Esxatoloji perspektivdə avtoritarizm anatomiyası



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə3/20
tarix25.01.2017
ölçüsü2,27 Mb.
#6400
1   2   3   4   5   6   7   8   9   ...   20

Özgür 
 
 
 
 
Günlər yeknəsəq, darıxdırıcı keçsə də - ağrıkəsici iynələr, tualet proseduraları, ilıq şorbalar, sistemlər - keçmişimlə bu 
günüm arasında yeganə körpü, yaddaşımın bərpasında tək köməkçim, ötən günlərimə  səyahətlərimdə  bələdçim olan 
Sevil hər gün, hər an yanımda idi deyə, yaddaşsız həyatımın boz xəstəxana səhifəsinə  rəng qata bilirdim. Yuxuya 
gedəndə  də, gözlərimi açanda da Sevili görürdüm. Beynim yaxşı  işləyirdi - hər  şeyi aydın, səlis başa düşür, təhlil 
edirdim. Lakin hafizəm... Hafizəm inadla geri qayıtmaq istəmirdi. Xilas edilmək üçün sahibi tərəfindən tez-tez sulanan, 
dərmanlar püskürdülən, əlqərəz xüsusi qayğı ilə əhatə olunan solğun dibçək bitkisi hiss edirdim özümü.  
Hər gün fizioterapiya həkimi Esmira xanımın nəzarətində, Sevilin əlindən tutub bir saat dəhlizdə gəzirdim. Belə gəzintilər 
zamanı ayaqlarımda yüngül sızıldama hiss etsəm də, gəzməkdən zövq alırdım. Elə bil gəzmək üçün, yerimək üçün 
darıxmışdım. Mənə elə  gəlirdi ki, dəhlizdəki pəncərələrdən xəstəxananın həyətinə, gəlib-gedən maşınlara, gəzişən 
xəstələrə, xəstə yaxınlarına saatlarla baxsam da doymaram. Küçə üçün, insanlar üçün darıxmışdım. Ayağa qalxdığım 
ikinci günün axşamı  nəhayət tualetə  də getdim. Bağırsaqlarımın ehtimal etdiyimdən də dolu olması xeyli 
təəccübləndirmişdi məni. Oradan çıxandan sonra bədənimdə hiss etdiyim yüngüllüyün dünyanın  ən gözəl duyğusu 
olduğunu Sevilə deyəndə, dəhlizdə şaqqanaq çəkməmək üçün özünü güclə saxladı.  
Axşamlar xəstəxananın səsləri susandan sonra, Sevillə palataya qapanıb söhbət etməyin ləzzəti bambaşqa olurdu. 
Psixikamın qayğısına lazımından artıq qalan, ifrat həssaslıq göstərən Sevili sorğu-suala tutmurdum artıq – özü nəyi 
lazım bilsə, o haqda danışırdı. Anasından, işindən, rəfiqələrindən söhbət açırdı  və  nə deyirsə desin, dərin maraqla, 
acgözlüklə qulaq asırdım ona. Çünki danışdığı hər şey yeni idi mənim üçün. Tez-tez mənə təsəlli verməyi də unutmurdu 
- hər  şey düzələcək, yaxşı olacaq, evə gedəcəyik, yaddaşın bərpa olunacaq... Sevil danışdıqca onun dodaqlarına, üz 
cizgilərinə, mimikalarına diqqətlə baxır; tanımağa, yaddaşımın qaranlıq, dolaşıq labirintlərində itirdiyim qadınıma yenidən 
qovuşmağa çalışırdım. Dəqiq yada salmasam da, əvvəllər onu hardasa gördüyümdən  əmin idim, başa düşürdüm ki, 
yaxın olmuşuq, bir-birimizə aid olmuşuq. Amma harda, necə, nə zaman? Hər gün bir az daha çox tanıyırdım onu. Tanıyır 
və sevirdim. Palatada gözümü açıb onu qarşımda gördüyüm andan etibarən bu mülayim, mehriban baxışı öz üzərimdə 
hiss edəndən bəri qırılmaz tellərlə, ömürlük onu bağlanmışdım. İndi anlayıram ki, bu sirayətedici, cazibədar, adamı əsir 
edən və bununla da onu çılpaqlandıran anadangəlmə sehrli baxışlar məni keçmişimdə də feyzyab edib.  
Ayağa qalxıb gəzməyə başladığım üçüncü günün axşamı şorbamı içib, bir dənə də kotlet yemiş, Sevili artan iştahamla 
