Henri Kissincer
Lakin, çox təəssüflər olsun ki, rus analitiklərinin, demək olar ki, hamısı milliyyətçiliyi SSRİ-nin çöküşünün əsas səbəblərindən biri kimi qeyd etsələr də (13, s. 79; 8; 7, s. 116; 11, s. 67-68; 15, s. 32-34; 16, s. 35; 17, s. 443–468), bu faktorun rus işğalına və rus imperializminə birbaşa cavab olduğunu həmişə gözardı edir və məsələnin kökündə yanlış milli siyasətin durduğunu iddia edir və bu «yanlış milli siyasət»i də çox vaxt Stalinlə əlaqələndirirlər (14).
Keçniş SSRİ-də baş qaldıran və hər gün güclənən milli azadlıq hərəkatları müəyyən bir dövrdən sonra kortəbiilikdən çıxmağa və daha sıx təşkilatlanmağa ehtiyac hiss etməyə başladılar və ortaya «xalq cəbhələri»ndə birləşmək ideyası çıxdı.
Məlumat üçün bildirək ki, ilk xalq cəbhələri XX əsrin 30-cu illərində Qərbi Avropada yaranmış və özündə müxtəlif siyasi təşkilatları, o cümlədən birlik və partiyaları, əsasən də solçu partiyaları birləşdirmişlər. SSRİ-də bu tip qurumların yaradılaraq Kommunist Partiyasına qarşı qoyulması ideyası ilk dəfə Baltikyanı ölkələrdə, daha sonra isi digər respublikalarda yarandı. İdeyanın ilk tərəfdarlarından və həyata keçirənlərindən biri də Məhəmməd Hatəmi olmuşdur. Onun bu fikrə gəlməsinin əsas səbəbi «Çənlibel» təşkilatının genişlənməkdə və güclənməkdə olan xalq hərakatına rəhbərlik etmək potensialının tədricən tükənməsi, təşkilatda parçalanmanın baş verməsi, parçalanmanın yeni mitinqlərin təşkilini qeyri-mümkün etməsi və «Çənlibel» daxilində Hatəmiyə qarşı əsasən, onun özünün ifadə etdiyi kimi, «naxçıvanlılardan ibarət müxalifət»in formalaşması idi.
O özünün «Acı həqiqətlər» kitabında bunula bağlı yazır: «Qafqazdakı, özəlliklə Bakı və Azərbaycandakı nümayiş, mitinq, tətil hərəkatı onunla sonuclandı ki, SSRİ Ali Soveti Rəyasət Heyəti 28 iyul 1988-ci il tarixində bu fərmanı çıxartdı: "Yığıncaqların, mitinqlərin, küçə yürüşlərinin və nümayişlərinin təşkili və keçirilməsi qaydası haqqında". Ardınca Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti 22 avqust 1988-də "Yığıncaqların, mitinqlərin, küçə yürüşlərinin və nümayişlərin keçirilməsi qaydalarının pozulmasına görə məsuliyyət haqqında" fərmanını qəbul etdi. Fərmanlar dövləti, imperiyanı səbatsızlıqdan, iqtisadi zərbədən qorumaq məqsədini güdürdü. Yaratdığım komissiya ətrafımdakı bəzi gəncləri tərəflərinə çəkmək yolu ilə, 14.11.1988 tarixinə qədər Bakıda nümayişlərin, mitinqlərin təşkilinə, keçirilməsinə mane olmuşdur. Dövlət bu işdə komissiyaya əlindən gələn yardımı etmişdir…
Dövlət 1988-ci il 2 sentyabra təşkil etdiyim nümayişi komissiyanın əli ilə pozdu, məni də tutdular. Tutulmağımla ilgili olaraq, "Hatəmi, Hatəmi!" deyə-deyə küçələri dolaşan 147 adam da həbs edilir.
F. Hüseynov məni Nərimanov rayon milis idarəsinin kamerasından götürüb öz maşınında Ə. Vəzirovun yanına gətirdi. Gətirərkən yolda mənə bir neçə kərə dedi: "'Sənə nə qədər deyilib ki, dinc otur, indi kişiyə nə deyəcəksən?" Susur, ona cavab vermirdim. Axırda hövsələdən çıxıb mənə sarı çevrildi və: "Səninlə deyiləm - dedi, - niyə cavab vermirsən?". Məcbur qalıb ona cavab verdim: "Adama çox şey deyərlər". F. Hüseynov: "hə də, sən də bildiyini edəcəksən". Söhbət bununla kəsildi.
Ə.Vəzirov kabinetində tək idi. İçəri girdiyimi görərək, ayağa qalxıb qarşıma gəldi. O, respublikanın ağır durumundan bəlkə bir saata qədər danışdı və axırda dedi: "Respublika bərbad haldadır, istəyirəm işləyəm, məni qoymursan, mənə kömək edərsənmi?" Onu "işləməyə qoymaq" imperiya iqtisadiyyatının dirçəlişinə imkan vermək, azadlığımızı buxovlamaq demək idi. Bu, mənim siyasi anlayışıma, məqsədimə daban-dabana zidd idi. Ona dedim: "Sizə söz verə bilmərəm". Elə deməyimi gördüm. Yumruqlarını əsəbiliklə masaya çırpıb üstümə çığırdı: "Von otsuda!" ("Rədd ol burdan!"). Təhqirdən rəng-rufum ağappaq ağardı. Bilmirdim nə edim, oturum, yoxsa kabineti tərk edim. Birdən elə bil mənə dedilər, görmürsən səni qovur, nə oturmusan? Ayağa qalxıb sürətlə qapıya tərəf yönəldim. Ə. Vəzirov arxadan qaça-qaça gələrək, düz qapının yanında qabağımı kəsdi və düyümlənmiş yumruqlarını əsəbi bir zərblə çiyinlərimə endirdi. Çiyinlərimi yumruğa vermək adi bir şey yox, mənə dövlət zorunu göstərmək idi. Acıqlı, nifrətli baxışlarımı onun gözlərinin içinə tikdim. Ürəyimdən vurub onu yerə sərmək keçirdi. Bunun xatalı olacağını ani olaraq düşünüb, lənət şeytana deyə, fikrimdən vaz keçdim. O, məni sakitləşdirmək, ürəyimi ələ almaq üçün qəbahətli hərəkətinə ərkiyanəlik məzmunu verərək: "Bəs kim bu respublikanı düzəldəcək, axı hər şey məhv olub gedir" deyib, qolumdan darta-darta yerimə qaytardı. Zəngi basıb köməkçisinə çay, ömründə görmədiyim müxtəlif rəngli limon konfet gətizdirdi. Əlimi də vurmadım. O, əlinə götürdüyü isti stəkanı qoymaq üçün gözünün qabağındakı nəlbəkini görmürdü. Nəlbəkini ona mən göstərdim. "Vidiş - dedi, - ya toje rasteryalsya" (“Görürsənmi,
mən də özümü itirmişəm").
Aradakı gərginliyi anbaan gedərib, söhbəti davam etdirdik. Ona təklif etdim ki, Moskva ilə razılaşdırın, Ermənistandakı türkləri Azərbaycana, buradakı erməniləri Ermənistana göçürtmək lazımdır. "Beş yüz min adamı burdan ora, ordan bura köçürtmək asan iş deyil" deyib, təklifimi rədd etdi. Çətinlik bunda deyildi. Çətinlik Rusiyanın Azərbaycandakı məkrli erməni siyasətinin əleyhinə onun çıxa bilməməsində idi. "Özünüz bilin - dedim, - yuxarıdan edilməsə, aşağıdan xalq özü bu işi görəcək, faciələr baş verəcəkdir".
Görməkdə olduğu və görəcəyi işlərdən Ə. Vəzirov yenə xeyli danışdı. Fəqət qulağıma batmayan bu sözlərlə məni aldadıb yolumdan döndərə bilməyəcəkdir. Təkrarən: "mənə kömək edərsənmi" deməməsi üçün, "sizə işinizdə uğurlar arzulayıram" deyərək, əksinə mən onu aldadıb başımdan edəcək, tutulmuş 147 nəfəri də ona buraxdıracaq, ayrıldıqdan sonra isə xalqı ayağa qaldırmaq, dövlət, imperiya əleyhinə qoymaq, iqtisadiyyata zərbə vurmaq yoluma davam edəcəyəm. Ə. Vəzirov və komandasını beləcə çox kərə aldadacağımdan, haqqım-da yüksək fikrə düşəcək və bunu Moskvaya qədər ətrafına ulaşdıracaqdır. Bunun sonucu idi ki, 05.12.1988-08.06.1989 tarixlərində Bakıda həbsdə olduğum zaman, SSRİ prokuroru Qalimulin mənə dedi: "Sən diplomatiyanı hardan belə yaxşı öyrənmisən?" Cavabında ona dedim: "Mən diplomat deyiləm, sadəcə aliməm". O: "Təvazökarlıq etmə, biz səni yaxşı tanıyırıq" dedi.
İmperialist məqsədləri naminə Güney Azərbaycanı öz təsir dairəsinə sala bilmək üçün Moskvanın əl atdığı tədbirlərdən biri, oranın öndə gələn şəxsiyyətlərini Quzey Azərbaycan ziyalılarının qarmağına keçirtməkdən ibarət olmuşdur. M. H. Şəhriyar güneydə belə şəxsiyyətlərdən biri olmuşdur. Moskvanın niyyətinə zərbə vurmaq xatirinə, onu S. Rüstəm, M. Rahim, B. Vahabzadə, Rüstəm Əliyev və b. kimi Azərbaycan sovet ziyalılarının qarmağından çıxartmaq lazım idi. İsfəndiyar Coşğunu təhrik edib, M.H.Şəhriyara yazdığı mənzum məktubu Təbrizə göndərtdim. Yuxarıda adlarını çəkdiyim ziyalıların təsiri altında "azad Sovet Azərbaycanı" haqda çox yüksək fikirdə olan Şəhriyar, buranın faciələrini dilə gə-tirən məktubu oxuyub sarsılır. Özünü saxlaya bilməyərək, əsəbi halda Bakıya S.Rüstəmə zəng vurub deyir: "Siz özünüz vətəni satmısınız, indi də qara şeytan olub bizi yoldan çıxarırsınız?" Bunu deyib telefon dəstəyini yerinə çırpır. S.Rüstəm telefonda: "Ağaye Şəhriyar, ağaye Şəhriyar" deyə-deyə qalır. Quzey Azərbaycanda Şəhriyarın ölümünə elə bir reaksiya verilməməsinin səbəbi bu olay idi. Onun ölümünü burada kədərlə anacaq yalnız bir yer vardı: Çənlibel Təşkilatı.
22 sentyabr 1988- də Şəhriyarın qırxını tutmaq üçün 100-ə qədər çənlibelçi Təzəpir məscidinə toplaşmışdıq. Təziyədən sonra "Şəhriyar, Şəhriyar!", "Azərbaycan, Azərbaycan!", "Qarabağ, Qarabağ!" şüarları verə-verə şəhərin küçələrindən keçərək, dənizkənarı bulvara gəldik. Bulvarda milislər məni, Mənsur Əlisoyu, Yaşar Türkazəri tutdular. Bizi maşınlara basıb Nərimanov rayon milisinə gətirdilər və "kepeze"yə (KPZ – B. T) soxdular. Beş-on saatdan sonra bizə oradaca məhkəmə quraraq, hərəmizi 300 manat cərimələdilər və azad etdilər. Daxili İşlər Nazirliyinin Azərinform tərəfindən qəzetlərdə çap olunmuş məlumatında haqqımızda deyilirdi: "Belə hərəkətlərin təkrarlanacağı halında onlar haqqında daha kəskin ölçülər götürüləcəkdir" (5).
Cərimə verməyə imkanım yox idi. Xəlil Rza, Mirəli Seyidov və b. tanışlar mənə maddi yardım etdilər. Mən biləni Mənsurla Yaşara da kömək olundu (1).
Həmin aksiyanın bilavasitə iştirakçısı və təşkilatçılarından biri kimi qeyd etməliyəm ki, M. Hatəmi və M. Əlisoy gəncləri bada verməmək üçün bu tip yürüşlərin həmişə önündə gedər, mənə özümün və digər gənclərin tutuqlanmamasını təşkil etmək üçün əvvəlcədən təlimatlar verər, tutuqlananda da onlar tutuqlanar və gənclərin tutuqlanmasına imkan verməzdilər. Həmin gün Yaşar Türkazərin də onlarla birlikdə milislərin əlinə keçməsinin səbəbkarı özü olmuşdu. Milislər Məhəmməd bəyi və Mənsur bəyi milis maşınına mindirmək istəyəndə Yaşar onlarla milislərin arasına girmiş və Hatəmini göz önündə tutaraq «Dayanın, ustadıma toxunmayın!» deyə bağırmış, nəticədə onu da maşına basmışdılar.
Dostları ilə paylaş: |