Emineh Pakravan Abbas Mirzə Editions Buchet / Chastet (Paris) 1973 İçindəkilər



Yüklə 1,09 Mb.
səhifə9/11
tarix03.02.2017
ölçüsü1,09 Mb.
#7379
1   2   3   4   5   6   7   8   9   10   11

Savaşlar və siyasi oyunlar
Giriş

Savaş sonlarında Rusiya Azərbaycanın müxtəlif yerlərində rus fatehlərin əlində oyuncağa çevrilən xanlıqlardan öz mənafeyi üçün yararlanmaq istədi. Tufarqan müzakirə sürəcində Fətəli Şahdan gec cavab gəldiyində, Paskeviç bu böyük ərazini də Rusiya torpaqlarına qatmaqla təhdid etdi. Abbas Mirzə böyük bir fədakarlıq hesabına bir neçə şəhəri də para ilə geri aldı. Paskeviç bir neçə bölgəni öz əlində saxlamaqda idi. Bu bölgələrdən istədiyi savaş ziyanını aldıqdan sonra çəkilməyi qərarlaşdırmışdı.

Azərbaycanın qalan hissəsi rus ordusundan boşaldıqdan sonra Abbas Mirzə təkrar inzibatlı bir ordu oluşdurmağa çalışdı. Abbas Mirzə ömrünü sərf edib təşkil etdiyi bütün nizam-intizam ruslar tərəfindən təxrib edilmişdi. Bir zamanlar Abbas Mirzənin ordusu elə bir mövqeyə sahib idi ki, Sankt-Peterburq belə Azərbaycan ordusunda olub-bitənlərlə maraqlanırdı. Abbas Mirzə kəsinliklə təkrar savaşın başlatılmasından yana deyildi. Lakin Qriboyedovun Tehranda qətlə yetirilməsi Rusiya-Qacar münasibətlərini təkrar çıxmaza soxmuşdu. Bu üzdən Abbas Mirzə biricik çıxış yolunu Osmanlıya yaxınlaşmaqda gördü. Molla Şərif adında bir elçi gizlin bir antlaşmanı imzalamaq üçün Şahzadə tərəfindən İstanbula göndərildi. Lakin savaş ehtimalı azalmışdı. Sankt-Peterburqu rahatsız etməyə başlayan Abbas Mirzənin təkrar mövcud etdiyi Azərbaycan ordusu, ancaq ölkə içində asayişi bərqərar etməklə məşğul oldu. Fətəli Şah isə boşalmış xəzinəsini doldurmaq üçün əyalətləri ən çox para ödəyən oğullarına, nəvələrinə satırdı. Bu zaman Xorasanda böyük üsyanlar baş qaldırdı.. Türkmən xanlarının Qacar dövlətinə qarşı bu ayaqlanmaları durdurmaq üçün Abbas Mirzə öz ordusu ilə Xorasana göndəriləcəkdi. Bir az öncə qeyd olundu ki, Həsənəli Mirzə bu ayaqlanmaları durdura bilməmişdi.

Savaşlar və siyasi oyunlar

Şahzadənin ömrünün son iki ilində yazdığı məktublar vasitəsi ilə onun ruh halları haqqında bilgi əldə etmək mümkündür. Bu məktublarında Şahzadə Azərbaycanın parçalanmasının onun belini bökdüyünü yazır. Eləcə də bu məktublar aracı ilə onun 1827-ci il noyabr ayı ilə 1828-ci il fevral ayı arasında təhəmmül etdiyi çətinliklər haqqında bilgi əldə etmək mümkündür.

Ölü dəfnindən dönərcəsinə gənclik xatirələri ilə iç-içə olan başkəndi Təbrizə gəlirdi. Lakin başkəndində umutsuz görünmək istəmirdi. Bu üzdən Türkmənçay kəndindən yola düşüb Həştrud yolu ilə Təbrizə gələrkən, nə edəcəyi haqda düşünürdü.

Təbriz rus ordusunun işğalında olduğu zaman bütün bəzirganlar, din xadimləri, tayfa və qəbilə başçıları ruslarla iş birliyinə getmişdilər. Bu üzdən də rus ordusu Təbrizi tərk etməyə başladığında onları ümidsizlik sarmağa başlamışdı. Onlar bu qədər möhtəşəm bir ordunun Təbrizdən çıxmayacağı qənaətindəydilər. Bu üzdən də ruslarla iş birliyi edən bir çox Təbriz sakini Rusiyaya fərar etmək qərarına gəldilər. Abbas Mirzə xəstə olduğu üçün təxt-i rəvanla daşınırdı. Onların fərar etməmələri üçün bir neçə məktub yazıb və çaparlara verdi. Bu məktubu carçılar Təbrizin meydanlarında yüksək səslə əhaliyə duyurdu. Bu məktublarda Abbas Mirzə ruslarla iş birliyi edənlərin davranışlarından təəssüfləndiyini söyləyərək, onların əfv edildiyini də yazırdı. Abbas Mirzə onların Təbrizdə qalıb və Azərbaycanın qalxınması üçün bir yerdə, bərabərcə çalışmalarını istəyirdi. Baxmayaraq ki, Abbas Mirzə bu xainlərə qarşı intiqam hərəkətlərinin qarşısını bütünü ilə ala bilmədi, lakin bilgisi dairəsində verdiyi sözü tutdu. Ancaq Şahzadədən xəbərsiz bəzi intiqamalma hərəkətləri də olur və ruslarla iş birliyi edənlər məhkəməsiz-filansiz öldürülürdülər.

Şahzadə Təbrizə girdiyində şəhərdə önəmli bir dəyişikliyin olmadığını sezdi. Çünkü şəhərin könüllü və dirənişsiz təslim olması üzündən ruslar heç bir təxribat törətməmişdilər. Yalnız Şahzadənin sarayında qiymətli əşya nə varsa, hamısı aparılmışdı. Digər tərəfdən, Abbas Mirzə Xoyu və Urmunu da para ilə geri almaq zorunda idi. Bu üzdən Azərbaycanın müxtəlif yerlərində olan mal varlığında qənaət edilmə əmri verdi. Abbas Mirzə bu borcları ödəyə bilmək üçün hər kəsi çalışmağa çağırdı. Bəzi din xadimləri və onların yandaşları tacirlər Laçın Xandan şikayətlənirdilər ki, evində bir çox altun və gümüş saxlamaqdadır. Laçın Xan dədələrinin yadıgarı olan bir neçə çox qiymətli əşyaları Gürcüstandan gələrkən özü ilə gətirmişdi. Abbas Mirzə məktublarında onun özü qədər bu məğlubiyətdən dolayı üzgün olan bu dar gününün dostunu riyakar insanlar qarşısında savunduğunu yazır.

Laçın Xan, Şah tərəfindən də sevilmirdi, çünkü savaşa hazırlıq zamanı hərbi şurada bu savaşın doğru olmadığı, ruslara qarşı savaşın zamanı olmadığı haqda görüş bildirmişdi. Müxtəlif xanların savaşla ilgili verdikləri bilgilərin yanlış olduğu görüşündə idi. Ona görə, Rusiya xanların kiçik və gücsüz göstərdiklərindən daha çox güclü idi. Bu üzdən də sadəcə Şahın anti patisini qazanmamış, xanların düşməni halına gəlmiş, savaşa cihad gözü ilə baxan din xadimlərinin də qəzəbinə tuş olmuşdu. Onun can güvənliyinin rəhni, ancaq Abbas Mirzə idi. Abbas Mirzənin müşaviri Qaimməqam savaş öncəsi Abbas Mirzədən fərqli düşünməsinə rəğmən yenə də öz vəzifəsindən alınmadı. Abbas Mirzənin başvəziri qalmağa davam etdi. Ancaq yenə də Qaimməqam Fətəli Şahın Laçın Xana olan qəzəbini təhrik edirdi. Çünkü Qaimməqam onu öz rəqibi kimi görürdü. Abbas Mirzə kimsəyə Laçın Xana güvəndiyi qədər güvənmirdi.



Qriboyedovun öldürülməsi
1828-ci ilin payızında Abbas Mirzə Tehrana getdi. Bu səfərdən məqsəd Mək Donaldla bağladığı müqaviləyə Şahın da razılığını və təsdiqini almaq idi. Mək Donaldla Şahzadə arasındaki anlaşmaya görə, 1814-cü il antlaşmasından iki maddə silinməli və buna qarşılıq isə İngiltərə 250.000 tümən ödəməli idi. Bu məbləği isə Qacar dövləti savaş suçlusu kimi Rusiyaya ödəməli idi. Şah öz xəzinəsinə az zərər gəlsin deyə bu antlaşmaya müsbət yanaşmaqda idi. Abbas Mirzə atası ilə görüşdə Sankt-Peterburqa səfər etmək istədiyi haqda da danışmışdı. Şahzadə ,rus İmperatoru ilə görüşərək, Türkmənçay antlaşmasında bəzi güzəştlərin olması mövzusunda İmperatordan istəkdə bulunacaqdı. Abbas Mirzənin Rusiyanın başkəndinə səfərini əngəlləmələr göstərir ki, bu haqda Şahzadə başarı əldə edə bilərmiş. Bu maneə özəlliklə Qriboyedov tərəfindən törədilməkdə idi. O, General Paskeviçin diplomat qrupuna daxil idi. General İrəvanı fəth etdikdən sonra ona diplomatik görəv vermişdi. O, Türkmənçay antlaşmasından sonra isə Tehrana səfir olaraq təyin edilmişdi. Qriboyedov ədəbiyatçı və şair idi. Bu üzdən İmperator Birinci Nikolay tərəfindən sevilməməkdə idi. Çünkü Birinci Nikolay aydın insanlara olumsuz yanaşırdı. Digər tərəfdən, Qriboyedov Dekabristlərə özgü (xas) olan bir fikir daşıyıcısı idi. Bu üzdən də bir sürə həbsdə olmuşdu. O zamanki verilərin incələnməsi göstərir ki, onun Tehranda qətlə yetirilməsinə İmperatorun ciddi təpki göstərməməsinin də səbəbi bu imiş. Fətəli Şah da Qriboyedovdan xoşlanmırdı. Abbas Mirzə bu səfər zamanı İmperatora hədiyyələr haqqında da atası ilə danışdı. Abbas Mirzə bilirdi ki, bu səfərə getdikdən sonra düşmənləri yenə də ona qarşı planlar hazırlamağa başlayacaq və onu Şahın yanında pisləyəcəklər. Türkmənçay antlaşmasında Rusiyanın Abbas Mirzəni vəliəhd kimi tanıması Şahzadənin düşmənlərinə böyük zərbə vurmuşdu. Çünkü onun canişinliyi uluslararası düzeyə daşınmışdı. Digər tərəfdən, İngiltərə də müzakirələrdə tərəf müqabil kimi Abbas Mirzəni görmək istəyirdi. Bütün bunlar Abbas Mirzənin düşmənlərini başda Asəf-əd Dövlə olmaq üzrə hamısını bezdirməkdə idi. Abbas Mirzə nə qədər bağışlamaqdan yana olsa da, ancaq Asəf-əd Dövlənin riyakarlığını və xainliyini unutmurdu. Bilirdi ki, bu adam əlinə fürsət düşdüyü zaman ona xəyanət edəcəkdir. Abbas Mirzə ömrünün sonlarında Asəf-əd Dövlənin ihanətlərini xatırladaraq onun cəzasını Tanrı verəcəkdir, deyə söyləmdə bulunmuşdu. O zaman Asəf-əd Dövlə vəzirlikdən kənarlaşdırılmış və sarayın qalaları içindəki evində Abbas Mirzəyə qarşı təxribat yapmaqla məşğul idi. Lakin o, Adına məscidində moizə ilə məşğul olan mollalarla sıx irtibatda idi. Din xadimlərinin və Asəf-əd Dövlənin ortaq düşmənləri Abbas Mirzə idi. Din xadimləri düşünürdülər ki, Fətəli Şahdan sonra Abbas Mirzə şah olarsa onların işləri necə olacaq. Çünkü Şah olacaq Abbas Mirzənin Avropalaşdırma imkanları daha da genişlənəcəkdir. Toplumun dini cəhalət içində qalmasını öz mənafelərinə uyğun görən ruhanilər və Asəf-əd Dövlə kimi adamlar Şahzadənin Avropalaşma reformlarına qarşı sərt çıxırdılar. Onun Şah olmasını əngəlləmək üçün hər tür fitnə-fəsada əl atırdılar. Bir çox din xadimləri açıq söyləməsələr də gizlin-gizlin onun dindən çıxıb və xristian olduğu haqda fətvalar verirdilər.

1829-cu il şubat ayının gecələrinin birində bir çapar Şahzadəni yuxudan oyadıb ona gözlənilməz, diksindirici bir xəbər çatdırdı: Rusiyanın elçisi bütün heyyəti ilə bir yerdə Tehranda qətl edilmişdir!

Abbas Mirzə şaşqınlıqdan nə edəcəyini bilmirdi. Çünkü Rusiya ilə savaşa girməmək üçün hər tür yola baş vurduğu bir dönəmdə, İmperatorla görüş səfərinə hazırlaşdığı bir zamanda bu gözlənilməz hadisə onun bütün planlarını alt-üst etməkdə idi. Şahzadə bu hadisə haqqında dəqiq bilgi almadan, öncə inana bilmirdi, bir şayiə olacağını sanırdı. Lakin çox keçmədən olay, ayrıntıları ilə Şahzadəyə bəlli oldu. Tehranın elbayı olan Abbas Mirzənin qardaşı Zill-ül Soltandan gələn bir məktub olayın doğruluğunu təsdiqləyirdi. Sonra da Şahdan bir məktub gəldi ki, necə olursa-olsun yeni savaşın çıxması əngəllənməlidir. Şah, savaşın əngəllənməsini sağlayacaq ancaq bircə kişiyə güvənirdi. O da Abbas Mirzə idi. Digər tərəfdən, Şah hər ehtimala görə Rusiyanın savaş elan etməsi durumunda yanız qalmasın deyə təcili olaraq müttəfiq aramağa başladı. Qriboyedovun öldürülməsi Şahdan və Tehran elbayı Zill-ül Sultandan xəbərsiz baş vermişdi. Bu hadisə ən çox Abbas Mirzənin düşmənləri və din xadimləri tərəfindən təşkil edilmişdi. Məqsəd isə Abbas Mirzənin Sankt-Peterburqa səfərini önləmək idi.

Tehran əhalisi, o zaman səfirlərin Tehranda olduğundan xəbərdar olurdular ki, bu səfirlər öz heyətləri ilə bir yerdə başkəndin mərkəzi xiyabanlarında görünməyə başlayırdılar. Şah tərəfindən də sevilməyən Qriboyedov dini məsələlərə müdaxilə etməsə idi, mollaların ona qarşı fətva verməsinə bəhanə yaratmazdı. Asəf-əd Dövlənin ona qarşı nifrəti 1827-ci ilin yayında ilk görüşləri zamanı başlamışdı. İndi isə Asəf-əd Dövlə həm ondan həm də Şahzadədən intiqam alması üçün çox uyğun bəhanə əldə etmişdi.



Türkmənçay antlaşmasının bir maddəsi də Qafqaz əsilli xristianlara aid idi. Istər savaş əsiri və ya başqa səbəblərdən dolayı olsun, Qafqazdan Qacariyənin müxtəlif yerlərinə aparılmış xristiyanlar haqqında da Türkmənçay antlaşmasında bir maddə yer almışdı. Bu insanlar istər qadın və ya kişi olsun azad buraxılmalıydılar ki, öz yürdlarına dönüb-dönməmə haqqında özləri qərar versinlər. Bu insanların geriyə dönüşündən yana olan Qriboyedov Türkmənçay antlaşmasındaki bu maddəni yürürlüyə qoymaq istəmişdi. Gürcüstana dönmək istəyənlərdən biri hər kəsi heyrətə salan Yəqub Xan idi. Yəqub Xan Gürcüstanın əsilzadələrindən idi. Otuz ilə yaxın Fətəli Şah sarayının önəmli xidmətçilərindən biri kimi tanınmaqda idi. Bu müddət ərzində həm özünə uyğun iş bulmuş, həm də çox zənginləşmişdi. O, Qriboyedovun yanına gedib və Gürcüstana dönmə istəyini bildirdiyində Qriboyedov təəccüblənmiş və niyə saray həyatından, imkanlarından ayrılmaq istədiyini ondan sormuşdu. Ona “Gürcüstana döndüyündə hansısa məchul bir insan kimi adi həyat yaşayacağını bilib-bilmədiyini” sormuşdu. Yəqub Xan geri dönməkdə israr etdi. Qriboyedova Qafqazdan gətirilmiş Asəf-əd Dövlənin sarayında sanki həbsdə imiş kimi yaşayan iki erməni qadınının durumunu anlatdı. Yəqub Xan Qriboyedova dedi ki, onları zorla müsəlman olmağa, müsəlman kimi davranmağa və qapanmağa zorlamışlar.

