Meydandan bir görüntü
11.25. İndiyədək Tyaqunovun müraciəti 5-6 dəfə təkrar edilib (hər 15 dəqiqədən bir). Meydanın ətrafı milis dəstələri ilə gücləndirilir. Hökumət evinin yuxarı (şimal) hissəsində 5 “İkarus”avtobusu (içi dolu əsgər) durub. Azərbaycan xalq hərəkatı 18-inci gündə möhkəm məngənəyə salınıb. Meydanda təxminən 5000 qalıb. Tələbələr (əllərində Azərbaycanın bayraqları, Lenin və Qorbaçovun portretləri) “Azərbaycan” mehmanxanası tərəfdə Lenin prospektinin girişini kəsiblər və meydanda əsgərlərlə üzbəüz qalın cərgə düzəldiblər. Bəli, camaatın meydandan zorla çıxarılacağı göz qabağındadır. İçəri adam buraxılmır. Heç nə tapmasalar adamları kənardan tam təcrid edib ac-susuz saxlayacaq və bu cür “sülh” yolu ilə dağılmasına nail olacaqlar. Döyülmə ehtimalı daha çoxdur. Hər iki halda xalq mənəviyyatca əzilmiş, məğlub edilmiş halda tərk etməli olacaq meydanı. Bu isə, sözsüz ki, xalq hərəkatının son nəfəsi deməkdir. İndi aydın olur ki, axşam S. Rüstəmxanlının şuxluqla dağılmaq təklifi düzgün qərar imiş. Hər halda, indinin özündə də ən doğru yol əzilməmiş (ruhən və cismən) halda kütləvi şəkildə meydandan çıxmaqdır. Ancaq camaat hələ yerində möhkəm durub. Nemət dediyindən dönmür. Mən nümayiş komitəsi üzvləri ilə məsləhətləşmək, bu işə əncam çəkmək üçün komitənin qərargahına gəldim. Səfər Alışarlı, İsa Qəmbərov, Aydın Məmmədov və başqaları burada idilər. Onlar da vəziyyət qarşısında aciz idilər və öz fikirlərini Sabir vasitəsilə xalqa yetirmişdilər.
11.55. Qərargahdan qayıdarkən əsgərlər meydana dönməyə icazə vermədilər. İçəri keçmək istəyən beş-on nəfər də gözləyirdi. Pənahi Makulunun oğlu da onların arasında.
12.20. İki əsgər gəlib sənədlərimi yoxladı və nə yazdığımla maraqlandı.
12.25. Mikayıl Mirzəyev (artist):
- Azərbaycana 110 min əsgər yeridilib. Əfqanıstana isə 100 min aparılmışdı. (Nümayiş komitəsinin qapısı ağzında söhbət edirik).
***
Saat təxminən 13.30-da gördüm ki, ayaq üstə dura bilmirəm: gözlərimin yaşı və burnumun suyu dayanmır. Ağzımı isti şərflə bağlasam da xeyri olmadı. Artıq gözlərimi aça bilmirəm. Yazı yazmağım isə daha mümkün deyil. Onsuz da, meydana buraxmırlar. Lenin prospektində daha iki tank səddini aşıb (Xaqani və 28 aprel küçələrinin tinində) 28 aprelə çıxdım və özümü taksiyə saldım. Evə çatıb yatağa düşdüm. Halım çox pis idi. Axşamüstü Ənvər Əliyev və Qorxmaz Məmmədov mənə baş çəkməyə gəldilər. Onlardan öyrəndim ki, mən gələndən sonra - saat 15-də camaat Ü.Hacıbəyov küçəsində əsgər səddini yarıb və meydana girib. Basabasda əsgərlərin dəyənəklərini əllərindən alıblar. Dəyənəkləri onlara qaytarmağı xahiş ediblər. 20-30 nəfar qaytarıb verib. Beləliklə, camaat bu gecə də orada qalıb. Təəssüf ki, xəstəlik yenidən meydana qayıtmağa mənə imkan vermədi.
***
Srağagün (ayın 2-si) Asif Əsgərov dedi ki, Baksovetdə İran konsulluğunun qarşısında xeyli adam yığışıb, milis Kommunist küçəsi ilə Axundov bağı tərəfdən yolları kəsib. Adamlar azərbaycanca və farsca şüarlar söyləyib, İranda edam edilən 5000 məhbusun ölümünə etiraz olaraq Xomeyniyə lənət yağdırırdılar. (Sonra mitinqdə Məmmədəli Müsəddiqdən öyrəndim ki, ölənlər müxtəlif millətlərdəndir və sayı da azdır; bu edamların bizim hərəkatla bağlılığı yoxdur).
***
Bu gün qəzetlərdə SSRİ xalq deputatları seçkiləri haqqında SSRİ qanunu və seçkilər haqqındaSSRİ AS RH-nin qərarı dərc edilib. Seçkilər 26 mart 1989-ildə olacaq» (3).
Sonrakı hadisələr barədə Nemət Pənahlı yazır ki, gecədən xeyli keçmiş Allahşükür Paşazadə gəlir. O da dağılışmaq lazım olduğunu söyləyir. Ümumi razılıq əldə edilmir. Edilməsi də mümkün deyildi. Çünki xoşluqla getmək Azərbaycan xalqına şərəf gətirməzdi və Meydanda qalan sonuncu 1000-1500 nəfər də buna heç cür razılaşmazdı (1, s. 182).
Məncə, Nemət rəqəmdə səhvə yol verir. Qalanları sayı 5000 nəfər olardı. Çünki səhər Meydanda olanlardan çox az adam oradan getmişdi. Gəlmək istəyənləri isə buraxmırdılar. Əks təqdirdə Meydanda 5000 yox, ən azı 200-300 min, bəlkə də daha çox adam olardı.
Nə isə cəmi 5000 nəfər və ya da Nemətin sözləri ilə desək, 1000-1500 nəfər qalmışdıq. Paşazadə və Vəli Məmmədov hələ meydanda idilər: «Kimlər idi bu 1000-1500 nəfər? Hamısı ürəyində Vətən və Millət sevgisi olan, bu yolda canından keçməyə hazır olan azadlıq aşiqləri idilər. Şeyxülislam və Vəli Məmmədov onları inandırmağa çalışır, onlarsa «Öldü var, döndü yox!» deyə şüar verirdilər.
Dostları ilə paylaş: |