«els» MÜSTƏQİl araşdirmalar məRKƏZİ «Əhalinin fövqəladə hallarda operativ xəbərdarlıq sistemi: mövcud problemlər və onların həlli yolları»



Yüklə 50,47 Kb.
tarix23.02.2017
ölçüsü50,47 Kb.
#9516
«ELS» MÜSTƏQİL ARAŞDIRMALAR MƏRKƏZİ
«Əhalinin fövqəladə hallarda operativ xəbərdarlıq sistemi:
mövcud problemlər və onların həlli yolları»

Dəyirmi Masanın materialları

2009-cu ilin avqust ayının 07 tarixində saat 12:00-13:30
«Caspian Plaza» Biznes Mərkəzi

“Donuz qripi Boliviyada öldürməyə başlayıb”, “ispaniyalı qadın donuz qripindən vəfat etdi”, “Fransanın “Monako” klubunun dörd futbolçusu donuz qripinə yoluxublar”, “Rusiyanın fiquristləri donuz qripi virusunu tutublar”, “Toni Bleyerin həyat yoldaşı donuz qripinə yoluxub”, “Gürcüstanda A/H1N1 qripinə yoluxma halı aşkarlanıb”, “Donzu qripi virusu stabilləşib”, “İnsan donuz qripi ilə donuzu yoluxdura bilər”... Hər gün bütün dünyada buna bənzər yeni bir xəbər yayılır.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni virusun “pandemiya potensialına” malik olduğunu bildirərək 6 mövcud təhlükə dərəcəsindən beşincisini ona verib. ÜST-da təşvişi yaradan üç faktor olub ki, bu da insanların heyvan mənşəli virusa yoluxması, xəstəliyin coğrafi cəhətdən yayılması və virusa yoluxanların yaş kateqoriyalarına görə qeyri-adi paylanmasıdır. Belə ki, həmişə qripə daha tez yoluxan uşaq və qocalar olurdusa, Meksika alimlərinin verdiyi məlumata görə donuz qripindən vəfat edən insanların çoxu cavanlardır. ÜST-ı Komitəsinin təşkil etdiyi iclasda bütün yoluxma hallarında əvvəllər nə insanlarda, nə də donuzlarda rast gəlinməyən, lakin insanların yoluxmasına pandemik meylli olan heyvan virusunun yeni ştampını aşkar etmişdir.

Beləliklə, cəmiyyət son on il ərzində növbəti təhlükəli yolxucu xəstəliklə üzləşdi. Quş qripi, inək quduzluğu, donuz qripi – bu sıranı həyat özü müəyyən edəcək. Lakin əgər keçən yüzillikdə “ispanka” qripindən müxtəlif məlumatlara görə 50 mln. insan vəfat etmişdirsə, bu gün tibb elminin nailiyyətləri, informasiya kommunikasiya sistemlərinin inkişafı, məlumatlandırma və maarifləndirmə imkanlarının yüksək səviyyədə olması hadisələrin acınılacaqlı nəticələrə gətirməməsinə inam yaradır.

Bunu ÜST-ın artıq A/H1N1 kimi adlandırdığı virusdan vəfat edənlərin sayının 200 nəfəri keçməməyi təsdiq edir (bəzi mənbələr bu rəqəmin 1000-ə yaxın olduğu israr edilir). Lakin insanların özləri belə təhlükəli fövqəladə hadisələrə hazırdırlarmı? Onların özləri lazım olan məlumatları əldə etməyə maraq göstərirlərmi?

“ELS” Müstəqil Araşdırmalar Mərkəzi əhalinin donuz qripi haqqında nə dərəcədə məlumatlı olmalarının müəyyənləşdirilməsi məqsədilə telefon sorğusu keçirmişdir. Sorğuda 500 Bakı sakini (bundan sonra respondent və ya rəyi soruşulan adlandırılacaq) iştirak etmişdir. Onların 42,4%-i kişi, 57,6%-ni isə qadın olmuşdur. Respondentlərin yaş kateqoriyaları üzrə paylanmaları aşağıdakı kimi idi: 1,2% - 18 yaşdan aşağı, 43,5%-i 18-29 yaş, 12,9%-i 30-39 yaş, 16,5%- i 40-49 yaş, 18,8%-i 50-64 yaş, 7,1%-i isə 64 yaşdan yuxarı. Soruşulanların 2,4%-i natamam orta, 23,5%-i tam orta, 3,5%-i orta ixtisas, 12,9%-i natamam ali, 56,5%-i ali, 1,2%-i isə elmi dərəcəli idi.