sevindirmişdim. Bir saata yaxın dəhlizdə gəzişib palataya qayıdandan sonra isə qapını bağlayıb divana oturmuşduq. Nə 
qədər öpüşdüyümüzü xatırlamıram, amma beldən aşağı heç nə hiss etməməyim, oyanmamağım təlaşa salmışdı məni. 
Qan-tər içində qalmış, acizlikdən ağlamaq həddinə çatmışdım.  İnstinktiv olaraq başa düşürdüm ki, özümü idarə edə 
bilmirəmsə, yaşamağın da mənası yoxdur. Əziyyət çəkdiyimi, üzüldüyümü görən Sevil isə, məni sakitləşdirir,  əlini 
ehtiyatla qasığımın üstünə qoyaraq qulağıma təsəlli sözləri pıçıldayır, məni öpməyə davam edirdi. İnanırdım ona. Bilirdim 
ki, ayağa qalxmağı bacardığım, yavaş-yavaş  hər  şeyi yada salmağa başladığım kimi, kişilik funksiyalarımı da qaytara 
biləcəyəm. Bu, yalnız zaman məsələsidir. 
Səhər Zöhrab palataya gələndə, artıq oyanmış, Sevilin danışdığı lətifələrə qulaq asırdım. İndi mənə aydın olur ki, o gün 
bəzi lətifələrin kontekstini anlamadığım üçün gülə bilmirdim, gözlənilən reaksiyanı göstərmirdim deyə, Sevil pərt olurdu. 
Zöhrab kefimin kök olduğunu görüb gülümsədi. Özümü necə hiss etdiyimi, ağrıyıb-ağrımadığımı soruşdu və Sevilə: 
- Yavaş-yavaş Murada keçmişi haqda danışmağa başlayın – dedi. - Bir ara uşağı da gətirin. Amma qabaqcadan onun 
haqqında atasına məlumat verin ki, uşaq sonra pərt olmasın, psixikası  zədələnməsin – deyib mənə baxdı. – Bəlkə 
özünüz hiss eləmirsiniz, amma mən görürəm ki, xeyli irəliləyiş var. Belə getsə, çox demirəm, uzağı bir aya, ay yarıma 
tam düzələcəksiniz.  
Mənim ağlım isə Sevildə qalmışdı. Zöhrabın tövsiyəsindən sonra, “qalsın sonraya” bəhanəsi nəhayət əlindən çıxacaq və 
hər  şeyi bir-bir mənə danışacaqdı. Yenə  də ehtiyatlı olacağını, mənə pis təsir edə biləcək ağır xəbərləri birdən-birə 
çatdırmayacağını da bilirdim. Olsun. Elə qədərində danışsa da qənimətdir.  
Zöhrab gedənə yaxın palataya gələn tibb bacısı  Qəmər, növbəti ağrı  kəsicini vurub, yanıma dağ  çəkdi. Komadan 
çıxdığım gündən, nifrət etməyə başladığım birinci adam bu qadın olmuşdu. Ufuldaya-ufuldaya yanımı ovuşdurub 
qurtarandan sonra, pambığı tumboçkanın üstünə atdım və palatadan çıxan Qəməri burnumun dibində söyüb, üzümü 
Sevilə çevirdim. Pəncərənin qabağında dayanmış, küçəyə baxırdı. Başımı yastığa atıb dərindən köks ötürdüm. 
Gözləyirdim özü başlasın danışmağa. Hardan başlayacağını da özü daha yaxşı bilir.  
Diqqətlə ona baxdığımı hiss edib üzünü mənə döndərdi: 
- Səndən ona görə boşanmışdım ki, ailənə vaxt ayırmırdın – nə mənə, nə də uşağa. İstəyirəm bunu biləsən. 
- Nə danışırsan!? - heyrətim gözlənilməz və gülməli alındı deyə, Sevil başını bulaya-bulaya güldü. Mənsə gülə bilmirdim. 
İstəyirdim bu barədə daha müfəssəl danışsın. Danışdı da.  
Evliliyimizin ilk günlərində ideal bir ər olduğumu, onu çox sevdiyimi, hətta biz evlənəndə artıq Özgürə hamilə olduğunu 
öyrəndim. Aylar, illər keçdikcə evə, ailəyə qarşı soyuyur; dostlarımla daha çox vaxt keçirirmişəm. Klinikada işləməyə 
başlayandan sonra isə ümumiyyətlə Sevildən uzaqlaşmışam. Tez-tez dostlarımla görüşür, gecələr evə gec saatlarda, 
əksər hallarda da içkili gəlirmişəm. Ayıldığım gündən bəri, hər dəfə  təzə bir şey eşidəndə beynimi zorlayır, nəsə 

