Yeni əsrin müasir ruhlu lideri
Ümummilli lider Heydər Əliyev bütün mənalı həyatı və şərəfli dövlətçilik fəaliyyəti müddətində yalnız Azərbaycanı düşündü, onun müasirləşməsinə, qüdrətlənməsinə, çiçəklənməsinə çalışdı. Dahi öndər Azərbaycanı daim inkişaf edən, müasir görmək istəyirdi. Elə bu məramla da xalqın gələcək taleyinə biganə qalmadı: müasirləşmə xəttini özündən sonra layiqincə davam etdirəcək müasir düşüncəli, yüksək idarəetmə və təşkilatçılıq qabiliyyətinə malik müasir ruhlu lider yetişdirdi. Əgər Heydər Əliyevin müasirləşmə siyasəti ötən əsrin 70-ci illərində Azərbaycanı keçmiş SSRİ-nin qabaqcıl ölkəsinə çevirdisə, eyni zamanda 90-cı illərdə xaos və tərəqqidən inkişafa doğru mükəmməl strategiyanı təmin etdisə, onun layiqli davamçısı cənab İlham Əliyevin yürütdüyü modernləşmə kursu respublikamızın milli inkişaf yolunu formalaşdırdı.
Möhtərəm Prezident İlham Əliyev ötən 9 ildə respublikanın inanılmaz uğurlarının əsas müəllifi kimi YAP-ın ümumxalq partiyası imicini daha da möhkəmləndirib. Azərbaycan Qərb dövlətlərinin onilliklər boyu adladığı inkişaf mərhələlərini qısa zamanda keçərək iqtisadi sahədə keçid dövrünü inamla başa vurub. İqtisadi islahatlarla yanaşı, ölkədə siyasi, hüquqi, mədəni islahatlar da uğurla davam etdirilir. Bütün bunlar isə partiyamızın cəmiyyətdəki mövqelərini, nüfuzunu daha da möhkəmləndirir. YAP-ın yaranmasının 20-ci ildönümü ilə bağlı "Buta" sarayında keçirilən tədbirdə cənab İlham Əliyev demişdir: "...Hər bir istiqamət üzrə möhkəm əsaslar qoyulmuşdur və biz bu gün bu əsaslar üzərində inkişaf edirik. Əlbəttə, Yeni Azərbaycan Partiyasının və onun üzvlərinin bu işlərdə çox böyük zəhməti, rolu olmuşdur. Mən çox şadam ki, partiyamız bu gün də inkişafdadır. Əlbəttə, mən çox sevinirəm ki, partiyamızın sıraları genişlənir. Eyni zamanda, gənc nəslin partiyamıza axını məni çox sevindirir. Yəni partiyamızın ideyaları, partiya üzvlərinin hərəkətləri, bizim ciddi siyasi məsələlərin həllində rolumuz, eyni zamanda, beynəlxalq nüfuzumuz, əlbəttə ki, cəmiyyətimizin üzvlərini partiyaya daxil olmaq üçün həvəsləndirir".
Dövlət başçısı İlham Əliyev cəmiyyətin iqtisadi inkişafı ilə yanaşı, onun mənəvi-intellektual yüksəlişinin də təminatçısıdır. Etiraf etməliyik ki, qloballaşma proseslərindən ən çox ziyan çəkən milli mədəniyyət və digər milli dəyərlərdir. Çünki bu proses vahid dünya təsərrüfatı və iqtisadi sistemin yaradılmasından başqa, mənəvi, mədəni, siyasi, ictimai həyatın digər sahələrini də əhatə edir. Bəzən Qərbin kosmopolit və universal "dəyərləri" ən mükəmməl, mütərəqqi sivilizasiya kimi, həm də cəlbedici şəkildə təbliğ edilir. Beləcə, milli mədəniyyətin, dilin, dinin, adət-ənənələrin sıxışdırılmasına və milli şüurun kosmopolitləşdirilməsinə cəhd göstərilir. Bu reallıqlardan çıxış edən ölkə başçısı milli-mənəvi dəyərləri qorumağın vacibliyini xüsusi önə çəkir.
Bu gün milli özünəməxsusluğu yabançı Qərb dəyərlərinin dağıdıcı təsirindən qorumaq istəyən Azərbaycan ilk növbədə cəmiyyətin təməli olan milli ailə institutunun tarixi ənənələr üzərində möhkəmlənməsinə çalışır. Ailəyə bağlılıq azərbaycanlılarda tarixi kökdən, ənənələrdən, milli dəyərlərdən rişələnir. Azərbaycan Prezidenti İlham Əliyev ailə dəyərlərinə qəlbən bağlı lider kimi Azərbaycanda bu institutun möhkəmlənməsinə, problemlərinin həllinə çalışır. Dövlət başçısı hələ Nazirlər Kabinetinin 2009-cu ilin 1-ci rübünün yekunlarına həsr olunmuş iclasında demişdir: "Ailə və uşaq problemləri çox böyük əhəmiyyət daşıyır. Ailə dəyərləri xalqımız üçün həmişə çox doğma olub, çox əziz olub və deyə bilərəm ki, ailə dəyərləri əslində bizim milli dəyərlərimizdir. Azərbaycan dünya birliyinə inteqrasiya edir. Ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi üçün və milli dəyərlərin tam şəkildə bərqərar edilməsi üçün ailə dəyərləri daim yüksəklərdə olmalıdır".
Ailə dəyərlərinin mühafizəsi isə, ilk növbədə qadın adının uca tutulmasından, gender siyasətinin düzgün istiqamətləndirilməsindən asılıdır. Hakimiyyətdə olduğu 19 il müddətində YAP hər zaman qadınlara yüksək ehtiram, qayğı, nəvazişlə yanaşılmasının, habelə onların cəmiyyət həyatında layiqli iştirakının təmin edilməsinin qarantı kimi çıxış edib. Xatırlatmaq yerinə düşər ki, ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə ölkə rəhbərliyinə qayıdışından sonra Azərbaycan qadını layiq olduğu uca mövqeyə yüksəlib. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul olunmuş müstəqil Azərbaycanın ilk Konstitusiyasının 25-ci maddəsində kişi ilə qadının eyni hüquq və azadlıqlara malik olduğu birmənalı təsbit edilib. Əsas Qanunun qəbulundan sonra respublikamızda kişi və qadın bərabərliyinin təmini, gender balansının qorunması istiqamətində də mühüm addımlar atılıb. Ulu öndər Heydər Əliyevin 1998-ci il 14 yanvar tarixli fərmanı ilə gender siyasətinin həyata keçirilməsi məqsədi ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb.
Müstəqil respublikamızda qadın hüquqları bu gün də etibarlı şəkildə qorunur, yüksək səviyyədə müdafiə edilir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 fevral tarixli sərəncamı ilə gender sahəsində vahid dövlət siyasətini həyata keçirən komitənin adı dəyişdirilib, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi kimi yenidən formalaşdırılıb. Bu təşkilatın ümumən Cənubi Qafqazda gender sahəsində fəaliyyət göstərən yeganə dövlət strukturu olduğu da xüsusi qeyd olunmalıdır. 2006-cı ilin dekabrında Milli Məclisdə qəbul olunmuş "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" Azərbaycan Respublikasının Qanunu da respublikamızda qadınların hüquqlarının etibarlı müdafiəsi baxımından mühüm əhəmiyyətə malikdir.
Ümumilikdə YAP-ın da iştirakı ilə son illərdə ölkədə qadınların ictimai-siyasi fəallığı artırılıb, dövlət idarəçiliyi sistemində onların fəal iştirakı təmin edilib. Müxtəlif nazirliklər və icra hakimiyyəti orqanlarında qadınların hüquqlarının müdafiəsi ilə məşğul olan cavabdeh şəxslər təyin edilib. Qürurla deyə bilərik ki, 2010-cu ildə keçirilmiş parlament seçkilərinin nəticələrinə görə, YAP-ı Milli Məclisdə təmsil edən xanım deputatların sayı əvvəlki dövrdəki 7 nəfərdən 15 nəfərə yüksəlib.
YAP-ın ilbəil güclənməsi, sıralarının artması onun tərkibində qadınların rolunu da gücləndirir. Hakim partiyanın üzvü olan qadınlar idarəetmə orqanlarında, elm, təhsil, mədəniyyət müəssisələrində öncül sıralarda təmsil olunur, ölkəmizin inkişafına layiqli töhfələrini verirlər. Hazırda partiya üzvlərinin təxminən 47,8 faizini qadınlar təşkil edir. Bu baxımdan YAP Qadınlar Şurasının partiya fəaliyyətinin uğurla həyata keçirilməsində özünəməxsus yeri və rolu var. YAP Qadınlar Şurası seçki kampaniyalarının uğurla aparılmasında və partiya həyatı ilə bağlı digər tədbirlərdə daim yüksək fəallıq göstərir. Qadınların seçkili orqanlarda təmsilçiliyinin yüksəlməsi, ümumilikdə zərif cinsin nümayəndələrinin seçkilərdə aktiv iştirakı da məhz aparılan geniş təbliğat və maarifləndirmə işlərinin nəticəsi sayılmalıdır. Qadınlar Şurasının keçirdiyi müxtəlif tədbirlər YAP rəhbərliyi tərəfindən də daim dəstəklənir, lazımi qiymətini alır.
Dostları ilə paylaş: |