Keçmiş DTK polkovniki E. Əliyev
Keçmiş DTK polkovniki Eldəniz Əliyevin “Yeni Müsavat”a verdiyi bu silsilə müsahibəsində “Çənlibel” təşkilatında DTK agenti var idi" fikrini səsləndirməsi sonralar mediada ən çox müzakirə olunan mövzular sırasında olub. Yada salaq ki, 1970-1992-ci illərdə dövlət təhlükəsizlik orqanlarında məsul vəzifələrdə işləyən E. Əliyev humanitar sahədə baş verən bütün proseslərə nəzarət funksiyasını həyata keçirdiyi üçün bu gün də aktual olan xeyli informasiyanın daşıyıcısıdır. “Yeni Müsavat”a açıqlamalarında xeyli ilginc faktlara toxunsa da polkovnik DTK arxivlərinin açılması məsələsinə qarşı olduğunu demişdi. Müsahibə boyu dəfələrlə bu fikrini müdafiə edən E. Əliyev iddia edirdi ki, DTK arxivlərinin açılması cəmiyyətdə ciddi qarşıdurma yarada bilər.
Müsahibə dərc olunan gündən xalq hərəkatında bu və ya digər şəkildə iştirak etmiş şəxslərin çoxu müxtəlif media orqanlarında səslənən fikirlərə münasibətlərini açıqlayıb. Diqqət çəkən odur ki, bir çoxları “Çənlibel” təşkilatında DTK agentinin kimliyindən xəbərdar olduğunu bildirib.
Onu da vurğulayaq ki, Azərbaycan milli-azadlıq hərəkatının özək təşkilatlarından biri sayılan “Çənlibel” daha çox Məhəmməd Hatəminin adı ilə bağlıdır. Ancaq qurum fəaliyyətdə olduğu müddətdə onun yalnız bir sədri olub - Vurğun Əyyub.
“Yeni Müsavat”a açıqlama verən Məhəmməd Hatəmi deyir ki, Eldəniz Əliyevin müsahibəsində heç bir fakt təhrif olunmayıb. Onun hərəkatda baş verənlər haqda fikirləri tam obyektivdir: “Biz o zaman DTK-nın "Çənlibel"i tam nəzarətdə saxlamaq üçün toplantılarımızı dinlədiyini, eyni zamanda niyyətlərimizi öncədən öyrənmək üçün aramızdan kimisə məxfi əməkdaşlığa cəlb etməyə çalışdığını bilirdik. O zaman Əbülfəz Elçibəy də bizim toplantılarımıza gəlirdi. Onu da DTK addım-addım izləyirdi. Biz onunla 15 il dostluq etmişik. Ancaq sonradan gördüm ki, o da, Vurğun Əyyub da təşkilatı dağıtmaq fikrindədir (1).
Yuxarıda sitat gətirdiyim məqalədə qeyd edilir ki, “Çənlibel”in sadəcə bir sədri olub - Vurğun Əyyub. Əlbəttə ki, bu doğru deyil, Vurğun Əyyubdan sonra quruma bir müddət tanınmış teatr rejissoru Ədalət Ziyadxanov başçılıq edib.
Nemət Pənahlı bununla bağlı bir xatirəsində yazır: ««Çənlibel»in beşinci iclasını da yaxşı xatırlayıram. Aktyor Mikayıl Mirzə ilə görüş nəzərdə tutulmuşdu. Lakin Mikayıl gəlib çıxmadı. Məlum oldu ki, ona «Çənlibel»də çıxış etməyi qadağan ediblər. Aktyorun dostu, mərhum Xəlil Rza Ulutürk tribunaya qalxdı. Bir neçə kəlmə aktyorun yaradıcılığından danışdıqdan sonra söhbət günün gerçəkliyinin tələb etdiyi məcraya düşdü. Demək olar ki, bütün düşünən başları eyni mövzu – Dağlıq Qarabağ məsələsi düşündürürdü. Son olaraq, bir-birindən kəskin müraciətlər qəbul etdik. 88-ci ilin yanvarında büronun iclasını keçirdik, uzun müzakirələrdən sonra Vurğun Əyyubovun yerinə «Az.konsert»in rejissoru Ədalət Ziyadxanovu sədr seçdik. Amma seçimimiz uğurlu olmadı. O həmin vaxtdan təşkilatın iclaslarına bir daha gəlmədi» (6, s. 122).
Bəli, Ə. Ziyadxanlını qorxutmuşdular, bu üzdən də o nəinki yeni funksiyasını həyata keçirmiş, hətta iclaslara gəlməyə belə son qoymuşdu. Əlbəttə, əgər o, agent olsaydı, belə yox, bunun tam əksini edərdi.
Vurğun bəyin Ədalət bəylə əvəzlənməsi hadisəsi öz əksini M. H. Tantəkinin «Acı həqiqətlər» kitabında belə tapıb: «Vurğunun gizli-gizli müəyyən dövlət idarələrinə çağrıldığı gözümdən qaçmırdı. Bir gün o, Azərbaycan SSR Həmkarlar İttifaqının mədəniyyət işlərinə baxan şöbə müdiri Həmid Abbasovun yanından gələrək mənə dedi: "Həmid Abbasov məni yanına çağırtdırmışdı. Xahiş etdi ki, vəziyyət yaxşı deyil, Çənlibelin fəaliyyətini saxlamaq lazımdır. Mən də saxlamağa söz verdim". Əməlli-başlı xəyanət idi. Möhkəm əsəbiləşdim. Ona: «Sən kimsən ki», - dedim, - «gedib orda-burda Çənlibelin taleyini həll edirsən?!» Vurğunu dərhal sədrlikdən çıxardıb, yerinə rejissor Ədalət Ziyadxanovu sədr seçdirdim. Bundan başqa, sədr dövlət idarələrinə gedərək orada Çənlibelin taleyi ilə oynaya bilməsin deyə, mənim tərəfimdən yazılan "Çənlibel Elmi-Ədəbi Birliyi"nin Yeni Məramnamə və Nizamnaməsinin 6-cı maddəsinə "b" bəndini daxil etdim. Burada deyilirdi ki, büro üzvləri öz aralarında "eyni müddətə birliyin iki nəfərdən ibarət sözçüsünü təyin edir (ona görə iki nəfər ki, arada satqınçılıq olanda o biri sözçü vasitəsi ilə bundan xəbər tuta bilək –T.). Sözçülər dövlət idarələrində, radio-televiziya və başqa kütləvi mətbuat orqanlarında birliyin səlahiyyətli nüma-yəndəsidirlər"» (4).
«Yeni Müsavat»da dərc edilmiş məqalədə söylənilən “Azərbaycan milli-azadlıq hərəkatının özək təşkilatlarından biri sayılan “Çənlibel” daha çox Məhəmməd Hatəminin adı ilə bağlıdır” fikri tamamilə doğrudur. Üstəlik də bu şəxs 17 gün sürən mitinqə, yəni Nemət Pənahlının ulduzu parlamağa başlayana qədər Azərbaycan Milli Azadlıq Hərəkatının aparıcı siması və əsas lideri olub. Güney Azərbaycanda doğulan Məhəmməd Hatəminin uşaqlığı da orada, yəni Güneydə, Azərbaycan Demokratik Respublikasını quranların arasında keçib. O özü uşaqlığını və “Çənlibel”ə qədər ki, həyat yolunu belə təsvir edib:
«Mən Hatəmi Tantəkin 1935-ci il iyulun 22-də Güney Azərbaycanın Astara şəhərində türk soylu əkinçi ailəsində anadan olmuşam. 1946-ci ildə yarımçıq qalmış ibtidai təhsilə də fars dilində bu şəhərdə başlamışam. Atam Hatəmi Fərzulla Hətəm oğlu Ərdəbilin Üçbulaq, anam Hatəmi Sitarə Cahangir qızı isə Astaranın Muğanlı (Qala) kəndindəndir. Savadsız, lakin çox zirək, bacarıqlı bir kişi olan atam Güney Azərbaycandakı 1945-1946-cı il milli azadlıq hərəkatının fəal iştirakçısı, fədai başçısı olmuş və bir ara Lisar cəbhəsinə komandanlıq etmişdir. Atamın yoluna qoşulub bu hərəkatda iştirak edəndə - Astara Gənclər Təşkilatına üzv olanda - mənim on yaşım vardı. Kiçik iştirakçısı olduğum Güney Azərbaycandakı bu milli hərəkat ictimai, siyasi, elmi fəaliyyətimə həyatım boyu hakim kəsilmiş, milli ruhumun, şüurumun özül daşını oluşdurmuşdur. Ancaq milli ruhumun, şüurumun inkişafı, biçimlənməsi, şüurlu millətsevər və türkçü olmam üçün Quzey Azərbaycana borcluyam.
Güney Azərbaycanda milli hərəkat qanlar içərisində susdurulunca, 1946-cı il dekabrın 12-də valideynlərimlə birlikdə 11 yaşında Quzey Azərbaycana mühacirət etmişəm.
Güney Azərbaycandakı on bir yaşına qədərki həyatım qayğısızlıq, mutluluq içərisində keçmişdir. Sovet Azərbaycanında mən bunu bir daha görməyəcək, ali məktəb bitirsəm də, bilgin olsam da ailəliklə daim yoxsulluq, ehtiyac, məhrumiyyət, zillət içərisində yaşayacayıq. Elə buna görə Sovetlər Birliyinə mühacirətimizi heç vaxt və heç cür özümüzə bağışlaya bilmədik. Sovet Azərbaycanında bizim nə köklərə düşdüyümüzü 1960-cı illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri olmuş M. A. İsgəndərova dediyim bu sözdən təsəvvür etmək çətin deyildir: "Biz namusagir olub sizin ölkənizdə yalnız dilənçilik etməmişik".
Ailəmizin Sovet Azərbaycanındakı fəlakətli, acınacaqlı yaşantısı Quzey Azərbaycan türk xalqının fəlakətli, acınacaqlı yaşantısının kiçicik parçası, nümunəsi olmuşdur. Milli gəliri başından aşıb-daşan xalqımızın bu dözülməz həyatı, məni başında rus şovinizmi dayanan sosializm soyğunçuluğuna, sosializm milli zülmünə, sovet quruluşuna qarşı vulkan kimi püskürdən başlıca amillərdən biri olmuşdur.
Quzey Azərbaycanda öncə Əli Bayramlının Qara-çola, ardınca Şamaxının 6 nömrəli kəndində, sonra Xudatın Çkalov kəndinin 4-cü şöbəsində, daha sonra Qu-banın H. Zərdabi kəndində yaşadıq, nəhayət mənim səyimlə Bakını özümüzə daimi yaşayış yerinə çevirməyi başardıq. 1947- dən 1967-ci ilə qədər, başqa sözlə desək, 20 il davam edən bu köçhaköç öz istəyimizlə olmamışdır. Bizi burdan ora, ordan bura ya sürgün etmişlər, ya siyasi mülahizə ilə köçməyə məcbur olmuşuq. 1953-cü il oktyabrın 4-də yağışlı, soyuq havada, üstüaçıq yük maşınında bizi Şamaxıdan Xudata bir saatın içində sürgün etdilər. Bu köçhaköç olmasa idi, bir yerdə qalıb qaymaq bağlamaq mümkün olsaydı, bəlkə də bu qədər zəlil köklərə qalmazdıq. Hər köçəndə nəyimiz vardı dağılırdı.
Dostları ilə paylaş: |