Sorğu zamanı donuz qripi haqqında məlumatlı olmaları barədə suala 17,6% respondent tam məlumatlı olduqlarını, 68,2%-i qismən məlumatlı olduqlarını söyləmişdirlər. Rəyi soruşulanların 14,2%-i bu virus haqqında heç nə bilmədiklərini söyləmişdirlər. Maraqlısı odur ki, donuz qripi haqqında bilməyənlərin cinsə görə paylanması daha çox qadınların məlumatsız olduğunu göstərir (38,4%-i kişi, 61,6%-i isə qadın təşkil etmişdir). Bundan başqa ən məlumatsız olanlar təqaüdçülər olmuşdur (0%-i tam məlumatlı, 66,9%-i qismən məlumatlı, 33,1% - məlumatsız).

Məlumatları haradan əldə etdikləri barədə suala 70,8% respondent televiziyanın adını çəkmişdir. Daha sonra rəyi soruşulanların 9,4%-i məlumatları İnternet, 7,8%-i dost və tanışlar, 7,5%-i radio, 4,5%-i qəzetlər vasitəsilə aldıqlarını söyləmişdirlər.

Burada televiziyanın məlumat mənbəyi kimi müsbət rolunu qeyd etmək lazımdır. Televiziyaya baxan respondentlərin cəmi 6,7%-i donuz qripindən məlumatsız olmuşdurlar.

“Özünüzü və ailənizi donuz qripindən mühafizə etməyə hazırsınızmı” sualına respondentlərin 15,5%-i tam hazır olduqlarını, 44,0%-i qismən hazır olduqlarını bildirmişdirlər. Respondentlərin 14,3%-i isə yoluxma təhlükəsi qarşısında aciz olduqlarını bildirmişlər. Əgər cavab verməkdə çətinlik çəkdiklərini deyənləri də nəzərə alsaq (26,2%) belə qənaətə gəlmək olar ki, rəyi soruşulanların hər dördüncüsü (40,5%-i) özlərini bu təhlükədən qorumağa hazır deyillər.

Lakin belə vəziyyət onları o qədər də narahat etmir. Çünki respondentlərin yalnız 11,8%-i ölkəmizdə donuz qripinə yoluxma təhlükəsini yüksək dərəcədə qiymətləndirmişdirlər. Respondentlərin 8,2%-i bu təhlükəni orta dərəcədə, yarısından çoxu isə (51,8%) az olduğunu demişlər. Rəyi soruşulanların hər on nəfərdən biri isə (9,4%) heç bir təhlükənin olmadığını bildirmiş, xüsusilə də donuz ətindən istifadə etməmələri ilə əlaqələndirmişlər.

Qripə yoluxma əlamətləri müşahidə olunduqda əl atdıqları tədbirləri sadalayarkən respondentlərin üçdə ikisi (73,4%) ev şəraitində özləri müalicə etməyi üstün tutduqlarını deyiblər.

Sorğu zamanı respondentlərə əhalinin bu virusa yoluxmadan qorumaq məqsədilə effektiv tədbirləri demək təklif olunmuşdu. Rəyi soruşulanların hər beşincisi (19,5%) suala cavab verə bilməmişdirlər.

Respondentlərin qalan 80,5%-i donuz qripi ilə müxtəlif effektiv mübarizə üsullarını sadalayıblar (qeyd etmək lazımdır ki, bu suala bir necə cavab mümkün olduğundan alınan rəqəmlər respondentlərin sayına görə yox (yəni cəm 100%-ə yox), adları çəkilmələrinin sayına görə hesablanıblar). Beləliklə, bu sualı cavablandıran respondentlərin yarısından çoxu gigiyena qaydalarına riayət etməyi (56,8%), təxminən yarısı donuz ətindən istifadə etməməyi (48,1%), əhalinin məlumatlandırılması və maarifləndirilməsi, məlumat mənbələrinin təşkilini (46,9%) vacibliyini qeyd etmişlər. Bundan başqa düzgün qidalanma və immunitetin möhkəmləndirilməsi (32,3%), donuz qripinə yoluxma halları qeydə alınmış ölkələrə səfər etməməyi (23,4%), mütəmadi olaraq həkim müayinəsindən keçməyi (8,0%) məqsədə uyğun görmüşlər.

