Mirzəbala Məmmədzadə (yaşlı çağları)
Tədqiqatçının sözlərinə görə, «1914-20-ci illərdə Bakıda çap olunan “Bəsirət” qəzetində də fəal iştirak edən, bir müddət qəzetdə işləyən Mirzəbala buradakı məqalələrində əsas diqqəti sünni-şiə qarşıdurması yaratmaq istəyənlərin tənqidinə yönəldib.
Cabbarlı ilə birlikdə “İttifaqi mütəllimin” və “Qafqaz Tələbələrinin Mərkəzi Komitəsi” təşkilatlarının qurulmasında və təşkilatın idarə olunmasında fəal iştirak edib. Təşkilatların “İttifaqı mütəllim” və “Gənclər sədası” qəzetlərinə redaktorluq edib.
1918-ci ildə Tiflisə getməli olan Mirzəbala həmin ilin iyulundan əvvəlcə həftəlik, sonra isə ayda iki dəfə çıxan “Gənclər yurdu” jurnalını nəşrə başlayıb. “Müsavat” partiyasının nəzdindəki “Gənclər Cəmiyyəti”nin orqanı olan bu jurnal 35 nömrədən sonra 1918-ci ilin 15 noyabrında fəaliyyətini dayandırıb. O Tiflisdə yaşayarkən orada “İki inqilab arasında” kitabını da çap etdirib.
1918-ci ilin 7 dekabrında Azərbaycan parlamentinin açılışından sonra Mirzəbala Cabbarlı ilə birlikdə parlamentdə stenoqrafçı işləyib. 1919-cu ilin oktyabrında isə “Müsavat” partiyasının Bakı komitəsinin üzvü seçilib. Azərbaycan Xalq Cümhuriyyəti dönəmində ictimai-siyasi həyatda fəal iştirak etməklə yanaşı dövri mətbuatda olduqca maraqlı və kəskin məqalələrini çap etdirb. “Bakı uğrunda mübarizə” pyesini Azərbaycan Dövlət Teatrı tamaşaya qoyub. Onun ən keşməkeşli həyatı isə bolşevik orduları 1920-ci ilin aprelin 27-də Azərabycanı işğal etdikdən sonra başlayıb.
1920-ci ilin aprelin 28-də Azərbaycan Milli İstiqlal hərəkatının lideri M. Ə. Rəsulzadənin rəhbərliyi altında işğalçılara qarşı gizli müqavimət planı hazırlanıb. Cəfər Cabbarlının evində toplanan təşkilat üzvləri M. B. Məmmədzadəni sədr, Əbdülvahab Məmmədzadəni müavini, Cəfər Cabbarlını isə katib seçib. Müqavimət komitəsinin üzvləri gizli mətbəə yaratmış və beləcə ” İstiqlal” qəzeti nəşrinə başlayıb» (10).
Dostları ilə paylaş: |