Əlyazması hüququnda h üseynova Nərmin Hətəm qızı (magistrantin a. S. A.) «kommersiya fəALİYYƏTİNDƏ LİZİNQİn rolu və İNKİŞaf perspektiVLƏRİ»



Yüklə 0,84 Mb.
səhifə18/54
tarix01.01.2022
ölçüsü0,84 Mb.
#50276
1   ...   14   15   16   17   18   19   20   21   ...   54
Huseynova narmin

Operativ lizinq, natamam satınalma üzrə icarə forması kimi, onunla xarakterizə olunur ki, icrayə verilən əmlakla bağlı icarəyə verənin xərcləri icarənin birinci müddəti ərzində tam ödənilməyəcəkdir. Operativ lizinqdən adətən o halda istifadə olunur ki, icarədar əmlaka sahib olmaq riskini öz üzərinə götürməkdənsə, daha yüksək icarə haqları ödəyir. Lizinqin bu növü adətən icarəyə verilən əmlakın nəzərdə tutulan istifadə müddəti onun fiziki aşınması müddətindən aşağı olduqda (məsələn, mövsümi işlər və ya birdəfəlik məqsədli istifadə), habelə xüsusi texniki xidmət tələb edən avadanlıqlardan istifadə edilərkən tətbiq olunur. Operativ lizinq zamanı icarədar uzunmüddətli dövr ərzində icarə ayırmalarını ödəyə biləcəyinə əmin olmur, belə ki, təsərrüfat fəaliyyətindən nəzərdə tutulan gəlirlər o qədər yüksək deyildirlər ki, icarəyə götürülmüş avadanlığın ilkin dəyərini ödəməyə kifayət etsin.

Operativ lizinq icarəyə alınan texnikanın dəyərinin tam ödənilməsini nəzərdə tutmur və maşın, avadanlıq və cihazlara xidmət göstərilməsi, onların təmiri və sığortalanması ilə bağlı bütün məsuliyyəti icarədarın üzərinə qoyur.

Operativ lizinq, hər şeydən əvvəl, yüksək templi mənəvi köhnəlməyə malik avadanlıqlar (misal üçün, elektron-hesablama texnikası, elmi tədqiqatlar üçün cihaz və aparatlar, surətçıxarma maşınları, yüngül avtomobillər və başqa nəqliyyat vasitələri) üzrə tətbiq olunur.

Uzun müddət ərzində operativ lizinq şəraitində texniki vasitələrin kirayəsi məntəqələri mövcud olmuşdur. Bu gün maddi-texniki təminat sistemində cizah və ya mürəkkəb texnikaların, ticarət və yol maşınlarının, avadanlıqların və tikinti alətlərinin kirayəsi üzrə zəngin təcrübə toplanmışdır. Tələb və təklif konyunkturunu öyrənərək elmi müəssisələr, tikinti təşkilatları və texnikanın başqa istifadəçıları ilə kommersiya əlaqələri qurmuş çoxlu sayda məntəqələr yaradılmışdır.

Bu gün kirayə-rentiq istehlakçıların icarə şərtləri ilə maddi-texniki resurslarla təmin edilməsinin mühüm metodu və istehlakçıların maddi-texniki resurslara qarşı tələbinin effektiv təmin edilməsi metodu kimi çıxış edir.

Beynəlxalq ticarətdə maliyyə lizinqi, uzunmüddətli icarə forması kimi, geniş intişar tapmışdır.

Maliyyə lizinqi, bir qayda olaraq, özündə lizinq kompaniyası tərəfindən əmlakın dəyərinin tam ödənilməsini nəzərdə tutan üçtərəfli qarşılıqlı fəaliyyəti əks etdirir və onunla səciyyələnir ki, əmlakın müvəqqəti istifadə üçün verildiyi müddət uzunluğuna görə amortizasiya müddətinə və əmlakın bütün və ya böyük hissəsinin amortizasiyasına yaxınlaşır. Müqavilə müddəti ərzində lizinq verən lizinq ödənişləri hesabına əmlakın bütün dəyərini özünə qaytarırır və lizinqdən nəzərdə tutduğu mənfəəti alır. Başqa sözlə, maliyyə lizinqi özündə icarədarın satınalma hüququ ilə uzunmüddətli icarə formasını əks etdirir.

Maliyyə lizinqi zamanı texniki xidmət və sığortalama üzrə öhdəliklər lizinq alanın üzərinə düşür.

Əgər avadanlığın istehsalçısı onu, lizinq kompaniyası ilə vasitəçilik etmədən müstəqil olaraq icarəyə verirsə, onda maliyyə lizinqinin bu növü birbaşa lizinq adını alır. Ancaq ikitərəfli lizinq, bir qayda olaraq, geniş yayılmamışdır, belə ki, istehsalçı lizinq əməliyyatlarını artırdıqda, yenə də öz lizinq kompaniyasını yaratmalı olacaqdır.

Buna görə də əksər hallarda lizinq birbaşa yox, bir qayda olaraq, ixtisaslaşmış lizinq kompaniyası qismində çıxış edən vasitəçinin köməyilə həyata keçirilir. Bu zaman müqavilədə nəzərdə tutulur ki, vasitəçi müvəqqəti olaraq ödəniş qabiliyyətliliyini itirsə və ya iflasa uğrasa, lizinq ödənişləri əsas lizinq verənə ödənilməlidir. Lizinq üzrə belə müqavilə formaları “sublizinq” adını daşıyır. Bu formadan, xüsusilə müqavilənin əsas iştirakçılarının ərazicə bir-birilərindən uzaq olduqları və avadanlıqdan düzgün istifadə olunması, icarə haqlarının vaxtlı-vaxtında ödənilməsi və lizinq müqaviləsi üzərində operativ rəhbərliklə bağlı bir çox məsələlərin həlli üzərində müşahidə həyata keçirən vasitəçidən istifadə olunması məqsədəuyğun hesab olunduğu zaman istifadə olunur.



Qaytarma lizinqi, ikitərəfli müqavilənin növ müxtəliflərindən biri olmaqla kifayət qədər geniş yayılmışdır. Müəssisə (gələcək lizinq alan) avadanlığa malikdir, lakin onun istehsal fəaliyyəti üçün vəsaitləri yoxdur. Onda o, lizinq başqa bir şirkəti tapır və ona öz avadanlığını satır, sonuncu isə öz növbəsində həmin avadanlığı kompaniyanın özünə lizinqə verir. Beləliklə, müəssisənin sərancamında onun istədiyi istiqamətə, misal üçün, dövriyyə vəsaitlərini tamamlamağa sərf edə biləcəyi pul vəsaiti yaranır. Qaytarma lizinqi üzrə müqavilə elə tərtib oluna bilər ki, onun fəaliyyət müddəti bitdikdən sonra müəssisənin avadanlığı geri almaq və bununla da özünün əvvəlki mülkiyyət münasibətlərini bərpa etmək hüququ olsun.

Qaytarma lizinq formasından istifadə edilməsi zamanı bütünlükdə müəssisələr də icarəyə verilə bilər, bu zaman malgöndərən (təchizatçı) və lizinq alan eyni hüquqi şəxs olacaqdır. Lizinqin bu formasını maliyyə çətinliyi ilə üzləşən firmalar da istifadə edirlər. İdxal avadanlıqlarının qaytarma lizinqi forması müəssisə üçün xarici valyutada investisiya resurslarının səfərbər edilməsinin (mobilləşdirilməsi) cəlbedici üsulu kimi çıxış edə bilər, lakin ondan geniş istifadə edilməsi idxal edilən avadanlıqlar üzrə mülkiyyət hüquqlarının xaricə ötürülməsinə gətirib çıxara bilər.

Lizinq münasibətlərinin xüsusi forması kimi leveric-lizinq çıxış edir. Bu maliyyə lizinqi formasından istifadə edilməsi zamanı icarəyə verilən avadanlığın dəyərinin böyük hissəsi üçüncü tərəfdən (investor) borc olaraq götürülür və icarənin birinci yarısında icarəyə götürülmüş avadanlıq üçün amortizasiya ayırmaları və avadanlığın əldə edilməsi üçün alınmış ssuda üzrə ödənişlər həyata keçirilir. Belə müqavilə investorun vergiyə cəlb olunan gəlirini azaldır və vergi üzrə möhlət effekti yaradır. İnvestor bu effekti lizinq kompaniyasına təqdim edir ki, oda öz növbəsində müştərinin xeyrinə azaldılmış icarə haqqı müəyyən edir və dayanıqlı mənfəət əldə edir. Belə lizinqə tipik nümunə təyyarələrin lizinqidir.

Kompensasiya lizinqi forması da praktiki maraq kəsb edir. Bu forma üçün xarakterik cəhət odur ki, icarədar lizinq ödənişləri (ayırmaları) əvəzinə icarəverənə icarəyə alınmış avadanlıqdan istifadə olunması əsasında razılaşdırılmış həcmdə istehsal olunmuş məhsulları təqdim edir. Kompensasiya lizinqi son dövrlər beynəlxalq lizinq əməliyyatları təcrübəsində getdikcə daha geniş yer alır, belə ki, o, icarənin ödənilməsi üçün azad valyutanın axtarılması problemini həll edir.

Maliyyə lizinqinin növləri xalis lizinq və xidmətli lizinqdir.



Xalis lizinq – elə icarə münasibətidir ki, bu zaman əmlaka göstərilən bütün xidmətləri lizinq alan öz üzərinə götürür, lizinqaverən tərəfindən əldə edilən icarə ödənişləri isə “xalisdirlər”. Buna görə də bu halda avadanlıqlara xidmət göstərilməsi üzrə xərclər lizinq ödənişlərinə daxil edilmir. Bu, ən geniş yayılmış formadır.

Xidmətli lizinq avadanlığa mütləq texniki xidmət göstərilməsinin, onun təmirinin, sığortalanması və başqa əməliyyatların lizinq verən tərəfindən həyata keçirilməsini nəzərdə tutur və bu işlər üzrə xərclər icarə haqqına daxil edilir. Bir qayda olaraq, lizinqin bu növündən mürəkkəb və bahalı avadanlığn icarəsi üçün istifadə olunur. Bu xidmətlərdən başqa, lizinq alanın arzusu ilə lizinq verən öz üzərinə heyətin hazırlanması, hazır məhsulun marketinqi və reklamı və s. üzrə öhdəlikləri də götürə bilər Bu əlavə xidmət növləri üzrə xərclər də icarə haqqına daxil ediləcəkdir.

ABŞ-da lizinqin bu forması zamanı icarəverən investisiya güzəşti və amortizasiyanın sürətləndirilməsi kimi əhəmiyyətli güzəştlər əldə etmək hüququna malikdir, icarədar isə icarə haqlarını vergilərin ödənilməsi üçün elan olunmuş gəlirdən çıxa bilər. Müddətin sonunda icarədar avadanlığı onun həqiqi bazar qiymətindən aşağı qiymətə ala bilməz. İcarə müddəti bitdikdən sonra avadanlığın 20%-dən az olmayaraq faydalı xidmət müddəti qalır. Lizinqin bu növü həmçinin tam xidmət dəstli lizinq kimi də adlandırılır.

Lizinq münasibətlərinin rəsmiləşdirilməsi zamanı baş lizinq anlayışından istifadə olunur. Baş lizinq özündə icarəverənlə icarədar arasında icarədarın yeni müqavilələr bağlamadan icarəyə alınmış avadanlıqların siyahısını tamamlamaq hüququnu nəzərdə tutan lizinq haqqında ümumi müqaviləni əks etdirir.

Ayrı lizinq və ya əlavə vəsaitlərin cəlb edilməsini nəzərdə tutan lizinq, yaxud qismən lizinq verən tərəfindən maliyyələşdirilən lizinq. lizinqin ən mürəkkəb növ müxtəlifliklərindən biridir, çünki bu, çoxkanallı maliyyələşdirmə ilə sıx əlaqədardır və bir qayda olaraq, bahalı layihələrin ödənilməsi üçün istifadə olunur.

Bu formadan istifadə zamanı lizinq verən əmlakın tam dəyərindən hesablanan bütün vergi güzəştlərindən istifadə edərək bir və ya bir neçə kreditordan ssuda götürür. Borclu-lizinq verən ssudanın qaytarılmasına görə kreditor qarşısında məsuliyyət daşımır, ssuda lizinq ödənişləri vasitəsilə ödənilir. Buna görə də lizinq verən kreditorların xeyrinə borcun ödənilməsinə qədər əmlak üzrə girovu rəsmiləşdirir və ssudanın ödənilməsi hesabına onlara lizinq haqlarını götürmək hüququ verir. Beləlikələ, müqavilə üzrə əsas riski kreditorlar daşıyır, ssudanın qaytarılmasının təminatçısı kimi yalnız lizinq haqları və lizinqə verilən əmlak çıxış edir.



Revolver lizinqi və ya əmlakın sonradan dəyişdirilməsini nəzərdə tutan lizinqdən lizinq alana texnologiya üzrə müxtəlif növ avadanlıqlar lazım olduqda istifadə olunur. Lizinqin bu formasından istifadə edilməsi zamanı icarədar müəyyən müddətin bitməsindən sonra icrayə alınmış avadanlığı onun başqa növünə dəyişmək hüququnu əldə edir.

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin