I FƏSİL
POST REVOLUTİON - 1
İnsan, öz həyatını bütün rəng və çalarlarla zənginləşdirməli,
lakin xırda şeylərlə beynini doldurmamalıdır. Detallar həmişə banaldır.
Oscar Wilde
11
Koma
Ölümdən qayıdanlar, “o dünyanı” görüb gələnlər bir qayda olaraq tuneldən; upuzun, dar və qaranlıq bir dəhlizin
sonundakı işıqdan danışır. Hər kəsin xatirəsi, empirikası eynidir – “işıq məni özünə doğru çəkirdi”, “işıq topasının içindən
məlahətli bir səs məni ağuşuna çağırırdı”, “mən işığa doğru qaçmağa başladım”, “sonra... oyandım”.
Oyanandan sonra da əməliyyat otağında, ya da palatada olduqlarını görürlər. Başlarının üstündə də mütləq kimsə
dayanıb onları səsləyir, ya da silkələyir. Ölümdən dönənlərin klişe hekayətlərini nə inkar etmək olur, nə də təsdiq. Bu
şübhəli təcrübə, tanrının varlığı ilə yoxluğu kimi bir şeydir - inanan inanır, inanmayan isə ağız büzür. Lakin etiraf edək ki,
bu “gediş-qayıdışın” PR-ı çox uğurlu qurulub - inananlar daha çoxdur.
Məndə isə görünür nəsə çatışmır, çünki hər kəsin gördüyünü görməmiş, eşitdiyini eşitməmişdim. Ayılandan sonra
danışılası, öyünüləsi hekayəmin, insanları təəcübləndirəsi “tunel” əhvalatımın olmaması məni məyus etsə də, işığa doğru
yüyürmədiyim, uçmadığım üçün xoşbəxtəm həm də. Deməli “onlar” kimi ölümün bir addımlığında dayanmamışam –
sadəcə yatmışam. Yaxşı, razıyam, çox yatmışam.
Oyanmağım isə mən bilən ağrıdan oldu. Adama ölüm arzuladan şiddətli, dözülməz ağrıdan. Yox, söhbət vücudumun
ağrısından da getmir. Daha ziyadə ruhum ağrıyırdı. Əlbəttə, fiziki ağrı duymurdum deyə bilmərəm - bütün bədənim
qıvranırdı. Amma bu ağrılar da, ruhumun iztirabının məntiqi davamı idi elə bil. Ən azından mənə belə gəlirdi. Sanki
dərimi döşəküzü kimi içalatımla birgə tərs üzünə çevirib, yaxşıca çırpıb təzədən bədənimin içinə doldurmuşdular. Özü də
bədənə əvvəlki “mən” yox, yeni bir “mən” doldurulmuşdu. Nəsə çatışmırdı bu yeni “mən”də. Elə bil doğma, yaxın, əziz bir
parçamdan məhrum edilmişdim. Əzabımı artıran isə məhz nəyin çatışmadığı sualına cavab tapa bilməməyim idi.
Cavabsız suallara qalsa, onlar heç saymaqla bitməz - kiməm, nəçiyəm, hardayam, neçə vaxtdır burdayam... Görün nə
çoxdur. Şüurumun sərhədlərində isə suallarıma cavab verməkdən çox, sualların sayını artıran bulanıq, qeyri-dəqiq
xatirələr gəzişir. Nə qədər gücənsəm də başa düşə, müəyyən edə bilmədiyim yuxu kimi, hallüsinasiya kimi uşaqlıq
illərimə dair əyri-üyrü epizodlar. Nə bilmək olar, bəlkə də valideynlərimi görürdüm. Bilmirəm, əmin deyiləm. Bircə o
yadımda qalıb ki, bu görüntülər də qısa ömürlü oldu. Nəyi və kimi gördüyümü özüm üçün aydınlaşdırmağa macal
tapmamış, kövrək bulud kimi əriyib getdi bu şirin, eyni zamanda əzablı ilğım. Getdi və bir daha qayıtmadı.
Xatirələr buxarlanıb getsə də, ağrılarım qalmaqda davam edirdi. Hər şeyi əhatə edən, bürüyən ağrılarım. Vücudumun
hər bir hüceyrəsində, hər bir əzamda, sinirimdə, hətta saçlarımın uclarında da ağrı vardı. Bir-iki iztirablı oyanışdan sonra
nəhayət yəqin etdim ki, bu ağrılardan qurtulmağın bircə yolu təzədən yuxuya getməkdir. Bunun üçün xüsusi səy
göstərməyə də ehtiyac qalmırdı - istədim istəmədim yuxu sürüyüb aparırdı məni.
Növbəti dəfə özümü anlaqlı hiss edəndə, vücudumun ağrıları bir az azalmışdı, bircə başım əvvəlki şiddətdə ağrıyırdı.
Göz qapaqlarımı aralamağa cəhd edəndə isə beynimdə şimşəklər çaxdı. Yenə də ağrıya müqavimət göstərib gözlərimi
açmağa çalışdım. Amma yarıyacan aralaya bildiyim gözlərimi bir nöqtəyə zilləmək istəsəm də, bacarmadım. Ətraf
bulanıq idi, konkret heç nə görmürdüm deyə, gözlərimi açıq saxlayıb başımın ağrısını daha da artırmağın mənası
qalmırdı. Ona görə də təzədən yumdum gözlərimi. Bircə onu anladım ki, olduğum yer nə qaranlıqdır, nə də aydınlıq –
boz, yeknəsəq bir məkandayam. Bəlkə də ömrümdə birinci dəfə heç nə barədə fikirləşmirdim, çünki ağlıma heç nə
gəlmirdi. Sanki qafatasımın içini beyindən təmizləyib, əvəzinə pambıq doldurmuşdular. Başımı yana çevirmək cəhdim
isə, mənim üçün çox pis nəticələndi. Boynumdan elə bir ağrı qopdu ki, yaralı öküz kimi böyürmək istədim. Amma
alınmadı - səsimə, boğazıma nəzarəti də itirmişdim. Huşumu itirməyim, oyanmağım kimi qəfil oldu.
Sonra səslər məni narahat eləməyə başladı. Bu səslər mənə yatmağa, ağrılarımı unutmağa mane olurdu. Uğultu
şəklində qarmaqarışıq, anlaşılmayan hay-küydən ibarət səslər sözlərə çevrilmirdi ki, nəsə başa düşüm. Deyəsən
başımın üstündə iki nəfər söhbət edirdi amma nə dedikləri çatmırdı mənə. Səsimi idarə etmirdim deyə onlardan susmağı,
rədd olub getməyi də tələb edə bilmirdim. Deyəsən bir dəfə nəsə deməyə cəhd etdim, onda da boğazımdan civiltiyə
bənzər səs çıxdı. Bundan sonra bir neçə saniyəlik səsləri kəsildi, susdular, amma sonra daha da canlanaraq, həyəcanla
donquldanmağa başladılar. Səsimin sözümə qulaq asmaması, məni barmağımı tərpətməyə vadar etdi. Tərpənən
barmaq gözlərindən yayınmadı – bu dəfə daha ucadan qışqırmağa başladılar. Mən həyat əlamətləri nümayiş etdirdikcə
başımın üstündə dayananların qudurduğunu başa düşüb yatmağa qərar verdim. Qərar verməsəydim də yatacaqdım.
Yatacaqdım ki, uşaqlığıma dair xatirələr yenə canlansın şüurumda. Dənizkənarı parkda atamın mənə aldığı, dəmir qabın
içindəki Sovet illərinin ucuz amma ləzzətli dondurması; artıq qırış düşən əlində tutduğu yaylıqla dodaqlarımı silməsi,
birlikdə mindiyimiz karusel. Bu, başqa uşağa, başqa bir ataya aid görüntülər də ola bilərdi, amma mənə elə gəlirdi ki,
uşaq da mənəm, ata da mənim atamdır. Yalnız mənim atam belə mehriban, gülərüz ola bilər. Yalnız mənim atam məni
bu qədər sevə bilər. Nə üçünsə ağlayırdım belə yuxular görəndə. Yanağımdan axan yaşlar da qulaqlarımın içinə dolub
narahat edirdi məni.
Şirin, rəngbərəng yuxu gördüyüm növbəti gecələrin birində yenə ayıldım. Gecə olduğunu, hər tərəfi bürümüş zil
qaranlıqdan başa düşdüm. Adətən sağ tərəfdən həmişə gur işıq gələrdi (sonradan bildim ki, çarpayımın sağında iri
pəncərə var). Gözlərimi bu dəfə tam aça bildim. Başım ağrısa da onları inadla açıq saxlayırdım. Tavana neçə dəqiqə, ya
da neçə saat baxaraq ayıq qaldığımı deyə bilmərəm. Maşınların tavanda gəzişən bulanıq işıqlarına baxmaq maraqlıydı.
İşıqlar palataya düşsə də, küçədən maşın səsləri gəlmirdi. Ya da mən eşitmirdim. Məni bu mütləq səssizlik narahat
etmirdi, yox. Elə olsaydı rahat-rahat yuxuya gedərdim. Məni uyuyan nəhəng binanın sükutu vahiməyə salırdı. Keçən
12
səfərki uğursuz təcrübəni yada salaraq, başımı astaca pəncərəyə tərəf çevirdim. Bu dəfə bədənim sözümə qulaq asdı,
ağrılarım da əvvəlki kimi kəskin olmadı. Dərin nəfəs alıb pəncərəyə baxdım. Göy üzündə şəhərin işıqları ilə aydınlanan
buludlar üzürdü. Buludlara və ulduzlara sonsuzluğa qədər baxa bilərəm. Onda yuxuya getmək də asan olur.
Səhər oyananda, arxasını mənə çevirib pəncərənin qabağında dayanmış bir qız gördüm. Bu qız, ilğıma oxşamırdı.
Ona nəsə demək istədim, alınmadı. Xırıltılı, boğuq bir səs çıxdı boğazımdan.
Qız diksindi. İldırım sürətilə üzünü mənə çevirdi, üstümə cumdu:
- Murad! Murad, əzizim! Oyandın?!