O zaman müsəlman qadınların evdə məhbus kimi yaşamaları sosial törələrin icabatlarından idi. Müsəlman qadınlar bunu bir növ qadına hörmət kimi anlayırdılar. Qadınların sosial hadisələrin arxasında özlərinə məxsus bir həyatları var idi. Qadın ağlının gəlişməməsi üçün dini törələr hər tür əngəl yaratmışdı. Qadın həyatı anlamsız bir sirlər içində itib batmışdı. İslamda qadın şəhvət qaynağı olan ət yığını kimi anlaşılmaqdadır. Kişilər isə bu durumdan çox razı idilər. Xüsusən hər hansı bir ailənin toplumsal (sosial) statusu yüksəldiyi zaman o ailədə qadınlara olan basqı daha da şiddətlənirdi. Bir dövlət adamı, qadınının nə şəkildə yaşamasını gizlin saxlayır və ictimai yerlərdə görünməməsi üçün hər tür önləmlər alırdı. Qriboyedov, Allahyar Asəf-əd Dövlənin siqə qadını olan iki ermənini səfirliyə gətirtmiş və onlardan geriyə dönüb-dönməyəcəkləri haqda sormuşdu. Erməni qadınlar geri dönməkdən yana olduqları üçün səfirlikdə saxlanılmışdılar. Bu hadisədən Asəf-əd Dövlə yararlanıb, Qriboyedovdan intiqam almaq fikrinə düşdü. Lakin o, bu işini Fətəli Şahdan gizlin və ruhanilər vasitəsi ilə etmək istəyirdi. Çünkü Şahın artıq ona qarşı heç bir hörməti qalmamışdı. Asəf-əd Dövlə ilə din xadimlərinin arasında gizlincə sıx irtibat yaranmağa başladı. Tehranda bir neçə kişi bir yerə toplaşıb söhbət etdiyində mütləq Asəf-əd Dövlənin namusunun ayaqlanmasını danışır, qadınlarının Qriboyedov tərəfindən zorla evindən çıxarılıb aparılmasını dartışırdılar. Bu söz-söhbət ağızdan-ağıza dolaşıb bütün şəhəri sardı. Dindar kəsimin “müsəlman” qadınların namusunu qurtarma duyğusu qabarmışdı. Tehran elbayı bu həyəcanın bir intiqamla nəticələnəcəyini zənn etmədiyi üçün rus səfirliyinin güvənliyini sağlamaq amacı ilə heç bir önləm almamışdı. Lakin əhalinin dərin dini duyğuları çox sərt şəkildə coşmağa başlamışdı. Torpağının ruslar tərəfindən işğal olunmasına təpki göstərməyib susan bu əhali və onun dini rəhbərləri sanki İslamı qəbul etmiş iki erməni qadınının intiqamını almaq üçün macəra axtarırdılar. Xatırladalım ki, rus ordusu Təbrizə girdiyi zaman din xadimlərinin istəyi üzərinə onların qarşısında qurban kəsmişdilər. Tarix boyu mövcudluqlarını toplumun bu şəlikdə cəhalətinə borclu olan din xadimləri isə intiqam və “namus davası” atəşini körükləyirdilər. İslam ölkələrində bu tür kor duyğulardan yararlanaraq toplumu sürətli bir şəkildə örgütləndirmə çox rahatdır. İslam tarixində bu tür cəhalət qaynaqlı hərəkətlərə çox rastlanılmaqdadır. Din xadimləri İslamin təhqir olunduğunu sanırdılar. Lakin iki erməni qadınının İslamla nə ilgisi ola bilərdi. Əslində isə heç bir ilgisi yox idi. Sadəcə şəxsi hesablaşmalar söz konusu idi. Hər zaman olduğu kimi, din xadimlərinin və siyasətbazların əlində oyuncaq olan İslam isə ortalıqda bir arac olaraq kullanılmaqda idi. Tehranın Adinə məscidindən hərəkətə başlayan böyük bir qrup əllərində qara bayraqlar daşıyırdı. Tehran elbayı (valisi) tərəddüd içində qaldı ki, bu yığıncağa müdaxilə etsin ya yox. Çox qısa bir sürədən sonra əhalinin hərəkəti iğtişaşa dönüşdü. Əhalinin birdən-birə şiddətə əl atması bir çox vəzirləri və Tehran elbayı Zill-ül Sultanı şaşırdı. Artıq istəsəydilər də fətvalar üzündən ağlını itirmiş bu əsəbi əhalini kontrol edə bilməzdilər. Əsəbi əhali bağıra-bağıra rus heyətinin bulunduğu mərkəzə doğru hərəkət etdi. İslam psikolojisini bilməyən Qriboyedov durumu bu şəkildə gördüyündə, onların para ilə satın alına biləcəyini zənn etdi. Səfirliyin qapılarını möhkəmcə qapayıb və pencərələrdən noxdaları din xadimlərinin əlində olan əhalinin qarışğa kimi qaynaşdığı yerə para səpməyə başladılar. Lakin əhalinin sanki gözü kor olmuş və bu kağızların pul olduğunu görmürdülər. Səfirliyin qapısını qırmağa başladılar. Lakin əhalinin içində olan din xadimlərinin casusları hər şeyi düşünmüşdülər. Onlar bağırırdılar ki, bu kağız yarpaqlara aldanmayın. Həm intiqamınızı alın həm də içəridə altun kisələri var, o altunları da qarət edəcəyik. Əhali balta ilə və əllərinə gələn hər nə varsa onunla qapını qırmağa nail oldu. Əhali sadəcə qarşılarına çıxan rusları deyil, səfirliyin bəkçisi olan Qacar məmurlarını da əllərindəki qılınc, qəmə və bıçaqla öldürürdü. Bu olayda ancaq səfirliyin katibi olan Malzov qaçıb canını qurtara bilmişdi. Başda Qriboyedov olmaq üzrə hamısı qətl edildilər.
***
Bu olaydan sonra Rusiyanın intiqam amacı ilə hücum edəcəyi sanılırdı. Lakin aylar keçdi və ruslar hücum etmədi. Ancaq müxtəlif səbəblərdən dolayı Abbas Mirzə Təbrizdə sıxıntı içində idi. Abbas Mirzənin budcəsi boş idi. Şahdan da heç bir yardım gəlməməkdə idi. Arzularının şəhəri olan Təbrizin qalxınması üçün heç bir iş edə bilmirdi. Bütün bunlara rəğmən Abbas Mirzə 1829-cu ilin yayında savaşdan sonra ilk kəz olaraq ordusunun böyük göstərisini hazırladı. Azərbaycan ordusunun paradını izlədi. Rusiya hər zaman Abbas Mirzədən ehtiyat edirdi. Daima onun Osmanlı və ya Avropa gücləri ilə birləşib intiqam alacağından ehtiyat edirdi. Ancaq onlar bilmirdilər ki, mali əksiklik Abbas Mirzəni elə çökdürmüşdü ki, hələlik bu planları ağlında daşımamaqdadır. Yalnız Abbas Mirzə böyük bir özən və iradə ilə Azərbaycan ordusunun sadəcə ayaqda durmasını sağlaya bilirdi. Şahzadə iki ay Ucanda qaldıqdan sonra 14 alayı 14 topla bir yerdə təkrar aktiv hala gətirməyi başardı. Bu parada qatılmaq üçün ingilis heyətini də dəvət etdi.

Abbas Mirzə düşünürdü ki, nədən rus imperatoru Qriboyedovun intiqamını almaq istəmir?. Bu itiqam üçün onun əlində hər tür imkan mövcuddur. Qriboyedov hadisəsindən sonra General Paskeviçin Abbas Mirzəyə yazdığı təhdidkar məktublar yerini yumuşaq məktublara buraxmağa başlamışdı. Bunun yalnız bir səbəbi var idi, o da rus imperatorunun Qriboyedovu önəmsəməməsi. Rus imperatoru hesab edirdi ki, keçmişdə Dekabristlərlə bir yerdə Çara qarşı çıxan bir şəxs uğrunda savaşa qatılmağa dəyməz.

Lakin Sankt-Peterburqda daima Abbas Mirzə ilə ilgili olaraq bir rahatsızlıq duyulmaqda idi. Düşünürdülər ki, Şahzadə özünü toparlayıb savaşa başlayacaqdır. Abbas Mirzənin Osmanlı ilə gizlin anlaşması haqda Rusiya bilgi əldə etmişdi. Rusiya bu gizlin anlaşmanı bir ihanət kimi yozurdu. Bu ihanəti ortadan qaldırmaq üçün Qacar dövləti tərəfindən önəmli bir heyətin Sankt-Peterburqu ziyarət etməsini bəkləyirdi. Ancaq bu heyətin başında önəmli bir şəxsiyət durmalı idi ki, istənildiyində Qriboyedovun intiqamını onu girov saxlayaraq ala bilsinlər. Qriboyedov hadisəsi Abbas Mirzənin səfərinin baş tutmasını əngəlləmişdi. Bu üzdən Abbas Mirzə öz oğlu Xosrov Mirzəni bu səfər üçün nəzərdə tutdu. Xosrov Mirzə atasının ən yaxın danışmanı olmuş, Tufarqandaki müzakirələrdə də iştirak etmişdı. Hətta General Paskeviç ona “Yarım Abbas”* olaraq xitab etməkdə idi. “Yarım Abbas” Türk dilində, yəni Abbasın yarısı deməkdir. Abbasın yarısı deməkdə Paskeviç Abbas Mirzənin yarısı kimi bir anlamı nəzərdə tuturdu. Şübhəsiz ki, rus generalın ona bu şəkildə xitab etməsinin səbəbləri var idi. Xosrov Mirzə zəka və siyasi davranış olaraq atasına bənzəməkdə idi.

Gənc Xosrov Mirzə öz heyəti ilə bir yerdə Sankt-Peterburqa yola düşdü. Xosrov Mirzəni Gürcüstanda çox yüksək səviyədə qarşıladılar. Lakin Xosrov Mirzə özünü Rusiya-Qacariyə dövlətləri arasındaki münasibətlərin qurbanlığı kimi sanırdı. Düşünürdü ki, Qriboyedovun intiqamını ondan alacaqlar, ancaq bu qurbanlığa hazır idi. Sankt-Peterburqda Xosrov Mirzəni qəbul etmə törənı yaylıq sarayında gerçəkləşdi. Sankt-Peterburq, Abbas Mirzənin Ucandaki hərbi paradından və ordusunu təkrar döyüş halına gətirməsindən, İstanbulla gizlin anlaşmasından xəbərdar idi. Xosrov Mirzə öz davranışlarında özünə tam bir güvən örnəyini sərgiləyərək İmperatorla görüşə hazırlaşırdı. Rus imperatorunun önündə diz çökərək, qılıncının ucunu öz sinəsinə tərəf tutaraq ona təqdim etdi. Xosrov Mirzə atasının problemlərini həll etmək üçün fəda olmağa hazır idi. İmperator, Xosrov Mirzənin girov olaraq saxlanılmasını da düşünmüşdü. Bu üzdən də iki ay müddətincə rəhinə kimi saxlanılan Xosrov Mirzə ilə bir diplumat kimi deyil, bir çocuqmuş kimi davranırdılar. Xosrov Mirzə iki ay müddətincə qaldığı sarayda oranın memarlıq gözəlliyi ilə bağlı heyrətlərini gizlədə bilmirdi. Olayların axışı Rusiyanın Avropa və Osmanlı ilə olan münasibəti fərqli düzeyə gəlmişdi. Bu hadisələr Rusiyanı Qacariyə ilə barışcıl irtibata girməyə zorlayırdı. Bu üzdən də Xosrov Mirzənin bu ziyarəti Rusiya tərəfindən Qacar dövlətinin Qriboyedov hadisəsi ilə bağlı üzr istəməsi kimi yozumlandı. Qacar dövləti ilə münasibətlərin normallaşdırılması qərarlaşdırıldı.


***
Xosrov Mirzənin bu başarısı onun mövqeyini dəyişdirdi. Ona olan sayqı hər kəs tərəfindən artmağa başladı. Abbas Mirzə oğlunun bu başarısından çox qürur duymaqda idi. Lakin Abbas Mirzənin oğulları arasında da rəqabət və həsadət baş qaldırmışdı. Bu da Abbas Mirzəyə öz qardaşlarını xatırladır və rahatsızlığına səbəb olurdu. Savaş sıralarında Abbas Mirzə tərəfindən Naib-ül Səltənə (canişin) kimi nəzərdə tutulan Məhəmməd Mirzə ilə öz üstün zəkası ilə fərqlənən Cahangir Mirzə arasında yaxın qardaşlıq münasibətləri yaranmışdı. Bu iki qardaş Ərdəbil qalasının təslim edilməməsi üçün bərabər və bir yerdə çalışmışdılar. Abbas Mirzə düşünürdü ki, sadəcə yaşca böyük olmaq canişin olmaq üçün yetərli deyil. Atanın ədalət haqqında bu hissi isə Məhəmməd Mirzəni rahatsız etməkdə idi. Məhəmməd Mirzə açıq şəkildə rahatsızlığını dilə gətirməsə də, lakin Abbas Mirzə onun davranışlarından və arxadakı giley-güzarından xəbərdar idi. Hər bir şahzadənin ətrafında öz tərəfdarları toplanmışdı. Hər kəsim tərəfdarı olduqları şahzadələrin üstün məziyətlərindən danışırdı.

Digər tərəfdən, başqa şahzadələr də öz davranışlarında sərbəst kimi görünürdülər. Yenicə Kirmanşahın elbayı olmuş Məhəmmədəli Mirzə Dövlətşahinin oğlu Məhəmmədhüseyn Mirzə öz çevrəsinin təsirinə qapılaraq Xuzistan və Loristanı da öz yönətiminə tabe etmiş, bu iki əyalətdə elbay olan şahzadələri öz yanına almışdı. Son savaşda başarısızlıq göstərdiyindən təhqir olan Şeyx-ül Məluk da şahzadələr cərgəsində idi. Şahzadələr arasında savaşlar olur və şəhərlər mühasirə edilirdi. Məsələn, Məhərrəm ayının yas mərasimi sıralarında Bürucerd hücuma məruz qaldı. Fətəli Şah, Məhəmməd Hüseyn Mirzənin hərəkətlərini Xuzistanda və Loristanda durdura bilərdi. Lakin nə onun hərəkətini təyid etdi, nə də onu pisləyəcək bir hərəkətdə bulundu. Əslində Şah öz evladları və nəvələri arasında bu şəkildə qarşıdurmalardan xoşlanırdı. Şah, şahzədələrin bir birlərini öldürməyəcək səviyədə olan savaşlarına xoşgörü ilə baxırdı. Şahzadələrin əyalətlər uğrunda savaşmaları səbəb olurdu ki, onlar Fətəli Şahın təkəlində olan şahlığa və iqtidara göz tikməsinlər. Şah öz sarayına şahzadələrdən oluşan bir qvardiya təşkil etmək istəyirdi. Bu vəsilə ilə Şaha daha yaxın olub və gələcəkdə böyük paylar almaq üçün şahzadələr arasında çox ciddi rəqabətlər başlamışdı.

Rusiyanın işğalına məruz qalmayan əyalətlər də artıq şahzadələrin savaşları üzündən çox zor duruma düşmüşdü. Şaha ard-arda şikayətlər gəlirdi. Digər tərəfdən, şahzadələr arasında gedən bu savaşlar Şahın xarici ölkələrdəki imajını zədələməkdə idi. Ölkə genəlinə egəmən ola bilməyən bir şah kimi anlaşılmaqda idi. Xarici ölkələr, bu şəkildə davam edərsə Qacar imperatorluğunun parçalanacağını və müxtəlif dövlətlərə dönüşəcəyini ön görürdülər. Bu üzdən də Şah önləm almaq zorunda qaldı. Ən yaxşı sərdarlarından biri olan Qulamhüseyn Xan Sipəhdarı öz ordusu ilə bərabər düzən sağlamaq və şahzadələrə qulaqburması vermək üçün savaş bölgəsinə göndərdi. Abbas Mirzədən istənildi ki, qardaşları arasında hakimlik etsin. Böyüklük göstərib, onların ixtilaflarını həll etsin. Xəstə durumda olan və Azərbaycandan ayrılmaq istəməyən Abbas Mirzə qardaşı oğlu Şeyx-ül Məluku öz vəkili kimi şahzadələr arasında arabuluculuq etmək amacı ilə görəvləndirdi.

Şiraz əyaləti iki qardaş; Hüseynəli Mirzə ilə Həsənəli Mirzənin kontrolunda idi. Bu iki qardaş çox var-dövlət toplamış və yavaş-yavaş mərkəzə qarşı çıxmağa başlamışdılar. Mərkəzə ödəmələri gərəkən vergini bütün ixtarlara rəğmən ödəmirdilər. Şah bunları yerində oturtmaq üçün öz ordusu ilə Şiraza səfər etmək istədi. 1829-cu ilin yayında Şah öz ailə üzvləri və ordusu ilə Şiraza yollandı. Heç bir şavaş olmadan Hüseynəli Mirzə və Həsənəli Mirzə Şahın istiqbalına gəlib, vəfadarlıqlarını ortaya qoydular. Onların, Qacar imperatorluğunun şahına qarşı savaş elan edəcək gücləri, cəsarətləri yox idi. Şah, Şiraz problemini həll etdikdən sonra Həmədanda ailəsi ilə bir yerdə dincəlməyi düşündü. Lakin Xuzistanın isti çöllərindən keçərkən Şahın qadınları çox rahatsızlanmışdılar. Şah, Həmədanda yerləşdikdən sonra Abbas Mirzəyə bir məktub yazıb onun da Həmədana gəlməsini istədi. Abbas Mirzə oğlu Xosrov Mirzə ilə bir yerdə Həmədana getdi. Xosrov Mirzə, Rusiya imperatoru ilə görüşünün nəticələrini Şaha söyləyəcəkdi. “Yeni tarix”in yazarı Cahangir Mirzə, ayrıntılarını söyləmədən Şahın Abbas Mirzə və Xosrov Mirzə ilə çox yüksək səviyədə davrandığını yazır. Abbas Mirzənin gəlişi münasibəti ilə şənliklər edilmiş və böyük bir qarşılama törəni gerçəkləşmişdir.


***
Abbas Mirzə Azərbaycandaki öz işlərini təqib etmək üçün Təbrizə döndü. O, özəl həyatında əskisindən də daha artıq qənaət edirdi. Bacısı qızlarının cehizlərini özü təmin etdi. Abbas Mirzə ömrünün sonlarında gəlininə, canişinlik üçün nəzərdə tutduğu oğlunun eşinə yazdığı bir məktubda ailə məfhumuna nə qədər önəm verdiyini xatırlayır.

Abbas Mirzənin eşi və vəliəhdin anası, ərinin xəstəliyindən su istifadə edərək öz iqtidarını gündən-günə artırdı. O, Hacı Ələsgər Xanın suçlarının ifşa olunub cəzalanmasını əngəlləyə bilmişdi. Xatırladaq ki, Hacı Ələsgər Xan, Ehsan Xanın Abbasabadın hakimi təyin olunmasında Şahzadənin eşi ilə bir yerdə plan hazırlamışdılar. Ehsan Xanın isə Abbasabad savaşında ihanət etdiyini keçən səhifələrdə oxuduq. Ehsan Xan, Abbas Mirzənin bütün planlarını ruslara vermişdi. Bu savaşda Abbas Mirzə az qala əsir düşməkdə idi. Ölümündən sonra özündən 46 evlad buraxan Abbas Mirzənin özəl həyatı haqqında bilinən ancaq bu qədərdir. Bu 46 evladın çoxu Şahzadə öldüyündə çocuq yaşlarındaydılar.

Xorasandan gələn xəbərlər Abbas Mirzəni üzməyə başlamışdı. Çünkü o bölgənin xanlarının dövlətə qarşı başqaldırılarını kimsə durdura bilməmişdi. Digər tətrəfdən Mərkəzi Asiya, İngiltərə ilə Rusiyanın çıxarlarının toqquşduğu məkana dönüşmüşdü. Abbas Mirzə bu bölgədə savaşmağı və Qacariyə dövlətinin sınırlarını böyütmək istəsə də, ancaq Azərbaycandan ayrılmasını heç təsəvvür edə bilmirdi. Get-gedə sümük vərəmi onu daha da zəyiflətməkdə idi. Qarabağın dağlarında at belində savaşlarda olan Abbas Mirzə üçün bu qədər xəstəlik və həkimlərin kontrolunda olmaq çox üzücü idi. Bu arada Abbas Mirzə özəl həkimi olan ingilis doktor Karməklə öz dostluğunu 1833-cü ilə qədər davam etdirdi. Bu ildə onların ikisi də vəfat edəcəklərdi. Abbas Mirzə öz həkiminə güvənir, inanırdı. Həkimi ona demişdi ki, hələlik ciddi təhlükə yoxdur, ancaq ayaqlarınız şişməyə başladığında təhlükə ciddiləşəcəkdir.

Abbas Mirzənin təhsil üçün Avropaya göndərdiyi bir çox öyrəncilər dərslərini bitirib, fərqli sahələrdə ixtisas alıb geri dönmüşdülər. Mirzə Baba bunlardan birisi idi. Mirzə Baba Avropada tibb oxumuşdu. İndi isə doktor Karməkin yardımcılığını etməkdə idi. Abbas Mirzənin özəl bərbəri olan Hacı Baba da Abbas Mirzənin ilaclarının zamanında istifadəsi üçün yardımçı olurdu. Abbas Mirzənin yazdığı məktublarından bəlli olur ki, o, ölümünü hiss etdikcə, Laçın Xan və onun ailəsi haqda daha çox əndişələnməyə başlayırmış. Abbas Mirzə düşünürdü ki, Şahın antipatisinə tuş olan Laçın Xan onun ölümündən sonra necə yaşayacaqdır. Həm də ona qarşı geniş çaplı düşmənliklərin olduğundan da xəbərdar idi. Abbas Mirzənin vəziri Qaimməqam, Laçın Xanın ən böyük rəqiblərindən biri idi. Abbas Mirzə məktublarında yazırdı: “Laçın Xanın şəxsiyəti və fədakarlığı haqqında yazmaq istərkən qələm əlimdən düşür.”52 Abbas Mirzənin məktublarından başqa bir məsələ də bəlli olmaqdadır. Tam o illərdə Rusiya, Laçın Xanın izini bulmuşdur. Rusiya, Gürcüstanın soyluları ilə daha yaxın münasibət saxlamaq və mal varlıqlarını özlərinə geri qaytarmaq siyasətini izləməyə başlamışdı. Bu üzdən də Rusiya Laçın Xana geri döndüyü təqdirdə var dövlətinə sahib olacağı haqda təklifdə bulunmuşdu. Lakin Şahzadənin məktublarından bəlli olur ki, Laçın Xan Rusiyanın bu istəyini rədd etmişdir.

***

1830-cu ilin payızında vəba xəstəliyi Təbrizi sarıb sökməkdə idi. Bütün çalışmalar durdurulmuş, ölüm sağdan-soldan, hər tərəfdən can almaqda idi. Bu bəlanı durdurmaq üçün o zaman heç bir imkan da yox idi. Sadəcə bu xəstəliyə yaxalanmamanın bir yolu var idi, o da xəstəliyin mərkəzi olan Təbrizi tərk edib başqa yerlərdə yerləşmək. Əllərində imkan olan bütün insanlar şəhəri tərk edib, SavalanSəhənd dağlarının ətəklərində məskunlaşdılar. Abbas Mirzə ailə üzvlərini sağlıqlı köşklərindən birində yerləşdirdi. Özü isə Təbrizin bir neçə ağaclığında yerləşən Bağ-i Səfa mülkünə daşındı.



Yayın son küləkləri vəba xəstəliyinin buxarlarını silib süpürüb apardıqdan sonra Şahzadə ordusunu Ucanda düzənli hala gətirməyə çalışdı. Şahzadə boşalmış xəzinəsini doldurmaq üçün vəziri Qaimməqamla məşvərət etdi. Hiyləgər vəzir Qaimməqamın təklifi xəzinəni doldurmaq üçün uyğun plan idi. Lakin bu plan Şahzadənin dürüst insan karakteri ilə çəlişməkdə idi, təzad təşkil etməkdə idi. Dünyada dürüstkarlığı ilə tanınan Abbas Mirzə bu planı qəbul edə bilməzdi. 30 il boyunca Azərbaycana hakim olan Şahzadə heç bir vəzifəni paraya satmaq istmir, para qarşılığı kimisə hansısa vəzifəyə gətirmək istəməmiş, hətta bu tür siyasətə qarşı da sərt çıxmışdı. İndi isə onun vəziri Qaimməqam ona xəzinənin doldurulması üçün vəzifələrin və valiliklərin satışını önərməkdə idi. Qaimməqam təklif edirdi ki, bütün şəhərlərin hakimləri işlərindən alınsın və bu vəzifələr satışa buraxılsın. Hər kəs daha çox para versə şəhərin hakimliyi ona verilsin. Qaimməqam gerçək bir siyasətçi idi. Bu şəkildə işlərin öhdəsindən rahatca gələ bilər, budcədəki boşluğu doldura bilərdilər. Ancaq onun uyquladığı siyasət bir çox hallarda Şahzadənin səliqəsi və doğruluq karakteri ilə uyuşmamaqda idi. Baxmayaraq ki, bir çox yazarlar və araşdırmacılar Abbas Mirzənin vəzirinə olan etimadından, güvənindən söhbət etməkdədirlər, lakin Şahzadənin bir neçə məktubu isbat edir ki, O, Qaimməqamdan razı deyilmiş. Bəzən də ona çox qızırmış. Cahangir Mirzə açıq şəkildə öz başına gələn müsibətlərdən dolayı Qaimməqamı suçlamaqdadır. Ancaq Abbas Mirzə onun bəzi xidmətlərini və idarəçilikdə olan təcrübələrini nəzərə alaraq onu tamamən də uzaqlaşdırmaq istəməmişdi.

Abbas Mirzənin Təbrizdə olmadığı bir zamanda Təbrizi ziyarət edən bir yabancı Qaimməqam haqqında çox gülünc bir imaj yaratmaqdadır. Bu yabancının yazdığını olduğu kimi gətirəlim:

“Bu adamı (Qaimməqamı) çox ziynəti olmayan böyük bir evdə təsəvvür edəlim. Bu ev daima gediş-gelişlərə səhnə olmaqdadır. Çünkü o, bütün səxavəti ilə mehmannəvazlıq etməkdədir. Ondan öncə onun atası da bu şəkildə davranmışdı. Hədsiz dərəcədə yaraşıqsız geyinən bu vəzir çox uzun boyludur. Həddindən artıq yemək yeyir, özəlliklə inanılmaz dərəcədə yemiş (qovun) yeyir. Nizam-intizamsız dağılmış olan kağızlar ətrafını sarmışdı. Bu intizamsızlıq içində bəzi işlər görürdü. Bir gün önəmli bir kağızı axtarmağa başladı və tapa bilmədi. Katiblərindən birini müttəhim etdi ki, onu sən itirmişsən. Ancaq bir neçə saatdan sonra o kağızı öz cibindən tapdı. Sürətlə oxuma yetənəyi çox yüksəkdir. Kağızı gözlərinin önündə tutur və bir neçə saniyəyə onu oxuyur.” Zahirən çox şişirdilmiş bir tip kimi görünsə də, bu şəxs ancaq Qaimməqam ola bilər. Söylənənlərə görə o olmasa imiş, Abbas Mirzə ödəyəcəyi borcların qaynaqlarını tapa bilməyəcəkmiş.

Ucan qərargahında yay fəslinin son günləri keçməkdə idi. Bu günlərdə Şahzadəyə elə bilgilər gəldi ki, bu xəbərlər onun həyatının istiqamətini dəyişdirəcəkdi. Yəzd şəhərinin hakimi olan Abbas Mirzənin qardaşı Zill-ül Sültan ona bir məktub göndərərək yazmışdı ki, bu şəhər və Kirman artıq imperatorluğun bir parçası kimi deyildir. Gerçəkdən imperatorluqdan bağımsız şəkildə davranmaqdadır. 1828-ci il hadisəsindən sonra iqtidarını artırmış olan Həsənəli Mirzə yerli xanlıqlarla, özəlliklə Rzaquluxan adlı bir şəxslə birləşərək Yəzdi mühasirəyə almış və işğal etmişdi. Zill-ül Sultan məktubunda yazırdı ki, “...onların bu özbaşınalığını yalnız inzibatlı Azərbaycan ordusu durdura bilər.” Ancaq Azərbaycan ordusunun bu iğtişaşı durdura bilməsi və onlarla savaşa girməsi üçün Fətəli Şahın onayı (təsdiqi) gərəkirdi. Şah, Azərbaycan ordusuna başqa əyalətlərdə əməliyat izni verməkdən çəkinirdi. Çünkü bu əməliyatda Azərbaycan ordusunun qalib gəlməsi Abbas Mirzəni sadəcə Azərbaycanda deyil, bütün imperatorluqda sevilən bir sərkərdəyə dönüşdürəcəkdi. Şah da belə olmasını istəmirdi. Lakin başqa çarəsi də yox idi. Ya bu bölgələrin imperatorluqdan ayrılışına izn verməli, ya da Azərbaycan ordusuna Azərbaycanın sınırları dışında əməliyat keçirməyə müsaidə etməli idi. Əslində Abbas Mirzə özü də bu əməliyata qatılmaq istəmirdi. Çünkü başqa bir əyalətin savaş xərcini Azərbaycana yükləmək istəmirdi. Çünkü Şahzadə bilirdi ki, Azərbaycan ordusu bu əməliyata qatılsa, mərkəzdən ona heç bir maddı yardım gəlməyəcəkdir. Ruslara ödənilən borclar Azərbaycana yükləndiyindən dolayı artıq Azərbaycanın nəfəsi kəsilmək üzrə idi. Azərbaycan ordusunun toparlanıb, toplanıb və geniş hərbı manevrlər etməsi üçün uyğun mərkəzlər bulunmamaqda idi. Bir çox yerlər ruslar tərəfindən təxrib edilmişdi. Ən sonda Ərdəbil bu iş üçün seçildi. Çünkü Ərdəbil ruslara təslim edilən ən son qala olmuşdur. Bu üzdən də orada böyük təxribat yapılmamışdı. Çünkü Ərdəbil anlaşma ilə ruslara təhvil verilmişdi. Bu şəhərin modern imkanlarla təchiz edilmiş qalası və savunma sistemi olduğu kimi durmaqda idi.

İlk hərbi birimlər Məhəmməd Mirzənin komutanlığında hərəkətə başladı. Toplar, 2.000 süvari və 4.000 piyadə Məhəmməd Mirzənin əmrində idi. Qısa bir sürədən sonra Abbas Mirzə özü də təqribən bir o qədər ordu ilə hərəkət etdi. Bu səfərdə Təhmasib Mirzə, Xosrov Mirzə və Abbas Mirzənin qardaşı oğlu Şeyx-ül Məluk Abbas Mirzəyə eşlik etməkdə idilər. Bu sıralarda Abbas Mirzənin oğullarından biri əmrində olduğu ordusu ilə Kürdistanda əməliyata başlamış və Qacariyənin iqtidarını orada tətbiq etməyə çalışmışdı. Azərbaycan ordusu Azərbaycan sınırlarını tərk etdikdən sonra Azərbaycan bir xərabəzarlıq kimi görünməyə başlamışdı. Azərbaycan təqribən 30 il müddətində öz canı, varı və dövləti ilə oluşdurduğu ordusunu geri dönməmək üzrə yola salırdı.

Sonralar Abbas Mirzə evladlarına yazdığı məktublarda Azərbaycandan uzaqda qalmanın onu nə qədər üzdüyünü yazırdı. O, məktublarında Azərbaycanı xatirələrinin yuvası kimi anımsayır.

Abbas Mirzənin Yəzdə doğru hərəkət etdiyi zaman bu şəhəri quraqlıq çökərtməkdə idi. Həsənəli Mirzə Azərbaycan ordusunun yaxınlaşdığını duyduğunda dərhal Yəzdi tərk edib Kirmanda yerləşməyi düşündü. Çünkü Kirmanın savunma sistemi və qalaları Yəzdlə müqayisədə daha möhkəm və güvənilir idi. Həsənəli Mirzə hesab edirdi ki, Kirmanda Abbas Mirzə ilə qarşı-qarşıya gələ bilər. Abbas Mirzə Yəzdə yetişdiyində bir qurtarıcı sifəti ilə gəlməsinə rəğmən ciddi bir istiqballa qarşılanmadı. Çünkü şəhər aclıq və səfalət içində məhv olmaqda idi. Bu şəhər bir ordunun ehtiyaclarını necə sağlaya bilərdi? Bu üzdən Abbas Mirzə iki gündən artıq orada qalmadı. Təkrar ordusunu Kirmana doğru hərəkətə keçirdi. Lakin heç tələsmirdi, çünkü yağı olmuş qardaşına fikirləşmək üçün fürsət tanımaq istəyirdi. Abbas Mirzə sülh yolu ilə Kirmana girmək istəyirdi. Yağı olmuş qardaşına çaparlar aracı ilə məktublar göndərib və təslim olmasını, dövlətə qarşı baş qaldırmasından vaz keçməsini dilədi.53 Kirman əhalisinin bəlləyində (yaddaşında) qorxunc bir xatirə yaşayırdı. Kirman 1790-ci ildə Zəndiyənin son qalası durumundaydı. Bu ildə Ağaməhəmməd Xan Qacar Kirmanı fəth etmək üçün ordusunu səfərbər etdi. Şəhər əhalisi Lütf Əli Xan Zəndi savunduqları üçün Ağaməhəmməd Xan Qacar Kirmanı aldıqdan sonra şəhər sakinlərinin çoxunu öldürdü. Bu üzdən də şəhər əhalisinin xatirəsində hələ də canlı olan bu hadisə onları Həsənəli Mirzənin yanında olmamağa sövq edirdi. Bu arada Abbas Mirzənin Kirman əhalisinə göndərdiyi mesajlar da şəhərin bazarlarında ağızdan-ağıza dolaşırdı ki: “Yalnız dövlətə baş qaldıranları təqib edəcəyik və əhali ilə işimiz yoxdur. Yəzddəki durmu gördük və çox rahatsız olduq. Kirmanın da Yəzd kimi aclıq səviyəsinə düşməsini istəmirik. Azərbaycan ordusu burada qalmağa gəlməməkdədir. Kirmanda əmin-amanlığı bərqərar etdikdən həmən sonra Azərbaycana dönəcəyik. Ordunun xərcini Kirman əhalisinə yükləmək kimi niyyətimiz yoxdur.”

Böyük ehtimalla Kirmanda hələ açıq şəkildə Həsənəli Mirzəyə qatılmayan saxlunun önəmli şəxsiyətləri bazar əhli ilə gizlin münasibət qurub və Abbas Mirzənin göndərdiyi mesaja olumlu cavab vermələrini istəmişlər. Lakin Həsənəli Mirzə dirənmək fikrində idi. Xüsusən Abbas Mirzənin nifrətini içlərində daşıyan bir çox adamlar da ona savaşmağı təlqin edirdi.

Bu arada Kirmana xəbər gəldi ki, Azərbaycan ordusu Kirmanın bir ağaclığındadır. Bu xəbər gəldikdən sonra üsyankar şahzadənin rəftarı dəyişilməyə başladı. Sanki bir şəbəh onun ruhunu işğal etmişdi. Bir çox təzadlı əmrlər verir və sanki əmrlərinin keçərliliyi olmadığını sezmişdi. Əcəba onun əski xatirələri mi baş qaldırmağa başlamışdı? Çocuqludan bəri Abbas Mirzənin bütün alanlarda ondan üstün olduğunu bilirdi. Abbas Mirzənin barış elçiləri qala divarlarının arxasında “təslim olun!” çağrıları ilə bağırırdılar. Bu arada Həsənəli Mirzənin müttəfiqləri inanılmaz bir hadisəyə şahid oldular. Dirənmək üçün fərman verməsi yerinə Həsənəli Mirzə, Abbas Mirzəni qarşılamaq və istiqbalına varmaq üçün hazırlığa başlamışdı.

Azərbaycan ordusu qalanın kənarlarında yerləşmişdi. Abbas Mirzə qardaşının təslim olub və onun istiqbalına gəlməyə hazır olduğunu duyduğunda əmr verdi ki, onunla bir şahzadə kimi davranılsın. Sonra da onu öz çadırına dəvət etdi. Onlar çadırda artıq yaxın əqrəba kimi söhbətləşirdilər. Abbas Mirzə iki il öncə onu vəliəhdlikdən almaq istəyən qardaşına qarşı çox ədəblə davrandı. Onu bir qrup süvari ilə Tehrana göndərdi. Fətəli Şah əmr verdi ki, onu kontrol altında bir evdə saxlasınlar. Lakin bu onun üçün böyük bir cəza sayılmırdı. Bu arada Abbas Mirzədən intiqam almaq amacı ilə Həsənəli Mirzəyə qatılan bir çox xanlar Kirman qalasını tərk edib və dirənmək üçün öz qalalarına pənah apardılar.

Bahar yaxınlaşmaqda idi. Azərbaycan ordusu geri dönməyə hazırlaşırdı. Azərbaycan ordusuna mənsub olan hər kəs Şahzadənin özü kimi təkrar Azərbaycana dönmələrindən dolayı sevinirdilər. Lakin bilmirdilər ki, tale onlar üçün başqa bir macəra hazırlamaqdadır.

Şahzadələrin boğuşmalarının bitməsindən arxayın olan Fətəli Şah, Növruz bayramını daha rahat və təmtəraqla keçirmək istəyirdi. İsfahan bağları bahar fəslini Tehran bağlarından daha tez qarşılayır. Bu üzdən də Şah öz hərəmsərası ilə bir yerdə Növruzu İsfahanda keçirmək fikrində idi. Bu səfərdə diqqəti cəlb edən və gələnəklərə uyğun olmayan bir hadisə baş verdi. Şah, sadəcə öz ordusuna güvənmədi, Ərak və Mazəndəran orduları da bu səfərdə Şaha eşlik etdilər.

Əyləncə mahiyətli səfərin bu qədər geniş önləmlərlə yapılması hər kəsin ağlında soru işarəti oluşdurmaqda idi. Çünkü Şah, öncəki səfərlərində bu qədər önləm almamış, sadəcə özünün özəl qoruyucu ordusuna kifayət etmişdi. Abbas Mirzənin düşmənləri yenə də Şahı etkiləməyi başarmışdılar. Şaha dolayısı ilə anlatmişdılar ki: bütün Şahzadələr bir birləri ilə çəkişərək çökmüşlər, baxmayaraq ki, o çəkişmələrin Şaha ziyanından daha çox faydası var idi. Meydanda qalan və güclü olan ancaq Abbas Mirzədır. Abbas Mirzə sadəcə yenilikçi zehniyəti ilə Padşaha qarşı təhlükə ünsürü deyildir, həm də ölkədə inzibatına və disiplininə görə birinci yerdə duran ordusu ilə də təhdid amilidir. Azərbaycan ordusunu Şaha qarşı yönləndirib və iqtidarı bütünü ilə ələ keçirə bilər, deyə ard-arda imalar və işarələrdə bulunulurdu. Bu imaları Şah önəmsəmiş və mühafizə gücünü gücləndirməyə başlamışdı. Abbas Mirzənin düşmənləri Türkmənçay anlaşmasından sonra onun və ordusunun bir daha yüksəlməmək üzrə çökəcəyini sanmışdılar. Lakin Abbas Mirzə təkrar ayaqda idi. Azərbaycanın birinci və Qacariyənin ikinci şəxsi kimi qədd ələm eləmişdi. Bu da din xadimləri başda olmaq üzrə bütün əski qafalı kəsimi rahatsız etməkdə idi.

Abbas Mirzə Kirmandan İsfahana doğru irəlilərkən Padşah da dərin bir əndişə və şübhə içində bu şəhərə doğru irəliləməkdə idi. Nadir Şahın oğlunun başına gətirdiyi fəlakət o zaman hələ unudulmamışdı. Nadir Şah öz oğlundan şübhələnərək onun gözlərini kor etmiş və bununla da etdiyi bütün işlərini də varissiz buraxmış, xanədanın da gələcəyini uğursuzluğa və aqibətsizliyə gömmüşdür. Nadir Şahın oğlunu kor etmə macərasından o zaman təqribən yüz il keçməsinə rəğmən iqtidar münasibətlərində kurallar dəyişməmişdi. Hər kəs bu şəkildə bir hadisənin ola biləcəyini sanırdı. Özəlliklə Abbas Mirzənin yenilikçi dünya görüşünə qarşı olan din xadimləri və mənsəb sahibləri belə bir hadisənin oluşması üçün gecə-gündüz fitnələr törədir, planlar hazırlayırdılar. Fətəli Şahın ağlına şübhə dolmuşdu, bu şübhənin dəf olma yolunu axtarırdı. Uzun düşüncədən sonra Fətəli Şah Abbas Mirzədən qurtarma yolunu tapmışdı. Ona və müşavirlərinə görə Abbas Mirzənin təkrar Azərbaycana dönüşü əngəllənməli idi. Çünkü Abbas Mirzə yalnız Azərbaycanda güclüdür. Yalnız Azərbaycanda daha da güclənib və təhdid ünsürü olma təhlükəsini davam etdirə bilərdi. Şah düşündü ki, bütün əyalətlərdə artıq sabitlik bərqərardır. Sadəcə Xorasanda iğtişaş vardır. Bu üzdən də Abbas Mirzəni bu iğtişaşı yatırtmaq üçün görəvləndirmək istədi. Bu işi ilə bir güllə ilə iki hədəf vururdu. Həm Abbas Mirzənin ordusunun zəifləməsini sağlayır, həm də Xorasandaki iğtişaşlardan qurtarmış olurdu. Hər kəs bilirdi ki, Azərbaycandan uzaqda qalan Abbas Mirzə ölü kimi bir varlığa dönüşəcək. Çünkü Xorasanda nə yenilikçi reformlarına davam edə bilərdi, nə də Xorasan əhalisi Azərbaycan xalqı qədər ona sahib çıxardı.


***
Səfəvilər ehtişamından boşalmış İsfahan, Fətəli Şahın gəlişi ilə təkrar bir ünə qovuşmaqda idi. Bütün yaxın əyalətlərin elbay (vali) şahzadələri öz hədiyə sürüləri, naxırları ilə İsfahana gəlmiş və Şaha olan sədaqətlərini, vəfadarlıqlarını sərgiləyirdilər. Abbas Mirzə, Kirman hökümətini oğlu Xosrov Mirzəyə tapşırdı. Bir neçə xanı ətrafına alıb hələ də Kirmanın güvənliyini təhdid edən Rzaquluxanı təqib edib, yaxalamaq üçün isə ordunun böyük bir bölümünü oğlunun əmrinə buraxıb İsfahana yola düşdü. Abbas Mirzə sadəcə kiçik bir ordu və yüngül topxanası ilə İsfahana gəldi. Şah, Abbas Mirzənin bu kiçik ordusunun paradını izlədi. Ard-arda savaşlara qatılan və xüsusən böyük məğlubiyətdən sonra təkrar özünü bu şəkildə toparlayan Azərbaycan ordusunu və onun komandanını alqışladı. Padşah, Abbas Mirzəni Xorasan məmuriyətinə göndərəcəyindən dolayı bir anlıq üçün də olsa içindəki şübhəni bir yana atmış və Şahzadəni övməyə başlamışdı. Şahzadə bilmirdi ki, bu övgünün arxasında Azərbaycandan əbədi olaraq ayrılma planı yatmaqdadır. Abbas Mirzə atasının Xorasan əməliyatına “yox” deyə bilməmişdi. Xorasan ismən Qacariyəyə aid idi, əslində isə mərkəzə bir o qədər də tabe deyildi. Məşhəddə Şahın kiçik oğullarından biri olan Əhmədəli Mirzə hakim olaraq görəv başında idi. Lakin onun heç bir idarəçilik qabiliyəti yox idi. Ancaq Mirzə Musa adında bir qələm əhli onun yardımçısı idi. Xorasan kimi kaos içində çağlayıb duran bir məmləkəti Əhmədəli Mirzənin yönətə biləcəyi sanılmırdı. Bu üzdən də Şah, öncə İrəvanın əski hakimi yaşlı Hüseyn Xan Sərdarı Əhmədəli Mirzəyə yardımçı olaraq göndərmək istədi. Artıq yüz yaşını doldurmuş olan Sərdar Hüseyn Xan bu işə razı oldu. Lakin tam atlanıb yola düşərkən əcəl onu yaxaladı. Hüseyn Xan, Xorasana səfər öncəsində dünyasını dəyişdi.

Şah, Xorasanda istiqrarın bərqərar olunması üçün Abbas Mirzəni görəvləndirdi. Abbas Mirzə heç sormadı ki, nədən bu görəv ona verilir. Çünkü sadəcə bu sorunun sorulması ilə Şahın şübhələrinin tüğyan edib və Abbas Mirzəni sərt şəkildə cəzalandıracağı bəlli idi.

Bir neçə gündən sonra Şah hər kəsi, özəlliklə Abbas Mirzəni da heyrətləndirəcək bir nitq etdi. Fətəli Şah, zərrin paltarlar içində, başında parlayan tacı ilə şəhərin törən mərkəzində bütün dövlət ərkanının hazır bulunduğu bir zamanda yüksək səslə Abbas Mirzənin üstün cəhətlərini övgü ilə xatırladı və davam etdi ki, artıq bu gündən sonra Şahzadə sadəcə Azərbaycanın elbayı (hakimi) deyildir, Xorasanın da elbaylığı Abbas Mirzəyə verilir. Abbas Mirzə həm Azərbaycanın, həm də Xorasanın valisidir. Abbas Mirzənin böyük oğlu Məhəmməd Mirzəni da övdü. Ona bir şeylər verməsə də gələcəkdə arzularına çatmasını diləyib və zamanında vəliəhd olmasını arzu etdi.

O gün bir çox insanın ürəyi nifrətdən az qala partlamaqda idi. Əcəba illər boyu islahatçı Şahzadəyə qarşı planlar çizən din xadimlərinin və bəzi dövlət adamlarının işlərinin nəticəsi bu mu olmalı idi? Şahzadə zəifləmək yerinə daha da güclənmişdi. Ancaq bu güclənmə ödülü ilə də Azərbaycandan daimi olaraq uzaqlaşacaqdı. Padşah isə böyük bir qürur və inancla Abbas Mirzə vasitəsi ilə İmperatorluğun sınırlarının Ceyhun və Seyhuna qədər genişlənəcəyindən söhbət edirdi.

Abbas Mirzə, İsfahanı Xorasana doğru tərk etmədən öncə Azərbaycan ordusunun Xorasana intiqalı üçün bütün işləri gördü. Eləcə də Kirmanın idarəsi üçün təkrar yeni tapşırıqlar verdi. Şah, Şeyx-ül Məluku Kirmanın yönətimi üçün təyin etmişdi. Qaragözlü xanlarının fərmanı altında olan Həmədan alayları Şeyx-ül Məlukun əmrinə verilirdi. Qaragözlü xanları Qacarlara sadiq olmalarını bir neçə kərə isbatlamışdı.

Ancaq Kirmanda hökümət edən Xosrov Mirzəyə daha çətin görəv verilmişdi. Xosrov Mirzə, Yusif Xan Topçu ilə bir yerdə Azərbaycan ordusunun böyük bir hissəsini topları ilə bir yerdə Kirman və Xorasan arasında yerləşən qumsal çöllükdən keçirib Xorasana sövq etməli idilər.



Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin