Çingiz Abdullayev və Cahid Hilaloğlu
Çingiz Mirzağa oğlu Abdullayev 1929-cu ildə Laçında doğulub. Yeniyetmə çağlarından diribaşlığı, hər şeyə şübhə ilə yanaşması, sözü üzə deməsi özünə diqqət oyadıb. Deyilənə görə, Çingizin bir qohumu Azərbaycan Cümhuriyyətinin qurulmasında iştirakı olan önəmli şəxs olub və Cümhuriyyətin işğalından sonra həmin qohum Türkiyəyə mühacirət edib. Qohumun kimliyi aydınlaşmayıb. Uşaqlıqdan evdə-ailədə gizli söhbətlər eşidən Çingiz müstəqil böyüyüb, hadisələrə ayıq gözlə baxmağı bacarıb. Vəssalam. Çingizin uşaqlığı barədə bundan artıq məlumat almaq mümkün deyil…
1947-ci ildə Cahid Bakıdakı 13 saylı orta məktəbi bitirərək, Azərbaycan Teatr İnstitutunun rejissorluq fakültəsinə daxil olur. Təsadüf onu eynən özü kimi düşünən bir gənclə qarşılaşdırır. Bu, Çingiz Abdullayev idi. Uzun söhbətlərdən, fikir mübadiləsindən sonra gizli tələbə dərnəyi qurmağa, sovet quruluşunun eybəcərliklərini pisləyən vərəqələr yazıb divara vurmağa qərar verirlər. Bu vərəqələrdə əhalini beynəlxalq təşkilatların nəzarəti altında demokratik seçkilər keçirməyə, Azərbaycanı SSRİ-nin tərkibindən çıxarıb müstəqil dövlət qurmağa çağırırlar!
Vərəqələr, təbii ki, xüsusi xidmət orqanlarının nəzərindən yayınmır. Onu divara vuranları aşkarlayırlar. Çingiz 1948-ci ildə «dələduzluqla dövlətə və ya ictimai idarəçiliyə zərər vurmaq»da ittiham edilərək üç il həbsə məhkum olunur. Onu Teatr İnstitutundan da xaric edirlər. Dərnəyin başqa üzvlərini tənbeh etməklə kifayətlənirlər. Həbsdən sonra Çingizə Bakıda yaşamağa və işləməyə icazə vermirlər. Ancaq Çingiz müxtəlif yollarla Cahidlə bağlantı qurur…» (6).
Əldə olan məlumatlara görə, «1956-cı il. Gündəmdə Stalinin şəxsiyyətinə pərəstişlə bağlı kommunist idarəçilərin öz təşəbbüsüylə və gizli məktublardan qaynaqlanan şayiələr dolaşır.
Mir Cəfər Bağırovun məhkəməsi gedir. O məhkəməyə qatılmağa 2-cə saatlıq buraxılış kağızı alanlar, qorxa-qorxa da olsa, daha sonra inanılmaz məsələlərdən söz açırlar. Bir sözlə, siyasi ab-hava dəyişir və gözlərdən böyük bir sual işarəsi oxunur…
1956-cı il martın 6-7-də Tbilisidə 200 min nəfərə yaxın insanın qatıldığı mitinq keçirilir və sovet ordusu bu mitinqi vəhşicəsinə dağıdır. Nəticədə ölənlər, tutulanlar olur. Bu əhvalat gənclərin etiraz ruhunu daha da alovlandırır.
Cahidlə Çingiz xaricə getməyə, mühacirətdə olan Azərbaycan Cümhuriyyətinin liderləri ilə birgə fəaliyyət göstərməyə, daha sonra BMT və digər beynəlxalq təşkilatlarla bağlantı qurmağa, Azərbaycanın acınacaqlı durumunu dünyaya çatdırmağa qərar verirlər» (5).
Gənclərin İran yolunu seçdiklərini söyləyən S. İsmayıllı yazır ki, «Mədəniyyət Nazirliyinin xətti ilə sərhəd məntəqəsi olan Lerikdə işə düzəlmək və ordan xaricə keçmək baş tutmayanda, (bu barədə ötən yazıda geniş yazmışıq – S.İ.) Çingiz qeydiyyatdan çıxmaq ümidi ilə Moskvaya gedir və orada başqa yollar aramağa başlayır. Cahidlə telefon söhbətlərində aradığı yollardan da danışır və onu, lazım gələndə, Moskvaya çağıracağını bildirir. ABŞ səfirliyi ilə bağlantı qura bilsə də, DTK (Dövlət Təhlükəsizlik Komitəsi) onun görüşlərindən xəbər tutur və o, həbs olunur. Çingiz 10 il həbs kəsilir. Bir il sonra ədliyyə nazirinə yazdığı ifşaedici məktubdan sonra onun işinə yenidən baxılır. Cəza müddəti bir il də artırılır və o, Vladimir şəhərindəki xüsusi rejimli həbsxanaya, təkadamlıq kameraya göndərilir…
1956-cı ilin mayında Çingizin taleyindən xəbərsiz Cahid Bakıda dostundan ayrı fəaliyyətə başlayır. O, Çingizin artıq xaricdə olduğunu güman edir və Bakıda qalan həmfikirlərini başına toplayaraq mayın 28-də Cümhuriyyətin yaranışını məxsusi qeyd etməyi – Qız Qalasının başına Cümhuriyyət bayrağını sancmağı qərarlaşdırır…» (6).
Tədqiqatçı daha sonra yazır: «Doğrudan da, Cahid indi kiçik uşaqların da rənglərini əzbər bildiyi o bayrağı necə düzəldə bilir? Görünür, bu milli dövlət rəmzinin hansı rənglərdən oluşması, üstündəki səkkizguşəli ulduz və aypara barədə gənclərin məlumatı olub. Çingizin yaxın qohumu Türkiyədə mühacirət həyatı sürmüşdüsə, bayrağın təsvirini Cahidə elə Çingiz də söyləyə bilərdi. Bəs bayraq necə hazırlandı? Yəqin ki, bunu heç vaxt öyrənə bilməyəcəyik. Axı istintaq işində bayrağın adı belə çəkilmir. Əli Şamil demişkən, bu inanılmaz hadisə ancaq yaddaşlarda qalıb, özü də çox möhkəm!..
1963-cü ildə sakit oturmadığını görüb Çingizi Mordvadakı xüsusi-ciddi rejimli islah-əmək düşərgəsinə, 1964-cü ildə isə Ümumittifaq Məhkəmə Tibbi Psixiatrik Ekspertiza İnstitutuna «müayinəyə» göndərirlər. İnstitutun direktoru – DTK-nın ilk rəhbərlərindən F. E. Dzerjinskinin qızı M. F. Talsenin başçılıq etdiyi komissiya 1956-cı ildə Çingiz Abdullayevə «anlaqlı» diaqnozu qoysa da, 9 il sonra o, «anlaqsız» hesab edilir. Beləcə, Çingiz Yaroslavl vilayətinin Rıbinsk şəhərinə – SSRİ Daxili İşlər Nazirliyinin xüsusi tibbi-psixiatrik xəstəxanasına məcburi müalicəyə, daha sonra Sçov şəhərindəki xəstəxanaya göndərilir. 1968-ci ildə Smolensk vilayətinin Sçov şəhər xalq məhkəməsinin qərarıyla Çingiz Abdullayevi Bakıya 1 nömrəli Maştağa Psixiatrik Xəstəxanasına yollayırlar…
Başı çox müsibətlər çəkmiş Çingiz Vətənə döndüyünə sevinmir. Xəstəxananın baş həkimi onunla pis davranır. Üstəlik, olub-keçənlər onun səhhətinə pis təsir edir. Mədəsində və onikibarmaq bağırsağında xora və pankreatin xəstəliklərinə tutulur…
Tibbi komissiya ona ikinci qrup əlillik verir. Ən maraqlısı, Çingiz burada onun kimi məcburi «müalicəyə» göndərilmiş məşhur dissident Nadir Ağayevlə rastlaşır. Başına gələnləri yazıb onun qohumlarına göndərir.
Dostları ilə paylaş: |