Emineh Pakravan Abbas Mirzə Editions Buchet / Chastet (Paris) 1973 İçindəkilər


İrəvanın işğalı və Azərbaycandan ayrılması



Yüklə 1,09 Mb.
səhifə8/11
tarix03.02.2017
ölçüsü1,09 Mb.
#7379
1   2   3   4   5   6   7   8   9   10   11

İrəvanın işğalı və Azərbaycandan ayrılması
Ancaq Abbas Mirzə hiss etdi ki, artıq əlində heç bir savaş imtiyazı qalmamışdır. Bu üzdən də hücumlardan əl çəkib və sadəcə İrəvanı savunmağı planladı. O günə qədər qardaşının kölgəsində görünməz olan Həsən Xan Sarı Aslan İrəvan qalasının savunulmasını öz üzərinə götürmüşdü. Şahzadə onun ordusunun yardımına getdi. Altı minlik ordusu və iyirmi topu ilə onun mövqeyini gücləndirdi. Sonra düşündü ki, öz üslərindən (qərargahlarından) birinə getsin və Sərdarabad qalasının müdafiəsini yaşlı Sərdar Hüseyn Xana tapşırsın. Cahangir Mirzənin verdiyi bilgilərə görə, Abbas Mirzə ruslarla qarşı-qarşıya gəlməsin deyə Osmanlıya aid olan Bayəzid və Çaldıran bölgələrindən keçmək zorunda qaldı. Bu keçişi üçün də Osmanlıdan heç bir etiraz gəlmədi.

***


Abbas Mirzə Təbrizə çatdığında yorulmuş və savaş qabiliyətini itirmiş əsgərlərini mürəxxəs edib, məzuniyətə buraxdı. Savaş qabiliyəti olan birimləri isə Təbrizin 20 kilo metrliyində yerləşən Şindabada apardı. İkinci oğlu Bəhmən Mirzə ağır topların və topçuların kiçik bir bölümünü Xoya aparmaq, orada saxlamaqla görəvləndirildi.

1827-ci ilin sentyabr ayı idi. Sonraki həftələr İrəvanı savunmanın son həftələri olacaqdı. Rusiya İrəvanın mühasirəsi üçün hazırladıqlarını tamamlamış, güclü piyadə, topxana və süvari birimlərini İrəvana doğru yönləndirmişdi. Qalanın bütün darvazaları qapanmış və mühasirə tam şəkildə gerçəkləşmədən öncə, dövlət çaparlarından başqa kimsənin üzünə açılmırdı. Bəzən də Həsən Xan Sarı Aslan öz süvariləri ilə şəhərin dışına çıxıb, sürətli bir yoxlamadan sonra geri dönürdü. Bu yoxlamalarda Həsən Xan Sarı Aslan qala dışına çıxdığında ətraf kəndlərdə nə qədər ərzaq filan tapsa idi, talayıb qalanın içinə daşıtdırırdı. Çünkü uzun müddətli mühasirə qarşısında yeyəcək bol olmalı idi. Bu üzdən də bir çox kəndlilər həm savaş üzündan, həm də talanmalar səbəbi ilə Osmanlı torpaqlarına üz tuturdular.

Çox zaman keçmədən mühasirə işi tamamlandı. Sentyabrın 23-də General Paskeviç şəhərin güneyində bir təpəni ələ keçirdi. 24-də toplar bu təpədə yerləşdirildi. 25-də səhər erkəndən qala atəşə tutuldu. Qalanı savunanlar böyük bir cəsarətlə bu atəşə cavab verirdilər. 28-29-da Sarı Aslan atəşin kəsilməsini istədi. Qalanın bir yeri möhkəm xəsarət almışdı və dərhal onarılması gərəkirdi. Ayın 30-da təkrar düşmənə cavab atəşləri başladı. Qalanın bir neçə yerində atəşlər susdurulmuşdu. Lakin müxtəlif yerlərdə dirəniş davam edirdi. Rusların top atışları qalanın divarlarında böyük dəliklər açırdı. Evlərin divarları yıxılır və şəhərin içi cəhənnəmə dönmüş, toz-torpaqdan göz gözü görmürdü. Bu gərgin durumda qalanın içində üsyan əlamətləri də nütfələnməyə başlamışdı. Sarı Aslanın Sərdar Hüseyn Xana və Şahzadəyə göndərdiyi çaparlar yolda ruslar tərəfindən yaxalanmışdı.

Oktyabrın 1-də əhali qalanın divarları üstündə bəyaz parçalar qaldırdı. Qalanın darvazları qırılmışdı. İrəvanda bulunan bütün ordu əsir alındı. Bir məscidin içində səngər tutan Sarı Aslan da sonunda əsir düşdü.



Rus ordusunun Təbrizi işğal etməsi
İrəvanın düşməsi General Paskeviçin irəliləməsinə imkan yaratmışdı. O, uzun zaman idi Təbrizi, Şahzadənin başkəndini işğal etməyi qafasına taxmışdı. Paskeviçə görə Abbas Mirzədən bir dəfəlik qurtarmanın yolu Təbrizi işğal etmək idi.

Şahzadə öz azalmış və yorğun düşmüş, düzəni pozulmuş ordusunu Təbrizin savunmasına hazırlarkən, Tehrana bu məzmunda bir məktub yazdı: “Artıq savaş gücümüz qalmamışdır, sülh etmək zorundayıq”.43 Ancaq Şahın ətrafını sarmış digər Şahzadələr və Abbas Mirzənin rəqibləri bütün bu fəlakətlərin səbəbkarı kimi Abbas Mirzəni görürdülər. Abbas Mirzənin varlığını öz evladlarının gələcəyi üçün təhdid ünsürü kimi görən Şahın qadınları da hər gecə Abbas Mirzənin arxasınca Şaha qeybət edir, onun yenilikləri ölkəni bərbad etdi deyə şikayətlənirdilər. Padşahın Abbas Mirzəyə qarşı qızması üçün hər tür zəminin hazır olduğu bir ortamda Şahzadənin bu məktubu Şaha çatdırıldı. Şah hiddətlə Abbas Mirzəyə qızmağa başlamışdı.

İrəvanın və Sərdarabadın düşmə xəbərini Şahzadə Şindabadda eşitdi. Şindabadda Şahzadə daha qorxunc bir xəbər də eşidəcəkdi: Təbrizin ruslar tərəfindən işğal edilmə xəbərini! Artıq onun ailə üzvlərinin və qadınlarının da ruslar tərəfindən əsir alınıb və hətta namuslarına təcavüz edilmə məsələsi Şahzadənin ağlından keçirdi. Səltənət ailəsinə mənsub olan bu insanlar düşmən üçün çox önəmli girov və əsir olaraq nəzərə gəlirdi. Çünkü düşmən bu əsirləri geri vermək üçün böyük imtiyazlar ala bilərdi. Digər tərəfdən, Təbrizin işğalı Abbas Mirzənin sonu kimi bir şey idi. Sadəcə bu şəhərdə mövcud olan Şahzadənin var-dövləti, ordu qərargahları talanmayacaqdı, Azərbaycan ordusunda da təmiri mümkün olmayan ruh düşgünlüyü yaranacaq, ordu savaş qabiliyətini daimi olaraq itirəcəkdi. Şahzadəni şaşırdan Təbrizin müqavimətsiz təslim olması idi. Təbriz uzun zaman idi kaosa sürünməkdə idi. Şahzadə daima səfərlərdə olurdu. Digər tərəfdən, Şah, Azərbaycanı öz kontrolunda saxlaması və Şahzadəyə olan şübhələrini bərtərəf etməsi üçün Asəf-əd Dövləni Təbrizə nəzarət etməyə göndərmişdi. O isə öz eyş-işrəti ilə məşğul idi və əhalinin nifrətini qazanmışdı. Əhali Asəf-əd Dövlənin başçılığı altında şəhərin müdafiəsinə qalxmaq istəməmişdi. Təbrizin işğalı zamanı Şahzadəni sevən bir çox insan şəhərdən kənarda idi. Böyük oğullarından biri Xoyda, digəri də Ərdəbildə idi. Digərləri də müxtəlif qərargahlarda idilər. Yalnız böyük xoca Ələsgər Xan Şahzadənin nümayəndəsi olduğunu iddia edirdi. Ələsgər Xan, Şahzadə Xanımın (Abbas Mirzənin Qacar soyundan olan xanımı) himayəsi ilə hər kəsdən çox rüşvət alsaydı, onu iş başına gətirirdi.

Təbrizin ruhani rəhbəri Mirzə Yusif yenicə ölmüşdü. Onun var dövlət düşgünü olan oğlu gənc ruhani Mir Fəttah əhalinin fikrini azdırmaq üçün çox uyğun faktor idi. Mir Fəttah fətva vermişdi ki, artıq müqəddəs İslam-Kafir savaşı bitmişdir, Tanrı rusların yardımçısı olmuşdur. Tanrının iradəsinə tabe olub ruslara itaət etməliyik.

Beləliklə Təbriz heç bir dirəniş göstərmədən təslim olmuşdu. Ancaq düşmən Təbrizə qədər necə gəlmişdi ki, kimsə bilməmiş və yol boyunca heç bir qarşıdurma olmamışdı? Bu mövzu özü ayrıca bir tarixdir. Aylar öncədən Təbrizin işğalı üçün Paskeviç hər tür hazırlığı etmişdi. Casusları vasitəsi ilə Təbrizin savunma imkanlarını öyrənmiş, iqtisadi həyatı haqda bilgi əldə etmişdi. Bu üzdən də Abbas Mirzə Təbrizdə olan hərbi imkanları daşımadan bu şəhər işğal edilməli idi. Digər tərəfdən, Təbriz, Abbas Mirzənin həm çox güvəndiyi, həm çox sevdiyi şəhər olmanın yanı sıra, Şahzadə burada bir çox reformlar gerçəkləşdirmişdi. Bu şəhərin işğalı ilə eyni zamanda Abbas Mirzənin heysiyətinə böyük zərbə endirir, gələcəkdə onun şah olma şansını əlindən ala bilərdilər. Çünkü Abbas Mirzənin Fətəli Şahın ölümündən sonra tac-taxt sahibi olması Rusiyanın mənafeyinə qarşı idi. Bütün ölkəni Avropa ilə ittifağa götürmə gücü olan və bu vəsilə ilə də güclü və modern bir məmləkət yarada biləcək bir şəxsin şah olması Rusiyanın bölgədəki çıxarlarını təhdid edirdi. Bu üzdən də Şahzadənin başkəndi işğal edilməli idi.

Abbas Mirzə, Abaran savaşında zəfər qazanmasına rəğmən geri çəkilməsi Rusiyanı Şahzadənin qaynaqlarının tükənməsi konusunda şübhələndirmişdi. Bu şübhəni dəqiqləşdirmək üçün araşdırmalar aparılmış və haqlı olduqları ortaya çıxmışdı. Bu nədənlə də Paskeviç böyük bir cəsarətlə dirək Təbrizə doğru irəliləməyə başlamışdı. Paskeviç özü Culfa yolu ilə Təbrizə tərəf hərəkətə başladı. General Aristov isə bir sütun ordusuyla Naxcıvandan Təbrizə doğru hərəkətlənib və Mərənd yolu ilə Şahzadənin başkəndinə doğru hərəkətə davam etdi.

Cahangir Mirzənin yazdığına görə Nəzərəli Xanın edamından sonra Mərənd xanları Şahzadəyə qarşı düşmənlik duyğusu bəsləməyə başlamışdılar. Bu xanlar intiqam üçün fürsət axtarırdılar. Ona görə də bu xanlar Naxcıvanda General Aristova varıb və Təbrizin kaotik durumunu anlatmış, Təbriz baş ruhanisi Mir Fəttahın mövqeyini ona bildirmişlər. Generala demişdilər: “Təbrizdə az əhali var. Təbriz əhlisi sizin gəlişinizdən yanadır. Mir Fəttah da belə düşünür. Əgər siz Abbasabad qalasında min nəfər qoyub və üç min nəfərlik orduyla Mərənd istiqamətindən Təbrizə hücum etsəniz, şəhəri təslim ala bilərsiniz. Siz Təbrizə yaxınlaşdığınızda əhali üsyan edib və sizə yardımçı olacaq.”44 Sonra da rus ordusunun hansı yollarla Təbrizə gəlməsi üçün bələdçilik də etmişlər. General Aristov 3.000 piyadə, 1.000 qazaq və on topla Təbrizə yola düşmüşdü. Rus ordusu Təbrizin altı ağaclığında olan Sofyana çatdığında şəhərin əhalisində təslimiyət duyğusu yaranmağa başlamışdı. Çünkü Şahzadənin başkəndinin burnunun ucunda olan rus ordusu heç bir dirənişə rastlanmadan buraya qədər gəlmişsə, Təbrizə də girəcəkdir demək idi.

Asəf-əd Dövlə və Ələsgər Xan dəqiq bilgi öyrənmək üçün Sofyana tərəf bir neçə süvari göndərdilər. Düşmənin Təbrizin dörd ağaclığında olduğu öyrənildi. Şahzadəyə sadiq olan barmaq sayı adamlar həmən Təbrizin iyirmi ağaclığındaki qərargahda olan Abbas Mirzəyə xəbər verməkdən yanaydılar. Bəziləri də fərardan yanaydılar. Ruhani rəhbərin təsiri altında olan çoğunluq isə Mir Fəttahın yönləndirməsinə tabe idi. Təbrizin baş mollası Mir Fəttah fətva vermişdi ki, yalnız bir çıxış yolu vardır: Rus fatehin iradəsinə təslim olmaq! Asəf-əd Dövlə də Mir Fəttah kimi düşünməkdə idi, lakin zahiri təşrifatı qorumaq üçün iki topun Gəcil darvazsında yerləşməsinə əmr verdi. Rus ordusunun Təbrizə girişi bu darvaz yolu ilə mümkün idi. Bir neçə top gülləsi də düşmənə tərəf sıxışdırıldı. Lakin Mir Fəttah fətva vermişdi ki, Təbriz dirənməməlidir. Bu üzdən öz tərəfdarlarını toplayıb və Gəcil darvazsının ağır ləngələrini rusların üzünə açıq qoydu. Rus fateh, Mir Fəttah tərəfdarlarının böyük təntənəli istiqbalı ilə şəhərə daxil oldu. Asəf-əd Dövlə fərar edib, bir tanışının evində gizlənmişdi. Lakin Mir Fəttahın tərəfdarları onun yerini öyrənib, ruslara təslim etdilər.

General Aristov yağmalanmanı durduruncaya qədər şəhərin bir çox yerləri, özəlliklə zəngin yerlər bütünü ilə talanmışdı. Təbrizin təslim olması Şahzadənin ailəsinə da təsir etmişdi. Artıq bütün rəqabət hisləri sönmüş və hər kəs bir otaqda Şahzadə Xanımın çevrəsinə toplaşmışdı. Abbas Mirzənin saray işlərinin məsulu olan Mirzə Məhəmməd Xan Laricani, Şahzadə Xanımın sarayına yaxınlaşdı. Bu adam çox təcrübəli bir xidmətçi idi. Mazəndəranla Savadkuh süvariləri onun əmrinə tabe idi. Şahzadə Xanımın hüzurunda səsini yüksəltməyə cəsarət edə bilməyən Mirzə Məhəmməd Xan ilk dəfə olaraq yüksək səslə bağırır və yüksək gürültü ilə Xanımın qapısını çalırdı. Bütün davranışlarından qorxu hissi tökülürdü. Şübhəsiz ki, bu da Şahzadə Xanımı və çevrəsindəki digər ailə üzvlərini daha da qorxudurdu. Məhəmməd Mirzə, Şahzadə Xanıma dedi ki, kəcavə hazırdı, Sizi Əraka və Xəmsəyə tərəf qaçıracaqlar. Ancaq Abbas Mirzənin ailəsi General Aristov üçün çox önəmli girovlar ola bilərdi. Bu üzdən də onların şəhərdən çıxa bilməmələri üçün heç şübhəsiz ki, öncədən planları varmış. Rus süvariləri Şahzadə Xanımı bütün ailə üzvləri ilə bir yerdə Təbrizin iki ağaclığında yaxaladılar. Ancaq onlara toxunmamaq üçün General Aristov əmr vermişdi.

***


Böyük ehtimala görə ruslar Abbas Mirzənin özünü də əsir almaq istərdilər. Abbas Mirzə də Təbrizin düşməsindən sonra bu təhlükəni hiss edib Xoydaki qərargahını tərk etdi. Daha güvənli yerə getmək zorunda qaldı. Xoydaki qərargahın komutanlığını oğlu Bəhmən Mirzəyə tapşırıb, özü isə hələ güvənli olan Urmuya (Urmiyeye) getdi. Abbas Mirzə hər gün yeni bir xəyanət xəbəri eşidirdi. General Paskeviçin Təbrizə girərkən qarşısında qurban kəsilməsi Şahzadənin qüruruna toxunmuşdu. Bilirdi ki, bütün bunların hamısını Mir Fəttah etmişdir. Mir Fəttah, Marağa, Əhər, Ərdəbil xanlarına məktub yazmış və ilahi iradənin qarşısında təslim olmalarını istəmişdi. Abbas Mirzənin kafir ölkələrlə yaxınlaşıb və onlar kimi davranması üzündən Tanrı bu torpağı cəzalandırmışdır. Tanrı iradəsinə qarşı gəlmək günahdır deyə fətvalar vermişdi.

