Odur ki, mərkəz «işləyirdi» və hamı birlikdə işləyirdi! Bə bu faktdır.
…Bilirsinizmi, insanların tonlarla taxıl qazanmaq üçün tərk edərək Kuban və Stavropol vilayətinə getdikləri bu torpaqların (Litva torpaqlarının – B. T.) məhsuldar və zəngin edilməsi üçün İttifaq büdcəsindən nə qədər vəsait istifadə edilib?
İndi bu məqsədlə Litvadan kimsə gedirmi? Məncə, əksinədir. Axı, o zaman onları ehtiyac qovurdu. Və o dövrdə qovurdu ki, həmin dövrü kimlərsə bizə «qızıl dövr» kimi qələmə verməyə çalışırlar. Amma biz də yüzminlərlə insanın doğma ocaqlarını tərk edib mühacirətə getdiyi həmin «qızıl dövr»ün necə bir dövr olduğunu bilirik, axı.
Yox, yoldaşlar, heç nəyi bəzəmək lazım deyil. Lazım deyil. Bizə yalnız həqiqət lazımdır, həmin dövr haqqında da həmçinin. Əks təqdirdə spekulyasiya və təhriflər qəlblərdə inciklik alovu yandırar və olması ümumiyyətlə məqabul olmayan hisslər oyandırar.
Beləliklə, bizə artıq mövcud olan, tarixən yaranmış federal iqtisadi bazanın siyasi üstqurumu kimi federasiya lazımdır. Federasiyanın vacibliyini bizim əvvəlki iqtisadi inkişafımız şərtləndirir. Baxın, biz bütün Avropanın inteqrasiya etdiyini, daha möhkəm ümumi bazar istiqamətində hərəkət etdiyini deyirik. Amma, yoldaşlar, axı, - Dövlət Plan Komitəsindən olan yoldaşlar da təsdiq edər, eləcə də sizin respublikaların rəhbərləri də bilirlər, - bizdə kooperasiyanın səviyyəsi bir çox hallarda Avropa Birliyinkindən daha yüksəkdir! Bax, əmək belə bölünüb.
Təsdüfi deyil ki, sizin zavodun direktoru deyir ki, siz 200 müəssisə ilə bağlısınız, fəhlələr də məhsulların vaxtında gəlmədiyindən şikayətlənirlər. Biz hamımız bir-birimizdən asılıyıq. Vəziyyət belədir ki, bu gün Litvada bir çox müəssisələr tək sayda mövcuddur. Əgər bu gün bir müəssisə dayanırsa və ya onu dayandırırlarsa, bütün İttifaq ehtiyac hiss edir, bütün iqtisadiyyat əziyyət çəkir. Bu yaxşıdırmı, pisdirmi? Düşünürəm ki, pisdir. Bax, belə bir monopolizm yaranıb və bu pisdir.
Və ya sizin qonşunuzu – avtomobilləri sadəcə yığmaqla məşğul olan, ehtiyat hissələri isə yüzlərlə başqa müəssisələrdən göndərilən məşhur «RAF» zavodunu götürək. Belə kooperasiya, yeri gəlmişkən çağdaş dünya tendensiyalarına tam uyğundur. Eləcə də, ölkəmizi bütün dünya ilə bağlayan müdafiəni, kommunikasiyaları, limanları götürək. Məhz o (ölkə - B. T.) bu kommunikasiyyaların, limanların olması üçün vəsait yatırmışdır. Bundan sizin respublika nə qazandı? Deməliyəm ki, hər şey olmasa da, çox şey…
Ümimlikdə siz İttifaqdan ona verdiyiniz valyutaya gedən məhsullardan daha çox valyuta alırdınız… Ortaya belə sual çıxır, əgər müstəqillik deyiriksə, bundan sonra quruculuqla necə məşğul olaq? Fikrimcə, əgər biz məsələləri siyasi definisiya, hay-küyçü şüarlar səviyyəsində həll etməyə girişsək, fəlakətdən başqa bir şey olmayacaq. Yox, əgər gerçəklikləri diqqətə alsaq, gerçək siyasəti necə qurmaq barədə düşünsək, irəliyə doğru hərəkət edəcəyik. Əminəm ki, federasiyanı bu halda, respublikaları isə bu vəziyyətdə saxlamaq mümkün deyil. Biz ittifaq daxilində hər şeyi ahəngdar hala gətirməliyik ki, heç nəyi doğramayaq və hər hansı bir xalq üçün ağır sınaq yaratmayaq. Hətta Rusiya kimi böyük respublika təkbaşına bunun öhdəsindən gələ bilməz. Hərçənd ki, rusiyalılara da elə şeylər «yeridiblər» ki, orada da bənzər proseslər getməyə başlayıb. Yeri gəlmişkən buradan verilən təkansız da ötüşməyib. Rusiyalılara da belə bir cəfəng fikir aşılanır ki, - özü də alimlərin «araşdırma»larına istinadən, - guya Rusiya SSRİ-dən ayrılarsa, o dörd il ərzində dünyanın ən çiçəklənən ölkəsinə çevrilər (Sürəkli alqışlar).
Əl çalmaq lazım deyil. Yaxşısı budur qulaq asın. Ümumiyyətlə, istəməzdim ki, kütləvi şəkildə əl çalınsın. İstəyirəm ki, dərindən düşünək. Mən ona görə gəlmişəm ki, həm bu, həm də qarşı tərəfin arqumentlərini dinləyərək, dərindən fikirləşək. Yox, əgər kimsə zorla öz fikrini sırımağa çalışacaqsa, burada hansı püllerializmdən, hansı həqiqətdən, hansı hörmətdən söhbət gedə bilər…
Baxın, burada Litvaya azadlıq və müstəqillik deyirlər. Bilirsiniz, bu oyuna oxşayır. Bu gün mən Leninin heykəlinin yanında bir gənclə söhbət etdim, adı Virqiliusdur. Və o deyir: litvalılara azadlıq. Yaxşı, - cavab verirəm, - elə bundan da başlayaq. Siz azadsınız. Mən azadam. Ətrafımızdakıların hamısı azaddır. Amma, axı, bir yerdə yaşamağa məhkumuq. Nədən başlamalıyıq? Öz azadlıq və maraqlarınızı bir-birinkinə uyğunlaşdırmaqdan. Hesablaşmaqdan, hörmətdən və qarşılıqlı yardımdan. İnsanlar arasında münasibətlər belə olmalıdır, əks təqdirdə əlaqə yaratmaq mümkün olmaz. Bir ailədə belə hər şey asanlıqla başa gəlmir. Bəs, xalqlar arasında?