Bitki məhsullarının xarab olmasına səbəb olan amillərin baytar sanitar-gigiyenik qiymətləndirilməsi
Qida məhsullarının keyfiyyətinin aşağı düşməsinə temperatur, işıq, nəmlilik, mikroorqanizmlər kimi amillər, həmçinin, mal qonşuluğu prinsipinin pozulması da təsir edir. Sanitar-gigiyenik norma və qaydalara əsasən ərzaq mağazalarında, market və supermarketlərdə, müxtəlif iaşə obyektlərində - kafe və restoranlarda mal qonşuluğu prinsipinə əməl edilməsi tövsiyə olunur. Bu qaydalara əməl etməklə təklif olunan məhsulların keyfiyyəti, məhsulların əmtəə görünüşü və təhlükəsizliyi qorunmuş olur.
Qida məhsullarının keyfiyyət və təhlükəsizlik standartları normativ aktlar və qanunlarla tənzimlənir. Qida məhsullarının istehsalı, daşınması və saxlanması mərhələləri bu qanunlar vasitəsilə nizamlanır. Burada əsas məqamlardan biri məhsulların saxlanacağı anbarların sanitar-gigiyenik normalara cavab verməsi, quruluşu, şəraiti, həmçinin anbarlarda istifadə olunan qabların təmizliyidir.
Mal qonşuluğunun başlıca şərti, məhsulların fərdi xüsusiyyətlərini və uyğunluqlarını mümkün qədər nəzərə almaq və onları ən münasib şəraitlərdə saxlamaqdır. Tez xarab olan məhsullar soyuducularda, un, şəkər və taxıl məhsulları isə yaxşı havalandırılan, quru otaqlarda saxlanılmalıdır.
Mal qonşuluğu prinsipinin ümümi qaydaları aşağıdakılardır:
Ərzaq malları dükanların rəflərində kimyəvi maddələr və digər qeyri-ərzaq məhsulları ilə birlikdə saxlanılmamalıdır.
Zərərli məhsullar, xüsusilə əmtəə görünüşünü itirmiş və ya istifadə müddəti bitmiş məhsullar keyfiyyətli məhsulların yanında saxlanılmamalıdır.
Kəskin qoxulu məhsullar hiqroskopik xassəli məhsullardan təcrid olunmalıdır. Məsələn ədviyyat, duzlanmış, hisə verilmiş və konservləşdirilmiş balıq kimi məhsullar süd və süd məhsullarından, yumurtadan ayrı saxlanılmalıdır.
Qida xammalı və yarımfabrikatları hazır xörəklərin yanında saxlamaq olmaz.
Soyudulmuş və dondurulmuş qidaları uyğun olmayan temperatur rejimində soyuducuda saxlamaq qəti qadağandır.
Ət və ət məhsulları, müxtəlif növ kolbasa, pendir məmulatlarını təzə meyvə və tərəvəzin yanında yerləşdirmək olmaz.
Bundan əlavə, ayrıca meyvə və tərəvəzlərin xüsusi saxlanma qaydaları var ki, onlara əməl etməklə istifadə müddətini uzatmaq olar.
Almanın üstündə çürük görsəniz, dərhal bir boşqaba qoyun. Çünki digərlərinin yanında qaldıqda çürüyün onlara keçməsinə səbəb olur.
Bananın təzəliyini qorumaq üçün salxımın kökünü neylon torbaya bürüyün. Digər meyvələrin yanında saxlamayın. Bananın buraxacağı yüksək miqdarda etilen qazı digər meyvələrin dəymə və çürümə prosesini sürətləndirdiyi üçün ayrıca saxlanılmalıdır.
Böyürtkən, qaragilə, zoğal, moruq kimi giləmeyvələri az sirkəli suda saxlasanız, kiflənməsinin və yumşalmasının qarşısını alarsınız.
Pomidoru günəş düşməyən, otaq temperaturunda saxlamaq lazımdır. Meyvələrdən ayırmaq şərti ilə xüsusi yerdə saxlanan pomidorun sapı üstündə qalmalıdır. Sellofan torbada saxlasanız, daha tez çürüyəcək. Pomidor soyuducuda bütün dadını itirir. Soyuducudakı soyuq hava pomidorun daha yaxşı yetişməsinə mane olduğu üçün dadsızlaşır. Odur ki, onları mətbəx səbətində, ya da torbada saxlamaq daha yaxşı fikirdir.
Kəsilmiş və ya püre halına salınmış avokadonun ortasını deşin, üzərinə limon suyu və ya zeytun yağı səpib, plastik qabda və ya paketə büküb soyuducuda saxlayın. Bu yolla avokadonun qaralmasının qarşısını alacaqsınız. Onu da qeyd edək ki, avakodanın daha dalı olması üçün onları soyuducudan uzaq saxlamaq məsləhətdir. Həmin meyvənin daha tez yetişməsini istəsəniz, bir neçə gün otaq temperaturunda banan və ya almanın yanına qoyun. Amma tam yetişmiş avakoda almısınızsa, onu rahatlıqla soyuducuya qoya bilərsiniz.
Dostları ilə paylaş: |