Abbas Mirzə Urmu və çevrəsində çox hörmətlə qarşılandı. Bu bölgənin insanları Abbas Mirzənin onları kürd soyğunçulardan qurtardığını unutmamışdılar. Ancaq Abbas Mirzə artıq insanların üzünə dik baxa bilmirdi. Başkəndinin dirənmədən təslim olması onu çox təhqir etmişdi. Bu bölgənin insanları isə onun istiqbalına varıb və ətəyindən öpürdülər. İnsanların onu bu şəkildə qarşılaması Şahzadəni bir az da olsa sakitləşdirirdi. Demək ki, hələ də xalq arasında hörməti məhfuzdur. Lakin o bölgənin də böyük xanları Təbrizin işğal olunmasını eşidiklərində içlərində Şahzadəyə qarşı olan əski nifrətləri baş qaldırdı. Hər kəs bilirdi ki, artıq Şah, Abbas Mirzəni sevməməkdədir. Hər an onun bütün rütbələrinin Şah tərəfindən alınma ehtimalı var idi. Hər kəsin ağlında gəzən bir sual var idi ki, Abbas Mirzənin səlahiyətləri qardaşlarından hansına verilə bilər? O bölgənin də xanları Abbas Mirzənin artıq sərgərdan və zavallı birisi olduğu qənaətinə varmiş və intiqam almaq fikrinə qapılmışdılar. Şahzadə bu kinli baxışları hiss edirdi. Onların xəyanətlərindən qorunmaq üçün özü ilə bərabər kiçik süvari dəstəsi gəzdirirdi. Ancaq Şahzadənin budcəsi tükənmişdi, bu kiçik dəstədən ibarət olan süvariləri təmin etməkdə zorluq çəkirdi. Digər tərəfdən, ağlında belə bir fikir gəzirdi ki, məğlubiyəti qəbul etməli və Paskeviçlə bir şəkildə təmassa keçməlidir. Bu üzdən Paskeviçə bir məktub yazdı. Məktubu ona çatdırmaq üçün yanında gəzdirdiyi özəl qvardiyanın komutanı Bijən Xana verdi. Özü isə Səlmasın çevrəsində bir yerdə yerləşib cavab gözlədi. Bu qərargah nisbətən güvənilir idi. Digər tərəfdən, bəzi ordu komutanları da buraya gəldilər. Məsələn, Sərdar Hüseyn Xan ayaqda qalan ordusu ilə bərabər buraya gəldi. Şahzadə Hüseyn Xanın oraya gəlməsindən rahatsız kimi görünürdü. Çünkü savaş zamanı ortaya çıxan müttəfiqlik duyğusu məğlubiyət üzündən ortadan qalxmışdı. Keçmişdə olduğu kimi hər şey onları bir-birindən ayırırdı. Şahzadə, Hüseyn Xanın xəyanət etməsindən çəkinirdi. Çünkü hər şeyini itirmiş, Sərdar Hüseyn Xan, Şahzadəni təslim etməklə çox şeyə nail ola bilərdi. Bu kiçik qərargahda diqqəti cəlb edən xaricilərin daha çox gözə dəyməsi idi. Şahzadə bu ağır günlərində İngiltərə diplomatları ilə əlaqə saxladı.

İngiltərənin yeni diplomatı Mək Donald özəl qələm müdiri Kompbellə bərabər Şahzadənin yanında idi. Rus ordusu Təbrizə girdikdən sonra İngiltərə dərhal Abbas Mirzə ilə təmasa keçmək istədi. Çünkü bilirdilər ki, sülh müzakirəsində başı əyyaşlığa qarışmış Fətəli Şah iştirak etməyəcək, Şahzadə iştirak edəcəkdir. Bu üzdən də bu barış müzakirəsi İngiltərənin bölgədəki, özəlliklə Hindistandaki mənafeyini təhdid etməməli idi. Çünkü Rusiyanın planlarından birisi də Qacar ölkəsi yolu ilə Hindistana girmək idi. Bu səbəbdən də İngiltərə sülhün təfərrüatını öyrənmək üçün Abbas Mirzənin qəbuluna həmən bir diplomat göndərmişdi. Fətəli Şah da İngiltərənin arabuluculuğuna olumlu baxırdı.

Albay Məkdonald öz xatirələrində şöhrəti Avropanı saran Şahzadəni ilk dəfə necə gördüyünü anladır. Şahzadə yorğun və xəstə bir halda bir çinar ağacının altında oturmuşdu. Bulunduğu qərargahın mövqeyindən dolayı bu yabancının xəyanət edə biləcəyinə inanmırdı. Bu üzdən də bəzi içini üzən sıxıntılarını ona söyləməyi rəva bildi. Savaşdaki məğlubiyətin üzücü təsirindən başqa, başqa özəl sıxıntıları da vardı. Uzun zaman idi, Şah ona yardım etmirdi. Bütün qaynaqları tükənmişdi. Hətta ona sadiq qalan barmaqsayı adamların belə ehtiyaclarını bərtərəf edə bilmirdi. Abbas Mirzə düşünürdü ki, bu sadiq insanların dözümlərinin bir həddi var. Onlar da getsə, onun aqibəti necə olar? İntiqam almaq üçün uyğun fürsət axtaran nə qədər düşmən var idi. Lakin artıq Abbas Mirzə İngiltərə üçün lazımlı bir insana dönüşmüşdü. İngilis diplomatın söylədiklərinin nə qədər doğru olub olmadığı mübahisə mövzusu ola bilər. Lakin Mək Donaldın dediyinə görə, Şahzadə ondan 3.000 tümən borc istəmişdir.45 Mək Donald heç tərəddüd etmədən Şahzadənin bu istəyini yerinə yetirdi. Lakin siyasət dünyasında bu kimi yardımlar qarşılıqsız və təmənnasız olmur. Mək Donald Səlmasda bulunduğu zaman dövlətinin təlimatı üzərinə 1814-ci ildəki anlaşmanın bəzi maddələrinin ibtalını istədi. Bunun qarşılığında isə İngiltərənin Abbas Mirzəyə mali yardımını təklif etdi. Abbas Mirzə Mək Donaldın bu istəyinə bir neçə aydan sonra müsbət cavab vermək zorunda qalacaqdı. Yəni Azərbaycanın işğal olunmuş bir çox bölgələrini para ilə geri almaq zorunda qaldığı zaman İngiltərənin bu istəyi ilə razılaşacaqdı. İngiltərə 1814-ci il antlaşmasından iki maddənin çıxarılmasını istəyirdi. Bu antlaşmaya görə Qacar dövləti savaşa girdiyi zaman İngiltərə ona yardım etməli idi. İngiltərə 250.000 tümən qarşısında bu bəndin silinməsini istəyirdi. Bu məbləğ rusların savaş ziyanı olaraq istədikləri miqdarın tam yarısı idi. Rusiya ya bu məbləğin ödənilməsini, ya da Qəzvinə qədər Rusiyanın idarəsinə keçilməlidir təklifini gətirmişdi.

Mək Donald öz katibini Paskeviçlə görüşmək üçün Təbrizə göndərdi. Lakin Paskeviç İngiltərənin arabuluculuq önərisini qəbul etməmiş, ingilis nümayəndəsini geri göndərmişdi. Ancaq Abbas Mirzənin göndərdiyi Bijən Xanı Təbrizdə bəklətməkdə idi. Təbrizdə qərargahını qurmuş olan Paskeviç böyük bir arxayınlıqla davranırdı. Nə edəcəyini yüz ölçüb bir biçirdi. İngiltərənin devriyə girməsini heç istəmirdi.

Təbrizdə məhbus olan əski Başvəzir Asəf-əd Dövlə rusların kontrolunda Tehranla əlaqə saxlaya bilirdi. Asəf-əd Dövlə ağlında xüsusi planlar hazırlamışdı. Paskeviç onu qəbul etdiyində bütün bu planlarını ona açıqlayacaqdı. O, rus generalına dedi ki, məsələ sizin düşündüyünüz kimi mürəkkəb deyildir. Siz bilmiş olun ki, Fətəli Şahın ən nifrət etdiyi şey onun xəzinəsinə ziyan gətirən hadisələrdir. Bu üzdən də savaş zərərinizi nə qədər çox olaraq Şaha təqdim etsəniz, bir o qədər də tez başarılı olarsınız. Şah öz budəcəsini ölkəsindən daha çox sevir. Asəf-əd Dövlə, Abbas Mirzənin durumu haqqında da rus generalına bilgi verdi. Əski Başvəzir dedi ki, Şahzadənin artıq Şahın yanında etibarı qalmamışdır. Ən sonda isə Paskeviçə təklif etdi ki, daha çox imtiyaz qazanmaq istəyirsinizsə Fətəli Şaha təklif edin ki, Qacar dövlətini müzakirələrdə və masa başında Asəf-əd Dövlə təmsil etsin. Şahın yaxın qohumu olan bu əski Başvəzirin təklifləri qısa bir sürəliyinə Paskeviçi tərəddüdə saldı. Lakin onun ləhnindən və davranışlarından xoşlanmadığı üçün Abbas Mirzəni tərcih etdi. Paskeviçin Abbas Mirzəni tərcih etməsi həm də İngiltərənin Şahzadəyə verdiyi önəm üzündən idi. Digər tərəfdən, rus generalı hesab edirdi ki, onun istəyəcəyi məbləği nə Fətəli Şah, nə də başqa dövlətlər Asəf-əd Dövləyə güvənib borc verərlər. Paskeviç İngiltərə kimi böyük bir dövlətin rəsmi elçisinin o anda Abbas Mirzənin yanında olduğunu bilirdi.

Abbas Mirzə qorxunc məğlubiyətinə rəğmən özünü toparlamağa çalışırdı. Xanların və qardaşlarının xəyanəti hər an onun başına yeni bir fəlakət aça bilərdi. Paskeviç yazır ki: “Abbas Mirzəni əsir almaq imkanim var idi. Xanlardan bir neçəsi mənimlə əlaqə saxlayıb, onu yaxalayıb mənə təhvil vermələri haqda razılığımı istəyirdilər”46

Türkmənçay müqaviləsi
Tehranla olan irtibatlar zorlaşmışdı. Azərbaycan ordusunun məğlubiyətindən, Abbas Mirzənin fərar etməsindən sonra bir çox yağılar baş qaldırmış, yolçuları soyurdular. Bir neçə dövlət karvanları belə, soyğunçular tərəfindən soyulmuşdu. Belə bir vəziyyətdə Abbas Mirzə Təbrizə göndərdiyi elçisinin geri dönməsini bəkləyirdi. Bijən Xan geri döndü və rus generalın istəklərini Şahzadəyə çatdırdı. Fateh general, Abbas Mirzənin önünə çox ağır şərtlər qoyurdu. Bu şərtlərə görə, Abbas Mirzə Azərbaycanın bir çox bölgələrindən imtina etməli idi. Abbas Mirzə bu şərtlərə təslim olmaq istəmirdi, bu üzdən uzun-uzun düşünmək zorunda qaldı. Rus Generalına üz-üzə görüşmək təklif etdi. Paskeviç bu təklifi qəbul etdi. Miyana ilə Təbrizin arasında olan və Təbrizin beş ağaclığında yerləşən Tufarqan görüş yeri kimi müəyyənləşdirildi. Şahzadə Urmunun hökumətini Nəcəfqulu Xan Avşara tapşırdı. Şaha çatdırmaq üçün bir məktub yazıb qardaşı Qasım Mirzəyə verib Tufarqana yola düşdü. Şahzadə Tufarqana gedərkən sadəcə beş yüz süvari yanına aldı. Qalan kiçik qrupunda komutanlığını Mərhəmət abadda Bəhram Mirzəyə buraxdı. Şahzadə öz qrupuna Məhəmməd Xan Əmirintizam, İbrahim Xan Sərdar, Fətəli Xan və oğlu Xosrov Mirzə kimi bəzi önəmli komutanlarını da aldı. Şahzadənin sağlıq durumu çox ağır olduğu üçün təxt-i rəvanla səfər etmək zorunda qalmışdı. 1827-ci ilin noyabr ayı idi. Şahzadə Tufarqana doğru hərəkət edərkən ağlından min tür şeylər keçirdi. Bu riski etməyə dəyərmi? Özünü kiçik bir qrupla düşmənin ortasına çəkməkdə idi. Onu Tufarqanda əsir ala bilərlər mi? Bu kimi suallar Şahzadənin ağlında dolaşırdı. Ancaq O, bu görüşü gerçəkləşdirməkdə israrlı idi. Özünü taleyin gətirəcəyi hadisələrin axarına buraxmışdı.

General Paskeviç öz diplomat heyəti ilə birgə Tufarqanda Şahzadəni bəkləməkdə idi. Rus general buraya çox hazırlıqlı gəlmişdi. 3.000 piyadə, 1.500 süvari ilə bərabər Abbas Mirzənin yolunu gözləyirdi. Paskeviçin istəyi üzərinə general Bənkendurov, Şahzadə Dolqoruki və Albay Piski məğlub Şahzadəni qarşılamaq üçün onun istiqbalına getdilər.

Şahzadə, Paskeviçin onun istiqbalına bir çox önəmli insanları göndərdiyini duyduğunda o da bir qarşılıq verib və Paskeviçə güvəndiyini isbatlamaq istədi. Bu üzdən də bir çox süvarilərini geri göndərib, yalnız 150 və bir neçə danışmanları ilə bərabər görüş yerinə hərəkətinə davam etdi. Şahzadə düşünürdü ki, əgər onu əsir almaq niyyətləri olsa, zatən ətrafındaki kiçik ordusu ilə qarşılıq verəcək durumda deyildir. Bu üzdən də ətrafındaki dəstənin sayını daha da azaltdı. General Bənkendurov, Abbas Mirzə yaxınlaşdığında ona ehtiram əlaməti olaraq dəstəsinə “hazır ol” əmri verdi. Şahzadə atdan enib rus əsgərlərinə hərbi salam verdi. İlk görüşdə Abbas Mirzə savaşın yanlış olduğu fikrini savundu. Bu savaşın olmaması üçün əlindən gələni etsə də ancaq başarılı ola bilmədiyini söylədi və əklədi ki, bəlkə hələ tezdir, lakin zamanında bu savaşın səbəbkarları bəlli olacaqdır.47 Bəlkə də Şahzadə savaş suçlularının ifşa olunacağını söylədiyində özünün Şah olacağı dönəmi nəzərdə tuturdu. Çünkü ancaq o zaman düşünülməmiş davranışlarla Azərbaycanın başına bu fəlakətləri gətirənlərlə hesablaşa bilərdi. Sonraki gün Şahzadə Tufarqana doğru hərəkət edərkən General Kont Şuşteln onun istiqbalına gəlib, ikinci qarşılama törənini gerçəkləşdirdi. Abbas Mirzə dodaqlarında acı bir təbəssümlə Generala dedi: “Sizə də maraqlı görünmürmü ki, öz vətənimdə Sizin qonağınız kimi davranmalıyam?!”48

Şahzadə Tufarqana çatdığında, Paskeviç özü onu çox təmtəraqla qarşıladı. Sonra da Şahzadə öz heyəti ilə bərabər Paskeviçin başçılıq etdiyi heyətlə baş-başa görüşdü. Şahzadə burada bir çox uğursuzluğunun səbəblərini Paskeviçə etiraf etdi və dedi ki, çevrəsini böyük bir xəyanət çəmbəri sarmışdır.49 Atası haqqında heç bir olumsuz şey söyləməsə də ancaq Paskeviçə bunu açıqca dedi ki, Fətəli Şah istədiyiniz məbləği ödəməz. Ona Qaimməqamla birgə Şahla müzakirə etmək üçün Tehrana getməsini təklif etdi.

Tufarqan müzakirəsi iki ay sürdü. Müzakirə sürəcində önəmli bir problemlə rastlanıldı. Abbas Mirzənin qarşı tərəf olaraq tanımlayan rəsmi bəlgə (sənəd) yox idi. Digər tərəfdən, savaşın bitməsinin imzalanması aralıq ayının ikisinə qərarlaşdırırlmışdı, ancaq hələ Tehran ödənməsini üzərinə götürdüyü savaş ziyanının ilk qıstı olan on milyon rublu göndərməmişdi.

İngilis səfirliyinə bağlı olan albay Mək Donald və Doktor Mək Nil müzakirənin həmən ilk başından Tufarqanda idilər. Lakin öncədə qeyd olunduğu kimi Paskeviç onların arabuluculuq rollarını istəməməkdə idi. Meydana çıxan bütün problemlər Abbas Mirzəni ingilislərə yaxınlaşdırırdı. Səlmasdan Tehrana gedən ingilis heyəti başkənddə Şahla da görüşmüşdür. Belə anlaşılır ki, Şahın Şahzadəyə qarşı olan qəzəbini yatıran ingilis heyəti olmuşdur. Çünkü bu məğlubiyət və Abbas Mirzənin rəqiblərinin mərkəzdəki fitnələri Şahı çox etkiləmiş və Abbas Mirzəyə qarşı çox qızğın hala gətirmişdi. Lakin İngiltərə üçün Qacar dövlətində ən uyğun şəxs kimi Abbas Mirzə təsbit edilmişdi. Bu üzdən də İngiltərə sülh müzakirəsində Abbas Mirzənin Qacar dövlətini təmsil etməsindən yanaydı. Bu müəmmalı ingilis diplomatı Abbas Mirzəni çox təsirləndirmişdi. Abbas Mirzə isə gərgin durumdan çıxmaq üçün ondan borclar alır ingilis diplomat isə Şahzadənin bu istəklərini təmin edirdi. Bəlkə də ingilis diplomatın öz dövlətini təmsilən bəzi vədlərdə bulunaraq, Fətəli Şahı etkiləməsə idi, Abbas Mirzənin başına böyük bəlalar gələ bilərdi.

Dekabr ayının 10-da Şahzadə son tərəddüdlərindən sonra sülh haqqında dialoq bəlgəsini imzalamaq qərarına gəldi. Müzakirələr ocaq ayında da davam etdi, lakin Şahdan hələ də bir xəbər yox idi. Şahın səssizliyi bu müzakirələri qəbul etməməsi kimi yozulurdu. Dekabr ayının 12-də məlum oldu ki, Mərhəmət abadda olan Abbas Mirzənin qoşunları Marağaya doğru hərəkətlənmiş və Tehran yolunda qərargah qurmuşdur. Paskeviç Şahzadənin bu hərəkətindən şübhələnməyə başladı. Lakin Abbas Mirzə dedi ki, bu işi Paskeviçə qarşı deyil, öz güvənliyimi sağlamaq üçün etmişəm. Olayların analizi Abbas Mirzənin söylədiklərini doğrular yöndə idi. Paskeviç, Şahzadənin bu hərəkətinə qarşılıq verdi. Ucan qərargahında yerləşən Barun Duruzen adlı bir generalına əmr etdi ki, Miyanaya tərəf hərəkətlənsin. Abbas Mirzə Paskeviçin nədən belə davrandığını sorduğunda, rus generalından cavab gəldi ki, bu tərəflərdə güvənlik sağlamaq zorundayıq ki, Tehrandan gələcək olan savaş qəramətinin qorunması asan olsun.

1828-ci il yanvar ayının əvvəllərində Qacariyənin dış işləri bakanı Əbulhəsən Xan Tehranın yazdığı barış antlaşması ilə Tufarqana gəldi. Paskeviç, Abbas Mirzənin imzaladığı mətnə edilən ən kiçik dəyişikliyi belə qəbul etmədi. Yenidən başdan başlayan müzakirələr çıxmaza girirdi. Bu arada Paskeviç tərəfindən görəvlənən albay Ligerov, Şahzadənin güvənliyindən sorumlu idi.

Rus baş komandanı Tehranda olub bitənlərdən xəbərsiz deyldi. Çünkü Təbrizin baş müctəhidi Mir Fəttah əldə etdiyi bütün bilgiləri ona çatdırırdı. Şahzadə Həsənəli Mirzə öz süvariləri ilə bərabər Xorasandan Tehrana gəlmişdi. Süvarilərin əlində isə qara bayraqlar var idi. Şahzadə Həsənəli Mirzə deyirdi ki, İmam Rza Məşhəddə bir din xadiminin yuxusuna girmiş, bu qara ələmi ona vermiş və demiş ki, bu ələmi Şahzadə Həsənəli Mirzəyə çatdır. Ona söylə ki, rusları müzakirə ilə deyil, qılınc gücünə Azərbaycandan çıxarsın.50

Həsənəli Mirzənin bu sözlərlə Tehrana gəlməsi bir həyəcan yaratmışdı. Tehran bazarından tutmuş ən aşağı sinifə qədər hər kəs həyəcan içində idi. Ruhanilərin yeni bir cəhad fətvası ilə ortaya çıxacaqlarını bəkləyirdilər. Şübhəsiz ki, bu həyəcan Şahın sarayında da hiss edilirdi. Lakin Abbas Mirzənin düşmənləri çox böyük bir arxayınlıqla öz işləri ilə məşğul idilər.

Bu savaşın bütün günahını Abbas Mirzənin üstünə atırdılar. Bir halda ki O, bu savaşa qarşı idi. Şaha təkrar-təkrar əldən getmiş qalaları, topları, dağılan orduları xatırladaraq, onu Şahzadəyə qarşı təhrik edirdilər. Fətəli Şah keçmişdə çox ümid bəslədiyi oğlunu indi aşağılayıcı sözlərlə təhqir edirdi. Fətəli Şah iki səbəbdən dolayı Abbas Mirzəni vəliəhdlikdən məhrum etməmişdir: 1. Abbas Mirzə Azərbaycandaki dayanaqlarını təkrar örgütləndirib Tehrana qarşı çıxa bilərdi. 2. Xarici güclər ruslarla müzakirədə Şahzadənin Qacar dövlətini təmsil etməsindən yanaydılar.

Həsənəli Mirzə elan etdi ki, rusların savaş bədəli kimi istədikləri altunların Tehrandan çıxmasına izn verməyəcəkdir. Digər şahzadələr də Həsənəli Mirzədən yana tutum sərgiləməkdəydilər. Tehrana çağrılmış bir çox qəbilə başçıları Həsənəli Mirzəni müqəddəs savaşın sərdarı kimi təclil edir, alqışlayırdılar.

Abbas Mirzə Tufarqanda General Paskeviçin tənqidlərinə məruz qalmışdı. General deyirdi: “Siz iki aydır məni Tufarqana dəvət etmişsiniz, dövlətimin digər işləri ilə bu iki ayda məşğul ola bilməmişəm, ancaq heç bir irəliləyiş ortada yoxdur. Siz ya Rusiyanı aldatmaq istəyirsiniz ya da artıq sizin bütün səlahiyətləriniz Tehran tərəfindən alınmışdır və sözlərinizin, imzanızın keçərliliyi yoxdur .”51 Rus General, Abbas Mirzəyə çox hörmət etsə də, lakin heç bir səlahiyəti olmayan bir şəxslə də müzakirələri sürdürmək istəmirdi. Hər tərəfdən ona bilgi gəlirdi ki, Şahzadə Şahın yanında etibarini itirmişdir. Yanvarın sonlarında Paskeviç Şahzadəyə Tufarqanı tərk edib Tehrana hücum etmək istədiyi haqda bir mesaj göndərdi. Abbas Mirzə xəstə idi və ayaqlarının ağrısı onu çox incidirdi. O, Paskeviçin bu hərəkətinin gətirə biləcəyi ziyanı göz önündə bulundurduğunda çox rahatsız oldu. Xəstə halı ilə Paskeviçlə görüşmək istədi. Şahzadə, Paskeviçdən xahiş etdi ki, baron Duruzenin əmrində olan ordu Qaflan dağını Tehrana doğru aşmasın ki, o, (Abbas Mirzə) Tehranla əlaqə saxlayıb qısa sürədə dəqiq bilgi əldə edə bilsin.

Abbas Mirzənin Azərbaycanı, Ərdəbil istisna olmaqla bütünü ilə işğal edilmişdi. Yalnız Ərdəbil qalası Məhəmməd Mirzənin və Cahangir Mirzənin komutanlığı altında idi və işğal edilməmişdir. Ərdəbildə Benədəti adında İtalyan bir topçu qalanın savunmasında mühüm rol üstlənməkdə idi. Abbas Mirzə rus ordusunun Tehrana yürüşünün durdurulması qarşısında Ərdəbil qalasını təslim edəcəyini təklif etdi. Yurdu əlindən çıxmış Şahzadə böyük bir umudsuzluq içində Tufarqanı tərk edib və kiçicik qoşununun bulunduğu Mərhəmətabada tərəf yola düşdü. Gorus adlı bir yerdən keçdiklərində Tehrandan gələn çapar onlara çatdı. Çapar Şahın imzası ilə Şahzadəyə bir məktub gətirmişdir. Məktubda Şahzadəyə müzakirələri sürdürməsi üçün tam səlahiyət verilirdi. Həm də ruslara ödəniləcək olan savaş bədəli altunun ilk qisminin yola düşdüyü haqda bilgi verilirdi.

Fətəli Şah anlamışdı ki, nə ruhanilərin dəstəyi ilə küçələrdə bağırıb savaş propaqandası aparan, İmam Rzanın yuxulara, röyalara girərək mesaj göndərdiyini söyləyən Həsənəli Mirzə, nə də Şeyx-ül Məlukla bir yerdə savaşın davam etməsini istəyən Hüseyn Xan Sərdar bir iş görə biləcək durumda deyillər. Özəlliklə rus ordusunun Tehrana tərəf yürümək istəməsi Şahı ciddi olaraq düşündürməyə başlamışdı. Fətəli Şah düşünürdü ki, Həsənəli Mirzə Xorasanda Rzaquluxanın ayaqlanmasını basdıra bilməmişsə, 3- 4 minlik ordusu ilə möhtəşəm rus ordusuna nə edə bilər? Bu üzdən də Padşah, Xəzinəsinin güvənilir baş mühafizi Mənuçehr Xanı 500.000 tümən Abbas Mirzəyə çatdırmaq üçün görəvləndirdi. Bu, ruslara ödəniləcək ilk savaş bədəli idi.

Abbas Mirzə bu məktubu aldıqdan sonra istiqamətini dəyişdirib, Qaflan dağına doğru hərəkət etdi. Ucanda olan Paskeviçə mesaj göndərdi ki, müzakirələrin yürüməsi üçün artıq tam səlahiyətə sahibdir.

Paskeviç Tehrana hücum edəcəyini açıqca duyurmuş və böyük bir birimlə hərəkətə başlayıb Ucana qədər gəlmişdir ki, Abbas Mirzənin mesajını aldı. Bu üzdən də Miyananın yaxınlığında kiçik bir kənd olan Türkmənçaya getdi. Şahzadənin də müqaviləni imzalaması üçün oraya gəlməsini istədi. Böyük bir ruhi gərginlik içində olan Abbas Mirzə, Türkmənçaya doğru hərəkət edirdi. Tehrandan gələn altunlar da Türkmənçaya yetişmişdi. Artıq uzun müzakirə üçün bir şey qalmamışdı, rus fatehin əmrinə tabe olmaqdan başqa bir çarə yox idi. Rusların Tufarqanda hazırladıqları anlaşma bir mətn halına gətirilmişdi. Öncə Paskeviç bu mətni imzaladı. Sonra da Şahzadə öz imzasını və möhürünü hazırlanmış mətnin altına atdı. Türkmənçay antlaşmasına görə İrəvan, Naxcıvan və Talış bölgəsinin bir qismi rusların idarəsinə keçir və Astara sınır olaraq müəyyən edilirdi. Savaş ziyanı da 10.000 kron (beş milyon tümən) nəzərdə tutulurdu. Antlaşmanın 7-ci maddəsi Abbas Mirzəni vəliəhd və Fətəli Şahın canişini kimi tanıyırdı. Antlaşmanın ticarətlə və Qacariyədə olan rus vətəndaşlarının haqları ilə ilgili maddələri də var di.

Paskeviç antlaşma dolayısıyla Fətəli Şahı təbrik etmək üçün baron Duruzeni görəvləndirdi. Onun yanı sıra Tehrandaki Rus əsirlərinin işləri ilə məşğul olan Kont Tolstoy da Tehrana yolçu oldu. Paskeviç öz elçiləri vasitəsi ilə Şaha böyük hədiyələr də göndərdi.

Bu arada Abbas Mirzə çox ağır xəstələndi. General Paskeviç onun əyadətinə gedib və iki top ona hədiyə etdi. Şahzadə savaş alətlərindən çox xoşlanırdı. Bu üzdən də yorğun surətinə acı bir təbəssüm qondu.

Paskeviç ona 600 xəstəni özündə barındıra biləcək bir xəstəxanasının olduğunu söylədi. Bu zaman Abbas Mirzə dərindən bir ah çəkdi və əhvalı daha da dəyişdi. Şahzadənin ən böyük arzularından birisi Azərbaycan ordusu üçün Avropa modeli xəstəxana təsis etmək idi.




Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin