun islahatların həyata keçirilməsinə başlanıldı. Ölkədə azad bazar iqtisadiyyatı prinsipləri sürətlə bərqərar oldu. Ölkəmizin yerli xüsusiyyətlərini, təbii sərvətlərini, coğrafi şəraitini nəzərə alan Heydər Əliyev Azərbaycanın milli iqtisadi inkişaf strategiyasını irəli sürdü. Yeni neft strategiyasını uğurla gerçəkləşdirdi, "Əsrin müqaviləsi"nin imzalanmasına nail oldu. Azərbaycana xarici investisiyaların cəlb edilməsi üçün geniş təşviqat apardı. Neft-qaz sənayesinin modern texnologiya ilə yenidən qurulmasını təmin etdi. Özəlləşdirmə prosesini uğurla başa çatdırdı, torpağı əsl sahibinə - kəndliyə qaytardı. İş adamlarının fəaliyyəti üçün geniş imkanlar açdı. Müasirləşməyə xidmət edən siyasətin digər sahələrdə də uğurla davam etdirilməsi 1997-ci ildən pozitiv nəticələrə yol açmağa başladı.
Heydər Əliyev siyasi kursu Azərbaycanı davamlı iqtisadi inkişaf yoluna çıxarmaqla yanaşı, cəmiyyətin bütövlüyünü, həmrəyliyini təmin etdi. Ulu öndər özünün milli birlik və həmrəylik konsepsiyasını partiyanın proqramında dolğun şəkildə ifadə etmişdi. YAP-ın indi də qüvvədə olan həmin proqramında göstərilir ki, "partiya insanlardan fəal vətəndaş mövqeyi tutmağı, müstəqil və sərbəst düşünməyi, milli mənəvi dəyərlərin, adət-ənənələrin qorunması və ümumbəşəri dəyərlərlə daha da zənginləşdirilməsi məqsədi ilə yaradılan ictimai təşkilatların, hərəkatların və birliklərin işində yaxından iştirak etməyi vacib hesab edir... Yeni Azərbaycan Partiyası əsas mövqelər üzrə razılıq əldə olunan bütün ictimai təşkilatlarla və partiyalarla fəal əməkdaşlıq etməyi özünün əsas prinsiplərindən biri hesab edir. Partiyanın bu yönümdə əsas şüarı - müxalifət naminə müxalifət olmamaqdır və hansı sahədə fəaliyyət göstərməsindən asılı olmayaraq, xalqa, dövlətə xidmət göstərməkdir".
Məhz bu platforma ötən əsrin 90-cı illərinin əvvəllərində qütblərə bölünmüş cəmiyyətin monolitliyini təmin etdi. YAP-ın platformasında xüsusi yer almış azərbaycançılıq ideologiyasının tarixən formalaşmış komponentlərini sistem halına salan ulu öndər onu milli ideologiya şəklində cəmiyyətə təqdim etdi. Dövlətçilik, vətənçilik, türkçülük, müasirlik kimi dəyərləri özündə birləşdirən bu mükəmməl ideologiya xaricdə yaşayan soydaşlarımız üçün də istinad mənbəyinə çevrildi. Partiyanın proqramında vurğulandığı kimi, azərbaycançılıq ideologiyası geniş profilli, dövlət quruculuğunun bütün sahələrini əhatə edən konsepsiya, həmçinin milli intibahımızın ən dəqiq və doğru müəyyənləşdirilmiş konseptual istiqamətidir. Bir sözlə, YAP-ın ideoloji istinadgahı olan azərbaycançılıq ideologiyası artıq milli inkişafın praktik modeli kimi qəbul olunaraq, dövlətçilik nəzəriyyəsinin təkmil konsepsiyasına çevrilib. Müstəqilliyin ilk illərindən etibarən daim aktual olan "Yolumuz haradır və hansı potensialla irəliləyirik" sualına cavabı məhz bu konsepsiyanın müddəalarında tapmaq olur.
Dostları ilə paylaş: |