Mirzəbala Məmmədzadə (gənclik illəri)
Təşkilatın başında duran «Mirzəbala Məmmədzadə 1898-ci ilin avqustun 13-də Bakının yaxınlığındakı Zirə kəndində, balıqçı ailəsində doğulub. Ailələri dolanışıq dalınca, iş tapmaq ümidilə Bakıya köçüb. Şəhərin Çəmbərəkənd adlanan məhəlləsində yaşayıb. Cəfər Cabbarlının əsərlərində də bu məhəllənin adı tez-tez çəkilib. Çünki Cabbarlı da bu məhəllədə yaşayıb.
Mirzəbalanı 1907-ci ildə Bakıda Yeddinci Rus-Tatar məktəbində oxumağa qoyublar. Ruslar türk dilində danışan xalqları tatar adlandırdıqlarından onların açdıqları məktəbi də, teatrı da tatar məktəbi, tatar teatrı adlandırırdı. Mirzəbala 1911-ci ildəYeddinci Rus Tatar məktəbini bitirərək ünlü maarifçi Həbib bəy Mahmudbəyovun açdığı şəxsi məktəbə daxil olub. Onun dünyagörüşünün formalaşmasında, milli şüurda böyüməsində, ərəb və fars dillərini öyrənməsində bu təhsil müəssisəsinin rolu böyükdür. Yaşıdlarından ağlı, fərasəti ilə seçilən Mirzəbala yeniyetməliyindən bədii yaradıcılıqla məşğul olub. Publisistik yazıları və şeirləri dövri mətbuatda görünməyə başlayıb. Hətta 1912-ci ildə İsabəy Aşurbəyovun “Kaspi” mətbəəsində “Nəf elm və yaxud elmin sonu” adlı kitab çap olunub» (9).
Tədqiqatçı alim Əli Şamil yazır ki, «1914-cü ildə Bakı Politexnik Texnikumunun İnşaat Memarliq şöbəsinə daxil olaraq burada rus dilində təhsil alan Mirzəbala həmin il atasını itirib. Atası vaxtsız dünyasını dəyişməsi ailəni çətin vəziyyətə salsa da o. Ruhdan düşməyib. Ailəsinə kömək etmək üçün anasının evdə bişirdiyi şirniyyatı küçələrdə satıb. Yəni məktəbdə oxuya-oxuya xırda ticarətlə məşğul olub. Bununla yanaşı o dövrün qaynar Bakısının müxtəlif fikir cəryanlarının təşkil etdiyi toplantılarda fəal iştirak edib. Cəfər Cabbarlı ilə də yeniyetməlik illərindən başlanan tanışlıqları sonradan sıx əqidə və məslək dostluğuna çevrilib.
M. B. Məmmədzadə hələ gənc yaşlarında olarkən M. Ə. Rəsulzadənin də diqqətini çəkib. Məhəmmədəmin 1915-ci ildən nəşrinə başladığı “Açıq söz” qəzetində əməktaşlığa cəlb edib. I Dünya Savaşı illərində Rusiyada baş verən qarışıqlıqdan nəinki ziyalılar, millətin önündə gedənlər, hətta yeniyetmələr və gənclər də istifadə edərək gizli təşkilatlar qurublar. Mirzabala və Cəfər Cabbarlının da üzv olduğu belə təşkilatlardan biri “Məhəmmədiyyə” adlanıb. Bu təşkilatın üzvləri milli və dini bayramların, mərasimlərin təşkilində fəal iştirak edib və orada söylədikləri şeirlər, oxuduqları mahnılar, göstərdikləri tamaşalarla milli şüuru oyandırıblar» (10).
Dostları ilə paylaş: |