Gicgahlarım zoqquldayır, gözlərim dumanlanır, yenə huşumu itirməyə hazırlaşırdım. Üzünü düz-əməlli görə bilmədiyim
bu qadına minnətdarlıq etməliyəm, halbuki onun zəhlətökən qayğıkeşliyi məni hövsələdən çıxarır. Kaş ki, bir az sussa,
danışmasa, axı səsi başıma düşür.
Nə düşündüyümü sanki hiss etdi, əyilib alnımdan, yanaqlarımdan öpməyə başladı. Alçaq səslə:
- Neçə gündür özünə gəlirsən amma təzədən sönüb gedirsən. Bu dəqiqə həkimi çağırıram – deyib divara yaxınlaşdı,
düyməyə basdı.
Heyran-heyran ona tamaşa edirdim. Çox gözəl idi. Gəlib sakitcə yanımda dayanmasını, bayaqkı kimi məni öpməsini,
qucaqlamasını istədim. Uzun olmayan şabalıdı saçlarını arxadan at quyruğu yığmışdı. Təbəssümlü üzü, yanaqlarında
şirin çökəkliklər əmələ gətirən qəmzələri mənə bütün diskomfortumu unutdururdu. Gəldi yanıma, əlimin üstünü
sığallamağa başladı.
Ağzım, boğazım qəribə, anlaşılmayan səslər çıxarmaqdan başqa bir işə yarayırammı görəsən? O danışır, başa
düşdüyüm sözlər deyir mənə – “həkim”, “çağırmaq”, “Murad”... mən isə susuram. Murad... Əlbəttə, mən Muradam. Bəs
o?
Bütün gücümü toplayıb danışmalıydım. Mən danışa bilirəm, bunu bacarıram. Həmişə danışmışam, bundan sonra da
danışacam. Başımın ağrısını azaltmaq üçün gözlərimi yumdum və:
- Siz kimsiniz? – soruşdum. Deməli doğrudan da danışa bilirəmmiş.
- Yorma özünü qurban olum. Həkim bu saat gəlir.
- Siz... çox gözəlsiniz.
Məntiqli cümlə qurub qadına kompliment deyə bilirəmsə, deməli başım işləyir, özüm də yaşayıram.
Qız güldü, bir az da qızardı. Bu ifadə onu daha da gözəlləşdirirdi.
- Gücünü qoru sən allah. Birdən yenə yatarsan.
Mənimlə çox səmimi danışırdı. Həkim çağırırsa deməli özü həkim deyil. Bəlkə tibb bacısıdı? Tibb bacısı... Bəli, mən bilən
həkimdən başqa tibb bacısı da olur. Bura da yüz faiz xəstəxanadır. Deməli mən xəstəxanadayam.
- Yaxşı – dedim. – Amma siz danışın.
Nədənsə gözləri doldu, dodaqları titrədi.
- Üşümürsən?! – deyəsən bu sualı elə-belə, nəsə demək xətrinə vermişdi.
- Yox – dedim və nə üçünsə soruşdum - bayır soyuqdu?
Mənim üçün ağır olsa, sözlər çətinliklə cümlələrə çevrilsə də, danışmaq istəyirdim. Nə haqda danışmağın fərqi yox idi,
təki danışım, bu vərdişi yenidən qaytarım.
- Hə, çox soyuqdu. Deyəsən qar yağacaq. Üşüsən deyərsən, üstünə bir dənə də ədyal ataram.
Qapı açıldı. Təlaşla palataya girən eynəkli, dazbaş həkimin qırx-qırx beş yaşı olardı.
- Sevil xanım, xəstəmiz özünə gəlib?
Qız əlimi sığallamağı dayandırıb, ayağa qalxdı. Həyəcanla:
- Hə, bir az var – dedi və birdən hönkürtü ilə ağlamağa başladı.
O ağlayırdı, məni isə gülmək tutmuşdu. Baş ağrısını saymasam, özümü yaxşı hiss edirdim. Ona görə də, qızın nə üçün
özünü həlak etdiyini başa düşmürdüm. Həkim əlini onun çiyninə qoyub sakitləşdirməyə çalışdı:
- Sevil xanım, sakit olun. Xahiş edirəm sakit olun. Hər şey qaydasındadı. Gedin əl-üzünüzü yuyun, sonra gələrsiniz.
Çiyinləri titrəyən qız zəif səslə “yaxşı” deyib palatadan çıxandan sonra, həkim yanıma yaxınlaşaraq divardakı cihazları
qurdalamağa başladı, qoluma taxılmış sistemi yoxladı.
- Adım Zöhrabdır. Zöhrab Nəsibov. Sizin həkiminizəm. Özünüzü necə hiss edirsiniz? – soruşub nəbzimi tutdu, ardından
da fənəri yandırıb iti şüanı göz bəbəklərimə tuşladı. Cavab vermədiyimi görüb, soruşdu:
- Danışa bilirsiniz?
- Hə – halsız dilləndim. Gözümə işıq salması başımın ağrısını şiddətləndirsə də, ona bir söz demədim.
13
- Özünüzü necə hiss edirsiniz?
- İntensiv terapiyada adam özünü necə hiss edə bilər?
Zöhrab qımışdı. Zarafatım xoşuna gəlmişdi.
- İntensiv terapiyada olduğunuzu hardan başa düşdünüz? – soruşaraq stula əyləşdi.
- Necə yəni hardan? – sifətimi turşudub – görmürəm bəyəm hardayam? – dedim.
- Deməli görürsünüz və başa düşürsünüz... – Zöhrab yenə qımışdı. – Çox gözəl. Amma mənə maraqlıdır, bunu nədən
bildiniz? Bəlkə burdakı aparatları tanıyırsınız?
Çarpayının sol tərəfindəki tumboçkaya gözümlə işarə elədim:
– Adrenalin hidroxlorid, Aneksat. Bunları nədir bəs?
- Deməli bu preparatları tanıyırsınız?
Zöhrabı başa düşə bilmirdim. Məni dolayır, nədi? Şpris nasosu, aspirator, nə bilim defibrillyatorun olduğu palatanın nə
palatası olduğunu bilməyə nə var?
- Siz həkimsiniz Murad? – ciddi-ciddi üzümə baxıb soruşdu.
- Necə yəni? – gülmək tutdu məni. – Həkiməm?
- Özünüzü həkim hiss edirsiniz?
- Yox.
- Niyə? Preparatları tanıyırsınız, avadanlıqdan da yəqin başınız çıxır.
Maraqlı sualdır. Amma cavab verməkdə çətinlik çəkirəm. Gözlərimi yumdum. Yuman kimi də yanağımda əlini hiss etdim.
- Murad! Murad! Özünüzə gəlin!
Gözlərimi aralayıb ayaq üstə dayanmış, həyəcandan sifəti əyilmiş həkimə təəccüblə baxdım.
- Nə olub? Niyə qışqırırsınız?
Doktor ürəkdən “off” deyib təzədən yerinə oturdu.
- Dedim bəlkə yenə özünüzdən getmisiniz. Bilirsiniz son on gündə neçə dəfə ayılıb yatmısınız?
- Doğrudan?
Zöhrabın dedikləri ağlasığmaz idi. Onu başa düşməkdə çətinlik çəkirdim. Hə, dəfələrlə oyanmağım, oyanıb təzədən
yatmağım da yadımdadır. Tay on gün nədir?
- Xahiş edirəm – dedim. – Başa salın. Niyə burdayam?
Üzündəki ciddi ifadəni dəyişmədən dedi:
- Siz Mərkəzi klinik xəstəxananın intensiv terapiya şöbəsindəsiniz.
- Mənə nə olub?
- Yadınıza heç nə düşmür?
Gözlərimi tavana dikib bir müddət düşündüm və:
- Yooox – dedim.
Qapını tərəddüdlə aralayan bayaqkı qız içəri boylanıb:
- Gəlmək olar? – soruşdu.
Zöhrab oturduğu yerdə bir az ona tərəf çönüb:
- Gəlin Sevil xanım, gəlin – dedi, təzədən mənə döndü.
- Aha. Deməli heç nə yadınızda deyil.
Qız gəlib çarpayının ayaq tərəfində dayandı. Gözləri ağlamaqdan qıpqırmızı olmuşdu. Məndən ötrü bu qədər ağlayırsa
deməli çox qiymətliyəm onun üçün. Həkim getsin, ondan xahiş edəcəm ağlamasın. Özümü doğrudan da yaxşı hiss
edirəm. Bircə bu zəhrimar baş ağrısı olmasa.
- Murad, siz qəza keçirmisiniz.
Doktorun bu sözlərini eşidəndə, gözlərimi qızdan ayırıb Zöhraba baxdım:
- Nə qəzası – qaşlarımı çatıb soruşdum.
- Avtomobil qəzası.
Qəribədir, bəs bu barədə nə üçün heç nə bilmirəm?
14
- Hə?! Qəza necə baş verib?
- Rayon yolunda, yüksək sürətlə getdiyiniz yerdə.
Gözlərimi bərəldib heyrətlə ona baxdığımı görən Zöhrab, başı ilə qıza işarə elədi.
- Sevil xanımı tanıyırsınız?
Diqqətlə “Sevil xanımın” üzünə baxdım. Nə bilim. Sifəti mənə tanış, hətta doğma gəlir. Sanki illər uzunu onu tanımışam,
yanında olmuşam. Amma yanıla da bilərəm. Ola bilsin bu günkü, yarım saat əvvəlki tanışlığımızın təsirindəyəm hələ də.
- Yox, - dedim. – Tanımıram.
Həkim kədər və təəssüf dolu gözlərlə qıza baxdı. Sevil isə özünü saxlaya bilməyib yenə ağlamağa başladı. Bu dəfə
səssiz, amma yanıqlı ağlayırdı.
Onu ağlatdığım üçün xəcalət çəkirdim.
- Xanım, nə üçün ağlayırsınız? Özümü çox yaxşı hiss edirəm.
Becid addımlarla qapıya tərəf qaçdı, dəhlizə çıxdı.
- Ona nə olub? - soruşdum. – Vəziyyətim o qədər pisdir bəyəm?
Zöhrab qalın eynəklərinin altından diqqətlə baxa-baxa başını buladı:
- Elə deməyin. Qəza ağır olub.
Gülümsəyib:
- Heç olmasa sağ-salamatam? – soruşdum. – İndi vəziyyətim necədi?
- Xəstəxanaya gələndə dörd qabırğanız sınmışdı. Hər iki ayağınızda da sınıqlar, çatlar var idi. Başınızdan da ağır travma
almışdınız. Sağ qalmağınız möcüzədir.
- Ayaqlarım indi gipsdədi? – soruşub, ayaq barmaqlarımı tərpətməyə çalışdım. Çətin olsa da, onları bir az hərəkət etdirə
bildim. Gipsdə olsaydım, ayaqlarım ədyalın altından belə nazik, arıq görünməzdi.
- Yox, gipsdə deyilsiniz. Amma sağ ayağınızda indi də titan ştift var. Əsas ona çalışırdıq ki, beyin ölümü olmasın. Şükür
ki, özünüzə gəldiniz. On gündür ayılıb yatırsınız. Xeyli ümidlənmişdik.
Gözlərimi yumub xırıltı ilə dedim:
- Deməli başım ona görə ağrıyır.
- Bəli. Travmanız ağır olub. Yaddaşınızı da ona görə itirmisiniz.
- Yaddaşımı itirmişəm?! – gözlərimi açaraq, mənim vəziyyətimdə olan bir adamın çıxarmağa qadir olduğu ən yüksək
səslə soruşdum.
Zöhrab isə özünə bəraət qazandırırmış kimi, suçlu əda ilə:
- Narahat olmayın, müalicə ilə yavaş-yavaş özünüzə gələcəksiniz – dedi. - Bir həkim kimi, siz də bilməlisiniz ki, travmatik
amneziya müvəqqəti olur. Başınıza xeyli tikiş qoyulmuşdu. Onları da sökmüşük. Amma sifətinizdə problem yoxdu,
narahat olmayın.
Əllərimi qaldırmaq, hərəkət etdirmək istədim, alınmadı. Sol qoluma sistem qoşulmuşdu, sağ qolum isə sadəcə olaraq
tərpənmirdi.
- Qollarım – deyə zarıdım. – Tərpədə bilmirəm.
- Eybi yox – Zöhrab dedi. – Təzə-təzə belə olur. Siz hələ güc toplamalısınız. Zarafat deyil, gör neçə vaxtdır komadasınız.
Şübhə ilə Zöhraba baxıb:
- Nə qədər qalmışam bəyəm? – soruşdum. – Yəni belə çoxdur?
Zöhrab köks ötürdü. Ayağa qalxıb əllərini ciblərinə saldı:
- Düz yarım ildir ki, komadasınız. Sizcə azdır?
15
Özünəqayıdış
Necə, nə vaxt yuxuya getdiyimi xatırlamıram. Zöhrab çıxıb getmişdi, yoxsa yanımda oturmuşdu - bilmirəm. Palatada
olduğu halda yatmışamsa, heç yaxşı iş görməmişəm. Özü də ona verəsi xeyli sualım qalmışdı.
Ayılanda, soyuq yanvar küləyi dəli kimi yenə şüşələrə hücum çəkirdi. Bilmirəm beyninin qurdu tərpənmişdi nəydisə,
qıyha çəkib coşur, pəncərədən görünən küknarları ikiqat əyir, bilmərrə səngiyib dincəlmirdi. Bayırdakı soyuq-sazağı
büsbütün əzalarımda, canımda-qanımda hiss etməyə başlayanda kömək istəmək üçün palatada gözlərimlə adam
gəzdim.
Sevil, əllərini sinəsində çarpazlayıb divanda oturmuşdu. Pəncərədən çılğın küləyə baxırdı.
- Üşüyürəm – yazıq-yazıq zarıdım.
Cəld ayağa qalxıb “bu dəqiqə” dedi və şkafdan ikinci ədyalı çıxartdı. Gətirib üstümə sərdi.
- Su istəyirəm – istəklərim bitmirdi.
Tumboçkanın üstündəki qrafindən stəkana yarıya qədər su süzdü. Əli ilə başımı qaldırıb suyu mənə içirtdi. Mənə təşvişlə
baxmasından hiss etdim ki, gicgahımdakı damar tez-tez qeyri-müntəzəm vurur, özüm də tərləməyə başlayıram. Yaylıqla
alnımı sildi, sonra mehribanca alnımdan öpdü.
- Yaxşısanmı?
- Belə də. Çox yatmışam?
- Yox, iki saat olar.
- Səhər ayılıb sizi yanımda görəndə elə bildim ölmüşəm, siz də mələksiniz.
Uğunub getdi, yenə qəmzələri oyandı. Komplimentim xoşuna gəlmişdi.
- Mənə Sevil de. “Siz” nədi? – gülə-gülə soruşdu.
- Oldu Sevil – mən də gülümsəməyə çalışdım amma əminəm ki, sifətim o anda muşmulaya oxşayırdı.
- Həkim bu saat gələcək – deyib stula oturdu. - Vaxtıdı.
- Gəlsin – dedim. – Amma xahiş edirəm yenə ağlayıb bayıra çıxma.
- Oldu – kədərlə gülümsündü. – Çıxmaram. Ağrın zadın yoxdu?
- Yox, sən deyən yoxdu. Bir az başım ağrıyır. Tərpənəndə əzələlərimdə də ağrı olur.
- Aylardır hərəkətsiz uzanmısan, belə olacaq da.
- Həm də sıxılıram. Yatağa bağlı qalmaq, tərpənə bilməmək öldürür məni.
Doğrudan da fiksasiya kəmərləri, vücuduma qoşulmuş şlanqlar hərəkətlərimi məhdudlaşdır, ürəyim darıxırdı. Sevil
məhəbbətlə, şəfqətlə baxırdı mənə. Baxışlarında elə bir doğmalıq varıydı ki, onu bağrıma basmaq istədim.
- Səndə güzgü var? – soruşdum. - Özümə baxmaq istəyirəm.
Əvvəl nəsə fikirləşdi, sonra isə özündən əmin halda ayağa qalxıb divanın üstündəki çantasından yumru güzgünü çıxarıb
gətirdi. Onu ehtiyatla üzümə tutdu. Güzgüdən mənə baxan gözlər, elə bil üzümün ümumi quruluşu ilə tərs mütənasib idi.
Seyrək saçlarımın altından, başımın sağ tərəfində, az qala qulağıma qədər uzanan çapığı gördüm. Burnum, iri alnım heç
xoşuma gəlmədi. Bəs bədənim? Bir qolumda sistem varıydı, ikinci qolmu isə ağrıdan tərpədə bilmirdim. Gərək Sevildən
kömək istəyim.
- Zəhmət olmasa ədyalı qaldır. Bədənimə baxmaq istəyirəm.
Sevil duruxdu. Sonra mülayim nəzər saldı üzümə.
- Bəs üşüyürdün?
- İndi qızışdım.
- Amma lütsən ha! Xəbərin olsun.
Gülümsəyərək:
- Yaxşı – dedim. – Sən ədyalı çək, özün də baxma. Əvvəl yastığı bir az qaldır.
Sevil gülümsəyən dodaqlarını büzüb yastığı bir balaca qaldırdı. Boynumun ardından küt ağrı qopsa da, səsimi
çıxarmadım ki, ürkməsin. Bu vəziyyətdə bədənimi rahat görə bilərdim. Sevil reaksiyamı görmək üçün baxışlarını
üzümdən ayırmadan, ədyalları yavaş-yavaş qaldırdı. Gözlərimin qarşısında açılan mənzərə, ürəyimi sızıldatdı. Sinəmdən
16
kardio-cihaza qədər uzanan kabellərə yenə dözmək olardı, amma büzüşüb düymə boyda qalmış penisimə keçirilən və
hardasa yatağın altında gözdən itən uzun katetoru görəndə, qasıq nahiyəmdə məni nəyin narahat etdiyini nəhayət başa
düşdüm və dərhal bu şlanqdan azad olmaq barədə planlar qurmağa başladım. Həkim gələn kimi deyəcəm çıxardıb rədd
eləsin onu.
Sevilə “çox sağ ol” dedim və minnətdarlıq əlaməti olaraq ona gülümsədim.
Sevil ədyalları üstümə örtdüyü əsnada, mədəmdən eybəcər bir quruldama eşidildi.
- Deyəsən acam – suçlu-suçlu dedim.
Sevindi, elə bil dünyaları bağışladılar ona.
- Zöhrab demişdi ki, acsa sulu yemək verə bilərsiniz. Toyuq supu var. Deyim qızdırıb gətirsinlər?
- Olar dedim. Bir azdan gətirərsən, – gözlərimi yumub boynumun ağrısını həzm etməyə çalışdım. - Deməli yarım ildir heç
nə yemirəm?
- Hə, yemirsən. Damarlarından qidalanırdın – şirin-şirin gülüb alnımı oxşamağa başladı.
- Bağışla, sənə axmaq sual verəcəm. Mənim neçə yaşım var?
Sevil bir az tutulsa da, tez özünə gəlib dedi:
- Otuz iki.
- Bəs sənin?
- Otuz.
- Cavan görünürsən.
- Sağ ol – deyib yanağımdan öpdü.
- Bəs məni hardan tanıyırsan?
Bir saniyə əvvəl qupquru olan gözlər yenə sulandı. Göz qapaqlarını qırpsaydı damcılar yanaqlarından süzüləcəkdi.
Ağlamasını istəmirəm, əsəbiləşirəm.
- Sevil xahiş edirəm, ağlama! Xoşum gəlmir. İstəyirsən soruşmayım.
Dərindən köks ötürüb göz yaşlarını “geri qaytarmaq” üçün əvvəl tavana, sonra da mənə baxdı:
- Mən sənin həyat yoldaşınam.
***
Doktor Zöhrab o qədər çox danışdı ki, beynim şişdi. Əvvəl gəvəzəliyini optimizminə bağışlamağa hazır idim. Sonra isə
özü hər şeyi korladı. Sevilin əri olduğum xəbərinin şokundan ayılmamış, palataya gələn kimi şən hərəkətləri, məzəli
söhbətləri ilə mənə toxtaqlıq verməyə çalışdı, sonra da amneziyamın nə vaxta qədər davam edəcəyini dəqiq bilmədiyini
deməklə qanımı qaraltdı.
- Adətən belə yaddaşsızlıq nə qədər çəkir? – soruşdum.
- Çətin ki, üç aydan çox çəksin, amma bilmək olmur.
Sonra yeməklə bağlı danışdı. Dedi ki, qidalar mənə az-az veriləcək ki, aylarla boş qalan mədəm tədricən öyrəşsin.
Katetoru çıxarmağa isə dərhal razılıq verdi, çünki özüm sidiyə gedə bilərəmmiş. Qəribəsi də o idi ki, mənimlə danışanda
istifadə etdiyi bütün terminləri başa düşürdüm, Sevil isə hər dəfə ondan nəsə dəqiqləşdirirdi. Həkim olduğumu deyən
Zöhraba inanmamaq üçün artıq heç bir əsasım yoxdur. Özü də indiki vəziyyətimdə hansı peşənin yiyəsi olmağım məni
bir o qədər maraqlandırmır. Həkim də ola bilərdim, kosmonavt da. Yarıcanlı, natamam bir insan kimi, məni bircə sual
maraqlandırırdı - nə vaxt sağalıb əvvəlki həyatıma qayıdacağam? Zöhrab isə dəqiq heç nə demir. Deyə bilmir.
Çıxıb getməmişdən əvvəl, dişlərimi qıcıyıb zarımağımı vecinə almayan Zöhrab katetoru dartıb çıxartdı və:
- Çarpayının altında sidik qabı var – dedi. - Bayıra getmək istəsəniz ya sanitarı çağırın, ya da xanımınızdan kömək
istəyin.
Sevil boynunu büküb dayanmışdı. Zöhrab son cümləsində ona işarə edəndə “əlbəttə, əlbəttə” dedi və mənə gülümsədi.
Mən də qarşılığında Sevilə gülümsəyib “nə yaxşı ki, nəcis məsələsində bəxtim gətirib, bağırsaqlarım bomboşdur”
düşündüm. Ümid edirəm ki, az-az qidalandığıma görə, bir həftə bayıra getmərəm. O vaxta qədər də yəqin ki, özüm
ayağa qalxa bilərəm.
Zöhrab qapıya yaxınlaşan yerdə, qəfildən yadına nəsə düşübmüş kimi Sevilə:
- Sevil xanım, yeri gəlmişkən, sanitarlar gecə-gündüz işləyirlər – dedi. - İstəsəniz gedib evdə rahat yata bilərsiniz.
Uşaqdan da ayrı qalmısınız neçə gündür.
Sevil çəkingənliklə divanı göstərib:
17
- Narahat olmayın. – dedi. – Burda yerim rahatdır. Uşağa da nənəsi baxır.
Zöhrab “özün bilərsən” mənasında çiyinlərini çəkib palatadan çıxan kimi, beynimi gəmirən sualı verdim:
- Sənin uşağın var?
Deyəsən ağlamamaqla bağlı ona verdiyim “tapşırıq” təsir eləmişdi. Gözləri dolmağa hazır olsa da, Sevil buna cəsarət
etmədi. Başını yırğaladı:
- Hə. Bizim uşağımız var. Oğlumuz.
- Adı nədir.
- Özgür.
- Özgür? – düşüncəli halda dedim və pəncərəyə baxdım. Məni dünyaya, həyata bağlayan sirr kimi düşürdü yadıma nəsə.
Külək səngimişdi deyə, küknar da artıq qamətini əymirdi. – Bəs niyə gətirmirsən bura?
- Necə gətirim? Nə sən hazırsan buna, nə də o. Altı ay ərzində iki dəfə gəlib görüb səni. Gələndə də ağlayır ki, atam niyə
oyanmır?
Bu dəfə Sevillə birlikdə ağlamağa hazır idim. Hiss etdim ki, burnumun içi sızıldayır. Özümü güclə saxlayıb:
- Başa düşürəm – dedim. – Neçə yaşı var?
- Səkkiz. İkinci sinfə gedir.
Güldüm.
- Nə tez evlənmişəm.
- Tez evlənmisən - dedi və gözlərindəki yaş pərdəsinin arxasından təbəssüm etdi. – Tez evlənmişik.
Budur, iki damla süzülür yanağından. Mövzunu dəyişmək vaxtıdır.
Sağ əlimi qaldırmaq istədim. Biləyimi tərpədə bildim ancaq. Sevil bu cəhdimi görüb əlimi tutdu.
- Ürəyin nəsə istəyir? Bəlkə tualet...
- Yox, narahat olma. Bir yerdə uzanıb qalmaqdan bezmişəm. Sevil...
Əlimi bir az da möhkəm sıxdı.
- Can.
- Zöhrab demişdi ki, mən həkiməm.
- Düz deyir. Stomatoloqsan. Yəni diş həkimi – şirin-şirin gülümsəyib alnımda puçurlanmış təri sildi.
- Nə maraqlı – düşüncəli gözlərlə Sevilin başının üstündən qapıya baxdım.
Sevil gözlərimin yol çəkdiyini görüb nə haqda düşünə biləcəyimi təxmin etdi.
- İstəyirsən sənə xəstə dişimi göstərim?
Ayağa qalxıb üzümə əyildi, ağzını açdı. Üstdəki altıncı böyük kök dişinə barmağı ilə işarə elədi. Diş minası əməlli-başlı
zədələnmişdi. Ağır karies.
- Altıncı dişin təcili müalicə olunmalıdır - dedim.
- Bax, görürsən – gözləri sevincdən parıldadı. Sonra köks ötürüb – vaxt tapıb həkimə gedə bilmirəm – dedi. –
Gözləyəcəm sən özünə gəlib müalicəmlə məşğul olasan.
- Qəribədir – gözlərimi yumub dedim.
- Qəribə zad deyil. Peşəkar həkim kimi, intuisiyanla hər şeyi özün başa düşdün. Düzələndən sonra öz işinə
qayıdacaqsan – dedi və soruşdu - Yuxun gəlir? Yatmaq istəyirsənsə, yat.
- Yox əşi, nə qədər yatmaq olar? – gözlərimi açdım. - Bilirsən nə fikirləşirəm? Deyirsən biz bir ailəyik, oğlumuz da var,
özü də ikinci sinifə gedir. Amma mən... özümü ata kimi, nə bilim, ailəli adam kimi hiss eləmirəm.
Sevil sözlü adama oxşayırdı, amma tərəddüd edirdi. Gözlərini də qaçırtdı məndən.
- Mənə nəsə demək istəyirsən?
- Murad biz... biz bir neçə ildi ki, boşanmışıq.
Gic gülmək tutdu məni. Çətinlik çəksəm də, uğunub getdim. Güləndə sinəm ağrıyırdı. Görünür sınmış
qabırğalarımdandır.
- Nəcə yəni boşanmışıq? Mən sənin kimi gözəl bir qadını niyə boşamalıyam axı?
Sevil ciddi nəzərlərlə baxdı üzümə.
- Sən məndən yox, mən səndən boşanmışam.
18
Qapı açıldı, Zöhrab palataya girdi. Əynində xələt yerinə palto var idi. Gözucu ona baxıb, üzümü təzədən Sevilə çevirdim.
Onun dediklərini təhlil etməyə, anlamağa çalışırdım. Nə qədər zorlasam da beynimi, yadıma heç nə düşmürdü. Heç nə!
Bu vəziyyət mənə çox ağır və ağrılı gəlirdi. Elə bil nəfəsim kəsilirdi, boğulurdum. Necə yəni? Axı necə ola bilər ki, heç nə
yadıma düşmür? Bəli, başımda anaya, ataya, övlada dair xatirələr dolaşır. Lakin bu xatirələr axar su içərisində görünən,
formasız halda diyirlənən daş kimi tutqun və ağırdır. Kölgələr görünür və yox olur, lakin tam bir sima, bir surət yarada
bilmirlər. Duyğularımda da nə isə bir iz var, amma dəqiq xatırlaya bilmirəm.
Zöhrab yanımıza yaxınlaşıb cihazlara baxa-baxa:
- Əla! Sabahdan fizioterapiya kursları başlayır - dedi. - Arada uzanan yerdə əl-ayağınızı hərəkət etdirin ki, açılasınız bir
az.
- Bəs evə haçan gedə bilərəm?
Zöhrab şaqqanaq çəkib güldü.
- Aa! Maşallah! Sevil xanım, görürsünüz də, gözlərini açın kimi qaçmaq istəyir. Yox əzizim, olmaz! Hələ azı on gün
burdasınız. Belə tezliklə hara gedirsiniz?
- Bədənimi tərpədirəm amma ağrılarım var. Çox narahatam.
- Bu gündən sizə yüngül ağrı kəsicilər vurulacaq, narahat olmayın. Mən indi gedirəm, növbəm qurtarıb. Bir də sabah
görüşəcəyik. Amma nəsə lazım olsa doktor Rafaelə deyə bilərsiniz. Sevil xanım tanıyır onu.
Sevil başını əyib “bəli, tanıyıram” dedi.
- Onda sabaha qədər – Zöhrab şən səslə dedi və çıxdı.
Həkim gedəndən sonra, söhbətin nə haqda gedəcəyini başa düşən Sevilin mövzunu dəyişmək cəhdi baş tutmadı:
- Acmısansa yeməyi qızdırım – dedi.
- Məndən nə üçün boşanmısan? – soruşdum.
Cavab vermək yerinə əyilib dodaqlarımdan öpdü. Mən isə hərəkətsiz uzanmışdım, gözlərimi də qırpmadım.
Soyuqluğumu görüb:
- Olar bu haqda sonra danışaq? İndi yeri deyil – dedi.
- Yaxşı. Onda heç olmasa de görüm, nə vaxt barışmışıq?
- Əslində aramızda barışıq olmayıb.
- Biz boşanandan sonra, həyatında başqa kişi olub?
- Murad, xahiş edirəm!
Əsəbiləşmişdim. Ayağa qalxıb otağı darmadağın etmək, bağırıb-çağırmaq istəyirdim. Bilmirəm, bəlkə də Sevilə əl
qaldırardım. Görəsən həmişə belə əsəbi olmuşam?
- Yaxşı. Qalsın sonraya - ağır-ağır nəfəs alaraq dedim. – Sən deyən olsun.
|