Elmi, təhsili heç vaxt unutmayan bir



Yüklə 6,34 Mb.
səhifə50/68
tarix02.01.2022
ölçüsü6,34 Mb.
#2186
1   ...   46   47   48   49   50   51   52   53   ...   68
ŞƏHİDLİK ZİRVƏSİ
Azərbaycan xalqı onun milli mənliyini qorumaq üçün öz canlarından keçməyə hazır olan övladları ilə fəxr edir”

HEYDƏR ƏLİYEV
Əsgər adı bütün cəmiyyətlərdə müqəddəsdir. Çünki o, öz canı və qanı bahasına cəmiyyəti, xalqı, onun torpağını qoruyandır. Əslində, əsgər həm də şərti bir addır. Əsgər konkret ananın, xalqın sıravi övladıdır. Lakin o, həm də şərtilik deyil. O, hərbi geyim geyir, silah götürür və and içir. Bundan sonra konkret ananın övladı olur xalqın övladı. Ona görə ki, o, öz ata evini, ayaq tutub yeridiyi torpağı, özü üçün əziz olan hər şeyi Vətənin bir parçası kimi qoruyur. Əsgər üçün Vətən və onun şəxsən özü üçün əziz olan şeylər birləşir. Bu birləşmədən də əsgərin bir müqəddəs vücuda çevrilməsi baş verir.

Əsgər müqəddəsdir, çünki o, vahid Vətən vücudunun bir parçasıdır. Onu bu parçaya çevirən içdiyi and, götürdüyü silah, geydiyi əsgər paltarı, yatdığı kazarma, əməl etdiyi sıra və döyüş nizamnamələridir. Lakin bunlardan başqa daha bir amil əsgəri Vətən vücudunun bir parçasına çevirir. Bu, əsgərin Vətənə olan məhəbbətidir, öz borcunu şüurlu anlamasıdır. Vətən üçün canından keçməyə hazır olmasıdır. Bu sonuncu keyfiyyətləri heç kim görmür, çünki onlar əsgərin qəlbindədir. Əsgərin Vətən qarşısında borcuna münasibəti nə içdiyi andın, nə də yazdığı tərcümeyi-halın mətnində olmur. Bu, ancaq əsgərin qəlbində olur, onun tərbiyəsindən və şəxsi əqidəsindən irəli gəlir.

Əsgərlər bir-iki il ərzində hərbi işi öyrənirlər, nizam­na­mə­ləri mənimsəyirlər, texnika və silahlardan istifadənin vərdişlərinə yiyələnirlər. Bu da çox vacibdir. Çünki hərbi qulluq zamanı mənimsənilənlərin bir əsas hədəfi olur: əsgər döyüşdə aciz olmasın, düşməni basa bilsin, qələbə əldə edə bilsin, nəhayət, döyüşdən sağ-salamat çıxsın. Lakin bunların hamısının döyüşdə əsgərə və onun qələbəsinə yaraması üçün o, içindəki ölüm xofunu dəf edə bilməlidir. Ölümdən qorxmayan əsgər hərbidə əsas möcüzədir, çünki bu, bir ovuc adamın minlərlə düşmən qüvvəsinə üstün gəlməsi ilə nəticələnir.

Deyirlər Şah İsmayıl Xətainin əsgərləri İmam Hüseynin məktəbinə məxsus olmaları ilə öyünərdilər. Onlar gündə beş dəfə namaz qılan, öz şahlarının Allahın seçməsi və sevimlisi olduğuna inananlar idilər. Ona görə Şah Xətai balaca, tarixi və ənənəsi olmayan, əsasən qeyri-nizami olan ordusu ilə bütün Yaxın Şərq ordularını darmadağın etdi, böyük fatehə çevrilə bildi. Onun qaziləri özlərini behişt yolunun yolçuları sayır, şəhidliyi sevinclə qarşılayırdılar. Lakin bunlar keçmişdə olub. İndi biz başqa bir cəmiyyət olmuşuq, bəlkə də cılızlaşmışıq...

Bir vaxtlar milli köləliyə etiraz olaraq şəhərin mərkəzində özünü yandıran çex tələbəsi, Fələstin şəhidi haqqında eşidəndə biz özümüzü qınayırdıq ki, nə üçün bizim belə mücahidlərimiz, əqidə şəhidlərimiz yoxdur. Bu gün isə biz deyə bilərik ki, bizim də Vətən üçün könüllü şəhidliyi qəbul edən, bununla fəxr edən balalarımız var! Azərbaycan xalqı bununla fəxr etməlidir. Mübariz İbrahimovlarla, Fərid Əhmədovlarla, Ramil Səfərovlarla... Qarabağ savaşından sonra bu, xalqımızın həyatında, gənc nəslin düşüncə tərzində yaranan mühüm hadisədir. Doğru deyirlər ki, qəhrəmanları tarix yaradır, onun məntiqi ehtiyacları yaradır.

Mən də bir ana və müəllimə kimi Mübariz İbrahimovun hünərini eşidən vaxtdan bu hadisənin sehrindəyəm. Onun valideynlərinə yazdığı vida məktubundakı bir yer mənə xüsusilə təsir edib: “Şəhid olsam – ağlamayın. Əksinə sevinin ki, o mərtəbəyə yüksəldim”. Mübariz şəhidlik mərtəbəsini ideal edibmiş özüyçün, çoxdan seçibmiş bu yolu. Bu hədəf, bu yol bizim cəmiyyətimiz üçün təzə əqidə və iman durumudur. Bu durumu mən milli yetkinlik təkamülündə əlamətdar mərtəbə sayıram. Ola bilər ki, bununla razılaşmayanlar tapılsın. Axı, Mübariz İbrahimovun rəşadəti dini inama da bağlıdır. Lakin bunun bizim üçün böyük əhəmiyyəti vardır, çünki gözümüzü açandan eşitdiyimiz Allah kəlamı da Vətən anlayışımızın köklü bir parçasıdır. Müsəlman millətlərin hamısının qəsbkarlara və zülmə qarşı mübarizəsi onların Allaha imanından güc almışdır. Bizim üçün də bu, təbiidir. O biri tərəfdən, hər adamın öz daxili dünyası var. Hər kəs Vətən sevgisinə, torpaq təəssübünə öz yolu ilə, öz əqidə cığırı ilə gəlir.

Mübariz İbrahimovun vida məktubu təsdiq edir ki, o, nəinki öz şəhidlik yolunu çoxdan seçibmiş, onun içində inamla birgə həyəcan da, kövrək şübhələr də varmış: niyyətim necə baş tutacaq, düşündüyüm kimi alınacaqmı? O, anlayırdı ki, şəhidlik yolu çox çətin yoldur. Bu yolda Allahın öz qulunun iradəsinə təpər verməsi lazımdır. Həm də intiqam niyyəti bir şeydir, intiqam əməli ayrıdır. İnsan qəlbi bütün hallarda şübhələri də, iradəni zəiflədən tərəddüdləri də özündə daşıyır. Ona görə intiqam barədə milyonlar düşünür, amma intiqam yolunu tək-tək qazilər keçə bilir.

Şəhidin isə əməli, hünəri onun niyyətinə bərabər olmalıdır. Məqsəd ölmək deyil, düşməni öldürməkdir, ona hiss olunacaq zərbə vurmaqdır. Bunun üçün sarsılmaz iradə, qorxunu yaxın qoymayan, düşmənə nifrətlə döyünən cəsur ürək lazımdır. Şəhid balamız bunu dərk edir və bunun həyəcanları ilə yaşayırmış.

Bu həyəcanlar onun atasına son iki telefon zəngində, məktubunda onun üçün çoxlu dua etmək xahişlərində də görünür. O, öz iradəsinin qətiliyi, əməliyyatını uğurlu aparmaq üçün Allahdan da yardımlar diləyirdi. Öz yaxınlarından da xeyir-dua gözləyirdi. Bu əl boyda məktub insan psixologiyasının misilsiz bir təzahürüdür. Məktubda canını müqəddəs borca, əqidəyə, imana qurban vermiş Mübarizin mənəvi seçim etdiyi və bu seçimdən daxili bir sakitlik və əzm tapdığı aşkar duyulur. Hadisədən bir gün qabaq atası ilə telefon danışığında nəsə demək istəmişdi, amma lazımi sözləri tapa bilməyib adi qaydada vidalaşmışdı.

Axı o, düşmənin üstünə, Şiştəpə yüksəkliyinə tək gedirdi. Üstəlik qaranlıqda cəbhə xəttini, minalı sahəni keçmək lazım idi. Lakin bunlar da məqsəd deyildi. Məqsəd düşməni öz yuvasında qəfil yaxalamaq idi, ona mənəvi zərbə vurmaq idi. Şəhid balamız sanki ermənilərə demək istədi ki, fövqəlgüclərin himayəsi, əsgəri köməyi, silah-sursat və məlumat dəstəyi siz namərdləri Azərbaycan xalqının ağır qisasından xilas edə bilməyəcək, arxayınlaşmayın. Arxalı köpək həmişə qurdu basa bilməyəcək. Şəhidlik imanına tapınmış yüzlərlə Mübarizlərin intiqam yanğısı hələ irəlidədir və siz onu görəcəksiniz!

Mübariz İbrahimovun rəşadəti erməni faşistlərinə qarşı yeni bir gücün həyata gəldiyini göstərir. Bu şəhadəti səadət və mübarək bir ucalıq bilən bir əsgər iradəsidir. Bu iradənin komandiri, nizamnaməsi, idarəedici rəhbəri yoxdur. Onun yeganə rəhbəri qəlbində gəzdirdiyi böyük Allahına inamıdır. Bu əsgərə dünya nemətləri, madiyyata satılmaq, şəxsi mənfəət axtarmaq, siyasətbazlıq yaddır. Bu əsgər mədəni Avropanın saxta dəyərlərinə inanmır, onların əxlaqsız həyatına qibtə etmir. Ona görə bu əsgərin gücü, onun döyüş potensialı ermənilər üçün ölümdən də qorxuludur. Heç bir siyasətbazlıq, xristian dövlətlərin himayədarlığı və havadarlığı bu əsgərin erməni millətindən alacağı intiqamın qarşısını ala bilməz. Bu qaçılmazlığın və labüdlüyün intiqamıdır. Mübariz İbrahimovların gücü gec-tez erməni dövləti adlı şər yuvasını dağıdacaq və əzəli torpaqlarımızı, Qarabağla birgə Qərbi Azərbaycanı da Vətənimizlə birləşdirəcəkdir.

İndi bütün Yaxın Şərqdə, bir çox müsəlman ölkələrində bu mübarizə gedir. Bu mübarizənin bir hədəfi var: qaniçən Avropa dövlətlərinin müsəlman torpaqlarında bir ovuc satqın müsəlmanın əli ilə qurduğu zülmkar rejimləri yıxmaq. Bu rejimlərin adı başqa, sahibi və ağası isə Avropalı qaniçənlərdir. Bu rejimlər gec-tez yıxılacaq və onların sonuncusu murdar Ermənistan Respublikası olacaq. Bax, Mübariz İbrahimov bu cahanşümul müharibənin Azərbaycandan olan ilk mübarək şəhidlərindən biridir.

Şəhid balamızın boya-başa çatdığı evə, atası Ağakərim kişinin, anası Şamama xanımın ziyarətinə gələnlərin sayı-hesabı yoxdur. Belə bir oğulu adi ata-ana yetirə bilməzdi. Mübarizin valideynləri əməli saleh, ağzı dualı, Allaha qarşı şükürlü insanlardır. Elə ona görə Mübarizin çöhrəsi də bir nur mücəssəməsi idi. Onun qamətinin yaraşığı insanı valeh edir. Bunların hamısında Allahın iradəsi vardır və bu iradənin hədəfində olmuş insanlar xoşbəxt, seçmə adamlardır.

Şəhidin ocağını ziyarət edənlərin, onun ata-anasını görməyə gələnlərin çoxu onlara başsağlığına yox, şəhadət mübarəkliyinə gəlirlər, “Mübarizin şəhadəti mübarək olsun” deyirlər. Onu həqiqi bir cihad şəhidi kimi anırlar. Onlar – bu ziyarətçilər kimdir? Onlar xalqımızın sadə insanlarıdır. Lakin bu insanların qəlbi də erməni zülmünə və istilasına nifrətlə döyünür, intiqam alovu ilə yanır. Bu alov bütün Azərbaycan gəncliyinə sirayət edib onun rəşadətli bir hissəsini mübarizəyə, bu mübarizədə böyük Allahımıza tapınmağa və sığınmağa çağırır.

Mübarizin uşaqlığı və gəncliyi Əliabad adlı balaca kənddə keçib. O, körpəlikdən səmimi ürəyi, haqqı sevən doğruçuluğu ilə ailə üzvlərinin, məktəb müəllimlərinin, qonşularının diqqətini cəlb edib. Deyirlər uşaqlıqda o, balaca və çəlimsiz olub. Amma əsgər yaşı yetişəndə Allah ona bir el igidinə lazım olan hər şey bəxş edib: boy, yaraşıq, iradə, manqal kimi alovlu ürək. O, beş yaşından idmana can atırdı. Bu da bir qismət və hikmətdir, çünki onun üçün taleyin hazırladığı yol pəhləvan gücü, soyuqqanlı sərkərdə ağlı tələb edirdi. Bunlar əsgərlik ərəfəsində artıq onda var idi.

Mübariz hərbi xidmətini Azərbaycan ordusunun seçmə hissələrindən birində - Daxili Qoşunların xüsusi təyinatlı hissəsində başa vurmuşdu. Bu hissədə o, döyüşçü və əsgər hazırlığının bütün sirlərini öyrənmiş, peşəkar hərbiçi keyfiyyətləri qazanmışdı. O, xüsusilə öz fiziki hazırlığını artırmışdı... Lakin onun qeyri-adi insan olduğunu, dünyaya xüsusi məqsədlə gəldiyini hər yerdə hiss edirdilər. O, əsgərliyi müqəddəs sayırdı, çünki şəhidlik yolunun onlara məxsus olduğunu bilirdi. Ona görə də öz əsgərlərinə qarşı çox şəfqətli idi. Onların üstündə əsir, öz əmək haqqından onlara xərclə­yirdi. Onların əsgər qəlbinin və iradəsinin formalaşmasına çalışır­dı. Ordudan təxris olunandan sonra o, gizirlər məktəbinə da­xil oldu, çünki artıq öz əsgər missiyasını dərk etmişdi, adi in­san həyatı yaşaya bilməzdi, bu missiya onun qəlbinə daxil olmuş­du.

Gizirlər məktəbindən sonra o, hərbi hissələrdən birinə düşdü. Lakin birinci gündən rəhbərliyə raportlar yazıb cəbhə bölgə­sinə dəyişilməyini istəyirdi. Nəhayət, onu Tərtər rayonun­dakı hərbi hissəyə göndərdilər. Burada isə o, heç bir ay xidmət etmədi. Amma bu qısa müddət də onun sonuncu hərbi hissəsini, düşmən üzərinə yürüşünün başladığı postu şöhrətləndirməsi üçün kifayət etdi. O, adi əsgər xidmətindən uca olan əbədi şəhidlik yürüşünə getdi. Elansız və danışıqsız getdi. O, tək getdi, çünki Allah da təkdir və Mübariz çoxdan anlamışdı ki, təklik zəiflik deyil, təklikdə ilahi bir güc də vardır, amma bu güc Allahın seçmə insanlara verdiyi bir qismətdir. O bu qismətin mənasını bilirdi, bu məna ona agah idi. Ona görə öz vida məktubunda özü haqqında çox aydın de­yirdi: “o mərtəbəyə yüksələ bilsəm”. O, yüksəldi və Azər­bay­can əsgərinin, Azərbaycan şərəfinin mərtəbəsini də qaldırdı, bi­zim başımızı uca elədi. Buna görə neçə-neçə nəsillər ona min­nətdar olacaqdır.

Hadisədən dərhal sonra mətbuatda bir-birini tamamla­ma­yan, qeyri-səhih xəbərlər yayıldı. Lakin Mübariz İbrahimovun misilsiz tarixi hünərinə ən doğru qiyməti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Preziden­timiz İlham Əliyev verdi. Prezidentimiz Azərbaycan Respub­likasının müstəqilliyinin və ərazi bütövlüyünün qoru­nub saxlanmasındakı müstəsna xidmətlərinə görə və göstərdiyi rəşadə­tə görə Mübariz Ağakərim oğlu İbrahimova Azər­bay­canın Milli Qəhrəmanı adını verdi, əlavə bir Sərəncamla isə onun xatirəsini əbədiləşdirmək üçün tədbirlər müəyyən etdi.

Prezidentin xalqın ürəyindən xəbər verən bu Fərmanından sonra şəhid əsgərimiz haqqında mətbuatımız daha ürəklə yazmağa, onun qəhrəmanlıq örnəyinin misilsiz əhəmiyyətini şərh etməyə başladı. Adi insanlar, jurnalistlər, ziyalılar şəhidlik zirvəsini fəth etmiş qəhrəmanın kəndinə axışmağa başladılar. Onun ailəsi, oxuduğu orta məktəb, boya- başa çatdığı Əliabad kəndi ziyarət yeri oldu. Biləsuvarda, sonra isə digər yerlərdə Mübariz İbrahimovun yaraşıqlı qamətini, nəcib təbəssümünü əks etdirən şəkillər mağazaların və kafelərin vitrinlərində, maşınların şüşələrində göründü. Gənclər onun şəkillərini əks etdirən köynəklər geyməyə başladılar.

Mən bu əlamətləri elə-belə xatırlamıram. Mübariz İbra­himov öz misilsiz şəhid hünəri ilə, ermənilərə vurduğu yan­dırıcı zərbəsi ilə sadə Azərbaycan vətəndaşlarının ürə­yindən xəbər verib, onların içindəki intiqam təşnəsini alovlandırdı. Xalqımız dünən də, bu gün də özünü yaltaq və qorxaq erməni ordusundan üstün və güclü hesab edib və gələcəkdə də güclü hesab edəcəkdir. Müstəqillik dövründə böyü­müş gənclik Qarabağ müharibəsinin, itirilmiş torpaq­ları­mızın dərslərini və faciəli nəticələrini yaxşı mənimsəyibdir. Bu işdə bizim müəllimlərimizin, orta məktəb kollektivlərimizin də işi səmərəli olmuşdur. Bu isə orduya çağırılan gəncliyin vətənpərvərlik tərbiyəsində, bu tərbiyənin keyfiyyətində açıq şəkildə özünü göstərir.

Bu sözləri mən faktlar əsasında deyirəm. Bir müəllim və qələm adamı kimi cəbhənin ön xəttindən verilən yazıların hamısını izləməyə çalışıram. Orada düşmənlə üz-üzə olan əsgərin ovqatından, məişətindən, döyüş hazırlığından çox şey asılıdır. Mən bəzi yazılarımda bir ana kimi bu yöndə olan qüsurlardan da bəhs etmişəm. Lakin açıq demək lazımdır ki, son illər bu sahədə müsbət dəyişikliklər baş verib, cəbhənin ön xəttində dayanan hərbi qurumların və əsgərlərin qayğılarına və problemlərinə daha artıq diqqət yetirilir. Bunu jurnalistlərlə görüşən, düşmənə nifrətdən danışan əsgər və zabitlərlə ünsiyyətdən də hiss etmək olur. Şübhə yoxdur ki, Mübariz İbrahimovun misilsiz qəhrəmanlığı ordumuzda nümunə və təq­lid timsalı olacaq, gənc əsgərlərimizin düşmənə nifrət və dö­yüşkən­lik ruhunda tərbiyəsinə daha artıq kömək edəcəkdir. Bu nümu­nənin təbliği, qəhrəmanın həyat yolunun öyrədilməsi tər­biyəçilərin, müəllimlərimizin, zabitlərimizin və komandir­lərimi­zin müqəddəs borcudur.

Mübariz İbrahimovun vətənpərvər və əsgər hünərləri bizim xalqın, cəmiyyətin mənəvi inkişafında təzə bir mərtəbə açır... Bu mərtəbədə ruh bədəndən, həyat idealı nəfsdən, əqidəyə sədaqət isə şəxsi emosiyalardan qat-qat üstündür. Bu mərtəbə müqəddəs İmam Hüseynin şəhadət zirvəsidir, bu zirvənin yolçuluğudur, insanın mənlik dairəsindən çıxıb bizlik dairəsinə yüksəlməsidir. Bu, elə bir yüksəklikdir ki, insan övladı onu fəth edəndən sonra öz vəhşiliyindən aralanıb, həqiqi mənəvi dəyər­lərin daşıyıcısı və xidmətçisi olub... Əşirətdən mədəniy­yətə qədəm qoyub...

Ermənilər cəsur qəhrəmanın cəsədini vermirdilər, bunu diplomatik alver predmetinə cevirirdilər. Lakin onlar yanılırlar, çünki Mübariz İbrahimov əbədi ölməz ruhunu öz xalqına bəxş edib. Bu ruhu əbədiləşdirməyə bizə heç kəs mane ola bilməz. Biz Şəhidlər Xiyabanının lap girəcəyində Mübarizin müqəddəs ruhuna elə bir abidə qoymalıyıq ki, daim intiqama, şəhidlərimizin qanının alınmasına çağırışın, bizim qəhrəman ruhumuzun canlı təcəssümü olsun. Elə bir abidə ki, indi də, gələcəkdə də güvənc yeri olsun. Mübarizin şəkli və vida məktubu bütün idman və orta təhsil məktəblərimizin, kazarmalarımızın, məscidlərimizin divarlarından asılmağa layiqdir. Qoy onun məktubunun surəti erməni faşizminə qarşı açdığı yeni mübarizə yolunun təcəssümü olsun, Vətən balalarını müqəddəs müharibəyə çağırsın.

Mən fürsətdən istifadə edib bəzi jurnalistlərimizin Mübarizin şəhadəti haqqında yazılarına etirazımı bildirmək istəyirəm. Mübariz nə edibsə, onu yazmaq lazımdır. Onun idealını, şəhidlik niyyətini açmaq lazımdır. Qoy böyük dövlətlərin əl tulası olan ermənilər və on­ların havadarı olan “mədəni xristian” qəzetləri nə istəyirlər yaz­sınlar. Onlar müharibə qaydalarından, İslam fundamentaliz­mindən dəm vuracaqlar. Biz onlara inanmamalıyıq. Çünki ermənilər bizim 20 faiz torpağımızı məhz “mədəni xristian” dövlətlərinin maddi və mə­nəvi iştirakı ilə alıblar, ərazilərimizi birgə işğal ediblər. İndi isə on­lar bizə “dialoq dərsi” verirlər. Torpağı davada itirib on illərlə dia­loqa çağırmaq, düşmənə köməkdir. Onu birbaşa himayə etmək deməkdir. Müharibənin nəticələrini dinc yolla aradan qaldırmaq nə deməkdir?

Nə üçün ABŞ 11 sentyabr terrorunun nəticələrinə qarşı “dinc yolla” mübarizə etmədi? Axı terror nə hərbi, nə də siyasi cinayət deyil, bu, sosial qaydalara və şəxsiyyətlərə qarşı cinayətdir. Lakin ABŞ İraq və Əfqanıstana qarşı tarixdə ən qəd­dar müharibəyə başladı. Ona görə ən qəddar ki, bu mühari­bələrdə iki böyük dövlətin milyonlarla günahsız vətəndaşını girova çevirdi. Bu iki ölkədə “antiterror” müharibələrində ölən dinc sakinlərin sayı 11 sentyabrda ölənlərdən min dəfə artıqdır. Həqiqət burada meydana çıxır: bir xristiana min müsəlmanın öldürülməsi xristian dünyasının necə humanist və necə ədalətli olduğunu gözəl nümayiş etdirir.

Onlar bizim əsgərin əqidəsindən qorxurlar və bunu fundamentalizm adlandırırlar. Onlar bizdən ruhsuz, inamsız, əqidəsiz əsgər tələb edirlər. Çünki belə əsgər döyüşdə aciz ət parçası olur. Onlara inananlar, bəzi yarımçıq jurnalistlər isə Mübariz İbrahimovun mübarək şəhadətini atəşkəsin pozulması kimi qələmə verirlər. Lakin düşmən bizdən axmaq deyil, onlar nə baş verdiyini bilirlər. Onlara lazımdır ki, biz özümüz əsgər şəha­dətinin müqəddəsliyini pis qələmə verək. Lakin yox, xalqı­mız bunu etməyəcək: şəhidlik mənəvi hünərdir, müqəd­dəslik zirvəsinin gücüdür.

Şəhidlik əqidəsi elə bir əsgəri gücdür ki, ona qarşı hələ heç bir silah yoxdur. Deməli, şəhidlik hər bir ordunun ən güclü silahıdır və bu, təzə bir şey deyildir. Bütün müharibələrin tarixində qələbəni öz canından artıq istəyən əsgər qalib gəlib. Xristianlar özləri Şərqi xaç yürüşləri, döyüşçü rahiblərin silahı ilə viran etməyiblərmi? Torpaqlarımızın azad edilməsində əsas maneə olan xristian həmrəyliyinin özü nədir? Silaha çevrilmiş, silahdan təhlükəli olan dini hisslərdir. Xristianlar bu hisslərdən istifadə edəndə, mədəni olurlar, müsəlmanlar istifadə edəndə isə, fundamentalist. Kim xristianların müsəlman vilayətlərində qurduğu satqın hakimiyyətlə mübarizə edirsə, onların hamısı fundamentalist sayılır.

Erməni aqressivliyinə və bütün düşmənlərə qarşı müba­ri­zə­də, vətəni qorumaqda bizim milli əsgərimizin söykənməli oldu­ğumuz öz mənəvi-tarixi dəyərləri vardır. Ordumuzun, xalqımızın əbədiyaşarlıq gücü də bu dəyərlərdədir. Bu dəyərlər Torpaq, Vətən, Müqəddəs İslam, İmam Hüseyn nümunəsi kimi dəyərlərdir. Biz onları “qrantlara və dialoq” oyunbazlığına dəyişə bilmərik.

Mənim yolum ayrıdır - Mübariz İbrahimov bu sözləri çoxlarına, hətta ailə üzvlərinə də demişdi. Həqiqətən, onun yolu ayrı idi. Qəhrəman əsgərimiz o yolu tək, cığırdan keçən kimi keçdi. Bu gün isə bu yol bütöv bir nəslin, bütöv bir ordunun məslək yolu oldu. Mübarizin açdığı yol çox genişdir, o qədər genişdir ki, insan təsəvvürünə onu sığdırmaq çətindir. Çünki hər qəhrəman o yola öz qəlbinin içindən cığır salır. Bu cığırın mənzili isə əbədiyyətdir: həm dünyəvi, həm də mənəvi əbədiyyətdir.


Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin