Ənvət Yusifoğlu (Börüsoy). «Çənlibel»in qurucularından və İH üzvlərindən biri «Qeyri-formallar»ın ilk qrupu 1986-cı ilin yayında, «Həvəskar birliklər və maraqlar üzrə klublar barədə Əsasnamə» qəbul edildikdən dərhal sonra öz varlıqlarını büruzə verməyə başladılar. Rəsmi statistikaya görə, artıq 1990-cı ildə SSRİ-də onların sayı 619-a çatırdı ki, bunların da 230-dan bir qədər çox hissəsi ictimai-siyasi və vətəndaş təşəbbüsü tipli qeyri-formal təşkilatlar idi.
O. Reşetnikovun yazdığına görə, «Yenidənqurma»nın ilk illərində «qeyri-formallar» öz fəaliyyətlərini dövlətin siyasəti çərçivəsində sürdürür və ciddi müxalifət roluna iddia etmirdilər. Onların varlığının özü artıq sovet sisteminə qarşı bir çağırış idi. Aşağıların təşəbbüsü ilə yaranan özfəaliyyət təşkilatları qeyri-ixtiyari olaraq, «Yenidənqurma» siyasətini və demokratik sosializm ideyalarını dəstəkləmiş olurdular. Onların fəaliyyətində iştirak kommunistlərin sayı kifayət qədər idi. Belə hesab edilir ki, sovet rejiminə qarşı müxalif olan «qeyri-formal hərəkat»a startı patiya və dövlət elitası içərisində islahatlara qarşı çıxan qruplar vermişlər. Bu qrupların bir qismi islahatların ləng getdiyini önə sürür, liberallaşmanın sürətinin azlığından, şəxsi mülkiyyətə keçidin qarşısında duran əngəllərin aradan götürülməsi üçün heç bir iş görülməməsindən şikayət edir, digər qrup isə, əksinə, ortodoksal kommunzm mövqeyindən çıxış edərək, həyata keçirilən islahatları leninizm yolundan, başqa sözlə, kommunizm quruculuğundan sapmaq kimi dəyərləndirirdi. Nəticədə «qeyri-formal hərəkat» iki ideya istiqamətində inkişaf edirdi. Bunlardan biri siyasi rejimin yenilənməsini, şərti olaraq, Qərb ölkələrindəki liberal dəyərlərə söykənən modeli dəstəkləyən «radikallar»a və cəmiyyətin inkişafının sosialist modelini saxlanmaqla, cəmiyyətin demokratikləşməsinə tərəfdar olan «mülayimlər»ə bölünən istiqamət idi. Digər istiqaməti isə əski rejimin saxlanılmasını, inzibati amirlik sisteminin möhkəmləndirilməsini tələb edən, stalinizmə qayıtmağın tərəfdarı olan konservativ müxalifətin izlədiyi istiqamət idi (8, s. 27).
Şübhəsiz ki, O. Reşetnikovun bu bölgüsü və şərhi həqiqəti tam doğru əks etdirir. Fəqət deyilənləri daha çox Rusiyada, Belorusda və Şərqi Ukraynada fəaliyyət göstərən təşkilatlara şamil etmək mümkündür. Çünki milli respublikalarda yaranan bənzər təşkilatlar hər şeydən əvvəl və daha çox milli məsələyə üstünlük verir və fəaliyyətlərini də bilavasitə bu istiqamətdə qururdular. Bu baxımdan Yenidənqurma illərində Azərbaycanda yaradılan «Çənlibel» adlı ilk qeyri-formal təşkilat deyilənlərə ən gözəl misaldır. Onun barədə bir qədər sonra ətraflı məlumat verəcəyik. Hərçənd ki, millilik daha çox milli məktəblərdə təhsil almış vətəndaşların qurduğu təşkilatlara xas idi. Rus dilində təhsil almışlar üçünsə liberal dəyərlər, o cümlədən demokratiya, azad bazar münasibətləri və s. daha çox önəm daşıyırdı. Belələri içərisində vaxtilə Azərbaycan Xalq Cəbhəsinin qurulmasında yaxından iştirak etmiş və hətta onun təşəbbüskarı kimi çıxış etmiş Zərdüşt Əlizadə, Leyla Yunus, Arif Yunus, Hikmət Hacızadə və s. kimi şəxsləri misal göstərə bilərik. Bununla belə, ermənilərin torpaqlarımıza göz dikməsi ilə qızışmaqda olan və zamanla kəskin xarakter alan Ermənistan-Azərbaycan münaqişəsi hər kəsi bu və ya digər dərəcədə «milli» olmağa məcbur edirdi.