Əbdürrəhman Vəzirov
Təklikdə apardığımız söhbətdən o dəqiqə anladım ki, onu mənim Heydər Əliyevlə və ya onun adamları ilə hər hansı bir əlaqəmin olub-olmaması maraqlandırırmış. O öncə, Heydər Əliyevi təriflədi, dost olduqlarını söylədi və dediyim sualı verdi. Nə Heydər Əliyevlə, nə də onun hər hansı bir adamı ilə heç bir əlaqəmin olmadığını söylədim. Dedim ki, məni narahat edən şey millətimin taleyidir. Bu millət üçün qazılmış quyunu görürəm və məqsədim də milləti fəlakətdən xidmət etməkdir. Bildirdim ki, Ermənistan rəhbərliyi hər şeyi «xalqın iradəsi»nə bağlayır. Bizim rəhbərlik isə millətin başından basır, millətin görən gözünü çıxartmaq istəyir. Sizin yeganə yolunuz xalqla birləşməkdir.
Hiss etdim ki, səmimiyyətimə inanmır və məni Heydər Əliyevin adamı sayır, Heydər Əliyevin adamlarının ssenarisi ilə hərəkət etdiyimi düşünür. Şübhəsiz ki, mənim Heydər Əliyevlə bağlı olmağım düşmən şaiyəsi idi» (6, s. 111).
Daha sonra zavodda keçirdikləri Novruz bayramından söz açan N. Pənahlı R. Allahverdiyevin ondan «Çənlibel»ə getməməsini və fəhlələri də özü ilə aparmamasını xahiş etdiyini yazaraq bildirir: «…Rəfail müəllim məndən xahiş etdi ki, bir daha «Çənlibel»in iclaslarına getməyim. Mən güldüm… O dedi ki, özün getsən də, fəhlələri ora aparma. Razılaşmadım. «Çənlibel»in məqsəd və hədəflərindən söz açaraq dedim ki, «Çənlibel» elmin, tarixin, ədəbiyyatın müxtəlif sahələri üzrə qavramların genişləndirilməsinə xidmət edir. Və biz ora heç kəsi zorla aparmırıq. Fəhlələr də mənim kimi şüurlu insanlardır. Mən onlara deyə bilmərəm ki, «Çənlibel»ə gedin və ya getməyin…» (6, s. 111).
Beləliklə, «Çənlibel» artıq «yuxarı»ları əməlli-başlı narahat etməyə başlamışdı. Və bu narahatçılığın səbəbi məlum idi. Onlar da qarşıda bəzi hadisələrin gözlənildiyini hiss edir və ölkədə baş qaldıra biləcək etirazların önündə getmək potensialında olan tək qüvvənin «Çənlibel» olduğunu bilirdilər. Konkret olaraq, Nemət Pənahlıya gəlincə, onun fəhlə olması onları daha çox qorxudurdu. Çünki ortada Polşada baş vermiş Lex Valensa hərəkatının təcrübəsi vardı. Nemətin Azərbaycanın Lex Valensası ola biləcəyi ehtimalı onları narahat etməyə bilməzdi.
Söhbət həmin dövrdə Polşa siyasətinin ən parlaq simalarından biri olan və haqqında mübahisə və diskussiyalar dövrümüzədək səngimək bilməyən elə bir şəxsiyyətdən gedir ki, adını Polşanı kommunist zülmündən və Rusiyanın təsir dairəsindən xilas edən qəhrəman kimi əbədi olaraq tarixə həkk etmişdir (11; 2).
Məlumat üçün bildirək ki, 29 sentyabr 1943-cü il doğumlu Lex Valensan 1967-ci ildən Qdansk şəhərində yerləşən V. Lenin adına tərsanədə fəhlə işləmiş və uzun müddət siyasətlə qətiyyən maraqlanmamışdı (7, s. 49). Bununla belə, dindar katolik idi, ruslara nifrəti ilə fərqlənir və sosializmə inamsızlıqla yanaşırdı (1, s. 64).
Maraqlıdır ki, Nemət Pənahlı da dindar müsəlman idi, rusları sevmir və mövcud rejimi bəyənmirdi. O da Valensa kimi fəhlə idi.
A. Makarkinin yazdığına görə, Lex Valensanın, çox güman ki, marksizm-leninizm klassiklərinin fəhlə sinfinin rolu barədə ehkamçı fikirlərindən heç xəbəri belə yox idi, bununla belə, günlərin birində gəldiyi fikir onların fikri ilə üst-üstə düşməyə başladı və o, fəhlə sinfinin hüquqları uğrunda mübarizə meydanına atıldı (10, 2009). Nəticədə Varşava Bloku ölkələrinin birində, bu ölkələrin tarixində «Solidarnost» («Həmrəylik») adlı ilk müstəqil Həmkarlar İttifaqı yarandı və Polşa xalqının rus imperializminə qarşı Milli Azadlıq Hərəkatının öndərinə çevrildi.
Eyni sözləri Nemət Pənahlı haqqında da söyləmək olar. Çünki «Çənlibel»ə gəlməmişdən öncə o da işlədiyi L. Şmidt adına zavodda fəhlələrin həyat şəraitinin yaxşılaşdırılması uğrunda mübarizə aparan şəxs kimi ad çıxarmışdı. Onun gələcəkdə «Azərbaycanın Lex Valensası» ola biləcəyi fikrini isə ilk dəfə «Çənlibel»çi rəssam dostumuz Əhməd Rza dilə gətirmişdi. Və o dövrdə çoxları bu fikrə normal yanaşırdılar.
Dostları ilə paylaş: |