Klassik restoran - müştərilərə geniş çeşiddə qənnadı məmulatları, isti və soyuq qəlyanaltılar, isti, şirin xörəklər, ekzotik meyvələr, dondurma, spirtli və spirtsiz içkilər, tütün məmulatları və s. təklif edilən iaşə obyektidir.
Həmçinin ziyafətlərin, müxtəlif qəbulların və digər şənliklərin keçirilməsi üçün əlavə xidmətlər göstərir.
Milli restoran - daxili görünüşü, avadanlıqlarla təchizatı, xidmətin təşkili və məhsul çeşidləri üzrə milli ənənələri həyata keçirən ictimai iaşə obyektidir.
Burada müəyyən ərazi (ölkə, vilayət, rayon) üçün ənənəvi olan geniş çeşidli iaşə məhsulları, spirtli və spirtsiz içkilər təklif edilir.
Restoran daxili (iç) görünüşü, mebelləri, qab-qacaqları, musiqi proqramları və xidmət heyətinin geyim formaları, milli xüsusiyyətlərə müvafiq olmalıdır.
İxtisaslaşdırılmış restoran - ictimai iaşə obyekti olub, müştərilərə menyuda daim mövcud olan ixtisaslaşdırılmış çeşiddə mətbəx məmulatları və içkilər təklif edir; onun avadanlıq və ləvazimatlarla təchizatı tərtibati ixtisaslaşmaya (ovçu, balıq, pəhriz, ailəvi, ətsiz və s.) müvafiq olmalıdır.
Mərasim restoranlar - çoxsaylı istehlakçı qrupuna eyni vaxtda (toy, nişan, ad günü və s. tədbirlərdə), əvvəlcədən sifariş əsasında xidmət göstərə . iaşə obyektidir.
Burada iştirakçılara xidmət, mərasim sahibi ilə qarşılıqlı razılıq əsasında, əvvəlcədən tərtib edilmiş menyu əsasında yerinə yetirilir.
Menyuda göstərilən müxtəlif çeşidli soyuq qəlyanaltıların və isti xörəklərin hazırlanması üçün lazım olan xammal və məhsulların 60-65%, spirtli və spirtsiz içkilərin isə 100%-i sifarişçi tərəfindən təmin edilə bilər. Bu barədə sifarişçi ilə obyekt arasında razılıq, mərasim gününə 3-5 gün qalmış müəyyənləşdirilir.
Restoranın daxili görünüşü mərasimin məğzini nümayiş etdirən işıq və digər reklamlarla zənginləşdirilir. Musiqi proqramları ya müəssisənin öz musiqiçiləri (sifarişçinin razılığı ilə) və ya bağlanmış müqavilələr əsasında digər ansambl qrupları tərəfindən yerinə yetirilir,