İlyas İsmayılov
Ertəsi gün Respublika prokuroru İlyas İsmayılov, Qaraxanov, bir də Yusif Nəsirli bizim zavoda gəlmişdilər. Onlar məni direktor Əyyam Musayevin kabinetinə çağırtdırdılar. Yenə də söhbət oktyabrın 2-də keçirilməli olan mitinqdən düşdü… Onlar izah etməyə çalışırdılar ki, hazırda mitinq keçirmək çox təhlükəlidir» (3, s. 141-144).
Yuxarıda Nemət bəydən gətirdiyimiz statdan göründüyü kimi, həmin dövrdə Məhəmməd Hatəmi və Mənsur Əlisoy hakimiyyət dairələrini, eləcə də hakimiyyətlə əlbir olaraq daxildən hərəkatı zəiflətməyə çalışan bəzi ziyalıları bərk narahat edir və onlar bu iki şəxsin ölkədən sürgün edilməsi məsələsini ciddi müzakirə edirlərmiş. Əminəm ki, Hatəminin bundan xəbəri yox idi, fəqət onun və Mənsur Əlisoyun həmin dövrdə ən çox təqib edilən adam olduqları və Hatəminin sürgün məsələsinin gündəmdə olduğu həqiqətdir və bu onun aşağıdakı qeydindən də görünməkdədir: «Tarixini unutmuşam, şəhərdə mitinq gözlənilirdi. Bahar çayxanasında oturub çay içirdik. Milislər birdən çayxananı maşınlarla basdılar. Onlar məni və Mənsuru tutdular. Kənar masada oturub çay içən Əbülfəz Əliyevlə Firidun Cəlilovu tutanda, Əbülfəz dedi: "Biz onlardan deyilik". Milislərin onlarla işi olmadı, məni və Mənsur Əlisoyu maşınlara soxaraq F. Hüseynovun Azadlıq meydanındakı səyyar qərargahına gətirdilər. F. Hüseynov acıqlı-acıqlı məndən tələb etdi ki, çayxanada oturmayım, oturub şəhəri gərginləşdirirəm. Onun tələbini qəbul etmədim, buraxılan kimi yenə çayxanaya gəldim.
Mənsur Əlisoy yaman söyüşcül adam idi. Bizi tutduğu üçün F. Hüseynova qurşaqdanaşağı söyüşlər verdi. Bundan qızan F. Hüseynov milislərə Mənsurun qollarını arxaya burdurub maşına basdırdı. Mənsuru apardılar, üç saatdan sonra yenə buraxdılar.
Ermənistanlı qaçqınlarla ilgili piket təşkil etdiyimiz üçün məni bir dəfə də Eldar İbrahim, Mənsur Əlisoyla birlikdə Mərkəzi Komitənin qabağında tutmuşlar. F. Hüseynov bizi saat yarıma qədər dindirib, danışdırıb buraxdı.
Təxminən bu vaxtlar olardı, respublikanın baş prokuroru İlyas İsmayılov, Azərbaycan KP MK-nın ümumi şöbəsinin müdiri Teymur Elçin, MK-nın yeni şöbə müdiri Namiq Axundov məni ayrı-ayrılıqda yanlarına çağırtdırdılar. Bir məqsədləri vardı: həyatda nə istəyirəm mənim üçün etsinlər, ancaq sakit olum, xalqı dövlətə qarşı ayaqlandırmaqdan əl çəkim. Namiq Axundov hətta dedi: "Azərbaycan Demokrat Firqəsinin kadrları qocalıb sıradan çıxmışlar. Biz razıyıq ki, səni o firqənin sədri qoyaq". "Mən o firqə ilə 63-də qurtarmışam" deyərək, onun təklifini rədd etdikdə, dedi: "Sən nəinki özünü fikirləşmirsən, balalarını da nəzərə almırsan". Ona cavab verib dedim: "Mən istəyirəm hamının balaları xoşbəxt olsun, mənimkilər də onun içində. Mənim balam xoşbəxt olub, başqalarınınkı bədbəxt olacaqsa, bu xoşbəxtlik mənim balama lazım deyildir". Əlacı kəsilib: "Fikir doğrudur" dedi. Qalimulin isə həbsxanada mənə bu təklifi edəcəkdir: "Vətəndaşlığı qəbul et, səni respublikanın rəhbərlərindən biri edək". Xalqımın xatirinə, azadlığımız xatirinə təklifi qəbul etməyəcəyəm. Qəbul etsəydim, mübarizədən əl çəkməli idim.
Teymur Elçinin yanına məni F. Hüseynovun müavini polkovnik Hüseynxan Ocadov aparmışdı. Danışığımızda uzlaşma alınmayıb qayıdanda, Hüseynxan dedi: "Hatəmi, gedirəm bu görüş haqda hesabat verim. Sənin haqqında mənim fikrimi bilirsən. Biz səni tuta bilmirik (söhbət uzunmüddətli tutulmaqdan gedir -T.). Sənin bir çarən var, SSRİ-dən çıxartmaq" (1).
Qayıdaq Nemət Pənahlının mitinq təşkil etmək məsələsinə…
«Əbədiyyət yolçusu» kitabında yazılanlardan belə məlum olur ki, İlyas İsmayılov Nemət Pənahlını mitinq keçirmək fikrindən nə qədər daşındırmağa çalışsa da, bir nəticə əldə etmir: «Beləliklə, təxminən saat 1-ə qədər söhbətimiz uzandı, ancaq heç bir razılığa gələ bilmədik. Səhəri günü məni Mərkəzi Komitəyə dəvət etdilər. Mən Əyyam Musayevlə Mərkəzi Komitəyə getdim. Bizi Telman Orucov qəbul elədi. Biz xeyli söhbət elədik… Axır ki, belə razılığa gəldik ki, əgər mümkün olsa, mən mitinqin qarşısını alacağam. Əgər mitinqin qarşısını almaq mümkün olmasa, onda rəhbərlik düşünülməmiş addım atmasın. Yəni gücə, təzyiqə baş vurmasın.
Gecədən xeyli keçmiş biz Mərkəzi Komitədən geri döndük. Həmin gecə İlyas İsmayılov oktyabrın 2-də keçirilməsi planlaşdırılan mitinqin qadağan olunduğu haqda televiziyada çıxış etdi. Bakıda həqiqətən də gərgin vəziyyət yaranmışdı. Fəaliyyətsiz qaldıqca, tədricən nüfuzumuzu itirirdik. Dəfələrlə mitinq elan edib, sonradan onu təxirə salmağımız xalqın bizə olan inamını zəiflədirdi.
Dostları ilə paylaş: |