Beləliklə, rəyi soruşulanların təxminən yarısı əhalinin məlumatlandırılması və maarifləndirilməsi, məlumat mənbələrinin təşkili məsələlərini vacib hesab etmişlər. Bununla bağlı mövcud məlumat mənbələri və əhalinin bu mənbələrdən istifadə etmə bacarıqlarını öyrənmək məqsədilə tədqiqat aparmaq qərarına gəldik.

Bununla əlaqədar olaraq Mərkəzin könüllüləri tərəfindən 403 Bakı sakini arasında daha bir telefon sorğusu keçirildi. 82,1% soruşulan respondent fövqəladə hal zamanı lazımi kömək üçün təcili xidmətlərin hər hansısa telefon nömrələrini bildiklərini, 17,9%-i isə bilmədiklərini qeyd etmişlər. Belə çıxır ki, hər altıncı respondent qaynar xətt nömrələrini bilmir və böyük ehtimalla demək olar ki, lazım olan anda operativ köməyi əldə etməyə bilər. Respondentlər müxtəlif telefon nömrələrini qeyd etmişlər: 101 (rəyi soruşulanların 53,8%-i), 102 (55,1%),103 (73,1%),104 (2,6%), 106 (1,3%), 109 (9,6%),112 (11,5%), 113 (1,8%), 911 (1,6%), 901 (1,3%) və s. (yuxarıda göstərildiyi kimi, bu suala da bir necə cavab mümkün olduğundan alınan rəqəmlər respondentlərin sayına görə yox (yəni cəm 100%-ə yox), adları çəkilmələrinin sayına görə hesablanıblar).

Telefon nömrələrini söyləyən respondentlərə həmin nömrələrə uyğun gələn xidmət sahələrinin adlarını söyləmək də təklif olunmuş idi.

Məlum olmuşdur ki, daha az səhvi respondentlər təcili tibbi yardım xidmətinin nömrələrini söyləyərkən buraxmışdırlar. Bu xidmətin adını çəkən respondentlərin 94,9%-i telefon nömrəsini düzgün söyləmişdir. Nömrənin belə yaxşı yadda qalmasına ilk növbədə sakinlərin şəhərin küçələrində üzərində “103” rəqəmi yazılmış təcili yardım maşınlarını tez-tez görməkləri kömək olub. Respondentlərin 5,1%-i isə təcili tibbi yardım zamanı 101, 111, 113 nömrələrinə zəng edəcəklərini bildirmişdirlər.

Yanğın zamanı 101 nömrəsinə bu xidməti göstərənlərin 57,8%-i, qalan 42,2%-i isə 102, 103, 113 və 01 nömrələrinə zəng etmək niyyətindədirlər. Yanlış nömrələr arasında daha çox 102 nömrəsi göstərilmişdir.

Polisi qeyd edənlərin 65,0%-i bu xidmətə 102 nömrəsi ilə zəng edəcəklərini söyləmişlər. 35,0%-i isə 101 nömrəsinə müraciət etmək fikrindədirlər.

Fövqəladə Hallar Nazirliyinin yaratdığı xidmətin telefon nömrəsi bir çox respondentə məlum olduğu aşkar edilmişdir. Bu xidmətin adını çəkən respondentlərin 75,0%-i telefon nömrəsini düzgün olaraq “112” nömrəsini göstərmişdir. Lakin qalan 25,0%-i bu xidmətin nömrələrinin 101, 102 və hətta 911, 901 olduğunu düşünürlər.

Sorğu zamanı rəyi soruşulanlar fövqəladə hallarda əlaqə telefon nömrələrinin çox sayda və yadda saxlamaq üçün mürəkkəb olduğunu vurğulamışlar.

Tələb olunan məlumatın və ya təcili yardımın alınması ilə mövcud vəziyyətin öyrənilməsi məqsədilə “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin könüllüləri tərəfindən kiçik araşdırma aparılmışdır.

Müəyyən edilmişdir ki, bir çox nazirliklərin əlaqə nömrələrindən başqa (adətən ümumi şöbə və ya mətbuat xidmətinin nömrələri) qaynar xətt nömrələri də mövcuddur. Lakin üçrəqəmli yalnız yuxarıda qeyd etdiyimiz xidmət sahələri və Dövlət Sosial Müdafiə Fonduna (190 nömrəsi) məxsusdur. Qalan nazirliklərin qaynar xətt nömrələri müəyyən dərəcədə çətin və yadda qalmayan rəqəm yığımından ibarətdir. Məsələn, Ekologiya və Təbii Sərvətlər Nazirliyi – 438-13-35, 439-18-63; Kənd Təsərrüfatı Nazirliyi – 498-64-49 (quş qripi ilə mübarizə aparılan vaxtı fəaliyyət göstərib); Səhiyyə Nazirliyi – 495-40-15 və s. Hərbi çağırışla bağlı isə Müdafiyə Nazirliyinin bu qaynar xətt nömrələrinə zəng vurmaq mümkündür: 438-61-10, 439-23-55, 439-90-28, 439-55-14, 439-23-76, 438-61-31, 438-61-74. Hətta hava haqqında məlumatı da əldə etmək üçün qəliz telefon nömrəsi ilə zəng vurmaq lazımdır - 493 45 32.

Quş qripi yayıldığı ərəfədə quş qripi ilə bağlı xəbərlərin qəbul edilməsi üçün Səhiyyə Nazirliyində 421-13-93 nömrəli qaynar xətti, Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq xidmətində isə xəstələnmiş və ya tələf olmuş quşlar haqqında məlumat vermək üçün 563-41-52 nömrəsi istifadəyə verilmişdi.

Biz axşam, iş vaxtı bitdikdən sonra, Səhiyyə Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin qaynar xətt nömrələri ilə əlaqə saxlamağa çalışdıq və müəyyən olundu ki, yalnız 421-13-93 nömrəsi işləyir ki, bu da Sanitar-epidemioloji xidmətinin nömrəsidir.

Göründüyü kimi bu qədər rəqəmli nömrələri yadda saxlamaq qeyri-mümkündür. Yəqin məhz bu səbəbdən əhalinin bu sahədə məlumatlılığını artırmaq məqsədilə lazımi tədbirləri göstərərkən respondentlər ilk növbədə xaricdəki “911” təcili telefon xidmətini nümunə göstərək vahid nömrənin yaradılmasını təklif etmişlər (29,6%). İkinci yerdə qaynar xətt nömrələri göstərilmiş sorğu kitabçaların çap edilməsi (24,3%), sonra isə kütləvi informasiya vasitələrində, əsasən də televiziyada qaynar xətt nömrələrinin reklam kampaniyalarının keçirilməsi (20,1%), asan yadda qalan nömrələrdən istifadə edilməsi (10,7%), məlumatlandırıcı kampaniyaların təşkil edilməsi (9,5%) göstərilmişdir. Rəyi soruşulanların 1,8%-indən digər təkliflər gəlmişdir. Respondentlərin 4,0%-i isə bu suala cavab verməyə çətinlik çəkmişdirlər.

Respondentlər “109” sorğu xidmətinin yalnız 14:30-dək pulsuz işlədiyini, sorğu kitabçalarında isə verilən məlumat ya tam deyil, ya da səhv olduğunu qeyd etmişdirlər. Məsələn, bu günə mövcud olmayan 009 nömrəsi göstərilir və əksinə fəaliyyət göstərən 104 nömrəsi daxil edilməyib. Şəhərlərarası danışığın ödənilməsi haqqında məlumatın alınması üçün göstərilən 151 nömrəsi artıq iki ildir ki, “Access Bank”a məxsusdur və s.

Tədqiqatın bu mərhələsində təcili yardım xidmətlərinin qaynar xətləri ilə əlaqə saxlamaq imkanlarının öyrənilməsinin labüdlüyü müəyyən edildi. İlk növbədə hazırda ən əlçatan olan mobil telefonla əlaqə saxlamağı nəzərə alıb ölkə ərazisində fəaliyyət göstərən «Azercell», «Bakcell» və «Azərfon» (Narmobile) telefon operatorlarının təcili yardım xidmətləri ilə əlaqə yaradılma imkanları araşdırıldı.

Bəlli oldu ki, «Azercell» və «Azərfon» (Narmobile) operatorlarının istifadəçiləri üçün 101, 102, 103, 104 və 112 nömrəli xidmətlərlə əlaqə tam pulsuzdur. Lakin “Azərfon” (Narmobile) operatorunun saytında bu barədə ümumiyyətlə heç bir məlumat yoxdur, «Azercell»-in saytında isə ətraflı məlumat sual-cavablar bölməsində yerləşdirilib və onu axtarmasan oxumaq mümkün deyil.

«Bakcell» müştəriləri isə yalnız 102 nömrəsini birbaşa yığaraq pulsuz polislə əlaqə yaratmaq imkanına malikdirlər. Təcili tibbi yardım tələb olunduqda onlar əvvəl 012 rəqəmini (yəni 012 103) yığmalı, zəng üçün isə adi tariflə pul ödəməlidirlər (1 saniyyə - 1 kontur). Yanğın zamanı adət etdiyimiz 101 nömrəsini yığmaq mənasızdır, çünki 101 bu operatorda “Radio Antenn 101FM” radio kanalında səsvermə üçün istifadə edilir. 012 101 nömrəsini də yığmaq bir nəticə verməyəcək, belə nömrə «Bakcell»-də mövcud deyil. Burada yanğınla bağlı hamının yalnız 112 nömrəsini yığacaqları ehtimal edilir.

Təcili zənglərin pulsuz yığımını bütün telefon operatorlarının simsiz CDMA istifadəçiləri üçün də təşkil olunub.

Hazırda gün ərzində istənilən vaxt məlumat mənbəsi kimi İnternetdən istifadə imkanını və sorğularla əhatə etdiyimiz hər onuncu respondentin dünya şəbəkəsinin istifadəçi olduğunu nəzərə alıb Mərkəzin könüllüləri Azərbaycanın nazirliklər və müəssisələrinin rəsmi saytlarının monitorinqini keçirmişdirlər. Burada monitorinqin nəticələrinin bir hissəsi təqdim olunur.

Bütün dünyada bu məlumat mənbəsi ən geniş yayılan mənbədir. Maraqlıdır ki, A/H1N1 qripi pandemiyasına həsr edilmiş 2009-cu ilin 23 iyul tarixində Britaniya hökuməti tərəfindən açılan sayt oxucuların axınına tab gətirməyib bir neçə saatlıq öz işini dayandırmışdı. Saytın ilk iş saatlarında saniyədə 2600, yəni saatda 9,3 milyondan çox oxucu məlumat almağa çalışıb. A/H1N1 virusla bağlı ümumi məlumat, profilaktiki və müalicə üsullarından başqa Britaniyada yaşayanlar qrip əlamətləri olan pasiyentlər üçün anketi doldura bilərlər.

A/H1N1 bizim də rəsmi saytlarımızın diqqət mərkəzindədir. Nazirliklərimizin müvafiq saytlarında materiallar yerləşdirilib, əlaqə üçün nömrələr verilib. Məsələn, Xarici İşlər Nazirliyinin saytında infeksiyanın yayılması ilə bağlı vəziyyət, səfərə çıxanlar üçün səyahət xəbərdarlığı və profilaktik köməkliyi almaq məqsədilə müvafiq poliklinikanın telefonu və ünvanı verilmişdir. Dövlət Gömrük Komitəsinin saytında virusun ölkə ərazisinə düşməməsi məqsədilə həyata keçirilən tədbirlər və qaynar xəttin nömrəsi – 192 verilmişdir.

Səhiyyə Nazirliyinin saytında bu ilin iyul ayının 28-dən başlayaraq virusa yoluxmamaq məqsədilə profilaktiki tədbirləri, ölkəmizdə donuz qripi ilə bağlı vəziyyəti işıqlandıran materiallar yerləşdirilməyə başlanılıb. Saytın baş səhifəsində əhəmiyyətli telefon nömrələri kimi qaynar xəttin nömrələri verilib ki, bunlar da bir çox halda olduğu kimi yadda saxlamaq üçün o qədər də rahat deyil: 530 32 13 və 494 05 23. Lakin çox qəribədir ki, saytda təcili tibbi yardım xidməti, onun 103 nömrəli telefon nömrəsi, müxtəlif operatorlardan zəng etmə variantlarından heç bir məlumat yoxdur.

Vaxtilə quş qripi ilə bağlı böyük və əhəmiyyətli işlər görən Kənd Təsərrüfatı Nazirliyinin saytında nə o görülən iş barədə, nə də hazırda pandemiya təhlükəsi ilə bağlı nəzərdə tutulan və həyata keçirilən tədbirlər haqqında məlumat var. Üstəlik, Dövlət Baytarlıq Xidmətinin saytına verilən keçid səhv verildiyindən təcrübəsiz istifadəçi üçün sayta daxil olmanı mümkünsüz edir. Belə ki, www.vet.gov.az əvəzinə www.vet.got.az ünvanı göstərilmişdir.

Dövlət Baytarlıq Xidmətinin saytında donuz qripinə aid məlumat verilib, lakin əlaqə saxlayaraq lazımi məlumatı almaq üçün qaynar xətt nömrəsi verilməmişdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytının baş səhifəsində qaynar xətt haqqında məlumat və telefon nömrələri verilib, lakin bu nömrələr də 7 rəqəmlidir.

Baş Dövlət Yol Polisinin saytında təəssüf ki, nə “102” nömrəli telefon haqda, nə də digər qaynar xətlər barədə məlumat var. Ümumiyyətlə saytın özü görünür çoxdan təzələnmir. Məsələn, yol-nəqliyyat hadisələrinin profilaktikası üçün ən faydalı və vacib “Yol-nəqliyyat hadisələri” səhifəsində 2007-ci ilin ilk 9 ayı (!) üçün yol-nəqliyyat hadisələrinin statistikası verilmişdir, halbuki burada gündəlik və yaxud həftəlik yol-nəqliyyat hadisələri barədə məlumatı yerləşdirmək və onların heç olmasa bəzilərinin təhlilini vermək olardı. Bu eyni zamanda sayta marağı artırar və burada yerləşdirilmiş digər materialların oxunmasına stimul yaradardı. Saytın oxucuları üçün forum təşkil etmək, burada müzakirə edilən mövzularda DYP-nin mütəxəssislərinin cəlb etmək və saytı daha da funksional və populyar edən digər tədbirlər təşkil etmək olardı.

Ən yaxşı təşkil olunan saytlardan Daxili İşlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin saytlarını göstərmək olar. Daxili İşlər Nazirliyinin saytının baş səhifəsində qaynar telefon xəttlərinin 102 və 152 (insan alverilə bağlı qaynar xətt) nömrələri verilmişdir. Bütün xidmətlərin telefon nömrələrindən başqa, həm də qəbul günləri, saatları və qəbula yazılma şərtləri təqdim olunmuşdur.

Fövqəladə Hallar Nazirliyinin saytında qaynar xəttin telefon nömrəsinin (112) təqdimatı ilə bərabər bu nömrəyə müraciət edilməli problemlər haqqında müfəssəl məlumat yerləşdirilmişdir. Bu nömrənin ölkə ərazisindən bütün operatorlardan və xaricdən yığılma variantları, 102, 103, 104 nömrələrinə sonradan yönəltməklə (bu mexanizmin qüsursuz işləməsinin özümüz şahidi olmuşuq) ünvanlanan məlumatın qəbulu haqda informasiya var. Saytda nəinki bölmələr və xidmətlərlə əlaqə məlumatlar, həmçinin bu xidmətlərin vəzifələri tam açıqlanıb ki, bu da müraciət etdikdə lazımi xidmətin düzgün seçiminə köməklik edəcək. Saytda fövqəladə vəziyyətlər, profilaktiki tədbirlərin görülməsi və ekstremal vəziyyətdə düzgün davranış qaydaları verilmişdir. Demək olar ki, bu yeganə saytdır ki, burada “Əhalinin maarifləndirilməsi” səhifəsi var və o bu məqsədləri real həyata keçirir. Qeyd etmək lazımdır ki, 112 nömrəsi ilə bərabər saytda 101 nömrəsi də göstərilir, bu da saytın oxucularında bu nömrələrin bağlılığı və gələcəkdə yanğın zamanı məhz 112 nömrəsi ilə əlaqə saxlamaq vərdişini aşılamağa kömək edir.

Asan yadda qalan qaynar xətt telefon nömrələlrinin məsələsi bizim tərəfdən hələ üç il bundan əvvəl quş qripi ilə mübarizə aparılan zaman qaldırılmış idi. Lakin monitorinq bu gün vəziyyətin dəyişmədiyini aşkar etmişdir. Bu gün vəziyyət belədir ki, zərurət yarandıqda nazirlik tərəfindən nazirliyin telefon nömrələrindən biri (yeddi rəqəmli) qaynar xəttin nömrəsi kimi müəyyən edilir və bu nömrədə nazirliyin mütəxəssisləri və əməkdaşları müəyyən rejimdə növbə çəkərək məlumatları qəbul edir, sualları cavablandırırlar. Təhlükənin sovuşduğu qərara alındıqda bu nömrə artıq qaynar xətt kimi fəaliyyətini dayandırır. Nəticədə lazım olan anda nazirliyə məlumatın çatdırılması problemə çevrilir.

Beləliklə, bu günə mövcud olan əsas qaynar xətt nömrələri 101, 102, 103, 104 və 112 nömrələridir. 192, 193, 195 və digər məlumat xidmətlərinin telefon nömrələri fəaliyyət göstərir. Nazirliklərin çoxu tələb olunduqda yadda çətin saxlanılan nömrəli telefonları qaynar xətt kimi ayırır. Lakin hətta mövcud nömrələr barədə əhalinin məlumatlandırılması məsələsi zəif təşkil olunub. Beləliklə, tədqiqat nəticəsində fövqəladə hallar zamanı bu günə istifadə olunan operativ xəbərdarlıq sisteminin təkmilləşdirilməsinə zərurətin olması müəyyən olunmuşdur.



Yuxarıda qeyd olunanları nəzərə alaraq “ELS” Müstəqil Araşdırmalar Mərkəzi aşağıda göstərilənləri təklif edir:

  1. Hər nazirlik üçün üç rəqəmli telefon nömrəli qaynar xətt təşkili məqsədəuyğun olardı;

  2. Bu nömrələrə zəng pulsuz olmalı, gələcəkdə bu nömrələrdən sui istifadənin qarşısının alınması məqsədilə bütün zənglərin qeydiyyata alınması təşkil oluna bilər;

  3. Qaynar xətt gün ərzində fəaliyyət göstərməlidir. Lakin qaynar xəttə cavabdeh əməkdaşın iş rejimi qurum tərəfindən müəyyənləşdirilməlidir. Qalan vaxtda isə (məsələn, gecələr) qaynar xətt avtomatik qəbul rejimində işlədilərək alınan məlumatların sonradan təhlili təşkil oluna bilər;

  4. Qaynar xətlərin nömrələri əhalinin nəzərinə TV, radio, kütləvi çap vasitələri, küçə lövhələri, kitabçalar, təqvimlər və digər yerlərdə yerləşdirilən sosial reklamlar vasitəsilə çatdırıla bilər. Burada həm telefon nömrələri, zənglərin şərtləri, avtomatik qəbuledicilərlə davranış, ötürülən məlumata görə cavabdehlik və digər məsələlər açıqlana bilər;

  5. Fövqəladə hal yarandıqda (məsələn, A/H1N1 virusu ilə bağlı pandemiya təhlükəsi) hökumətin himayəsi ilə mərkəzləşdirilmiş saytın yaradılması nəzərdə tutula bilər. Bu saytda bütün müvafiq nazirliklər və qurumların məlumatları verilərək məsləhətlər, uyğun saytların linkləri və qaynar xətlərin nömrələri göstərilə bilər. Bəlkə də vaxt məhdudiyyətini nəzərə alıb belə saytların təşkilini FHN-ə həvalə etmək olar idi. Belə mərkəzləşdirmə vətəndaşların nazirliklərin saytlarında məlumatların yerləşdirilməsinin çevikliyindən asılı olmamağı, lazımi anda hərtərəfli və tam məlumatı əldə etməyə imkan yaradaraq səhv fikir və məlumatların yayılmasının qarşısının alınmasına zəmin yarada bilərdi;

  6. Televiziya kanallarında fövqəladə hallarda davranış və operativ xəbərdarlıq sistemi (qaynar xətlər, saytlar və s.) məsələlərinə həsr edilmiş rəsmi strukturlar və ictimaiyyətin iştirakı ilə maarifləndirmə verilişləri silsiləsinin təşkili məqsədə uyğun olardı.



www.els.az

info@els.az

Tel/Faks 012 449 81 95

Mob 050 334 10 14




Yüklə 50,47 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin