Albay Cahangir bəy Kazımbəylinin əldə olan yeganə fotosu
Rus-sovet imperializminə qarşı aparılan şanlı mübarizə tariximizdə Rəsulzadənin yaratdığı, Mirzə Bala Məmmədzadə, Cəfər Cabbarlı, Məmməd Sadıq Quluzadə, Məhəmməd Həsən Baharlının daxil olduqları "Gizli Müsavat” təşkilatının da xüsusi rolu olub. Həmin təşkilatın ən fəal üzvlərindən biri olan Yurdsevər bu barədə belə yazırdı: «27 aprel axşamı Mirzə Bala ilə birlikdə Rəsulzadənin evinə gedərək məsləhət almış, yoldaşlarımızdan Məmməd Sadıq Quluzadə və Məmməd Həsən Baharlı ilə birlikdə C. Cabbarlının şəhər kənarındakı evində ilk gizli Partiya mərkəzini qurmağa qərar vermişdik» (5).
1923-cü ilə qədər komitənin sədrinin müavini vəzifəsində Əbdülvahab Yurdsevər «Azərbaycan İstiqlal Savaşından səhnələr» adlı kitabında yazır ki, partiya qurulduqdan sonra vəzifə bölgüsünə başlanılıb və komissarlar təşkil olunub: "Əmin bəyin də razılığı ilə gizli təşkilatın başına M. B. Məmmədzadə gətirildi. Müavini sifətilə Bakı Komitəsinin təşkili mənə tapşırıldı. Ümumi Mərkəzin Baş Katibliyinə isə C. Cabbarlı seçildi”. "Gizli Müsavat” təşkilatının qayəsi haqqında Yurdsevər yazırdı ki, partiyanın ən ümdə məqsədi Rəsulzadənin Rusiyadan qaçırılması idi: "Komitənin ən mühüm təşəbbüslərindən biri bu olub. Əvvəlcə bir yoldaş vasitəsilə, sonra isə sabiq parlament üzvü mərhum Rəhim Vəkilovu və Bakı hərbi təşkilatının rəisi doktor Dadaş Həsənzadəni bir qədər pul ilə Moskvaya göndərməklə Rəsulzadə ilə əlaqə yaratdıq. Rəsulzadəyə təklif olundu ki, elmi tədqiqat adı ilə Leninqrada getsin. O, oradan tatar maarifçilərindən Musa Cərullah Bigeyevin yardımı ilə qayıqla Fin körfəzi üzərindən üzərək Finlandiyaya getdi» (4).
Dostları ilə paylaş: |