 
20
xatırlamağa çalışıram. Bu dəfə  də belə oldu. Amma yadıma heç nə düşmürdü ki, düşmürdü. Sadəcə olaraq 
rahatlaşmışdım bir az. Deməli başqa qadın, xəyanət məsələsi deyilmiş.  
- Səni aldadırdım?  
Sevil tərəddüdlə: 
- Əlbəttə - dedi. - Bütün kişilər kimi, sənin də ayağın sürüşürdü hərdən. Bunu hiss etsəm də, əlimdə sübut olmurdu deyə, 
içimdə çəkməyə məcbur olurdum.  
Sevilin dedikləri mənə olduqca mənasız, hətta gülməli göründü. Necə yəni “hiss edirdim amma sübutum yox idi”? Deməli 
dəqiq bilmədiyi halda, ona xəyanət etdiyimi ehtimal edirdi. Görəsən bütün qadınlar belədir? Hə, mən biləni, daha 
doğrusu mən xatırlayanı, hamısı bir bezin qırağıdır. Amma bunları Sevilə deyə, səsli düşünə bilməzdim.  
- Bəs uşaq? Onu nə vaxt görə bilərəm? – soruşdum. 
-  İstəyirdim sənə sürpriz olsun, amma Zöhrabın sözlərindən sonra deməliyəm – gülümsündü. – Səhər anama zəng 
eləmişdim. Bu axşam gətirəcək onu. Özgürlə elə görüşməlisən ki, elə bil unudub eləməmisən. Bəlkə doğrudan da görən 
kimi yadına düşəcək? Bilmək olmaz – kədərli ifadə ilə deyib yanıma gəldi, stula oturdu. 
- Ürəyin nəsə istəyir? 
- Heç nə - dedim. – Söhbət eləmək istəyirəm. Şeydi... nəsə soruşacaqdım axı səndən. Hə, mən harda işləyirdim? 
- Asiadent adlı klinikada.  
- Asiadent... Sağalandan sonra neynəyəcəm bəs? 
Sevil çiyinlərini dartdı. 
- Nə bilim. Əşi ora olmasın, başqa yer olsun. Sənin kimi yaxşı həkim işsiz qalmaz – dedi və əlimi qaldırıb öpdü.  
Dünəndən məni girinc edən sual düşdü yadıma:  
- Qəza haqqında danışa bilərsən? 
Diksinib üzümə baxdı, sonra gözlərini qaçırtdı. Ağır bir xəbər eşidibmiş kimi ovqatı təlx oldu. 
- Deyirəm bəlkə bir az da... 
- Mənə qəzadan danış! 
- Nə danışım? – açıq-aşkar görünürdü ki, əlavə vaxt qazanıb, mənə cavab hazırlamaq üçün vermişdi bu sualı.  
- Necə yəni “nə danışım”? Qəza necə baş verib, harda baş verib? Bunun cavabı başqa nə cür ola bilər? 
Köks ötürüb boynunu bükdü, danışmağa başladı: 
- Dostunun maşınında yüksək sürətlə gedirdiniz. Rayon yolunda sürüşmə olub görməmisiniz, uçurumdan düşmüsünüz. 
- Hansı uçurumdan? 
- Şamaxı yolundakı. Çox hündürdən düşməmişdiniz, amma sürət yüksək olduğuna görə... 
- Şamaxı, Şamaxı... 
- Belə bir şəhər var. 
Tavana baxıb düşündüm: 
- Hə, bilirəm. Bilirəm ki, belə bir şəhər var. Bəs dostum kim idi? 
Sevil təəssüflə dodaqlarını büzüb üzüntü ilə mənə baxırdı. 
- Klinikada bir yerdə işləyirdiniz. Maşını da o gün o sürürdü. 
- Adı nədir? 
- Toğrul. 
Toğrul, Toğrul... Duman pərdəsi ardından bulanıq, çox bulanıq bir üz, ifadə, sözlər... Bilmirəm, bəlkə də o deyil. Bəlkə də 
tamam başqa bir adama aid qeyri-müəyyən xatirədir, görüntüdür? Yadıma heç nə düşmür. Heç nə! Acizliyimdən 
yumruqlarımı dişləmək, ağlamaq istəyirəm.  
- Bəs ona nə oldu? – pis xəbər eşitməyə hazır olsam da, yenə də ehtiyatla soruşdum. 
Gözlərimin içinə baxırdı. Nə o, nə də mən gözlərimizi bir-birimizdən qaçırtmırdıq. Sevilin daşlaşmış üzü sonda dilə gəldi: 
- Öldü.  
Deməzdim çox pis oldum, ya da ürəyim ağrıdı. Sadəcə ölüm faktının özü kədərləndirmişdi məni. Deməli Toğrul adında 
dostum varmış, onunla yola çıxmışmışıq, o da qəzada ölübmüş. Mən isə sağ qalmışam. 
- Yaxın dost olmuşuq? 
Sevil “hə” mənasında başını buladı. 

 
21
- Deməli yaxın – gözlərimi yumub fikrə daldım. 
Necə yaxın? Nə qədər yaxın? Mən axı niyə yoruram özümü? Arvadını, uşağını xatırlamayan adam, dostunu necə yada 
salacaq? 
- Onun da ailəsi varıydı? 
- Anası, atası sağdır. Özü evlənməmişdi. Bir qızla görüşürdü. Yeri gəlmişkən, srağagün sən yatanda polisdən 
gəlmişdilər. Zöhrab içəri buraxmadı. Dedi hələ tezdir, xəstədən ifadə almaq olmaz. Amma gec-tez gəlib dindirəcəklər 
səni.  
- Nə deməliyəm onlara? 
- Nə deyə bilərsən ki, əzizim?  
Gülmək tutdu məni. Ümumiyyətlə ayılandan bəri tez-tez gülmək, ya da qəzəblə qışqırmaq keçir könlümdən. Yəni qarışıq 
emosiyalar içindəyəm. Əlbəttə, düz deyir Sevil - polislərlə nə danışacam, necə danışacam?  
- Bəs sənin yadına heç nə düşmür? – ürkəkcə soruşdu. 
Üzümü ona çevirib ciddi nəzərlə baxdım. 
- Dəqiq deyə bilmirəm – Bir müddət susub düşündüm. Sevil səbirlə gözləyirdi. - Əşi, ona qalsa səni də hardansa yadıma 
salıram – dedim. - Elə bil çoxdan, nə vaxtsa gördüyüm, amma harda, nə vaxt gördüyümü yada sala bilmədiyim adam 
kimi. Üzün, yanaqların, gülümsəmən yad gəlmir mənə.  
- Bəs anan, atan?  
- Anam? - əzabla düşündüm. – Hə, amma yadıma yaxşı  şeylər gəlmir.  Əzab çəkirəm onu düşünəndə. Deyəsən 
sevmirdim anamı, hə?  
- Sizi atıb gedəndə sən hələ uşaq idin. İki il sonra da özü öldü. İçkidən. 
“Sevil, sən çox qəddarsan” düşündüm.  
- Haqlısan. Yadıma düşür deyəsən – dedim. – Düz deyirsən, atmışdı bizi.  
- Atan necə? – Sevil soruşdu, ardından da gülümsədi. – Deyəsən lap psixiatrlar kimi danışıram. 
- Elə sən mənim psixiatrımsan da, bilmirdin? – deyib əlini tutdum. – Atam da yadımdadır. Yadımdadır ki, çox istəyirdim 
onu. Amma o da ölüb – son cümləni taleyi ilə barışmış adamlar kimi, çarəsizcə dedim.  
Sevil mənə sarı  əyildi. Ehtirasla öpüşməyə başladıq. Danışmaq istəyirdim amma öpüşməkdən də doymurdum. Bəlkə 
oyanaram, nəhayət onunla sevişə bilərəm deyə ümidlənmişdim yenə. Amma olmadı. Deməli, yaddaşımın təftişinə 
qayıtmaq lazımdır.  
Sevil başını qaldırıb saçlarını qulaqlarının arxasına yığdı, yenə əlimi tutdu. 
- Deyirsən Toğrulla çox yaxın olmuşuq? – soruşdum. 
- Həddən artıq yaxındınız. – Dizlərinə dirsəklənib üzünü üzümə yaxınlaşdırdı – Bilirsən əzizim... məncə tələsməməlisən 
yadına salmağa. Vaxtı var. Yavaş-yavaş o da yadına düşəcək. Yadına düşəndə  də  sənə  əzab verəcək. – kədərli 
təbəssüm ona necə də yaraşır. - Ondansa heç xatırlamamaq yaxşıdır.  
- Başa düşürəm – dedim. - Əzab verəcək. Əlbəttə. Eşidəndə ki, dostun-tanışın ölüb, yaşıdın ölüb, fikirləşirsən ki, deməli 
sən də ölə bilərsən. Yadımdadı, mən uşaq olanda... Necə də qəribə səslənir, hə?  
- Nə? – Sevil başa düşmədi. 
- “Yadımdadır” deməyim. 
Sevil yanağıma sığal çəkib: 
- Qəribə niyə olur? Sən hər şeyi, hər kəsi yada salacaqsan – dedi. - Hər şey hələ qabaqdadır.  
- Nə isə. Yadımdadır ki, mən uşaq olanda sarsıntı keçirmişdim. Bir uşaq ölmüşdü. Yaşıdım.  
- Məktəb illərindən danışırsan.  
- Doğrudan? Sən də bilirsən bunu?  
Şəfqətlə baxdı üzümə.  
- Danışmısan mənə. Beşinci sinifdə oxuyanda, sinif yoldaşını maşın vurmuşdu. Bu da səni çox sarsıtmışdı. Görürsən, 
hər şey yavaş-yavaş düşür yadına.  
Yavaş-yavaş. Nədənsə hafizəmin bərpası  uşaqlığımdan başlayıb.  Əvvəl anam-atam, sonra da sinif yoldaşım. Yadıma 
düşür bir-bir. Maşının altında qalan oğlan. Adı nə idi görəsən? İlk dəfə onda fikirləşmişdim ki, mən də ölə bilərəm. Amma 
məni qorxudan ölümün özü deyildi. Məni böyüklərin üzündəki kədər, iztirab qorxudurdu. Onlar ağlamasaydılar, mən də 
ağlamazdım.  İtkinin nə olduğunu başa düşməyəcək yaşda idim deyə, ölümə göstərdiyim reaksiya, yalnız böyükləri 
təqliddən ibarət olurdu. 
- Mənə oğlumdan danış Sevil. 

 
22
 
*** 
 
Özgür nadinc, hiperaktiv uşaq olsa da, dərslərini yaxşı oxuyan, tərbiyəli şagird imiş. Nadincliklə tərbiyəli olmağı uzlaşdıra 
bilən oğlumla artıq fəxr edirdim. Sevilin sözlərinə görə, məni “dünyalar qədər” istəyirmiş, pizzanı da çox sevirmiş.  Ən 
böyük əyləncəsi luna-parkda karusellərə minmək və rəsm çəkməkmiş. Sevil deyir ki, səkkiz yaşlı bir uşağı xarakterizə 
etmək üçün, bu qədər məlumat kifayətdir.  Əsas odur ki, bir ailə kimi yaşadığımız illərdə  və ayrılandan sonra, onunla 
necə vaxt keçirdiyimizi, ona hansı hədiyyələri aldığımı bilim. Çünki bu barədə söhbət açılsa, uşaq nəyisə yadına salsa 
məndən bunun təsdiqini gözləyəcək. Bu məqamda da yaddaşım mənə dönük çıxsa, Özgür pərt ola bilər. Ona görə də, 
ortaq xatirələrimiz barədə məlumatlı olmalıyam. 
- Hamısı yadında qalacaq? – Sevil gülə-gülə soruşdu. 
- Çalışaram yadımda saxlayım – çaşqın halda dedim. – Səndə şəkili var? 
- Əlbəttə. 
Sevil çantasından çıxartdığı mobil telefonunda bir az qurdalanıb  şəkli tapdı  və telefonu mənə verdi. Əllərim  əsə-əsə 
cihazı götürüb displeyə baxdım.  Şəkildən üzümə yaraşıqlı, zərif üz cizgilərinə malik, iri gözləri olan, saçları az qala 
çiyinlərinə çatan bir oğlan uşağı gülümsəyirdi. Düşüncəli, ağıllı gözləri olan bu uşağı necə tanımayım?  Əlbəttə bu üz, 
burun, dodaqlar doğmadır,  əzizidir mənə. Onları necə unutmaq olar? Gözlərimin yaşlanmasından, dodaqlarımın 
titrəməsindən utandım.  
Sevil isə xoşbəxt görünürdü. Həyəcanla soruşdu: 
- Deyəsən tanıdın? 
- Hə, tanıdım. Sevil... 
- Ay can. 
- Mən yaxşı ata olmuşam? 
- Olmusan nədir? Sən indi də çox gözəl atasan.  
Özümdən asılı olmadan gözlərim yumulur, bütün ağırlığı ilə üstümə çökən yuxuya müqavimət göstərə bilmirdim. Yəqin 
iynələrin, dərmanların təsiridir. Sevil yastığımı, ədyalımı düzəldə-düzəldə “Yat, bir az yuxunu al” deyir mənə. Heç özümə 
də aydın olmayan, başa düşmədiyim sözlər mızıldanıb yuxuya gedirəm.  
Axşam beşdə oyananda başım yüngülcə  ağrıyırdı. Bəlkə  də  həyəcandandır. Həmişəki kimi Sevillə  gəzintiyə  çıxıb, 
dəhlizdə bir saata yaxın avaralandıq. Onu da deyim ki, bir az sonra oğlumu görəcəyəm deyə çox ünsiyyətçil olmuşdum. 
Bu günlər  ərzində tanış olduğum bir-iki xəstə ilə ayaqüstü söhbət eləyib, hətta biri ilə  Qəmərin qeybətini qırmışdım. 
Üzbəüz palatada yatan əlli yaşlı Oqtay dayı eyvanda siqaret çəkməyi təklif edəndə isə, gözlərimi qeyri-ixtiyari olaraq 
Sevilə zillədim. Bu baxışlar, siqaretə münasibətim barədə ona ünvanlanmış səssiz sual idi. Sevil “sən də çəkən olmusan” 
cavabı ilə  məni xeyli təəccübləndirdi. Deməli çəkən olmuşam. Ola bilsin çəkmişəm, amma əlli yaşlı  xəstə ilə soyuq 
eyvana çıxıb, ciyərlərimə tüstü doldurmaq nəsə cəlbedici görünmür mənə. Kişiyə elə belə də dedim. Eynilə mənim kimi 
avtomobil qəzası keçirən amma yaddaşını itirməyən Oqtay deyəsən ikimizdən də inciyib bizə acıqlı-acıqlı baxdı  və 
eyvana tək çıxdı.  
Sevil gülə-gülə qoluma girib: 
- Nədi? Qəzadan sonra siqareti də atmısan? – dedi. 
- Hə, deyəsən elə olub. Heç dadı da yadımda deyil, inanırsan. 
- Əladır ki.  
- Bilmirəm – tərəddüdlə dedim. - Bəlkə nə vaxtsa yenə çəkməyə başlayaram.  
Sevil ayaq saxlayıb gözlərini süzə-süzə üzümə baxdı: 
- Sən allah lazım deyil. Guya fərli şeydi. 
 
*** 
 
Hər gün olduğu kimi, bu gün də saat altıdan sonra dəhliz canlandı, səslər səslərə qarışdı - xəstə yaxınlarını içəri 
buraxmağa başlamışdılar. O əsnada çarpayıda yarı uzanmış  vəziyyətdə oturmuşdum, tumboçkanın üstünü sahmana 
salan Sevillə söhbət edirdim. Mənə işindən, kollektivdən, müdirindən, aldığı maaşdan danışdı, sonra da yanımda qala 
bilməkdən ötrü götürdüyü məzuniyyətin bir həftə sonra bitdiyini dedi.  
- Sən də o vaxta qədər çıxacaqsan burdan. Narahat olma.  
Sevil nə danışır?  Əsla narahat deyildim. Mənim üçün harda olmağın bir o qədər fərqi yoxdur – təki Sevil hər zaman 
yanımda qalsın, mənə dayaq olsun. Sevirəmmi onu? Bu qeyri-adi duyğunun, Sevili hər gördüyümdə, ona hər 
toxunduğumda sinəmdə hiss etdiyim şirin sancının sevgidən başqa adı varmı? Nəinki onun qədər, hətta ondan əvvəl 

 
23
kimisə sevdiyimə, bu qədər bağlandığıma, aşiq olduğuma inanmıram, inana bilmirəm. Həyatımda Sevildən başqa bir 
qadının olması ehtimalı çox gülünc görünür mənə. Ola bilsin yanılıram, həyatımda başqa qadınlar da olub. Lakin indi... 
indi Sevil mənim hər şeyimdir – sevgilim, anam-atam, dostum, sirdaşım. Doğrudan da, ondan başqa kimim var axı? Heç 
kimim. Belə  çıxır ki, yalqız, kimsəsiz adamam. Valideynlərimin olmamasını başa düşdüm – bəs dostum, yoldaşım? 
Bunlardan da yoxsunam? Olsun. Onsuzda Sevil mənə  bəs eləyir. Həyatımda ondan qeyrisini təsəvvür edə bilmirəm. 
Amma yenə də... istərdim ki, Sevildən başqası da bu qapını açsın.  
 
*** 
 
Qapı  əvvəl döyüldü, sonra ehtiyatla aralandı. Özgür nənəsi ilə aralı qapıdan içəri boylananda, ürəyim sanki yerindən 
qopub dabanlarıma endi. İkisi də məni görüb duruxdular. Nədənsə mənə elə gəldi ki, qayınanamın məndən acığı gəlir. 
Ya da qorxur. Qınamıram onu - yaddaşsız adamlar həqiqətən də qorxulu olurlar. Dünən danışdığın, deyib-güldüyün 
adam ertəsi gün səni tanımırsa, bunun çox sarsıdıcı, eyni zamanda adamı vahiməyə salan bir hadisə olduğunu təsəvvür 
etmək çətin deyil. 
Oğlum isə eləcə donub qalmışdı qapının ağzında – bilmirdi yaxınlaşsın yanıma, yoxsa mənim ona doğru gəlməyimi 
gözləsin. Ayaqlarımı yerə basıb çarpayıda otura bildim ancaq. Durmağa, addım atmağa taqətim yox idi, ağrılarım 
başlamışdı yenə. Sevilin telefonundakı  şəkildə görüb tanıdığım uşaq idi qarşımda dayanan. İndi daha yaxşı  işləyirdi 
beynim, daha aydın idi şüurum. Mən bu ağıllı gözləri, min gözün içindən seçərdim. Mən bu məsum, utancaq üzü
şabalıdı saçları, ifadəli burnu, al dodaqları altı ay yox, altı il komada qalsaydım da xatırlayardım. Bilirəm ki, onu bağrıma 
basmaq üçün qapıya cummalı, Özgürümü qucaqlamalı, öpməliydim. Canımdan, qanımdan bir parçanı görürdüm uzun 
ayrılıqdan sonra. Həyəcanımı cilovlamağa çalışsam da, bu məndə pis alınırdı – titrəyən dodaqlarım, sızıldayan burnum 
iradəsizliyimin bariz göstəricisiydi. Oturduğum yerdə daş olmuşdum, hərəkət edə bilmirdim. Sevil palataya çökən sükutu 
pozmaq üçün Özgürə: 
- Gəl də atanın yanına, orda niyə durmusan – dedi. 
Sanki bayaqdan anasından bu sözləri gözləyirmiş kimi, əvvəl ürkək, sonra isə  əmin addımlarla yanıma yaxınlaşıb 
bərkdən sarıldı mənə. Onu qucaqladıqdan sonra anladım ki, bu duyğu da mənə tanışdır, bu qoxu da. Əlbəttə bu, mənim 
balamın qoxusudur. 
Özümü saxlaya bilməzdim daha - Özgürü möhkəmcə sinəmə basıb səssizcə ağlamağa başladım. Artıq nə Sevili görürdü 
gözlərim, nə  də qayınanamı. Sevillə anası isə  həyəcan və  təşvişlə baxırdılar mənə. Deyəsən belə bir duyğu selinə 
qapılacağımı, hisslərimə təslim olacağımı gözləmirdilər. Özgürü yanaqlarından ehmalca tutub özümdən azca araladım. 
Göz yaşlarımı tez-tələsik silib, gərgin havanı yumşaltmaqdan ötrü:  
- Maşallah, nə böyük oğlan olmusan – dedim. 
Oğrun-oğrun baxır mənə, gözlərini qaçırdır. Onu danışdırmalıyam ki, açılışsın. 
- Necəsən oğlum? 
- Yaxşıyam ata – dedi. Göz-gözə gəldik yenə. - Sən nə çox yatdın. 
- Hə oğlum, bir az çox oldu. Darıxmışdın mənim üçün? Gəl otur yanıma.  
Onu çarpayıya oturdub əllərini  əllərimə götürdüm. Sonsuza qədər bax belə oturmağa, oğluma qulaq asmağa, səsini 
dinləməyə hazır idim.  
- Çox darıxmışdım. Ana deyirdi ki, ata yuxudan duracaq. Amma Rasim deyirdi ki, atan ölür.  
Çaşqın halda Sevilə baxdım. Dodaqlarını büzüb təəssüflə başını buladı. Başa düşdüm ki, uşağa sual verməməliyəm. 
- Yox oğlum, görürsən ki, ana deyən düz çıxdı. – saçlarına sığal çəkdim. - Dərslərini necə oxuyursan?  
- Yaxşı. 
- Mən biləni şəkil də çəkirsən, hə? 
Sevincdən gözləri parıldadı. 
- Hə, ata. O gün zooparka getmişdik, orda qonur ayı var e, onun şəkilini çəkdim. Məktəbdə ən yaxşı rəsm mənim ayım 
oldu. 
Sevil gülümsünüb: 
- Özgür məktəbin ən yaxşı rəssamıdır – dedi.  
- Doğrudan!? Təbrik edirəm səni – deyib bir daha ona sarıldım. Boynundan öpdüm.  
- Ata, sən burdan haçan çıxırsan? 
- Görək də. Az qalıb. Üç-dörd günə çıxaram. 
- Biz bir yerdə yaşayacağıq? – gözlərini döyə-döyə soruşdu. 
Yenə Sevildən mədəd umarcasına üzünə baxdım. Başını yüngülcə endirib qaldırmasından anladım ki, uşağa müsbət 
cavab verə bilərəm. 

 
24
- Əlbəttə oğlum. Bundan sonra hamımız bir yerdə yaşayacağıq.  
- Ata, mən ad günümə saat istəyirəm. Ana deyir ki, sən hələ balacasan. Amma mən saatı bilirəm axı.  
Martın onu Özgürün ad gündür. Yəni bir aydan az vaxt qalıb. Sevil bunu da demişdi mənə.  
- Mən anayla danışaram, sənə saat alarıq. Ürəyin başqa nə istəyir?  
- Heç nə. Saat istəyirəm. 
Mən bu uşağın körpəliyini də xatırlayıram. Hə, xatırlayıram.  Əl boyda, sifəti qırış-qırış, gözləri yumulu uşağı ilk dəfə 
qucağıma götürəndə  şiddətli hisslər keçirmişdim – hələ bir gün, bir saat əvvəl mənə tanış olmayan atalıq duyğusu 
birdən-birə bürümüşdü bütün varlığımı.  Əynində mavi rəngdə  çıqqılı kostyum, üstündə  də dovşan  şəkli. Bu həmin 
uşaqdır, bizim Özgürümüzdür. 
İki saatlıq ünsiyyət övladımı yenidən həyatımın bir parçasına çevirməyə kifayət edərmi? Doymurdum ondan, ayrılmaq 
istəmirdim. Amma qayınanam fərqli düşünür – onlar hələ evə çatmalıdırlar, uşaq dərslərini oxumalıdır, sonra yatmalıdır 
ki, səhər tezdən oyanıb məktəbə gedə bilsin. Özgürün sifətindən görünür ki, getmək istəmir, məmnuniyyətlə gecəni 
burda, xəstəxanada keçirərdi. Amma məktəb, dərs məsələsində nənəsi ilə həmrəy olmağa borcluyam.  
Üzündən ciddilik və iztirab yağan, mənimlə  nəzakətlə, amma soyuq tərzdə sağollaşan qayınanam Özgürü aparandan 
sonra Sevilin də onları ötürməyə çıxmasını fürsət bilib, doyunca yastığıma ağladım. 
 
*** 
 
Polislər ertəsi gün, axşam saat yeddidə  gəldilər. Gələn iki nəfərdən biri dəhlizdə qaldı, ikincisi isə palataya girib 
nəzakətlə salam verəndən sonra, Sevilin stuluna oturmaq üçün icazə istədi. “Buyurun, əyləşin” dedim və  pəncərənin 
qabağında dayanıb, bizə qulaq asmağa hazırlaşan Sevilə baxdım. Başı ilə “hər şey qaydasındadı” mənasında işarə elədi 
mənə. Bundan sonra hər şeyin doğrudan da qaydasında olacağına inanmamaq üçün əsasım qalmırdı.  
Özünü mayor Dadaşov kimi təqdim edən hündürboy, qumral, həddən ziyadə intellekt saçan gözlərə malik polis 
əməkdaşı: 
- Özünüzü necə hiss edirsiniz Murad bəy? – soruşdu. 
- Sağ olun, pis deyiləm.  
- Bağışlayın sizi narahat edirik, amma həkim dedi ki, sizinlə söhbət etmək olar.  
- ... 
- Mən sizə qəza barədə bir neçə sual vermək istəyirəm.  
Səsindəki məlahət, nəzakətli davranışları, yaraşığı, boy-buxunu məndə qeyri-adi, izahını tapmaqda çətinlik çəkdiyim 
hisslər oyadırdı. Hətta, gülməli də olsa, mayor Dadaşov danışdıqca, polisin belə tərbiyəli olmağa haqqının çatmadığını 
düşünürdüm.  
- Buyurun. Eşidirəm sizi.  
-  Əvvəlki quruluşda aparılmış istintaqlar, yumşaq desək  şübhə doğurduğundan, biz işlərin hamısına olmasa da, bir 
qisminə  təzədən qayıdırıq. Həmçinin sizin işinizə  də – gülümsəyib qovluğu açdı, içindən kağızları  çıxartdı. - Qəzanın 
olduğu gün, mərhum Toğrul Əsədovla hara getdiyinizi, hardan gəldiyinizi xatırlayırsınızmı? 
- Nə bilim – dedim və aciz-aciz mayorun üzünə baxdım. – Yadımda deyil. 
- Ümumiyyətlə heç nə yadınızda deyil? Məsələn Şamaxı rayonu.  
- Y... yox. Doğrudan yadımda deyil.  
Beynimi zorlayıram, gərirəm özümü, yada salmağa çalışıram amma poxa qalmış hafizəm qayıtmır ki, qayıtmır!  
- Komadan çıxandan sonra, olub ki, nəyisə yada salmısınız?  
-  Əlbəttə. Uşaqlıq illərimə aid bəzi epizodlar yadıma düşür. Valideynlərim də yadımdadı elə bil. Bu gün də öz oğlumu 
tanıdım – deyib təbəssüm etdim.  
Mayor da gülümsündü. Gözləri isə... gözlərindəki bu qəribə ifadəni, qığılcımı bilmədim hara, nəyə yozum.  
- Bəs Şeyla adlı qadın yadınızdadır? 
Bayaqdan üzünü pəncərəyə çevirib bayıra baxan Sevil, mayorun növbəti sualını eşidəndə diksinən kimi oldu, tez mənə 
baxdı. Bu hərəkəti, mayorun da gözlərindən yayınmadı. “Şeyla” adını  eşidən Sevilin nə üçün belə  əsəbi reaksiya 
göstərdiyini başa düşmədim. Gözlərimi ondan ayırıb mayorla göz-gözə gəldim. 
- Şeyla? Yox, yadımda deyil. Şeyla kimdir? 
Mayor Dadaşov fit çalmağa hazırlaşırmış kimi dodaqlarını büzüb başını tez-tez yırğaladı: 

 
25
- Aydındır. Deməli gözləməli olacağıq. Yoldaşınızda mənim kartım var. Yaddaşınız tam bərpa olunan kimi, xahiş edirəm 
mənimlə  əlaqə saxlayın. Cinayət işi hələ  də açıq qalıb – kağızları  təzədən qovluğa yığa-yığa dedi. – Ancaq sizin 
köməyinizlə bu işi bağlaya bilərik. 
- Cənab mayor – qəfildən dedim. 
Bu gün heç bir sualına cavab ala bilməyəcəyini anlayan mayor, artıq getməyə hazırlaşdığı yerdə ona nəsə demək 
istədiyimi görüb sevindi, bir az da gərginləşdi. Gözlərini maraqla üzümə dikib həyəcanla: 
- Buyurun – dedi. 
- Heç – dedim. – Yox, heç nə – gülümsəməyə çalışdım. – Sonra danışarıq. Özümə gəlim, mütləq danışarıq. 
Mayor məyus olsa da üzə vurmadı və başının hərəkəti ilə razılığını bildirib Sevilə baxdı. 
- Bağışlayın xanım, sizi də narahat etdik.  
Ayağa qalxan Sevil: 
- Yox, yox xoşdur. Heç bir narahatçılıq yoxdur – üzünə mülayim ifadə qatıb dedi. 
- Murad bəy siz də tez sağalın. Ümidvaram tezliklə sizinlə yenə görüşəcəyik. 
Mayor Dadaşov getdi. Mən isə hələ də onun ardından bağlanan qapıya baxırdım. Yox, bu polisin davranışları, danışığı, 
üzündəki intellekti bir mənalı olaraq qəribədir, qeyri-adidir.  
Dəqiq bilirəm ki, polis belə olmamalıdır.  
 
*** 
 
Ənənəyə uyğun olaraq içdiyim toyuq şorbasından sonra Qəmər gəlib iynəmi vurdu. Zalım qızı hələ palatadan çıxmamış, 
gözlərim yumulmağa başladı. Bu əclaf ağrı kəsici, həm də yuxu gətirir. 
Yanımda oturub əlimi sığallayan Sevildən: 
- Rasim kimdir? - soruşdum.  
- Özgürün atalığı. 
Əlavə nəsə deməyə, dəqiqləşdirməyə halım olmasa da, birtəhər soruşdum:  
- Doğrudan? İndi onunla yaşayırsan?  
- Yox. Əvvəl yaşamışıq. 
- Sevil... Mayor əvvəlki quruluşdan zaddan danışdı. Əvvəlki quruluş nədir?  
- Uzun söhbətdi. Sabah sənə hər şeyi danışaram. 

 
26
Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin