Məmməd İsmayıl
Bu sözləri deməyim səbəbsiz deyildi. Bakıda döymədiyim qapı qalmamışdı, amma axtardığımı heç cür tapa bilmirdim. Axtarışda olduğum həmin günlərdə qəzetlərin birində «Çənlibel» Elmi-Ədəbi Birliyinin elanına rast gəldim. Elanda bildirilirdi ki, birliyin ilk yığıncağı 1987-ci ilin 3 aprelində «Azərnəşr»in binasında keçiriləcək, giriş azaddır, maraqlananlar iştirak edə bilərlər. Bu dərnəyin iclaslarına qatılmağım üçün «Çənlibel» adı kifayət idi.
Beləcə, mən «Çənlibel»in ilk iclasından onun üzvü oldum və «yaşıl budaqlar»a gələn gəncləri dəfələrlə «Çənlibel»ə dəvət etdim. Amma onlardan ciddi reaksiya görmədim.
«Çənlibel» Bakıda adı ən çox hallandırılan təşkilat idi və mən bir müddət sonra onun büro üzvlərindən biri seçildim. Bu təşkilatdan danışanda Məmməd İsmayıl mənə demişdi ki, biz yalnız ədəbi proseslərə münasibət bildirə bilərik. İctimai-siyasi məsələlər bizim sahəmiz deyil. Mən isə ədəbiyyatımızı siyas-ictimai proseslərin aynası kimi görmək istəyirdim. İstəyirdim ki, ədəbiyyatımız və onun istedadlı nümayəndələri «sənət sənət üçündür» cəfəngiyyatından xilas olaraq, ədəbiyyatın, incəsənətin insanlar, millətlər və ən nəhayət, bəşəriyyət üçün zəruri və əvəzedilməz bir ehtiyac olduğunu anlasınlar, yaradıcılıqla məşğul olan istedadlı adamlar arzusunda olduğum ədalətli cəmiyyətin qurulmasında, sağlam mənəvi ab-havanın yaradılmasında fəal iştirak edərək, mənəvi kamilliyin yaranmasına xidmət etsinlər. Düşünürdüm ki, ədəbi prosesin əsas işi yalnız ictimai-siyasi həyat və mənəvi, ruhani kamillik ola bilər.
Əgər özümü bütünlüklə «Çənlibel»ə həsr etməsəydim və bu istiqamətdəki fəaliyyətim boş vaxtımın çoxunu əlimdən almasaydı, yəqin ki, «Yaşıl budaqlar»la əlaqəmi üzməzdim. Amma üzmək məcburiyyətində qaldım. Elə ilk görüşdən «Çənlibel»in mənəvi lideri Məhəmməd Hatəminin rəğbətini qazandım» (6, s. 95-97).
Bütün bu deyilənlərlə yanaşı qeyd etməliyik ki, ölkəmizdə fəaliyyət göstərən bu tip təşkilatın ilk dəfə yaradılmasına rəğmən, keçmişdə bəzi vətənpərvər insanlar da siyasi məqsədlərlə müəyyən ədəbi-bədii tədbirlər keçirməyə və altdan-altdan iş görməyə cəhd etmişdilər. Bu baxımdan Nəsir Ağayevin aşağıdakı xatirələri deyilənlərə misal ola bilər. Onun xatirələrini dilindən qələmə almış E. Cəfərli və T. Ağayev yazırlar:
«1982-ci ilə qədər davam edən, bəlkə də qeyri-rəsmi xarakter daşıyan dindirmələr onunla nəticələndi ki, tanışlar, qohumlar, qonşular Nəsirgilin ailəsi ilə kəlmə kəsməkdən belə qorxmağa, çəkinməyə başladılar. Daim DTK-nın nəzarəti altında olan Nəsir Ağayevin dostları, qonşuları, hətta qohumları ondan yan gəzir, onunla qorxa-qorxa, ətrafına diqqət yetirə-yetirə salamlaşır, tez də ötüb keçirdilər. Bütün bunları Nəsir görür, bilir, amma özünü o yerə qoymurdu. Həmin anlar öz əksini müəyyən qədər onun ilk dindirmədən sonra qələmə aldığı “Taleyimin sonu” adlı bədii - publisistik yazısında tapmışdı.
Artıq bütün gizli təşkilatların və onlarn üzvlərinin, demək olar ki, böyük əksəriyyəti nəzarət altında idi. Onların qrup şəklində yığışmaları təhlükəli idi. Odür ki, Nəsirin göstətişi ilə bütün əlaqə və görüşlərin fərdi qaydada gerçəkləşdirilməsi qərara alındı və bu qərar hər kəsə çatdırıldı. İnsanları bir araya gətirmək və təbliğati işi davam etdirmək üçün isi yeni forma tapıldı. 1983-cü ildən 1986-ci ilə qədər hər il Buzovna, Mərdəkan və digər yerlərdə “Şəhriyar poeziya günləri” adı altında toplantılar düzənləndi. Onları keçirməklə Azərbaycanın birliyi ideyasını geniş kütlələrə, xüsusən də gənc nəslə təlqin etməyə çalışırdılar və əldə etdikləri nəticə gözlədiklərindən də yaxşı oldu.
Bu tip tədbirlərin ilki 1983-cü il fevralın 13-də ilk dəfə 55 saylı texniki peşə məktəbinin foyesində keçirildi. Tədbirdə Söhrab Tahir, Xəlil Rza, Alı Mustafayev, Maştağalı Seyidağa, Nardaranlı Mail, Əhmədağa Muğanlı, Mürsəl Həkimov, qəzəlxan Sərraf, Yusif Bağırov, Sabir Əmiri, Qulamrza Cəmşidi və başqaları iştirak edirdilər. Bu tədbirin ssenarisi və təşkilati məsələləri Nəsir Ağayev tərəfindən hazırlanmışdı. 125 saylı orta və 55 saylı peşə məktəblərinin şagirdləri Şəhriyarın “Vətən həsrətli” və “Heydər babaya salam” poemalarından nümunələr söyləyərək görüş iştirakçılarını vəcdə gətirirlər.
Xəlil Rzanın təlatümlü, qarşısıalınmaz qasırğanı xatırladan çıxışı peşə məktəbinin hüdudlarını aşaraq bütün Bakı kəndlərində əks-səda yaradır. Çıxışın əks-sədası, təbii ki, müvafiq dövlət orqanlarına, o cümlədən təhlukəsizlik orqanlarına da çatır. Səhəri gün Nəsir işə gələrkən məktəbin direktoru Salman Əliyev ona yaxınlaşaraq deyir:
“Ay Nəsir müəllim, Xəlil Rza dünən elə danışdı, elə fırtına qopartdı ki, indi məni KQB-yə (DTK-ya) çağırıblar. Aləm bir-birinə dəyib. Əslinə baxanda, mən heç nədən qorxmuram. Bir də ki, sən nə istəsən, mən ikiəlli onu müdafiə edəcəyəm. Buna əmin ola bilərsən”.
Artıq sözə ehtiyac yox idi, hər şey onsuz da aydın idi, artıq “yuxarılar” 55 saylı texniki peşə məktəbində keçiriləcək bütün tədbirlərə güclü nəzarət edəcəklər. Əslində isə, nəzarət onsuz da vardı və güclü idi.
v
Dostları ilə paylaş: |