Aydın Məmmədov
«Çənlibel»in ilk iclasından sonra Məhəmməd Hatəmiyə yaxınlaşdım və təşkilata üzv olmaq istədiyimi bildirdim. O, istəyimi məmnuniyyətlə qəbul etdi və dedi ki, «Çənlibel»ə üzv olmaq üçün heç bir məhdudiyyət yoxdur, kim istəsə, üzv ola bilər. Dedim ki, sadəcə üzv olmaq istəmirəm. Mən çox qapılar döydükdən sonra bura gəlmişəm, «Çənlibel»in adı, sizin məruzəniz mənə çox şeylər deyir. Bütün vaxtımı məmnuniyyətlə bu təşkilata sərf etməyə hazıram. Buna görə də xahiş edirəm ki, «Çənlibel»də məndən fəal bir üzv kimi istifadə edəsiniz.
Elə həmin gün söhbət edə-edə, dəniz kənarındakı «Nu poqodi» çayxanasına gəldik. Təxminən gecə saat 11-12-yə qədər çayxanada söhbət etdik. Bu söhbətlərdən sonra mənə artıq hər şey aydın idi. Yanılmamışdım. Bu insanlarla fikirlərim çox şeydə tamamilə üst-üstə düşürdü: Azərbaycanın müstəqilliyi, şimallı-cənublu Azərbaycanın birləşməsi nəyin bahasına olursa-olsun, sovet imperiyasının caynağından qurtarılması…» (6, s. 107-108).
«…Ağambekyanın Fransada çıxan «Humanite» qəzetinə verdiyi müsahibə ilə qızışan hadisələr, Zori Balayan tərəfindən yandırılan «Ocağın» gözlərimizi acışdıran tüstüsü, Siva Kaputikyanın Mərkəzi televiziyada oxuduğu türkləri lənətləyən, erməniləri onlara qarşı intiqama səsləyən şerlərinin ardınca axıtdığı saxta göz yaşları «həyacan təbili» çalmaq üçün ciddi əsas yaratsa da, çoxları «Erməni bizə nə edə bilər ki?» deyirdi. Amma «Çənlibel» öz iclaslarında məsələyə dərhal reaksiya verərək, hürküb-çəkinmədən hadisələrin mahiyyətini açıqlayır və «həyacan təbili» çalırdı. Amma bu təbil respublika rəhbərliyini və ölkə «ziyalı»larını oyatmadı. Nəticədə Milli Azadlıq Hərəkatı başladı. Daha dəqiq desək, Dağlıq Qarabağdan türklərin qovulması Milli Azadlıq Hərəkatına təkan verdi. Hərəkatın liderlərini də tarixi zərurət meydanlara çıxardı. O zaman bu hərəkatı istənilən məcraya yönəldə biləcək yeganə qüvvə «Çənlibel» idi. Bunu düşmən də bilirdi…
Respublika rəhbərliyinin maymaqlığı sayəsində baş vermiş «Sumqayıt təxribatı»ndan sonra Kamran Bağırovun Əbdürrəhman Vəzirovla əvəzlənməsi Moskvanın yeni siyasi gedişi idi. Vəzirovun geydiyi «mələk libası» bunu gizlətmək imkanında deyildi. Mən onunla elə ilk görüşümdən sonra anladım ki, onun məqsədi Milli Azadlıq Hərəkatını pozmaq, onu öz məhvərindən çıxartmaq və düşmən dəyirmanına su tökməkdir.
Azərbaycanda hakimiyyətə gəlməsinin elə ikinci günü bizim zavoda, özü də düz mənim çalışdığım sexə gəldi. Niyə məhz bizim zavoda və niyə məhz bizim sexə? Sualın cavabı çox sadədir. Çünki Milli Azadlıq Hərəkatının ocağı «Çənlibel» təşkilatı, şölələnməyə başladığı yersə bizim zavod idi.
Həmin görüşdə fəhlələrin nümayəndəsi kimi mən də çıxış etdim. Çıxış edən fəhlələrin hamısı sosial-iqtisadi qayğılarından danışır və heç nədən çəkinmirdilər. Məndən daha kəskin danışanlar da oldu və bu məni çox sevindirdi. Fəhlə dostlarımın bu mətinliyi mənə ruh verdi və bir daha əmin oldum ki, illərdən bəri zavodda apardığım mübarizə nəticəsiz qalmayıb.
İşlədiyim 12-ci sexdə baş tutan görüş və fəhlələr tərəfindən edilən sərt çıxışlardan sonra Vəzirov bizə görüşü sabah, onun iqamətgahında davam etdirməyi təklif etdi və bizi qəbul edəcəyini söylədi. Ertəsi gün zavoda gələn Nərimanov rayon Partiya Komitəsinin katibi R. Allahverdiyev mənə yaxınlaşaraq dedi ki, «sən də görüşdə mütləq iştirak etməlisən və səndən başqa daha iki nəfər də gedə bilər. Beləliklə, mən, Qivami və Kamal R. Allahverdiyəvə qoşulub Mərkəzi Komitəyə yollandıq. Yolda Allahverdiyev Vəzirovu ağız dolusu təriflədi və məsləhət gördü ki, onun qəbulunda özümüzü mədəni aparaq» (6, s. 110-111).
Nemət Pənahhlının yazdığına görə, Vəzirov ağzını açan kimi onun sözünü kəsərək, rus dilini bilmədiyini və Azərbaycan dilində danışmasını xahiş edir: «Dedim, əgər məni görüşə çağırmısansa, danışmaq istəyirsənsə, ana dilimizdə danış. Mən rus dilini bilmirəm. O da məcbur olub yarı rus, yarı ana dilimizdə danışdı. Biz də sözümüzü dedik. Sonra yenə o danışdı və görüşün sonunda üzünü mənə tutub «Pənahov, sən qal, səninlə ayrıca söhbətim var» - dedi.
Dostları ilə paylaş: |