|
Xii-xv əsrlərdə Azərbaycanın mənəvi mədəniyyəti
|
tarix | 10.04.2023 | ölçüsü | 14,38 Kb. | | #95950 |
| Ders
Bakı, 13 mart (AZƏRTAC). Martın 13-də Bakı Slavyan Universitetində (BSU) “XII-XV əsrlərdə Azərbaycanın mənəvi mədəniyyəti” adlı monoqrafiyanın təqdimatı olmuşdur.
AZƏRTAC xəbər verir ki, tarix üzrə fəlsəfə doktoru, dosent Əsgər Əhmədin müəllifi olduğu monoqrafiya Azərbaycan tarixinin hadisə və proseslərlə zəngin, lakin çox çətin və ziddiyyətli bir dövrü olan XII-XV əsrlərin mənəvi mədəniyyət məsələlərinin tarixi-etnoqrafik araşdırılmasına həsr olunmuşdur.
“Elm” nəşriyyatında çapdan çıxmış monoqrafiyanın elmi redaktorları filologiya elmləri namizədi, dosent Rüstəm Rəsulov və tarix elmləri doktoru, dosent Şirin Bünyadovadır.
Mərasimi giriş sözü ilə açan BSU-nun elmi işlər üzrə prorektoru Şirinbəy Əliyev Bakı Slavyan Universitetinin “Avropaşünaslıq” kafedrasının dosenti Əsgər Əhmədin həm ölkə daxilində, həm də xaricdə dərc edilmiş tarix, mədəniyyət, din, vətəndaş cəmiyyəti və insan haqlarına dair kitabların və onlarla elmi məqalənin müəllifi olduğunu bildirmiş, onun xarici ölkələrdə keçirilən bir sıra beynəlxalq konfranslarda məruzələrlə çıxış etdiyini də qeyd etmişdir.
Müəllifin apardığı elmi tədqiqatların nəticəsi kimi ərsəyə gəlmiş yeni kitabın əhatə etdiyi XII-XV əsrlərin baş verən ictimai-siyasi hadisələrin çoxluğu, eləcə də təsərrüfat və mədəni həyatın inkişafı baxımından Azərbaycan xalqının tarixində fərqlənən bir dövr olduğunu qeyd edən Ş.Əliyev Azərbaycan tarixşünaslığında bu dövrə aid ayrı-ayrı müəlliflərin, tədqiqatçıların maraqlı əsərlərinə rast gəlinsə də, dövrün mənəvi mədəniyyətinə dair fundamental əsərlərin azlıq təşkil etdiyini vurğulamışdır. Bildirilmişdir ki, mənəvi mədəniyyətə dair ayrı-ayrı məqamların sistemli şəkildə cəmləşdirildiyi yeni monoqrafiya bu baxımdan əhəmiyyətlidir.
Sonra Əsgər Əhməd çıxış edərək namizədlik dissertasiyasının əsasında ərsəyə gəlmiş monoqrafiyanın yazılmasında məqsədin Azərbaycan xalqının XII-XV əsrlərdəki mənəvi həyatının xarakterik xüsusiyyətlərini araşdırmaq, mənəvi həyatda baş verən təkamülü izləmək, eləcə də mənəvi mədəniyyətin əsas inkişaf meyillərini və istiqamətlərini müəyyənləşdirməklə onu tarixi-etnoqrafik baxımdan tədqiq etmək olduğunu bildirmişdir.
Müəllif, həmçinin Bakı Slavyan Universitetinin Elmi Şurasının qərarı ilə çapa tövsiyə olunmuş kitabın ərsəyə gəlməsində zəhməti olan şəxslərə təşəkkürünü bildirmişdir.
Tədbirdə Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının professoru Boran Əziz, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Niyazi Mehdi, BSU-nun “Azərbaycan ədəbiyyatı” kafedrasının dosenti Rüstəm Kamal, “Müasir rus dili” kafedrasının müdiri, filologiya elmləri doktoru, professor İlyas Həmidov, “Avropaşünaslıq” kafedrasının müdiri, dosent Sevda Axundova və digərləri kitabın elmi məziyyətlərindən söz açmışlar.
Bildirilmişdir ki, zəngin tarixi, ədəbi, dini-fəlsəfi qaynaqlar əsasında XII-XV əsrlərdəki Azərbaycanın mənəvi mədəniyyəti haqqında geniş təsəvvür yaradan monoqrafiya orta əsrlərin dini-fəlsəfi, elmi-pedaqoji, musiqi, oyun-əyləncə düşüncəsinin öyrənilməsi baxımından əhəmiyyət kəsb edir.
Qeyd edilmişdir ki, araşdırma obyekti kimi götürülmüş bu yüzilliklərdə mənəvi mədəniyyətin tarixi-etnoqrafik baxımdan tədqiq edilməsi orta əsr Azərbaycan insanının düşüncə tərzini, mənəvi tələbatlarını, adət-ənənələrini və bütövlükdə mənəvi dəyərlər kontekstində mənzərəni bərpa etməyə kömək edir.
Çıxış edənlər müəllifə elmi axtarışlarında yeni uğurlar arzulamışlar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Dostları ilə paylaş: |
|
|