Akademik Ziya Bünyadov
17 dekabr 1987 tarixdə Akademiya partiya komitəsinin XVII konfransı keçirildi. Akademik Ziya Bünyadov çıxış edib, Ağanbeqyanın hərəkətlərinin qarşısını almağı yığıncaqda iştirak edən MK-nın ideoloji katibi Ramiz Mehdiyevdən tələb etdi. O, vəziyyətin ciddi olduğunu, erməniləri müdafiə edən bəzi konkret şəxslərin adını söylədi. Cavabında isə R. Mehdiyev bildirdi ki, Ağanbeqyanın çıxışı şəxsi fikirdir və şəxsi fikir bütün ermənilərin fikri demək deyil (Sonra Qorbaçovun iki xalqa müraciəti isə göstərdi ki, bu necə “şəxsi fikir” imiş!).
Ağanbeqyana ilkin etiraz səsini ucaldanlardan biri Anar, onun başçılıq etdiyi Yazıçılar İttifaqının üzvləri oldu. Onların kütləvi məktubundan sonra ali məktəblər və idarələr kollektiv imzalarla Moskvaya məktublar yollamağa başladılar (Dəqiqini deyə bilmərəm, ancaq eşitdiyimə görə, Bakıdan göndərilən məktublar Moskvaya getib çatmadı). Bu işin Akademiya sistemində təşkilini mən öz üzərimə götürdüm. İlk imzanı özüm qoydum, ilk Akademiya kollektivi də işlədiyim əlyazmalar İnstitutu oldu (Buradan cəmi 76 imza toplandı). Sonra bir-bir institutlara gedib (ya partkomların, ya da direktorların yanına) 4 məktub nümunəsi verərək əməkdaşlarınimza atmalarını xahiş etdim.
Yazıçı Anar
İmza yığılması iki-üç gün çəkdi. Dekabrın 31-ində axşama yaxın məni evdən (yataqxanadan) EA partiya komitəsinə əlimyandı çağırdılar və bu işlə məşğul olmamağı “məsləhət bildilər”.
Yeni ilin ilk iş günlərində Əlyazmalar, Ədəbiyyat, Dilçilik, Fizika institutlarından, Akademiya kitabxanasından, xüsusi konstruktor-texnoloji bürosundan, Radiasiya Tədqiqatları Mərkəzindən və b. kollektivlərdən gələn (Tarix, Şərqşünaslıq, Geologiya institutları bildirdilər ki, imza toplayıblar, ancaq özlərinin məktublarını göndərəcəklər) 576 nəfərin qolladığı məktubu imzalarla birgə institutumuzun əməkdaşı Söhrab Bayramova verdim, o da aparıb poçtdan yola salaraq qəbzini mənə verdi. Yanvar ayı da Moskvaya beləcə kütləvi məktub və teleqram göndərmə aylığı oldu (Aldığımız məlumata görə, Dağlıq Qarabağ Muxtar Vilayətinin 120 min sakini, - bunların içində körpə uşaqlar da var, imza toplayıb Moskvaya göndərib ki, biz Qarabağın Ermənistana verilməsini tələb edirik. Ancaq bizim respublika partiya, sovet təşkilatları, xüsusi orqanlar onda yuxulayırdılar. Ermənilər keçən ilin yayından imza toplamağa başlayanda biz arxayın-arxayın oturmuşduq).
15 yanvar 1988-ci il tarixdə “Ədəbiyyat və incəsənət” qəzetində akademik Ziya Bünyadovun “Doğruya zaval yoxdur” adlı məqaləsi dərc olundu. O, ermənilərin dəyirmanına su tökən alimləri tənqid edir, Qarabağın Azərbaycan torpağı olduğunu elmi əsaslarla izah edən Fəridə Məmmədovanı müdafiə edir. Yazının lap sonundakı bircə cümlədə Ağanbeqyanın fitnəkar hərəkətindən ayrıca danışılırdı. Məktub çox böyük əks-səda doğurdu və rayonlarımızda yatanları da ayıltdı. Eşitdiyimə görə, məqaləni qəzetin redaktoru Nəriman Həsənzadə vermək istəmirmiş. Ancaq Anar yazının dərc edilməsinə təkid göstərib və deyib ki, qəzet Yazıçılar İttifaqının orqanıdır, mən də bu təşkilatın başçısı. Əgər qorxursansa, sənin yerinə mən qol çəkib icazə verim. Nə isə,bu cür güclü təzyiqdən sonra çıxdı Ziya Bünyadov kimi Sovet İttifaqı Qəhrəmanının yazısıaşkarlıq dövründə. Bizim Mərkəzi Komitə isə Nəriman Həsənzadəyə sayıqlığını itirdiyinə görə töhmət verdi (İşini bilirmiş!..).
Dostları ilə paylaş: |