Əlverişli təbii-coğrafi şəraiti olan Azərbaycan ərazisi dünyada insanın formalaşdığı ilk məskənlərdəndir



Yüklə 12,01 Mb.
səhifə34/201
tarix02.01.2022
ölçüsü12,01 Mb.
#2221
1   ...   30   31   32   33   34   35   36   37   ...   201
Şair Rüstəm Behrudi
“Vətən” adlı bir şer oxudu. Kütləni Qarabağı verməməyə çağırdı. Sonra Azərbaycan LKGİ MK-nın birinci katibi Sahib Ələkbərov söz aldı. Tələbələrə müraciətlə dedi ki, bu məsələ dünən Moskvada müsbət həll olunub. Ona görə də bugünkü təlaş artıqdır.

S. Ələkbərov 10-15 dəqiqə danışdı, ancaq dağılışmaq təklifi gələndə ona qulaq asan olmadı. Bu vaxt təklif etdilər ki, Anar danışsın. Anara səsucaldan veriləndə tələbələr əl çaldılar. O da başladı ki, əl çalmağınızdan görürəm ki, məni tanıyırsınız. Onu da soruşdu ki, mənə inanırsınızmı? Tələbələrin çoxu “bəli” cavabı verdi. Bundan sonra Anar dedi ki, mən də öz Vətənimi, xalqımı sizdən az istəmirəm. Ancaq bu məsələ dünən müsbət həll olunub, ona görə də təlaşa ehtiyac görmürəm.

Hər yandan səslər ucaldı: “Bəs orada qırılanlar!”, “Bəs zülm çəkən camaat!”, “Orada millət məhv olur, siz “dağılışın” deyirsiniz!” və s. Anar da çıxışını yarımçıq kəsməyə məcbur oldu. O, sözü Neft və Kimya İnstitutunun rektoru İsmayıl İbrahimova (tələbələri ilə gəlmişdi) verdi, dedi ki, mənə qulaq asmırsınız, gəlin görkəmli alimimizi dinləyək. Ancaq ona da heç kəs qulaq asmadı.

Behrudi camaata dedi ki, gəlin gedək Mərkəzi Komitənin qabağına, öz sözümüzü orada deyək. Anar ikinci dəfə danışdı, fitnəyə uymamağa, ehtirasları cilovlamağa çağırdı, ancaq onu eşitmədilər.

Beləliklə, hamı Neftçilər prospekti ilə Mərkəzi Komitəyə doğru yönəldi. Anar, Elçin, 26-lar rayon partiya komitəsinin birinci katibi Xəlil Xəlilov, raykomun işçiləri və başqaları tribunadan düşüb arxadan gəlməyə başladılar.

Saat 11 olardı.Mən də camaata qoşuldum. Elə bu vaxt vəndamlı eloğlum, Fizika İnstitutunun xüsusi konstruktor bürosunda işləyən Müsavərlə görüşdüm. Onunla birgə söhbət edə-edə getdim. Biz “Azərbaycan” mehmanxanasının tininə çatmağa az qalmış gördük ki, qarşıdan hay-küy qopdu. Ürəyim yerindən çıxdı ki, deməzsən, tələbələr dava salıblar (Nümayiş qurtaranacan o qədər həyəcan keçirirdim ki, beyni qızmış tələbələr hər hansı avantüra iləsə xata qayıra bilərlər və bundan da düşmənlər o saat istifadə edər). Tələsik irəli cumduq, bəlli oldu ki, Pedaqoji İnstitutun tələbələri də camaata qoşulublar, bu səs də əslində “xoş gəldin!” sədalarıdır.

Sonradan məlum oldu ki, pedaqoji, tibb, xarici dillər və başqa institutlarda qapıları bağlayıb tələbələri çölə buraxmayıblar. Gələnlər müqaviməti qırıb qaçanlar imiş. NKİ, Az.Pİ, Az.İMİ və ADU tələbələri öz rektorlarının başçılığı altında gəlmişdilər. Onlar da (rektorlar) tələbələrin qarşısını ala bilməyib, heç olmazsa peşmanlıq olmasın deyə, nəzarət xatirinə tələbələrinə qoşulmuşdular. Yerdə qalan rektorlar “siyasi sayıqlığı” itirməmişdilər. Düzdür, onlar da tələbələrin hamısı ilə bacarmamışdılar, ancaq, hər halda, qapıları bağlatdırmaqla da olsa “vəzifə borcu”ndan çıxmışdılər.

Neftçilər prospektində bütün nəqliyyat dayanmışdı. Tələbələrə yeni-yeni qüvvələr qoşulurdu. Biz Azərneft meydanına yetişəndə gördük ki, izdihamın başı Mərkəzi Komitə binasının qarşısına çatıb dayanıb. Camaatı yara-yara keçdik (yolda Müsavəri itirdim). Onsuz da ağır eşidən qulaqlarımdan şikayətliyəm deyə yaxına düşməyə çalışırdım. Mərkəzi Komitə binasının qarşısındakı hündür səkinin üstünə xeyli adam toplaşıb kütləyə müraciət etmək istəyirdi.

Mən MK ilə Bakı Komitəsi binaları arasında durmuşdum. Ətrafa baxdım - Mərkəzi Komitənin bütün yanları, Filarmoniyanın hər iki qabağı (yolayrıcı) adamla elə dolmuşdu ki, iynə atsaydın, yerə düşməzdi. Burada ən azı 10-15 min adam vardı.  Təxminən saat 12-də mitinq başladı. Yenə həmin səsucaldan, yenə Şərqşünaslıq İnstitununun həmin işçisi Mənsur Əliyev. O, ilk söz aldı, Lenin prinsipləri əsasında milli hüquqlara hörmətdən, Qarabağa sədaqətdən danışdı.

Buvaxt Mirzə İbrahimov da xalqlar dostluğunun qüdrətindən, Nizaminin “Yeddi gözəl”indən, Sayat-Novadan söz saldı. Nərimanovdan (yəqin ki, “Bahadır və Sona”dan) da danışmaq istəyəndə qışqırtılar onu çıxışını yarımçıq kəsməyə məcbur etdi. Yenə Anara söz verdilər (Behrudi dedi ki, biz yalnız ona inanırıq).

Anar müəllim kütləni sakitliyə, emosiyalara uymamağa çağırdı. Dedi ki, bir xalq ki öz yazıçısına inanmır, o xalq da, o xalqın yazıçıları da bədbəxtdir. Biz istəmirik ki, bu iş sonra başqa məcraya düşsün, çünki hər hansı bir qığılcım sizi avantüraya çəkə bilər. Qazaxıstan əhvalatını unutmaq gərək deyil.

Bura çatanda tələbələr Anarı da küyə basdılar. O, çox, lap çox pərt oldu. Mən inanıram ki, Anarın bəlkə də ən sərt ürək ağrısı duyduğu anlardan biri bu vaxta düşüb. Sonrakı natiqlərdən birisi təklif etdi ki, Qarabağ məsələsini Qorbaçovla Reyqanın qarşıdakı görüşünə daxil etmək gərəkdir.

Çıxışlarda yenə  Qarabağda,  Ermənistanda yer adlarımızın kütləvi dəyişdirilməsinə etiraz bildirildi, Avakyan küçəsinin, başqalarının adının dəyişdirilməsi tələb edildi, Qarabağ ətrafında səs-küy qaldıran Ağanbeqyan, Balayan kimi mürtəce ziyalıların cəzalandırılması çağırışları səsləndi.

Bakı Komitəsinin katibi, keçmiş ticarət naziri Svetlana Qasımova danışmaq üçün iki dəfə çalışdı, ancaq ona imkan vermədilər.

Mərkəzi Komitənin inzibati orqanlar şöbəsinin müdiri Məhəmməd Əsədov bildirdi ki, bir neçə gün qabaq Azərbaycan KP MK-nın II katibi Konovalovla birlikdə Qarabağda idim. Orada həyatnormal olmasa da ölüm-itim yoxdur, heç kəsin burnu da qanamayıb.

Ona da inanmadılar. Bu vaxt Süleyman Rüstəm pilləkanlarla qalxmağa başladı (görünür, zəng edib gətirmişdilər). Dedi ki, biz, yə ni mən, Mirzə İbrahimov, Anar, Elçin və başqa yazıçılar Moskvaya məktub göndərib bu hadisəni yaradanlara etirazımızı bildirmişik. Ancaq indi məsələ həll olunub. Gəlin elə edək ki, düşmənlərimiz bundan istifadə etməsinlər.

S. Rüstəmin sözlərinə də baxıb dağılışan tapılmadı. Elçin söz aldı. Doğrudur, mən onu çox dinləməmişəm, şəxsi yaxınlığım da olmayıb, ancaq televiziyadakı bir-iki söhbəti o qədər də xoşuma gəlməmişdi. Bu dəfə isə o, təmkini, iradəsi, bəlağəti və məntiqi ilə camaata güclü təsir etdi (düzdür, o da izdihamı dağıtmağı bacarmadı). O dedi ki, sizin hamınızı bura vətənpərvərlik duyğuları gətirib, o duyğular bizdə də var. Siz torpağınızı sevən kimi biz də özümüzü vətənpərvər sayırıq. Ancaq ən yüksək səviyyədə - Qorbaçov səviyyəsində bildirilib ki, Mərkəzi Komitədə Qarabağ məsələsinə baxılmayıb, baxılmır və baxılmayacaq (Bu üç sözü Anar da demişdi). Düzdür, bir çox həll olunmamış problemlər var ki, onları bu cür qızğın ehtirasla yox, sakitliklə həll etmək olar.

Ona da yerdən qışqırdılar ki, bəs niyə mətbuatda, televiziyada danışmırsınız? Elçin söz verdi ki, bu haqda hökmən televiziyada da, mətbuatda da çıxış edəcəklər (Sonra sözünün üstündə o da, Anar da durdu). Elçinin dağılışmaq təklifi də nəticə verməyəndə mənim ürəyim əsməyə başladı - kütlə qızışıb, qan-qan deyir, hamı “ermənilərə ölüm!” qışqırır, Ağanbeqyanı, Balayanı lənətləyir. Bircə düşmən fitnəsi, bircə araqarışdıran hayı gərəkdir ki, “Neftçi” “Ararat”a uduzanda stadionu yandırmağa, stadion ətrafında mağazaları dağıtmağa, maşınları çevirməyə, hasarları uçurmağa vərdiş etmiş kütləni bu işlərə yönəltsinlər. Sonra isə bu ehtiraslar millətlər qırğını ilə də nəticələnə bilərdi. Ona görə də Elçinin çıxışından sonra da kütlənin hələ yerində möhkəm durduğunu, dağılışmaq istəmədiyini görəndə ürəyimdə düşünürdüm ki, yaxşı, bir saat, iki saatda duraq, sonra nə olacaq? Aradan keçən hər dəqiqə isə ehtirasları cuşa gətirirdi.

Hiss edirdimki, çiynimə getdikcə ağır-ağır yüklər qoyulur. Çıxışçılar duran səkidə də bir müddət qarışıqlıq oldu. Bir də gördüm ki, əlyazmalar İnstitutunun əməkdaşı, özü də qarabağlı (ağdamlı) olan Söhrab Bayramov da buradadır. O, Əsədovla xeyli söhbət edəndən sonra camaata üz tutdu. Düzdür, Svetlana Qasımova “Xvatit mitinqovat!” (Bəsdir, mitinq etdini! – B. T) deyə ona aşağı düşməyi əmr etmişdi (bunu mənə Söhrab sonra danışdı), ancaq yerdən olan tələblərlə Söhrab da söz alıb camaatı sakitləşdirmək istədi. Təəssüf ki, o, səsucaldanın ağzını kənara tutduğu üçün çox sözlərini eşitmədim.

Bəli, çıxış edənlər daha yoxdur, getmək, dağılışmaq həvəsində olanlarsa onlardan da azdır. Bunun axırı, sonu hara gedəcək? Nə ilə qurtaracaq? Həmin Behrudi bu vaxt vəziyyəti öz əlinə aldı və gənclərə üz tutub bildirdi ki, artıq işimizi qurtardıq, gücümüzü göstərdik, sözümüzü dedik, daha dağılışa bilərik. Və saat 1-in yarısında o nəhəng izdiham heç bir xəta törətmədən, çox mədəni şəkildə dağıldı. 

Doğrudur, bu mitinq kortəbii təşkil edilmişdi, bir çox qorxaq rektorlar tələbələrini buraxmamışdılar, kütlə də az qoşulmuşdu, hər şeydən qabaq isə bir az gec keçirilmişdi (gərəkən azı 1-2 ay qabaq olaydı!), ancaq, hər halda, sübut etdi ki, Azərbaycan xalqı o qədər də ölü deyil və öz torpaqları uğrunda vuruşmağa hazırdır!» (9).

Sözügedən mitinqdən sonra M. H. Tantəkinin başına gələnlər çox maraqlıdır. O bu barədə yazır: «Bir neçə gündən sonra Azərbaycan KP MK-nın ideoloji işlər üzrə dövlət katibi Ramiz Mehdiyev məni yanına çağırtdırdı. Ə. Daşdəmirovun iştirakı ilə keçən görüşdə katib söhbətə belə başladı: "Sizin haqqınızda əlimizdə kifayət qədər məlumatımız vardır. Energiyalı, təşkilatçı adamsınız. «Çənlibel»dən də xəbərimiz vardır".

Bu kiçik müqəddimədən sonra o, işlərim və necə dolanmağım barədə suallar verməyə başladı. İntizarına qarşı heç nədən şikayətlənmədiyimi görüncə və buna təəccüb edincə, əlacsız qalıb əsil mətləbə keçdi. "Hatəmi müəllim», - dedi,- «bildi-yiniz kimi erməni yoldaşlar Dağlıq Qarabağı Ermənistana qarışdırmaq fikrinə düşmüşlər. Bununla əlaqədar olaraq bizdə də vəziyyət gərginləşmişdir. O gün Bakıda nümayiş olub, nümayişdə siz də iştirak etmisiniz. İki qonşu xalq arasında münasibətlər korlanmasın, kəskinləşməsin deyə, belə nümayişlərin qarşısını almaq, xalqı soyuqqanlılığa, sakitliyə dəvət etmək lazımdır. Ermənilər o tərəfdən, biz bu tərəfdən qızışa-qızışa getsək, bunun axırı pis qurtarar. Bizim hamımızı qıra bilərlər".

Ona cavab verdim:

"Mən ogünkü nümayişin sadəcə iştirakçısı olmuşam. Xalqı soyuqqanlılığa, sakitliyə dəvət etməyə gəlincə, prinsip etibarilə sizinlə razıyam. Məsələ burasındadır ki, Nəriman Nərimanovdan başlamış üzübəri Azərbycanın bütün dövlət başçıları kabinetlərdə oturub, nəyinsə xatirinə, torpaqlarımızı ona-buna dağıtmaqla məşğul olmuşlar. Odur ki, xalq daha heç kimə inanmır, vətənin müdafiəsinə özü qalxmışdır. Sizlərin vəziyyətiniz elədir ki, ermənilərin Dağlıq Qarabağ tələbinin qarşısında dura bilməyəcəksiniz, amma heç olmasa müqavimət göstərməkdə xalqa maneçilik törətməyin".

Sözlərimə bunu da əlavə etdim:

"Azərbaycan dövlətinə tövsiyyəm budur ki, Ermənistana verilmiş torpaqlarımızı geri istəyəsiniz. Bu, Dağlıq Qarabağı müdafiə etməyin ən yaxşı yoludur".

Bir xeyli söhbətdən sonra aramızda fikir birgəliyi alınmadan R. Mehdiyevdən ayrılıb, Ə. Daşdəmirovla onun kabinetinə gəldik. Cənabı Çənlibel maraqlandırırdı. Sorğularına verdiyim cavabda təşkilatı siyasi profildən, fəaliyyətdən uzaq tutaraq, onu sırf elmi-ədəbi birlik kimi qələmə verdim. İnanmıram ki, mənə inandı» (5, s. 16-17).

Bəli, «Çənlibel» artıq o dövrdə çox populyar idi və «yuxarılar»ı narahat etməyə başlamışdı. Bu «narahatçılıq» N. Pənahlının aşağıdaki xatirəsindən də açıq-aydın görünməkdədir:

«…Zavoddakı fəaliyyətimlə «Çənlibel»dəki fəaliyyətim mənim bütün vaxtımı aparırdı. «Çənlibel»də Xudu Məmmədovu gördüm, Məhəmməd Hatəminin, Xudu müəllimin çıxışlarına qulaq asdım. Orada Aydın Məmmədovla, İsmayıl Tariqpeymayla, Tağı Xalisbəyli ilə, Sabir Rüstəmxanlı ilə, Firudin Cəlilovla, Əbülfəz Əliyevlə, Bəhmən Sultanlı ilə, Fərman Kərimzadə ilə və başqalarıyla yaxından tanış oldum.




Yüklə 12,01 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   201




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin